ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Virciniyada fəaliyyət göstərən Azərbaycan Evi istedadlı və həvəsli könüllüləri yeni yaradılmış “CAN” Könüllülük və İnkişaf Proqramına qoşulmağa dəvət edir. “Birlikdə Daha Güclüyük” şüarı altında baş tutacaq layihə icma ilə əlaqələri gücləndirmək, mədəniyyət mübadiləsini təşviq etmək, könüllülərin peşəkar və şəxsi inkişafına töhfə vermək üçün yaradılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, proqramın hədəfi müxtəlif sahələrdən olan insanların bir missiya altında birləşdirilməsi, icma ilə əlaqələrin inkişafı, zəngin mədəni irsimizin qorunub saxlanılması, onun təbliğ edilməsidir. “CAN” Könüllülər Korpusu proqrama qoşulacaq hər bir könüllüyə uğur qazanmaq üçün lazım olan mentorluq və təlim imkanları təklif edir. Birlik, güc və firavanlığı təmsil edən nar isə layihənin simvolu seçilib.

Müxtəlif peşəkar və akademik təcrübəyə malik insanları proqrama qoşulmağa dəvət edən Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova, xüsusilə aşağıda qeyd olunan sahələr üzrə dəstək göstərmək istəyən könüllülərin axtarıldığını vurğulayıb:

Qrant yazılması: Mədəni, təhsil və sosial layihələr üçün maliyyə vəsaitinin əldə olunmasına kömək etmək.

Layihələrin planlaşdırılması və idarə edilməsi: İnnovativ ideyaları sistemli və strateji icra vasitəsilə həyata keçirmək.

Tədbirlərin təşkili: Mədəni tədbirlər, təhsil seminarları və şəbəkələşmə görüşlərinin təşkilinə dəstək olmaq.

Sosial media və icma ilə əlaqələrin qurulması: Rəqəmsal varlığı genişləndirmək və qlobal auditoriya ilə əlaqə yaratmaq.

Tərcümə və dil dəstəyi: Çoxdilli xidmətlər vasitəsilə ünsiyyət və əlaqəni asanlaşdırmaq.

Proqrama qoşulmaq istəyənlər Azərbaycan Evinin İnstaqram səhifəsindəki link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://www.cognitoforms.com/AzerbaijanHouse1/CANVolunteerCorps?fbclid=PAZXh0bgNhZW0CMTEAAaavIHJG7fRXou_h0CFNKRWiWf_FeD4LrZK2i6ZfJZ29JazGRNzRSlLOLds_aem_SzlCqmJ1jBXm8_nwaH8Prw

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

İstəkli oxucularım, Fərqli poeziya rubrikasındayıq. 

Günümüzdə siyasi poeziya niyə yaranmır? Şairlər niyə qlobal mövzulara müraciət etmirlər? Müzakirə mövzumuzdur. 

 

Hamıda eyni sevgi-məhəbbət, təbiətdən ilhamlanmaq, bir də dəbə düşüb bəsit və şablon vətənpərvərlik görüntüsü yaratmaq…

Bu gün bu taftalogiyadan kənarda olan ustad şairimiz Ramiz Qusarçaylının siyasi lirikasına müraciət edəcəyik. Onun  “Həngamə” şeirini sizlərin ixtiyarına veririk. Şeir 2021-ci ildə yazılıb.

 

 

Heç kəs gözləmirdi bu həngaməni,

Heç kəsin ağlına gəlmirdi, heç nə.

Kim yazıb süslədi bu şər naməni,-

Bəşərin özü də bilmirdi...

heç nə.

 

Bu boyda dünyada bilən yoxuydu,

Nələr qeyb olacaq,

nələr qalacaq.

Göylər Allah-Allah uzaqlaşacaq,

Yerlər günah-günah mələr qalacaq.

 

Xəstə Asiyanı,

ac Afrikanı

Qısır Avropaya yedirəcəklər.

Müftəxor, dələduz Amerikanı

BMT qarışıq, NATO qarışıq

Elə öz içindən bitirəcəklər.

 

Döyüş sınaqları, hərb sınaqları,

Çin xəstəlikləri, həb sınaqları,

Ərzi gülə-gülə yatıracaqlar,

Oxşaya-oxşaya batıracaqlar.

 

Yağacaq göylərdən dron yağışı,

Sifariş yağışı, bron yağışı,

Sıradan çıxacaq tısbağa tanklar,

Baş-başa öləcək bankrot banklar.

 

Dünya təmizlərdən təmizlənəcək,

Canilər, qatillər əzizlənəcək,

Güclər bir-birini əvəzləyəcək,

Giclər bir-birini əvəzləyəcək,

Biclər bir-birini əvəzləyəcək,

Rəngi dəyişəcək xəritələrin,

Qaralar ağarıb boza dönəcək.

Dünyada arxalı əhatələrin

Arxası ovulub toza dönəcək.

 

Şahların taxtları bir taxt olacaq,

Vaxt hər bir ölkədə bir vaxt olacaq,

Fəsillər dörd dəfə dəyişməyəcək,

Adamlar yem üstə döyüşməyəcək.

 

Yeni yoxlamalar, yeni təftişlər,

Yeni təhlükələr, yeni təşvişlər,

Yenidən ələnib arınacaqlar,

Yeni ittifaqlar yaranacaqlar.

 

Çoban otaracaq əl qoyunları,

Bu da adamlığın qoyun çağları.

Düşüb əllərindən çiliklənəcək

Rusların erməni oyuncaqları.

 

Silahlar çürüyüb yem olacaqlar,

Çölün böcəyinə, həşəratına.

Çal-çayır ölkələr üzv olacaqlar,

Yabanı millətlər təşkilatına.

