Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bizdə sabiqləri, eksləri bəyənmirlər.
Mənsə sizə bir sabiq barədə danışacağam.
Dabiq millət vəkili Gülər Əhmədova barədə.
Haqqında çox hədyanalar da danışan olur, tərif yağdıranlar da.
Gəlin, biz də öz pəncərəmizdən baxıb nə gördüyümüzü yazaq.
Xeyirxah əməlləri çoxdur, elə indinin özündə də xeyirxahlığından qalmır. Bacardığı qədər insanlara yardım etməyə tələsir. 2000- ci ilin avqust ayında küçədə dilənən, bədəninin müxtəlif nahiyələri yanmış bir uşağı görür, ürəyi dözmür, onu 5 nömrəli xəstəxanaya aparıb əməliyyat etdirir və iki gecə yanında qalır. Sonra məlum olur ki, anası onu qardaşı ilə birgə dilənçi mafiyasına satıb. Uşaqları azad etmək üçün bu mafiya ilə çox vuruşur. Nəhayət, uşaqları xilas edir və onları övladlığa götürmək istəyir. Uşaqların ata-anası sağ və salamat olduğu üçün qanun buna yol vermir. Məcbur qalıb hər iki uşağı uşaqlar evinə verir. Bundan əlavə, ərinin dəlixanaya saldırıb iki uşağını əlindən aldığı, Gülnarə adlı bir qadının uğrunda mübarizə apararaq, uşaqlarını özünə qaytarılmasına nail olur...
Deyir ki:- “Mən insanlara zərər vuranlara heç cür bəraət qazandıra bilmirəm. Təəssüflə demək istəyirəm ki, ictimai mənafeni dərsliklərdə düz izah etmirlər. Mən axı adada yaşamıram, bir toplumun içərisindəyəm. Əgər bu toplumun içərisindəyəmsə, deməli, toplumun mənafeyi mənim mənafeyimdir. Bacımın, qardaşımın, övladlarımın mənafeyidir. Hə, yəni axmaq adamlar düşünə bilər ki, şəxsi mənafe və ya ictimai mənafe ayrı-ayrı şeylərdir. İnsanlara əvvəldən bir şeyi düz izah etməyəndə sonrası çətin olur. Bizim problemimiz təhsil deyil, düzgün tərbiyədir. Təhsili hər vaxt almaq olar, amma sonradan tərbiyələnmək çətin olur. Çünki tərbiyə vərdişdir. Mişel Montenin “Təcrübələr” əsərində bu çox yaxşı açıqlanır- Elə şeylər var ki, biz seçirik, elə şeylər də var ki, seçim imkanımız olmur. Və ayıra biləndə ki, bunlar məndən asılıdır, bunlar isə yox, onda rahat olursan. Məncə ədəbiyyatın da, incəsənətin də ən böyük qayəsi bu olmalıdır, insanlara bunu başa salmalıdır.”
Xaraktercə güclü xanımdır, möhkəm iradəsi var. Çox çətinliklər görüb, necə deyərlər, od-alovdan keçib, amma sınmayıb. Bir vaxtlar onu gözdən salmaq istəsələr də qürurunu, mərdliyini qoruyub saxlaya bilib...
“Dünyada maddi və fiziki ləzzət çoxdur. Lakin, hamısının sonu peşmançılıqdır. Tək bir ləzzət var ki, onu bir dəfə duyan başqa ləzzət arzulamır. O da Allahla tək qalmaqdır. Allah və sən! Bu ləzzəti duymaq mənə iki dəfə nəsib olub, yenə də arzulayıram. Bir dəfə Kəbə evində, bir dəfə də namazda. İnsanlar onu bilsinlər ki, Allah hər kəsə bir dəfə imkan- pul verir. O puldan zinaya, içkiyə, əyyaşlığa, murdar işlərə xərcləyən kimi, ya tamamilə kəsir, ya da paralel ömürlük ağır dərd verir. Ona görə də ehtiyatlı olmaq lazımdır.”- söyləyir.
