Super User

Super User

 

Prezident seçkiləri yüksək səviyyədə və demokratik keçirilir. Mən müşahidə etdim ki, Azərbaycan xalqı bir daha həmrəylik göstərir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, tanınmış bəstəkar Firəngiz Əlizadə söyləyib.

“Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri səsvermədə iştirak edir. Xalqımızın seçkilərdə ruh yüksəkliyi ilə iştirakı əsas amildir. Təkcə Azərbaycanda yox, vətənimizdən kənarda yaşayan həmyerlilərimiz də seçkilərdə fəal iştirak edirlər”,- deyə o bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2024)

Çərşənbə, 07 Fevral 2024 14:43

Qarabağım səs verir!

 

Ramiz Qusarçaylı yazır: 

 

30 ildi Şuşada yoxuydu Vətən səsi,

Yoxuydu Xankəndinin hayqırıb ötən səsi,

Qayıdır Kəlbəcərin, Laçının itən səsi

İstiqlalım həkk olur bir ilahi dastana,

Qarabağım səs verir qalib Azərbaycana!

 

Araz  pəjmürdə idi, 

Xudafərin pərişan,

Nə bir həyanı vardı, nə halını soruşan,

Öz halal məcrasına qovuşur Suqovuşan,

Təbriz, Culfa, Naxçıvan- o tay, bu tay can cana,

Qarabağım səs verir qalib Azərbaycana!

 

Güllənir hər ürəkdə “Xarı bülbül” butası,

“Uvertüra” ləngəri, 

Xan şikəstə sədası,

Hər dildə, hər dodaqda “Azərbaycan” nidası,

Qiyamətə qalmayan qisasım var,-

“Qan qana!”

Qarabağım səs verir qalib Azərbaycana!

 

Hər qazi dağ qartalı, 

hər qartal saymaz sarı,

Şəhid ruhundan keçir mələklərin güzarı,

Sayrışır nur içində hər şəhidin məzarı

Muştuluğa tələsir əlində gül bir ana,

Qarabağım səs verir qalib Azərbaycana!

 

Canımdan can calanan canım Azərbaycanım,

Damarımda çağlayan qanım Azərbaycanım,

Şərəfim Azərbaycanım, şanım Azərbaycanım,

Car çəkirəm Göyçəyə, Zəngəzura, Zəncana, 

Qarabağım səs verir qalib Azərbaycana!

 

Hardasınız, hay verin hayın havadarları,

Viran çölün, çəmənin, çayın havadarları,

Ey toyun qənimləri,vayın havadarları,

Gör nə gözəl yaraşır Zəfər Azərbaycana! 

Qarabağım səs verir qalib Azərbaycana!

 

Mən savaşa çarpılan qurğuşun “Yox” kimiyəm,

Mən düşmənin bağrına saplanan ox kimiyəm,

Polad sipər kimiyəm, dəmir yumruq kimiyəm,

Bayrağım,- hürr qartalım, qıy çəkir bu meydana,

Qarabağım səs verir qalib Azərbaycana!

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2024)

 

60 ilə yaxındır ki, seçkilərdə iştirak edirəm. Həyatımda ilk dəfədir ki, seçki məntəqəsində belə növbə görürəm. Bu o deməkdir ki, seçkilər xalq tərəfindən böyük coşqu ilə qarşılanır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Xalq şairi Vahid Əziz deyib.

“İlk dəfədir 30 ildən sonra bütöv Azərbaycan səs verir. Səhər efirdə görəndə ki, Xankəndidə, Şuşada səsvermə başlayıb gözlərim doldu. Hər bir azərbaycanlı üçün bundan böyük xoşbəxtlik yoxdur”, - deyə o əlavə edib.

 

Xalq şairinin sözlərinə görə, yeddi fevral növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində milli bayram kimi qeyd olunmalıdır.