 

Ölülər məzara hallı gedəcək,

Qəbirlər uçunub yallı gedəcək,

İzi qalmayacaq məzarlıqların,

Heykəllər uçacaq,

büstlər uçacaq.

Qəbir daşlarının qanadlarında

“Təbib”lər uçacaq,

“ÜST”lər uçacaq.

 

Yeni xəstəliklər, yeni azarlar,

Ölə bilməyənlər əfv olmayacaq.

Açacaq ağzını köhnə məzarlar,-

Münafiq mollalar dəfn olmayacaq.

 

Qoşulub çaylara dağlar axacaq,

Dənizlər sulardan uzaq öləcək.

Analar bətnindən qoca doğacaq,

Qocalar böyüyüb uşaq öləcək.

 

Göylər səngər-səngər lağımlanacaq,

Yerlər buğum-buğum buğumlanacaq,

Bulud lillənəcək,

su qumlanacaq,

Günəşi şumlayıb xışlayacaqlar,

Günəşin üzünə qar əkiləcək.

Bəşərin sellənən göz yaşlarından

Yerdən buludlara su çəkiləcək.

 

Buzlaqlar əriyib od olacaqlar,

Üstünü örtəcək tüstü yamyaşıl.

Duzlaqlar göyərib ot olacaqlar,

Bataqlıq içində...

üstü yamyaşıl.

 

Marsda su gəzənlər, həyat gəzənlər

Bir virus əlində aciz qalacaq.

Ucuz satılanlar bahalaşacaq,

Baha satılanlar ucuz qalacaq.

 

Qadınlar robota aşiq olacaq,

Qadınlar robota ərə gedəcək.

Evə dönməyəcək kişilər daha

Kişilər qadınsız yerə gedəcək.

 

Gecə baxmayacaq Ay pəncərədən,

Pəncərə işığa Aydan baxacaq.

Səhərlər daşlanan Göy pəncərədən

Nazlana-nazlana şeytan baxacaq.

 

Sonda “Miss Cəhənnəm”, ”Mister Cəhənnəm”,-

Gözəllik yarışı,münsif dəstəsi,

Gözəl şeytanların müsabiqəsi...

 

Gözəl şeytanların ən gözəlini,

Gözəllik qalibi seçəcək bəşər.

Şeytan əlləriylə çəkib başına

Dərdini bal kimi içəcək bəşər...

...Heç kəs gözləmirdi bu həngaməni.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

          “Üzeyir Hacıbəyli barədə yazılar – “Görkəmli pedaqoq” başlığı ilə sonuncu – beşinci yazını diqqətinizə təqdim edirik. 

 

Ü.Hacıbəyli musiqi təhsili sisteminin yaradıcısıdır

 

Heç şübhəsiz ki, Üzeyir bəyin pedaqoji təcrübəsinin ən yüksək   mərhələsi musiqi sənətinin tədrisi ilə bağlıdır. O, ölkəmizdə musiqi təhsili sisteminin yaradıcısıdır. Milli musiqi kadrlarının yetişdirilməsində müstəsna xidmətləri olmuşdur.

Müsəlman Şərqində ilk operanın müəllifi olan Ü.Hacıbəyli “Azərbaycanda musiqi tərəqqisi” əsərində musiqi təhsili ilə bağlı belə yazırdı: “ Məktəbin ən yaxın məqsədi azərbaycanlıları musiqi sənətinə alışdırmaqla bunlar üçün yeni sənət qapısı açmaq, əlavə məxfi qalmış olan məharət və təbii sahibləri zühura çıxarmaqla bəşəriyyətə bu yolla xidmətlər göstərməkdədir. Digər böyük bir qayeyi-əməl vardır ki, o da Şərq musiqisini məktəb vasitəsilə tərəqqi etdirib Qərb musiqisini bu gün işğal etməkdə olduğu uca mərtəbələrə qədər irəlilətməkdir”.

S.Rüstəmovun 1945-ci ildə Üzeyir bəyin anadan olmasının 60 illik yubileyi münasibətilə yazdığı "Üzeyir Hacıbəyli bir xalq müəllimi kimi" məqaləsində oxuyuruq: “1922-ci ildə Bakıda Musiqi Texnikumu təşkil olunur. Azərbaycan xalqının bir sıra musiqiçi və bəstəkarlarının ilk təhsilini almağa başladıqları, yetişdiyi bu tarixi məktəbin  təşkili və idarə olunması hörmətli sənətkar-müəllim Üzeyir Hacıbəyliyə tapşırılmışdı. Bu vaxra qədər musiqi məktəbi və musiqi  təhsilinin nə demək olduğunu bilməyən əməkçi azərbaycanlı balaları  bu məktəbə axın-axın gəlməyə başlayırlar.

   Burada Avropa musiqi alətləri: fortepiano, skripka, alt, violençel, kontrabas, fleyta, qaboy, klarnet, truba, valtorna və başqaları ilə yanaşı olaraq, Azərbaycan xalq çalğı alətləri- tar, kamança və dəf sinifləri də təşkil olunmuşdu. Məktəbə qəbul olunmuş şagirdlərin istər valideynləri və istərsə bilavasitə özləri ilk öncə möhtərəm Üzeyir müəllimlə görüşərdilər; Üzeyir müəllim onları özünəməxsus təvazökarlıq və mehribanlıqla qarşılayır, musiqi  qabiliyyətlərini yoxladıqdan sonra musiqi sənətindən, musiqi musiqi təhsilinin xalq üçün mədəni xeyir və əhəmiyyətindən danışar, onlara ürək, ruh verib işə inamla yanaşmalarını tövsiyə edərdi.

