Super User
Qumun qiyməti, sizcə, nə qədərdir?
Oqtay Oruc, “Ədəbiyyat və incəsənət” üçün
Bu şəkildəki 300 qram qumdur. Onun bazar qiyməti cəmi 1 qəpikdir.
Əgər bu qum tikinti qarışığında istifadə olunsa, dəyəri təxminən 30 qəpik olar.
Əridilib adi şüşə hazırlansa, qiyməti 7–8 manata yüksələr.
Əgər ondan silisium alıb günəş paneli plitələrinə çevirsəniz, 300 qramın dəyəri 150 manata yaxınlaşar.
Bu silisiumdan mikroçiplər istehsal olunanda isə, onun dəyəri 15000 manata qədər artar.
Unutmayın, bir ovuc qum, doğru istifadə olunanda dünyanın ən bahalı texnologiyasına çevrilə bilər.
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)
Mən əlahəzrət oxucuyam
Təranə Dəmir, şair, publicist. “Ədəbiyyat və incəsənət” üçün
Maraqlı fikirləri var, eyni zamanda orijinal.
Gözəl şeiri ədəbiyyat hadisəsi adlandırır. Ümumiyyətlə gözəllik vurğunudu. İçində kin, küdurət saxlamaz, paxıllıqdan min il uzaqdı. Açıqsözlüdü. Həqiqətləri deməkdən çəkinmir. Sözü sevir, poeziya qanına hopub. Düşüncələri fərqlidi. Elinə, obasına çox bağlıdı. Özünü gürzəli şoran torpaqların şairi adlandırır. Bununla da fəxr edir.
Üzünü doğma elinə, obasına tutub:
Nə qarlı dağların, buz bulaqların ,
Nə yaşıl nəğməli meşələrin var.
Nə mavi suların, qağayıların ,
Nə dilbər qucaqlı guşələrin var,
Bəs niyə bu qədər şirinsən mənə?
-deyir şair Zabil Pərviz.
Vicdanlıdı. Pisə yaxşı, yaxşıya pis deməz. Dünyaya işıq tərəfdən baxar. Ədalət həyat amalıdı. Xaqaniylə , Saib Təbriziylə yola çıxar hərdən. Əlbəttə xəyalən. Bəzən onu anlamazlar.
Sözünün dərinliklərində yatan fikirləri çox vaxt qaranlıq qalar bəzilərinə.
Amma özü sözünün min il sonra da eyni dəyərdə qalacağına inanar. Haqlıdı da. Sözünə arxayındı axı. Təkliyiylə danışar çox vaxt..Özünü kiməsə etibar etməz.
"Adamlar da maşın kimidi. Gərək məsafə saxlayasan. Yoxsa qəza olar"- deyir. Bu fikirləriylə də şərikiəm.
Yaşıyla hərəkətləri bir -birini tamamlayır . Hər sözü zamana görə seçir.
Haçan ki ,"ev bizim , sirr bizim olar"
Baharın yolunu qışla bağlarıq.
Dostlarla qırılan əlaqəmizi
Bəhanə gətirib işlə bağlarıq ,
Onda gəncliyimiz tərk edər bizi
-- deyən şair ömrün bütün fəsillərini ürəyi dolu qarşılayır.
Axı ömrün qışı bəhanələrin dolu olduğu fəsildi. İnsanın yorulan , dizinin gücdən , təpərdən düşən vaxtıdı. Zabil Pərviz bütün fəsillərdə sözünə söykənən şairdi. Demək qışdan da qorxusu yoxdu.
Eyni zamanda çox maraqlı və zəngin daxili aləmi var.
Arada telefon söhbətlərimiz olur. O özü də bilmədən oxumağa çalışıram onu. Hər söhbətimizdə bir az da yaxından tanıyıram Zabil Pərvizi. Bu söhbətlərin hərəsi bir ədəbi hadisədi deyirəm özünə. Ara -sıra qələmə alın, yazın, itib batmasın, heyfdi, deyirəm. Oxunmalı, nəticə çıxarılmalı, ibrətamiz söhbətlərdi hamısı.
Kitab oxumağı, mütaliəni sevir.
