
Super User
Azər Zeynalov Gəncədə konsert verib
Biri-birindən gözəl tədbirlər ərsəyə gətirən Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə Xalq artisti, professor Azər Zeynalov "Gəncəyə gəlirəm" adlı solo konsertlə çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, sənətçi Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. sevilən mahnıları ilə pərəstişkarlarının qarşısına çıxıb.
Gecədə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
Arzuları necə həyata keçirməyin Barbara Şer təlimatı
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?
«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır, bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.
Möcüzəyə ümid bağlamamaq, arzulara addımbaaddım çatmağın planını tutmaq lazımdır. Nizam-intizamla, şansları düzgün dəyərləndirməklə, köməyə ehtiyac olanda utanmadan kömək istəməklə siz arzunuza çatacaqsınız.
Barbara Şer arzuya çatılmasını ağır, monoton bir iş hesab edir, hamıya da arzulara məhz bu prizmadan baxmağı tövsiyə edir.
İş ondadır ki, müəllifin özünün də həyatında çox ağır dönəmlər olub. Dul qalan qadın iki övladını böyütmək üçün bir neçə il ərzində ofisiant işləyib. Hədsiz ehtiyac çəkiblər. Öz rastına çıxan çətinliklər, öz acı həyat hekayəsi onu motivasiya kitabları yazmağa vadar edib. İlk belə kitabı xanım qırx yaşında yazıb. Bu gün, 37 ildən sonra onun hesabında artıq yeddi bestsellər vardır və o, dünyanın ən yaxşı motivasiya spikerlərindən biridir.
Tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».
Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.
Həmin çalışmaları isə mən sabah sizlərə təqdim edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
“Ələmdən nəşəyə” - ESSE
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində meydan ədəbi tənqidindir. Zülfiyyə Ziya Əli Nəcəfxanlının poetikasından söz açır.
“Ələmdən nəşəyə”! Söhbət heç də Xalq şairi Süleyman Rüstəmin 1926-cı ildə yazdığı və sovet dövründə məktəblərdə tədris olunmuş eyni adlı şeirindən getmir. Mən şair Əli Nəcəfxanlının yaradıcılıq uğurlarından danışmaq istəyirəm. Daha doğrusu, məqsədim onun 30 illik işğal dövründə Qarabağ həsrəti ilə qovrulan ürəyinin poetik döyüntüləri və artıq azadlığına qovuşmuş “əsir” torpaqlarımızın vəsfinə həsr etdiyi şeirlərinə diqqət çəkməkdir. Çünki onun ən qəmli misralarından belə ümid boylanıb və o ümid, nəhayət ki, inama dönüb, şairin arzusu gerçəkləşib.
Bəri başdan deyim ki, Əli Nəcəfxanlının bir şeiri ilə təsadüfi tanışlıq oxucunu onun bütün yaradıcılığı ilə maraqlanmağa səsləyir. Şairin lirikası şeirsevərlərin gözləri qarşısında dumduru bulaqlardan su içib qaynaqlanan, tərtəmiz dağ havasını ciyərlərinə çəkib o ab-havanı misralara hopduran və nəticədə ədəbiyyatımıza yeni poetik nəfəs gətirən söz adamını canlandırır.
Onun yaradıcılığında Vətən mövzusu böyük yer tutur. Əli üçün Vətən anlayışı doğulduğu Sumqayıtdan başladı. Bu sevgi onunla birgə ata yurdu Yardımlıdan ana yurdu Laçına qədər boy atdı. Dağlara olan sonsuz sevgisinə görə Əli Nəcəfxanlını “Dağlar şairi” də adlandırmaq yerinə düşər. Şair dağ başında taxt qurub, dağlara vurulub, onlarla əhd-peyman bağlayıb:
Ucaldım, elə ki boyuna baxdım,
Başına dolandım, ruhuna axdım.