Üzeyir müəllim Musiqi Texnikumu şagirdlərinin hamısını çox yaxşı tanıyır, hər gün onların müvəffəqiyyətləri haqqında müəllimlərdən məlumat alar, hər bir şagirdin gələcək perspektivini təyin edərdi. Azərbaycanlı balalarının bu məktəbə olan şövq və həvəsi hədsiz idi. Maraqlı burasıdır ki, hələ o vaxt mövhumatın güclü olmasına baxmayaraq Musiqi  Texnikumunda azərbaycanlı qızlar və oğlanlar  bir yerdə dərs alırdılar və buna heç kəs etiraz etməmişdi. Əksinə olaraq, məktəbə qəbul olunmaq istəyənlərin sayı gündən-günə artırdı. Məktəbin bütün  müəllimləri başda Üzeyir bəy olmaq üzrə azərbaycanlı balalarından ixtisaslı musiqiçilər yetişdirməyə səy edirdilər. Üzeyir bəyin rəhbərliyi ilə Azərbaycanda ilk simfonik orkestr təşkil olunmuşdu. 

   1925- ci ilin may ayında Dövlət Opera Teatrının binasında Musiqi Texnikumu ilk hesabatını verdi. Həmin gün şagirdlərin qüvvəsi ilə “Arşın mal alan” operettası tamaşaya qoyulduDirijor böyük müəllimimiz Üzeyir bəy idi”.

Pedaqoq, bəstəkar, dirijor, musiqişünas, publisist, dramaturq, ictimai xadim olan Ü.Hacıbəyov Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövddət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və başqa onlarla tanınmış bəstəkar və musiqiçilərin müəllimi olmuşdur.  

 Sonralar Ü.Hacıbəyli Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb. Müsəlman Şərqində ilk ali musiqi təhsil ocağı–konservatoriya (hazırkı Bakı Musiqi Akademiyası) 1921-ci ildə məhz onun səyi nəticəsində yaradılmışdır.

Ü.Hacıbəylinin müəllimlik fəaliyyətinin ən qiymətli məhsullarından biri də «Azərbaycan xalq musiqisinin əsasları» əsərinin yaradılmasıdır.

Şübhəsiz ki, 140 illik yubileyini qeyd etməyə hazırlaşdığımız dünya şöhrətli bəstəkar Ü.Hacıbəylinin pedaqoji görüşləri, əzəmətli və möhtəşəm əsərləri Azərbaycan içtimai fikrinin, elminin, təhsilinin və musiqi mədəniyyətinin inkişafına bu gün də güclü təkan verməkdə davam edir və düşündürür. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş, əsil vətənpərvərlik nümunəsi olan fəaliyyətini və yüksək mənəvi-estetik dəyərə malik irsini, “yaradıcılığındakı Antey qüdrətinin, Herkules əzəmətinin sirlərini hələ çox nəsillər öyrənəcək” və faydalanacaqlar.

 “Üzeyir Hacıbəylinin yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəylinin xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə də artırmalı, daha da inkişaf etdirməliyik”. (H.Əliyev)

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

 

 

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Mədəniyyət ağacı

 

Mədəniyyətin formalaşması və ötürülməsi zamana bağlıdır. Mədəniyyətin əsas dəyərləri ən erkən dönəmlərdə, ən azı toplumların ilk addımlarında qoyulub. Zamanında inkişaf etdirilməyən və ya təhrif olunan mədəniyyət sonradan bərpa edilə bilmir. Bu səbəbdən mədəniyyətin qorunması və öyrənilməsi vaxtında aparılmalıdır. Mədəniyyət ilə ağacı - insanın və Tanrının yaratdıqlarını bir araya gətirib, bir qavram olaraq bizdən öncə də işlədiblər, bizimlə eyni vaxtda da işlədirlər, yəqin gələcəkdə də işlədəcəklər. Bir-birinə ən yaxşı yaraşan qavramlardan olsa gərək… Hərdən elə sanarsan, ikisini də  Tanrı yaradıb, yenə Tanrının yaratdığı bizlərsə onları haldan hala salmışıq yaxud kimimiz qorumuş, kimisi qurutmuş, kimisi də “sapı özümüzdən olan balta” ilə çıxış edib…

 

Eynən ağac kimi - yıxılan mədəniyyətə hücum edən çox olur…

Mədəniyyət zəiflədi və ya dəyərdən düşdü deyə düşünüləndə, ona qarşı dış müdaxilələr artmağa başlayır. Güclü mədəniyyətlər öz varlıqlarını, dəyərlərini müdafiə edə bildikləri üçün təsir alanlarını genişləndirir. Zəifləmiş mədəniyyətlər isə başqa mədəniyyətlərin təsiri - kölgəsi altına düşür.

 

Mədəniyyətə qarşı (da) ən böyük təhdid içəridən gəlir. - Qurd ağacı içindən yeyər… 

Mədəniyyətlərin çöküşündə dış amillərdən çox iç çatışmazlıqlar rol oynaya bilər. Mədəniyyətin içində yaranan sabitsizlik, təfriqə və mədəniyyəti danan yanaşmalar onun dağılmasına səbəb ola bilər. Bayaq yada saldığımız “sapı özümüzdən olan balta” anlayışı burada mədəniyyətin öz içindən zərbə almasını simvolizə edir...

 

Ulu mədəniyyətlər çətin dönəmlərdə yetişir.

Mədəniyyətin dərinləşməsi və böyüməsi çətinliklərdən, mübarizələrdən keçir. Hər böyük mədəniyyət, onun tarixində keçdiyi ağır sınaqlar sonucunda formalaşır və güclənir. Çətinliklərdən çıxan mədəniyyətlər daha dayanıqlı və universal olur.