Oxuduğu kitab qəhrəmanlarına bənzədir özünü. Elə ləqəbi də özünə Xosrov Pərvizin eşqinə götürüb. Gözəl ədəbiyyatçı, səviyyəli oxucudu həm də. Sözə çox bağlıdı. Susayanda şeir yazır, darıxanda şeir yazır, Elə küsəndə, inciyəndə də.
Antik ədəbiyyatı, xarici ədəbiyyatı, klassikləri heç vaxt yaddan çıxarmır. Müasirliyin də qətiyyən əleyhinə deyil, yetər ki, əndazəni aşmayasan. Əsl Sözə sufi sevgisi var. Saatlarla ədəbiyyat söhbətləri edir, yorulmur. Bir sözlə xəmiri sözlə yoğrulub. Titul, medal dalınca qaçmaz. Əsl titulu şairlikdi. Onu da Tanrı verib (özü demiş). Bundan böyük mükafat ola bilərmi? . Dopdolu şükranlığı var Yaradana. Ovucları duadan, ürəyi sevgidən asılıb. İddiası da böyük deyil. Sözdə çəkisini və yerini gözəl bilir. Məsləhət verir, məsləhət alır. Özünü qaldırıb dağ başına qoyanları sevmir. Adamı gendən-genə tanıyır. Sözündən.
Vətəni ürəkdən sevir. Sözünün bu başı da Vətəndi, o başı da:
Mənim damarımda axan qan deyil ,
Vətən cövlan edir damarlarımda
-deyir .
Şairdən gözəl şeir gözləyir.
"Mən əlahəzrət oxucuyam - deyir, zəhmət çək mənim zövqümü oxşayan şeirlər yaz. Sənin ixtiyarın yoxdu məni yorasan və incidəsən".
Zabil Pərviz kədəri də, qəmi də olduğu kimi qəbul edənlərdəndi. Ağrıların gözünə dik baxan şairdi :
Yüz sevincə qatılsa da ,
Yüz gülüşə qarışsa da
Yeyilməyən yavan kədər..
Sən babamdan qalan sərvət ,
sən atamdan qalan dövlət .
Mən bələdəm dəyərinə,
dəyməzinə yüngülünə, ağırına ,
Çeynədiyin oğulların varisiyəm ,
Çıxacağam axırına.
Bu misralarda böyük əzm , dəyanət və inam var - sabaha , gələcəyə , sevgiyə ..
Şoran torpaqların şairi susuzluğunu sözlə yatırır . Ciyəri yananda sözlə ovunur. İlan mələyən torpaqların şairi olmağıyla həmişə fəxr edir. Bilir ki, onsuz da harda olsa səsi bütün Azərbaycana çatır. Bu sarıdan da xoşbəxtdi.
Bülbüllər oxuyar Kür sahilində ,
Bülbüllər oxuyar gecə sübhəcən.
Xuraman ləpələr , xumar ləpələr
Nəğmə yarışından keçər sübhəcən.
Başdan ayağa duyğu yüklü şeirdi . Oxuduqca gözümüzün önünə Kür sahili , gecənin qoynunda bir -birilə sevişən ləpələr gəlir, qulağımızda bəxtəvər bülbüllərin səsi cingildəyir.
Nə vaxtsa bu yoldan keçmişəm atlı,
Tanışdır qarsımış çiçəklər mənə.
Bir muğam oxuyur doğmalıq adlı
Qarğılar, qamışlar, küləklər mənə.
Dizimi göynədən tikanlar tanış,
Burda qarışmışam yovşan ətrinə.
Doğma halalına haram qatmamış
Biçənək ətrinə, kövşən ətrinə ...
Bu misralarda nə gizlənməyib ?
Həsrətin, ayrılığın, saflığın, doğmalığın havası uzaqdan vurur adamı. Dipdiri, dupduru hislərin təcəssümüdü bu lirik şeir. Qızmar kənd, yollar, çəpərlər, küləklər, tikanlar, kollar, yovşanlar, otlar dil açıb danışır adamla Zabil Pərvizin diliylə.
Ümumiyyətlə Zabil Pərviz lirikası qaynardı , od kimidi. Hamının ürəyindən keçənləri şeirə çevirmək məharəti var bu şairdə. Özünü əsrlər sonra Nizami, Nəsimi, Xaqaniylə eyni məkanda görəcəyinə çox inanır.
