Super User

Super User

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Azərbaycanın ən görkəmli dramaturq və yazıçılarından olan Elçin (Elçin İlyas oğlu Əfəndiyev) keçən əsrin son rübündə yazdığı “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanları ilə nəinki Azərbaycan, həmçinin bütün Sovet ədəbiyyatına böyük töhfə vermişdir. Bu romanlar düşüncə və hadisələr arasındakı tarazlığın gözəl nümunəsidir. 

Elçin bu koloritli, əsrarəngiz və ustacasına yazılmış romanların strukturuna tarixi məqamları, əsatirləri daxil etmiş, millətin, etnosun, insanın zaman məfhumu kontekstində rolunu və missiyasını müasirlik prizmasından işıqlandırmışdır."

Militsa Liliç,

serb yazıçısı və ədəbiyyatşünası  

 

Bu gün Azərbaycan xalq yazıçısı, dramaturq, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçinin doğum günüdür.

Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakıda xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. 

Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. 

Orta təhsilini Bakı şəhərində alıb. 1965-ci ildə  Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 1968-ci ildə isə Azərbaycan Elmlər Akademiyası Nizami adına 

Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirib.

"Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda  tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə

edib.

Ədəbi yaradıcılığa 1959-cu ildə hələ 16 yaşındaykən “Azərbaycan gəncləri” qəzetində dərc olunan "O inanırdı" adlı hekayəsi ilə başlamışdır.

"Min gecədən biri" adlı ilk hekayələr kitabı isə 1965-ci ildə Аzərbаycаn Dövlət Nəşriyyаtı tərəfindən nəşr еdilmişdir.

Bundan sonra Elçin Əfəndiyevin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub. Əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, 

qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur. 

1984-cü ildə “Azərbaycan Respublikasının Əməkdаr incəsənət хаdimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülmüş, 1986-cı ildə “Şərəf nişаnı, 2003-cü ildə Azərbaycan Respublikasının ən yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilmişdir. 

Uzun illər Azərbaycan Ali Sovetinin deputatı olan yazıçı Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti — "Vətən" Cəmiyyətinin sədri vəzifələrində də çalışıb. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.

Və bir də. Elçinə ümumxalq sevgisi qazandıran “Baladadaşın ilk məhəbbəti” hekayəsi və onun əsasında çəkilən filmdir. 

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada işə başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də “Qarabağnamə” adlı sərgi açılıb.

 

AzərTAC xəbər verir ki, Şuşa şəhərində yerləşən Yaradıcılıq Mərkəzində açılan sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş olunur.

 

Qarabağın tarixinə, füsunkar təbiətinə boyalara həyat verən təsviri sənət ustalarımızın “Laləzar körpüsü”, “Saatlı məscidi”, “Azad Şuşa”, “Şuşa incisi”, “Ana Vətən” və digər əsərlərinin qarşısından dayanmadan keçmək mümkün deyil. Fırça ustalarımız Azərbaycanın dilbər guşəsi Qarabağa xüsusi həssaslıqla yanaşıblar. Qarabağın tarixi şəxsiyyətləri, başı qarlı dağları, çayları, dərələri əsərlərdə çox təbii alınıb.

 

Sərgidə rəssamların seçilmiş mövzulu əsərlərini səciyyələndirən ilkin xüsusiyyət rəng-forma cəlbediciliyidirsə, ikinci əsas şərt bədii ümumiləşdimələr aparmaları, Qarabağın tarixi ənənələrinə bələdçilik, ana təbiətə, adət-ənənələrimizə maraq və sevgidir. Sərgilənən əsərlərdə Qarabağın stereotipləri, musiqi sənəti, süfrə mədəniyyəti, bayram coşqusu, milli mətbəxi kimi mövzular böyük həvəslə canlandırılıb.

 

Əsərləri nümayiş etdirilən rəssamlar da öz sevinclərini bölüşərək öz yaradıcılıqlarında bundan sonra da doğma, əziz Qarabağımıza və onun baş tacı olan Şuşaya xüsusi yer ayıracaqlarını bildirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Poetik Qiraətdə bu gün sizlərlə yenidən çox bəyəndiyiniz, çox sevdiyiniz ustad şair, Cəlikabadda yaşayıb yaradan Əlizadə Nuri görüşəcək, “Çıxdın cüt şəklimizdən...” deyəcək. 