 

Mədəniyyət öz dərin kökləri ilə var olur, ucalır. Ağac kimi ağavları - bizim “ayağı torpaqda, başı Günəşdə” olan qoca palıdları yada salın. Yaxud Tovuzdakı “Beşbarmaq çinar”, Şəki Xan Sarayı önündəki qoca çinarlar, qardaş Türkiyənin Bursa şəhərindəki İnkaya çinarı, ABŞ-ın “General Şerman”ı, “Sekvoyya”sı, “Qiperion”u, habelə mamont ağacları yaxud “Adəm ağacı” bu yerdə örnək gətirilə bilər… Ağaclar kimi, təbiət kimi mədəniyyətlərin, “ikinci təbiət”in də öz taleyi, kökü-köməci, budağı, yarpağı və nəhayət, məhsulu, meyvəsi vardır…

Hər bir mədəniyyət öz tarixindən, gələnəklərindən bəslənir. Tarixi və kökləri ilə bağlarını itirən mədəniyyət (necə deyərlər) özünü itirir və inkişaf edə bilmir. Bu səbəbdən, mədəniyyətin köklərini tanımaq və ona bağlı qalmaq inkişafın əsas şərtlərindən biri sayılır.

 

Mədəniyyət öz fərqliliyini əsasən nəyin əsasında yaxud necə göstərir? - Əlbəttə, öz zənginlikləri ilə.

Bir toplumun mədəniyyəti onun sənəti, ədəbiyyatı, gələnəkləri və dilində əks olunur. Necə ki ağac yarpaqları ilə gur görünür, mədəniyyət də öz komponentləri ilə bütövlükdə bir gözəllik təqdim edir. Mədəniyyətin inkişafı onun müxtəlif sahələrinin harmoniyası ilə mümkündür.

 

Mədəniyyətlərin inkişafı uzunmüddətli və sabit bir sürəcdir. Onlar hər hansı ani təsirlərdən yox, zamanla formalaşan sabit dəyərlər və irs əsasında böyüyür. Mədəniyyət ağacının da yaz fəslini gözləmək üçün toxtaqlıq və öz işini layiqincə görmək vacibdir.

 

Meyvəli mədəniyyəti daşlayarlar... - Eynən, “bar verən ağaca daş atarlar” örnəyində olduğu kimi…

Uğurlu və məhsuldar mədəniyyətlər həsəd obyektinə çevrilir. Başqa toplumlar və ya güclər belə mədəniyyətlərə qarşı təzyiq göstərə yaxud özününküləşdirmə istəyində buluna bilər. Lakin bu, həmin mədəniyyətin dəyərini azaltmır, əksinə, onun təsir dairəsinin genişliyini sübut etmiş olur.

 

Hər mədəniyyət öz mühitində inkişaf edir. - Daş öz yerində ağardır… Elə ağır ki, vaxt keçər, zaman ötər, bir də görərsən, üstündə ağac budaqlanır…

Mədəniyyət öz coğrafi, sosial və tarixi mühitindən asılı olaraq formalaşır. Uyğun mühitdə inkişaf etməyən mədəniyyət çökər və ya başqa təsirlər altına düşə bilər. Bu səbəbdən mədəniyyətin qorunması üçün onu doğuran ortamı dəstəkləmək alternativlərin ən yaxşısıdır.

 

İnsan yaşamının hər anında mədəniyyətə möhtacdır.

İnsan 7-dən 77-yə, daha doğrusu, beşikdən məzara qədər mədəniyyətlə iç-içədir. Uşağın ilk oyuncağından tutmuş, son mənzilə qədər hər şey mədəniyyətin hissələridir. Mədəniyyət yalnız əyləncə deyil, həm də yaşamımızı yönləndirən dəyərlər sistemidir. İnsanların mədəniyyətə (necə deyərlər) yalnız tükətim obyekti kimi deyil, həm də irsi və gələcəyi qurmaq vasitəsi kimi baxması önəmlidir.

 

Beləliklə, 

Mədəniyyət ağacı dərin köklərə, zəngin şaxələrə və uzunömürlü sabitliyə malik bir varlıq kimi təsəvvür edilə bilər. İnsanların mədəniyyətlə bağları yalnız tükətimdən ibarət olmamalıdır; onlar Mədəniyyət ağacının böyüməsinə töhfə vermək və onun himayəsində özlərini tərbiyə etmək durumundadlr.

 

MƏDƏNİYYƏT AĞACIMIZ YAŞIL, 

MƏDƏNİYYƏT BAYRAĞIMIZ UCA OLSUN!

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2025)

 

​​​İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

13 fevral 2025- ci il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Oğuz rayon Mədəniyyət mərkəzində Mərkəzi kitabxananın başlatdığı ”Oğuzun tanınmış simaları” adlı layihə əsasında Yəhudi əsilli Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü, şair, publisist Simax Şeydanın "İki xalqın şairi- Simax Şeyda" adlı xatirə gecəsi keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndrilməsi və Vətənimizin azadlığı və suverenliyi uğrunda şirin canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin nümayəndələri, Oğuz rayonunda fəaliyyət göstərən müəssisələrin idarə rəhbərləri, əməkdaşları, şair və yazarlar, ziyalılar, Yəhudi içmasının nümayəndəsi, şairin bacısı, Oğuz rayon ictimaiyyəti, məktəblilər və mədəniyyət işçiləri, qonaqlar iştirak edib.

