ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 03 Mart 2026 10:03

Od Çərşənbəsi: Günəşin torpağa ilk toxunuşu

Nərgiz Mustafayeva, Gəncə şəhəri. “Ədəbiyyat və incəsənət”

 

Od Çərşənbəsi Novruz bayramının ikinci Çərşənbəsidir. Xalq təqvimində Od Çərşənbəsi - Günəşin torpağı və insanın daxili aləmini isitməyə başladığı andır. Əcdadlarımızın inancına görə, məhz bu çərşənbədə Günəşin ilk hərarəti torpağın bağrına hopur və “ölü” təbiət daxildən qaynamağa başlayır.

 

Od çərşənbəsinə bəzi bölgələrimizdə “Üzgü” deyilir. Bu söz qışın “üzülməsi”, yəni gücünün tükənməsi mənasını daşıyır. Araşdırmalar göstərir ki, Od çərşənbəsi qədim türklərin Günəş kultu ilə birbaşa bağlıdır. Bizim üçün Od sadəcə bir fiziki ünsür deyil, ocağın, ailənin və bütövlüyün simvoludur. “Ocağın yanar olsun” alqışı məhz bu çərşənbənin fəlsəfəsindən doğub. Bu gün qalanan hər bir kiçik tonqal, əslində səmada doğan Günəşin yerdəki kiçik bir modelidir.

Od çərşənbəsinin süfrəsi öz energetikası və rəng çalarları ilə fərqlənir. Belə ki, süfrənin əsas bəzəyi zəfəranla dəmlənmiş plovdur. Plovun sarı rəngi və dumanı çıxan istisi Günəşin hərarətini təmsil edir. Bu çərşənbədə bişirilən şorqoğalı öz forması və rəngi ilə birbaşa Günəşin təsviridir. Üstünə səpilən xaşxaş və ya küncüt isə kainatın ulduzlarını simvolizə edir. “Ocaq isti olsun” deyə, bu gün süfrəyə mütləq dumanı üstündə olan, kalorili xörəklər (paxlalı plov, kəllə-paça və ya kətə) qoyulur.

Od çərşənbəsində hər evdə üzərlik yandırılar. Üzərliyin tüstüsünü evin dörd küncünə gəzdirirlər ki, qışdan qalan bədnəzər və mənfi enerji ocağın istisində yox olub getsin.

Bu Çərşənbənin rituallarından biri də səməni isladılmasıdır. Od Çərşənbəsinin Günəşin torpağı isitdiyi gün hesab edildiyi üçün səməninin bu gün isladılması “həyatın daxildən gələn isti ilə oyanması” mənasını verir. Buğda isladılan qaba ilk suyu ailənin ən yaşlısı və ya ən uğurlu sayılan üzvü tökərdi. Bu zaman “Səməni, saxla məni, ildə cücərdərəm səni” deyimi ilə yanaşı, hər bir ailə üzvü üçün bir ovuc buğda götürülüb niyyət edilərdi. İnanılırdı ki, səməni Od çərşənbəsində isladılsa, o il ailənin ocağı heç vaxt sönməz, süfrəsi həmişə ruzi ilə dolar. Səməni qabının ətrafına adətən qırmızı lent bağlanır. Bu qırmızı rəng məhz Odun və Od çərşənbəsinin rəmzidir. Qırmızı rəng həm də enerjini, qoruyuculuğu və həyat eşqini təmsil edir.

Od Çərşənbəsində axşam ailə üzvlərinin sayı qədər şam yandırılır. Bu, hər bir fərdin ömrünün “işıqlı və hərarətli” olması üçün edilir. Bu adətlə bizə xatırladır ki, hər bir canlının daxilində sönməz bir ocaq var. Təbiət Günəşlə isindiyi kimi, biz də ailə ocağımızın başında birləşərək mənəvi hərarətimizi artırırıq.

 

Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

 

 

Təranə Turan Rəhimli Əbədi şəhərdə beynəlxalq jurnalistika mükafatına layiq görüldü

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanlı yazıçı, publisist, ədəbiyyatşünas alim Təranə Turan Rəhimli 24 fevral 2026-cı il tarixində İtaliyanın paytaxtı Roma şəhərində Mədəniyyət Nazirliyinin (Ministero della Cultura) Spadolini zalında keçirilən mərasimdə “Həqiqətin İşıqları” (Luci di Verità) Beynəlxalq Etik Jurnalistika Mükafatına layiq görülüb.

 

VerbumlandiArt APS Mədəniyyət Assosiasiyasının prezidenti Regina Resta xanıma və qurumun mükafat komissiyasına təltif edildiyi mötəbər ödül üçün sonsuz minnətdarlığını ifadə edən Təranə Turan Rəhimli vurğulayır:

"VerbumlandiArt APS Mədəniyyət Assosiasiyası tərəfindən senator Manfredi Potentinin təşəbbüsü ilə təsis edilən bu nüfuzlu beynəlxalq mükafat müasir dövrdə dezinformasiya və ictimai etimad böhranı fonunda həqiqətə sadiq, məsuliyyətli və etik prinsiplərə əsaslanan jurnalistikanın təşviqinə xidmət edir. Mükafat həqiqəti ictimai dəyər kimi qoruyan qələm sahiblərinə təqdim olunur."

Təranə Turan Rəhimli mükafatın xarici jurnalistlər bölməsi üzrə beynəlxalq mədəniyyət  koordinatoru Angela Kosta tərəfindən namizəd göstərilərək təltif edilib. Onunla yanaşı bu bölmədə Albaniyadan Aleksandër Çipa, Kosovodan Alketa Gashi Fazliu və Venesueladan Marinellys Tremamunno da mükafata layiq görülüblər. Bu fakt mükafatın geniş beynəlxalq miqyasını bir daha təsdiqləyir.

Beynəlxalq Jurnalistika Mükafatı çərçivəsində İtaliyadan təltif olunan nüfuzlu simalar arasında Kardinal Fernando Filoni, Anna Maria Esposito, Brunella Bolloli, David Parenzo, Giovan Battista Brunori, Giulia Sorrentino, Manuela Sain, Maria Rita Grieco, Marilena Vinci, Massimo Giraldi və Silvia Grassi kimi tanınmış adlar yer alıb.