Mənim könül taxtım, sevgi paytaxtım,
Eşqimin bəyanı – Vətən dağları!
Əli Nəcəfxanlının poeziyasına nüfuz etdikcə aydın olur ki, əzəmət, vüqar rəmzi olan dağlar onun ilham mənbəyidir. Şair qartaltək yüksəklikdə qanad çalmağı xoşlayır. Qarabağa qovuşmaq eşqilə qanadlanaraq ən gözəl uçuşun azad Vətən səmasında, ən şərəfli ölümün azad Vətən torpaqlarında olduğuna and içir:
Ən gözəl pərvazım – başının üstə,
Ən gözəl ölümüm – dizində,Vətən!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də, Vətən!
Şuşa dağlarının başı üzərini qara duman bürüyərkən Vaqifin, Natəvanın ruhu dolaşan o yerlərə əli çatmadığına şair çox təəssüflənir, özünü qınayır. Beləliklə, “Şuşanı görmədim gözüm dolusu” şeiri yaranır:
Şuşanı görmədim gözüm dolusu,
Vaxtında getməyə vaxtım olmadı.
Vaqifin məzarı qənimim olsun –
Şuşanın dağları taxtım olmadı.
“Laçınsız” şeirində şair sinəsi yaralı qartaltək çırpınır dağlarsız. Qartal zirvəsiz yasaya bilmədiyi kimi, şair də Laçınsız yaşaya bilmir, Laçınsız keçirdiyi mənasız həyatdan gileylənir:
Dağlara qonmuşdu, dağlarda qaldı...
Ürəyim çırpınan quşdu Laçınsız.
Bu necə qovğadı, bu necə qaldı,
Ruhum havalandı, uçdu Laçınsız.
Çapam səməndimi, çatam dağlara,
İlham kəməndini atam dağlara,
Sinə dağlarımı qatam dağlara,
Günüm-güzəranım puçdu Laçınsız.
Şair ucalarda, zirvələrdə görməyə alışdığı xalqının yerə enməyinə, çadırlarda yaşamağına dözə bilmir, onları yenidən o yüksəkliklərə səsləyirdi:
Ey çadır sakini, çadırdan sıyrıl,
Şanlı keçmişini xatırla, sıyrıl,
Dağlara hücum çək, zirvədə qıy vur,
El desin, laçınlar coşdu Laçınsız.
Vətən torpaqları yad əllərdə olarkən şair qəlbi dinclik bilmir, nisgilini, ağrı-acısını misralara köçürür və bir gün Qarabağa qovuşacağına, ulu türkün zəfər nəğməsinin səslənəcəyinə, azadlığın Azərbaycan səmasında bir günəş kimi doğacağına ümid edir:
Beşikdən məzara əhdi pozmayan,
Zəfər nəğmələri oxuyandı türk!
Nağıl uydurmayan, yalan yazmayan,
Göydə günəş kimi şaxıyandı türk!
Elə də oldu. Yanılmadı şair qəlbi və Qarabağın azadlığına qovuşması ilə ələmdən nəşəyə keçdi! Türkün Zəfər nəğmələri dağlara yayıldı! Şuşa dağlarını gözü dolusu görə bilməyən dağlar şairi 30 illik həsrəti ovutmaq üçün dağlara sarı yol aldı. O, yerə-göyə sığmayan Qarabağ sevincini oxucuları ilə paylaşdı:
Qarabağım – açılan qaş-qabağım,
Ay dan üzüm, ay gündüzüm, xoş gördük!
Doymuram ki, cəlalına ha baxım,
Gülə-gülə dolan gözüm, xoş gördük!
Müxənnətlər özlərini öyərdi,
Anam qəmli bayatılar deyərdi...
Arzularım birər-birər göyərdi,
Qaralmayan odum-közüm, xoş gördük!
Dağlarını sinə dağım bilmişəm,
Mən xırmanda həsrət döyən vəlmişəm...