Tədbirdə çıxış edənlər Simax Şeydanın sevilən, tanınmış Azərbaycan şairi olmasından, milliyətcə dağ yəhudisi olan şairin hər iki dildə dildə yazıb yaratdığı şeirlərində yüksək vətənpərvərlik motivləri haqqında, poeziyamızın ən yaxşı nümunələrinin yəhudi dilinə çevirib, kitab nəşr etdirməsindən danışıblar. Tədbirdə qonaq qismində iştirak edən məhşur publisist- politoloq Reyhan Mirzəzadə və şairin bacısı Zübeydə Yuşvayeva şairin xatirə gecəsinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Simax Şeyda şəxsiyyətinə hörmət və izzətin təzahürü kimi qiymətləndiriblər.

Vətən həsrətli şairin şeirləri dinlənilib. Məktəblilər Simax Şeydanın şeirlərindən nümunələr söyləyiblər. Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında şairin sözlərinə yazılmış mahnılar ifa olunub.

Şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarxa baxılıb

Tədbirin sonunda xatirə şəkli çəkilib.

S.Şeyda barədə əlavə məlumatı aşağıdaki linkdən istifadə etməklə ala bilərsiniz:

https://www.edebiyyatveincesenet.az/az/edebiyyat/item/17297-yaehudi-aesilli-shairimiz-simakh-sheyda

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətlər Sammitində iştirak edib.

“Ədəbiyyat və incəsənət” portalına agentlikdən verilən məlumata görə, Sammit çərçivəsində Dövlət Agentliyinin sədri “Dövlət xidmətlərinin mükəmməlliyi və fəaliyyət səmərəliliyi: uğurlar və öyrənilmiş təcrübələr” mövzusunda təşkil olunan sessiyada çıxış edib. O, dövlət xidmətlərinin keyfiyyətinin artırılması və bu xüsusda “ASAN xidmət” modelinin verdiyi töhfədən bəhs edib.  

Müvafiq sessiyada BƏƏ-nin, Estoniyanın və Finlandiyanın müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri də çıxış ediblər.

Həmçinin Sammit çərçivəsində Dövlət Agentliyinin sədri ilə müxtəlif ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib.

BƏƏ-nin kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavi ilə görüş zamanı tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülən işlər və planlaşdırılan layihələr müzakirə edilib. 

Serbiya, Seneqal, Albaniya və Esvatininin müvafiq sahə üzrə fəaliyyət göstərən qurumları ilə baş tutmuş görüşlər zamanı “ASAN xidmət” təcrübəsinin, eləcə də Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllərin adıçəkilən ölkələrdə tətbiqi imkanlarının nəzərdən keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb, əməkdaşlıq edilməsi ilə bağlı razılığa gəlinib.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

"ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət carçısı" proqramının təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüş keçirilib.

"Milli və mənəvi dəyərlər" layihəsi çərçivəsində keçirilən görüş zamanı sənətkarın teatr və kino yaradıcılığı, sənətdəki uğurları, təcrübəsi ilə bağlı könüllülərlə müzakirələr aparılıb.  "Sənətçinin ən vacib missiyası" mövzusunda keçirilən görüşdə gənclərə maraqlı olan suallar cavablandırılıb. 

Sonda xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd ediləcək. AzərTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələri nəzərə alaraq Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısının 90 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.

Bu qərar Maqsud İbrahimbəyovun Azərbaycan ədəbiyyatında və mədəniyyətində oynadığı mühüm rolu bir daha vurğulayır və onun irsinin daha geniş tanıdılmasına xidmət edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

Cümə axşamı, 13 Fevral 2025 18:11

Ağ Kremldən Qırmızı Kremlə qədər...

Aida Eyvazlı Göytürk, “Ədəbiyyat və incəsənət” üçün

 

Hər şeydən əvvəl onu deyim ki, rus hakimiyyətinin oturduğu Kreml binasını  şamaxılı Əliş Sübhan oğlu Kərəmli tikmişdi. Şirvanşah Şeyx İbrahimin sarayında  baş memar olan Əliş Kərəmlinin sorağı Yaxın Şərqə, Qafqaza, İrana və Hindistana yayılmışdı. Unutmayaq ki, Əmir Teymurun xanımı Bibixanım bəyimin  Registandakı şah sarayınının tikintisində usta Əli adlı bir azərbaycanlının iştirak etdiyi barədə tarixdə məlumatlar mövcuddur.

 

Əlbəttə rus tarixini yazanlar Kremlin tikintisinin məhz azərbaycanlı, türk oğlu Əliş Sübhan oğlu tərəfindən tikilməsini yazmadılar. Bu tarixi sənədləri heç vaxt üzə çıxarmadılar. Lakin tarixi mənbələrdə qeyd olunur ki, bu gün qırmızı kərpiclə inşa olunmuş, siyasi hakimiyyətin oturduğu Moskva Kremlinin divarlarını Əliş Kərəmli  ağ rəngdə və ağ daşdan tikib.

Hadisə isə belə olub. Moskva knyazı Dmiitriy İvanoviç Donskoy Əliş Sübhanoğlunun sorağını eşidib, onu Moskvaya gətirmək üçün Şamaxıya- Şirvanşah İbrahimxəlilin sarayına elçilər göndərir. 1367-ci il yanvarın 5-də 10 atlı  elçi gəlib saraya yetişir. Gələn elçilər  Şirvanın şahına 7 at yükü büllur və çini qablar, dəri papaqlar, kürklər və xalatlar hədiyyə gətirirlər. Knyaz Dmitriy Donskoyun məktubunu Şeyx İbrahimxəlilə verərək, memar və usta Əlişi Moskvaya dəvət etdikllərini bildirirlər. Gələn elçilərin yanında həm də Şirvanşahın Moskvada  knayzlıqda oturan əlahiddə nümayəndəsi, indiki dillə desək  konsulu   Qafur bəy, knyazlıq tərəfindən isə Baratinskiy də olur. Qafur bəy elçilər arasında tərcüməçilik edir. Şeyx Şirvanşah  əvvəlcə memarın getməsinə izn verməsə də, knyazlığın  memarın təhlükəzisliyi üçün  təminat məktubu olduğuna görə elçiləri boş qayatarmır. Yanvarın 10-da karvan yola düşür. 

