ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə, 04 Mart 2026 11:00

“Məhəllə”nin unudulmaz Məzisi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O indi əfsanəyə çevrilmiş Bakılı oğlanlar KVN komandasının əsas üzvlərindəm biri idi. Məşhur “Məhəllə” səhnəciklərinin və filminin baş qəhrəmanlarından idi. Amma Anar Məmmədzanov, Cabir İmanov kimi o da vaxtsız dünyadan köçdü...

 

Elçin Həmidov 1958-ci ildə 29 iyununda Bakıda doğulub. Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb. Daha sonra o, əvvəlcə bacısı, sonra isə qardaşlarını itirib. Bax belə bir acı tale.

1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olub, 1981-ci ildə həmin fakültəni bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib.

Klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində müxtəlif rolları canlandırıb. Süleyman Ələsgərov və Şıxəli Qurbanovun Olmadı elə, oldu belə əsərində Gülüstan, Vasif Adıgözəlov və Əliağa Kürçaylının Boşanaq, evlənərik əsərində İkram, H. Qurbanov və Cahangir Aslanoğlunun Qarğa məndə qoz var əsərində Zərzibonskaya, Soltan Hacıbəyovun Qızıl gül əsərində Azay, Səid Rüstəmov və Məmməd Səid Ordubadinin Beş manatlıq gəlin əsərində Nadir, Süleyman Ələsgərov və Şıxəli Qurbanovun Özümüz bilərik əsərində Miriş rollarını canlandırıb.

Elçin Həmidov bariton və soprano səsə malik olub. Tamaşalardakı çox musiqiləri ifa edib. O, epizodik rollarda da çıxış edib, məşhur simaları parodiya edib. Sənətçi Parni iz Baku və Planet Parni iz Baku KVN teatrlarının da simalarından biri olub. Bu teatr tamaşalarında və Məhəllə film seriyasında canlandırdığı Məzi personajı ilə geniş populyarlıq qazanıb. Bundan başqa o, televiziya verilişlərində də aparıcılıq edib. Onun Tez bazar, eləcə də mətbəx verilişləri tamaşaçıların diqqətini çəkib. 1997-ci ildə ekranlaşdırılan Bakı oğrusu filmində də mahnı ifa edib.

 

Onun 23 fevral 2011-ci ildə son yaratdığı obraz Nikolay Vasilyeviç Qoqolun Evlənmə komediyasında Yaiçnitsa obrazı olub. 2011-ci ilin 4 martında sənətçi ürək tutmasından vəfat edib. Həmin vaxt teatrda Hərənin öz ulduzu tamaşasının orkestrlə məşqi olub. O, bu tamaşada iştirak edə bilməyib. Sənətçinin işə gəlmədiyini görən dostları ondan narahat olub evinə gediblər və Fövqaladə Hallar Nazirliyinin işçilərinin köməyilə evinin qapısı açılıb və o, evində ölü halda tapılıb. O, tək yaşayırdı.

Sənətçi 5 mart 2011-ci ildə Xırdalan qəbiristanlığında dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2026)

 

 

 

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

Novruzun nəfəsi duyulan, torpağın yavaş-yavaş oyanmağa başladığı günlərdə xalqımızın minillik yaddaşından süzülüb gələn od çərşənbəsi Beyləqan rayonunun Birinci Aşıqlı kəndində böyük ruh yüksəkliyi ilə qeyd olunub. Baharın ikinci müjdəçisi sayılan bu çərşənbə qədim inanclarımızda odun müqəddəsliyini, işığın zülmət üzərində qələbəsini və insan ruhunun yenilənməsini təcəssüm etdirir.

 

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon prokuroru Elşad Əzimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi Vidadi Qurbanov, icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, mədəniyyət işçiləri, ziyalılar və kənd sakinləri iştirak ediblər.

Novruz ənənəsinə uyğun olaraq mərasim tonqal ətrafında təşkil olunub. Xalq inanclarına görə, od çərşənbəsində qalanan tonqal yalnız fiziki istilik mənbəyi deyil, həm də mənəvi təmizlənmə rəmzidir. İnsanlar tonqal üzərindən atlanaraq “ağırlığım-uğurluğum odda yansın” deyir, köhnə ilin çətinliklərini geridə qoyduqlarına inanırlar. Bu qədim ritual zərdüştilik dövründən bu yana formalaşmış od kultunun xalq yaddaşında yaşamasının bariz nümunəsidir.