Dizin-dizin sürünmüşəm, gəlmişəm,
Qurban ollam sənə özüm, xoş gördük!
Laçına həsr etdiyi şeirində isə yazdı:
Görüşünə imrənmişdim,
İzim düşdü yoxuşuna.
Diklərinə dirənmişdim,
Aldı məni ağuşuna.
Laçında yer göyə yaxın,
Mələklər göydəndüşmədi.
Gözüm öpdü bu növrağı,
Sözə yad ilmə düşmədi.
Həkəriçay dəcəl-xata...
Yüyənsiz at kimi çapır.
Elə bil ki, adam burda
Əziz itiyini tapır...
Artıq yurd ünvanlı ələmdən çıxan Əli Nəcəfxanlının nəşə dolu bir şeirinin də qəhrəmanı Laçına köçüb orada bəxtəvər günlər yaşayan bir qızdır. Görün bu nəşəni, fərəhi necə qələmə alıb:
Bir qız arzuların qanadlarında
Bakını tərk edib, Laçına gedib.
Şəhərli qızların diliylə desək,
Dünyanın o biri ucuna gedib.
Bir Laçını seçib quş adlarından,
Quş kimi səkib də, o şadlanıb da.
İslanıb sevincin gürşadlarında,
Az qala uçuna-uçuna gedib.
Günə gülümsəyir, aydan yaşmanır,
Baxtı yamanlamır, vaxtı daşlamır.
Gül-çiçək içində gəzib xoşlanır,
Çələng hörüb, qoyub saçına, gedib.
Yaşayır il boyu baharı orda,
Həyatın dadını çıxarır orda,
Dünyada yermi var yuxarı ordan?
Qovuşub taxtına-tacına, gedib.
…Nə yaxşı ki, kədərli seirlərdən sevinc dolu nəğmələrə keçid aldın, şair!
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
Klassik uşaq ədəbiyyatından seçmələr – TOFİQ MAHMUD, “Ehey... durnalar”
“Ədəbiyyat və incəsənət” portalında Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından İlyas Tofiq Mahmudun “Ehey... durnalar” şeiri təqdim ediləcək.
Ehey... ehey... durnalar,
Qollarımı açıram,
Sizinlə uçmaq üçün
Arxanızca qaçıram.
Ehey... ehey... durnalar,
Bir anlıq dala baxın,
Məni yerdən götürün,
Cərgənizə buraxın!..
Ehey... ehey... durnalar,
Qanad açmaq istərəm.
Mən də bu göy üzünə
Qalxıb uçmaq istərəm.
Ehey... ehey... durnalar,
Sizi izləyəcəyəm.
İndi qaçdığım yerdə
Sizi gözləyəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19–23 may tarixlərində ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Tacikistan Respublikasının mədəniyyət naziri xanım Matlubaxon Sattoriyenin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mayın 21-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tacikistanlı həmkarı ilə görüşüb.
Qonağı salamlayan nazir ölkəmizdə Tacikistan Mədəniyyəti Günlərinin keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd olunub ki, iki ölkə arasında mədəni-ədəbi əlaqələrin qədim tarixi var. Hazırda dövlət başçılarımız arasında olan dostluq münasibətləri, yüksək səviyyəli qarşılıqlı səfərlər bütün sahələrdə, o cümlədən mədəni əməkdaşlığı daha da möhkəmləndirib.
1-3 may tarixlərində Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Tacikistan nümayəndə heyətinin aktiv iştirakına görə həmkarına minnətdarlığını bildirən nazir ICESCO-nun Azərbaycanda regional nümayəndəliyinin açılması ilə bağlı hazırlıq işləri barədə məlumat verib.
Mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Tacikistanın mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen mədəniyyətin xalqlarımızı yaxınlaşdıran əsas amil olduğunu söyləyib, eyni zamanda iki ölkənin ortaq mədəni dəyərləri bölüşdüyünü diqqətə çatdırıb.