Qeyd edək ki, Təranə Turan Rəhimli bundan əvvəl də İtaliyada keçirilən bir sıra nüfuzlu beynəlxalq ədəbiyyat müsabiqələrində yüksək nailiyyətlər əldə edib. O, “Ossia di Seppia” və “Mugello” beynəlxalq ədəbiyyat müsabiqələrində, XI Ragunanza  Poeziya, Nəsr,  Rəsm və Fotoqrafiya Müsabiqəsində, "IL MELETO DI GUIDO GOZZANO 2025" müsabiqəsində  I  yer mükafatlarına və medallara layiq görülərək Azərbaycan ədəbiyyatını beynəlxalq platformada uğurla təmsil edib. Bu uğurlar onun yaradıcılığının beynəlxalq ədəbi mühitdə yüksək qiymətləndirildiyini göstərir.

Romada təqdim olunan “Həqiqətin İşıqları” mükafatı yazıçının yalnız ədəbi deyil, eyni zamanda publisistik fəaliyyətinə və həqiqətə söykənən ictimai mövqeyinə verilən beynəlxalq dəyər kimi xüsusi əhəmiyyət daşıyır.

Təranə Turan Rəhimlinin beynəlxalq müstəvidə qazandığı ardıcıl uğurlar Azərbaycan ədəbiyyatı və jurnalistikasının qlobal mədəni platformalarda tanıdılması baxımından mühüm hadisə kimi dəyərləndirilir.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə tanınmış şair-jurnalist Namiq Dəlidağlının 55 illik yubileyi və yeni nəşr olunan “Namiq Dəlidağlı – Sözdə görünən adam” kitabının təqdimatı keçirildi.

 

Sözə, qələmə və mənəvi dəyərlərə sədaqətin ifadəsinə çevrilən görüş ziyalılar, ictimaiyyət nümayəndələri, şairin yaxınları və dostlarının iştirakı ilə səmimi və duyğulu ədəbi mühitdə gerçəkləşdi.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Şərqi Zəngəzur Regional Təşkilatının və Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin sədri Qafqaz Əvəzoğlu açaraq yubilyarın ədəbi və publisistik fəaliyyət yoluna nəzər saldı. O qeyd etdi ki, Namiq Dəlidağlı uzun illərdir sözün məsuliyyətini daşıyan, poeziyada və jurnalistikada özünəməxsus dəst-xətti ilə seçilən qələm adamıdır.

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist Rafiq Oday tədbirə aparıcılıq etdi. O, yubilyarın mətbuat sahəsində uzun müddət vicdanla çalışdığından söz açdı, onun yaradıcılığından geniş bəhs etdi, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova təşəkkürünü bildirdi və Namiq Dəlidağlının həmkarları arasında qazandığı nüfuzdan, uğurlarından danışdı.

Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Ofelya Babayeva yubilyarın insani keyfiyyətlərini vurğulayaraq onun sadəliyini, zəhmətkeşliyini və mənəvi bütövlüyünü yüksək qiymətləndirdi. Filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu isə vaxtilə tələbəsi olmuş şairlə qürur duyduğunu bildirərək onun yaradıcılığında vətəndaş mövqeyinin, milli ruhun və sözə həssas münasibətin qabarıq şəkildə özünü göstərdiyini qeyd etdi.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov yubilyarı şəhər rəhbərliyi adından təbrik edərək Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən imzalanmış Fəxri Fərmanı təqdim etdi. Həmçinin Qafqaz Əvəzoğlu AJB Şərqi Zəngəzur Regional Təşkilatı və Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyi adından Namiq Dəlidağlıya Fəxri Fərman verdi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cabir Rzayev, professor Avtandil Ağbaba, Azərbaycan Yazıçılar Birliyinin Poeziya Seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İlyaslı, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Qafaroğlu, şair və jurnalistlər Xaqani Abbasəli Öztürk, Asif Asiman, Firdovsi Cəfərxan, İlhamə Məhəmmədqızı, Oqtay Salahlı, Əməkdar artist Nazir Rüstəm, Novruz Kərimov çıxış edərək Namiq Dəlidağlının ədəbi yaradıcılığını və publisistik fəaliyyətini yüksək qiymətləndirdilər.  Eyni zamanda, onun poeziyasında zamanın ağrılarının, yurd nisgilinin, vətəndaş məsuliyyətinin və insani duyğuların bədii ifadəylə əks olunduğunu xüsusi vurğuladılar.

Tədbir çərçivəsində müəllifin yeni nəşri - “Namiq Dəlidağlı - Sözdə görünən adam” kitabı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, kitabda şairin yaradıcılığına həsr edilmiş ədəbi-tənqidi məqalələr, müxtəlif illərdə onunla aparılmış müsahibələr, həmkarlarının və dostlarının fikirləri, eləcə də ona ithaf olunmuş poetik nümunələr toplanıb. Nəşr yubilyarın 55 illik ömür və yaradıcılıq yoluna işıq salan sanballı toplu kimi dəyərləndirildi.

Bədii qiraətçi Ayna Səs tərəfindən səsləndirilən şairin şeirləri tədbirə xüsusi ovqat qatdı, alqışlarla qarşılandı və poeziyanın canlı nəfəsi bir daha duyuldu.

Sonda Namiq Dəlidağlı çıxış edərək tədbirin belə yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirdi. O, sözə və qələmə olan inamını ifadə edərək bundan sonra da ədəbiyyata və mətbuata xidmət yolunda fəaliyyətini davam etdirəcəyini vurğuladı, şeirlərindən söylədi.

Xatirə şəkillərinin çəkilməsi ilə başa çatan görüş söz adamına göstərilən ehtiramın, ədəbiyyata və mənəvi dəyərlərə verilən qiymətin parlaq ifadəsi kimi yadda qaldı.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Elə yazıçılar var ki, bütün ömürləri boyu ancaq bir mövzuya müraciət edirlər. Manaf Süleymanovun da qələminə ən çox yatan mövzu fəhlə həyatı, qurub-yaradan əmək adamlarının ömür-günü olub. Bu mövzu qocaman yazıçının bütün yaradıcılığının əriş-arğacını, mayasını təşkil edirdi” - belə yazıbdır  Professor Bayram Tahirbəyov.

