Super User

Super User

 

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevi Növbədənkənar  Prezident Seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik etmişdir.

“Ədəbiyyat və incəsənət” portalı təbrik mətnini təqdim edir:

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.

Seçkilərdə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür.

Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə inanıram.

Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır.

TURKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.

Ən dərin hörmət və ehtiramla,

 

Sultan Raev

TÜRKSOY-un Baş katibi

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)

Rəsm qalereyası: Pablo Pikasso, “Absent həvəskarı” (1901)

 

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları fevralın 8-də işinə başlayan “OTM Mumbai 2024” (“Outbound Travel Mart”) sərgilənir.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinə istinadən məlumat verir. 

Hindistanın Mumbay şəhərində fevralın 10-dək davam edəcək sərgidə ziyarətçilərə Azərbaycanın tarixi və mədəni irsi, qastroturizm potensialı, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, ekoturizm kimi turizm istiqamətləri və məhsulları barədə məlumat verilir.

Milli stenddə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 15 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə  ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Qeyd edək ki, 2023-cü il ərzində ölkəmizə gələn xarici ölkə vətəndaşları sırasında Hindistan olan ziyarətçilər 4-cü yerdə qərarlaşıblar. Ötən il ərzində Azərbaycana 117 302 nəfər Hindistan vətəndaşı gəlib ki, bu da 2022-ci il rəqəmləri ilə müqayisədə 93%, 2019-cu il rəqəmləri ilə müqayisədə isə 80% çoxdur. 

Asiya üzrə ən böyük turizm sərgisi hesab olunan 2023-cü ildə 35 mindən artıq ziyarətçi qəbul edən sərgiyə 60 ölkədən 1600-dən çox turizm şirkəti qatılıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)

 

Dünyaşöhrətli kamança ifaçısı Mark Eliyahu 2024-cü il fevralın 11-də - bazar günü Heydər Əliyev Sarayında çıxış edəcək. Səbirsizliklə gözlənilən gün artıq yetişdi. 

 

“Ədəbiyyat və incəsənət” portalı ticket.az-a istinadən xəbər verir ki, konsertdə ifaçı tamaşaçıların qarşısına “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərlərlə çıxacaq.

Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Milliyyətcə yəhudidir. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. O, 16 yaşında Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovdan kamança ifaçılığı sənətini mənimsəyib.

Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo-albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

“Bakı” jurnalı yazır ki, Eliyahunun sayəsində kamança bütün dünyada tanınıb.

Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqlilikləri aşaraq dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

Biletlərin qiyməti 40-220 manat aralığındadır. 

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)

 

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Elvin Qeybəliyev Ağalar oğlunun Bakı  şəhərində doğulan övladı Məhəmmədəlinin zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. 

Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürüləcək. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

"Onlar bizə əmanət" layihəsi indiyədək 117 şəhid övladını əhatə edib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

 

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, quruluşçu rejissoru Əlif Cahangirli olan tamaşada rolları Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Davud Arif ifa ediblər.

Səhnə əsəri dünyagörüşləri fərqli olan iki insanın söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradıb. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.

Əsər bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bəli, Avropadakı əsas qüvvələrin Azərbaycana qarşı itələyici təsiri duyulduqca Ermənistanın bu məkanda güclənməsi hiss edilməkdədir. 

Ermənistan dünəndən etibarən  rəsmi olaraq Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Respublika Roma əsasnaməsinə qoşulan ümumən 124-cü, Şərqi Avropadan  isə 19-cu üzv-dövlət oldu.

Mərasimdə ICC Prezidenti Ermənistan parlamenti tərəfindən Roma statutunun ratifikasiyasını mühüm və cəsarətli qərar adlandırdı. 

Xatırladaq ki, Ermənistanın Qanunverici orqanında Haaqa Məhkəməsinə üzvlük səsverməsi  keçən ilin oktyabrında baş tutub. Hakim partiyadan 58 deputat “lehinə" səs verib, müxalifətdən 25 deputat səsvermədə iştirak etməyib.