Əliş Kərimlinin o vaxt tikdiyi knyaz sarayı həmin dövrün tarixi sənədlərinə əsasən  rəssam Appolinariy Mixayloviç Vasnetsov tərəfindən 1922-ci ildə böyük peşəkarlıqla çəkilib. 1367-ci ildə inşasına başlınıb, 1371-ci ildə hazır olan qala-saray demək olar ki, Bakıdakı Şirvanşahlar sarayı üslubunda tikilib. Eyni dəsti xətt, eyni memarlıq üslubu.  Sarayda 5 hücrə ucaldılır. Hücrələrə belə adlar verilir: Spassk, Troitsa, Nikolay, Borovitsa və Keremli. 5-ci hücrəni Əli Kərəmlinin adına “Keremli” adlandırırlar.  Ö dövrdə xalq arasında da bu məhəlləyə Kərəmlinin qalasının yanındakı məhəllə deyərlərmiş. Əslində Moskvanın özü elə bu məhəllədən ibarət imiş.

Memar Əliş Kərəmli öz işini bitirib, geri dönəndə Knyaz Dmitriy Donskoy onu yola salmazdan əvvəl vida məclisi keçirir. Memara yaratdığı  memarlıq əsərinə görə qiymətli hədiyyələr və  əməkhaqqı da verir. Kərəmlini Knyazın  əlaltılarından biri yola salır. Lakin həmin şəxs saraydan ayrılandan sonra, Əliş Kərəmlini yolda öldürüərək , knyazın ona verdiyi bütün hədiyyələri və pulu ələ keçirir...

Aradan iki əsr keçəndən sonra Kremli Fransadan gələn ustalar qırmızı kərpiclə üzləyirlər. Sarayın adı isə elə Kreml olaraq qalır.

Bu tarixi hadisəni ona görə yazdım ki, oxucularımız və rəsmi Moskva yaddaşını vərəqləsin. Həmin əsrlərdə  Knyaz Donskoy, İvan Qroznı Toxtamışa, Əmir Teymura toycü verirdi, Şirvanşah Şeyx İbrahimlə də Moskva Knyazı kimi məktublaşırdılar. Bunu özlərinə şərəf sayırdılar.

Bu o vaxtlar idi ki, Rusun bir knyazlığı var idi. O da türk xaqanlarından asılılıqda yaşayırdı. Tarixin axarında zaman tez keçir. Tarixin ən qəddar və zalım knyazı olan İvan Qroznı hakimiyyətə gələndən sonra hər şey dəyişdi.

26 oktyabr 1581-ci ildə İvan Qroznının başçılığı ilə Sibir xanlığının İckeridəki iqamətgahına hücum edərək kazakların əli ilə buranı ələ keçirirlər. Ataman Yermak Timofeyeviç də qırğınların başında gedirdi. Ötən 120 il ərzində isə addım-addım  Şimaldakı türk torpaqlaqrının təbii ehtiyatlar və sərvətlə  zəngin 12994664 kv km ərazisini ələ keçirdilər. Türkün var-dövləti və Avropanın köməyi  sayəsində 1721-ci ildə Rusiya İmperiyası elan edildi. Rus İmperiyasına boyun əyməyən bütün uşaq, cavan, qoca ən qəddar şəkildə zülmlərə məruz qaldılar, qılıncdan, süngüdən keçirildilər, boğazlarına daş asılaraq çaylarda, dənizlərdə boğuldular. Tanrıçılıq inancından məcburi olaraq xristian inancına təhkim olundular.

Necə ki, rəssam Appolinariy Mixayloviç Vasnetsovun əli ilə şəkilən rəsm tarixə şahidlik edir, ö dövrdə zülmlərə məruz qalan türk xalqlarına məxsus torpaqların sahiblərinə edilən işgəncələr  də tarixi sənədlərdə itməyib.

Mən burada Rusiya İmperiyasının Azərbaycanı hansı hiylələr və müharibələr, süni yaradılan iğtişaşlar ilə ələ keçirməsindən kiçik bir epizodu da qeyd etməyi özümə borc bilirəm.

Şimal torpaqlarında özünü gücləndirən qanlı imperiyanın türk qövmündən hər zaman qorxusu var idi. Təbii ehtiyatları, nefti, qızılı, sərvəti ilə zəngin, strateji coğrafi yerləşməsi İpək Yolunun üstündə olan Azərbaycan Rus İmperiyasına çox əlverişli yem idi. Ələ keçirməsə Osmanlı Türkiyəsi dünyaya sahib olacaqdı.  XVIII əsrdə Rus İmperiyası iki dəfə Azərbaycana qanlı hücumlar etsə də, əliboş geri qayıtmışdı.

1721-ci ilin avqustunda  Şirvana hücum edəndə  Hacı Davud və Qaziqumusun müdafiə dəstələrinin müqaqviməti ilə qarşılaşmışdılar. Həmin vaxt Şamaxıda 5 nəfər rus taciri də öldürülmüşdü. Tarixi sənədlərdə yazılır ki, həmin rus tacirlərini ruslar özləri öldürüb, şamaxılıların üstünə atmışdılar. Bu da Çar I Pyotrun Şirvana hücum etməsinə bəhanə yaratmışdı.

