ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Həmsöhbətimiz çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,  şair, yazıçı, tərcüməçi, dilçi alim, pedaqoq,  filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Firuzə Məmmədlidir.

 

-Sizin üçün nəsr və poeziya arasında ən mühüm fərq nədir? Hansı sizin daxili dünyanızı daha tam və dərindən ifadə edir:

 

=Forma baxımından bu iki janr arasındakı fərq göz önündədir. Bu da həqiqətdir ki, hər ikisi bədii təxəyyül məhsuludur. Amma nəsr bir qayda olaraq, süjet, kompozisiya, məzmun və ifadə planında reallaşır.

Poeziya spesifik normalar daxilində, daha çox dil vahidlərinin daxili informasiyasında mövcud olan poetik məqamların, başqa sözlə, sözün, ifadənin məna variantlarının düzgün, məqsədyönlü seçilib nizamlanmasına əsaslanır. Klassik Azərbaycan poeziyasının, qəzəl, qoşma, gəraylı, layla... və s. Kimi, şeir formalarında bu qayda həmişə qorunmuş, ritm, ahəng, qafiyə, rədif, daxili təqti, heca, səs uzanmaları və s. poeziyanın əsas elementləri kimi poetik fikrin cazibədarlığını nizamlayan vasitələrdən olmuşdur. Müasir poeziyamızda yuxarıda sadaladığım poetexniki elementlərdən kənar, ancaq sözün məzmun qatında birikən poetik ruha əsaslanan sərbəst şeir forması da aktual poeziya nümunələrindəndir.

Məncə poeziya şairin xüsusi halıdır. Onu bir anın əlaməti olan şimşək çaxmasına da bənzətmək olar. Süjetli poeziya nümunələri, poema, mənzum pyeslərdə müəllifə təbii ki, lirik şeir yaradıcılığından fərqli olaraq, vaxt və lirik ricətlərə varmaq lazım gəlir ki, bunu şimşək çaxmasına bənzətmək çətindir.

Poeziya – şairin öz duyğuları ilə gizli görüşüdür. Poeziya içimizdəki sakitliyin üsyanıdır. Poeziya ruhumuzun fəryadıdır.

 

— Siz həm şairsiz, həm yaçızı, hər tərcüməçi, həm alim. Bütün bu sahələrdə eyni vaxtda fəaliyyət göstərmək sizin üçün çətinlik törətmir?

 

— Şeir, nəsr, elmi araşdırma, müəllimlik mənim ictimai həyatımın tamamlanmış ifadə formasıdır. Bunların hər biri beyin və ürək məhsulu olaraq, reallaşmaq üçün sanki öz növbəsini gözləyir.

Həmişə, hər saat şeir gəlmir. Vaxt boşluğu elmi araşdırma və ya nəsr üçün müvafiqdir.

 

— Elm yolunda qarşılaşdığınız ağır maneələr və çətinliklər... Onları necə dəf edibsiniz? Bu gün gənc qızlar elmi araşdırmalara necə cəlb olunur,sizcə, onları ruhlandırmaq üçün nələrə diqqət yetirilməlidir?

 

—Elmi araşdırma zamanı çətinliyim olmayıb. Amma işi başa vurub, müdafiə etmək işi mənə baha başa gəlib. Yəni müdafiəmə maneçilik törətmək istəyənlər olub. Mən misilsiz yazıçımız, repressiya qurbanı “Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” və “Qan içində” romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunla namizədlik dissertasiyası yazıb müdafiəyə təqdim etmişdim. Müdafiə vaxtı Elmi Şura üzvrlərindən biri – ermənipərəst alim iclasdan qaçdı ki, müdafiə baş tutmasın. Və o da bunu iki dəfə təkrar etməklə mənim müdafiəmi iki il geri saldı. Axır ki, müdafiə etdim və işi Moskvaya AAK-na təsdiqə göndərdik. Həmin adam ora da ononim məktub yazdı. Ordan işimi Türkmənistana “Çernıy opponent” deyilən rəyə göndərdilər. Ordan müsbət rəy gələndən sonra – bu da 2 il çəkdi – dissertasiyam elmlər namizədi adına təsdiq olundu.

Bütün ictimai fəaliyyətim maneələr və qısqanclıqlarla müşaaiyət olunub.

