Gerçək həyatdakı Qəmlo - Qəmbəralı Əlirza oğlunu tanıyaq Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Qəmlo 1886-cı ildə Vedi rayonunun Hand kəndində doğulub. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı “Qırmızı tabor”un ən döyüşkən üzvlərindən olub.

 

İstər 1905, istərsə də 1918-ci illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı. Bolşevik hökumətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar.Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır. Kolxozlaşmanın qəti əleyhdarı olan Qəmlo qonşu Kolanlı kəndinin onun kimi kolxoz əleyhdarı olan ağası Kərbəlayi İsmayılla birləşir. Kərbəlayi ilə Qəmlo aranın sakitləşməsini gözləmək üçün Türkiyəyə keçirlər. Türkiyədə olduqları zaman dostlar Mustafa Kamal Paşa Atatürklə görüşürlər. Atatürk onlara geri dönməməyi, Türkiyədə qalmağı məsləhət görür. Kərbəlayı İsmayıl bu təklifi qəbul etsə də, Qəmlo razılaşmır. Bir müddət sonra vətənə dönür, Kərbəlayı İsmayıl isə əksinə, ailəsini Türkiyəyə aparır. Ömrünün Türkiyə dönəmi və Atatürklə görüşündən Qəmloya Paşanın bağışladığı Buxara papağı yadigar qalır.

Türkiyədən dönüşündən bir neçə il keçmişdi. 1931-ci il idi. Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Heç zaman silahı üstündən əskik olmazdı. Həmin gün ilk dəfə evdən əliyalın çıxır. Bəy nəslindən olan ömür-gün həmdəmi Töhfə xanım qarşısını kəsib, silahını götürməyinə təkid etsə də, “belə əziz gündə kirvə evinə silahla getməyin düzgün olmadığını” söyləyir. Məclisin şirin yerində, əlinin duz-çörəkdə olduğu bir vaxt ev sahibi başda olmaqla 18 nəfər qəfildən Qəmlonun üstünə hücum çəkir. Həmlə gözlənilməz olsa da, özünü itirmir. Yaralı aslan kimi çarpışmağa başlayır, amma öldürülür.Töhfə xanım ərinin ölüm xəbərini alınca sirdaşının qapının dibinə qoyduğu beşaçılanına əl atır. Ata minib kirvələrinin evinə çapır və həyəti güllə-borana tutur.

Bu hadisədən sonra araya qan davası düşür. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-si öldürülür. Qəmlo öldürüləndə 4 qardaşından ikisi, bir vaxtlar Şura sədri işləyən Vəli və Nemət daşnaklar tərəfindən qətlə yetirilmişdi. Evin sonbeşkləri Mehdiquluyla Bilalınsa əli yenicə silah tuturdu. Onun qətliylə ailənin də çərxi dönür, doğmaları sürgün və təqib acısını yaşayırlar. Qardaşı Bilal sürgündə dünyasını dəyişir.

Bax belə bir tale.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.