Super User

Super User

Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" layihəsində Xalq şairi, şeirləri dillər əzbəri olan Səməd Vurğun yad edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Bülbülün Memorial Muzeyindən verilən məlumata görə, museydə baş tutan tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq, Səməd Vurğunun yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil etdiyini qeyd edib.

 

Səməd Vurğunun nəticəsi, Prezident mükafatçısı, tanınmış pianoçu, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov tədbir iştirakçıları ilə öz təəssüratlarını bölüşüb.

 

Xalq şairinin nəticəsi Vurğun Vəkilovun müşayiəti ilə Əməkdar artist Ramil Qasımov "Şair, nə tez qocaldın sən", gənc və istedadlı vokalçı İslama Abdullayeva "Aygün", "Bir diyarın eşqinə" romanslarını, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin üzvü Aşıq İlqar Qələmçəli "Dağlar" şeiri, Baş dübeyti havası, "Danışaq" şeiri, Ağır şərili havasını səsləndirib. 

 

Həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əsəd Cahangir, Güləmayıl Murad şairin həyat və yaradıcılığından bəhs ediblər.

 

Tədbirdə qiraətçi Mircabir Cavadzadə Səməd Vurğunun "Ana" və "Azərbaycan" şeirləri ilə çıxış edib. 

 

Qeyd edək ki, "Bülbülün qonaqları" layihəsi çərçivəsində 1937-1961-ci illərdə Bülbülün evində onun qonağı olmuş dahi şəxsiyyətlərimiz yad edilir.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

İsmayıl bəy Qutqaşınlı — XIX əsrin birinci yarısında yaşayan görkəmli Azərbaycan maarifçisi, yazıçı, diplomat və hərbçi olub. O, Azərbaycan realist nəsrinin ilk nümayəndələrindən biri, maarifçilik ideyalarının daşıyıcısı və ilk azərbaycanlı general‑mayor kimi tanınıb. Onun həyatı və fəaliyyəti çoxcəhətli olub, həm ədəbi, həm də siyasi-ictimai sahədə mühüm izlər buraxıb.

 

"Uşaqlıq və təhsil"

 

İsmayıl bəy 1806-cı ilin 14 iyulunda (bəzi mənbələrdə 14 avqust) Qutqaşın mahalında (indiki Qəbələ rayonu) anadan olub. Soylu və zadəgan bir ailədə doğulub. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənib, Şərq ədəbiyyatı və İslam elmləri ilə tanış olub. Sonralar rus məktəblərində təhsilini davam etdirib və hərbi təhsil alaraq rus dilini də mükəmməl mənimsəyib.

 

"Hərbi fəaliyyəti"

 

1822-ci ildə İsmayıl bəy rus ordusuna yazılıb və Peterburqda hərbi kadet məktəbini bitirib. O, Rusiya imperiyasının müxtəlif hərbi kampaniyalarında, o cümlədən:

1826–1828-ci illərdəki Rus–İran müharibəsində, 1828–1829-cu illərdəki Rus–Osmanlı müharibəsində,

Dağıstan və Qafqazda baş verən üsyanların yatırılmasında iştirak edib.

Bu xidmətlərinə görə İsmayıl bəy müxtəlif orden və medallarla təltif olunub, 1847-ci ildə general-mayor rütbəsi alıb və Azərbaycanın bu rütbəyə yüksələn ilk övladı olub. Xüsusilə Müqəddəs Georgi ordeninə layiq görülməsi onun hərb sahəsindəki şücaətini göstərir.

 

"Ədəbi və maarifçilik fəaliyyəti"

 

İsmayıl bəy Qutqaşınlı Azərbaycan nəsrinin inkişafında mühüm rol oynayıb. O, romantizm və realizm üslubunu birləşdirən ilk yazıçılardan biridir.

 

Əsas əsərləri:

 

1. "Rəşid bəy və Səadət xanım" — Bu, Azərbaycan ədəbiyyatında ilk realist povest hesab olunur. Əsər fransız dilində yazılıb və 1835-ci ildə Varşavada çap olunub. Əsərdə sevgi, ailə dəyərləri və cəmiyyətin gerilikləri əks olunur.

 

2. "Tutu xanım" — Bu əsərin adı məlum olsa da, əlyazması günümüzə gəlib çatmayıb.

 

3. "Səfərnamə" — O, 1852-ci ildə Həcc ziyarətinə gedib və bu səfəri ilə bağlı xatirələrini ərəb dilində yazıb. Bu səfərnamədə həm dini duyğular, həm də sosioloji müşahidələr yer alıb.

