Super User
Sevgisi vaxtsız solan məşhur – KÖVKƏB SƏFƏRƏLİYEVA
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan SSR xalq artisti Kövkəb Səfərəliyevanın anım günüdür. Çarizm, xalq cumhuriyyəti və sovet işğalı – bu dövrlərdən keçənlər yalnız bilər, əsl çətinlik, keçilməz sədlər necə olur.
Kövkəb Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olub. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alıb. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirib.
1926-cı ildə Musiqi texnikumunu bitirib və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət ediblər. Burada o ilk pedaqoji fəaliyyətinə və məhz bu seminariyada da möhtəşəm ikilinin — Üzeyir bəylə Kövkəb xanımın tanışlığı və birgə fəaliyyətləri başlayıb.
Musiqi Texnikumundan sonra Səfərəliyeva dövlət konseravatoriyasının fortopiano şöbəsinə daxil olub. Öz dövrünün dəyərli mütəxəssislərindən dərs alıb. Onlardan öyrəndiklərini isə o, illər sonra məhz elə bu musiqi ocağında yeni nəslə öyrədəcəkdi. Əvvəlcə təcrübəçi-pedaqoq, sonra isə xüsusi fortopiano sinfinin pedaqoqu kimi.
Kövkəb Səfərəliyeva bəstəkar Asəf Zeynallının nişanlısı olub. Amma istedadlı bəstəkar 1932-ci ildə 23 yaşında ikən vaxtsız vəfat etdikdən sonra Kövkəb xanım heç kimlə ailə həyatı qurmayıb.
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan SSR Əməkdar incəsənət xadimi
- "Şərəf nişanı" ordeni
Bakı şəhərində 16 nömrəli Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır. Bakı şəhərinin mərkəzi hissəsində adına küçə vardır.
Kövkəb xanım 27 iyun 1985-ci ildə vəfat edib. Ruhu şad lsun deyək.
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)
Hələ bitməyibsə gücün, təpərin...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onun haqqında söhbətimə hazırda BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, bir zamanlar onun qrup rəhbəri olan, professor Cahangir Məmmədlinin sözləri ilə başlamaq istəyirəm.
Professor söyləyir:- “O vaxt rəhbəri olduğum 3796-cı qrupun tələbələrini nəinki unutmamışam, hətta həmin tələbələrlə bu gün də sədaqətli dostluq əlaqələrim var. Sən demə, onların qəribə taleləri varmış. Elə bil qrupdakı tələbələrin hamısını Allah öz sevgisilə yaratmışdı: Alı Mustafayev, İradə Tuncay, İlqar Həsənov, Mirzə Əsgərov, İntiqam Abışov, Füzuli Mustafayev, Sadiq Məsiyev, Xudayət Həsənli, Cümşüd İsgəndər, Züleyxa Nadir, Rauf Ağayev, Qərənfil Xəlilova, Nərminə Əlixanbəyova, Araz Qurbanov, Rafiq Nəbiyev və İradə İmranqızı- ömrünü jurnalistikaya bağlamış əsl qələm sahibləridir. Tale elə gətirib ki, barəsində məlumat topladığınız adamın ömür yolu, karyera inkişafı həmişə gözümün qabağında olub. İndi də hər gün eyni iş yerində - Jurnalistika fakültəsində görüşürük. O, bu nöqtəyə qədər çox böyük bir ömür yolu keçib: o yolun çox maraqlı nöqtələrindən biri, hələ tələbəykən onun SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilməsidir, o biri isə Jurnalistika fakültəsində oxuduğu beş il ərzində əlli üç imtahan verməsi və əlli bir “əla”, iki “yaxşı” qiymət almasıdır. O, universiteti bitirən kimi çox sevdiyi jurnalistika peşəsinin məsuliyyətli sahəsində fəaliyyətə başlayıb. Əvvəlcə Naxçıvan Dövlət Televiziyasında, sonra Naxçıvanda nüfuzlu “Şərq Qapısı” qəzetində, daha sonra “Xalq qəzeti”ndə məsul vəzifələrdə işləyib, “Azad Azərbaycan” qəzetinin Baş redaktoru, eyni adlı radionun məsul redaktoru olub. Bir müddət də Azərbaycan Respublikası Ali Məhkəməsinin mətbuat xidmətinə rəhbərlik edib.”
Elədir, düz tapdınız, söhbət BDU-nun professoru, filologiya elmləri doktoru Allahverdi Məmmədlidən gedir. O, 1956-cı ildə, ilin ən uzun gündüzü olan gündən beş gün sonra Babək rayonunun Nehrəm kəndində, rəhmətlik Məhərrəm kişinin ailəsində dünyaya gəlib. Orta məktəbi ata-baba yurdunda başa vurandan sonra Bakıya üz tutub. BDU-nun Jurnalistika fakültəsində ali təhsilə yiyələnib. Ötən müddət ərzində qəzet, radio və televiziyada bir sıra vəzifələrdə çalışıb. 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru olub. 2015-ci ildə isə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda dissertasiya müdafiə edərək, filologiya üzrə elmlər doktoru alimlik dərəcəsinə yiyələnib. Hazırda BDU-nun Jurnalistika fakültəsində çalışır. 2017-ci ilin may ayından fakültənin Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. Bir dərs vəsaitinin və bir neçə kitabın müəllifidir. 2016-cı ildə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb...
