
Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Fərid Hüseyn, şeirlər
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
FƏRİD HÜSEYN
DAŞ QAZAN
Yanmış kibrit çöplərinə baxıram:
başından kül olmağın kədəri bürüyür könlümü...
Həyat sonda ayaqlarımızın dibinə gömür işığımızı -
eynən kibrit çöpləri kimi...
Sevdiyim şeirləri qalın kitablara sürgün eləyiblər,
Bir də onları axtarıb tapmağa vaxt nə gəzir?
Oğlumun gözlərindən başqa
sürətim hər yerdə kiçilir.
Ölüm ayağındaymışam kimi
itirib bütün mənasını sirlərim.
Qəlbimin daşlığında boğuldu
tumar çəkməyə həsrət əllərim.
Könlümdə qiyama qalxıblar
dilimdəki qullar...
Sizə ölüm yoxdur, ey unutmadıqlarım...
Daş qazandır yaddaşım - gec qızar, gec soyuyar.
TALE YORĞUNU
Çoxumuz yorulduq taleyimizdən,
çünki gec gələn sevincə yer saxlamamışdı təəssüf.
Bir-birini yaxşı tanımaqdan xəstə düşmüş
insanlara necə kömək əli uzadasan?
Qaralmış üzlərə baxmaqdan
qançır olmuş bəbəklərin əllərindən
matəm yaylıqlarını hansı haqla alasan?
Axar sular surətlərimizi
korların qabağına tökdü,
heç kəs tanımadı bizi, dünya!
Özünü də itirdin, bizi də...
Gecəni gözləməkdən qaranlığa qarışdıq, dünya.
Qiyamət günə qurulmuş saatlar yatdı.
Cavabsız suallarda sözləri kim düzdü bir-birinin yanına?
Qəbirlərin arasındakı bir adamlıq cığırları kim saldı?
On bir iqlim qurşağından kim tor atdı nəfəsimizə?
Ananın qocalmasıyla barışmaq üçün
onu nənəmizə bənzətməyi kim öyrətdi bizə?
Yalana şeir donu biçənlərin parçasının pambığı
ölü dillərin kəfəni deyildimi?
Səni tanıyandan sonra,
kitabların üz qabığının hasarından
həqiqət çökəkliyinə yıxılmağa alışdıq.
Yarlı-yaralı su içdik, dünya! -
Özünü də öldürdün, bizi də!
“VƏFA” SÖZÜNÜ İLK DƏFƏ EŞİDƏRKƏN...
Eşitdim qovulmusan yer üzündən,
amma çox qala bilməzsən getdiyin yerdə
qayıdacaqsan qəlbinin ardıyca.
Qayıt, yer tap özünə öz ömründə...
Dilindən "Allah" sözü düşməyən bir riyakarı
bir topa pulu sayarkən görmüşdüm.
Əllərinin sürəti ilə
gözlərinin ehtirasının toqquşduğu yerə baxmışdım.
Orda Allahdan əsər-əlamət yox idi.
Sən ki, "vəfa" sözünü eşidəndə
qulaqlarını tutub qaçan adamsan...
Yerini yaxşı bilirəm.
Pul sayanların əllərinin sürəti ilə
gözlərinin ehtirasının toqquşduğu yerdəsən.
Ən doğma günlərin dərdinə arxa çevirmisən,
yox olmusan,
gücünü arsızlıqdan alan zamana yoluxmusan...
CƏSARƏT GİLEYİ
Bu dəfə bircə sən yox idin həmişəki görüşdə
və hər şeyin əvvəlki kimi olması
yaman üzdü məni,
sanki qorxaqcasına
səni unutmağımızı bayram edirdi işıqlar,
sənsə zülmətin zəncirləri arasından bizə baxırdın.
Kaş bu dəfə məclisdə nəsə çatışmayaydı,
kimsə gəlməyəydi,
birimizin halı pisləşəydi,
amma olmadı.