 

Onun maarifçilik fəaliyyəti məktəb və maarif ocaqları açmaqla, xalqı savadlandırmaq çağırışları ilə yadda qalıb. Şamaxı və Qutqaşında uşaqlara dərs deyib, həmçinin bir neçə tərcümə işi ilə də məşğul olub. O, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir kimi dövrünün ziyalıları ilə yaxın münasibətdə olub.

1850-ci illərdə təqaüdə çıxaraq doğma torpaqlarına — Qutqaşına və Şamaxıya qayıtmış, burada ictimai fəaliyyət və müəllimliklə məşğul olub. 1861-ci ildə Ağdaş karvansarasında nahar zamanı həyat yoldaşı Tutu xanımla birlikdə zəhərlənib və vəfat edib. Onun nəşi doğulduğu Qutqaşında dəfn olunub.

 

 "İrs və xatirə"

 

 Azərbaycan tarixində həm hərbçi, həm də maarifçi və ədib kimi dərin iz qoyan şəxsiyyətlərdən biridir. Onun adı bu gün:

 

- Küçələrə verilib (Bakı və Qəbələdə)

- Yubileyləri qeyd olunur

- Əsərləri yenidən nəşr edilir.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

 

Bazar ertəsi, 14 İyul 2025 09:31

Qəbirlər susur, amma yaddaş danışır

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”

 

BizimkəndAğrı dağınınətəyində yerləşirdi. Hər səhər nənəm deyərdi ki, “Ağrı bu gün də bizə baxır... dağlar adamın şahididir, qızım.” Mən isə uşaq ağlımla düşünərdim ki, dağ baxa bilərmi?

 Sonralar başa düşdüm: o dağ yalnız baxmır, həm də görür, yadda saxlayır, susaraq danışır...

 

O kənddə babam da doğulmuşdu, atam da, mənim köklərim də ora bağlı idi. Atam deyirdi: “Hər bayramdan əvvəl kənd qəbiristanlığına gedərdik. Baş daşlarında Quran ayələri, gözəl oyma naxışlar, bir də qədim əl yazısı ilə yazılmış adlar vardı. Biz o daşlara toxunanda elə bil tarixə toxunurduq...”

Amma bir gün bizi oradan qopardılar. Qaçqın adını verdilər, amma əslində didərgin olduq. Təkcə evlərimizdən yox... ölülərimizin yanından da didərgin salındıq.

İllər keçdi... kəndimizdən bir görüntü tapdım. Qəbiristanlıqda daş qalmayıb. Ağrı dağının ətəyindəki o səssiz abidələr... yox edilib. Baş daşlarının yerində indi ot bitib, bəlkə də bəzilərinin üstündə maşın park edilib. Elə bil biz heç olmamışıq...

Bu necə unudulsun?

Bu necə bağışlansın?

Soyadımızın sahib adı sanki torpağın altındadır, amma üstündəki nişanəsi silinib. O baş daşında yazılmış dua indi mənim sinəmdə döyünür. Çünki qəbirlər susur, amma yaddaş danışır.

O kənd, o dağ, o məzarlar mənim yaddaşımdır. Onlar sındırılıbsa, mən ayaqda dayanmalıyam. Onlar unudulubsa, mən danışmalıyam. Onlar torpağın altında yatırlarsa, mən onları ruhumda yaşatmalıyam.

Qərbi Azərbaycan İcması bu məsələni işıq üzünə çıxarır və sübutlu faktlarla 2000-dən artıq xəritə çəkilişlərində aşkarlanamış bariz vandallıq nümunələrini nəzərə çatdırır. Onlar qəbristanlıqların nə vaxt dağıdıldığı barəsində məlumat əldə ediblər. Qəbirlər bizim abidələr qədər irsimizdir. Biz nə didərgin düşdüyümüz yurdu, nə də silinməyə çalışılan irsimizi unutmalıyıq. Ali baş komandanımız demiş: “Biz Aşıq Ələsgərin kəndində Aşıq Ələsgərin abidəsini qoyacayıq”. Biz yaşadığı yeri dağıdan yox, çiçəkləndirən, can verən ruhuq. Biz qayıdanda otumuzu, ağacımızı canlandıracaq, abidələrimizi, qəbiristanlıqlarımızı bərpa edəcəyik!