“Oyatmaq olmur daha,

Yatıb qalan bu baxtı”-deyir şair. Dünyəvi kədər ruhu çilikləməz, ağrıları şiddətləndirməz, əksinə, onlara sığal çəkər. 

Xoş mütaliələr!

 

                             

Çıxdın cüt şəklimizdən...

 

Təkcə ruhuma dəymə,

Al apar bu əzanı.

Niyə ayrı günahlar

Çəkir eyni cəzanı?

 

Söz göy üzündən gəlir,

Nə ilham gəz, nə təb tap.

Yaşamağa səbəb yox

Ölməyə bir səbəb tap.

 

Yer qaçır ayağımdan,

Mən yerimdə qalıram.

Gecikdiyim sevginin 

Qəzasını qılıram...

 

Yoldu taqətdən düşən

Ya yorulub dizlərim?

Sənin də gözün aydın-

Daha görmür gözlərim...

 

Oyatmaq olmur daha,

Yatıb qalan bu baxtı.

Çıxdın cüt şəklimizdən-

Yanımı boş buraxdın...

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Bazar ertəsi, 13 May 2024 17:05

BİR SUAL, BİR CAVAB Rüstəm Behrudi ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Yox! Yox! Məhəbbətə sədd çəkmirəm mən,

Qəniməm, dilimə kim ki qənimdi.

Kərəmin dilində Kərəmə «can-can»,

«Qurbanam» – söyləyən əsli mənimdi.

 

Səninlə böyüyəm, varam, can dilim,

Məni sözlərinin başına çevir.

Sənə yenməlidir məni sevən kəs,

Yenirsə, deməli ürəkdən sevir. 

(Rüstəm Behrudi)

 

Əziz Şairimiz, öz dilini unudub yad dilində danışmağı ilə fəxr edənlərə münasibətiniz necədir, onlar öz dilinin əzəmətini hansı səbəbdən görmürlər? Unutmamalıyıq ki, ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir, dilimiz mənəviyyatımızdır.

 

CAVAB:

Dil insanın ikinci Vətənidir! Öz ana dilini bilməyən adamın Vətənin sərhədləri nə qədər böyük olsa da, o adam qürbətdə yaşayır. Bir vaxtlar yazmışdım ki:                                             

 

Səninlə böyüyəm, varam, can dilim,                                         

 Məni sözlərinin başına çevir.  

Sənə enməlidir məni sevən kəs,                                                   

 Enirsə, deməli, ürəkdən sevir.

 

Bu dildə söz desəm, yetər Tanrıya,                                           

 Çoxları bu sirri anlamır, dədə. 

Biz "bizi" yaşadan dilə enmişik,  

Bu Vətən torpağı kiçiləndə də!

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

 

Rubikanı Könül təqdim edir

 

 

 

 

 

2022-ci ilin 13 mayında mədəniyyət sahəsində ən diqqətimi şəkən hadisə Rusiya müğənnisi Filipp Kirkorovun Turin şəhərində keçirilən Avrovijn musiqi yarışmasının 1-ci yarımfinalında peyda olması və bununla da necə qalmaqal yaratması oldu.

 

Xəbəri  Ədəbiyyat və incəsənət” portalından sizlərə ötürürürəm.

 

 

 

Ukraynaya təcavüzünə görə Rusiya iştirakçısını yarışa buraxmayan təşkilatçılar Kirkorovun üzünə xoş baxıblar, 1995-ci ildən hər dəfə yarışmada fəxri qonaq kimi iştirak edən Rusiya müğənnisi Filip Kirkorova gözün üstündə qaşın var deyən olmayıb. Ona qızıl sky-box, VİP loja təqdim edilib.

 

Rusiyalı müğənni (onun bolqar və erməni əsilli olması faktdır) Turinə son aylar yaşadığı Monakodan vertolyotla uçub gəldiyini, Yunanıstan təmsilçisinə azarkeşlik etdiyini söyləyib. (Şükür ki, ermənini deməyib).

