İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizə bir xalçaçı-rəssam barədə danışacağam. Bu gün 63 yaşını qeyd edən Eldar Hacıyev barədə.
Eldar Hacıyev 1962-ci il 3 dekabr tarixində Bakı şəhərində həkim ailəsində dünyaya göz açıb. O, Bakı şəhərində 1969-1979-cu illərdə 20 saylı orta ümumtəhsil məktəbini bitirib.1979-1984-cü illər ərzində M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Xalçaçılıq və Bədii toxuculuq" fakültəsinin Xalçaçı-rəssam ixtisasını başa vurub. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
O portret janrında Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Məhəmməd Füzulinin, Bülbülün, Corc Buşun, Putinin, II Aleksinin və digər görkəmli şəxsiyyətlərin portretlərini böyük ustalıqla işləyib. Eldar Hacıyevin yaradıcılığına xas əsas xüsusiyyətlərdən biri də onun müəllifi olduğu xalçalarının müasir günümüzdə qədim Azərbaycan xalça sənətində qismən az müraciət olunan ipək saplarla toxunulmasıdır.
Belə ki, xalçaçı-rəssam E.R.Hacıyevin miniatür, dini mövzulu və süjet xalçalarını məhz ipək saplar üzərində yaradıb. Bu xalçalar sırasında "Nizami Gəncəvinin, Ömər Xəyyamın əsərlərinə çəkilən miniatürlərə, dini-Pravoslav süjetlərinə, Bibliya tarixinə həsr olunan işlərini sadalaya bilərik.
"Ağ dəvələr" xalçası
Xalçada qırmızı ornamental fon üzərində ağ dəvələrin təsvir edilməsi və kontras diqqəti cəlb edib. Qırmızı fon üzərində Qarabağın “Xətai”xalçası harmonik tərzdə işlənmişdir.Təntənə ilə bəzədilən iki ağ dəvə üzərində isə təsvir edilən xalçalar “Açma-yumma”və”Butulkalı”Qarabağ xalçalarıdır.
"Şuşa qızı" xalçası
Eldar Hacıyev yaradıcılığında Şuşaya həsr edilən ən gözəl və al-əlvan nümunələrdən biri də məhz “Şuşa qızı”xalçasıdır.Qara fon üzərində mərkəzdə Qarabağ atı,atın üzərində isə milli geyimi ilə diqqəti cəlb edən Şuşa qızı təsvir edilib. Şuşa qızı sağ əlində Şuşanın,gözəl Qarabağın,uzun illər Qarabağa olan həsrətin,sevginin simvolu olan Xarı bül-bül gülünü, digər əlində isə üzərinə bül-bül qonan gül çələngini tutub. Müəllif Şuşa qızının geyiminin rəng seçimində Azərbaycan Respublikasının Bayrağının rənglərinə- müraciət edib
Xalçaçı rəssamın “Yeddi gözəl”, ”Bəhramgur ovda”, ”Fitnənin öküzü qaldırması”,”Leyli və Məcnun”,”Xosrov və Şirin”,”Məhsəti Gəncəvi”,”Mirzə Şəfi Vazeh”,”Ana Məryəm”,”Vladimir ikonası”,”Ömər Xəyyam”,”Şərq gəlini”,“Ağ dəvələr,Qarabağ xalçaları”,”Şuşa qızı”,”Qələbə”,”Qarabağda toy”,”Bəy atları”,Şuşa xalçası”,”Ağ atlar”,”Qırmızı Qarabağ atları”,”Qarabağın xəritəsi”,”Azərbaycan xalçaları”,”Qarabağda Novruz”,”Qarabağ xalçalarının rəqsi” və s. kimi 50-dən artıq rənglərin vəhdəti ilə yaranan xalçaları Azərbaycan xalçaçılığının ən uğurlu nümunələrindəndir.
“Ədəbiyyat və incəsənət”
(03.12.2025)