 

Bir gün qayıdacağıq. O torpağa, o dağın ətəyinə. Qəbirlər bəlkə də yox olacaq... amma biz yenidən ora dua ilə qayıdacağıq. Daş qoymasalar da, ruhumuzu qoyacağıq...

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Çağdaş Azərbaycan ədəbiyyatında özünə ad edə bilmiş yazarlardan birinin - Etimad Başkeçidin bu gün doğum günüdür. Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. Kirovisi orta məktəbində və M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb.

Təbii ki, SSRİ-nin ən istedadlı gənclərinin ədəbiyyat uzmanlarından dərs aldığı bu məktəbdə oxumaq onun yazıçı kimi püxtələşməsində rol oynayıb.

 

Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri, "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi, universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru, Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi, Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi olub. Fəaliyyətini dayandərana qədər Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşı da olub.

 

2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü olub. Çox sayda publisistik məqalənin, bir neçə elmi məqalənin, bir çox bədii və elmi kitabın redaktoru və önsözünün müəllifidir. Rus və türk dillərini bilir.

 

Kitabları

 

- Panoptikum (şeirlər və hekayələr)

- Y.Polyakov, Süddə çəpiş

- L.Anninski, Ceviz ləpəsi

- S.Kinq, Ölü zona

- V.Jirmunski, Xalq qəhrəmanlıq eposu

 

“Ədəbiyyatı və incəsənət”

(14.07.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Sara Turidir.

Qulağın bataqlığına saplanmayan duman idim

Ucu qucağına gedər yolların kələfi

Qolum Belin qıvrıltısından qucağını sapmış yol.

 

Sara Turi

Təbriz

 

AY SAÇIM

 

Ay saçım!

Mənim günah biletimsən cəhənnəmə,

Və qiyamətə açılan ilk qapı

Hər telində min bir cəza

Hər telində etiraz,

Bağırtı, qovğa...

Məni saçımdan asın!

Asın ki, bu dünyanın

Demokratiya havası

Bir nəfəs alsın!

Rahatlasın...

 

VƏSİYYƏT

 

Tikə, parçayam

Məni Arazda suya tutun

Azərbaycanda quylayın!

Tikələrim birləşdikcə

Qəbrimdə göy ot bitəcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

 

Bazar ertəsi, 14 İyul 2025 08:03

“Kölgə ütüləmək gəlmir əlimdən…”

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 Ötən əsrin səksəninci illərində İsi İsmayılzadənin məşhur şeirlərindən birinin bu sözləri dərhal diqqət cəlb edirdi: “Kölgə ütüləmək gəlmir əlimdən…”

O, sərbəst, avanqard şeirin tanınmış nümayəndəsi idi.

Bu gün onun anım günüdür.

 

Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Qardabanidə orta məktəbdə müəllim, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri, "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləyib.

 

 Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" almanaxında və "Azərbaycan gəncləri" qəzetində çap etdirdiyi ilk şeri ilə başlayıb. Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət vermiş, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda, Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində iştirak edib. Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilib.

1997-ci il iyulun 14-də vəfat edib.

 

Kitabları

 

1. Ulduzların ad günü

2. İşıqlı yarpaqlar

3. Torpaq nəğməsi

4. Salam, Yer kürəsi

5. Ömrümdən keçən qatar

6. Anamla söhbət

7. Yelləncəkdə yellənən külək

8. Gedim anamdan soruşum

9. Bir ömürlük gecə (şeirlər və poemalar)

10. Seçilmiş əsərləri

11. Vurağan, tutağan, yatağan

 

Tərcümələri

 

- Roya İnara. Xirosimada

- Mixail Matusovski. Sükut dəqiqəsi

- Slutski Boris. Tolstoyun romanı

- Baltakis Altimantas. Ürək-Vətən

- İmant Ziyedonis. Leninlə görüş

- Draç İvan.Gecə etüdü

- Yustinas Martsinkyaviçyus. Belə vətən var

- Konstantin Simonov. Gözlə, qayıdacağam...

- Oleynik Boris. Əks-səda

- Konstantin Simonov. Vətən

- İrakli Abaşidze. Ağ hücrədə səs

- Körpülər (Ukrayna sovet şairlərinin şerləri)

- Məzlumluq

 

Filmoqrafiya

 

1. Qarabağ bülbülləri

2. Belə bir şəhər var

3. Bəyin oğurlanması

4. İntizar

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

 

Təbii ki, yola saldığımızın günün ən əsas mədəniyyət hadisəsi Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyasının keçirilməsidir. Sessiyanın gündəliyinə uyğun olaraq, 11 iyul tarixində Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb. Və burada bizim lehimizə iki qərar qəbul edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Azərbaycan tərəfindən təqdim olunmuş “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

Qeyd edək ki, Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid zəngin qayaüstü təsvirlərlə diqqət çəkir.

