Təqdim edir: “Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalı Bir şair, bir şeir rubrikasında bu gün sizlərə Təranə Turan Rəhimlinin “Ömür belə yaşanır” adlı şeirini təqdim edir. Şeir bu gün anadan olmasının 51-ci ildönümü qeyd edilən mərhum millət vəkili, ictimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə ithaf olunub.
Dərdliyə əl uzadan,
Güc verən, İşıq Qadın.
Sevgisi, eşqi başqa,
Allaha aşiq qadın.
Gözəl şeirdir. Təsirlənməmək olmur.
ÖMÜR BELƏ YAŞANAR
İşıq qadın – Qənirə xanımın əziz xatirəsinə
Dünyaya Haqq yolunda
İşıq olmağa gəldin.
Hamını elə sevdin
Səni doğması bildi.
Qolların hey uzandı
Hər ürəyi qucmağa.
Əlin qonan çiyinə
Qanad taxdın uçmağa.
Ümid çırağı oldun
Gözünə dəyən gözə.
Köksünə sığmır deyə
Könlünü verdin sözə.
Allahın lütfü idin
Bu millətə, bu yurda.
Haray saldın aləmə
Vətən qalanda darda.
Səndən öyrəndi çoxu
Mərhəməti, ülfəti.
Təmənnasız sevməyi,
Kimsəsizə hörməti.
Dərdliyə əl uzadan,
Güc verən, İşıq Qadın.
Sevgisi, eşqi başqa,
Allaha aşiq qadın.
Şəhid analarının
Təsəllisi, dayağı,
Ayağının altında
Açıldı cənnət bağı.
Yol aldın uzaqlara,
Turan ağlayıb bitdi.
Utandırdın əcəli,
Elə dəyərlə getdin.
Həyatınla göstərdin
Şərəf necə daşınar.
Ölümünlə dərs verdin:
Ömür belə yaşanar.
“Ədəbiyyat və incəsənət”
(07.03.2026)