 

 

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər. Bu barədə AzərTAC məlumat yayıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2024)

Bu gün Azərbaycanda Növbədənkənar prezident seçkiləri günüdür. Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2024)

Çərşənbə axşamı, 06 Fevral 2024 18:27

ARKA fəaliyyətini genişləndirir

 

Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlunun sədrliyi ilə 2023-cü ildə keçirilmiş Film layihələri müsabiqəsinin qalib kino şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qalib şirkətlərlə yeni hədəflərin müəyyən olunması, dövlət sifarişi ilə filmlərin istehsalı, Kino agentliyi və həmin şirkətlərlə istehsal prosesinin hüquqi tənzimlənməsi yolları müzakirə edilmişdir.

Kinoşünsaların, kino tənqidçilərinin proseslərə cəlb olunması məqsədi ilə Kino Agentliyi nəzdində Analitik təhlil mərkəzinin yaradılması qərara alınmışdır. Mövcud vəziyyətin Agentliyin saytında, sosial şəbəkə hesablarında, həmçinin, elektron kinojurnallarda analizi, təhlili və onların yayımlanmasının vacibliyi vurğulanmışdır. Bədii şuranın üzvü, kinorejissor Elxan Cəfərov, kino tənqidçiləri Nadir Bədəlov və Nəriman Əbdürrəhmanlı, yazıçılar Varis və Şərif Ağayar təkliflərlə çıxış etmişlər.

Sonda qalib şirkətlərlə istehsal proseslərinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)

Çərşənbə axşamı, 06 Fevral 2024 16:11

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

 

Vətən müharibəsində iştirak edən qazimiz Arif Yusubov Əli oğlu ölkəmizin suverenliyi uğrunda vuruşub və ağır yaralanıb. Arif "Suqovuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” medalları ilə və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Onun tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

Allah şəfa versin!

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

"Youtube" video: https://www.youtube.com/watch?v=akjFBo0RFM0

Yüksək keyfiyyətli formada videolink: https://we.tl/t-c9koKkFhyO

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)

Çərşənbə axşamı, 06 Fevral 2024 16:10

Türk dünyasının mediatorları “ASAN xidmət”də

 

Türk Dünyası Mediatorlar Birliyinin rəhbəri, Türkiyə Ədliyyə Nazirliyinin Mediasiya Şurasının İdarə Heyətinin üzvü Yakup Erikelin başçılıq etdiyi nümayəndə heyəti Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

Agentliyin Aparat rəhbəri Fuad Qarayev qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. 

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görüldüyü bildirilib.

Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi barədə məlumat verilib.

Qonaqlar “ASAN xidmət” konsepsiyası, eləcə də Dövlət Agentliyi tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətin onlarda yüksək təəssürat yaratdığını bildirib.

Nümayəndə heyəti  “Bilim Bakı” mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)

Çərşənbə axşamı, 06 Fevral 2024 17:30

Bu günün duası

 

Sadiq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Fe-dəmir, özü oksigeni axtarır, onunla birləşir, paslanır;

Cu-mis, istilik verəndə (qızışdıranda) oksigenlə birləşir, paslanır;

Au- qızıl, heç bir şəraitdə oksigenlə birləşmir, keyfiyyətini itirmir, paslanmır...

İnsanlar da belədir:

Paslanan insanlar- əqidəsinə, vətəninə, namusuna xəyanət etmək üçün özü axtarır, tapır;

Mis insanlar-  qıraq təsirlərdən (qızışıdırmaqdan) xəyanət , yaltaqlıq edir, namusunu itirib, paslanırlar... Ən təhlükəli kateqoriyadılar.

Qızıl insanlar- heç bir təsirdən mənliklərini itirmirlər, dəyişmirlər, paslanmırlar.