İlham pərisi həmişə oyaq olan bu şairin özünün Söz dünyası var. Tərtəmiz , qalsız, qeybətsiz , bütün münaqişələrdən və intriqalardan uzaq dünyasında həmişə özüylədi. Söhbəti sevir. Ədəbiyyat söhbətlərində saatlarla adama yoldaşlıq edə bilir. Hər mövzuda dialoqa girməyi bacarır . Bir sözlə sözünə sadiq şairdi. Sözünə toxunan olmasa min il yoldaşlıq etmək olar Zabil Pərvizlə. Ürəyi istəməyən heç nəyi danışmaz. Yalançı tərifləri və alqışları sevməz. Sözü urvatdan salanlara qarşı qalxanı elə özü demiş əlahəzrət Sözüdü. Orta həddi sevmir. Onunçun ya var olmalısan , ya da yox. Dostluqda da elədi. Tələbkardı və eyni zamanda ona bildirilən iradlara da daim qapısı açıqdı. Kökdən çıxmır.
Obrazlı, poetik ifadələrlə zəngin şeirləri oxucuyla tez dil tapır .
Ən çox heca vəzninə vurğundu. Deyir, o vəznin özünün xüsusi ahəngi , ritmi var. Amma bütün vəznlərdə yazılan əsl şeirlərə də hörmət və ehtiramla yanaşır. Ütülü danışmağı xoşlamır , amma pərakəndəliyində də bir nizam var.
Onunçun Azadlıq anlayışı bəşəridi, amma onun da sərhəddi olmalıdı. Keçdinsə azadlıq deyil.
Məmməd Araz, Xəlil Rza sevdalısıdı. Tez -tez onlardan söz açır , kövrəlir , qürurlanır . Deyir vaxtilə ədəbiyyata məni nəhəng söz adamları uğurlayıb. Ustadlarını daim məhəbbət və ehtiramla xatırlayır. Sinədəftərdi. Zaman -zaman sevdiyi şeirləri hafizəsinə köçürüb. Hansı mövzuda desən şeir tapmaq olar Zabil Pərvizdə.
Gözəl şeir görəndə sevinir. Uşaq kimi safdı. Ürəyində həsrət yaşayan şair bəzən sükutun diliylə də danışır adamla. Səssizliyində gizlədər bəzən ürəyindən keçənləri. Bilirəm ki, deməsə də bu yazını da çoxdan gözləyirdi məndən. O da gözləyirdi, mən də. O da darıxırdı , mən də. Axı bu yazı da doğulmalıydı. Şeir kimi. Nəhayət ki, doğuldu--
Gecənin aydınlığında, ay işığında, başında külək, gözlərində işıqla doğuldu. Əsl Zabil havasında.
Bütün şeirlərimi muğam üstündə yazıram deyir şair. İstədim bu yazı da muğam üstə doğulsun.
Xəmiri ədalətdən və həqiqətdən yoğrulan bu yazının da öz oxucuları olacağına inanıram. Ömrünün payızında könlündə bahar çiçəkləri açan şairin oxucuları da özü ruhda olmalıdı axı. Ruhu yorulmasın nə şairin, nə əlahəzrət oxucunun.
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)
Şəhidlər barədə şeirlər - İntiqam Abbasov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid İntiqam Abbasov
İntiqam Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.
Azərbaycan Ordusunun baş giziri olan İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İntiqam Abbasov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Köcəkli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Bu kimin kölgəsi, bu kimdir gələn?
Qəfil pəncərədə göründün, ata.
Bu dəfə tabutda geri qayıtdın,
Bu dəfə bayrağa büründün, ata.
Hələ inanmıram yoxluğuna mən,
Gəlib göz yaşımı qurudacaqsan.
Elə bilirəm ki, yuxu görürəm,
Elə bilirəm ki, qayıdacaqsan.
Sarılıb boynuna uşaq olardım,
Qaytara bilsəydim o illərini.
Mənə demişdin ki, ağlama, qızım.
Necə ağlamayım şəkillərini.
Oturub baxıram şəkillərinə,
Canımdan can kimi ayrılan atam.