Tarixi mənbələrə əsasən, eramızdan əvvəl IV əsrdən etibarən Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış, eramızın I əsrindən yazılı mənbələrdə adı çəkilən Qədim Qəbələ Qafqaz Albaniyasının ilk paytaxtı olmuşdur. Təxminən 2500 illik tarixə malik bu şəhər uzun müddət regionun mühüm siyasi, iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.

Hər iki abidənin gələcəkdə UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi məqsədilə zəruri elmi və təşkilati işlər davam etdiriləcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)

 

 

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi  Ruhəngiz Qasımovanı kim necə xatırlayır?

Əlbəttə, onu gözəl, lirik mahnıları ilə xatırlayır hər kəs. O, xüsusən tamaşa və filmlərə yazdığı musiqi ilə ixtisaslaçşmışdı. Hətta məşhur “Yollar görüşəndə...” tamaşasında özü də iştirak edirdi. Siması elə o tamaşadan yadımda qalıb. Eynəkli, simasından mehribançılıq və nur yağan bir qadın.

 

Necə yəni, Honkonqda vəfat edib, Yasamal qəbiristanlığında torpağa tapşırılıb? Elə “onu kim necə xatırlayır” sualım da burdan qaynaqlanır. Amma cavab yazımın sonunda olacaq.

Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Demək ki, bu gün onun yubileyidir – 85 illiyidir.

Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələr yazıb, hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında "Quyu" tamaşasına musiqi, "Qızıl oğlan" musiqili nağıl xüsusi yer tutur.

 

Filmoqrafiya

1. Reportaj haqqında reportaj

2. Daha iki nəfər

3. Danışan işıqlar

4. Qızıl gül olmayaydı...

5. Bu, Səttar Bəhlulzadədir

6. Oxuyur Şövkət Ələkbərova

7. Dəmir ağac

8. İlham

9. Göyçək Fatma

10. Günəşlə dolu dünya

11. Badamlı

12. Abşeronun istirahət ocaqları

13. Astara

14. Fəhlə vüqarı

15. İki Xəzər

16. Rəşid Behbudov

17. Uğurlu yol!

18. Bizi dağlarda axtarın

19. Bizim müasir qadınlar

20. Kirov Azərbaycanda

21. Pəncə... Qulaq... Palaz... Tikan...

22. Səhhət

23. Kirovabad

24. Startlar

25. Möcüzələr adası

26. Sənə sevinc bağışlayım

27. Bir az da Bahar bayramı

28. Dvorjakın melodiyası

29. Xalq nəğməkarı

30. Qızılağac

31. Yayın bir günündə

32. Yollar görüşəndə...

33. Astara

34. Bulaq başında

35. Buta

36. Ömrün yolları

37. Poladın mahnıları

38. Asif, Vasif, Ağasif

39. Bir dəfə görmək...

40. Habil Kaman

41. Qəribə əjdaha

42. Həsir

43. Aşkarsızlıq şəraitində...

 

Mükafatları

- "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

 

Ruhəngiz xanım ailəsinə çox bağlı olan qadın olub. Honkonqda isə ailə qurduqdan sonra qızı yaşayırdı, tez-tez gedib qızını yoluxardı. Bir dəfə müsahibələrinin birində belə demişdi:

“Mən Bakıda doğulmuşam, burda böyüyüb, buranı havasını udmuşam. Honq-Konqa qızımın yanına gedəndə, darıxıram. Çünki orada heç kim məni telefonla axtarmır. Amma burda üç mobil telefonum, iki ev telefonum var. Hər gün o telefonlardan mənə zənglər gəlir. Nə zaman, o zənglər sussa, deməli onda mən də olmayacam”.

Və növbəti gedişinin dönüşü olmayıb...

9 oktyabr 2022-ci ildə o, Honkonqda vəfat edib. Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun adı Ədəbiyyat tariximizə məhz belə yazılıb - Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazi. Bu gün onun anım günüdür. Gəlin hamımız “ruhu şad olsun” deyək.

 

XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri — Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçib, lirikamızın rəngarəng və kamil nümunələrini yaradıb.

O, 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub.