Şənlik çərçivəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin kollektivləri və Birinci Aşıqlı kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən musiqi nömrələri və milli rəqslər təqdim edilib. Səslənən el havaları, ifa olunan yallılar, səhnələşdirilmiş Novruz səhnəcikləri tədbirə xüsusi rəng qatıb. Xüsusilə Kosa və Keçəl obrazlarının iştirakı uşaqların və gənclərin böyük marağına səbəb olub; bu obrazlar xalq teatrının qədim qatlarından gələn satirik və maarifləndirici ənənəni yaşadır.

Səməni süfrəsi, boyanmış yumurtalar, şəkərbura, paxlava və qoğal kimi bayram nemətləri Novruzun bolluq və bərəkət arzusunu simvolizə edib. Qədim inanclara görə, od çərşənbəsi evlərdə ocağın sönməməsi, ailə birliyinin möhkəmlənməsi və ruzi-bərəkətin artması üçün dua və niyyətlərlə müşayiət olunur. Birinci Aşıqlı kəndində də sakinlər tonqal ətrafında toplaşaraq birlik və həmrəyliyin canlı mənzərəsini yaradıblar.

od çərşənbəsi Novruzun dörd əsas ünsüründən biri olan odla bağlıdır; Su, od, yel və torpaq çərşənbələri xalq təfəkküründə kainatın yaradılış mərhələlərini əks etdirir. Bu baxımdan, Beyləqanda keçirilən mərasim təkcə təqvim hadisəsi deyil, milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əlamətdar mədəni hadisə kimi dəyərləndirilir.

Alovlanan tonqalın işığında üzlərdəki sevinc, səmimi təbəssümlər və coşğun alqışlar baharın gəlişindən doğan ümidi daha da gücləndirib. Qədim ənənələrə sədaqət və müasir dövrün təşkilatçılıq ruhu bir araya gələrək Beyləqan torpağında yaddaqalan bayram ovqatı yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2026)

 

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

3 mart 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin təşəbbüsü ilə Beyləqan rayon Peşə məktəbinin akt zalında yaddaqalan ədəbi-mədəni tədbir keçirildi. Tədbirdə AYB-nin Beyləqan Bölməsinin şair və yazıçıları, rayon ziyalıları, məktəbin müəllim və tələbə heyəti iştirak edirdi.

 

Görüşdən öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Zalın sükutunda həm ehtiram, həm də mənəvi məsuliyyət duyğusu vardı – çünki sözün dəyəri, azad düşüncənin qiyməti məhz belə fədakarlıqların fonunda daha aydın görünür.

Tədbiri AYB-nin Beyləqan Bölməsinin sədri, şair Fazil Əsəd açaraq ədəbiyyatın gənclərin dünyagörüşündə oynadığı roldan danışdı. O, qeyd etdi ki, söz yalnız estetik zövq deyil, həm də mənəvi dayaqların möhkəmləndirilməsidir. Gənclərlə belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayan şair, ədəbiyyatın insanı kamilləşdirən, onu cəmiyyətə faydalı fərd kimi formalaşdıran əsas vasitələrdən biri olduğunu bildirdi.

Tədbirdə çıxış edən Azərbaycan Mediasiya Şurasının üzvü, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının mediatoru Mehman Əliyev mediasiyanın mahiyyəti və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məruzə ilə çıxış etdi. O, münaqişələrin hüquqi çərçivədə, qarşılıqlı anlaşma yolu ilə həllinin vacibliyini diqqətə çatdırdı. Mediasiyanın təkcə hüquqi mexanizm deyil, həm də mədəni dialoq platforması olduğunu vurğulayan natiq, gənclərin bu sahədə maariflənməsinin önəmini qeyd etdi.

Daha sonra söz şair və yazıçılara verildi. Raquf Budaqlı, Ağa Savalan, Vəliyəddin Əhmədbəy, Rövşən Qarabudaq, Əlixan Ziya və mətbuat nümayəndəsi Baxşeyiş Şirinov çıxış edərək Beyləqan rayon Peşə məktəbinin tələbələrinin nizam-intizamını və fəallığını yüksək qiymətləndirdilər. Qonaqlar məktəbdə yaradılan sağlam tədris mühitini təqdirlə qeyd etdilər.

Şairlər yeni qələmə aldıqları şeirlərdən nümunələr səsləndirdilər. Sözün ahəngi, misraların səmimiyyəti zalda xüsusi bir ovqat yaratdı. Gənclər üçün canlı müəllif ifasında şeir dinləmək həm estetik zövq, həm də ruhani təcrübə oldu. Ədəbiyyatın kağız üzərində qalmadığını, canlı nəfəsə çevrildiyini hiss etmək tədbirin ən təsirli anlarından idi.