Ermənistanın üzvlüyünü salamlayan mərasim barədə Euronews telekanalının reportajında vacib bir detal diqqət çəkdi. Rusiya Ermənistan tərəfindən sənədin ratifikasiyasına fəal şəkildə qarşı çıxıb. Səbəbi də odur ki, ICC Rusiya prezidenti Vladimir Putinin Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyası ittihamı ilə həbsi üçün Order verib. Və bu sanksiyaya avtomatik olaraq Ermənistan da ikiəlli səs verməli olub. 

Kreml Ermənistan hakimiyyətinin qərarını Rusiyaya qarşı son dərəcə düşmən addım adlandırdı. 

Gəlin unutmayaq ki, Kremlin Ermənistandan qisas almaq üçün açarı bir iqtisadi sanksiyalar, bir də Azərbaycan - Ermənistan konfliktidir, Rusiya illərdir ki, bu konfliktdən öz manipulyasiya aləti kimi yararlanmağa cəhd edir. 

Və ölkəmizin Ermənistana qarşı daha ciddi köklənərək, hazırda mübahisə predmetinə çevrilən Zəngəzur dəhlizi məsələsində aktiv hücumçu mövqeyi sərgiləyəcəyi baş verərsə, bu Rusiyaya fayda verməklə yanaşı, dünya ictimaiyyətini daha çox antiAzərbaycan ovqatına kökləyəcəkdir. 

Ayının min oyunu var, bir armudun başında. 

Ümidvarıq ki, Azərbaycan Prezidenti nəyi necə edəcəyini gözəl bildiyindən, yenə də Azərbaycanı bu presendentdən itkisiz çıxarmağı bacaracaq. 

 

Şəkildə: Haaqada keçirilən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü kimi Ermənistanı salamlayan təntənəli mərasimdən.

(Foto: Euronews)

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Hər dəfə Dəmiryolu vağzalı ilə 28 Mall alış veriş mərkəzi arasında ucalaraq göz oxşayan bu nəhəng abidəyə baxanda onu ərsəyə gətirən heykəltaraşa səd əhsən deyirəm. 

Bəli, söhbət görkəmli yazıçımız,  dramaturqumuz Cəfər Cabbarlıya ucalan abidədən və Xalq rəssamı Mirəli Mirqasımovdan gedir. 

 

Bu gün Azərbaycan heykəltəraşlıq sənəti tarixində iz qoymuş Xalq rəssamı Mirələsgər (Mirəli) Mirqasımovun doğum günüdür.

Anadan olmasının 99-cu ildönümü tamam olan Xalq rəssamı heykəltaraşlıq sahəsində yaddaqalan yaradıcılıq nümunələri ilə xüsusi rəğbət qazanıb.

Heyjəltaraş 1924-cü il fevralın 9-da Bakı şəhərində AMEA-nın ilk prezidenti olmuş görkəmli akademik, Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri Mirəsədulla Mirqasımovun ailəsində dünyaya göz açıb. Təsviri sənətə olan böyük həvəsi onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarıb. 1944-cü ildə həmin məktəbi bitirən Mirəli təhsilini İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirib və 1950-ci ildə təhsilini uğurla başa çatdıraraq, ilk ali təhsilli peşəkar Azərbaycan heykəltaraşı olub.

Qeyd etmək lazımdır ki, heykəltaraş yaradıcılığının ilk illərində animalistik janrda heykəllər yaratmağa üstünlük verib. Ümumiyyətlə, Azərbaycan heykəltəraşlıq sənətində nədənsə animalistik janrda heykəltaraşlıq əsərləri az yaradılıb. Bu baxımdan M.Mirqasımovun bu sahədə olan yaradıcılıq fəaliyyəti təqdirəlayiqdir. Onun müəllifi olduğu dəzgah heykəltaraşlığı əsərlərinə nümunə olaraq “M.Ə.Sabirin büstü” (1948), “At” (1950, gips), “Şir” (1950, gips), “Qız portreti” (1955, mərmər), “Ana portreti” (1956, gips), “Qız göyərçinlə” (1956, mərmər), “Şah yaylaq” (1957, gips), “C.Cabbarlı” (1958, mərmər), “Neftçi Qurban” (1959, bürünc), “Azadlıq” (1959, bürünc), “İkar” (1962, bürünc), “Xəzri” (1966, bürünc), “Akademik Mirəsədulla Mirqasımov” (1980, bürünc), “Hərəkət qüvvətdir” (1982, bürünc), “C.Cabbarlı” (1987, bürünc) və başqalarını göstərmək olar. Sadalanan hər bir sənət əsərinin ərsəyə gətirilməsi heykəltaraşın gərgin yaradıcılıq axtarışları və zəhməti hesabına başa gəlib.