Haqqında söhbət açdığım Milli Məclisin sabiq deputatı Gülər Əhmədova 20 avqust 1965-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir. 1986-cı ildən 1994-cü ilədək Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. Sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçısı, şöbə müdiri, idarə rəisi vəzifələrində işləyib. On il BDU-nun müəllimi olub. Üç çağırış Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. 2016-cı ildən psixoloq kimi çalışaraq insanları güclü nevrozlardan müalicə edib. Vikipediyadakı səhifəsində göstərilir ki, hazırda BDU-da müəllim işləyir...
Deyir ki:- “Qurani Kərimdə yazılıb: “De ki, mənim ölümüm və yaşamım Allahın əlindədir”. Digər bir yerdə isə bildirilir: “Heç kim ölümünü nə bir saniyə yubada, nə də irəliyə çəkə bilər”. Hər bir insanın nəfəsi sayılıdır. Əsas budur ki, bunu biləsən, hər gün ölümünü gözünün qabağına gətirəsən. Çünki tövbə üçün vaxtın qalmaya bilər. Allah heç kimi qul haqqından azad etmir. Səhv etmirəmsə, cənnət vəd olunmuş şəhidlər də belə, qul haqqından azad deyil.”
Böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin bir sözü var: “Dünyada mütləq xoşbəxtlik yoxdur, azadlıq və rahatlıq var.” O da özünü mənən rahat və azad adam hesab edir. Şeir, hekayə yazmaq, mahnı ərsəyə gətirmək onun sevimli hobbisidir. İstəyir ki, yeni əsərlərini xarici dillərdə yazıb konfranslarda təqdim etsin və çalışır ki, Quranı ərəbcə oxuya bilsin. Ən böyük arzusu isə idmanla aktiv məşğul olmaq, xeyirxah əməlləri ilə savab qazanmaqdır...
“Mənim xoşbəxtliyim və bədbəxtliyim odur ki, sosial maska taxmışamsa da keçici olub. Mənim aldığım tərbiyədə sosial maska olmamışdı deyə sosial maskada narahat oluram. Hamıya da deyirəm ki, mən beləyəm. İnsan özü ilə xoşbəxt deyilsə, deməli heç kimlə də xoşbəxt olmayacaq. Olsa da müvəqqəti olacaq. İnsanın ən böyük qazancı, özü ilə xoşbəxt olmasıdır. Və mən tam səmimi etiraf edirəm ki, xoşbəxtəm.”- söyləyir.
Allahı və ona bəxş etdiyi dostları çox sevir. Ona qarşı olan paxıllıqlardan, gözü götürməməzlikdən çox əziyyət çəkdiyini dilə gətirir. Mütaliəni xoşlayır, kitab oxumaqdan zövq alır...
Deyir ki:- “Çox gözəl kitabxanam var. Tanıyanlar bilir ki, kitabımı oxuyub qaytarmayan birinci “düşmənimdir’’. Çox kiçik yaşlarımdan oxumuşam və çox oxumuşam. Deyəsən, Qorkinin sözləridir: “Həyatımda ən çox kitablara borcluyam”- bunu desəm bəlkə də bayağı çıxar. Amma doğrudan kitablara çox borcluyam. Və kitab oxuyarkən belə bir vərdişim var, bir dəftər ayırırdım və ora kitabdan seçdiyim fikirləri yazırdım, kitabı bitirəndə isə ümumi aldığım təəssüratı yazırdım. Olur axı, adam unudur, sonra açanda elə gözəl təzələnir ki yaddaş. Bu texniki tərəfidir. Sizə səmimi deyirəm, Tolstoyun, Çexovun mənə böyük təsiri olub. Amerika realistləri, məsələn Drayzer mənə təsir edib. İndi bölgü apara bilmərəm. O vaxt qlobalist və ya antiqlobalist yazıçılar yox idi. İndi durub desəm ki, Floberin “Bovari”si təsir edib, “Zolya” yox, doğru deyil. Bir insan kimi formalaşmağımda hamısının təsiri var...”
Bu gün - avqustun 20-si Gülər xanımın 60 yaşı tamam olur, yubileyidir. Onu yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)