Məktəbin əməkdaşları Sənani Umudov və Natavan xanım, müəllim Seyfəddin Allahverdiyev, eləcə də bir qrup tələbə çıxış edərək belə görüşlərin onların dünyagörüşünə müsbət təsir göstərdiyini bildirdilər. Tələbələr ədəbiyyata və oxu mədəniyyətinə maraqlarını ifadə etdilər, qonaqlara təşəkkürlərini çatdırdılar.

Tədbirin sonunda şair və yazıçılar özləri ilə gətirdikləri bədii kitabları məktəbin kitabxanasına hədiyyə etdilər. Bu jest təkcə kitab bağışı deyil, həm də mənəvi körpü idi – söz adamları ilə gələcəyin qurucuları arasında qurulan səssiz, amma möhkəm bağ.

Belə görüşlər bölgələrdə ədəbi mühitin canlanmasına, gənclərin söz sənətinə marağının artmasına, milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir. Beyləqanda keçirilən bu tədbir bir daha göstərdi ki, ədəbiyyat cəmiyyətin mənəvi nəbzidir və bu nəbz gənclərin ürəyi ilə birgə döyündükcə gələcəyə inam daha da möhkəmlənir.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2026)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dünyada müsəlman yazıçılarının yüksəlişi çətin prosesdir. Amerikadan Asiyaya, Afrikaya qədər hər yerdə oxunmaq müşkül məsələdir bir Məhəmməd hümməti üçün. Son dövrlərdə yalnız Orxan Pamuk və Xalid Hüseyni dünya orbitində parlayıblar. Bir də Salman Rüşti. Amma sonuncunu saymayaq. O məhz islama asi çıxdığı üçün parlayıbdır.

 

Bu gün doğum günü olan, 61 yaşı qeyd edilən Xalid Hüseyni dünyanın ən tanınan müasir yazıçılarından biridir. O, həm roman yazarı, həm də keçmiş həkimdir. Qələmə aldığı əsərlər vasitəsilə Əfqanıstanın tarixi, mədəniyyəti və insanlarının çətin həyat hekayələrini qlobal oxucu kütləsinə çatdırıb.

Xalid Hüseyni 1965-ci ildə Kabuldə diplomat atası və müəllim anası ailəsində anadan olub.

Uşaqlığını Əfqanıstanda keçirsə də, siyasi çalkantılar səbəbi ilə 1976-cı ildə ailəsi Fransaya köçüb, sonra isə 1980-ci ildə ABŞ-a sığınacaq alıb. ABŞ-da Santa Clara Universiteti-ndə biologiya ixtisası üzrə ali təhsil alıb və daha sonra Kaliforniya Universiteti (San Diego)-nun Tibb Məktəbində oxuyaraq həkimlik dərəcəsi əldə edib.

1996-cı ildən 2004-cü ilə qədər ümumi təbabət həkimi kimi çalışıb. Ədəbi fəaliyyətə 2001-ci ildə başlayıb və qısa zamanda dünya şöhrəti qazanıb.

 

Əsas romanları

The Kite Runner (Çərpələng uçuran / Cometas en el cielo) – 2003

– Əfqanıstanda böyüyən bir uşağın dostluğu, xəyanəti və keçmişlə barışması barədə təsirli hekayədir. Bu kitab dünya miqyasında ən çox oxunanlardan biridir və 2007-ci ildə filmə çəkilib.

A Thousand Splendid Suns (Min möhtəşəm günəş) – 2007

– İki qadının Əfqanıstan müharibəsi fonunda həyat hekayəsi və dostluğu haqqında dərin roman.

And the Mountains Echoed – 2013 – Ailə, qardaş-bacı münasibətləri və itki motivləri üzərində qurulan çoxpərçəli hekayə.

Sea Prayer – 2018 – Suriya müharibəsi və qaçqın böhranını əks etdirən illüstrasiyalı qısa hekayə.

 

Bestseller statusu:

Hüseyninin bütün romanları dünya miqyasında milyonlarla nüsxə satılıb və bir çox ölkələrin bestseller siyahılarına daxil olub

 

UN rolü və xeyriyyə fəaliyyəti:

2006-cı ildə BMT Qaçqınlar Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri təyin olunub.

O, həmçinin The Khaled Hosseini Foundation xeyriyyə təşkilatını yaradaraq Əfqanıstandakı qadınlara, uşaqlara və qaçqınlara yardım göstərir.

Hüseyni ABŞ vətəndaşıdır və hazırda Şimali Kaliforniyada həyat yoldaşı və iki uşağı ilə yaşayır.  O, fars (dari) və pashto dillərində səlis danışır və özünü dünyagörüşlü, ziyalı bir şəxs kimi təsvir edir.