Söhbət zamanı Matlubaxon Sattoriyen iki ölkə arasında incəsənət təhsili sahəsində tələbə mübadiləsinin əhəmiyyətli olacağını qeyd edib. O, həmçinin gələn il Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi təklifini səsləndirib. Xanım nazir azərbaycanlı həmkarını Tacikistana rəsmi səfərə dəvət edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
Portret janrının dahisi TAHİR SALAHOV
Könül, “Ədəbiyyat və incəsənət”
Beş dahi rəssam adı çəkin! Mən Da Vinçi və Rembrandt dedikdən sonra növbəti üçünü özümüzünkülərdən deyəcəyəm: Səttar Bəhlulzadə, Tahir Salahov və Toğrul Nərimanbəyov.
Bu gün dahi rəssam Tahir Salahovun anım günüdür.
Tahir Salahovun əsərləri təkcə Azərbaycanın deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır. Onun hər bir natürmortu, portreti, peyzajı önündə xeyli düşünməli olursan. Tahir Salahov həqiqətən mahir rəssamdır.
Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahovun vəfatından üç il ötür.
Bir əsrə yaxın yaradıcılıq yolu keçmiş böyük sənətkar Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində dünyaya göz açıb. Atası 1937-ci il repressiyasının qurbanlarından olduğundan rəssamın uşaqlıq illəri çətin keçib. Bəlkə də uşaqlıqda çəkdiyi çətinlik və iztirablar onun həm istedadlı rəssam, həm də əsl insan kimi formalaşmasında birbaşa rol oynayıb.
T.Salahov 1951-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1957-ci ildə isə Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Rəssamın əsərləri dünya təsviri incəsənətinin humanist inkişafına böyük təsir göstərib. Çoxlu sayda portretlərin, peyzaj və natürmortların, böyük fiqurlu əsərlərin müəllifi olan bu dahi sənətkarın yaratdığı əsərlərə xətlərin və koloritin lakonik, eyni zamanda, dərin ifadə üslubu xasdır. Bu əsərlər müasir rəssamlığın klassikasına çevrilərək yüksək mənəvi, bədii və ictimai əhəmiyyət daşıyır.
T.Salahov dünya miqyasında aparıcı portret ustasıdır. Onun yaradıcılığında insanı bəşəriyyətin ən ali varlığı kimi əsas planda görürük. Rəssam ailəsini və dostlarını böyük məhəbbətlə təsvir edir. “Aydan”, “Alagöz şərq nağılı”, anası Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovnanın silsilə portretləri, “Danın portreti”, “Rəşid Behbudovun portreti” - sadalanan bu əsərlər mehribanlığı və isti münasibəti təcəssüm etdirir.
Rəssamın yaradıcılığında görkəmli yeri həm də Azərbaycan neftçilərinə həsr etdiyi təsvirlər tutur. T.Salahov öz xatirələrində qeyd edir ki, “Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən obrazlarımı da elə orada tapmışam”. T.Salahovun neftçilərə həsr etdiyi ən möhtəşəm əsərlərindən biri diplom işi olan “Növbədən qayıdanlar” tablosudur. Sənətkarın bu tablosu təsviri sənətdə “Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Həmin əsərin yaranma tarixi çox maraqlıdır.
T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri nümayiş olunur. Onlardan “Vyana stulu ilə natürmort”, “Nar gülləri ilə natürmort”, “Aydan”, “Bəstəkar D.Şostakoviçin portreti” və s. adları çəkmək olar.
Ötən əsrin 50–60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. “Sənə, Bəşəriyyət” tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan “Bəstəkar Q.Qarayevin portreti”nə görə gümüş medal mükafatına layiq görülür.
T.Salahov dünya ölkələrini səyahət edərkən öz təəssüratlarını monumental tablolarda əks etdirirdi. Sənətkarın fırçasında ABŞ, İtaliya, Yaponiya, Meksika, Fransa, İspaniya və başqa ölkələrin mədəniyyəti sanki yeni həyat qazanıb.
