
Super User
“Dahilər” adlı konsert proqramı təqdim olunacaq
Aprelin 11-də Heydər Əliyev Sarayında “Dahilər” adlı möhtəşəm konsert proqramı təqdim olunacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı iTicket.az saytına istinadən məlumat verir.
"Azkonsertshow" və "Maestro Music - Azərbaycan"ın təşkilatçılığı və Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə keçirilən gecədə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi və Elza İbrahimovanın yaddaşlara həkk olunan unudulmaz bəstələri səsləndiriləcək.
“Bakı Sinfonietta” Orkestrinin müşayiəti ilə keçiriləcək konsertdə Azərbaycanın Xalq artistləri, Əməkdar artistləri və tanınmış müğənniləri çıxış edəcəklər.
İnanılmaz dərəcədə maraqlı olacaq.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)
Azərbaycan kulinarları Almaniyada Ümumdünya Kulinariya Olimpiadasında iştirak edirlər
Meneceri kulinar bloger Fərhad Aşurbəyli olan azərbaycanlı kulinarlar komandası ölkəmizi fevralın 2-dən 7-dək Ştutqartda (Almaniya) keçirilən Ümumdünya Kulinariya Olimpiadasında təmsil edir.
AzərTAC xəbər verir ki, Ümumdünya Kulinariya Olimpiadası dünyada kulinariya ustalığının ən iri beynəlxalq sərgisidir. Olimpiada 1900-cü ildən bəri dörd ildə bir dəfə keçirilir. Təşkilatçı Ümumdünya Kulinarlar və Qənnadıçılar Assosiasiyası (WACS) və Ştutqart Messe sərgi mərkəzidir. Bu il kulinariya yarışmasında 55 ölkədən 1200 iştirakçı mübarizə aparır. Onlar 7 mindən çox yemək hazırlayacaqlar. Hər yarışmada toplanan xallar əsasında qızıl, gümüş və bürünc medallar oynanılacaq. Qaliblər fevralın 7-də elan olunacaq.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)
Azərbaycan Beynəlxalq Tbilisi İncəsənət Sərgisinə dəvət olunub
Aprelin 11-14-dək Gürcüstanda Dördüncü Beynəlxalq Tbilisi İncəsənət Sərgisi (TAF) təşkil ediləcək.
AzərTAC xəbər verir ki, ExpoGeorgia məkanında keçiriləcək sərgiyə Azərbaycandan da dəvət olunub.
Sərginin təşkilatçıları bildiriblər ki, TAF 2024 yerli və beynəlxalq qalereyaları, eləcə də müstəqil rəssamları bir araya gətirərək əsərlərini daha geniş auditoriyaya təqdim edəcək. Ən böyük müasir incəsənət məkanı kuratorları, tənqidçiləri, kolleksiyaçıları, beynəlxalq medianı və dünyanın hər yerindən qonaqları bir araya gətirəcək.
Sərgilərlə yanaşı, yarmarkada müasir incəsənətin təbliğinə və dünya incəsənət səhnələri arasında əməkdaşlığın təşviqinə yönəlmiş tamaşalar, ustad dərsləri, bir sıra Taf Talks və digər tədbirlər keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)
Qərbi Azərbaycana qayıdış bizim haqq işimizdir
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət".
Qərbi Azərbaycanın bənzərsiz ədəbi irsi və geniş yaradıcıllığa malik şair və yazarları olmuşdur. Bunlardan biri də babam Məhərrəm Təvəkkül oğlu Allahverdiyevdir. O Vedi nahiyəsi Şitdi kəndində Nəğmə və Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq pedoqoji fəaliyyət göstərmişdir. 1988-ci ildə doğma yurdundan ayrı düşmüş babam Şuşa rayonunda və Bakı şəhərində də pedoqoji fəaliyyətinə davam etmişdir.