Deyir ki:- “Televiziya və radio sahəsində çalışan jurnalistlərin əksəriyyəti dil normalarını pozaraq çox ciddi nöqsanlara yol verirlər. Bunun əsas səbəbi, sözsüz ki, həmin sahədə çalışan jurnalistlərin təhsil bazalarının sırf jurnalist ixtisası olmamasıdır. Həmçinin onların böyük əksəriyyəti ədəbiyyat və jurnalist ixtisası ilə sıx əlaqəsi olmayan insanlardır. Jurnalistika sahəsində çalışanların bir çoxu həkimdir, bir qismi iqtisadçıdır və başqa ixtisas sahibləri də var. Hər bir dilin öz qayda-qanunu mövcuddur. Gərək dillə məşğul olan mütəxəssis bu qayda-qanuna əməl eləsin. Bizim jurnalistlər çox zaman buna əməl etmirlər. Onlara efir verildikdə özlərini çox sərbəst aparırlar. Əlbəttə, səhnədə özlərini sərbəst aparmalıdırlar və bu sərbəstlik təbiidir. Çox vaxt həmin sərbəstlikdən irəli gələn səbəblərə görə, dilin normaları kobudcasına pozulur. Həmin jurnalistlər çox zaman jarqon ifadələr işlədirlər. Əslində, belə ifadələr tamaşaçıya heç nə vermir. Əksinə, tamaşaçının dilə olan münasibətini, zövqünü və marağını korlayır. Nəticədə tamaşaçıda olan dil haqqındakı bilik və təsəvvürlər yoxa çıxır. Dil xalqın varlığıdır. Dil televiziya və radio məkanında elə qorunmalıdır ki, o, estetik baxımdan gözəl olsun. Həm də bu dil vasitəsilə kütləni öz arxanca aparmalısan. Bununla yanaşı, kütlənin zövqünü, səviyyəsini yüksəldərsən. Kütlə o vaxt sənə inanıb etibar edir ki, sən dildən gözəl istifadə edirsən və ifadələri yerində işlədirsən. Əlbəttə, istifadə etməyəndə müəyyən nöqsanlar yaranır. Bizim televiziyada kifayət qədər belə faktlar var.”
Allahverdi müəllim doğru deyir, bu gün bizim televiziyalarda aparıcılar akademik dildə deyil, xalqa daha yaxın tərzdə danışmağa üstünlük verirlər. Sanki küçədə söhbət edirlərmiş kimi dilin qayda-qanunlarına riayət etmirlər. Bəlkə də təbii haldır. Öz aramızdır, bu kimi problemlər bütün dünya televiziyalarında da var, rəsmi dil tədricən arxa plana keçir və mürəkkəblikdən sadəliyə doğru dəyişir. Mən buna ABŞ televiziyalarında da şahidi olmuşam. Axı dünya dəyişir və dəyişdikcə bütün qaydaları da dəyişdirir…
“Bilirsiz ki, jurnalistika daim yenilənir. Jurnalistikada durğunluq yoxdur. Əgər durğunluq varsa, deməli, jurnalistikanın özü də yoxdur. Jurnalistika hər gün, hər saat yenilənir. Biz daima nəsə öyrənirik. Kafedranın müəllimlər qarşısında öz tələbləri var. Hər bir müəllim tədris etdiyi fənn üzrə dərs vəsaitləri hazırlamalıdır. Mütləq proqramlar hazırlanmalı və hər il yenilənməlidir. Dərs deyən müəllimlərin çoxu kitab müəllifidir. Həmçinin müxtəlif təşkilatlarla da əlaqələrimiz var və birlikdə kitablar nəşr edirik. Biz müəllimlərin bilik səviyyəsinin artırılması üçün onları xarici seminar və konfranslara göndəririk. Orta Asiya, Rusiya və Türkiyə kimi ölkələrin universitetlərinin Jurnalistika fakültələri ilə sıx əlaqə qurmağa çalışırıq. Burada tələbə və müəllimlərin mübadiləsini nəzərdə tuturuq. Bizim fakültədə jurnalistlərin etik davranışı və normaları ilə bağlı xüsusi bir fənn tədris olunur. Jurnalistlər təkcə efirdə yox, ictimai həyatda da nümunə olmalıdırlar. Bu normalardan danışarkən öncə nəzərə almalıyıq ki, biz vətəndaş yetişdiririk. Hətta sizə deyim ki, tələbəni qiymətləndirərkən onların biliyi ilə yanaşı, mədəniyyəti, tərbiyəsi, dünyagörüşü kimi amilləri də nəzərə alıram. Təkcə bilik nəzərə alınsa, birtərəfli olur. Xüsusilə teleməkanda jurnalist, geyimindən üzünün ifadəsinə qədər tamaşaçıya nəsə çatdırır. Bunlara əməl olunmasa, tamaşaçıda narazılıq yaranır. Etik mədəniyyət vacib olan amildir. Hər kəs televiziyadan öyrənir. Televiziya tərbiyə və maarifləndirmə vasitəsidir. Tamaşaçı çalışır ki, teleməkanda gördüklərini öz həyatında tətbiq etsin.”- söyləyir.