Böyük sənətkarın yaradıcılığında portret ən çox müraciət etdiyi janrdır. “Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox”, – deyə etirafı ilə ürəklərə yol tapan T.Salahovun portretləri çox maraqlıdır. Fikrət Əmirov, Mirzə Ələkbər Sabir və Rəsul Rzanın rəssam tərəfindən çəkilmiş portretləri də çox baxımlıdır. Rəssam “F.Əmirovun portreti” əsərində musiqiçi tamaşaçıya üz tutmuş, öz aləminə qapılmış vəziyyətdə canlandırılıb. “Şair Sabirin portreti”ndə insan şəxsiyyəti daha aydın görünür, “Rəsul Rzanın portreti”ndə isə daxili gərginlik vurğulanır.
Çoxşaxəli yaradıcılıq yoluna malik T.Salahovun teatr fəaliyyəti onun sənətini sevənlərə yaxşı məlumdur. Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, C.Cabbarlının “Aydın” dramına, A.Əlizadənin “Babək” baletinə, C.Əlibəyovun “Gülüstanda ölüm”, Ü.Hacıbəylinin “Koroğlu”, F.Əmirovun “Min bir gecə” baletinin səhnə tərtibatının dekorasiyalarının müəllifi məhz T.Salahovdur.
Vətəninə çox bağlı olub rəssam. “Xəzər, onun mavi gözəlliyi həmişə mənimlədir”, - söyləyən Tahir Salahov doğma Vətəninin təbiətinə vurğundur və hər fürsətdə yurdunun gözoxşayan guşələrini tablolarında canlandırır. Rəssam xüsusilə boya-başa çatdığı doğma Abşeronunu böyük məhəbbətlə təsvir edir. O, əsl bakılı kimi Abşeron mənzərəsinə böyük dəyər verir. Təsvir etdiyi Abşeron mənzərələrinin həzin və mülayim dalğınlığında rəssamın doğma yerlərlə bağlı xatirələri, uşaqlıqdan alışdığı aləm öz əksini tapır. Neft hopmuş torpaq, mavi səma fonunda fırlanan əlvan yel dəyirmanları, köhnə tikililər, tərk edilmiş bağ evləri rəssamın fırçasında yeni həyat qazanır. Bakı kəndlərini, xüsusilə Xəzərin sahilində yerləşən qəsəbələri böyük məhəbbətlə təsvir edən rəssam, hətta dinin qadağa qoyduğu illərdə belə bu kəndlərdə yerləşən məscid və məbədləri sevərək kətan üzərinə köçürüb.
Çox məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən danışarkən Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən Ulu Öndər “Heydər Əliyevin portreti”ni, “Mstislav Rostropoviçin portreti”ni, “Odlar yurdu” triptixini, “Yazıçı Anarın portreti”ni və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. Bu xüsusiyyətlər yuxarıda qeyd edilən portretlərə də xasdır.
Mükafatlarına gəlincə, fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına layiq görülüb.
Xalq rəssamı 2021-ci il mayın 21-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına fonddan məlumat verilib.
Müharibə əlili Sahib Əhmədov Qəhrəman oğluna təyin olunan “Bud çanaq oynağının total dəyişdirilməsi” əməliyyatı icra olunub. Əməliyyatın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan hissəsi “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
“ASAN xidmət"in “StartapFest Naxçıvan” tədbirinə start verilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “StartapFest Naxçıvan” tədbirinin açılış mərasimi keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Əsas məqsəd Naxçıvanda startapların formalaşmasına təkan vermək, eləcə də potensial təşəbbüskarlar arasında innovativ biznes sahələrinə marağı və dəstəyi stimullaşdırmaqdır.