Hüseyninin əsərləri sadəcə hekayə deyil — onlar insan hekayələrini böyük tarixi kontekstə bağlayır, müharibənin, sürgünün və sosial dəyişikliklərin fərdi həyatlardakı təsiri insana hiss etdirilir. Mədəniyyətlərarası körpü yaradır, Əfqanıstan və Qərb oxucuları arasında empatiya və anlayışa təkan verir.

Müxtəlif oxucu rəylərinə görə, Hüseyni əsərləri böyük emosional dərinlik və insanlıq anlayışı ilə oxucuları cəlb edir, eyni zamanda bəzi tənqidçilər onun Əfqanıstanı təqdim etmə tərzini fərqli baxışlarla müzakirə edirlər.

Onun üç romanının hər biri həm tənqidi, həm də kommersiya baxımından böyük uğur qazanıb. “Çərpələng uçuran” “The New York Times”ın ən çox satılan kitablar siyahısında 101 həftə qalıb, o cümlədən üç həftə ardıcıl olaraq birinci yerdə olub.

 Onun ikinci romanı “Min möhtəşəm günəş” (2007) siyahıda 103 həftə qalıb, 15 həftə birinci yerdə qərarlaşıb. Üçüncü romanı “Və dağlardan səda gəldi” (2013) isə siyahıda 33 həftə qalıb. Yazıçılıqla yanaşı, Hüseyni qaçqınların müdafiəsi ilə də məşğul olur və UNHCR ilə birlikdə Əfqanıstana qayıdan əfqan qaçqınlarını dəstəkləmək üçün Xalid Hüseyni Fondunu təsis edib.

 

"Çərpələng uçuran"

Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirib. Bundan əlavə, müəllif xatirələr, aydınlaşdırma, cinsi münasibətlər kimi qavrayışlara da toxunub.

Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan təmizlənmə haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salıb.

Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlib, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olub, ancaq onu kədərləndirmək haqda düşünməyib. Həmin dost isə bu dəhşəti kənardan görüb, lakin gizlənib səsini çıxarmayıb. Bununla da faciə böyüyüb, getdikcə davam edib. Öz qorxaqlığından dəli olan Əmir ayılanda artıq gec olduğunu düşünüb...

 

"Və dağlardan səda gəldi"

Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır. Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir.  Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır.

Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər. Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər:  Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.

Nəsillərdən və qitələrdən keçərək bizi Kabildən başlayıb Paris, San-Fransisko və Tinosun Yunan adalarına tərəf səfərə çıxaran Xalid Hüseyni yeni romanında, həyatımız boyunca etdiyimiz seçimləri, ən yaxınlarımız tərəfindən məruz qaldığımız ümidsizlikləri, bizi təsvir edən və həyatımızı şəkilləndirən ölçüləri sonsuz müdriklik, mərhəmət hissi və həvəslə izah edib.

 

"Min möhtəşəm günəş"

Heratın kənarında Məryəm acıqlı və küskün anası Nana ilə birlikdə ucqar bir daxmada yaşayır. Məryəm, anası ilə varlı yerli biznesmen Cəlil arasında yaşanmış münasibətin nəticəsi olaraq dünyaya gəlib. Cəlilin qanuni ailəsi ilə üzləşməmək üçün Məryəm və anası şəhərdən kənarda yaşayırlar. Nana, Cəlilin etdiklərinə və Məryəmə qarşı yalançı münasibətinə görə ona kin bəsləyir.

Cəlil isə Məryəmı hər cümə axşamı ziyarət edir. Məryəmin on beşinci ad günündə Cəlil, söz verdiyi kimi onu şəhərə — Pinokkionu izləməyə — aparmağa gəlmir. Nananın istəklərinə baxmayaraq, Məryəm Cəlili tapmaq üçün təkbaşına Herata gedir və Cəlilin evinin qarşısında gecələyir; ona Cəlilin evdə olmadığı deyilmişdi, lakin Məryəm sonradan öyrənir ki, Cəlil həmin gecə evdə imiş.

Qəlbi qırılan Məryəm evə qayıdır və Nananın özünü asaraq intihar etdiyini görür. Məryəm qısa müddətlik Cəlilin evinə köçürülür, lakin tezliklə Kabuldan olan, özündən otuz yaş böyük dul ayaqqabı ustası Rəşidlə evləndirilir və Kabulda yaşamağa başlayır. Rəşid əvvəlcə Məryəmə qarşı nəzakətli olur, lakin Məryəmin yeddi düşüyündən sonra onun oğul dünyaya gətirə bilməməsinə görə getdikcə daha amansız və zorakı olur.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2026)

Çərşənbə, 04 Mart 2026 08:32

Unudulmaz Qara müəllim

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun haqqında 40 ildən çox bir müddətdə Azərbaycan Televiziyası və Radiosunun tamaşaçısı və dinləyicisi olan insanlar çox xoş sözlər deyə bilərlər.