O, pedoqoji fəaliyyəti boyunca bədii yaradıcıllıqla məşğul olmuşdur. Doğma yurdundan ayrı düşdükdən sonra isə bədii yaradıcıllığında vətən həsrətini aydın şəkildə görmək mümkündür. Təəssüflər olsun ki , babam 21 ildir ki, aramızda yoxdur. Və bədii irsinin çox cüzi hissəsi bizə məlumdur. Sizə Qərbi Azərbaycan bədii irsinin növbəti rubrikasını təqdim edirəm .
Qalmayıb
Bizə babalardan qalan adətlər,
Çoxu unudulub, eldə qalmayıb.
Kişidə, arvadda, gəlində, qızda,
Abır, həya dildə, üzdə qalmayıb.
***
Salam, sabah çıxıb indi aradan,
Bunu görüb Allah, bizi yaradan ,
Biganəlik bizə gəlib haradan,
Salamlar Muğanda, Mildə qalmayıb.
***
Baba, nənəmizdən utanmırıq biz,
Yanından keçirik, səssiz, səmirsiz.
Yoxsula fəqirə, laf edirik biz,
Yox olub mərifət çöldə qalmayıb.
***
Əvvəl əl tutardıq, kasıb, yoxsula,
Nə vaxt gələcəkdir, varlı ağıla.
Bala işlərimiz, dönüb, nağıla?
Yaxşı adamlarda, hal da qalmayıb.
***
Çoxunun südündə, haramlıq vardı,
Allah da bunlardan, bil xəbərdardı.
Çoxunu Allahım, dardan qurtardı,
İndi halallıq da, eldə qalmayıb.
***
Çoxları seçməyib, ağı qaranı,
Oğurlayıb malı çıxır aradan.
Sənə qurban olum, bizi yaradan ,
İndi niyə halal insan qalmayıb?
***
Günahı görmürəm ata, anada,
Öyüd verib ata, ana, xala da.
Belə getsə, qalmaz vallah həya da,
Məhərrəm, üzlərdə su da qalmayıb.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)
Qırxqız dağ əfsanəsi – Zahirə Cabir
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.
Qırxqız dağ əfsanəsi
Qədim zamanlarda Xocalı adlı bir diyar vardı. Bu obanın ərənləri zəhmətkeş, cəsur, qorxmaz idilər. Öz yurdlarını yadellilərdən qorumaq üçün möhkəm qala tikmişdilər. Yurda göz dikən yadellilər talançılıq, işğal yolu ilə onların malını, sərvətini əllərindən almaq istəyirdilər. Nəhayət bir gün düşmən hiylə işlətdi. Güdükçülər qalaya gedən yolların çayın altından gedən lağım ilə qalaya çıxdıqlarını öyrəndilər. Beləcə onlar qalanı ələ keçirib, var-dövlətini talan etdilər.
Qalanın yaxınlığında yaşıl bir təpə vardı. Onun yamacları güllü-çiçəkli, dərələri bağlı-bağatlı idi. Qızlar, gəlinlər yazda da, yayda da, payızda da onun şəninə nəğmələr qoşar, yaşıl xalıya bənzər çəmənliklərinin gözəllliyindən həzz alardılar. Həmin günü şahın qızı öz qırx qaravaşı ilə gəzməyə çıxmışdı. Birdən onlar yadellilərin, düşmənin dağın ətəklərindən onlara sarı gəldiklərini gördülər. Qırx qız düşmən əlinə keçəcəklərindən qorxub qacırlar. Amma artıq düşmənlər onlara çatanda şahın qızı Allaha yalvarır ki, onlara bir nicat versin. Allah onların duasını eşidir, həmin an dağ aralanır, onlar içinə düşürlər. O vaxtdan həmin dağa Qırx qız dağı deyirlər.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)
Müfəssəl maliyyə planı - Varlanmaq üçün uğur formulu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Varlanmaq istəyən oxucularım, mövzumuz davam edir. Bu gün müfəssəl maliyyə planı - biznes planı bölümünə baş vuracağıq.