ALLAH bizləri paslanmaqdan hifz etsin. Satqınlardan, qəzəbinə gəldiklərindən və yolunu azmışlardan olmayaq. Hidayət edib, doğru yola yönəltdiklərindən, nemət verdiklərindən, dost bəndələrindən, elm, hikimət, əxlaq nəsib etdiklərindən olaq. Qarabağlı, Şuşalı, Naxçıvanlı, Bakılı- Qüdrətli Azərbaycanlı olaq. 

Dünyanın harasında olursa olsun, hansı dindən, hansı xalqdan olmasından asılı olmyaraq köməyə ehtiyacı olanlara dua etmək əqidəsi, yardım etmək iqdidarı versin.

ALLAH acından, suzundan can verən, didərgin düşən müsəlmanlara kömək olsun, onlara güclü, demokratik dövlətlər nəsib etsin ki, əllərində olan nefti, qızılı almaq üçün şeytanın övladları, kapital sahibləri  başlarına bombalar tökə bilməsinlər.

ALLAH məzlumların əzilə bilmədiyi, zalımların əzə bilmədiyi aləmlə, ictimai qurluşla bəşəriyyətə nicat nəsib etsin.

BUNLAR DA OLSUN BU 

GÜNÜN DUASI.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)

 

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Bir vaxtlar sovet gənclərinin ən sevdikləri, əzbər bildikləri bir şeir idi, Cabir Novruzun “Gecikmiş məhəbbət” şeiri. Bu şeirin sözlərinə Şəbnəm Tapdıqova bir başqa, Sərxan Sərxan bir başqa mahnı oxuyurdular. 

Hər günü adınla başlayacağam,

Hər günü adınla bitirəcəyəm.

Səni röyalarda oxşayacağam,

Səni xəyallarda itirəcəyəm.

Doğrudan da möhtəşəmdir!!!

 

 

Sən gizli gəlmisən ömrümə, inan,

Bu gizli eşq ilə yaşayacağam.

Dünyanın ən ağır yükü sayılan,

Gecikmiş məhəbbət yaşayacağam.

 

Sən mənim ömrümdə açan çiçəksən,

Onu ürəyimdə bəsləyəcəyəm.

Sən məni heç zaman görməyəcəksən,

Mən səni hər zaman gözləyəcəyəm.

 

Uzaqdan göz qoyub gözünə sənin,

Sankı görəcəyəm allahımı mən.

Düşüb qarış-qarış izinə sənin,

Əzbərləyəcəyəm yollarını mən.

 

Səni zərrə-zərrə kəşf edəcəyəm,

Səni milyon kərə kəşf edəcəyəm.

Ərini oğlunu öyrənəcəyəm,

Rəngini, qoxunu öyrənəcəyəm.

 

Hər günü adınla başlayacağam,

Hər günü adınla bitirəcəyəm.

Səni röyalarda oxşayacağam,

Səni xəyallarda itirəcəyəm.

 

Sən məni heç zaman duymayacaqsan, 

Mən bütün ömrünü izləyəcəyəm.

Sən mənə məhəl də qoymayacaqsan,

Mən səni həmişə səsləyəcəyəm.

 

Hər gün mənim üçün doğulacaqsan,

Hər gün mənim üçün yox olacaqsan.

Mənim sevincim də sən olacaqsan,

Mənim kədərim də sən olacaqsan.

 

Mən sənin adına hər saat, hər an 

Qəlbimdə məktublar yollayacağam.

Sən heç vaxt fikrimdən çıxmayacaqsan,

Mən heç vaxt yadında qalmayacağam.

Beləcə həsrətlə qocalacağam,

Belə enəcəyəm, ucalacağam.

 

Keçib hər alovdan, keçib hər oddan.

Böyük əzabından şad olacağam.

Sən mənə həyatda ən doğma adam,

Mən sənə yaddan da yad olacağam

 

Sən ömr edəcəksən ayrı adamla,

Mən kiməm, nəçiyəm bilməyəcəksən.

Bir gün bu dünyadan sənin adınla

Köçüb gedəcəyəm bilməyəcəksən.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.