Nə isə, çox dərinə gedib vaxtınızı almaq istəmirəm. Söhbətimin sonunda yenə də professor Cahangir Məmmədliyə istinad etmək istəyirəm. O, deyir:- “Allahverdi Məmmədli, həqiqətən də, harada olur-olsun, ətrafındakıların hörmətini, məhəbbətini qazanan adamdır. Onun bu xarizmatik xarakteri ailədən, Nehrəmdəki orta məktəbdən gəlib, universitetin Jurnalistika fakültəsində zühur edib, onun iş yerində tam formalaşıbdır. Mən Allahverdinin orta məktəb müəllimi olmuş Məsumə xanım Əliyevanın onun haqqında haçansa yazdığı bir təbrik məktubunu həyacansız oxuya bilmədim. Məsumə xanım yazır: “Sən yeddinci sinifdə oxuyanda mən sizə “Fermada” adlı inşa yazdırdım. Sənin yazın bütün uşaqların yazılarından seçilirdi. Mən o vaxt: sənin yazından jurnalist qoxusu gəlir- dedim. Sənin gələcəkdə yerin universitetin jurnalistika fakültəsidir. Mənimlə razılaşdın. Axırda da jurnalist, hələ üstəlik alim də oldun...”
Bu gün Allahverdi müəllimin növbəti ad günüdür, 69-u arxada qoyub keçir 70-ə. 70 yaş isə qocalığın cavanlıq dövrünün başlanğıcıdır...
...Hələ bitməyibsə gücün, təpərin,
Hələ düşməmisən ruhdan, taqətdən.
Hələ görünmürsə səddi, çəpəri,
Söyləmə- qocaldım! Danışma bəddən...
Hörmətli Professoru təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)
Musiqimizi dünyada layiqincə təmsil edən EMİL ƏFRASİYAB
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O qədər bayağı musiqi təbliğ olunur ki, elitar musiqi ilə rastlaşanda könlümüz sevinir. Belə musiqininn bir təbliğatçısı barədə danışmaq istəyirəm, bu gün onun doğum günüdür.
Azərbaycan Respublikasının əməkdar artisti Emil Əfrasiyab 27 iyun 1982-ci il tarixində Bakı şəhərində anadan olub. İlk dəfə üç yaşında pianoda ilk uşaq melodiyasını ifa edib, caz musiqisinə 13 yaşından maraq göstərib. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfi), eləcə də ABŞ-nin Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil alıb.
Müxtəlif janrlarda sintez xarakterli improvizasiyaların ifaçısıdır. Dünyanın müxtəlif ölkələrində (Almaniya, İngiltərə, Fransa, Bolqarıstan, Macarıstan, Kuba, Meksika, Çin və s.) Azərbaycan musiqisini təmsil edib. O, bir çox müsabiqələrin, o cümlədən 2011-ci ildə İsveçrədə beynəlxalq Montre caz pianoçuları müsabiqəsinin finalında çıxış edərək "Tamaşaçı rəğbəti" diplomuna layiq görülüb.
2002, 2003 və 2004-ci illərdə Bakıda keçirilmiş "Caspian Jazz and Blues" caz festivallarında uğurla çıxış edib. 2012-ci ildə Fransa kino xadimləri tərəfindən çəkilən "Aleksandr Düma Azərbaycanda" sənədli filminin musiqisini yazmağı fransız aktyoru Jerar Depardye Emil Əfrasiyaba təklif edib.
30 may 2020-ci il tarixində Azərbaycan-Amerika Musiqi Fondu (AAMF) Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünü qeyd etmək üçün virtual olaraq toplaşıb. Fond tanınmış pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın iştirakı ilə “Emillə nahar” adlı caz konsert proqramı hazırlayıb. “Emillə nahar” əsəri Emil Əfrasiyabın orijinal əsərlərini, xalq mahnılarının aranjimanlarını, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə və başqalarının əsərlərini əhatə edib.
Emil Əfrasiyab Monterey Jazz Festivalında (ABŞ) Azərbaycanı təmsil edib. Monterey Caz Festivalı Kaliforniyanın Monterey şəhərində keçirilən illik nüfuzlu musiqi festivalıdır, 3 oktyabr 1958-ci ildə təsis edilib.