Hazırda gənclərdə elmi araşdırmalara bir elə maraq görmürəm. Amma gənc qızlara məsləhətim budur ki, elm yolu çətindir, şərəflidir... Bu yola çıxanda ilk növbədə özlərinin daxili aləmini, bu sahəyə həvəsini, fədakarlığını, psixoloji hücumlara məruz qalma hallarını göz altına alsınlar və özlərini daxilən bu çətinliklərə qarşı mübarizə ruhuna hazırlasınlar. İkinci məsləhətim budur ki, əgər mövcud sahədə elmə yenilik gətirə bilməyəcəklərsə, quru ad naminə bu işə girişməsinlər.

Onları həvəsləndirmək üçün əlimdə əsaslı dəlillərim yoxdur.

 

— Ədəbiyyatda sizin üçün ən önəmli anlayış nədir? Məsələn: dövrün ruhu, müəllif şəxsiyyəti, yoxsa əsərin problematikası?

 

— Təbii ki, yaradıcılıq bunların hər üçünü vacib sayır. Nədən ki, yaranan hər hansı əsər öz dövrünün məhsulu kimi, həmin dövr barəsində gələcəyə az da olsa informasiya ötürür. Məs: M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov və s. kimi yazıçılarımızın zəngin yaradıcılığı buna misal ola bilər.

Məncə müəllif əsərini yaradarkən tamam obyektiv mövqedən təqdim etməli; tendensiya nümayiş etdirməməlidir. Problematika şübhəsiz ki, zaman və məkan hüdudlarında əsərdə öz bədii ifadəsini tapır.

 

— Cəmiyyətdə bədii sənət və elm sahiblərinin dəyəri sizcə yetərincə bilinirmi?

 

— Təəssüf ki, yox.

 

— “Fədakarlıq” deyimi sizin həyatanızda hansı hadisələrlə bağlıdır?

 

— Bütün həyatım “fədakarlıq” deyiminə ekvivalentdir. Hər addımım maneələr, hədə-qorxular, sui-qəsdlər, təhdidlər, “təsadüfi” qəzalar, gətirməzliklərlə müşaiyət olunub. Mən Təhsil, elm, sənət, peşə uğrunda keçdiyim yolu mübarizə yox, müharibə yolu adlandırıram.

 

—Sizin üçün “yazıçı və alim qadın” obrazının spesifik özəllikləri nədən ibarətdir?

 

—Yazıçı və alim qadın ya gərək ailə qurmasın, ya da bəxti gətirsə, qədirbilən, özü kimi elmə, sənətə qiymət verməyi bacaran biri ilə həyatını birləşdirsin. Olmaya-olmaya şair olub, şairlik iddiasında olan birinə qismət olsun... O ta fəlakətdir... Qadın sənət adamları sırasında çox az adam olar ki, həm ailə, həm də sənət sahəsində xoşbəxt olsun.

 

— Bir qadın, yazıçı, alim və insan olaraq özünüzü bir cümlə ilə necə ifadə edərsiniz, sizin fikrinizdə, elm nədir? Öyrənmək, anlamaq, yoxsa qəbul etmək?

 

 — Bir qədər gənc olsaydım, bütün bu titullara (Qadın, yazıçı, alim, insan) nail olduğum üçün özümü “qəhrəman” adlandırardım. Amma indi – 85 yaşımda – “əzabkeş” adlandırıram. O ki qaldı, öyrənmək, anlamaq, qəbul etməyə... Bəli, elm öyrənməkdir, anlamaqdır, ancaq kor-koranə qəbul etməyin tərəfdarı deyiləm. Əgər obyektiv həqiqətlərin mütləq göstəricisidirsə, qəbul edirəm, nədən ki, bunun özü öyrətmək və anlamağa aparan yolun başlanğıcıdır.

 

—Cələgəyin ədəbiyyatı sizin təsəvvürünüzdə necə görünür? Süni intellektdə əslində insan qəlbinin həyacanı öz dəyərini itirmirmi?

 

—Süni intellekt gələcəyin ədəbiyyatını da yaradacaqsa, bu ya dedektiv, ya da epistolyar janrlarda olacaq. Bəli süni intellekt insan qəlbinin incəlikləri bütünlüklə ifadə edə bilməz. O daha çox, onu proqramlaşdıranın daxilini mənimsəyəcək.    