 

Manaf Süleymanlı 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Etnik tatdır. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirib, sonra M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını alıb.

Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlayıb. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent, institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olub. Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış edib, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirib.

Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y. A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olublar. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilib.

Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918–1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirib. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışaraq, qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplayıb.

 

Bütün bu sənədləri Manaf Süleymanov 1988-ci ildən başlayaraq vaxtaşırı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizəyə təqdim edib. Sənədlər əsasında onun 636 saylı şəxsi fondu yaradılmışdır. Şəxsi fondundakı sənədlər nəşr olunan kitablarının müxtəlif variantlarından, xatirələrindən, qeydlərindən, məktublarından ibarətdir.

Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.

Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur. Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilib.

 

Əsərləri

1. Yerin sirri

2. Fırtına

3. Dalğalar qoynunda

4. Zirvələrdə

5. Eşitdiklərim, oxuduqlarım, gördüklərim

6. Neft milyonçusu (sənədli roman)

7. Şagirdlik illərim

8. Son bahara çatdıq

 

Tərcümələri

- Ana heykəli

- Ernest Heminquey, Qoca və dəniz

 

Təltifləri

 

1. "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı

2. "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

3. Hacı Zeynalabdin Tağıyev adına xatirə medalı

 

Şübhəsiz, onun barəsində ən dəyərli fikirləri Flora Xəlilzadə söyləyib:

Zəngin yaradıcılığı və bütün əsərlərinə çəkdiyi gərgin zəhməti ilə bərabər bu gün Manaf Süleymanovun adı çəkiləndə istər-istəməz dərhal yadımıza «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...» adlı kitabı düşür. Sağlığında iki dəfə nəşr edilmiş bu kitab oxucular arasında böyük əks-səda doğurdu. Uzun illər bilmədiyimiz, əslində bizdən gizlədilən elə həqiqətlər, məlumatlar, hadisələr var idi ki, biz onu ilk dəfə məhz bu kitabda oxuduq. «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...»

1984-cü ildə «Azərbaycan» jurnalında dərc edildi və ədəbi ictimaiyyətdə böyük rəğbət yaratdı. Əsərin maraqla qarşılanmasına səbəb birdən-birə bilmədiklərimizin üzə çıxması oldu. 1987-ci ildə isə kitab halında oxuculara çatdırıldı. Burada Bakının qədim keçmişindən, inqilab dövründə «neft səltənətində» baş verən hadisələrdən, paytaxtımızın qarışıq günlərindən, düçar olduğu bəlalardan, daşnakların şəhər sakinlərinin başına açdığı oyunlardan və s.-dən bəhs edilirdi.

Bir həqiqəti də deyək ki, Manaf Süleymanov bu kitabı ilə o vaxt ən çox oxunan, sevilən yazıçılardan birinə çevrildi. Təsəvvür edin ki, yeni nəşr 50 min tirajla çap edilsə də, kitab mağazalarında tapılmırdı. 1989-cu ildə görkəmli yazıçının şöhrət qazanmış «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...» kitabı 70 min tirajla yenidən çap edildi. Müəllif əsər üzərində bir daha işləmişdi, redaktəyə, ixtisara məruz qalmış bir sıra məsələləri də ikinci nəşrə əlavə etmişdi.

Artıq bu kitabda biz ilk dəfə Bakı milyonçularının millətin tərəqqisi naminə gördüyü işlərdən, xeyirxah əməllərindən xəbər tutur, maarifpərvər ziyalılarımızı tanıyır, Stalinlə Məmməd Əmin Rəsulzadənin görüşlərindən bəhs edən epizodları oxuyur, bir sözlə, yazıçının eşitdiklərini, oxuduqlarını, gördüklərini xəyalımızda canlandıraraq saf-çürük edir, tariximizin qəsddən gizlədilmiş səhifələrindən, yalançı inqilabçıların xəyanətlərindən xəbərdar olurduq.

Bu kitabı Bakının keçmişinə səyahət də adlandırmaq olar. Paytaxtımızın tarixindən, coğrafi mövqeyindən, köhnə məhəllələrindən, qoynunda yaşayan insanların adət-ənənələrindən, yaşam tərzindən, dolanışığından, milyonçularından, qoçularından, ziyalılarından geniş söhbət açan müəllif neft sənayesinin inkişafı ilə bağlı müəyyən məqamları da oxucunun diqqətinə çatdırıb.

 

Bu sərvətdən bəhrələnən insanlar haqqında da oxuculara ətraflı və dəqiq məlumat verib. Kitabda maraqlı cəhətlərdən biri də 1918-ci ildə Bakıda baş verən qırğınlarla bağlıdır. Erməni milli şurasının üzvlərindən ibarət daşnakların bu şəhərin başına gətirdikləri müsibətlərin bir çox ağır səhnələrini də kitabda görmək mümkündür. Həmişə olduğu kimi, ermənilər məhz Novruz bayramı ərəfəsində Bakı sakinlərinə hücum etdilər.

Müəllif yazır:

"...Salyan kazarmalarından daşnak soldat və zabitləri şəhərin müsəlman məhəllələrini top və pulemyot atəşinə tutdular. Gözlənilmədən top güllələri başladı bizim daxmaların üstünə düşməyə; evlər yerlə-yeksan olur, neftlə bulanmış taxtalar alışır, adamlar fəryad qopara-qopara, arvadlı-uşaqlı dəli kimi qaçır, gizlənməyə yer axtarır, fəryad, nalə, şivən, ağlaşma səsləri göylərə ucalırdı. Ata-anasını itirmiş uşaqlar ağlaşırdılar.

Şəhərə tərəf gələn daşnak soldat və zabitləri bərkdən şərqi oxumağa başladılar:

Bir, iki, Qafqaz oldu bizimki,

Bir, iki, Bakı oldu bizimki,

Dənizdən dənizə.

Qara dəniz, Aralıq dənizi,

Üstəlik Kirit adası,

Şimal sərhədimiz Voronej şəhri,

Paytaxtımız Tiflis şəhəri.

Yaşa, çox yaşa Andronik paşa..."