Mükafatları
- Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə 20 dekabr 2011-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.
- 2 dəfə Prezident Mükafatına layiq görülüb
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)
26 İyun həm də Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günüdür
Bəşəriyyətin ən dəhşətli, fəsadları acınacaqlı, çox zaman ölümlə nəticələnən problemlərindən olan, cəmiyyətin, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.
Gənc nəslin sağlam ruhda tərbiyəsi məsələsinə, pis vərdişlərdən uzaq olaraq düzgun həyat tərzi yaşamalarına xüsusi həssaslıqla yanaşan Respublika Gənclər Kitabxanasında Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar olaraq virtual kitab sərgisi və “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata bgörə, məlumat bülletenində bir sıra rəsmi sənədlərin, akademik İradə Hüseynovanın “Müasir cəmiyyətdə narkomaniya problemləri”, “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” və “Narkomanlığa qarşı mübarizə cəmiyyət üçün cəmiyyət vasitəsilə aparılmalıdır” adlı məqalələrin tam mətni ilə yanaşı “Narkotik maddə-ailəvi qırğın "silahı", “Sağlam gənclik sağlam gələcəkdir”, “Gəncliyi gözləyən təhlükələr”, “Narkomaniya, narkobiznes və ona qarşı mübarizədə kitabxanaların rolu”, “Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar arasında narkomaniyanın profilaktikasının təşkilati və metodiki aspektləri” kimi 30-a yaxın kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir. Vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.
Gənclər kitabxanasında sözügedən mövzuda geniş virtual kitab sərgisi də hazırlanıb. Burada qanunvericilik aktları ilə yanaşı, özündə narkomaniya terminin açılışı, narkotik vasitələrdən asılılıq mərhələləri, bu asılılığın ağır fəsadları, müalicə üsulları, həyat üçün zərərli vərdişlər və onlarla mübarizə üsulları və digər mövzuları əhatə edən Azərbaycan və rus dillərində nəşr edilmiş 20 - ə yaxın kitabın və məqalənin tam mətni təqdim edilir.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib:
https://www.ryl.az/multimedia/26-iyun-narkomaniya-ve-narkobiznese-qarsi-beynelxalq-mubarize-gunu
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)
Yay festivalı çərçivəsində “Yaradıcılığını kəşf et” adlı master-klass keçirilib
F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” Yay Festivalı çərçivəsində “Yaradıcılığını kəşf et” adlı növbəti master-klass təşkil olunub. “YARAT – Daxilindəki sənətkarı oyat!” devizi altında keçirilən rəsm və boyama işləri uşaqların təxəyyülünü inkişaf etdirməyə və yaradıcılıq bacarıqlarını stimullaşdırmağa yönəlib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, master-klassda iştirak edən oxucular mütaliə etdikləri kitabların qəhrəmanlarını canlandıraraq kağız üzərinə köçürüblər. Balaca rəssamlar sevdikləri obrazları müxtəlif boyalardan istifadə etməklə, öz baxış bucaqlarından təqdim ediblər.
Rəsmlərini tamamladıqdan sonra uşaqlar öz əllərinə boyanmış rəngli boyayla rəsmlərinin üzərinə imzalarını qoyublar. Bu simvolik jest uşaqların “Bu əsər mənimdir!” mesajını verməsinin yaradıcı ifadəsi olub.
Sonda uşaqlar bir-birlərinin əl işləri ilə tanış olub, seçdikləri qəhrəmanlar haqqında fikir mübadiləsi aparıblar. Kitabxana əməkdaşları uşaqların rəsmlərini qiymətləndirərək onlara “Göy Qurşağı” uşaq jurnalını hədiyyə ediblər.
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)
Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə hazırladığı materialları geniş istifadəçi auditoriyasına təqdim edir
Azərbaycan xalqının Ümummilli Lideri, Müasir Azərbaycan Ordusunun qurucusu Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım idi. Artıq beşinci ildir ki, 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü fərqli əhvalda - Qələbə ovqatında qeyd edilir.
“Ədəbiyyat və incəsənət” portalına Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından verilən məlumata görə, kitabxanada 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar virtual və ənənəvi sərgi, videoçarx və “Qalib və müzəffər Azərbaycan ordusu” adlı daycest hazırlanmışdır.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan videomaterialda Silahlı Qüvvələr Gününün keçdiyi tarix yolu, bu günün əhəmiyyəti haqda məlumat verilir. Materialda AXC dövründə Milli ordunun yaradılması, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan ordusunun inşafındakı rolunu əks etdirən maraqlı məlumatlarla yanaşı, müasir Azərbaycan ordusunun görüntüləri də yer alır.
Videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/qalib-azerbaycan-ordusu yerləşdirilib.