APİ-nin (indiki Pedaqoji Universitet) dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şair Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində çalışıb.

Şairin əsas yaradıcılıq fəaliyyəti xalqa, onun həyatında baş verən böyük inqilabi dəyişikliklərlə bağlı olub. "Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılıb, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunub. Onun əsəslərinin ana xətlərindən biri məhz şərq qadının taleyi ilə bağlı olub.

Mirvarid Dilbazi əmək adamlarını, onların həaytını təsvir edən şeirlərinə örnək olaraq "Xəzər üstə şəhərim var", "Abşeronda gün doğanda", "Günəş kimi", "Çiçəklər şəhəri", "Qoçağım Zeynəb" və s. göstərmək olar. Bu illərdə şairin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilib. O, həm də "Məhsəti", "Əlcəzairli qız", "Partizan Aliyə" poemalarının müəllifidir.

 

Şairin "Məhsəti" poeması süjetinin genişliyi, məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M. Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılıb. İkinci Dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olub. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şair Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçib.

 

Əsərləri

"Müharibəyə qədər işıq üzü görən kitabları"

Bizim səsimiz

İlk bahar

 

"Müharibə mövzusuna həsr olunmuş kitabları"

1. Döyüş mahnıları

2. Kamal

3. Ağarzayev

4. Neft

5. Vətən eşqi

6. Qoçaq ataların qoçaq övladlarına

7. Xatirələr

 

"Sonrakı dövrlərdə çap olunan kitabları"

- Sənətkarın xəyalı

- "Seçilmiş şerlər"

- Məhəbbət bizimlə qoşa doğulur

- Şerlər

- Xatirələr olan yerdə

- Həyat lövhələri

- Bənövşələr üşüyəndə

- Ana qanadı (şeirlər, poemalar və hekayələr)

 

"Uşaqlar üçün yazdığı kitablar"

1. Nağıllar

2. Şerlər

3. Kiçik dostlarıma

4. Gülbahar

5. Yaz gəlir (Bahar nəğmələri)

6. Lalənin ağacları

 

Azərbaycanlı şairə və tərcüməçi Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib. Bu gün onun yoxluğunun tam 24 -cü ilidir.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Gözəl danışıq qabiliyyəti var, istedadlı və bacarıqlıdır. Ciddi, dözümlü, xoşməramlı və dəqiq seçim bacarığı olan insandır. Ətraf mühiti sevir, elə ona görə də ətraf mühitdəkilər də onu sevirlər. Uğurludur, demək olar ki, hər işdə həmişə bəxti gətirir. Sevdiyi insanlara çox bağlıdir. Səbirlidir, özündən tez çıxmır. Ürəyi yumşaqdır, əl tutmağı, xeyirxahlığı bacarır. Səiqə-səhmana xüsusi önəm verir. Yüksək intuisiyası var, həssas adamdır. İntuitiv olaraq təhlükəni öncədən hiss edə bilir...

 

Deyir ki- “Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın elan olunduğu ilk günlərdən ölkə daxilində pandemiyaya qarşı tədbirlər görülməyə başladı. Əhalinin ətraflı məlumatlandırılması, səhiyyə müəssisələrinin pandemiya şəraitinə uyğunlaşdırılması, müalicə-profilaktika işlərini lazımi səviyyədə təşkil olunması üçün tədbirlərin görülməsi Azərbaycan dövləti tərəfindən atılan ilk addımlar idi. Lakin həmin vaxt Azərbaycanın həm də Qoşulmama Hərəkatına və Türk Şurasına sədrlik etməsi dövlətimizin üzərinə daha böyük məsuliyyət qoyurdu. Azərbaycan Prezidenti İlham Əliyev təkcə ölkə daxilində deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində pandemiyaya qarşı mübarizənin təşkil olunmasında mühüm rol oynadı. Görülən tədbirlərin, irəli sürülən təşəbbüslərin Dünya Səhiyyə Təşkilatı ilə birlikdə həyata keçirilməsi bu tədbirlərin təsirini daha da artırdı və pandemiyaya qarşı qlobal mübarizədə Azərbaycan az itki ilə qalib gəldi...”

