(“Düşüncə döngələri” silsiləsindən)
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Ana olmaq... Mən bu ifadəni sinəyə döyərək işlədənlərin kişilərə haqsızlıq etdiyi düşüncəsindəyəm. Mənimçün bu ifadənin əsli budur: “Valideyn olmaq!” Analıq və atalıq, əgər bioloji baxımdan baxmasaq, öhdəlikdir. Əlbəttə, həyatın davam etməsi bəzən təsadüflərdən də asılıdır...
Təsadüfləri yığaq başqa bir düşüncə torbasına, ağzını bağlayaq, zehnimizin küncünə söykəyək, adını da qoyaq: “Dursun!”
Biz şüurlu şəkildə bu öhdəliyi üzərinə götürmüşlərdən danışaq...
Çox yox, bircə həftə əvvəl kimə baxırdın, meymun balasından paylaşım edirdi (Punch). Anası tərəfindən tərk edilmiş, digər meymunların yaxına qoymadıqları makaka meymunu... Dünya virtual “ağladı”, “dərdə düşdü” meymun balasına görə. O görüntülərə, həqiqətən, ağlayan biri oldumu?
Məşhur markalardan biri meymunun sürüklədiyi, arada söykəndiyi meymun oyuncağına bənzəyən oyuncaqlar istehsal etdi. Adını da qoydu: “Punch`un anası”. Bayaqdan meymun balasına “ağlayan”lar o oyuncaqdan aldılar uşaqlarına... Qarşıma çıxan rəyləri də oxudum, paylaşımlara da göz atdım. Bircə ağıllı rəy vardı, onu da kişi yazmışdı: “Kapitalizm budur; sən anan üçün darıxarsan, kapitalizm sənin ananı satar”.
Kişi deyiləm, (kişilərin qadınlara nəzərən daha məntiqli və hadisələri olduğu kimi dəyərləndirdiyi elmi olaraq sübut olunub, mübahisə mövzusu belə, deyil) amma həqiqəti də gizlətməyəcəyəm. Mənim gözlərim də dolmadı makak balasının görüntülərinə baxanda. Normal qarşıladım... Mən öz sinif yoldaşımın 13 yaşında ana olmağının şahidi olan insanam... Mən onun da öz qızını 13 yaşında ərə verdiyini, 28 yaşında nənə olmasıyla öyündüyünü, mənə sonsuz olduğuma görə tənə etdiyini həyati hadisə kimi qarşılamış insanam. Mən bir gecə səhərədək Tanrı Atayla, Təbiət Anayla qismətim (kiminə görə də, qismətsizliyim) üçün həsbihal edib, səhər sosial şəbəkədə asfalt üstünə atılmış çılpaq körpə şəkli görən qadınam...
Bununla belə, makaka ağlamadım... Əksinə, düşündüm ki, anasının qoynunda əzizlənənlərdən daha güclü olacaq o! Daha əzmli, daha qüvvətli, çətinliklərə sinə gərmək məqamında daha cəsur olacaq o! Və kənardan müşahidə edincə, bu halı uşaqlarda da görürəm. İmitasiya edilmiş sevgilər uşaqları zəif edir...
Hə, burda sizə məni qınamaq şansı verirəm! “Sən nə qanırsan uşaqla necə davranmaq lazımdır?!” sualı hazırdır zehninizdə, bilirəm. Lazım olan andaca dilinizdən eşiyə atılır bu sonundakı nida işarəsi əminlik bildirən cümlə... Unutmayın, immunitet təkcə fiziki bədəndə deyil, zehində də formalaşa bilir. Bu cümləyə qarşı antikorlar var düşüncələrimdə artıq...
Məni qınaya bilərsiniz, hə! Amma Şahanə Müşfiqi “Rəqəmsal “analıq”” yazısına görə qınaya bilməzsiniz! Gücünüz çatdığını düşünə bilərsiniz, amma haqqınız çatmır buna! O, gözəl anadır! O, düşünən qadındır! O, həyata canı yanan insandır! O, mənsubu olduğu cəmiyyətin dəyişik düşən ilmələrinin fərqində olan, bu ilmələri yerbəyer etməyi arzulayan, buna çalışan vətəndaşdır!
Yediyi yeməyin dadını çıxarmamış çəkib paylaşanları anlamaq istəyərəm. Ziyarət etdiyi tarixi, dini məkanın abu-havasını ruhundan süzdürməmiş şəkil, video çəkib paylaşanlara da güzəşt edə bilərəm. Amma əl boyda uşağın hər anını, həyatı öyrənmək cəhdlərini, yediyini-içdiyini, güldüyünü-ağladığını çəkib dəqiqəbaşı paylaşanları, ən yaxşı mənada, qınayıram. O videolara gələn rəylər, atılan emojilər, videonun artan paylaşım sayı uşağınızın eyninə də deyil, sizin “hamı məni bəyənsin” acgözlüyünüz və yarımçıqlığınızdır. Çünki camaatdan “ay nə gözəl valideynsən!” sözünü eşitmək istəyirsiniz. Halbuki, bu cümlənin ən səmimisini elə öz uşağınız, o da 30 yaşını keçəndən sonra deyəcək... Hə, qarşıdakı 30 il sizin valideynlik öhdəliyinizi necə yerinə yetirəcəyiniz barədə suallarla dolu olacaq.
“Mən yaxşı valideyn olmuşam!” cümləsini özünüzə ancaq təsəlli mahiyyətində söyləyə bilərsiniz. O da, yenə, uşağınız 30 yaşını keçəndən sonra... İndi etdiyinizin –uşağınızı öz uşaq dünyasından qoparıb “sosial şəbəkə” adlı qaynar qazanın içinə atmağınızın ikinci adı da var biz göyçəlilərdə. Deyim, onu da öyrənin: görməmişlik! Və bu görməmişlik uşağı ehtiva etmir ha! Sizin həyatı görmədiyinizin, insan amilini tanımadığınızın, daim tərifə olan aclığınızın ölçü vahididir!
Səmimiyyətimə kim nə qədər inanar, bilmirəm. Heç özümü kiməsə nəyləsə sübut etmək ehtiyacım da yoxdur. Amma hamının balasının xoşbəxt olmağını, bütün uşaqların uşaqlığı uşaq kimi yaşamağını istəyirəm. Və ali təhsilli pedaqoq, yazıçı kimi sizə bir məsləhət cümləsi yazıram, valideynlər: uşağınızı özünüzdən çox sevin, bunu bacarın!
Bütün uşaqlar böyüyəndə çörək tapacaq, yatmağa bir çarpayısı olacaq, amma həyat göstərir ki, cəmiyyətin bütün fərdləri sevgini tanımır. Bunun günahını valideynlərdə görürəm! Xüsusən də, analarda... Məni qınamaqda sərbəstsiniz, analar! Doğmağı bacardığınızla öyünməkdənsə, ana olmağın təvazökarlığını yaşasanız, qınağınızda da sevgi sezilər! Mənim sizi qınadığım kimi...
“Ədəbiyyat və incəsənət”
(03.03.2026)