Müfəssəl maliyyə planı
Siz öz biznes-planınıza detallarına qədər işlənmiş maliyyə planı daxil etməlisiniz. Adətən bu, 3 il üçün tərtib edilir. Planda aşağıdakılar öz əksini tapmalıdır:
· Satış həcmlərinin proqnozu;
· Qazanc və ziyanın qiymətləndirilməsi (birinci il hər ay üçün, sonralar hər rüb üçün);
· İllik balans cədvəli.
***
Biznes-planın hazırlanması təxəyyül tələb edən işdir. Bu sənəddə siz olmuşları deyil, gələcəyi təsəvvür və təsvir edirsiniz. Əksəriyyət üçün belə iş, əlbəttə ki, çətindir.
Siz yazıçıları hərdən yaradıcılıq ilhamının tərk etməsi haqqında eşitmisiniz? İfadə aydınlığını və dəqiqliyini itirərkən qarşılaşdığınız problemlər bəzən məşhur yazıçıların da qarşısında durur. Nəzərə alın ki, yazıçılar bəzən yazmağa məcburdurlar, çünki naşir son təhvil vaxtını müəyyən etmişdir, alınmış avans isə artıq xərclənib. Roma şəhərinin də bir günə tikilmədiyindən xəbərdar olan və biznes-planın yekunlaşdırılması üçün xeyli vaxtı olan sizlərin isə narahatçılıq üçün heç bir əsası yoxdur. Elə deyilmi? Sizi vaxt qovmursa, demək, nəticəni əldə etməyinizə də ciddi maneə yoxdur.
Əgər hiss edirsiniz ki, nə isə ilişib dayanıb, narahat olmayın. Bu, yaradıcılıq prosesi üçün tipikdir. Əsas odur ki, əliniz işdən soyumasın. Özünüzü məcbur edin, bir neçə söz yazın, sonra yenə məcbur edin və yazın. Beləcə də davam edin! Qısa müddətdə işinizin planı hazır olacaq. Qənaətbəxş plan varsa, demək, uğura doğru yolun təminatı da var!
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)
“Adamlara bir az mərhəmət göstərmək lazımdır” - ZAKİR SADATLINLN ANIM GÜNÜNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onu cəmi bir dəfə görmüşdüm. AzTV-nin sədr müavini mərhum Vaqif Ağayevin yas mərasimində. Üstündən iki ildən bir az çox vaxt keçmişdi ki, özünün də ölüm xəbəri yayıldı…
Haqqında söhbət açmaq istədiyim Zakir Sadatlı 1961-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində dünyaya gəlib. 1978-ci ildə qonşuluqda olan Privolni kənd orta məktəbini bitirib. 1979-1981-ci illərdə hərbi xidmətini Əfqanıstanda yerinə yetirib. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində ali təhsilə yiyələnib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində, 1990-1993-cü illərdə Qarabağda döyüşlərin ön cərgəsində olub. 1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru, sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifələrində çalışıb. 2010-2013-cü illərdə Azərbaycan Dövlət Radiosunda işləyib.
20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub. Televiziyada bir sıra verilişlərin, o cümlədən “Gündoğandan-günbatana”, “Aydınlıq” layihələrinə rəhbərlik edib...
Deyirdi ki,- “İmzalar və kitablar tünlüyündə adamlara bir az mərhəmət göstərmək lazımdır”.