Bizimçün, millətçün, vətəni üçün,
Canın qurban edən qəhrəman atam.
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)
Rasim Balayev, bunu etmək olmazdı!
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Xalq artisti Rasim Balayev ölkə kinosunun siması hesab edilir, minlərlə pərəstişkarı var. “Nəsimi” obrazını yaratmaqla kino tariximizə düşüb.
Bu yaxınlarda onun “Rosko” kolbasa məmulatlarını reklam etməsini gördüm. Nəvə babaya yaxınlaşır, soruşur, zirvələrə necə ucalmaq olar. Normalda baba deyər ki, kitab oxuyub biliklərə yiyələnməklə, valideyinlərə qulaq asıb ağıllı olmaqla. Rasim Balayevin canlandırdığı obraz isə nəvəsinə deyir:
-Zirvələrə ucalmaq üçün halal “Rosko” kolbasaları yeməlisən.
Əvvəla, Rosko sözünün açması “rossiyskiy kolbasa” deməkdir. Rossiyskiy kolbasanın canı isə donuz ətidir. Rosko təzəlikcə donuz ətindən imtina edib halala keçibsədə belə, bu mətnlə reklam etmək olmaz, ayıbdır. Necə yəni, zirvələrə ucalmaq üçün halal kolbasa yemək lazımdır? Hanı burda məntiq?
Və üstəlik, kim bilmir ki, kolbasa ən ziyanlı qidadır, tərkibində qlütein vardır?
Uşaqlara nəyi təbliğ edirik?
Və bunu niyə Rasim Balayev öz üzərinə götürür?
Belə deyim var, kim pulı verirsə, musiqini də o sifariş edir.
Kolbasa istehsalçısının hansısa qonorarına görə, o boyda sənət zirvəsinə ucalan sevimli aktyorumuz hörmətini itirdiyinin fərqində deyil yəni?
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)
Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Roma şəhərində konsert proqramı təşkil olunacaq
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı ərəfəsində İtaliyanın Roma şəhərində konsert proqramı təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 16-da Romanın məşhur musiqi təhsili ocaqlarından olan Santa Çeçiliya Konservatoriyasında keçiriləcək konsert proqramında Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli ilə yanaşı, Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev və xarici ölkə bəstəkarlarının əsərləri səsləndiriləcək.
Opera müğənnisi Çinarə Şirin və pianoçu Svetlana Kosyatovanın da çıxış edəcəyi gecədə “Ritm” rəqs qrupunun ifasında milli rəqslərimiz, xalq musiqisi və nağara şou təqdim olunacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək keçiriləcək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın fərqli bölgələrində konsert və tədbirlər nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)
ASAN Könüllüləri növbəti dəfə "Bilik Karvanı" layihəsini reallaşdırıblar
15 Sentyabr - Bilik Günü münasibətilə "ASAN Könüllüləri" Təşkilatının və "BRAVO " marketlər şəbəkəsinin tərəfdaşlığı ilə "Bilik Karvanı" layihəsi həyata keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına ASANdan verilən məlumata görə, layihənin əsas məqsədi sosial qayğıya ehtiyacı olan uşaqları sevindirmək və onları yeni dərs ilinə həvəsləndirməkdir.
İki ay davam edən aksiya çərçivəsində 3-14 yaş aralığında 334 uşağın məktəbə dair arzusu gerçəkləşdirilib.
Layihə müddətində vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin "20 Yanvar" və "Koroğlu" filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşaraq məktublarla tanış olub və uşaqların arzularını öhdəliyə götürərək onları sevindiriblər.
Aksiya çərçivəsində Azərbaycanın 9 müxtəlif regionunda uşaqlara məktəb çantaları, dərs ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunub.
"ASAN Məktub" sosial proqramı çərçivəsində indiyədək 10.000-dən çox uşağın arzusu reallaşdırılıb.
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)
Türk Mədəniyyəti və İrsi Fondunda “Aqibətnamə” kitabının təqdimatı keçirilib
Ötən gün - sentyabrın 15-də Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında təşkilatın əməkdaşı, şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin dahi şair Nizami Gəncəvinin “Xəmsə”sindəki ölüm məqamlarına həsr olunmuş “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Aqibətnamə” əsəri Nizami Gəncəvinin “Xəmsə”sindəki ölüm mövzularına dair ədəbi şərhlərdən ibarət esselər toplusudur.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, fond türk xalqlarının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirir.