 

Amma Rusiyada həm media, həm də mədəniyyət başbilənləri Kirkorovu satqın adlandırıblar. Məsələn, məşhur musiqi tənqidçisi Sergey Sosedov onu “tərbiyəsiz və əxlaqsız” adlandırıb, qeyri-vətənpərvərlikdə ittiham edib. Sual edib ki, bu necə olur, Rusiyaya yarışmaya qatılmaq yazaq olunur, amma Rusiya təmsilçisi bu təhqiri vecinə almayıb gedib orda poz verir?

 

Müğənni özü isə bu hücumları heç vecinə almır. O, “Mən pop ulduzam, nə istəyirəm, edirəm” söyləyib. Görünür, Filipp də Rusiyanın Ukraynaya müdaxiləsinin nəticələrinin necə olacağını hiss edə bilir. 

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(13.05.2024)

 

 

 

 

 

 

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Mənim üçün sevdiyim beş-altı şairdən biri, atam Fikrət Sadığın çox sevdiyi şair, həmyerlim, həmkəndlim, doğmam, gözəl insan Zahid Sarıtorpağın doğum günüdür. Dünyaya gəlişin mübarək, şair. Çəkilmisən öz evinə, Şamaxıya, Dədəmin məhəlləsinə. Elə sanıram, orda bir doğmam var. Səndən bir ricam var ki, yaz, yarat və çox yaşa!

Hamı razılaşar ki, bu cür şeiriyyət hər şairdə olmur. 

 

Endim pillə-pillə... dedim: bu da mən...

baxdım göy üzünə - orda yox idim.

Arxayın enmişdim yanar oda mən,

çünki od sarıdan gözüm tox idi...

 

Gözlərdən yox oldum bir böcək kimi

qığılcım şəklində itib də batdım.

Sevdalar tor qurdu hörümçək kimi

mənsə yalnızlığı qucub da yatdım.

 

Hərdən açılırdı gözüm göylərə

baxıb yoxluğuma mürgüləyirdim.

Dodağım qaçırdı onda boş yerə

guya burdan ora nur çiləyirdim.

 

Olsun lap iç üzü, olsun çöl üzü,

əslində, mizansız nizam qurulmur.

Ya haqqın gül üzü, ya eşq ölüsü

adamı vururlar - adam vurulmur...

 

Bezirsən bir yolluq ucalığından

enirsən... deyirsən, bəlan sovuşar.

...Küsmərəm yolların haçalığından

O Məni azdırar, Səndə qovuşar...

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

“Seviləcək kim qaldı ki?” - Günel Ağazadənin şeirləri

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Günel Ağazadənin şeirləri təqdim edilir. 

 

 

Didərgin

 

Mən didərgin insanam...

Didərgintək

Elindən-obasından olmayır.

Ən didərgin insanlar

Yaşadığı ünvandan

Özünə yer tapmayır...

Qürbətdə yaşamıram,

Qürbət məndə yaşayır.

Bəlkə də istəmədən

Kiməsə yük olmuşam,

Ruhumun çiyinləri

Ən ağır yük daşıyır...

Nə acam, nə açıqda,

Nə soyuqda qalmışam.

İsti yer axtarmıram,

Qəlbim od tutub yanır.

Sinəmi buz bağlayır...

Mən didərgin insanam,

Didərginin

Buynuzu, qulaqları olmayır,

Uzaqdan xoş görünür.

Bir az yaxın gedirsən,

Gözlərinin içindən

Rahatlıq boylanmayır...

 

 

Kim qaldı ki?

 

Göz yaşımı özüm silsəm,

Ürəyimdə nakam sevgi...

Yenidən sevmək istəsəm,

Seviləcək kim qaldı ki?

 

Eşq bulağından su içdim,

Dadı mənə acı gəldi...

Dərə-təpə çox yol keçdim,

Qədirbilən kim qaldı ki?

 

Bu dünyaya bir də gəlsəm,

Sirr olaram qəlblərdəki...

Cahan sirrini mən bilsəm,

İnanacaq kim qaldı ki?

 

Dilim dərdlərimi saysa,

Söz tükənər nitqimdəki...

Yollar uzun, ömür qısa,

Yaşadacaq kim qaldı ki?