Çox alicənab, mərhəmətli, necə deyərlər, istiqanlı adam idi…
“Rəssam gəmi şəkli çəkəndə bu o demək deyil ki, o, okeanın o tayına üzüb getmək istəyir. Yazıçı da əsərini müsabiqə və mükafat müstəvisində qurmur. Onun bir borcu var: Yaxşı yazmaq!… Yazdıqlarının sonradan ona gətirəcəyi divident artıq taleyin işidir. Böyük sənət əsərləri və sənətkarlar olub ki, tale onlarla hüdudsuz ölçüdə sərt və amansız davranıb. Bəzən də əksinə olub. Taleyin nə qəddarlığı, nə də həlimliyi bizimçün izah olunan deyil. Bir şeyi yadda saxlamaq lazımdı – müsabiqələr, mülahizələr, mükafatlar və başqa “…lar”lar və ”…lər”lər zamanın bir köks ötürməyi qədərdir. Hər şey çıxıb gedəcək və gedəndə bizim qazandıqlarımızı da öz yükünə qatıb aparacaq. Yeganə təsəlli budur ki, ümidlərimizi və sevgilərimizi bağladığımız yaradıcılıq bu Yer üzündə bir ləpir kimi qalacaq”, -söyləyirdi.
Və özü də sonda Azərbaycan jurnalistikasında bir iz kimi qaldı…
Zakir Sadatlı 1983-cü ildən ədəbi-bədii yazıları ilə respublika mətbuatında çıxış edib. İlk mətbu şeirləri -“Karvan”, “Kamillik məsafəsi”, “Dəşti” Cəlilabad rayon qəzeti “Yeni gün”də dərc olunmuşdur. Dövri mətbuatda şeir və onlarla publisitik məqalələri vaxtaşırı çap olunub.
2008-ci ildə Zakir Sadatlının “Salam, baça” hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində YUNESKO-nun 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Əsər Azərbaycan üzrə 1-ci, Türk dünyası üzrə 3-cü yeri tutmuşdur. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilib, Azərbaycanda isə 2012-ci ildə nəşr olunan “İraq olsun” sənədli povestinin tərkibində nəşr edilərək, oxuculara təqdim edilib.
“Əfqanıstan uçurumu” (xatirə-roman), “İraq olsun” (sənədli povest), “Salam, baça” (hekayə) və başqa dəyərli əsərləri ilə oxucuların rəğbətini qazanan Zakir Sadatli Azərbaycan Xalq Cümhuriyyəti dövrünün görkəmli araçdırmaçı-tədqiqatçılarından olmaqla yanaşı, Cümhuriyyət dövrü fədailərindən bəhs edən onlarla tədqiqat-məqalənin də müəllifidir.
O, həm də Azərbaycan Cümhuriyyəti fədailərindən biri olan, ömür boyu mühacirətdə yaşamış Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı tarixi memuarını Türkiyə türkcəsindən Azərbaycan dilinə çevirərək çap etdirib. Bu tarixi əsər Azərbaycan və Türkiyədə böyük əks-səda doğurub və yenidən Türkiyə türkcəsinə çevrilərək təkrar nəşr olunub.
2013-cü ilin yanvar ayında Zakir Sadatlının “Əfqanıstan uçurumu” adlı xatirə-romanı nəşr edilib. Bu əsər Azərbaycan ədəbiyyatı sahəsində ən böyük ədəbi-bədii layihə olan “Milli Kitab Mükafatı”nın qalibi olub. Belə ki, 28 avqust 2012-ci il tarixindən start götürən və 5 iyun 2013-cü ildə yekunlaşan müsabiqəyə 241 əsər daxil edilərək, sonda ədəbi mükafatın qalibi Zakir Sadatlının “Əfqanıstan uçurumu” xatirə-romanı elan olunub.
Zakir Sadatlı həmçinin Xanlar Bayramovla birlikdə yazılmış “Onu Gəncə böyütmüşdür” kitabının həmmüəllifidir. Əsər görkəmli ictimi-siyasi xadim Tofiq Bağırovun həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edir.
2015-ci ildə Zakir Sadatlının şeirlərindən ibarət “Mən varam dünyada” adlı şeirlər kitabı nəşr edilib.