Tədbirdə yaşıl enerji, kənd təsərrüfatı, təhsil və dövlət sektorunda innovasiyalar istiqamətlərində layihələrini hazırlayan 30 komanda ilə görüş keçirilib. Həmçinin Dövlət Agentliyinin ölkə üzrə startapların inkişafı istiqamətində dəstək mexanizmləri qeyd edilib, cari layihə çərçivəsində uğurlu olacaq startapların gələcək inkişafına dair müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
Aktrisa nağıla necə çevrilir…
Elman. Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Biri vardı, biri yox. Bu dünyada Vəfa adında bir qız vardı, soyadı Fətullayeva idi.
Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olmuşdu. Atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası isə SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovaydı.
Orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alandan sonra Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olmuşdu. 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirmişdi...
O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırmışdı...
Vəfa xanım 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. İşlədiyi dövrlərdə həm teatrda və həm də bədii filmlərdə bir-birindən bənzərsiz insan obrazlar yaradıb. Yaradıcılığının çiçəklənən dövründə, 41 yaşında olarkən xərçəng xəstəliyinə düçar olan əməkdar artist 1987-ci il may ayının 21-də vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır...
Desəm unudulub, səhvə yol verərəm. Adını özünə təxəllüs götürən Etibar Vəfa adlı bir gənc yorulmadan onun haqqında yazılar hazırlayıb sosial platformalarda paylaşır. Sağ olsun!..
Göydən üç alma düşdü. Biri mənim, biri sənin, biri də heç kimin...
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib
Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illiyi ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı “Boy çiçəyi” tamaşası ilə Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində çıxış edib. Səhnə əsəri Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə təqdim olunub.
AzərTAC xəbər verir ki, tamaşanın təqdimatından əvvəl İttifaqın məsul katibi Aida Qafarova İlyas Əfəndiyev milli teatrımıza çox sayda mükəmməl sənət inciləri bəxş etdiyini bildirib: “Onun yaradıcılığı bütün zamanlarda maraqla qarşılanıb, sevilib və bu gün də sevilməkdədir”.
Xalq artisti Mərahim Fərzəibəyova İlyas Əfəndiyevin yaradıcılıq yolundan, onun səhnəmizə bəxş etdiyi mükəmməl əsərlərdən söhbət açıb.
Çıxışdan sonra Şuşa Teatrının təqdimatında “Boy çiçəyi” tamaşası nümayiş olunub.
Üç müxtəlif insan teleyi, üç nakam məhəbbət hekayəsi... Bir tərəfdə Həsənzadənin sevincini və dərdini xəyalən bölüşdüyü, xatirəsini həmişə əziz tutduğu, erkən itirdiyi həyat yoldaşına qarşı olan nakam məhəbbəti, digər tərəfdə Nəzakətin müharibədə itirdiyi ərinə qarşı olan, lakin ikinci əri Fərəcin qorxusundan dilə gətirə bilmədiyi nakam məhəbbəti...Və nəhayət Nargilənin Həsənzadəyə qarşı olan sonsuz və nakam məhəbbəti...
Lirik–psixoloji üslubda yazılmış pyesin yeni, müasir səhnə yozumu ilə tanış olmaq hər bir tamaşaçı üçün maraqlı olub.
Görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin “Boy çiçəyi” (sonradan “Sən həmişə mənimləsən” adı ilə məşhurlaşmışdır) pyesinin yazılmasından 60 il vaxt keçməsinə baxmayaraq, əsər bu gün də sevilir, bu gün də tamaşaçı zövqünü oxşayır.
Böyük maraq və alqışlarla qarşılanan tamaşadan sonra rejissor, Əməkdar artist Loğman Kərimov uğurlu quruluşa görə, iştirakçılar– Əməkdar artistlər Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Zəhra Salayeva və Püstəxanım Zeynalova İttifaqın Fəxri fərmanları ilə təltif olunublar.
Yubiley münasibətilə növbəti tamaşa mayın 26–da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılacaq.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)