 

 

İnsan

 

İnsan,

Kimə vəfalısan, kimə sadiqsən?

De: - Nəyə güvənib qəlbə girirsən?

De: - Nəyə güvənib eşqə düşürsən?

Sən kimsən, insanı seçib insandan

Özündən acizə zülm edirsən?

Bir can yaratmağa qadirsənmi, heç?

Öz doğma canına sadiqsənmi, heç?

İstərsən nökər ol, istərsən sultan,

Dünyanı gəz dolan, gücünə güvən.

İstərsən, ən çətin sınaqlardan keç,

İmtahan edərsə səni Yaradan...

Aciz varlığını səmaya tutub

İmdad diləyirsən təkcə Tanrıdan.

Ayağın altında bir ovuc torpaq,

Başının üstündə bir tutum bulud.

Nəyə xəyanətdən dustaqsan, insan?

Başında doğma əl, əlin yad saçda,

Sən yada doğmasan, doğmaya yadsan?

Var oldun nidayla, itdin sualla,

Sən elə adicə insansan, insan...

 

 

Gözün aydın

 

Sən getmişdin, yolun açıq,

Gözüm hələ də yol çəkir.

Bəlkə öldüm gözüaçıq,

Bəlkə mənə elə gəlir.

Dönmüsənmi?

Gözün aydın!

Gəlişindən bixəbərəm.

Bəs kölgədə niyə qaldın?

Mən aydınlıq içindəyəm...

İndi danış acı-acı,

Dara çəksin baxışların.

Neynəyəcək dar ağacı?

Boğub məni duyğularım.

Bir yalandın, ayaq tutdun,

Yerimədin mənə sarı.

Sən şeytandan güc umurdun,

Mən sevirəm Allahını.

 

 

Xəyalımın rəngləri

 

Mən heç böyümədim ki,

Bəlkə soldu arzular,

Bəlkə ümidsiz qaldım,

Heç nağılsız qalmadım...

Xəyalımın rəngləri

Qaraları ağartdı,

Bəxtimə kölgə saldı.

Kimi yalan danışdı,

Gözlərimi boyadı.

Kiminin nağılları

Ömrümün yollarında

Toz pəmbə rəngdə qaldı...

Mən heç böyümədim ki,

Dünyam hələ rəngarəng.

Dayan, tələsmə, dostum,

Sən hara tələsirsən?

Hələ rüzgar əsəcək.

Sevgilərə ip taxıb

Uçurarıq çərpələng...

Hələ qalıb oyunlar,

Oyunda uduzanlar

Gözlərini yumurlar.

Ən yaramaz adamlar

Axtaranda tapılar...

Artıq bəsdi,

Yoruldum.

Bu dəfə siz uduzun,

Bir dəfə də mən udum.

Yumsun hər kəs gözünü:

Birdəfəlik gizlənim,

Tapmasınlar izimi...

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Məmməd Rahimin  “Ana və budaq” şeiri təqdim ediləcək.

 

Ananın qucağında ağlayırdı uşağı,

 O, sakit olsun deyə, qırdı güllü budağı.

 Gözünün qabağında oynatdı, körpə güldü.

Ananın ürəyinə sevinc, fərəh süzüldü...

 

O duymadı, körpədir, canı var budağın da,

 Sındıranda budağı ağaclar qan-yaş tökər.

 Ananın fikri-zikri qaldı öz uşağında,

Balasından çəkmədi bircə an olsun nəzər.

Fəqət hiss etmədi ki, ağac həzin ağlayır,

Məhv olan körpəsinə gizli matəm saxlayır.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

 

Bazar ertəsi, 13 May 2024 13:00

Yenə də alınmadı - AKTUAL

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Şəhərdə idim. Özüm üçün gəzintiyə çıxmışdım. Yaxınlıqdakı parkların birində əyləşmək istədim. Biraz keçmiş bir jurnalist və operator ailəsi ilə dincələn sıravi, orta yaşlı bir vətəndaşa yaxınlaşdı. Danışıqlardan belə başa düşdüm ki, reportaj insanların asudə vaxtlarını necə keçirməsindən bəhs edirdi:

 

-Jurnalist: Asudə vaxtlarınızı necə qiymətləndirirsiniz ?