“Fondun təşəbbüsü ilə hazırlanmış nəşrlər və müxtəlif beynəlxalq tədbirlər türk xalqlarının zəngin ədəbi və mədəni ənənələrinin geniş auditoriyaya çatdırılmasına xidmət edir. Bu istiqamətdə Fərid Hüseynin əməyi böyükdür. O, fondun bir çox tədbirlərində iştirak edərək Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və digər ölkələrdə fondu uğurla təmsil edib. Onun redaktorluğu ilə hazırlanan nəşrlər müxtəlif kitab sərgilərində nümayiş etdirilib", - deyə A.Raimkulova vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu çıxışında fondun nəşrləri və tədbirin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, fondun təşəbbüsü ilə hazırlanmış nəşrlər yalnız klassik və müasir ədəbiyyatın təqdimatı deyil, həm də türkdilli ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Fərid Hüseynin yaradıcılığından danışaraq bildirib ki, şairin əsərlərində milli dəyərlərin qorunması və türk dünyasının ortaq mədəni irsinin təbliği açıq şəkildə görünür.
“‘Aqibətnamə" oxuculara insan taleyi, mənəviyyat və mədəniyyət mövzularını dərindən təqdim edir. Əsərdəki hekayələr və təhlillər milli dəyərlərin qorunması, insan xarakterinin incəlikləri və cəmiyyətlə fərd arasındakı münasibətləri geniş şəkildə əks etdirir”, - deyə akademik bildirib.
Tədbirdə kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, nizamişünas Zəhra Allahverdiyeva, filologiya elmləri doktorları, professorlar Cavanşir Yusifli, Rüstəm Kamal və digər çıxış edənlər fondun təşəbbüsü ilə işıq üzü görən nəşrlərin oxucular arasında böyük maraq yaratdığını, həmçinin türkdilli xalqlar arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar. Onlar Fərid Hüseynin əsərlərində milli dəyərlərin qorunması və insan taleyi mövzularını ustalıqla işləməklə yanaşı, türk dünyasının ortaq mədəni irsinin təbliğini də yüksək qiymətləndiriblər.
Tədbir zamanı Fərid Hüseynin müxtəlif mövzularda yazdığı şeirlər səsləndirilib. Qiraətçilər və teatr aktyorları şairin şeirlərindəki mənəvi dərinliyi və emosional çalarları iştirakçılara çatdırıblar.
Kitabın müəllifi Fərid Hüseyn çıxışında kitabda əsas məqsədin Nizami Gəncəvinin çoxqatlı ideyalarını müasir oxucuya çatdırmaq, hər kəsi öz aqibəti haqqında düşünməyə sövq etmək olduğunu deyib.
Müəllifin fikrincə, “Nizami Gəncəvi çoxqatlı ideyaları ilə hər insanı öz aqibəti haqqında düşünməyə vadar edir, bəşər övladının xarakteri həm də onun son gününün süjetini müəyyənləşdirir” və bu cür ideyalar baxımdan bu kitab həm ədəbi, həm də fəlsəfi mahiyyət daşıyır.
Daha sonra tədbir bədii proqramla davam edib.
Fərid Hüseynin şeirlərinə bəstəlınmiş musiqi nömrələri ifa olunub.
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)
Gənc yazarlara dəstək və yeni nəslin ədəbiyyata baxışı
Rəqsanə Babayeva,
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün
Gənclər hər bir xalqın mədəniyyətinin və ədəbiyyatının gələcəyidir. Onların enerjisi, yeni baxışları və yaradıcılığı ədəbiyyatın inkişafı üçün vacib resursdur. Müasir dövrdə Azərbaycan ədəbiyyatında gənc yazarlara dəstək məsələsi təkcə fərdi təşəbbüs deyil, həm də milli mədəniyyətin qorunması və gələcəyə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır.