 

Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

 

 

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun 60 illik ömrü Azərbaycan tarixinin böyük dəyişikliklərlə müşayiət olunan, olduqca mürəkkəb dövrünə təsadüf etdi. Əliheydər Əbdüləli oğlu Ələkbərovun 1915-ci il iyulun 26-da dünyaya göz açdığı Bakı həmin illər təbii sərvətinə görə inkişaf edir, yüksək memarlıq məharəti ilə yeni inşa olunan binalarla böyüyürdü. Ancaq şəhər hələ də adət-ənənələrini böyük həssaslıqla, hətta mühafizəkarlıqla qoruyub saxlayırdı.

 

O illər Bakıya yalnız təbii sərvətlərindən bəhrələnərək varlanmaq, ya da gündəlik ruzisini qazanmaq ümidi ilə gəlmirdilər. Şəhərə həm də Azərbaycanın mütərəqqi fikirli, qabaqcıl övladları toplaşırdılar. Onların sayəsində Azərbaycan mədəniyyəti, incəsənəti inkişaf edirdi. Ədəbiyyatımız yeni yazılan əsərlərlə zənginləşir, milli mətbuatımız tərəqqi edir, maarifçilik hərəkatı genişlənirdi

Əliheydər Ələkbərovun üç yaşı olanda - 1918-ci ildə böyük tarixi hadisə baş verdi. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Ancaq həmin vaxtlar onun dünyaya göz açdığı şəhəri bolşevik-daşnak qüvvələri ələ keçirdilər və Bakı Xalq Komissarları Sovetini qurdular. Erməni vandallarının azərbaycanlılara qarşı törətdikləri soyqırımının hüznü və təhlükəsi də sovuşmamışdı.

Azərbaycanın digər əraziləri kimi Bakını da millətsevər oğullar bolşevik-daşnak bəlasından xilas etdilər. Cümhuriyyət hökuməti Bakıya köçdü. Ancaq 1920-ci ilin aprelində bolşeviklərin işğalı nəticəsində Azərbaycan yenidən işğal edildi. Əliheydər Ələkbərov da təhsil almağa müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin deyil, sovet Azərbaycanının vətəndaşı kimi başlamalı oldu

Uşaqlıq illərindən bu şəhərin qədimliyi ilə bənzərsiz gözəlliyinin vəhdətindən yaranan əsrarəngizliyi balaca Ələkbərin xəyallarını pərvazlandırırdı. Arzuları aydın gecələrdə göy üzündə sayrışan ulduzlara bənzəyirdi. Hər birinin öz gözəlliyi, cazibədarlığı olsa da, Əliheydər onlardan birini seçdi, teatr sənətinə könül verdi. Bu sənəti anlayan, rəğbət göstərənlərin ona xor baxanlardan sayca az olması Əliheydər Ələkbərovu yolundan döndərə bilmədi. O, böyük həvəslə, sonsuz ehtiramla Azərbaycan teatr sənətinin inkişafına xidmət etdi.

 

Əliheydər Ələkbərovun yaradıcılığında Akademik Milli Dram Teatrı (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) mühüm yer tutsa da, digər sənət ocaqlarında da fəaliyyət göstərdi. 1960-1967-ci illərdə Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) baş rejissor vəzifəsində çalışdı. Həmin teatrın repertuarınun formalaşmasında, aktyor truppasının peşəkarlaşmasında onun əməyi vardı.

Əliheydər Ələkbərov bu teatrda bir sıra tamaşalara quruluşlar verdi. Səhnələşdirdiyi "Bir dəqiqə" (1961), "Hacı Qara" (1962), "Özümüz bilərik" (1963), "Olmadı elə, oldu belə" (1964), "Ulduz" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Haradasan, ay subaylıq?" (1968) və başqa tamaşalar teatrsevərlər tərəfindən maraqla qarşılandı. Ancaq o, bunlarla da kifayətlənmədi.

1966-cı ildə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad" operettasına Bolqarıstanın Şumen şəhərindəki türk teatrında quruluş verdi. 1967-ci ildə isə filarmoniyada fəaliyyət göstərən "Gəlməli, görməli, gülməli" miniatür satirik teatrının rejissoru oldu, televiziyada bir neçə əsərə quruluş verdi. Sənətdə görənlər, hazırladığı tamaşaların iştirakçısı və ya tamaşaçısı olanlar onu ustad rejissor adlandırırdılar.

Əliheydər Ələkbərov isə təvazökarlıqla, təmənnasızlıqla çalışır, Azərbaycan teatr sənətində özünəməxsus iz qoyurdu. Əməyi diqqətdən kənarda qalmadı. 1949-cu ildə ona "Əməkdar artist" fəxri adı verildi. 1959-cu ildə "Qırmızı əmək bayrağı" ordeni ilə mükafatlandırıldı. 1967-ci ildə Əliheydər Ələkbərov "Milyonçunun dilənçi oğlu" musiqili komediyasına görə Üzeyir bəy Hacıbəyli adına mükafata, 1972-ci ildə isə Dövlət mükafatına layiq görüldü.

Əliheydər Ələkbərov həm də pedaqoji fəaliyyətlə məşğul idi. 1965-ci ildən Azərbaycan Dövlət Teatr İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aktyor və rejissor sənətindən dərs deyən sənətkarın tələbələrinin bir çoxu bu gün tanınmış aktyorlardır. 1975-ci il martın 3-də dünyasını dəyişən Əliheydər Ələkbərov həm sənətkar, həm də insan kimi özündən sonra yalnız xoş xatirələr qoyub.

Allah rəhmət eləsin!

 

Materialı hazırlayarkən Zöhrə Fərəcovanın "Azərbaycan" qəzetində çıxan məqaləsindən istifadə edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

 

Çərşənbə axşamı, 03 Mart 2026 09:31

“Qarlı aşırım” onu bütün SSRİ-də məşhur etdi...

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Fərman Kərimzadə 1937-ci il martın 3-də hazırda Ermənistan adlanan Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilini orada alıb, orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olub. Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləyib.

 

 Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi, C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü, "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri olub. Şüvəlan yaradıcılıq evinin direktoru işləyib

F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir. Fərman Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat edib.