M.Mirqasımov mənsub olduğu ailənin gözəl ənənələrindən qaynaqlanan yüksək intellektuallığı və əməksevərliyi, seçdiyi sənətə sonsuz bağlılığı sayəsində heykəltaraş kimi böyük yaradıcılıq yolu keçib və onun yarım əsrdən artıq müddət ərzindəki fəaliyyəti Azərbaycanda heykəltaraşlığın inkişafında mühüm rol oynayıb. Mirəli Mirqasımovun monumental plastika sahəsindəki xidmətləri xüsusilə yüksək qiymətə layiqdir. Heykəltaraşın xalqımızın görkəmli oğul və qızlarının mərmərdə, qranitdə və tuncda əbədiləşdirdiyi obrazları küçə və meydanları, böyük sərgi və muzeyləri bəzəyən sənət inciləridir. Bakıda Cəfər Cabbarlının, Naxçıvanda Cəlil Məmmədquluzadənin monumental abidələri, Sumqayıtda Nəriman Nərimanovun büstü incəsənətimizin qızıl fonduna həmişəlik daxil olub.

M.Mirqasımovun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən sənət əsəri, heç şübhəsiz ki, yazımızın əvvəlində qeyd etdiyimiz kimi, görkəmli yazıçımız Cəfər Cabbarlının Bakıda ucaldılan heykəlidir. Əzəmətli – hündürlüyü 5,5 metrə çatan abidə son dərəcə mükəmməl kompozisiya və bədii işlənilmə xüsusiyyətlərinə malikdir. Hündür qranit postamentin üzərində yazıçının ayaq üstə, başını sola çevirmiş, əlləri sinəsində qoşalanmış vəziyyətdə və gərgin fikirlər keçirdiyi məqamda, orijinal formada monumental bədii obrazı yaradılıb. Dramaturqun bədii obrazında ekspressiv, üsyankar və barışmaz “mən”i daha çox surətin zahiri quruluşu ilə üzə çıxarılıb. Dramatizm və dinamizm, yazıçının daxili gərginliyi abidənin ümumi plastik həlli yolu ilə açılıb. Heykəltaraş bu əsərində də paltodan obrazın ümumi bədii həllində vahid element kimi istifadə edib. Yazıçının çiyinlərindən sallanan palto sanki teatrın pərdələrini xatırladır və obrazın monolitliyini və monumentallığını artırır. Postamentdə teatr maskalarının əks etdirilməsi abidənin vahid kompozisiya biçimində həllinə xidmət edir və surətin bədii ifadəliyinə əlavə estetik zövq gətirir. C.Cabbarlının heykəli Azərbaycan heykəltaraşlıq sənətində bədii və texniki işlənilmə, həmçinin qranitdən yonulmuş ən monumental heykəltaraşlıq abidəsi kimi daxil olub. Bu abidə SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb.

Heykəltaraşın əsərləri Rusiya, Polşa, Bolqarıstan, Almaniya, Kanada, Misir və başqa ölkələrdə uğurla nümayiş etdirilərək, Azərbaycan heykəltaraşlıq məktəbinə şöhrət qazandırıb.

Həyatın ağır sınaqlarına sinə gərmək Mirəli Mirqasımovda mübarizlik ruhu yaratmışdısa da, onun əsərlərində nikbin ovqat və romantiklik üstünlük təşkil edir. Sənətlərin sintezi probleminin gözəl həlli, monumental duyum və lakoniklik onun yaradıcılığının başlıca səciyyəvi cəhətləridir.

Azərbaycan heykəltaraşlıq sənətinin inkişafında var qüvvəsini sərf etmiş M.Mirqasımovun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, müxtəlif orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunub. Onun mənalı yaradıcılıq yolu gənc heykəltaraş nəsilləri üçün zəngin sənət məktəbidir.