Həmin proqramistin psixolojiyasına motivləşdiyindən ümumilikdə insani keyfiyyət qazana bilməz.

 

— Sizcə Azərbaycanda qadın alimlərin cəmiyyətdəki nüfuzu necə artır və inkişaf edir?

 

—Ölkəmizdə alim, şair, sənətkar qadınların nüfuzunun artması xüsusi diqqətə ehtiyacı olan məsələlərdəndir.

 

—Ölkəmizdə analiz etdiyimiz, lakin qələmə ala bilmədiyimiz hansı həqiqətləriniz var? Xəyalınızın ardından gedərkən özünüzdən belə uzaqlaşdığınızı heç hiss edibsinizmi?

 

—Sualın birinci hissəsinə qısaca cavab olaraq deyə bilərəm ki, belə həqiqətlər çoxdur və xırdalamağa lüzum görmürəm. Sualın ikinci hissəsi gəncliyimdə belə hallar çox olub. İndi artıq xəyaldan uzağam. Acı həqiqətlər hücrəsində tənha sakinəm.

 

—Viktor Hüqo deyirdi: ”Göydən daha gözəl mənzərə var, bu insanın qəlbinin dərinliyidir”. Sizcə bu günün şair və yazıçıları insan qəlbinin bu dərinliyinə nə dərəcədə enə bilib?

 

—Heç kim heç kimi özündən yaxşı tanıya bilməz.  Hərçənd ki, şairlər insan qəlbinin mühəndisləridir deyib ulular. Ancaq başqasının dərdini, sevincini qəlbinə köçürməyi, o emosiyaları özününküləşdirməyi bacaran şairlər bu dərinliyə enə bilər. Bu məqamda isə şeir şairin qələmində “mən” nidası ilə səslənir.

Bu isə cənab şairi vurmaq üçün tənqidçiçilərin əlinə fürsət kimi düşür. “Filan şair özünü yazır”. Halbuki o şeiri oxuyanların bir qismi orada öz dərdini görür, öz dərdini oxuyur. Üzgüçülər peşəsinin belə bir qolu da var – “dərinlik üzgüçüləri”.

İnsan qəlbinə enmək üçün şairdə dərinliyə enmək və qınaqlardan inciməmək xisləti olmalıdır. Bir də, burada ictimai fikir, tənqidin “Sovet” ab-havası ilə nəfəs almaq da az rol oynamır. İndi yazan çoxdur. Təbii ki, hamını izləmək olmur. Amma insan qəlbinin dərinliklərinə enib oradan mirvari tapmaq da hər şairin işi deyil.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Qəmlo 1886-cı ildə Vedi rayonunun Hand kəndində doğulub. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı “Qırmızı tabor”un ən döyüşkən üzvlərindən olub.

 

İstər 1905, istərsə də 1918-ci illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı. Bolşevik hökumətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar.Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır. Kolxozlaşmanın qəti əleyhdarı olan Qəmlo qonşu Kolanlı kəndinin onun kimi kolxoz əleyhdarı olan ağası Kərbəlayi İsmayılla birləşir. Kərbəlayi ilə Qəmlo aranın sakitləşməsini gözləmək üçün Türkiyəyə keçirlər. Türkiyədə olduqları zaman dostlar Mustafa Kamal Paşa Atatürklə görüşürlər. Atatürk onlara geri dönməməyi, Türkiyədə qalmağı məsləhət görür. Kərbəlayı İsmayıl bu təklifi qəbul etsə də, Qəmlo razılaşmır. Bir müddət sonra vətənə dönür, Kərbəlayı İsmayıl isə əksinə, ailəsini Türkiyəyə aparır. Ömrünün Türkiyə dönəmi və Atatürklə görüşündən Qəmloya Paşanın bağışladığı Buxara papağı yadigar qalır.