Yeni nəsil yazıçılar yalnız sözləri deyil, həm də dünyagörüşünü, ictimai problemləri və fərdi duyğuları əks etdirir. Onların əsərlərində klassik ədəbiyyatın təsiri hiss olunur, lakin mövzu, dil və forma baxımından müasir dövrün tələblərinə cavab verir.
Gənc yazarlara dəstəyin formaları
Gənc yazarlara dəstək bir neçə istiqamətdə həyata keçirilir:
1. Təhsil və kurslar: Universitetlərin filologiya fakültələri, ədəbiyyat seminarları və yaradıcılıq kursları gənclərə əsas bilik və bacarıqları öyrədir. Bu, yalnız texniki hazırlıq deyil, həm də yaradıcılıq instinktini inkişaf etdirir.
2. Yaradıcılıq müsabiqələri: Dövlət və özəl təşkilatlar tərəfindən keçirilən yazı müsabiqələri gənclərə öz əsərlərini geniş auditoriyaya təqdim etmək imkanı yaradır. Bu həm motivasiya, həm də tanınma şansıdır.
3. Nəşr və media dəstəyi: Gənc yazıçıların əsərlərinin qəzet, jurnal və onlayn platformalarda çap olunması onların əsərlərinin oxucuya çatmasını təmin edir. Sosial media və bloq platformaları isə müasir gənclərin yaradıcılığını qlobal auditoriyaya çıxarmağa imkan verir.
4. Mentorluq və təcrübə paylaşımı: Təcrübəli yazıçılar və ədəbiyyatçılar gənclərə yaradıcılıq yolunda rəhbərlik edir, onları tənqidi düşüncə və stil baxımından yönləndirir.
Yeni nəslin ədəbiyyata baxışı
Müasir gənc yazıçılar ədəbiyyata fərqli yanaşır. Onlar yalnız milli motivləri işləməkdən deyil, həm də qlobal mövzulara toxunmaqdan çəkinmirlər. Sosial problemlər, ekoloji böhran, qadın hüquqları, gənclərin tənhalığı və texnologiyanın təsiri – bu mövzular müasir ədəbiyyatda geniş yer alır.
Yeni nəsil həm də oxucu ilə dialoqa daha açıqdır. Onlar əsərlərində interaktiv üslub, müxtəlif perspektivlər və qeyri-xətti süjetlərdən istifadə edir, klassik ənənəni müasir formatla birləşdirirlər. Bu, Azərbaycan ədəbiyyatının daha canlı, maraqlı və oxunaqlı olmasını təmin edir.
Gənclik və milli kimlik
Gənc yazıçılar milli kimliyi qorumaqda xüsusi rol oynayır. Onlar dilin təmizliyini qoruyur, folklor və milli motivləri müasir janr və süjetlərlə təqdim edirlər. Qarabağ mövzusu, xalq yaddaşı və milli qəhrəmanlıq yeni nəsil yazıçılar üçün həm ilham, həm də məsuliyyət qaynağıdır.
Bu yanaşma gənc nəslin ədəbiyyata baxışını həm milli, həm də bəşəri dəyərlər prizmasında formalaşdırır. Onlar ədəbiyyatı yalnız hekayə anlatmaq vasitəsi kimi deyil, həm də cəmiyyətlə dialoq, tarixi və mədəni irsin qorunması vasitəsi kimi qəbul edirlər.
Beynəlxalq perspektiv
Gənc yazıçıların yaradıcılığı beynəlxalq səviyyədə də diqqət çəkir. Tərcümə olunan əsərlər, beynəlxalq ədəbiyyat festivalları və yazıçılar mübadiləsi proqramları Azərbaycan ədəbiyyatını dünyaya tanıdır. Bu, həm milli kimliyin təqdimatı, həm də yeni ideyaların qlobal auditoriyaya çatdırılmasıdır.
Gənc yazıçılar üçün beynəlxalq platformalar həm motivasiya, həm də yaradıcılığın inkişafı üçün geniş imkan yaradır. Xarici oxucular onların əsərlərində həm Azərbaycan cəmiyyətini, həm də ümumbəşəri problemləri görə bilir.
Gənc yazarlara dəstək Azərbaycan ədəbiyyatının gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Bu dəstək həm təhsil, həm nəşr, həm mentorluq, həm də beynəlxalq platformalar vasitəsilə həyata keçirilir.