 

Qara müəllim böyük istedad sahibi idi və dövlət tərəfindən onun yaradıcı əməyi yüksək qiymətləndirilmiş, əməkdar incəsənət xadimi, xalq artisti fəxri adlarına və Prezident təqaüdünə layiq görülmüşdür. O, çox sayda televiziya və radio komitəsinin sədrləri ilə işləmiş, onlar əyilmək bilməyən bu adamın fitri qabiliyyətini nəzərə alaraq onunla işləməyə davam etmişlər.

Qara Tağızadənin istedadının rüşeymləri yeniyetmə çağlarından özünü biruzə vermişdi. Səhhəti ilə əlaqədar olaraq təhsilində fasilələrə yol versə də, əlaçı kimi tanınırdı. Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə qəbul imtahanı ərəfəsində imtahan cədvəli ona səhv verildiyindən bir imtahana vaxtında gəlmədiyinə görə onu sonrakılara buraxmaq istəmirdilər. O, sübut etdi ki, bu məsələdə heç bir günahı yoxdur. Buraxdığı şifahi imtahanı verdikdən sonra Qara həmin gün ikinci imtahanı da "4" qiymətlə verib, universitet tələbəsinə çevrildi. Telman Orucov yazır ki, ikinci kursda oxuyanda yaxın qohumu, mərhum Müsafir həkim onu radionun diktoru Yusif Muxtarovla tanış etdi və onun köməkliyi ilə radioya diktor qəbul olundu, görkəmli diktor Aydın Qaradağlının sevimli şagirdinə çevrildi.

Qara gələcək xanımı Lətafətlə nişanlananda məclisi Aydın müəllim aparırdı. Qara çox fərasətli adam idi. İstənilən mətnə bir dəfə göz gəzdirdikdən sonra onu əzbər söyləyə bilirdi. O, diksiyası, intonasiyadan istifadə etmək bacarığı, tanış olmayan terminləri dəqiq tələffüz etməsi ilə çoxlarından seçilirdi. Ümumiyyətlə, o, çoxtərəfli insan idi. Gözəl səsi var idi. Yaxşı muğam oxuya bilirdi.

Poeziyanın vurğunu idi və özü də az da olsa, ancaq könüləyatan şeirlər yazırdı. Şuşanın vurğunu idi, yeniyetməliyindən yay aylarını bu şəhərdə keçirirdi. Şuşaya gözəl şerlər həsr etmişdi. Ürəyi ilə sevdiyi bu şəhərin işğalı ona ağır təsir göstərmişdi. Sağ olsaydı, qələbəyə ən çox sevinənlərdən biri olacaqdı. Lakin sevgisinin izləri qalmaqdadır: ikicildlik irihəcmli "Şuşa nəğmələri" kitabının naşiri Vasif Quliyev kitaba görkəmli şairlərin əsərləri ilə yanaşı, Qara Tağızadənin bir neçə şerini də daxil etmişdir.

Qara müəllimin şerlərinə bəstəkarlar mahnı da bəstələmişlər. Elza İbrahimova ilə birgə işi ona çox xoş gəlmişdi və o həmin bəstəkarı poeziyanın dərindən bilicisi hesab edirdi. Özü də musiqini çox sevirdi. Heç bir musiqi təhsili görmədiyi halda, pianoda, qarmonda yaxşı çalmağı bacarırdı. Qara Tağızadə öz sənətində əsl professional hesab olunurdu. O, bədii qiraətin peşəkarı idi.

Cəlil Məmmədquluzadənin hekayələri, Mirzə İbrahimovun, İsa Hüseynovun, digər yazıçı və şairlərin əsərləri onun ifasında xüsusi bədii dəyər, rəngarəng çalarlar qazanırdı. Qara müəllimin yaşı ötsə də, ruhən cavan olaraq qalırdı. Sünbül öz ağırlığından əyildiyi kimi, Qara Tağızadə də mənalı ömrünün dəyişikliklərinin əsəblərinə hücum çəkdiyi bir vaxtda həyatdan getdi. Onu tanıyanların hamısı ümumi bir fikirdədir ki, o, həyatdan tez köçdü.

Hələ vətəninə, xalqına çox xidmət göstərə bilərdi. Əslində, insanın könlü, daxili qüvvələri yaşa malik deyil, onlar öz imkanlarını, potensialını əsasən saxlamaqda davam edir. Qara Tağızadəyə dövlət rəhbərliyi xüsusi qayğı göstərirdi. Bəzi məmurlar onu başa düşmək istəmədiyindən ürəyini yaraladılar və o, həyatla vidalaşmalı oldu. O, çətinliklərə dözümü ilə seçilirdi, heç vaxt təbii sınaqlardan belə, gileylənmirdi.