Türkiyədən dönüşündən bir neçə il keçmişdi. 1931-ci il idi. Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Heç zaman silahı üstündən əskik olmazdı. Həmin gün ilk dəfə evdən əliyalın çıxır. Bəy nəslindən olan ömür-gün həmdəmi Töhfə xanım qarşısını kəsib, silahını götürməyinə təkid etsə də, “belə əziz gündə kirvə evinə silahla getməyin düzgün olmadığını” söyləyir. Məclisin şirin yerində, əlinin duz-çörəkdə olduğu bir vaxt ev sahibi başda olmaqla 18 nəfər qəfildən Qəmlonun üstünə hücum çəkir. Həmlə gözlənilməz olsa da, özünü itirmir. Yaralı aslan kimi çarpışmağa başlayır, amma öldürülür.Töhfə xanım ərinin ölüm xəbərini alınca sirdaşının qapının dibinə qoyduğu beşaçılanına əl atır. Ata minib kirvələrinin evinə çapır və həyəti güllə-borana tutur.

Bu hadisədən sonra araya qan davası düşür. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-si öldürülür. Qəmlo öldürüləndə 4 qardaşından ikisi, bir vaxtlar Şura sədri işləyən Vəli və Nemət daşnaklar tərəfindən qətlə yetirilmişdi. Evin sonbeşkləri Mehdiquluyla Bilalınsa əli yenicə silah tuturdu. Onun qətliylə ailənin də çərxi dönür, doğmaları sürgün və təqib acısını yaşayırlar. Qardaşı Bilal sürgündə dünyasını dəyişir.

Bax belə bir tale.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

Çərşənbə, 01 Oktyabr 2025 11:13

Bismillah” filmi 100 illiyini qeyd edir

 

 

Bu il bir əsrlik yubileyini qeyd edən “Bismillah” filmini təbliğatla teatr və kinonun kəsişməsində olan, eyni zamanda, Azərbaycanı milli kinematoqrafiya tarixində müstəsna yer tutan ekran əsərləri kateqoriyasına aid etmək olar.

AzərTAC xəbər verir ki, 57 dəqiqəlik “Bismillah” filmi ölkənin görkəmli rejissoru Abbas Mirzə Şərifzadənin ilk tammetrajlı ekran əsəri olub. 1920-ci illərdə sovet hökuməti xüsusilə güclü dini ənənələrə malik bölgələrdə dünyəviləşmə və “yeni” sosialist şüurunun inkişaf etdirilməsi üçün intensiv kampaniya aparırdı. Azərbaycan Xalq Torpaq Məsələləri Komissarlığının sifarişi ilə Şəki, Ağdam, Ağstafa, Quba və respublikanın digər bölgələrində çəkilmiş bu filmdə din məsələlərində kütləvi cəhalət, qadın hüquqları, milli adət və ənənələrin arxaizmi kimi mühüm mövzulara toxunulub.

Yazıçı-dramaturq və sovet Azərbaycanının siyasi xadimi Nəriman Nərimanovun da qeyd etdiyi kimi, kino kütləvi təbliğat üçün güclü vasitədir, hətta savadsız tamaşaçılar üçün də əlçatandır və xüsusilə kənd yerlərində daha təsirli olur. Görkəmli ədib yazırdı: “İlk növbədə, insanların obrazlı düşünməyə vərdiş etdiyi Şərqdə kino kütlənin prioritet hazırlanmasını tələb etməyən yeganə mümkün təbliğat vasitəsidir”.

“Bismillah” filmi kinematoqrafiya kontekstində bilavasitə bu məqsədləri əks etdirirdi: dini fanatizmin tənqidi, yerli oliqarxiyaların və ya “cəhalət yayanların” xeyrinə dini istismar edən əməllərin ifşası və inqilabi ədalət prizmasından kəndlilərin “azadlığının” nümayişi. Bu mövzular kinonun “bütün cəbhələrdə” dinə hücumla səciyyələndiyi dövrün rəsmi xəttinə və təbliğat siyasətinə uyğun idi.

1925-ci il aprelin 22-də “Bakinski raboçi” qəzetinin “Kino” bölməsində yazılırdı: “Rejissor Şərifova (orijinal) həvalə olunub ki, Blyaxinin (Pavel - red.) ssenarisi əsasında “Bismillah” adlı böyük din əleyhinə filmi hazırlasın. Filmin çəkilişləri bu ayın sonunda başlayacaq”.

Qeyd edək ki, həmin illərdə Abbas Mirzə Şərifzadə artıq görkəmli teatr xadimi idi. O, opera və dram tamaşaları ilə sıx bağlı olan rejissorluq təcrübəsinə əsaslanaraq, səhnə təcrübəsini kütləvi kommunikasiyanın yeni əldə edilmiş forması - kino ilə birləşdirən addım atdı. Nəticə ideoloji və estetik baxımdan “keçid” dövrünün göstəricisi idi. Filmin quruluşçu operatoru Mərkəzi Əmək İnstitutunun kinematoqrafiya laboratoriyasının müdiri, ssenarist və rejissor Arkadi Yalovoy idi.