Dostlar şərab süzdü
və hər şeyin əvvəlki kimi olması
məni yaman üzdü.
Sənin baş qəhrəmanı olduğun
lətifəni danışdılar adını çəkmədən,
arsız gülüşlər arasında əridin ağız boşluğumuzda.
Badə səsləri əvvəlki ahəngiylə qarışdı bir-birinə
və mənim bağrımın başı göynədi
hər şey əvvəlkitək davam etdiyinə görə.
Sonra sənin yoxluğunla sağollaşmadı heç kəs –
dağılışdıq evə.
Mənsə üzümü qaranlığa tutub pıçıldadım:
xatirələrini halal elə.
GÖZƏL XANIMLARIN QOCALMASI
Nədənsə heç qəbul edə bilmirəm
gözəl xanımların qocalmasını.
Boynunun altında şırım qırışı
dəbli şallar ilə sarımasını.
Qabaran damarlar əlin üstündə
sanki qocalığın xəritəsidir.
Alaca gözlərin altında tuluq –
“Geriyə yol yoxdur” – işarəsidir.
Enib dik dabanın göydələnindən
yastı dabanların zirzəmisinə.
Sözlərə işvəylə zinət vurmurlar,
əda od ələmir səs zəmisinə.
Kənar baxışları sezmirlər daha
itir duyumları, itir hissləri.
Hamımız bir bezin qırağıyıqmış, –
daha ayırmırlar yaxşı-pisləri.
Boyasız dırnaqlar qalınlaşaraq
hamısı qayıdıb öz rənglərinə.
Min cür saç rəngindən qisas almaqçün
yaxşı fürsət düşüb ağın əlinə.
Çoxdan xəyal kimi çəkilibdirlər
bir vaxt hər görüşə gül gətirənlər.
Qocalar evində nərd oynayırlar
masaya haçansa ləçək səpənlər.
Hərdən cavanlığı salaraq yada,
şaqqanaq çəkirlər yenə ucadan.
Ürəkdən gəlməyən gülüş tez sönür
sanki sısqa tüstü çıxır bacadan.
Töküb şəkilləri qarşılarına
bəzən özlərinə çəkirlər həsəd.
İtmiş gözəlliyi kim xatırlasın?
Qocada yaddaş yox, cavan nabələd.
Qocalıq azadlıq verir onlara.
gözəllik məhbəsmiş, gözəllər məhbus.
Bugünkü ağ saçlı qadına baxsan
dünənini düşün! Əfsus, səd-əfsus...
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
“Fantaziya” sirki Şəkidə!
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Beynəlxalq şou proqramları ilə məşhur olan “Fantaziya” sirki 8 oktyabradək Şəkidə uşaqları sevindirəcək. Oktyabrın 4-də açılış edən sirkdə janqlyorlar, akrobatlar, illüzionistlərlə yanaşı, kiçik heyvanlarla hazırlanmış nömrələr də uşaqların marağına səbəb olmaqdadır.
Sirkin təşkilatçısı Ruslan Abbasov “Ədəbiyyat və İncəsənət” portalına müsahibəsində “Fantaziya”nın tarixindən də danışıb:
-1985-ci ildən fəaliyyət göstəririk. Müxtəlif ölkələrdə fəaliyyətimiz olub: İsraildə, Amerikada, Rusiyada, Ukraynada, Belorusiyada, Macarıstanda, Hindistanda... 2007-ci ildən bu yana isə Azərbaycanda fəaliyyət göstəririk. Konkret proqramımız yoxdur. Çünki hər dəfə sirk ustaları dəyişilir. Məsələn, indi Şəkiyə gələn sirk ustaları Ukraynadan, Rusiyadan, Tacikistandan və Tatarıstandandırlar. Əsasən, Bakıda fəaliyyət göstəririk. Amma bilirik ki, bölgələrdəki uşaqların Bakıya gəlmək, sirkə baxmaq imkanı çox azdır. Ona görə də, biz bölgələrə səfər edir, uşaqların görüşünə gəlirik. Uzun illər ərzində proqramımızda dəyişməyən yeganə nömrə “Azərbaycan odları” olub. Xarici ölkələrin əksəriyyətində həmin nömrəni nümayiş etdirmişik. Olduqca da rəğbətlə qarşılanıb. Hətta 1985-ci ildə Türkiyədə biz “Azərbaycan odları” ilə çıxış etmişik.