26 iyun Silahlı Qüvvələr Günü haqqında qələmə alınan dövrü mətbuat məqalələrinin biblioqrafik təsvirini, annotasiyasını və keçid linkinı özündə cəmləyən daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini qalib və müzəffər Azərbaycan ordusu haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/daycest yerləşdirilmiş vəsaitdə bir sıra rəsmi sənədlərin və “Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi ilə qurulan ordu” adlı məqalənin tam mətni təqdim edilir. Əsasən 2021-2025-ci illəri əhatə edən məqalələr toplusu vəsaitdə illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilmişdir.
“26 iyun - Silahlı Qüvvələr Günü” adlı ənənəvi kitab sərgisində isə Silahlı Qüvvələr Gününün tarixini, əhəmiyyətini əks etdirən nəşrlər və kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsait sərgilənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)
ABŞ mediası: “Türk Dövlətləri Təşkilatı üzv ölkələri arasında Azərbaycan digərlərindən seçilir”
Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr arasında Azərbaycan digərlərindən seçilir. Əvvəla, heç bir şübhə yoxdur ki, Azərbaycan TDT-nin yaratmağa çalışdığı və formalaşmaqda olan ticarət dəhlizində həlledici mövqe tutmaqla yanaşı, Qazaxıstanla birlikdə Avropadan Asiyanın bir neçə mühüm regionuna əsas tranzit marşrutuna nəzarət edir və bu, onun rolunu əvəzsiz edir. Bu nəhəng bölgədə Azərbaycanın əməkdaşlığı olmadan hər hansı ticarət təşəbbüsü uğursuzluğa məhkumdur.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının saytında dərc olunmuş “Budapeşt bəyannaməsi və Türk Dövlətləri Təşkilatı” başlıqlı məqaləsində yazıb.
TDT-nin fəaliyyətinə həsr olunan məqalədə diqqətə çatdırılıb ki, təşkilatın dünya liderlərinə, xüsusən də Avropa liderlərinə ünvanlanmış “Budapeşt Bəyannaməsi”ndə qlobal sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsində TDT-nin mühüm rolu vurğulanıb. Bəyannamə türk dövlətlərinin Avropanı Asiya ilə birləşdirən etibarlı nəqliyyat və kommunikasiya dəhlizi yaratmaq, bu yolda sülh və inkişafa töhfə vermək öhdəliyini bir daha təsdiqləyib. Sənəddə əsas mesaj beynəlxalq ixtilafların aradan qaldırılması və Avropadan Çinə qədər uzanan sabit və təhlükəsiz regionun qurulmasına çağırış olub.
Məqalə “Budapeşt bəyannaməsi”ndə türk xalqlarını təkcə ortaq keçmişlə deyil, həm də bu gün və gələcəyə ortaq baxışla birləşdirməyin dəyərini təsdiqləyən “Türk Dünyası Baxışı”nın əks olunduğuna diqqət çəkib. Sözügedən baxış irqçi ideologiyaların açıq şəkildə rəddi ilə yanaşı, multikulturalizmi ehtiva edən ortaq türk kimliyinə, tarixinə, mədəniyyətinə və adət-ənənələrinə əsaslanan əməkdaşlığın təşviqidir. “Türk dövləti” anlayışının bəyannamədə geniş şəkildə şərh olunduğunu qeyd edən müəllif Macarıstanın təşkilatda müşahidəçi statusunu bunun birbaşa təsdiqi kimi qələmə verib.
Həmçinin bildirilib ki, son bir neçə ildə Azərbaycan tədricən Avrasiya regionunda əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib. Ölkəmizin bu statusunu tanıyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan neftinin ixracının artırılmasında göstərilən maddi-texniki dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə açıq şəkildə təşəkkürünü ifadə edib. Habelə bütün türk dövlətləri arasında ən böyük sərmayədar olan Azərbaycan həm iqtisadi cəhətdən təşkilatın ən sabit üzvü, həm də hərbi potensial baxımından ən güclü dövlətlərindəndir.
Yazıda Azərbaycanın Türkiyə ilə yanaşı son on ildə faktiki hərbi əməliyyatlarda iştirak edən yeganə TDT üzvü olduğu diqqətə çatdırılıb. Ermənistanla münaqişənin ölkəmizin hərbi büdcəsinin artmasına və yüksək hazırlıqlı ordu formalaşdırmasına vəsilə olduğu vurğulanıb. Habelə Azərbaycanın “qardaş ölkə” adlandırdığı Türkiyə və müxtəlif sektorlarda əməkdaşlıq etdiyi Qazaxıstanla müstəsna sıx əlaqələrə malik olduğuna diqqət çəkilib. Politoloq bu amillərin birlikdə Azərbaycanı iqtisadiyyat, təhlükəsizlik və diplomatiya baxımından ən perspektivli TDT üzvü kimi səciyyələndirdiyini qeyd edib. “Azərbaycan təşkilatda ən dominant və nüfuzlu oyunçulardan biridir”-deyə müəllif əlavə edib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2025/06/18/budapest-declaration-and-ots/
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)
Praqada Jaroslav Maleçin Azərbaycan haqqında filmi təqdim olunub
Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində bloger Jaroslav Maleçin Azərbaycan haqqında hazırladığı qısametrajlı filmin və videoçarxın təqdimatı olub. Tədbir “Land of Fire” Cəmiyyətinin təşəbbüsü ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İ. Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Çexiya vətəndaşı olan Jaroslav Maleç Azərbaycanın müxtəlif bölgələrinə dəfələrlə səyahət edərək maraqlı videolar çəkib və həmin videoları öz “YouTube” kanalı vasitəsilə geniş auditoriyaya çatdırıb. O, Vətən müharibəsi zamanı da fərqli beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin yayılmasında fəallıq göstərib.