 

Kitabları

 

- Sonuncu eksponat

- Ömrümüz-günümüz

- Qarlı aşırım

- Xudafərin körpüsü

- Çaldıran döyüşü

- Təbriz namusu

- Qoca qartalın ölümü

 

Filmoqrafiya

- Arvadım mənim, uşaqlarım mənim

- Axırıncı aşırım

- Bizim küçənin oğlanları

- Camışçılıq

- Çətirimiz buludlardır

- Daş dözür

- Dərviş Parisi partladır

- Dörd bazar günü

- Mükafat, yoxsa…

- Oxuyur Şövkət Ələkbərova

- Şah və xidmətçi

- Tütək səsi

- Yağışlı havalarda

 

Fərman Kərimzadə "Qarlı aşırım" romanını yazanda cəmi 27 yaşı var idi. Bu əsər o zaman hissə-hissə "Ulduz" jurnalında çap olundu. 1971-ci ildə isə kitab halında oxucuları ilə görüşdü. Və roman qısa zaman ərzində ittifaq məkanında böyük rezonans yaratdı. "Qarlı aşırım" romanına qədər yazıçının bir neçə əsəri çap olunmuşdu. Həmin əsərlərin hər biri gənc yazıçıya böyük uğur və oxucu məhəbbəti gətirmişdi.

 Təsadüfi deyildir ki, Fərman Kərimzadə 30 yaşında artıq SSRİ Yazıçılar İttifaqının üzvü idi...  "Qarlı aşırım"a qədər Azərbaycan ədəbiyyatında kollektiv təsərrüfatdan bəhs edən, o cümlədən sinfi mübarizəni əks etdirən onlarla əsər çap olunmuşdu. Məsələn, "Yoxuşlar" (Əbülhəsən Ələkbərzadə), "Saçlı" (Süleyman Rəhimov), "Tərlan" (Mehdi Hüseyn), "Qəhrəman" (Əli Vəliyev)...

Bu romanların hər biri otuzuncu illər kollektiv təsərrüfat uğrunda gedən mübarizələri əks etdirirdi və nə qədər maraqlı, sənətkarlıq baxımından gözəl romanlar olsa da, hər halda, dövrün ədəbi ştamplarından xali deyildilər. Ancaq "Qarlı aşırım" romanı bu əsərlərdən fərqli olaraq, yalnız dövrün ictimai - siyasi, sosial və mədəni həyatını özündə əks etdirmədi.  Bu roman özündən əvvəlkilərdən fərqli olaraq, Azərbaycan oxucusunun qəlbinə, ruhuna yenməyi bacardı.

Jurnalist Məcid Rəşadətoğlu yazır ki, Fərman Kərimzadə sinfi mübarizənin fonunda insanların daxili dünyasını, onların mənəvi keyfiyyətlərini bütün gerçəkliyi ilə tanıda bildi. O, "Qarlı aşırım"la xalqın üzünə bir güzgü tutdu; xalq bu güzgüdə özünü gördü, özünü tanıdı; sevincinə, qəminə, ağrı-acılarına yaxından bələd oldu.  Yazıçı bu əsərlə mövcud quruluşa boyun əyməyənlərin daxili aləminə baş vurdu, onların mübariz ruhu ilə oxucunu tanış etdi.

Kərbəlayi İsmayılın monoloqunda həqiqəti olduğu kimi, qorxmadan, çəkinmədən güc sahiblərinin üzünə söylədi: "Mənə dəyən kimə dəysəydi, indiyə qədər on dəfə silah götürərdi. Adamın varına da toxunarlar, torpağını da götürərlər, nə olar, elə bilərəm əl çirkidi. Bəs hörmətə sözün nədir? Kişiliyə sözün nədir? Axı, birdən-birə hər şeyi adamın əlindən almazlar..."

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

 

 

Çərşənbə axşamı, 03 Mart 2026 08:03

Tamaşaçı sevgisini qazanmaq hər sənətkara nəsib olmur

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Başlığa çıxardığımız “Tamaşaçı sevgisini qazanmaq hər sənətkara nəsib olmur” fikirləri aktyor Novruz Qartala məxsusdur.

Elə bu fikir də:

“Aktyor olmaq asandır, ancaq gərək insan sənətkar olasan. Gənclərə də qayğı göstərəsən. Çünki biz məktəb görmüşük. Mən Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Münəvvər Kələntərli, Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov kimi görkəmli sənətkarlarla ünsiyyətdə olmuşam, onlardan öyrənmişəm. Öyrəndiklərimi də bu gün gənclərə əsirgəmirəm. Çünki onlardan qayğı görmüşəm və mənim də borcumdur ki, həmin qayğını yetişən nəslə əsirgəməyim.

 

Bu gün aktyor Novruz Qartalın anım günüdür.

 Novruz Əliyev (Novruz Qartal) 3 mart 1947-ci ildə anadan olub. O, əmək fəaliyyətinə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib.

 Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.

Bəs necə olub, Novruz Əliyevdən Novruz Qartala çevrilib? Bu barədə aktyor belə deyir: "İlk dəfə Qartal adını mənə Gürcüstanda deyiblər. Deməli, Gürcüstanda qastrolda olanda mənə ona görə Qartal deyirdilər ki, bir saniyənin içində obrazımı dəyişə bilirdim. “Qartal kimi cəldsən, Qartalsan sən”, - deyirdilər. Sonra Bakıya qayıtdıq. Üstündən bir müddət keçdi. Gördüm teatrın qarşısında bir afişa var. Afişada yazılıb ki, Novruz Qartalın iştirakı ilə. Onda mən heç bilmədim ki, Qartal mənəm. Dedim yəqin bu Qartal kimdirsə yəqin Türkiyədən falan gəlib. Sonra teatrdan mənə bildirdilər ki, bundan sonra Qartal olacaqsan, razılaşmadım. Küsdüm, bir həftə teatra getmədim. Axırda dalımca maşın yolladılar, getdim. Dedim afişanı dəyişib öz familiyamı yazsınlar."

1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan Novruz Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən Novruz Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yaranıb:

"92 dəqiqə gülüş"də Xəstə, "On min dollarlıq keyf"də Dayıoğlu, "Hərənin öz ulduzu"nda Kələntər, "Dəli dünya"da tın-tın Əsəd, "O olmasın, bu olsun"da Məşədi Qəzənfər, "Bankir adaxlıda dilənçilər padşahı, "Əlin cibində olsun"da Dilənçi, "Məhəbbət oyunu"nda Daşdəmirov, "Volqalı canan"da Müqəddəsov, "Aldın payını, çağır dayını"da Əhmədi Biqəm, "Şeytanın yubileyi"də Şirvan, "Kələkbazlar"da Əlipaşa və s.