Çoxuşaqlı ailələr üçün biletin qiymətində endirim edildiyini, 1 biletlə uşağa da, valideynə də sirkə baxmaq şansın tanındığını deyən Ruslan Abbasov onu da əlavə etdi ki, uşaq evlərində, “SOS” uşaq kəndlərində böyüyən, reabilitasiya mərkəzlərində müalicə alan uşaqlar üçün də sirk pulsuz nümayiş olunur.
Qeyd edək ki, “Fantaziya” sirki Şəkidən sonra Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuza da gedəcək.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
“Yelətmə” - “Atlandırma” - “Asta Qarabağı” -“Qarabağın ağırı” - “Vağzalı” - BİR MUSİQİNİN TARİXÇƏSİ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
"Vağzalı" Azərbaycan xalqının ən sevimli rəqslərindən biridir. Son dərəcə zərif, ürəyə yatan melodiya, incə, yumşaq hərəkətlər bu rəqsi xalq arasında daha geniş yaymışdır. Azərbaycanda elə bir toy olmur ki, orada vağzalının cazibədar sədası eşidilməsin.
“Vağzalı”nın tarixi çox qədimlərə gedib çıxır. Bu havanın “Kitabi Dədə Qorqud”dakı “Yelətmə” havasından gəldiyi göstərilir. Başqa sözlə, “Yelətmə” rəqsi “Vağzalı”nın ilkin növü, prototipi hesab olunur. Hətta dastanın “Qanlı qoca oğlu Qanturalı boyu”nda gəlinlərin rəqs etdiyi bu qədim havanın adı da qeyd olunur: “Ozan gəldi, “Yelətmə” çaldı. “Yelətmə”- yelləndirmə, həvəsləndirmə, coşdurma məzmunu verir.
Sonralar həmin rəqs “Atlandırma” adı ilə məşhurlaşıb. Çünki qədimdə türklər gəlini atla və faytonla aparırlarmış. Məhz bu havanın müşaiyəti ilə gəlini ata və ya faytona mindirirmişlər. “Atlandırma” adı da burdan qalıb.
Azərbaycanın milli rəqslərini araşdıran sənətşünas Rauf Bəhmənliyə istinad edərək "Vağzalı" rəqsinin mənşəyi barədə gəlin bir qədər məlumatlanaq.
XVI əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olan “Qarabağın ağırı” və yaxud “Asta Qarabağı” rəqslərinin musiqi mötivləri də “Vağzalı” rəqsində özünü göstərir.
XIX əsrin sonlarından isə rəqs “Asta Qarabağı” və “Vağzalı” adı ilə şaxələnir. Bəs “Vağzalı” adı hardan meydana çıxır? Çox güman ki, bu ad 1880-ci ildə Azərbaycanda ilk dəmiryolu (Bakı-Suraxanı-Sabunçu) xətti və 1883-cü ildə Bakı-Tiflis dəmir yolu xəttinin çəkilişi ilə bağlı olub. Bundan sonra uzaq məsafəyə yola salınan gəlinlər artıq atla, faytonla deyil, qatarla yola salınırmışlar. Beləliklə, rəqsin adı da dəyişib “Vağzalı” qoyulub. (Qeyd edək ki, bu adın meydana çıxmasını məşhur xeyriyyəsi Z.Tağıyevlə bağlayanlar da vardır).
Beləliklə, keçmişdə məşəl və atəş səsləri altında toy evinə qədər müşayiət olunan bu rəqsin ad dəyişmə sxemini belə təklif etmək olar: “Yelətmə”, “Atlandırma”, “Asta Qarabağı”, “Qarabağın ağırı” və “Vağzalı”.