Bloger, həmçinin Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu məktəbində Azərbaycan dili dərslərinə mütəmadi olaraq qatılır.
Cəmiyyətin üzvləri və Çexiyada yaşayan soydaşlarımız ölkəmizə göstərdiyi diqqət və verdiyi dəstəyə görə Maleçə təşəkkür ediblər.
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)
“Baş”a ictimai baxış keçirilib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, səhnə əsəri tarixi metafizik dram janrındadır.
Yeni tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.
Əsər XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Rejissorun əsas məqsədi birləşə bilməyən Azərbaycan xanlıqlarının Çar Rusiyası tərəfindən işğalı zamanı şərqli insanın kritik məqamlarda kənar və böyük güc qarşısında necə dayanmasının, seçim anında özünü necə ifadə etməsinin psixoloji mənzərəsini, personajlar qalereyasını göstərməkdir.
“Baş”da rolları Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnar Qarayev, Anar Heybətov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov və digər aktyorlar ifa edib.
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)
AMEA-da Vaqif Aslanın 75 illik yubileyi qeyd edildi
BakıŞəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında tanınmış pedaqoq ziyalı, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.
“Ədəbiyyat və incəsənət” portalına M.Ş.Vazeh adına Mərkəzi Kitabxanadan verilən məlumata görə, tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbir iştirakçılarını salamladı. İsa Həbibbəyli Vaqif Aslanın yaradıcılığı haqqında geniş məlumat verdi. Onun Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə “Ədəbiyyat İnstitutunun fəxri dostu” Fəxri diplomu ilə təltif etdi. O qeyd etdi ki, Vaqif Aslan şeir yazanların sırasında poeziyada ictimai fikrin əks etdirilməsinə, aparıcı olmasına üstünlük verən sənətkarlardandır və onun yaradıcılığını Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə müqayisə etdi. Vaqif Aslanın poeziyasında ictimai lirikanın milli-mənəvi cəhətdən dərk edilməsi, çox qabarıqdır. Milli-mənəvi dəyərlərə qayıdış baxımından Vaqif poeziyası əvəzedilməzdir. Onun “Ruhlarla söhbət” poemasında Vaqifin bütün cəmiyyətə, dünyaya baxışı əks olunur, Vaqifdə milli-mənəvi özünüdərk dünyanı dərk etdirməyin bir parçasıdır. Vaqifin poeziyasında lirika, sevgi, məhəbbət mövzusu var, amma onun aparıcı tərəfi yeni nəsillərə Vaqif Aslanın təqdimatında Azərbaycan poeziyasını tanıtmaqdır. Akademik V.Aslanın ədəbi tənqidçilik fəaliyyətini də qeyd etdi. Daha sonra İ.Həbibbəyli vurğuladı ki, Vaqif publisistikası elmi publisistikadır. V.Aslan haqqında görkəmli alimlər Yaşar Qarayev, Aydın Məmmədov, Kərim Şükürlü, Cavanşir Feyziyev, Asif Rüstəmli elmi məqalələr yazıblar. Şair bu gün ölkəmizi xarici ölkələrdə də layiqincə təmsil edir. Akademik Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə təşkil olunan Vaqif Aslan yaradıcılığına həsr olunmuş tədbiri yüksək qiymətləndirdi.
Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri, professor Birol Akgün tədbirə dəvətə görə təşəkkürünü bildirdi, Vaqif Aslanı salamladıqdan sonra Türkiyə Cumhuriyyətindən Vaqif Aslana ərməğan olunan mötəbər təltifi – “Türk dünyası Elmlər Akademiyasının Fəxri professoru” Diplomunu və mantiyanı yubilyara təqdim etdi. Səfir bu günlərdə AMEA və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda Beynəlxalq simpoziuma diqqət çəkdi, bu kimi elmi-mədəni əməkdaşlıqların iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirdi. O qeyd etdi ki, bizim “bir millət, iki dövlət” ifadəmizə şairlər də, yazarlar da, alimlər də ortaqdır. B.Akgün Vaqif Aslanla bağlı fikirlərini bölüşdü və bildirdi ki, şairlərə, yazarlara, sənətkarlara qayğı, diqqət, hörmət göstərmək bizim vacib işimizdir. Şairlər haqqın sözünü haqq adına söyləyirlər. Vaqif Aslan Ə.Cavaddan, B.Vahabzadədən V.Aslana kimi bütün şairlərin yaradıcılığının əsas mövzusunun insan və şəxsiyyət olduğunu vurğuladı. B.Akgül şairi yubiley münasibəti ilə təbrik etdi, qələminin iti olmasını arzuladı.
Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında bildirdi ki, Vaqif Aslan çağdaş Azərbaycan ədəbiyyatında fəlsəfi-estetik, ədəbi-bədii, elmi-nəzəri və milli düşüncənin formalaşmasında önəmli xidmətləri olan istedadlı qələm adamıdır. Poetik düşüncəsi, zəngin erudisiyası, özünəməxsus dünyabaxışı, istedadının orijinallığı, fərqli yazı manerası, əsərlərində insan həyatının, məişətinin, düşüncəsinin köklü problemlərinə müraciət etməsi, yaradıcılığına məxsus humanizm, fəlsəfilik, psixoloji dərinlik Vaqif Aslan imzasını geniş oxucu auditoriyasına sevdirmiş, xalq ədəbiyyatından rişələnən bu böyük yaradıcılıq ədəbi-elmi ictimaiyyətin daim diqqət mərkəzində olmuşdur. Vaqif Aslanın həm bədii, həm elmi yaradıcılığı çoxjanrlı və çoxşaxəlidir. O, şair, alim, publisist və dramaturq kimi geniş oxucu kütləsinin gerçək sevgisini qazanan bir sənətkardır.
Vaqif Aslan poeziyası çağdaş türk şeirinin ədəbi hadisələrindən sayılır. XX əsrin 70-ci illərindən başlayaraq özünəməxsus yaradıcılıq yolu, stixiyası ilə Azərbaycan şeirini dəbdəbədən, şüarçılıqdan, ritorikadan, pafosdan, təsvir və tərənnümün kütləviliyindən uzaqlaşdırmağa nail olmuş Vaqif Aslan həm də bu fəaliyyətləri ilə poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdir. Şairin poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün, dünyagörüşün güzgüsüdür və Azərbaycan poeziyasında ayrıca bir mərhələ kimi səciyyələnməkdədir”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırdı.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Fəlahiyyətli Səfirinə və AMEA-nın prezidentinə dəyərli vaxtlarını ayırıb tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. L.Məmmədova qeyd etdi ki, Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş "Ruhlarla danışan adam" kitabı nəşr olunub. L.Məmmədova “Ruhlarla danışan adam” kitabında elm, ədəbiyyat və mədəniyyət adamlarının, həmçinin ictimai xadimlərin şairin zəngin yaradıcılığı ilə bağlı məqalələrinin yer aldığını bildirdi. L.Məmmədova məlumat verdi ki, daha iki kitabın – Qadir Hüseynovun “Mənim dünyam” və Tural Adışirinin “Publisistik və poetik düşüncələr” kitabları Fondun dəstəyi ilə nəşr olunmuşdur. Daha sonra L.Məmmədova Q.Hüseynovun “Mənim dünyam” kitabı haqqında məlumat verdi.
Tanınmış yazıçı, şair Seyran Səxavət çıxış edərək qeyd etdi ki, Vaqif Aslan son dərəcə gözəl qələmi olan şairlərdəndir. S.Səxavət şairi yubiley münasibətilə təbrik etdi. O, çıxışını “Ay ilk məhəbbətim, son məhəbbətim” şeiri ilə yekunlaşdırdı.
Filologiya elmləri doktoru, professor Yeganə İsmayılova çıxışında qeyd etdi ki, doktorluq dissertasiyasını yazarkən, V.Aslanın yaradıcılığını araşdıraraq şairin “Dədə Qorqud” motivləri ilə bağlı müsahibə və çıxışlarını gördüm. “V.Aslanla yaradıcılıq ünsiyyəti yaradanda ona monoqrafiyamı da göndərdim”, – Y.İsmayılova bildirdi. Qazaxıstanda “Türk dili” jurnalında Vaqif Aslanla bağlı məqalə ilə çıxış etdiyini də vurğuladı.
Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov V.Aslana yaradıcılıq uğurları arzuladı. Həm özünün, həm V.Aslanın kitabının işıq üzü görməsi ilə əlaqədar təbrik etdi və Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevə dərin təşəkkürünü bildirdi. Q.Hüseynov Vaqif Aslanın yubileyinə həsr etdiyi şeirini oxudu.
Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hümbətov qeyd etdi ki, Vaqif Aslanı tanımamışdan əvvəl onun şeirlərini oxuyub tanımışıq. Şairə yaradıcılıq uğurları arzuladı. E.Hümbətov Türk Ağsaqqalları İctimai Birliyi adından Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə Vaqif Aslana Fəxri diplom təqdim etdi.