Əfqanıstan və Qarabağ müharibəsi veteranı olan Zakir Sadatlı Azərbaycan Yazıçılar Birliyinin və Avropa Yazıçılar Birliyinin üzvü olub. Yazarın adıçəkilən əsərləri və şeirləri respublika mətbuatında, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Füyuzat” jurnallarında, eləcə də Türkiyədə nəşr olunan “Kardeş qələmlər”, “Türk ocağı”, İraqda “Kardeşlik” dərgilərində, “Hürriyyət” qəzetində işıq üzü görüb.
Əsərləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkəsində nəşr edilib.
Zakir Sadatlı 2013-cü ilin fevral ayının 5-də 51 yaşında ikən vəfat edib. Məzarı Cəlilalabad rayonunun Sadatlı kəndindədir.
Və bu gün onun anım günüdür.
Xatırlatdım ki, ruhu şad olsun və ruhuna rəhmət diləyək…
“Ədəbiyyat və incəsənət”
(05.01.2024)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
İnsan özündə nə qədər göz yaşları gəzdirərmiş. Ağlayırdı, hönkürürdü, hıçqırırdı, köynəyinin sinəsi büsbütün yaş idi.
Rüfətə mesaj yazdı ki, sənə məktub yazmışam, həmin yerdədir.
Dərhal Rüfətdən cavab mesajı gəldi. Mesajı açıb oxumadı.
Durdu, bir qədər irəlilədi.
Təkrarən, sonra təkrarən mesaj səsi gəldi, sonra uzun-uzadı zəng gəldi. Hamısı Rüfətdən idi. Bunun xəbərsiz-ətərsiz, onu gözləmədən çıxıb getməyinə, deyəsən, çox qızmışdı. Özgə nə istəyirdi axı o? Vacib idimi ki, bu halında Ülkərə söysün, ağzından çıxanı da desin?
Zənglər və mesajlar kəsilməyəndə əlləri əsə-əsə telefondakı Rüfətdən gələn axırıncı mesajı oxumaq istədi. Amma yenə də dişini dodaqlarına sıxıb oxumadı. Oxuyardı, nəsə dəyişərdi. Lazım deyildi nəyisə dəyişmək.
Başı panamalı, yüngül yay pencəyi geymiş yaşlı bir kişi yaxınlaşıb nə baş verdiyini soruşdu, dedi, sənə necə kömək edə bilərəm.
Nə cür kömək edə bilərdi ki, bu kişi ona? İndi ona heç kəs kömək edə bilməzdi. O öz taleyini bu günə qədər yazmışdı, elə yazmışdı ki, keçmişi bugününü və gələcəyini artıq müəyyənləşdirmişdi. Yazıya pozu yoxmuş. Yoxmuş yazıya pozu.
Kişiyə qəhərli səslə dedi ki, heç nəyə ehtiyacım yoxdur, çox sağ olun.
Kişi cibindən bir qalaq pul çıxardı, dedi, sən də mənim qızım, utanma, bir çətinliyə düşmüsənsə, götür pulu, get işini həll elə. Dedi, qorxma, təmənnasız verirəm sənə bu pulu. Dedi, başqasının dərd çəkməsinə heç vaxt biganə qala bilmirəm.
Dünya yaxşı insanlardan xali deyilmiş. Amma indi heç bir milyonlar, milyardlar Ülkərin keçmişini yuyub təmizləyə bilməzdi.
Kişiyə minnətdarlıq edib bir qədər ondan aralandı, bulvarın bu biri hissəsində özünə yer eləyib qıy vuran qağayıların müşayiəti altında yenidən sularda Rüfətin əksini axtarıb tapdı.
Bu dəfə özünü daha çox yamanladı, təkcə özünü bədbəxtliyə sürüklədiyinə görə yox, Dubaya apardığı, varlı əcnəbilərin yatağına saldığı qızlara görə də vicdan əzabı çəkdiyini Rüfətin əksinə pıçıldadı. Dedi, mən günahlarımın bədəlini həbsxana həyatı ilə ödədiyimi sanırdım, amma yox, demək, ödəməmişəm. İndi bir ömür səni bədbəxt etməkçün deyil, ani bir ölümlə günahlarımı yumaq üçün yaşamalıyam. Üstümə hopmuş ləkəni, bir də üstümə hopmuş günahı yumalıyam.