Rəqsin musiqisi incə və lirikdir. Rəqsin özü insanda qeyri iradi kövrək, zərif hisslər oyadan süzücü və alıcı rəqs elementlərindən ibarətdir.
S.Rüstəmov 1936-cı ildə “Vağzalı” rəqsini notlaşdırmışdır. Bu rəqs “Segah” məqamında, moderato tempində və 6/8 ölçüsün bəbəstələmişdir. “Vağzalı”nın melodiyası dinləyicidə sevinc və həsrət hisslərinin vəhdətini təşkil edir. Övladını yola salan ailə ayrılıq,hicran hissləri keçirirsə, oğlan evinin adamları isə tam fərqli (sevinç) ovqat yaşayırlar.
Vağzalı rəqsi olduqca cazibəli, qəşəng, son dərəcə lirik rəqsdir. Onu incəliklə, bir növ süzgün hərəkətlərlə oynamaq lazımdır. Amma müasir dövrdə bu melodiya toyun başlanğıcına və ya bitməsinə işarə kimi qəbul olunur. Görünür, bu, toyda səslənən şah əsər statusuna malik yeganə musiqi sayılır. Məhz buna görə də toylar “Vağzalı"dan başlayaraq, eyni musiqi sədaları altında bitir. Bəli, bu, nəhəng, şirin, demək olar ki, yer üzündə ən istedadlı və zəngin mədəniyyətə malik olan bir xalqın milli musiqisi və rəqsidir.
Bütün gənclərimizə “Vağzalı” sədalarının qismət olması diləyi ilə.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
Türk Mədəniyyəti və İrsi Fondu "Gözlədiyimiz xoşbəxtlik" kitabını təqdim edib
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazax ədəbiyyatının tanınmış nümayəndəsi Malik Otarbayevin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan "Gözlədiyimiz xoşbəxtlik" kitabı oxuculara təqdim olunub.
AzərTAC xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında əsərin əhəmiyyətindən danışıb.
"Malik Otarbayevin qələmi həyat həqiqətlərini, insanların münasibətlərindəki incə və dərin duyğularını gözəl şəkildə əks etdirir. Hər bir obrazın hekayəsi daxili dünyamızın arzuları və gündəlik həyatımızın reallıqları arasındakı mübarizənin əksi kimi görünür", - deyə fondun prezidenti bildirib.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel çıxışında Malik Otarbayevin milli dəyərlərdən ilham alan bir yazıçı olduğunu deyib. "Biz çox xoşbəxtik ki, onun əsərləri Qazaxıstanın hüdudlarında da tanınır. Kitabın hər səhifəsi dəyərli fikirlərlə zəngindir", - deyə səfir qeyd edib.
Şairlər Əkbər Qoşalı, İntiqam Yaşar və digər çıxışçılar əsərin əhəmiyyətindən söz açıblar. Onlar kitabda təsvir edilən hisslər və insanı mənəvi cəhətdən zənginləşdirəcək düşüncələrin ümumən bəşər övladına ünvanlandığını diqqətə çatdırıblar.
Tədbir bədii hissə ilə davam edib.
Sonda müəllifin imza sessiyası keçirilib.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
X Bakı Beynəlxalq Kitab Sərgisində “Üşüyən küçələr” kitabının təqdimatı keçirilib
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qazaxıstanın tanınmış şairi, filoloq-alim, pedaqoq, Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun “Üşüyən küçələr” kitabının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə kitabın layihə rəhbəri, şair-publisist, “Alaş” beynəlxalq ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı nəşrin ərsəyə gəlməsindən söhbət açıb.
Qazax şairinin şeirlərini dilimizə tərcümə edən Dünya Gənc Türk Yazarlar Birliyin Məsləhət Şurasının üzvləri - şairlər İbrahim İlyaslı və Rəsmiyyə Sabir bildiriblər ki, kitabda Azərbaycan və qazax türkcəsindən əsərlər yer alıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitab haqqında fikirlərini bölüşərək, belə təqdimatların sayının çox olmasını arzulayıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar kitabın müəllifinə Birliyin 25 illik yubiley mükafatını təqdim edib.