Onu başa düşməyənlərin əhatəsində də özünü məğrur saxlayıb xarakterindəki nikbinliyi itirmirdi. Onu yenə öz aramızda hiss edirik, çünki o, həyatsevərliyini heç vaxt itirmədi. Sənin yoxluğunu hər an hiss etsək də, böyük şair Hafiz demişkən, könül qapımız açılanda obrazın gözlərimiz qarşısında canlanır.

Qara müəllim 4 mart 2018-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2026)

 

 

Xanım Aydın, “Ədəbiyyat və incəsənət”

 

Bu gün – martın 3-ü dünyada Ümumdünya Yazıçılar Günü kimi qeyd olunur. Maraqlı və zəngin tarixə malik olan bu bayram 1921-ci ildən etibarən PEN International tərəfindən təsis edilib və qeyd olunmağa başlayıb. Təşkilatın adı ingiliscə “poets” (şairlər), “essayists” (oçerkçilər) və “novelists” (roman və novella müəllifləri) sözlərinin ilk hərflərindən yaranıb.

 

PEN klubun ilk beynəlxalq konqresi 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək təşkilatın 48-ci beynəlxalq konqresi baş tutub və məhz həmin tədbirdə martın 3-nün “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan olunması barədə qərar qəbul edilib. Həmin dövrdə artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi.

Bir sıra ölkələrdə bu tarix sadəcə “Yazıçı Günü” kimi qeyd olunur və daha çox fərqlənmiş ədiblərin təbrik edilməsi, onların yaradıcılığının dəyərləndirilməsi və mükafatlandırılması ilə yadda qalır. Lakin bayramın əsas mahiyyəti daha dərindir. Bu gün söz və fikir azadlığının, ədəbiyyatın və həqiqətin müdafiəsinə çağırışdır. Ümumdünya Yazıçılar Günü “dördüncü hakimiyyət” sayılan demokratik mətbuatın mənfi halları – yalan yazılar, məqsədli təhriflər, faktların saxtalaşdırılması və siyasi, qrup və ya şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına qarşı mövqenin ifadəsidir.

Qeyd edək ki, Beynəlxalq PEN qurumunun azərbaycanlı üzvləri də var, Nigar Həsənzadə və Varisi qeyd edə bilərik.

PEN Azərbaycan Mərkəzi də ölkəmizdə fəaliyyət göstərir. Təşkilat 2011-ci ildə yaradılıb və prezidenti postuna Xalq yazıçısı Çingiz Abdullayev seçilib. Dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və prinsipləri Azərbaycanda da əsas götürülür. Bununla yanaşı, qurumun mühüm vəzifələrindən biri Azərbaycan yazıçılarını beynəlxalq aləmdə tanıtmaq, onların əsərlərinin müxtəlif dillərə tərcüməsinə dəstək verməkdir.

Ümumdünya Yazıçılar Günü yalnız ədiblərin deyil, sözə və ədəbiyyata dəyər verən hər kəsin bayramıdır. Çünki yazıçı cəmiyyətin yaddaşı, vicdanı və düşünən beynidir. Sözün gücü ilə həqiqəti qorumaq və sülhə xidmət etmək isə bu gün də öz aktuallığını saxlayır.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

 

2-18 mart tarixində Oğuzda, Hacıqabulda, Ağstafada, Siyəzəndə, Astarada, Zərdabda, Göyçayda və Xırdalanda  vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

Türk Mədəniyyəti və İrsi Fondunun maarifçilik yolunda daha bir uğurlu addımı: Fondun prezidenti xanım Aktotı Raimkulova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Manas Qırğız-Türk Univesitetini ziyarət edib və  təşkilat tərəfindən nəşr edilən kitabları Universitetin kitabxanasına təqdim edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, səfər çərçivəsində Fondun prezidenti professor Aktotı Raimkulova, Universitetin rektoru professor Alpaslan Ceylan və rektorun müavini professor Almaz İbraev ilə görüş keçirib. Görüş zamanı Türk dünyasının ortaq mədəni və elmi irsinin qorunması və təbliği istiqamətində ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, bu nəşrlər tələbə və tədqiqatçılar üçün mühüm elmi mənbə rolunu oynayacaq, Türk dünyası ilə bağlı araşdırmaların genişlənməsinə töhfə verəcəkdir.