25 iyun 2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb.

Novruz Qartal 8 yanvar 2022-ci ildə 74 yaşında xərçəng xəstəliyindən vəfat edib. Gəncədə “İmamzadə” ziyarətgahında dəfn edilib

 

Filmoqrafiya

- Gülüş sanatoriyası (film, 1989)

- Qəzəlxan (film, 1991)

- Şirbalanın məhəbbəti (film, 1991)

- Seçilən (film, 2008)

- Qız atası (teleserial, 2014)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

Çərşənbə axşamı, 03 Mart 2026 12:29

Adətən şairlər əsas fikri sona saxlayırlar

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Şeirin son misrasının daha çox yadda qalması təsadüfi deyil. Bu, həm insan yaddaşının işləmə prinsipi, həm də şeirin ritmik quruluşu ilə bağlıdır. İnsan beyni bir mətni oxuyanda ən çox əvvəli və sonu xatırlayır, orta hissə isə daha tez silinir. Ona görə də şeirin son misrası digərlərinə nisbətən daha möhkəm yadda qalır.

 

Şeir ritm üzərində qurulur və ritm yaddaşı gücləndirir. Oxucu şeiri oxuyarkən onun ahənginə alışır. Bu ahəng davam edir və son misrada dayanır. Ritmin bitməsi beyində xüsusi bir təsir yaradır. Sanki musiqi qəfil susur və bu susma diqqəti cəlb edir. Beyin həmin anı ayrıca qeyd edir və yadda saxlayır.

Adətən şair əsas fikri sona saxlayır. Şeir boyu bir məna və emosional gərginlik yığılır, son misrada isə bu gərginlik açılır. Oxucu həmin anı daha güclü hiss edir. Bu hiss isə yaddaşa yazılır. Son misra həm məna baxımından yekun rolunu oynayır, həm də emosional kulminasiya olur.

Qafiyə də burada vacibdir. Şeir boyu qurulan səs uyğunluğu son misrada tamamlanır. Beyin səs əlaqələrini asanlıqla yadda saxlayır. Ona görə qafiyəli və ahəngli sonluqlar daha tez əzbərlənir. Xüsusilə qısa və kəskin ifadə olunmuş son misralar daha təsirli olur. Uzun və dolaşıq sonluqlar isə tez unudulur.

Bəzən son misra gözlənilməz olur. Oxucu bir nəticə gözləyir, amma fərqli məna ilə qarşılaşır. Bu uyğunsuzluq və sürpriz effekti yaddaşı daha da gücləndirir. Beyin qeyri-adi məqamları daha çox xatırlayır.

Son misra həm də tamamlanma hissi yaradır. Oxucu anlayır ki, söz bitdi, fikir deyildi. Bu psixoloji bitirmə effekti yaddaşı möhkəmləndirir. Şeir sanki son misrada möhürlənir.

Buna görə də çox vaxt bütöv şeir yox, məhz onun son misrası yadda qalır. Çünki ritm, məna, emosiya və nəticə hamısı orada toplanır. Şeir çox zaman son misra ilə yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

Çərşənbə axşamı, 03 Mart 2026 13:33

Məni kəsmədən dinlə

 

Rəqsanə Babayeva,

"Ədəbiyyat və İncəsənət" portalının Beyləqan və İmişli təmsilçisi

 

Bəzən insan danışmaq istəmir. Çünki söz tapa bilmir deyə yox — sözün çəkisini ölçür deyə. Hər fikir dilə çevrilməməlidir. Hər hiss səsə bürünməməlidir. Bəzi duyğular var ki, onlar sükutda daha dürüst, daha saf, daha təhrif olunmamış qalır.

 

Mən bu gün düşünürəm. Və susuram.

Bu, inciklik deyil. Bu, küskünlük də deyil. Bu, daxili bir redaktə mərhələsidir. Sanki həyatın montaj otağında oturmuşam. Kadrları bir-bir izləyirəm. Harada dayanmalıydım? Harada susmalıydım? Harada artıq danışmışdım? Harada isə danışmayaraq özümü qorumuşdum?

İnsan danışanda bir az da risk edir. Çünki söz çıxdığı anda artıq sənə aid olmur. Qarşı tərəfin anlayışı, təcrübəsi, hətta yaraları onu dəyişdirir. Söz bir dəfə eşidiləndən sonra artıq sənin niyyətinlə yox, qarşı tərəfin qavrayışı ilə yaşayır.

Bəlkə də ona görə susuram.

Çünki indi danışsam, mənim kimi dinləyəcək birinə ehtiyacım olardı.

Dinləmək — çox sadə görünən, amma ən çətin bacarıqlardan biridir. Çünki dinləmək təkcə eşitmək deyil. Dinləmək qarşı tərəfin içindəki məkanı genişləndirməkdir. Onu düzəltməyə çalışmadan, təhlil etmədən, öz hekayənlə müqayisə etmədən qəbul etməkdir.

Mən çox vaxt dinləyən tərəf olmuşam. İnsanların cümlələrini yarımçıq saxladığı yerdən tamamlayan. Onların sükutunu oxuyan. Sözlərin arasındakı boşluqlardan məna çıxaran. Bəzən özümü belə bir səssiz divar kimi hiss etmişəm — başqalarının yorğunluğunu söykədiyi, amma heç vaxt çatlamayan bir divar.

Amma divarların da içi var.

Divarların da bəzən söykənməyə ehtiyacı olur.

Bu gün ruhum yazsaydı, o, güclü görünməyə çalışmazdı. O, özünü müdafiə etməzdi. O, kiməsə sübut etməyə çalışmazdı ki, nə qədər möhkəmdir. Əksinə, o deyərdi:

“Mən yorulmadım. Sadəcə bir az dayanmaq istəyirəm.”