Yeni nəsil yazıçılar ədəbiyyata müasir yanaşma gətirir, milli kimliyi qoruyur və oxucu ilə dialoqu genişləndirir. Onların yaradıcılığı Azərbaycan ədəbiyyatını yalnız milli mədəniyyətin qoruyucusu deyil, həm də dünya səviyyəsində tanınan və qiymətləndirilən bir gücə çevirir.
Beləliklə, gənc yazarlara dəstək milli ədəbiyyatın inkişafının, mədəni irsin qorunmasının və gələcək nəsillərin ədəbiyyata bağlılığının təminatıdır.
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)
Sentyabrın “ULDUZ”u görüşünüzə gəldi
“Ulduz” dərgisinin sentyabr sayı işıq üzü görübdür. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına dərginin redaksiyasından məlumat verilib.
Sentyabr sayı Aləmzar Sadıqqızının “Özüylə söhbəti və şeirləri” ilə açılır.
“Nəsr”də Orxan Fikrətoğlu “Dəccal”, Miri Rəsulzadə “Mehman” hekayələrini təqdim edir.
“Tənqid”də Mətanət Vahid “Müasir hekayə: gənc ədəbi səslər və estetik axtarışlar”dan yazır.
“Şeir vaxtı”nda Allahşükür Ağa, Elməddin Nicat, Vasif Əlihüseyndir.
“Yazı masası”nda Taleh Mansurun qonağı Xalq şairi Sabir Rüstəmxanlıdır.
“Tərcümə saatı”nda U.F.Harvinin hekayəsini BDU-nun Filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinin 4-cü kurs tələbəsi Alsu təqdim edir.
Seyyid Əsrinin qəzəllərini də bu sayda oxuya bilərsiniz.
“Debüt”də “Yuxunuz şirin olsun, ölülər” (Yusif Səmədoğlunun əziz xatirəsinə...) yazısı ilə Şəhriyar Məmmədzadədir.
Bu sayda Adil Quliyevin “Təpələr” essesini, Şiringül Musayevanın “Kiçik süjetli tamaşa üçün mətnlər”ini, Şəlalə Camalın şeirlərini və Pərvanə Məmmədovanın “Xilaskar köpük” hekayəsini oxuya bilərsiniz.
“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (2-ci yazı) yazısını təqdim edir.
“Dərgidə sərgi”də rənglər dünyasıyla Aysel Hacıyevadır.
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)
“Nikol Paşinyanın açıqlaması Ermənistanın hərbi reallığını göstərir” – CƏLİL XƏLİLOV
“Nikol Paşinyanın məlum yanaşması tamamilə mövcud reallıqları əks etdirir” – bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisəedilməz dərəcədə güclüdür. Cəlil Xəlilov hesab edir ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, döyüş hazırlığı və maddi-texniki bazası daha da güclənib: “Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bugünkü Azərbaycan Ordusu Vətən müharibəsindəki ordu deyil. Hazırkı Azərbaycan Ordusu həmin dövrdən qat-qat güclü və qüdrətlidir. Bu isə onu göstərir ki, Azərbaycanla Ermənistan arasında güc balansı zaman keçdikcə daha da artır və Ermənistanın bu nisbəti dəyişməsi mümkünsüzdür”.
O, əlavə edib ki, Paşinyanın açıqlaması həm hərbi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır: “Bu bəyanat həm daxili, həm də xarici auditoriyaya ünvanlanıb. Ermənistan rəhbərliyi açıq şəkildə göstərmək istəyir ki, ölkənin Azərbaycanla yenidən hərbi müstəvidə qarşılaşmaq niyyəti və potensialı yoxdur. Eyni zamanda, bu yanaşma revanşist qüvvələrə də konkret mesajdır. Onların arzuları ilə reallıq arasında böyük fərq var və bu niyyətlər heç vaxt gerçəkləşməyəcək.”
Cəlil Xəlilovun sözlərinə görə, Paşinyanın çıxışı regional sülh və təhlükəsizlik baxımından anlaşılandır və bölgədəki mövcud reallığı ifadə edir.
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)