Daha sonra müəllifin imza sessiyası keçirilib.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
“Şübhə etməkdə həqlidir insan...” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“Qarşı yatan Ala dağ” – hərəkətdə olan zamanla hərəkətsiz məkanın mifoloji təsəvvürdə birləşdirilməsi cəhdi.
2.
Hüseyn Cavid:
“Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin atası
Şübhə etməkdə həqlidir insan...”
Qeyri-səlis düşüncə tərzi, əlbəttə ki, şübhə ilə başlayır
3.
“...Bu dənizin sularını balıqlarından başqa içən olmadı”
4.
Axundovun gənc bəyləri qaçaq mala (olduğu kimi desək - oğurluğa!) gedəndə gizlətmirdilər ki, hara və niyə gedirlər. Bunu bu gün təsəvvür etmək belə mümkün deyil, göydəki ulduzları saymaq kimidir.
5.
Qapısı olmayan otaqda heç bir şey görmürsənsə, bu o demək deyil ki, otaqda heç nə yoxdur. Biz bunu belə də deyə bilərik: otaqda heç nə var.
6.
“ - Qurban olum, axı mənəm.
Aç qapını, bax, mənəm.
Qayıtmışam sağ, mənəm,
Əvvəlki mən deyildim.
Xəyal kimi gərilmisən,
sən o xəyal deyilmisən?!
Yorulmusan, yol gəlmisən,
Keç içəri, dincini al.”
7.
Şah İsmayıl dövründə qoşuna adam yığmaq şüarı: “Əgər yataqda tərləyib ölmək istəmirsənsə, əlində qılınc şəhid olub cənnətin qapısına gəlib dayanmaq niyyətin varsa, qoşul bizə!”
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ –33.Naxçıvan təcrübəsi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
33.
NAXÇIVAN TƏCRÜBƏSİ
Qeyd etdiyimiz kimi, mütaliə mədəniyyətinin yüksəldilməsi prioritet mövzudur və tez-tez diqqət mərkəzində olur. İstəyərdik, bu bölümümümzdə Naxçıvan təcrübəsinə toxunaq. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Müasir gənclik və mütaliə mədəniyyəti” mövzusunda keçirilən dəyirmi masadan söz açmaq istəyirik.
Muxtar respublikanın ali təhsil müəssisələrinin, müxtəlif qurumların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə qeyd olunub ki, muxtar respublikada mütaliə üçün geniş imkanlar var. Belə ki, mütaliə həvəskarlarının ixtiyarına 222 kitabxana verilib. Oxucular ənənəvi kitabxanalarla yanaşı, elektron kitabxanalardan da istifadə edə bilirlər. Belə mədəniyyət müəssisələri üçün yeni binaların tikilməsi, mövcud binaların yenidən qurulması, müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması, kitabxana fondlarının həm tədris, həm də bədii ədəbiyyatla zənginləşdirilməsi, kitabxanalara ölkə Prezidentinin sərəncamı ilə nəşr olunan Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin, həmçinin müasir dövrün şair və yazıçılarının ən qiymətli əsərlərinin pulsuz verilməsi bunun bariz ifadəsidir.
Dəyirmi masada mütaliəyə marağın azalması ilə bağlı müxtəlif səbəblər üzərində müzakirə aparılıb. Kitabxana-oxucu əlaqələrinin az olması, kitab müzakirələrinin keçirilməməsi, mütaliənin sevdirilməsində ailənin, məktəbin rolu barədə geniş danışılıb. Sosial şəbəkələrdən düzgün olmayan istiqamətdə istifadə hallarının genişləndirilməsinin, telekanallarda özünə yer alan bəzi verilişlərin də mütaliəyə mənfi təsiri vurğulanıb. Bu problemin yaranmasında kitabxanaçı kadrların qeyri peşəkarlığı da diqqətə çatdırılıb.