Rüfət durmadan zəng edir, mesaj yazırdı. Bu dəfə ucadan hönkürdü. Onun əzizi, canı, ciyəri, gözlərinin işığı, ömrünün yaraşığı, bir dənəsi, sevimli Rüfəti...
“Sənə qurban olum, ayaqlarının altında ölüm, ay Rüfət” deyib hey təkrarladı.
Birdən sanki günəşin üstünü qara buludlar aldı. Parlaq, işıqlı bir hücrədən sanki qaranlıq zülmətə düşdü.
Rüfət onu bağışlayardı, “qəbulumsan” deyərdi, bu, hədsiz bir qəhrəmanlıq idi, cəsarət idi, amma əslində, həm də özünüfəda idi. Rüfət onu ləkəli halda qəbul edirdisə də, öz gələcəyini zərbə altında qoyur, öz rifahına, əmin-amanlığına təhlükə yaradırdı. Rüfət onlarca kişinin arxasınca söylədiyi ittihamlara duruş gətirməli olacaqdı, bu sözlər arxasınca deyilsə, kürəyinə xəncər kimi saplanacaqdı. Bəziləri hətta hansısa məqamda onu aşağılamaq istəyəndə, hansısa bir rəqabəti xeyirlərinə həll etməkdə bulunanda onun üzünə də bunu deyə biləcəkdi, bu da Rüfəti ya özünü eşitməzliyə vurmağa sövq edəcəkdi, ya da Rüfət qürurunun sınmasına dözməyib həmin adamın üstünə hücum çəkəcəkdi, onunla süpürləşəcək, yaxud onu vuracaqdı. Bilmək olmazdı, ani qəzəbdən doğan bu basqı bəlkə ölüm-itimə də yol aça biləcəkdi, Rüfətin, iraq olsun, ya özü xəsarət alacaqdı, ya o, kiməsə xəsarət verəcəkdi. Xəstəxana, həbsxana, qara torpaq – bu cür mücadilənin sonu hara qədər desən gedib çıxa bilərdi.
Amma, lap tutalım, heç kəs heç nə deməsin, bunlar ailəlikcə harasa gedəndə bir vaxtlar altlarına yıxıldığı kişilərlə üzləşəndə Ülkərçün onların istehzalı baxışlarına tuş olmaq məgər ölümə bərabər deyildimi?
Ayaqları onu gətirib sahilə çıxarmışdı. Beton çıxıntının üzərinə çökdü, masmavi sulara tamaşa etməyə başladı. Dalğalar gəlib sanki sahildə intihar edirdi. Düşündü, dalğa intiharı çox qəribədir. Bu başda intihar edirsən, o başda yenidən doğulursan. İnsansa intihar qərarı verəndə əbədilik gedir, qayıdışsız.
Onu gördü ki, sularda Rüfətin əksi tərpənir, dalğalar irəlilədikcə bu əksi ləngərlədir, sola-sağa tərpədir.
Bir də gördü, Rüfətlə danışır. Onu dedi ki, çox peşmanam, həddindən artıq peşmanam. Göz yaşları imkan vermədi dalını deməyə.
Xeyli susub azacıq toxtayandan sonra çantasını açdı, həbləri qablarından çıxarıb ovcuna yığdı, Rüfətlə xəyalən danışığına davam etdi. Dedi: “Bəli, peşmanam. Yüzlərlə qadın həyat yoldaşını müharibədə itirdi, dul qaldı, bəziləri çörəklə sınağa çəkildi, övladını dolandırmaqda min bir zillət yaşadı. Amma onlar sınmadılar, başlarına qara örpəklərini bağlayıb hətta ən məşəqqətli işlərə gedib də həyat yoldaşlarının adlarını uca tutdular, balalarını böyütdülər. Mənsə bunu bacarmadım, namusumu, ləyaqətimi qoruya bilmədim, gücüm çatmadı bunu etməyə, sənin sevginə belə xəyanət etdim, Rüfətim...