Sonda tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini ifadə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

 

Çərşənbə axşamı, 03 Mart 2026 13:00

Məni qınamaq şansı verirəm sizə!

 

(“Düşüncə döngələri” silsiləsindən)

 

           

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

 

Ana olmaq... Mən bu ifadəni sinəyə döyərək işlədənlərin kişilərə haqsızlıq etdiyi düşüncəsindəyəm.  Mənimçün bu ifadənin əsli budur: “Valideyn olmaq!” Analıq və atalıq, əgər bioloji baxımdan baxmasaq, öhdəlikdir. Əlbəttə, həyatın davam etməsi bəzən təsadüflərdən də asılıdır...

 Təsadüfləri yığaq başqa bir düşüncə torbasına, ağzını bağlayaq, zehnimizin küncünə söykəyək, adını da qoyaq: “Dursun!”

 

Biz şüurlu şəkildə bu öhdəliyi üzərinə götürmüşlərdən danışaq... 

Çox yox, bircə həftə əvvəl kimə baxırdın, meymun balasından paylaşım edirdi (Punch). Anası tərəfindən tərk edilmiş, digər meymunların yaxına qoymadıqları makaka meymunu... Dünya virtual “ağladı”, “dərdə düşdü” meymun balasına görə.  O görüntülərə, həqiqətən, ağlayan biri oldumu?

Məşhur markalardan biri meymunun sürüklədiyi, arada söykəndiyi meymun oyuncağına bənzəyən oyuncaqlar istehsal etdi. Adını da qoydu: “Punch`un anası”. Bayaqdan  meymun balasına “ağlayan”lar o oyuncaqdan aldılar uşaqlarına...  Qarşıma çıxan rəyləri də oxudum, paylaşımlara da göz atdım. Bircə ağıllı rəy vardı, onu da kişi yazmışdı: “Kapitalizm budur; sən anan üçün darıxarsan, kapitalizm sənin ananı satar”.

Kişi deyiləm, (kişilərin qadınlara nəzərən daha məntiqli və hadisələri olduğu kimi dəyərləndirdiyi elmi olaraq sübut olunub, mübahisə mövzusu belə, deyil) amma həqiqəti də gizlətməyəcəyəm. Mənim gözlərim də dolmadı makak balasının görüntülərinə baxanda.  Normal qarşıladım...  Mən öz sinif yoldaşımın 13 yaşında ana olmağının şahidi olan insanam... Mən onun da öz qızını 13 yaşında ərə verdiyini, 28 yaşında nənə olmasıyla öyündüyünü, mənə sonsuz olduğuma görə tənə etdiyini həyati hadisə kimi qarşılamış insanam.  Mən bir gecə səhərədək Tanrı Atayla, Təbiət Anayla qismətim (kiminə görə də, qismətsizliyim) üçün həsbihal edib, səhər sosial şəbəkədə asfalt üstünə atılmış çılpaq körpə şəkli görən qadınam...

Bununla belə, makaka ağlamadım... Əksinə, düşündüm ki, anasının qoynunda əzizlənənlərdən daha güclü olacaq o! Daha əzmli, daha qüvvətli, çətinliklərə sinə gərmək məqamında daha cəsur olacaq o!  Və kənardan müşahidə edincə, bu halı uşaqlarda da görürəm. İmitasiya edilmiş sevgilər uşaqları zəif edir...

Hə, burda sizə məni qınamaq şansı verirəm!  “Sən nə qanırsan uşaqla necə davranmaq lazımdır?!” sualı hazırdır zehninizdə, bilirəm.  Lazım olan andaca dilinizdən eşiyə atılır bu sonundakı nida işarəsi əminlik bildirən cümlə...  Unutmayın, immunitet təkcə fiziki bədəndə deyil, zehində də formalaşa bilir. Bu cümləyə qarşı antikorlar var düşüncələrimdə artıq...

Məni qınaya bilərsiniz, hə! Amma Şahanə Müşfiqi “Rəqəmsal “analıq”” yazısına görə qınaya bilməzsiniz! Gücünüz çatdığını düşünə bilərsiniz, amma haqqınız çatmır buna! O, gözəl anadır! O,  düşünən qadındır! O, həyata canı yanan insandır! O, mənsubu olduğu cəmiyyətin dəyişik düşən ilmələrinin fərqində olan, bu ilmələri yerbəyer etməyi arzulayan, buna çalışan vətəndaşdır! 