Şərifzadənin ilk ekran əsəri təcrübəsinin əsas güclü cəhətlərindən biri onun kinoya olan sevgisi, kəskin bədii duyumu, həvəsi və mümkün olan ən yaxşı nəticələrə nail olmaq istəyidir. Hər səhnədə, hər kadrda, hər bir detalda rejissorun və bütün yaradıcı heyətin enerjisini sezmək olar. Onun teatrdan kinoya keçidi “Bismillah” filminin niyə güclü teatr imzası nümayiş etdirdiyini izah edir: burada xarakterlərə diqqət, aktyorların ifadəli mimikaları və Şərq səhnə dekorasiyası var.

Bu film üzərində işlər Şərifzadənin sənətə bağlılığını nümayiş etdirdi. O, təkid edirdi ki, qəhrəmanların milli adət-ənənələrini və psixologiyasını yalnız azərbaycanlı aktyorlar orijinal şəkildə canlandıra bilər. “Kommunist” qəzeti 1925-ci il aprelin 27-də xəbər verirdi ki, film “türk (orijinalda-red.) aktyorların iştirakı ilə çəkilir”.

Molla Əbdürrəhim rolunu 1916-cı ildə ilk “Arşın mal alan” filmində Süleyman obrazını canlandıran tanınmış teatr aktyoru Mirzəağa Əliyev oynayıb. Azərbaycanın ən məşhur aktyorlarından biri Mustafa Mərdanov üçün kəndli Quli rolu onun kino debütü olub. Aktyor İbrahim Azəri üçün Cəfər obrazı onun ekrandakı ən böyük uğurlarından biri idi. Bəy rolunu azərbaycanlı aktyor, rejissor, tərcüməçi, dramaturq Mir Seyfəddin Kirmanşahlı ifa etmişdi. Hətta kiçik rollarda Abbas Mirzə Şərifzadə tanınmış azərbaycanlı aktyorları çəkib: Molla Rzaxanı Kazım Ziya, Qoçunu isə Mövsüm Sənani ifa ediblər. Zeynəb obrazını K.Vyazanova, Höküməni isə T.Vişnevskaya canlandırıblar.

“Bismillah” filminin əhəmiyyəti daha çox Şərifzadənin bu zəngin materialı mənimsəməsi ilə müəyyən edilir. O, bədii kinorejissor kimi realistik və poetik ifadələri, sənədli kadrları, yavaş-hərəkətli və dinamik çəkilişləri qüsursuz şəkildə birləşdirərək dramaturgiyanı diqqətlə hazırlayıb və “gizli kamera” texnikasından istifadə edib. Filmin fərqli ab-havası Aşura günü Bakıda çəkilmiş kinoxronika kadrlarının istifadəsi ilə təmin edilib. Çəkiliş zamanı Mustafa Mərdanov mərasimdə sinə vuran kütləyə qarışıb və bu səhnə filmə montaj edilib.

Mövcud mənbələrə görə, film artıq 1925-ci ilin yayında ilkin olaraq ictimaiyyətə təqdim olunub. İyulun 13-də tələbələr, sənətçilər və dəvət olunmuş tamaşaçılar üçün “Bismillah” filminin nümayişi təşkil olunub. İyulun 24-də isə İrandan qayıdan Berlin kinorejissorları Azərbaycan Film və Foto İdarəsində olarkən digər filmlərlə yanaşı, “Bismillah”ı da Berlinə göndərmək arzusunda olduqlarını bildiriblər. “Sovkino” bu məqsədlə ekran əsərinin 12 nüsxəsini sifariş edib. Film həmin il oktyabr ayında Moskvada nümayiş etdirildi, ondan sonra daha geniş yayıldı. Bu film qiymətli təbliğat-təşviqat məhsulu hesab edildi. “Teatr və kino” nəşrinin 1925-ci il 10 noyabr tarixli 3 nömrəli buraxılışında elan olunduğu kimi, filmin nümayişi noyabrın 17-də “Krasnı Vostok” kinoteatrında keçirilməli idi. Daha sonra 5 nömrəli buraxılışda qeyd olunurdu ki, “böyük uğuruna görə” “8 hissədən ibarət bədii-məişət filmi”nin nümayişi ikinci həftə uzadılıb. 1925-ci ilin dekabrında VUFKU-nun sifarişi ilə filmin dörd nüsxəsindən birincisi Xarkova göndərildi.