Çünki davamlı güclü olmaq da bir növ roldur. İnsan uzun müddət bir rolu oynayanda, bir nöqtədən sonra onun içində əriyir. Hamı səni sakit biləndə, sən əsəbi olmağa utanırsan. Hamı səni ağıllı biləndə, sən çaşmağa qorxursan. Hamı səni möhkəm biləndə, sən zəif görünməyə icazə vermirsən özünə.

Amma insan çoxqatlıdır.

Mənim də içimdə bir uşaq var — bəzən sadəcə danışmaq istəyən. Elə-belə. Struktur qurulmamış cümlələrlə. Analiz edilməyən hisslərlə. Qorunmayan fikirlərlə.

O uşaq deyir ki:

“Məni kəsmədən dinlə.”

Bu, çox böyük tələb deyil. Bu, uzun-uzadı məsləhət istəyi deyil. Bu, dramatik diqqət axtarışı da deyil. Bu, sadəcə bir ehtiyacdır — mövcud olmaq ehtiyacı.

Bəzən insanın problemi həll olunmaq istəmir. O, sadəcə qəbul olunmaq istəyir. Çünki hər şeyi həll etmək mümkün deyil. Bəzi sualların cavabı yoxdur. Bəzi yaraların sağalması zaman tələb edir. Bəzi boşluqlar isə heç vaxt dolmur — sadəcə onlarla yaşamağı öyrənirsən.

Mən düşünərək susanda, içimdə çox şey danışır.

Keçmişimlə dialoq qururam. Qərarlarımı təhlil edirəm. İnsanlara verdiyim enerjini ölçürəm. Kimə nə qədər verdim? Kimdən nə aldım? Bərabər idimi? Yoxsa həmişə tərəzi bir tərəfə əyildi?

Sükut insanı çox dürüst edir. Çünki səsli mübahisədə insan özünü müdafiə edir. Sükutda isə müdafiə yoxdur. Sükutda insan özünə qarşı çılpaq qalır.

Və mən indi o çılpaqlıqdayam.

Bu gün danışsaydım, mənim kimi dinləyəcək birinə ehtiyacım olardı. Yəni hisslərimi ölçməyən, sözlərimi kateqoriyaya salmayan, dərhal nəticə çıxarmayan birinə. Mən deyəndə ki, “yoruldum”, o deməsin: “Hamı yorulur.” Mən deyəndə ki, “bir az çətindir”, o deməsin: “Daha çətinini yaşayanlar var.”

Çünki müqayisə hissi kiçildir. Halbuki hər insanın ağrısı onun öz ölçüsündə böyükdür.

Mənim ruhum bu gün bir şey anlayır: Güclü olmaqla tək olmaq arasında incə bir xətt var. İnsan çox güclü görünəndə, ətrafı onun ehtiyaclarını görmür. Çünki hamı düşünür ki, o, özünü idarə edə bilir. O, həmişə ayaqdadır. O, həmişə həll yolu tapır.

Bəli, tapıram.

Amma bəzən həll yolu yox, bir çiyin lazımdır.

Bəzən insan öz daxili monoloqundan yorulur. Çünki düşünərək susmaq ikiqat enerji tələb edir. Həm daxildə davam edən bir dialoq var, həm də çöldə saxlanılan bir sakitlik.

Daxildə:

“Niyə belə oldu?”

“Başqa cür edə bilərdimmi?”

“Daha çoxmu verdim?”

“Azmı gözlədim?”

Çöldə isə:

“Yaxşıyam.”

“Problem yoxdur.”

“Hamısı keçəcək.”

Bu iki paralel həyat insanı sakit, amma ağır edir.

Mən indi sakitəm. Amma bu sakitlik boş deyil. Bu sakitlik doludur. Fikirlərlə. Analizlərlə. Qərarların toxumları ilə.

Bəlkə də susmağım bir hazırlıqdır.

Çünki insan danışmazdan əvvəl özünü toplamalıdır. Əks halda, söz emosiyanın alətinə çevrilir. Mən isə emosiyanın yox, şüurun dili ilə danışmaq istəyirəm.

Amma bunun üçün də məkan lazımdır.

Dinləyən bir məkan.

Məni kəsməyən bir nəfəs.

Sözümü yarımçıq saxlamayan bir baxış.

Mənə “belə düşünmə” deməyən bir səs.

İnsan ən çox nə vaxt susur? Anlaşılmayacağını hiss edəndə. Çünki izah etmək də enerji tələb edir. Sən bir hissi iki dəfə yaşayırsan — bir dəfə öz içində, bir dəfə də başqasına anlatmaq üçün.

Bəzən isə insanın buna gücü olmur.

Mən indi izah etmək istəmirəm. Mən indi sadəcə danışmaq istəyirəm. Qarşımdakı isə sadəcə dinləsin.

Çünki dinləmək şəfa verir.

Dinlənilən insan özünü real hiss edir. Onun hissləri legitimləşir. O anlayır ki, yaşadığı şey absurddur yox, insandır.

Bəlkə də mənim ruhum bu gün bunu yazardı:

“Mən güclüyəm. Amma güclü olmaq yorucu ola bilər.”

Bu cümlə zəiflik deyil. Bu, dürüstlükdür.

Güc həmişə sərt olmaq demək deyil. Bəzən güc, içindəki qarışıqlığı qəbul etməkdir. Bəzən güc, “mənə də dəstək lazımdır” deməkdir.

İnsan özünə bu icazəni verməyəndə, içində bir gərginlik yığılır. Çünki insan sosial varlıqdır. O, paylaşmaq üçün yaradılıb. O, təmas üçün mövcuddur.

Mən çox vaxt başqalarına təmas olmuşam. Onların düşüncələrinə güzgü tutmuşam. Onların çaşqınlığını sistemləşdirmişəm. Onların emosiyalarını adlandırmışam.

Amma bu gün mənim emosiyalarımın adı var, amma səsi yoxdur.

Bəlkə də səs tapmaq üçün əvvəlcə təhlükəsizlik lazımdır.

Təhlükəsizlik nədir?

Sözün sənə qarşı istifadə olunmayacağına əmin olmaqdır.

Hisslərinin kiçildilməyəcəyinə inanmaqdır.

Zəif göründüyün anda hörmətini itirməyəcəyini bilməkdir.