Yediyi yeməyin dadını çıxarmamış çəkib paylaşanları anlamaq istəyərəm. Ziyarət etdiyi tarixi, dini məkanın abu-havasını ruhundan süzdürməmiş şəkil, video çəkib paylaşanlara da güzəşt edə bilərəm. Amma əl boyda uşağın  hər anını, həyatı öyrənmək cəhdlərini, yediyini-içdiyini, güldüyünü-ağladığını çəkib dəqiqəbaşı paylaşanları, ən yaxşı mənada, qınayıram. O videolara gələn rəylər, atılan emojilər, videonun artan paylaşım sayı uşağınızın eyninə də deyil, sizin “hamı məni bəyənsin” acgözlüyünüz və yarımçıqlığınızdır. Çünki camaatdan “ay nə gözəl valideynsən!” sözünü eşitmək istəyirsiniz. Halbuki, bu cümlənin ən səmimisini elə öz uşağınız, o da 30 yaşını keçəndən sonra deyəcək... Hə, qarşıdakı 30 il sizin valideynlik öhdəliyinizi necə yerinə yetirəcəyiniz barədə suallarla dolu olacaq.

“Mən yaxşı valideyn olmuşam!” cümləsini özünüzə ancaq təsəlli mahiyyətində söyləyə bilərsiniz. O da, yenə, uşağınız 30 yaşını keçəndən sonra... İndi etdiyinizin –uşağınızı öz uşaq dünyasından qoparıb “sosial şəbəkə” adlı qaynar qazanın içinə atmağınızın ikinci adı da var biz göyçəlilərdə. Deyim, onu da öyrənin: görməmişlik! Və bu görməmişlik uşağı ehtiva etmir ha! Sizin həyatı görmədiyinizin, insan amilini tanımadığınızın,  daim tərifə olan aclığınızın ölçü vahididir!

Səmimiyyətimə kim nə qədər inanar, bilmirəm. Heç özümü kiməsə nəyləsə sübut etmək ehtiyacım da yoxdur. Amma hamının balasının xoşbəxt olmağını, bütün uşaqların uşaqlığı uşaq kimi yaşamağını istəyirəm.   Və ali təhsilli pedaqoq, yazıçı kimi sizə bir məsləhət cümləsi yazıram, valideynlər: uşağınızı özünüzdən çox sevin, bunu bacarın!

Bütün uşaqlar böyüyəndə çörək tapacaq, yatmağa bir çarpayısı olacaq, amma həyat göstərir ki, cəmiyyətin bütün fərdləri sevgini tanımır. Bunun günahını valideynlərdə görürəm! Xüsusən də, analarda...  Məni qınamaqda sərbəstsiniz, analar! Doğmağı bacardığınızla öyünməkdənsə, ana olmağın təvazökarlığını yaşasanız, qınağınızda da sevgi sezilər! Mənim sizi qınadığım kimi...

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

 

 




 

 

Respublika Uşaq Kitabxanasında 34 saylı məktəbin və Kaspi Liseyinin 1-ci sinif şagirdlərinin iştirakı ilə silsilə ekskursiyalar təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.

 

Ekskursiyaların əsas məqsədi şagirdləri erkən yaşlardan kitabxana mühiti ilə tanış etmək, onlarda mütaliə vərdişlərinin formalaşmasına dəstək vermək və kitaba sevgi hissini gücləndirmək olub.

Ekskursiya zamanı kitabxana əməkdaşları şagirdləri oxu zalları və nağıl otağı ilə yaxından tanış edib, kitabxana haqqında ətraflı məlumat veriblər. Uşaqlar müxtəlif mövzulu nağıl kitabları ilə tanış olub, sevdikləri nağıl qəhrəmanları haqqında fikirlərini bölüşüblər. Onlara təqdim olunan rəngarəng, şəkilli və 3D formatlı kitablar birincilərin xüsusi marağına səbəb olub və oxumağa həvəslərini artırıb.

Ekskursiya çərçivəsində 34 saylı məktəbin şagirdləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, eləcə də Vətən uğrunda şəhid olmuş Saleh Nuruyev və Tərlan Rzayev haqqında qısa məlumatlarla çıxış ediblər. Təqdimatların məqsədi uşaqlarda vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət və qəhrəmanlıq anlayışının formalaşdırılması olub.

Şagirdlər, eyni zamanda, kitabxana tərəfindən təsis edilmiş “Göy Qurşağı” jurnalı ilə tanış olublar. Jurnalın uşaqlar üçün nəzərdə tutulmuş maarifləndirici və əyləncəli rubrikaları barədə məlumat verilib, jurnalın bir neçə nömrəsi məktəbin kitabxanasına hədiyyə edilib.

Silsilə ekskursiyalar şagirdlərin kitabxana və informasiya resursları haqqında biliklərini artırmaqla yanaşı, onların mütaliəyə marağının güclənməsinə, asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafına müsbət təsir göstərib.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.