Həmin dövrün sovet mətbuatı “Bismillah” filimin tərifləyir, Azərbaycan kinosunun uğurlarını və Şərifzadənin rejissorluq məharətini yüksək qiymətləndirirdi. Lakin 1930-cu illərin sonlarında baş verən siyasi repressiyalar rejissorun adının onun bütün filmlərinin titrlərindən çıxarılmasına səbəb oldu.

İdeoloji məzmunlu olmasına baxmayaraq, “Bismillah” filmi bu gün də maraqlı ekran əsəri olaraq qalır. O, ilk növbədə, sovet ideologiyasının bölgələrdə şüur tərzini dəyişdirmək üçün yerli mədəniyyət və kino formalarından necə istifadə etdiyini göstərən sənədli sübut kimi baxılmağa layiqdir. Ekran əsəri, həmçinin teatr ənənəsi ilə kinonun qarşılıqlı əlaqəsini nümayiş etdirir: Şərifzadə kimi teatr rejissorları təkcə aktyorluq məktəbini deyil, həm də hekayələrin nəqli üslublarını kinoya köçürüblər. Nəhayət, filmin qorunub saxlanması (rəqəmsal nüsxələri və fraqmentləri mövcuddur) onu dövrün yaddaşında müasir kinoşünaslar, mədəniyyət tarixçiləri və mütəxəssisləri üçün əlçatan tədqiqat obyektinə çevirir.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

İspaniyanın Barselona şəhərində səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində sentyabrın 29-da Bolqarıstanın mədəniyyət naziri Marian Başev ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli son illərdə ölkəmizdə xarici kino istehsalçıları üçün yaradılan şərait və “Rebate” proqramı haqqında məlumat verib.

Görüşdə tərəflər kino istehsalı, qeyri-maddi mədəni irs, eləcə də sualtı arxeoloji irsin araşdırılması üzrə birgə ekspedisiyalar barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, bu ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək UNESCO-nun növbəti Baş Konfransı çərçivəsində gündəlikdə duran məsələlər barədə müzakirələrin davam etdirilməsi qərara alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-də Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi başlanır.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 7-dək davam edəcək builki sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub.

Sərgidə iştirak etmək istəyənlərin metronun “Elmlər Akademiyası” (09:00 - 17:00), “28 May” (09:00 - 17:30) və “Koroğlu” (09:00 - 18:00) stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Avtobusların Bakı Ekspo Mərkəzinə yola düşmə və geri dönüşünü əks etdirən cədvəli təqdim edirik.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

Cəlil Xəlilov,

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik.

 

27 Sentyabr – Anım Günü Azərbaycan tarixində həm hüzn, həm də qürur günü kimi qalacaq. Bu gün biz Vətən uğrunda canını fəda edən şəhidlərimizi ehtiramla yad edirik. Prezident, Ali Baş Komandan İlham Əliyevin Gəncə Memorial Kompleksinin açılışında iştirakı, xüsusilə də balaca Nilay ilə səmimi görüşü xalq-dövlət birliyinin bariz nümunəsidir.

 

Nilay bu gün bizim üçün yalnız bir uşaq deyil o, 2020-ci ilin 11 oktyabrında Gəncəyə atılan raket zərbələri nəticəsində valideynlərini və nənəsini itirmiş, lakin özü möcüzə nəticəsində sağ qalmış bir qəhrəmandır. Onun yaşadıqları Ermənistanın müharibə cinayətlərini və Azərbaycan xalqının çəkdiyi iztirabları bir daha dünyaya nümayiş etdirir.

Cənab Prezidentin Nilayın əlindən tutaraq onunla söhbət etməsi, məhz həmin dağıntıların yerində yeni parkın salınması bu ölkədə heç bir şəhid ailəsinin, heç bir məzlum uşağın unudulmadığını göstərir. Bu, bir dövlətin öz vətəndaşına, şəhid övladına olan diqqət və sevgisinin nümunəsidir.