Əziz oxucular, görürsünüz, tarixi gün  həmin tarix olmasa da, hadisələrin gedişi eyni məcrada , eyni ssenari ilə baş verir.

Şirvanlıların tabe olmadığını görən I Pyotr  1722 –ci ilin 15 iyulunda “Manifest” imzalayaraq guya Şamaxıda hakimiyyətə—Səfəvi şahina tabe olmayan Hacı Davudun və Surxay Qaziqumusun  üsyanını yatırmağa kömək edir. Lakin Şiravnı ələ keçirməyinin əsil mahiyyətini qeyd etməmişdi. Məqsəd Şimali Azərbaycanı - Dərbəndi öz əsarətinə salmaq idi.

1724-cü ildə dənizdən Qız qalasına, İçərişəhərə atılan topları da unutmadıq...

Dişi-dırnağı qanlı bir imperiyanın qarşısında neyləyə bilərdik ki...

I Pyotrun vəsiyyətinə sadiq qalaraq, rus hakimiyyətinə gələn hər bir çar, rəhbər, prezident -  torpaqlarında hakimiyyət qurub imperiya yaratdıqları türkləri tarixlərindən, vətənlərindən uzaqlaşdırmaq üçün min bir hiylə və divan üsulları yaratdılar. Məqsəd bir idi: türkü türkdən ayırmaq.

Tatar-türk qanını torpağa axıtmaqdan isə rus hakimiyyəti heç vaxt doymadı. İndi Türk Dövlətləri Təşkilatı üzv ölkələri əl-ələ verib dünyaya haqq-ədalət gətirmək, dünyanın əyilmiş  düzənini düzəltmək istəyəndə Əliş Kərəmlinin tikdiyi Kremldə oturan siyasi hakimiyyət Azərbaycana qarşı öz çirkin mövqeyini və oyunlarını davam etdirməkdədir. Elə ona görə də  Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirindən Rusiyanın ünvanına sərt tənqidlər səsləndirilib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının fevralın 9-da efirə gedən buraxılışında yenidən Azərbaycan-Rusiya münasibətlərinə toxundu.

Rövşən Məmmədov Rusiyanın Azərbaycana qarşı bir sıra cinayətlər törətdiyini vurğulayaraq, Moskvanın ünvanına sərt iradlarını bildirdi:

 

“Bir daha deyirik, Azərbaycan dövləti də, Azərbaycan xalqı da bu dalğanın hardan gəldiyini gözəl bilir, hörmətli Kreml rəsmiləri. Odur ki, biz də elə bax burdan deyirik ki, birinci Qarabağ savaşında Ermənistana Azərbaycan ərazilərini işğal etsin deyə, bir milyard dollarlıq silah göndərənin də, Xocalı soyqırımının baş tutması üçün 366-cı motoatıcı tağımını erməni baskəsənlərinin ixtiyarına verənin də, Ermənistanda uzun illər hakimiyyətdə olmuş Koçaryan və Sarqsyan rejimlərini iqtidarda saxlayanın da, ikinci Qarabağ savaşında Ermənistana gizli yollarla silahlar göndərənin də, müharibənin ən qızğın vaxtında Gəncədə, Bərdədə dinc insanları gecə saatlarında bombalanması və bununla da Azərbaycanı təslim olmağa məcbur etməsi üçün Ermənistana “İsgəndər”, “Pansir” silahlarını verənin də, hazırda öz cəzasını gözləyən Ruben Vardanyanı ürəkləndirib aranı qatmaq üçün Qarabağa göndərənin də, müharibədə bir – birinin ardınca torpaqlarını işğaldan azad edən Azərbaycanın qarşısını kəsməyə çalışanın da kimliyini...”.

 

Bütün bu başverənlərin fonunda belə düşünmək olar ki, Rusiya  I Pyotrdan başlayan yanlış siyasət nəticəsində Qərbin oyuncağına çevrildi. Yüz illərdir sanki Qərblə Rusiya vuruşur, canının çıxacağı anda Qərb yenidən onun əlindən tutub ayağa qaldırır. Bu siyasət günü bu gün də göz önündədir.

I Pyotr kim idi? - Çox maraqlı sual budur. Çünki hər şey elə ondan başladı.

Guya ki, Pyotr Rusiyadan gedib skandiniaviyada gəmiçilik, sənayeçilik öyrəndi, sonra gəlib Rusiya iqtisadiyyatına yeni baxış edib, ölkəni bataqlıqdan xilas etdi.

Əslində həqiqi Pyotr olubdurmu? Belə bir şəxs seçilibdirmi? Unutmayaq ki, bir çox tarixi sənədlərdə onun feyk şəxsiyyət olduğu, Qərbdən xüsusi olaraq yetişdirilən bir şəxsin Rusiyaya sırındığı da qeyd olunub.

Yazılanlara görə Avropadan qayıdan "Pyotr" Qərbin öz adamı idi və tapşırıq almışdı ki, Moskva çayına qədər türk kurqanları ilə dolu olan bir ölkəni, Oğuz xanın qardaşı Oroz xanın övladları olan orusları türk kökündən uzaqlaşdırsın. Tarixini, mədəniyyətini dəyişsin. Burada böyük türkoloq Lev Qumilyevi xatırlamalı oluruq. O yazırdı: “...hər bir özünə rusam deyənin damarında tatar-türk  qanı axır.”.

Anqlo-saksların tapşırığı ilə yəhudilər Rusiya üçün yeni tarix yazmağa başladılar.

Bütün bunlar Qərbə niyə lazım idi?

