POETİK QİRAƏTdə Əlizadə Nuri “Küçədən nəğmə keçir...” şeiri ilə Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə isə:

 

Çoxmuş üzü olmayıb,

Özgə üzə duranlar.

Quşu gözündən deyil,

Göz yaşından vuranlar.

 

-deyə şikayətlənir şair. Bu qədər çatışmazlıq varsa, şair olan bəndə axı necə susa bilər?

Xoş mütaliələr! 

 

 

Küçədən nəğmə keçir...

 

Təzə hava çalınır,

Qəmin köhnə sazında.

Yad dildə danışırıq

Doğmaların yasında.

 

Qocalıram deyəsən,

Söz içimdə paslanır.

Bir şimal şəhəriyəm-

Günəş mənə nazlanır...

 

Qıfılbəndmiş göy üzü-

Verən yoxdu açarı.

Küçədən nəğmə keçir

Çağır gəlsin içəri.

 

...Yıxılıram, ilahi,

Ümid də yox tutmağa.

Neçə eşq həsr etmişəm

İlk eşqi unutmağa.

 

Bəlkə yaşamamışam,

Amma ömür sürmüşəm.

Bir dilənçi ovcuna 

Yüz dəfə hönkürmüşəm...

 

Çoxmuş üzü olmayıb,

Özgə üzə duranlar.

Quşu gözündən deyil,

Göz yaşından vuranlar.

 

...Qucaqlamaq öyrədin,

Bu kəsilmiş qollara.

Yolu düz çəkmədiniz-

Düşdük əyri yollara...

 

“Ədəbiyyat və incəsənət”

(15.05. 2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.