Veteranlarımız adından şəhid ailələrinə bir daha başsağlığı verir, balaca Nilaya sağlam və xoşbəxt gələcək arzulayırıq. Onun gözlərində gördüyümüz işıq bizim qələbəmizin və sabahımızın rəmzidir.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

 

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Heydər Əliyev Sarayında festivalın bağlanış mərasimi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının yeni quruluşda nümayişi reallaşıb.

 

“Koroğlu” operasını rəsmilər, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri və operasevərlər izləyiblər.

 

Səhnə əsəri Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev tərəfindən hazırlanıb. Orkestrin dirijoru Mustafa Mehmandarov, tamaşanın quruluşçu rəssamı SSRİ Xalq rəssamı Tahir Salahov, rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysteri SSRİ Xalq artisti Qəmər Almaszadə, repetitorlar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Yuri Lobaçevdir.

 

Üçpərdəli, beşşəkilli tamaşada Azərbaycanın aparıcı səhnə ustaları iştirak ediblər. Əsərin baş qəhrəmanı Koroğlu (Rövşən) obrazını dünyaşöhrətli tenor, Xalq artisti Yusif Eyvazov canlandırıb. Nigar rolunda Əməkdar artist İlahə Əfəndiyeva, Həsən xan obrazında isə Əməkdar artist Cahangir Qurbanov çıxış ediblər.

 

Ehsan paşa – Fəhmin Əhmədli, İbrahim xan – Nazim Mahmudov, Həmzə bəy – Əməkdar artist Fərid Əliyev, Alı – Xalq artisti Əkrəm Poladov, kəndli Nadir və Eyvaz rollarında isə Nəzər Bəylərov səhnədə olub. Digər rolları Əməkdar artist Əliəhməd İbrahimov (Təlxək və Carçı), Hidayət Əliyev (Polad), Xalq artisti Fidan Hacıyeva (Xanəndə qız), Əməkdar artist Tural Ağasıyev və Məmmədhəsən Şəmmədov (Əyanlar) canlandırıblar. Zəngin ifa tərkibi və yüksək səhnə mədəniyyəti ilə təqdim olunan tamaşa Üzeyir Hacıbəyli festivalının yaddaqalan anlarından olub.

 

Nümayişin sonunda yaradıcı heyət səhnənin önünə gəlib, əsərin baş qəhrəmanını canlandıran Xalq artisti Yusif Eyvazov çıxış edib, tamaşaçılara təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin və qətiyyətli addımlarının nəticəsi kimi müasir tariximizə yazılıb. Bu böyük dönüş mədəni həyatımızın bütün sahələrinə – teatr, muzey, konsert və sərgi fəaliyyətinə də yeni məzmun gətirib. Son illərdə klassik irsin yenidən dəyərləndirilməsi, səhnə və ekran əsərlərinə müasir baxışların tətbiqi diqqətəlayiq istiqamətlərdən biridir. Hazırlanan layihələrdə həm dövrün aktual çağırışları, həm də milli-mənəvi dəyərlərin, tariximizin və mədəniyyətimizin təbliği xüsusi önəm daşıyır. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının, Fikrət Əmirovun "Nəsimi dastanı” baleti və “PAŞA Bank”ın dəstəyi ilə yenidən bərpa olunan və müasir səhnə estetikasına uyğunlaşdırılan “Koroğlu” tamaşasına münasibətdə də bu amilləri görmək mümkündür. Çünki mədəniyyət sahəsində yaradılan məhsullar təkcə estetik zövqü deyil, həm də ictimai yaddaşı və milli kimliyi möhkəmləndirən mühüm vasitədir.

 

Ənənəvi musiqi bayramı bu il milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illiyi ilə yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 fevral 2025-ci il tarixində dahi bəstəkarın yubileyi haqqında Sərəncam imzalanıb. Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verdiyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, Portuqaliya ,ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirib.

 

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı tarixində ilk dəfə olaraq builki musiqi bayramının tədbirləri paytaxtımızdan əlavə ölkəmizin 10-dan çox şəhər və rayonunu da əhatə edib. Eləcə də bu çərçivədə unudulmaz bəstəkarın musiqi əsərləri əsasında konsert və müvafiq tədbirlər xarici ölkələrdə də rellaşdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Parisdə, Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-musiqili məclis keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ədəbi məclisdə fransız ədəbiyyatının və intellektual dairələrinin nümayəndələri, şair və yazıçılar, habelə jurnalistlər iştirak ediblər.