Bir sözlə, problemlər sadalanıb və onların həlli yolları göstərilib. Hamı bir yerdə mənfilikləri aradan qaldıra bilər, əsas nəticə bu olub. Amma ən əsası isə bu sayaq tədbirlərin mütəmadi keçirilməsi ilə mövzunun gündəmdə saxlanılmasıdır.
Kamil insan olmağın, öz zehnini, təfəkkürünü üstün səviyyəyə gətirməyin, müasir cəmiyyətdə qüsursuz formalaşmanın mükəmməl yolu yalnız mütaliədir. Kitablar həmişə olduğu kimi, bilikli və mədəni insanın həyatının ayrılmaz hissəsinə – ən yaxın dostuna, etibarlı sirdaşına çevrilib. Bunu heç kəs unutmamalıdır.
Növbəti: 34.Yaxşı mütaliəçi üçün faydalı məsləhətlər
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
Marqarita Al, Semicenk və Şarlotta Perelli - 7 OKTYABR
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün 7 oktyabrdır.
Bu gün dünyaya gəlmiş mədəniyyət xadimləri kimlərdir? Əlifba sırası ilə təqdim edirəm:
KİRA NİKOL KOSARİN
Amerikalı aktrisa və musiqiçi. Nickelodeon telekanalında gedən “İldırım adamlar” teleserialı ilə məşhurlaşlb. Fibi obrazına çoxu məftun olub.
İlk albomu - “Markasız0 2029-cu ildə çıxıb, bu dəfə Kira musiqi aləmində sevilib.
1997-ci ildə Nyu-Cersidə anadan olub.
MARQARİTA AL
Qazax əsilli rus şairi, rus avanqardizminin və kosmizminin parlaq nümayəndəsi. Ümumdünya Yazıçılar Təşkilatının (WOW) prezidentidir.
Dünya ədəbiyyat xadimlərinin həmrəyliyi uğrunda fəal mübarizdir.
2019-cu ildə Bakıda, Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə keçirilən Avrasiya materikinin LiFFt festivallar festivalına rəhbərlik edib.
2021-ci ildə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda spiker olub.
4 poetik kitabı bir neçə dilə tərcümə olunub.
1959-cu ildə Alma-atada anadan olub.
SEMİCENK
Əsl adı Cenk Baş - yeni dalğa tanınmış türk müğənnisi, Eva Records albom şirkətinin siması.
“Düşer Aklıma” sinqlı ilə məşhurlaşıb. Funda Ararla oxuduğu “Al sevgilim” dueti isə YouTube platformasında miluonlarla izləmə sayı əldə edib.
1998-ci ildə Orduda dünyaya gəlib.
ŞARLOTTA PERELLİ
İsveçrəli müğənni, 1999-cu il Avroviziya Musiqi Yarışmasının qalibi.
Həmin il çıxmış Charlitte albomu ona hədsiz populyarlıq gətirib. Disko musiqisi ənənələrini yaşadan azsaylı müğənnilərdəndir.
1974-cü ildə doğulub.
Allah bütün vəfat edənlərə rəhmət eləsin, sağ olanlara cansağlığı versin!
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
“Ondan gelir ona gider” - Bestami Yazgan
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“O’NDAN GELİR O’NA GİDER”
Bestami Yazgan
Yaprak açan, yaprak döken dalımız
O’ndan gelir, O’na gider, eyvallah.
Ezelden ebede uzar yolumuz,
O’ndan gelir, O’na gider, eyvallah.
Koştururken hayat-memat arası,
Yavaş-yavaş düşer canın darası,
Gün şaşırmaz yolculuğun sırası,
O’ndan gelir, O’na gider, eyvallah.
Alnımıza kaderimiz yazılır,
Ötelere Hak rotası çizilir,
Seher vakti kervanımız dizilir,
O’ndan gelir, O’na gider, eyvallah.