 

1963-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində dünyaya gəlib. 1970-1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977-1980-ci illərdə Turan qəsəbəsi riyaziyyat təmayüllü internat məktəbdə orta təhsilə yiyələnib. 1983-1985-ci illərdə həqiqi hərbi xidmət keçib. 1986-1991-ci illərdə indiki Dillər Universitetinin tərcümə fakültəsində ali təhsil alıb və oranı Fərqlənmə Diplomu ilə bitirib. 1992-1994-cü illərdə həmin universitetin tərcümə kafedrasının müəllimi vəzifəsində işləyib. 1994-1995-ci illərdə Belçkanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışıb. 1995-1998-ci illərdə ABŞ-ın Filip Morris şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləyib. 1998-2002-ci illərdə “Planet Co. Ltd” şirkətinin təsisçisi və direktoru olub. 2002-2010 "AvroMed" şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2004-2009-cu illərdə AMEA Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun dissertantı kimi təhsilini davam etdirib. 2009-cu ilin oktyabr ayında "Etno-siyasi münaqişələrin mənəvi aspektləri" mövzusvunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2011-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır. 60-dan çox elmi və 300-dən artıq ictimai-siyasi, tarixi-fəlsəfi mövzularda yazılan məqalənin müəllifidir. Dördüncü çağırışdır ki, Milli Məclisin deputatıdır...

 

“Ön cəbhədə, eləcə də diplomatik cəbhədə və o cümlədən informasiya cəbhəsində, arxa cəbhədə aparılan ahəngdar fəaliyyətlərin cəmi sonda qələbəmizi şərtləndirdi. Prezident İlham Əliyev bu cəbhənin bütün istiqamətlərində böyük məharət göstərdi və işğal altında olan torpaqlarımız geriyə alındı. Dövlətimizin başçısı Ali Baş Komandan kimi hərbi əməliyyatların planlaşdırılmasına və həyata keçirilməsinə şəxsən özü rəhbərlik edirdi. Qısa müddətdə torpaqlarımız düşmən işğalından azad olundu. Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin liderləri ilə danışıqları şəxsən özü aparır və Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsinə, nəticə etibarilə aparılan hərbi əməliyyatlara dünya birliyində təmkinli münasibətin formalaşdırılmasına nail oldu. Bütün bunlarla yanaşı, dövlətimizin başçısı hər gün dünyanın aparıcı media orqanlarına müsahibələr verməyə də vaxt tapdı və beynəlxalq miqyasda düşmənlərimizin ölkəmizə qarşı formalaşdırmağa çalışdığı qərəzli informasiya mühitini darmadağın etdi. Arxa cəbhədə də iqtisadi, sosial məsələlərin həlli diqqətdən kənarda qalmır, planlaşdırılmış bütün iqtisadi-sosial layihələr həyata keçirilməkdə davam edir. Bütün bu fəaliyyətlərin eyni vaxtda idarə edilməsi böyük işgüzarlıq və təşkilatçılıq səriştəsi, yenilməz sərkərdəlik qabiliyyəti və qeyri-adi diplomatik məharət tələb edir. Bu müstəsna qabiliyyətlərə malik olan Prezident İlham Əliyev bu gün Azərbaycanın heç vaxt unudulmayacaq yeni tarixini yazır. Mən dövlətimizlə və prezidentimizlə fəxr edirəm.”- söyləyir.

 

Olduğu kimi görünən, göründüyü kimi olan adamlardandır. Heç vaxt ona ünvanlanan sualları cavabsız qoymur. İctimaiyyətə açıq insandır. Dürüst və obyektiv fikirləri ilə tanınır. Səmimiyyətinə söz ola bilməz, dostluqda etibarlı və dəyanətlidir. Xaraktercə qürurludur, davranışında ağayanalıq var. Ətrafdakı insanların onun barədə nə düşündüyünə çox əhəmiyyət verir. İnadcıl, vicdanlı və incə zövqlüdür. Sanki zəngin bir xəzinədir. Ümumiyyətlə, o, gələcək uğurunun bünövrəsini ilk addımı ilə qoya bilir, desəm yanılmaram...

 

 Nə isə, bu gün - iyulun 12-si budəfəki söhbətimin qəhrəmanı, Milli Məclisin deputatı, Mahmud Kaşğari Fondunun prezidenti  Cavanşir Feyziyevin növbəti ad günüdür. Vətənini, dövlətini canından çox istəyən Cavanşir müəllimi bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq...

 

Cavanşir Feyziyev Şəkidə dünyaya gəlib. Böyük Mirzə Fətəli Axundov da. Bu gün Cavanşir Feyziyevin doğum günüdür. Bu gün Böyük Mirzə Fətəli Axundovun da doğum günüdür. Təsadüfdürmü?

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.