 

Ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva tədbirdə çıxış edərək XIX əsr tanınmış Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvan haqqında danışıb, dövrünün aparıcı qadın siması olan xan qızının zəngin yaradıcılığı, Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafına verdiyi töhfəsi, habelə onun xeyriyyəçilik fəaliyyəti barədə iştirakçılara məlumat verib. Məclisdə fransız nümayəndələr, Marsel Dram İncəsənət Konservatoriyasının məzunu və klassik vokal sahəsində təhsil almış Alən Tremolye, “Rives Méditerranéenes” mədəniyyət təşkilatının prezidenti, altı şeirlər toplusunun müəllifi şair Fatima Chbiban, habelə ədəbiyyat nəzəriyyəsi üzrə təhsil almış və hazırda Strasburq Universitetinin Yaxın Şərq və Aralıq dənizi ətrafı ölkələri üzrə regionşünaslıq fakültəsinin tələbəsi, ədəbi əsərlərin tərcüməçisi Sitarə Quliyeva Natəvanın bədii yaradıcılığından bəhs edib, Azərbaycan və fransız dillərində onun qəzəllərini səsləndiriblər.

 

Qəzəllərin təqdimatı Azərbaycan milli musiqisi və muğamı ilə müşayiət edilib. Tar və kamançada Azərbaycan Milli Konservatoriyasının İnstrumental ifaçılıq kafedrasının baş müəllimi, tarzən Elçin Nağıyev və Qarabağ Universitetinin İncəsənət fakültəsinin dosenti, Xalq artisti və kamança ustası Elşən Mansurov ifa ediblər.

 

Muğamın ahəngi ilə qəzəllərin poetik dərinliyinin vəhdəti milli mədəniyyətimizin zənginliyini nümayiş etdirməklə yanaşı, dinləyicilərin könlünü oxşayıb.

 

Natəvan poeziya məclisinin iştirakçıları tədbirin sonunda Mədəniyyət Mərkəzinin bağında görkəmli şairənin heykəli önündə xatirə şəkli çəkdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

Çərşənbə axşamı, 30 Sentyabr 2025 07:33

Mədəniyyət naziri UNESCO-nun konfransında çıxış edib

 

 Azərbaycanın mədəniyyət naziri Adil Kərimli UNESCO-nun MONDIACULT 2025 konfransı çərçivəsində keçirilən “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib.

 “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir ev sahibliyinə görə İspaniyaya, təşəbbüsə dəstəyə görə Braziliya və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib, COP28 və COP29-un nəticələrini xüsusi vurğulayıb. O qeyd edib ki, Bakıda keçirilmiş COP29 mədəniyyətin iqlim fəaliyyətində rolunu gücləndirmək üçün mühüm addım olub və qəbul edilən Bakı Maliyyə Məqsədi qlobal iqlim maliyyələşməsində tarixi dönüş nöqtəsi sayılır. 

Adil Kərimli Azərbaycanın təqdim etdiyi “Culture for Climate” (C4C) təşəbbüsünü xatırladaraq, Bakı İqlim Həftəsində də mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə rolunun müzakirə ediləcəyini bildirib.

 Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl Dünya naminə Həmrəylik İli”, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonaları və Bakı Prosesi çərçivəsində keçirilən beynəlxalq forumlar Azərbaycanın dayanıqlı gələcəyə sadiqliyini göstərir.

 Çıxışın sonunda o qeyd edib: “Mədəniyyət və ətraf mühit bir-birindən ayrılmazdır. Birgə səylərlə gələcək nəsillər üçün daha dayanıqlı dünya qura bilərik”.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan-Özbəkistan diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar videoçarx hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, videoçarxda Azərbaycan-Özbəkistan əlaqələri ilə bağlı Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin sitatları var.

Qeyd olunur ki, Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə qurulmuşdur. Videoçarxda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan prezidentləri İslam Kərimovun, Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfərləri haqqında qısa məlumatlar verilir.

Azərbaycan-Özbəkistan mədəni əlaqələri xüsusi bölmədə verilib.

Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib:

https://www.youtube.com/watch?v=uFL4Ik0Acm4

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.