Açar, solar dermanımız, derdimiz,
Sabr u sebat olmalıdır yurdumuz,
Şehit olan, gazi olan merdimiz,
O’ndan gelir, O’na gider, eyvallah.
İnce minarede selâ okunur,
Acı rüzgâr gönüllere dokunur,
Ruhumuza düşen esrarlı yağmur,
O’ndan gelir, O’na gider, eyvallah.
Devran döner bir ileri, bir geri,
Talan eder gerçekleri, düşleri,
Şu yalan dünyanın göçmen kuşları,
O’ndan gelir, O’na gider, eyvallah.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
“Pişiklər”in rekordu, Putin və “Bayraqdar”
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günün təqviminə baxsaq, görərik ki, əlamətdar günlərdə bir kasadlıqdır. Ümumdünya məskunlaşma yerlərinin mühafizəsi günü. Vəssalam.
2007-ci ildə Çeçenistanın 4-cü prezidenti Doku Omarov Çimali Qafqazda İmarət Qafqaz İslam Dövlətinin yarandığını elan etdi. Nələr baş verdi, ruslar buna necə reaksiya göstərdi, özünüz təsəvvür edin.
1992-ci ilin 7 oktyabrında Azərbaycan Milli Şurası respublikanın MDB-yə üzv olması əleyhinə səs verdi. Bu, müstəqillik yolunda çox əhəmiyyətli bir addım oldu, biləsiniz. Dağılmış SSRİ-nin uçqunları altından yeni federativ dövlət qurmaq çabalarını ruslar həmin dövrdə imperiya ambisiyalarını gizləmədən nümayiş etdirirdilər. Yalnız millətsevər fədakarlarımız kommunist əqidəli liderlərimizi Kremldən biryolluq üzülüşməyə məcbur etmək istəyirdi. Mürəkkəb və qarışıq bir dövr idi.
1990-ci ildə Səddam Hüseynin İsrailə qaz hücumu hədə-qorxusu nəticəsində İsrail əhalisinə əleyhqazlar paylanılmağa başlanıldı.
1982-ci ildə Nyu-Yorkda Tim Raysın “Pişiklər” müziklının premyerası oldu ki, sonradan bu tamaşa dünya rekordu imzaladı – 2000-ci ilə kimi Brodveydə 7486 dəfə tamaşaya qoyuldu.
1979-cu ildə Türkiyənin Sarıyer bölgəsində Səlcuq Bayraqdar doğulub. Türk iş adamı, Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Ərdoğanın kürəkəni, Türkiyə müdafiə sənayesinin aparıcı isimlərindən biri. Öz “Bayraqdar”ları ilə 44 günlük müharibəmizin qeyri-rəsmi qəhrəmanı.
1977-ci ildə SSRİ-nin sonuncu – Brejnev Konstitusiyası qəbul olundu.
1952-ci ildə ştrix-kod üçün patent alındı.
1952-ci ilin bu günündə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində bilirsiniz kim doğulub? Vladimir Vladimiroviç Putin – Rusiyanın prezidenti. Tovuzlular dünyanın ərazicə ən böyük dövlətinin prezidentini mehribancasına “Bizim İlhamın (əslən Tovuzdan olan iş adamı İlham Rəhimov –red.) tələbə yoldaşı” adlandırırlar.
1926-cı ildə İtaliyada façist partiyası hakimiyyətə gəldi.
1913-cü ildə dünyada ilk dəfə Detroytda, Ford zavodunda konveyerdə avtomobil istehsalına başlanıldı.
1849-cu uldə Amerika yazıçısı Edqar Allan Po dünyasını dəyişdi.
Unutdum deməyə. Əlamətdar günlərin kasad olması heç də o demək deyil ki, amerikalılar bu gün sakit duracaqlar. Əsla belə deyil. Bu gün onlarda milli frappe günüdür. Üstü köpüklü soyuq kofedir frappe.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)