Neft və Qaz İnstitutunun professoru Mahir Rəsulov çıxışında vurğuladı ki, bu gün Vaqif Aslanın yox, Azərbaycan ədəbiyyatının yubileyidir. M.Rəsulov V.Aslana yaradıcılığında müvəffəqiyyətlər arzuladı.
BDU-nun kafedra müdiri, professor İsmayıl Əliyev şairi 75 illik yubileyi münasibətilə təbrik etdi. Professor vurğuladı ki, Qobustandan Balakənə qədər Qafqaz sıra dağlarının ətəklərində, qədim Şəkinin Kiş kəndində yaşayıb yaradan Vaqif Aslanın şərəfinə respublikamızın ən mötəbər elm məbədi olan AMEA-da yubileyinin keçirilməsi əsası 1969-cu ildə Ulu Öndər tərəfindən qoyulmuş, Ali Baş Komandan, Qarabağ Fatehi İlham Əliyev tərəfindən davam etdirilən siyasətin bariz nümunəsidir. O qeyd etdi ki, V.Aslan şair, tərcüməçi, publisist olmaqla yanaşı, həm də müəllimdir. Bu tədbirin keçirilməsi onun yaradıcılığına dövlətimizin diqqət və qayğısının nümunəsidir.
172 nömrəli tam orta məktəbin direktoru Vəfa Bağırova V.Aslanı 75 illik yubileyi münasibətilə təbrik etdi. Şairin yazdıqlarının gənc nəslə tərbiyəvi əhəmiyyətini, öyrədici və düşündürücü təsirlərini vurğuladı.
Şair Tural Adışirin çıxışında Vaqif Aslanın onlarla yetirmələrindən biri olduğunu vurğuladı. V.Aslanın 75 illik yubileyinə həsr olunan kitabda yazısının olduğunu bildirdi. Çıxışının sonunda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın Vaqif Aslanın yubileyi ilə bağlı ünvanladığı təbriki oxudu.
Tədbir iştirakçıları türkiyəli şair Hasan Kallimcinin şair Vaqif Aslana tədbirikini video formatında dinlədilər.
Türkiyəli yazar, ədəbiyyatşünas-alim Süheyla Karaca Hanönü Şəkinin gözəlliyindən söz açdı və Vaqif Aslanın təbiri ilə Şəkidə şair olmamağın günah olduğunu vurğuladı. Süheyla Karaca V.Aslanı təbrik etdi, ona daim yazıb yaratmağını arzuladı.
Türkiyəli yazar, ədəbiyyatşünas-alim Selvigül Şahin çıxışında Vaqif Aslanı təbrik etdi, qələminin iti olmasını arzuladı. Selvigül Şahin şairə çəkdiyi tablonu təqdim etdi.
V.Aslanın ailə üzvlərindən Yeganə Aslanova və Abdulqədir Lətifov tədbirin təşkilinə görə minnətdarlığını bildirdilər. Şairin qələminin heç zaman yorulmamasını, yeni-yeni əsərlər yazmasını arzuladılar.
Şair Vaqif Aslan tədbirin təşkilatçılarına və iştirakçılara dərin minnətdarlığını bildirdi, bu əlamətdar gündə göstərilən diqqət və ehtirama görə təşəkkür etdi.
Tədbirin bədii hissəsində respublika və Beynəlxalq müsabiqələr laureatı, magistr, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu İslam Qasımovun ifasında sözləri Nəbi Xəzrinin, musiqisi Müslüm Maqomayevin “Azərbaycan”, sözləri Əhməd Cavadın, musiqisi Emin Sabitoğlunun “Şükriyyə” mahnıları, tanınmış muğam ustası, xanəndə, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova “Çanaqqala Müzəffər”, “Mehriban olaq” mahnılarını və muğamlar ifa etdi. Xan Şuşinski adına Ağdam rayon Muğam Uşaq Musiqi Məktəbinin şagirdləri Mətin Cəfərov, Aysu Qululu, Tunar Əzizov muğamlar ifa etdilər. İfaçıları kamançada Xətayə Cəfərova, tarda Famil Məmmədov, nağarada Sabir Həsənov müşayiət edirdi.
AMEA-nın Folklor İnstitutunun əməkdaşı, respublika və Beynəlxalq müsabiqələr laureatı, bədii qiraət ustası Həlimət Sultan “Eşq” bədii-musiqili kompozisiyasını təqdim etdi.
Tanınmış pedaqoq Zenfira Nusalova Vaqif Aslanın “Sən niyə bu qədər gözəlsən axı?”, bədii qiraət ustası Bəhiyyə Nağıyeva “Səndə şair olmamaq da günahdır”, “Şəki” şeirlərini səsləndirdilər.
Tədbirdə alimlər, şair və yazıçılar, geniş ictimaiyyət və KİV nümayəndələri, oxucular iştirak edirdilər.
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)