Rusiyanı bir nömrə xammal bazarı kimi əlaltında saxlamaq, türk axınından Qərbi xilas etmək. Axı Böyük Türk Vyana qapılarını az silkələməmişdi. Vatikanı Bizansdan sonra az qorxuya salmamışdı. İndi rus dərk edə bilmir ki, oyuncaqlıqdan xilas olmaq üçün əslində türkə meyillənməli, müttəfiq olmalı və özünü də bu yolla Qərbin caynağından xilas etməlidir. Yoxsa ağası olan Qərb onu varvar, vəhşi ayı obrazında hələ çox saxlayacaq.

Bu gün əslində türkün çox böyük bir yükü var, o çalışıb Rusiyanı xilas etməlidir. Rusiyanı doğru inkişaf mərhələsinə, doğru tarixə və kökə qaytarmalıdır. Ən azı  Rusiya İmnperiyasının vassalına çevrilmiş hər bir türk torpağı və dövlətinin tarixi sakinləri bunu istəyirlər. Rus İmperiyasının iedoloji süngüsü ilə o türklərin adını, soyadını dəyişsə də, genetik kodunu, ruhunu dəyişə bilmədi. İndi Tatarıstan, Tuva, Kırım, Saxa-Yakutiya, Başqurdstan, Kalmıkiya, Udmurtiya, Qaraqalpaq... türk yurdlarının türkləri oyanır.

Bizim üzərimizdə oaln bu ağır yükü icra etməklə, Rusiyanın imicini xilas etməklə bərabər, dünyanı da doğru düzənə gətirib çıxara bilərik. 400 ildən artıqdır ki, içdiyi türk qanları, taladığı sərvətləri Rusiya hakimiyyətini vampirə çevirib. Nə qura bildi, nə da yarada bildi.

Rusiyanın mərkəzindən uzaqlardakı kəndlərdə, nasleqlərdə, oymaqlarda həyat dayanıb... Qocalar evlərində soyuqdan donub ölür, gənclər isə narkotik və içki aludəçisinə çevrilib. Ukraynaya elan etdiyi qanunsuz müharibədə isə qırılan adlarını yuxarıda saydığım türk xalqlarının övladlarıdır.

Dekabr ayının 25-də Kremlin Qroznıda vurdurduğu təyyardə ölənlərin heç bir günahı yox idi. Azərbaycan hakimiyyətinin bir təyyarəsini vurdurmaqla nəyə nail oldu Kreml? Dünya bir daha Kremlin iyrənc və qaniçən xislətini gördü. Əslində Kaçinskinin təyyarəsi vurulanda da, Naxçıvanda rus  vertolyotu vurulanda da hamı bildi ki, bu Kremlin öz oyunudur.

Nə yaxşı olardı ki, Kreml və orada oturanlar ömürlərində bircə dəfə olsa da, öz səhvlərini, düşmənçiliklərini boyunlarına alsınlar. Rusun təbliğat maşını mavi ekranlardan ancaq irtica, hədyan, qarışıqlıq, müharibə, od -alov püskürür. Ətrafında hansı dövlətdən söhbət gedirsə, bütün qonşu dövlətləri özünə düşmən bilir. Ancaq bir dəfə həmin ideoloqlar özlərinə sual vermirlər ki, niyə qonşu dövlətlər bizə düşməndir? Adamın və ya dövlətin də bu qədər düşməni olar? Çünki qonşu olmağı bacarmırsınız. Bəlkə də o fransız memarlar Kremlin divarlarını qırmızı qan rənginə boyamasaydılar, indi Kremldən qan iyi gəlməzdi...

Bu gün bütün türk dünyası birləşməklə insanlara əmin-amanlıq gətirən ideyaları və arzuları ilə Rusiyanın müstəmləkəçi və qanlı hakimiyyət siyasəti, “Parçala, hökm sür” siyasətini darmadağın edir. Axı RUS  HAKİM DAİRƏLƏRİ bundan niyə narahat olurlar ki?  İnsanlığın ən ali məqsədi də budur: RUS-u xilas etmək. Nədən?  Yanlış düşüncələrdən, şovinist meyillərdən və savadsızlıqdan!

 

Qapaq çəklində: «Dmitriy Donskoyun Kremli».   Rəssam: A.M.Vasnetsov, 1922

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bu gün böyük Azərbaycan şairi B.Vahabzadənin vəfatının ildönümüdür. Xalq şairi bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır.

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. 

O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Türk dünyasının sevimli, dəyərli şairi BəxtiyarVahabzadəni hörmət və ehtiramla anır, onun yaddaşlarda qalan kəlamlarından bir neçəsini diqqətinizə təqdim edirik:

 

Düzlük istəyənin ən əvvəl özü, 

Əgər düz olmasa; vay o düzlüyə!

 

Hər kiçik zərrənin öz aləmi var,
Dünya bir ahəngdə tutmuşdur qərar.

 

Qılınc bu gün varsa, sabah pas tutar, 

Sözünsə qılıncı həmişə parlar.

 

Əgər ana ürəyinə toxunsan, 

Quş yuvası dağıdırsan elə bil.

 

Göydə buludlar da qoşalaşmasa,
Nə ildırım çaxar, nə yağış yağar.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.
Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.

 

Mən tək olan zaman fikirlərimin

Hər biri yanımda bir adam olur.

 

Nə qədər zirvəyə qalxıb ucalsan, 

Sən qalxan zirvəyə enən deyiləm...

 

Səbirlə yaranar hər böyük zəfər.
Unudulmaz el yolunda canı qurban olanlar.

 

Əslimi, nəslimi tanıyıram mən, 

Qarışıq deyiləm, özümdən hürkəm. 

Sən kimsən, sən nəsən, özün bilərsən, 

Mən ilk qaynağımdan türk oğlu türkəm!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.