Yenə göz yaşları onu boğdu, yenə gözlədi ki, toxtasın.
Rüfətin əksi suların içindən sakitcə ona tamaşa edirdi, onu dinləyirdi.
Ülkər dedi ki, sənə olan ülvi məhəbbətim o qədər böyükdür, ömrümün sonunadək səni sevəcəyəm, amma sən bu dünyada, mən o dünyada, uzaqdan-uzağa, sənə yaxınlaşmadan, sənə toxunmadan.Dedi, səni heç kəsin yanında başıaşağı edə bilmərəm, səni qüruru sınmış görə bilmərəm. Sənin bundan sonrakı həyatını zəhərləməyə haqqım yoxdur mənim, bircəciyim.
Dəniz tərəfdən meh əsməyə başladı, lacivərd sularda günəşin şüaları parladıqca göz qamaşdıracaq dərəcədə işıltı yaratdılar.
Həyatı gəlib kino lenti kimi Ülkərin gözünün önündən keçdi bu an. İlk aldanışlar, ilk büdrəmələr, zərbələr...
Səssizcə ağlamağa başladı. Bir də gördü hıçqırır.
Necə yuyacaqdı ləkəsini, bunu dəqiq bilirdi. Müqəddəsləri çirkaba batırmağın da bir həddi var. Həvəsdi, bəsdi!
Bu dəfə hönkürdü. Əlləri ona uzanan Rüfətin əllərini itələyirmiş kimi bir jest etdi. Dubay hotelində görüşləri, kəlmə kəsmələri, sonra doymadan bir-biri ilə ünsiyyətə girmələri, Bakıya birlikdə dönüşləri, birlikdə keçirdikləri o möcüzəli anlar, saatlar, günlər... Hamısı bir qəhər kimi sinəsində toplandı, onu boğdu. Qəribədir, xoşbəxtlik bir addımına gəlir, əl uzatsan, onu tutarsan, amma əlin sanki quruyub, hərəkətsiz qalmısan.
Göz yaşları sel kimi axırdı, köynəyinin sinəsini yamyaş etmişdi.
Pıçıltıyla bir neçə dəfə “Əlvida, mənim Rüfətim” kəlmələrini söylədi.Ovcunda sıxdığı bir ovuc həbi ağzına doldurdu, öyüyə-öyüyə uddu. Sonra özünü dənizə -- suların qoynuna atdı. Heç bir qorxu-hürküsüz, tərəddüdsüz etdi bunu.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)
“Vaqif Bəhmənli. ƏSƏRLƏR" çoxcildliyinin 7-ci cildi çapdan çıxdı
Tanınmış şair Vaqif Bəhmənlinin “Vaqif Bəhmənli. ƏSƏRLƏR" çoxcildliyinin 7-ci cildi işıq üzü gördü.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1 - 6-cı cildlərə Azərbaycanın qüdrətli ədibləri, parlaq qələm sahibləri - Bədirxan Əhmədli, Rahid Ulusel, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Elnarə Akimova, Qulu Ağsəs və Qulu Məhərrəmli ön söz yazmışlar.
7-ci cild isə tənqidçi Bəsdi Əlibəylinin "Vaqiflərlə dünya dolu..." adlı hədsiz dəyərli məqaləsi ilə açılır. Kitabda şairin lirikasına geniş meydan verilib. Kitabın ilk iki şeirini təqdim edirik. Gəncilyi xatırlamaq da bir səyahətdi - ömrə səyahət!
Barmağını qatla görüm
Ürəyim gül parçasıdı;
hər nə edib, dilim edib.
İnsaf kimi seçəsidi,
kim kimə çox zülüm edib? –
Barmağını qatla görüm.