Mənim kimi dinləyəcək biri — yəni məni analiz etməyəcək biri. Mənim sözlərimdən nəticə çıxarıb hökm verməyəcək biri. Sadəcə qəbul edəcək biri.

Bəlkə də bu, çox nadir bir bacarıqdır.

Çünki insanlar çox vaxt dinləyəndə öz növbəsini gözləyir. Onlar eşitmir, hazırlaşır. Cavab üçün, məsləhət üçün, düzəliş üçün.

Mən isə bir dəfəlik cavabsız qalmaq istəyirəm.

Sadəcə danışım. Və qarşı tərəf desin:

“Başa düşürəm.”

Bu iki söz bəzən bütün həll yollarından daha güclüdür.

Ruhumun bugünkü essesi dramatik olmazdı. O, qışqırmazdı. O, kimisə günahlandırmazdı. O, incə bir realizmlə yazılardı.

Çünki həyat ağ-qara deyil. Hər kəs öz bacardığı qədər var olur. Hər kəs öz travmaları, öz qorxuları, öz limitləri ilə hərəkət edir.

Mən də.

Amma insan bəzən öz limitlərini qəbul etmək istəmir. O düşünür ki, hər şeyi idarə edə bilər. Hər vəziyyətdə möhkəm qala bilər.

Halbuki insanın gücü onun həssaslığındadır.

Mən həssasam.

Bu, zəiflik deyil. Bu, dərinlikdir.

Dərin insanlar daha çox düşünür. Daha çox analiz edir. Daha çox ölçür. Ona görə də daha çox susur.

Çünki onlar bilir ki, hər söz münasibəti dəyişə bilər. Hər cümlə məsafə yarada bilər. Hər fikir yanlış anlaşıla bilər.

Ona görə də seçirlər.

Və seçim də yorucudur.

Bu gün mən susuram, çünki seçirəm. Amma içimdə bir ehtiyac var — bir gün danışmaq.

Və o gün danışanda, mənim kimi dinləyəcək birinə ehtiyacım olacaq.

Bəlkə də o biri mənəm. Çünki insan bəzən özünün də dinləyicisi olmalıdır. Özünə də yer açmalıdır. Öz hisslərini də kəsməməlidir.

Mən indi özümü dinləməyə çalışıram.

Sözlərimi daxilimdə yarımçıq saxlamıram. Özümə “belə düşünmə” demirəm. Özümü müqayisə etmirəm. Öz ağrımı kiçiltmirəm.

Bəlkə də bu susma mərhələsi böyümək mərhələsidir.

Çünki hər inkişaf səsli olmur. Bəzi dəyişikliklər sakit baş verir. İnsan birdən fərq edir ki, artıq əvvəlki kimi reaksiya vermir. Əvvəlki kimi incimir. Əvvəlki kimi izah etməyə çalışmır.

Mən də dəyişirəm.

Bəlkə də susaraq.

Və düşünərək.

Ruhumun essesi belə bitərdi:

“Mən danışacağam. Amma indi yox. İndi mən dinlənməyə hazırlaşan bir səsəm. İndi mən öz içimdə yer açan bir sakitlikəm. İndi mən güclü olmağı dayandırıb, insan olmağa icazə verən bir haldayam.

Və bir gün, qarşıma mənim kimi dinləyən biri çıxanda, sözlərim qorxmadan axacaq.

Çünki hər səsin bir məkanı olmalıdır.

Mən isə o məkanı gözləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

Çərşənbə axşamı, 03 Mart 2026 09:02

Yenidən doğacaq məni bu bahar…

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Qollarım dolanar boynuna bir gün, 

Yenə baş qoyaram dizinə, Təbriz. 

Həsrətdən, hicrandan cana doymuşam, 

Doyunca baxaram gözünə, Təbriz. 

 

Bu gün əməkdar incəsənət xadimi, alim, tərcüməçi, xalq şairi Hökumə Billurinin doğum günüdür.

Hökumə Billuri 1926-cı il mart ayının 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. 

1933-1943-cü illərdə Azəri qızlar məktəbində orta təhsil alıb. Məktəbi bitirdikdən sonra, həmin məktəbdə müəllim kimi işləməyə başlayıb.

İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.

Şimali Azərbaycana mühacirət etdikdən sonra 1947-1952-ci illərdə Azərbaycan Dövlət universitetinin filologiya fakultəsində təhsil alıb.

1956-1960-cı illərdə Azərbaycan qəzetinin baş redaktoru olub.

1956-cı ildə Bakı Ali partiya məktəbi, 1963-cü ildə Moskvada Sovet İttifaqı Kommunist partiyası yanında İctimai Elmlər Akademiyasını bitirib. Təhsili dövründə (1963-cü ildə) İran Azərbaycanının realist demokratik ədəbiyyatı mövzusunda disertasiya müdafiə edərək filologiya elmləri namizədi dərəcəsi alıb. Bir il sonra Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunub və ömrünün sonuna qədər orada çalışıb.

Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Hökümə Billuri Şəhriyarın fars dilindəki şeirlərini azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə tərcümə edib. 

Şair “Mənim ar­zum”, “Ölməz qəhrəman”, “Həyat yol­larında”, “Mübarizə illərində”, “Şeirlər”, “Şairin yadigarı”, “Səhər günəşi”, “Sən­dən uzaqlarda, “İstərəm”, “Necə unu­dum” , “Çinar gözləyir məni” “Apar məni o yerlərə”, Bir də bahar gəlsə”, “Seçil­miş əsərlər” “Dünya belə dünyadır”, “Nə qəribə dünya imiş” kimi çoxsaylı şeir kitablarının  “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” və “Məhəmmədhüseyn Şəhriyar” monoq­rafiyalarının müəllifidir

O, 2000-ci ildə noyabrın 22 də Bakıda vəfat edib 

Ruhu şad olsun!

 

Ölümün gözünün içinə baxıb

Sonra bir şam kimi sönəcəyəm mən

Qartal tək zirvəyə qalxdıqca qalxıb

Sonra bu dünyaya dönəcəyəm mən 

 

Yenidən doğacaq məni bu bahar 

Fəqət dağ insanı qəm, həsrət əyər

Azadlıq eşqi ilə irəli dostlar

İrəli bu yolda ölməyə dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.