Respublikanın görkəmli heykəltaraşı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Xalq rəssamı Mirəli Mirqasımov 2003-cü il noyabrın 9-da ömrünün 80-ci ilində vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)

Cümə, 09 Fevral 2024 10:15

2873 ulduza örnək Mübariz!

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Çəkdin yağıların sinəsinə dağ,

Nərəndən titrədi əsir Qarabağ,

Nədən qürurluyuq ölüyük, ya sağ?!

Bu dərddən kükrəyib durdun, Mübariz,

Düşməni köksündən vurdun, Mübariz.

          

Qisasın yolunu öyrətdin bizə,

Mənfur iblislərə nifrətin nizə,

Yaradan bu şərdən xilası çözə,

Dərdi nə ağırmış yurdun, Mübariz,

Düşməni köksündən vurdun, Mübariz.

            

Yetdin şəhidliyə şir ürəyinlə,

Mübarək bahadır, pir ürəyinlə,

Əlləşdi, vuruşdu sirr ürəyinlə

Bu sirdən bir tarix qurdun, Mübariz,

Düşməni köksündən vurdun, Mübariz.

 

(Şirinxanım Kərimbəyli Şadimanın şeirindən bir neçə bənd)

 

Ulduzlar tək səmanı bəzəmir, məncə, ulduzlar tək göylərdə olmur. Şəhidlər də torpağın ulduzlarıdır. Onların qanı hesabına bu torpaq işıqlanır, bu torpaq canlanır və vətən vətən olur, millət də millət. Necə deyərlər... Torpağa şəhid qanı tökülübsə, o torpaq vətəndir. 

Bu torpağın İkinci Qarabağ müharibəsində 2783 ulduzu oldu. Onların hesabına bu torpaq vətən oldu. Lakin İkinci Qarabağ müharibəsi igidlərinin örnək aldığı, dərsliklərdə haqqında oxuyub ürəklərinə igidlik toxumu əkən igidlər var. Bu igidlərdən biri də Mübariz İbrahimovdur. O Mübariz İbrahimov ki, onun cəsarətinin qabağını heçnə kəsə bilməmiş 2010-cu ildə  təkbaşına 1 kilometr (0.62 mil) məsafəlik minalanmış ərazidən keçərək Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın edə bildi. İbrahimov burada erməni qüvvələri ilə beş saat döyüşdü və səhər saatlarında şəhid oldu. 

 

Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli fərmanı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Sərəncamda qeyd edilmişdir ki, Milli Qəhrəman adı Mübariz İbrahimova "Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə" verilmişdir. Bundan başqa İlham Əliyevin İbrahimovun xatirəsini əbədiləşdirmək üçün imzaladığı sərəncamda qeyd edilmişdir: "Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin; Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin". 

15 iyun 2011-ci ildə onun adını daşıyan məktəbin qarşısında Azərbaycan Mərkəzi Bankının sponsorluğu ilə Mübariz İbrahimovun 4 metrlik qranit heykəlinin açılışı olmuşdur. 

Mübariz İbrahimov 2010-cu ildə ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanda "ilin adamı" seçilmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)

Dövlət Tərcümə Mərkəzi tanınmış Azərbaycan şairi Əlisəmid Kürün 70 illiyi münasibətilə “Tənha Kentavr” kitabını nəşr edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Tərcümə Mərkəzinin yaydığı məlumata görə, kitaba şairin şeirləri ilə yanaşı, həyatının müxtəlif dövrlərini əks etdirən fotoqalereya da daxil edilib.

 

Kitabda, həmçinin Arif Məlikov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Elçin, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Nizami Cəfərov kimi tanınmış elm, sənət və mədəniyyət xadimlərinin şairin şəxsiyyəti və yaradıcılığı ilə bağlı söylədiyi fikirlər də yer alıb.

 

“Rəngli kölgələr”, “Kentavr”, “Çaylar məcrasından çıxanda”, “Sonuncu dua”, “Qan-tər içində” kitablarının müəllifi olan Əlisəmid Kür Türkiyənin “Qızıl çələng”, “Vektor” Elmi Mərkəzinin “Poeziya”, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk ədəbiyyatına xidmətlərinə görə” mükafatlarının laureatıdır.

 

 “Ədəbiyyat və incəsənət”

(09.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.