Hicran ki, var şükür yenə...
Bu da bir növ ərmağandı.
Dağ sinəmdə çatıb minə,
Əllərində barmaq ondu –
Barmağını qatla görüm.
Mənə yağan, məndən yağan
acı qalsın, şirini say.
Uşaqlığı qoy qırağa,
on yeddidən birini say –
Barmağını qatla görüm.
Qəm düzündə xışı çəkən
yaddan çıxıb dönüb yada.
Dərdi məndən yaxşı çəkən
adam varmı bu dünyada? –
Barmağını qatla görüm.
Aramızdan nə yel əsib
namərd olub duymamışam?
Yar yolunda indiyəcən
kim özünü qurban kəsib,
mən canıma qıymamışam –
Barmağını qatla görüm?
Üzük
O vüsal günləri ha yana düşdü,
Var imiş könlümü qırmağın sənin?!
Nə vaxtdan bu üzük payına düşdü –
Alışıb yanaydı barmağın sənin!
Səni bəxş etdilər nə bilim kimə,
Mənim sevməyim də bir günah imiş.
Həsrətin zəhərli gülləymiş, demə,
bu təmiz ürəyim nişangah imiş...
Nəfəsim alışıb gör necə yandı,
Yalvarram, o qızdan aralan, üzük!
Bəxtimə dolanan qızıl ilandı
Sənin barmağında saralan üzük.
Oyur ürəyimi min ağrı, giley
Qəm yüküm dəyirman daşı boydadı...
Yığılıb, kiçilib gözümdə hər şey
Yer üzü üzüyün qaşı boydadı!
Köçdüm gözlərinə günün birində
Varlığım qəlbində durmadımı bəs?
Sənin o nişanlın bəbəklərində
Mənim nişanəmi görmədimi bəs?
Bu sənin barmağın, üzük də baha -
İşıqlı var-dövlət qarmağın oldu.
Məni barmağına doladın daha,
Ən böyük düşmənim barmağın oldu!
Həsrətə çırpılıb əzilmişəm mən,
Ağrı qatar-qatar əzikdən keçər.
Soyulub qatbaqat nazilmişəm mən
Qamətim sap kimi üzükdən keçər...
Gün sürüb fərəhlə yaşardım yüz il
Bir an sıxılsaydım qucağına mən.
O sənə bəxş etdi bir parça qızıl,
Günəşi taxardım barmağına mən.
Bir sual bənd olub yaş boğan gözə
Niyə saf eşqimi günah sayıblar?
Səni bir oğlana, bir könülsüzə,
Məni də həsrətə nişanlayıblar!..
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - İspanaqlı balıq küküsü
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə İspanaqlı balıq küküsünün hazırlanması qaydasını şərh edəcəyik.
ƏRZAQ:
§ İspanaq – 100 qr
§ Göy və ya baş sarımsaq – 3 qr
§ Cəfəri – 15 qr
§ Mərzə – 8 qr
§ Quru forel balığı – 35 qr
§ Kərə yağı – 15 qr
§ Yumurta – 40 qr
§ Un – 10 qr
§ Sarıkök – 1 qr
§ Zəncəfil – 1 qr
§ Zirinc – 3 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ qatıq – 50 qr
HAZIRLANMASI:
Göyərtilər təmizlənir, yuyulur, xırda doğranır, dərin qaba qoyulur. Üzərinə qatıq, yumurta, əzilmiş sarımsaq, didilmiş təzə bişmiş və hisə verilmiş forel balığı, duz, istiot, ədva, zirinc əlavə olunur və yaxşı qarışdırılır. Tavada yağ əridilir, qarışıq tavaya əlavə olunur.
Özünü tutduqdan sonra 200°C-də 20-25 dəqiqə isti sobada bişirilir. Hazır olduqda doğranır, pay (pors) və ya bütöv halda süfrəyə verilir.
Qatıqla yemək daha münasibdir.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)