-Müsahib: İşdən təzə gəlmişdim elə vallah, arvad dedi, çoxdandı çölə çıxmırıq, eləmirik. Mən də dedim ki, durun hazırlaşın gedək gəzək. Heyif deyil, subaylıq ?!

-Jurnalist: Akif, kameranı dayandır. Müəllim deyin ki, ailəyə dəyər vermək lazımdır, onun qeydinə qalmaq, sağlam inkişafına nail olmaq lazımdır. Akif, davam edirik qaldığımız yerdən. 

- Müsahib: yaxşı yaxşı. 

 

Beləliklə, müsahibə yekunlaşır. İndisə növbəti müsahibə üçün uyğun birinə yaxınlaşmağa cəhd edilir. Lakin yaxınlaşılan şəxs "məni çəkməyin" deyir, əli ilə üzünü bağlamağa çalışır. Nəhayət, bir nəfərə yaxınlaşılır:

 

-Jurnalist: Asudə vaxtınızı necə dəyərləndirirsiniz ?

-Gənc müsahib: Belə, şəhərdə gəzirik özümüz üçün. 

-Jurnalist: Bəs kitab ? 

 

Jurnalist mövzunun məcrasını özü bilərəkdən, şaxələndirmək məqsədilə başqa yerə dəyişməyə çalışır. Axı o, cəmiyyətin intellektual bazasını göstərmək istəyir. Eyni zamanda mədəni, mənəviyyatlı kütləni. 

 

-Gənc müsahib: ııı...uuu...bilirsiniz...vaxt yoxdu ee, - deyib müsahib dayanır, bir neçə dəqiqə fikirləşir, operator kameranı saxlamaqdan yorulur, jurnalist daxili gərginlik keçirir, əsəbiləşir, müsahib daxili utancdan qızarır, "ııı... uuu... məəən... belə..." edir və budur, nəhayət ki, operator dilə gəlir və jurnalistin qulağına asta səslə pıçıldayır:

- Daha bəsdir yekunlaşdıraq, adam danışmır, dinmir. 

Jurnalist təmkinini pozmadan öz müsahibinə xoş günlər arzulayır və sağollaşır. Operator isə çəkdiyi videoreportajı silmək məcburiyyətində qalır. Jurnalist ofuldayır, bu gün də alınmadı deyir. 

 

Demək istədiyim nədir ?! Biz niyə axı nələrisə nümayiş etdirərkən, ancaq onun müsbət tərəflərini göstərməyə çalışırıq ?! Niyə video reportajlar aparılarkən, tərəvəz kimi kəsib doğranılır, televiziyada müsahibəyə baxırsan, çoxu kəsintilidir? Əl-qərəz, avaranı avara kimi, cahili cahil kimi, bir sözlə hər şeyi olduğu kimi, öz çılpaqlığı ilə göstərmək lazımdır. Mənfi tərəfləri gördükdən sonra onun üzərində müsbətyönümlü işlər getsin. Cəmiyyətdə təbəqələşmə indeksi belədir:

- İnkişaf xəlbirdəki un kimidir. İnkişaf edənlər isə ələkdən keçənlərdir. 

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Bazar ertəsi, 13 May 2024 14:04

Getdi kazinoya

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Google-da axtarışların qəmli statistika:

Necə gözəlləşmək olar? - 60500 

Necə arıqlamaq olar? - 82300

Necə müdrikləşmək olar? - 281

 

2.

Manatın üzən məzənnəsinə niyə keçilmir?

Çünki o üzə bilmir, dərhal batacaq.

 

3.

Texnogen qəzaların xarakteti:

Günahkarlar heç vaxt müəyyənləşdirilmir.

Onlarca insan isə qəhrəmanlıq göstərdiyi səbəbindən mükafatlandırılır.

 

4.

-Bugünkü planların?

-Gedib həkimdən eynəyimi götürəcəm.

-Bəs sonra?

-Sonra da görəcəm də, neyniyəcəyəm.

 

5.

-Mən özüm öz hesabıma qazanmaq istəyirəm!, -söyləyib azərbaycanlı məmur balası atasından 1 milyon dollar götürüb Batumiyə - kazinoya yollandı. 

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

4 -dən səhifə 1472