Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nəzakət Məmmədlinin şeirlərini təqdim edirik. 

 

 

Bir xatirə qapısıdı

bu kitab

 

Heydər Əliyev Xatirə Kitabının

yaradıcısıdır

 

Bir xatirə qapısıdı bu kitab,

Kimlər döyür bu qapını ümidlə,

Kimlər bilir bu qapının yerini?!

Kimlər gəlir, varaqlaya yaddaşın,

Soraqlaya ümidlə yar-yoldaşın,

İtkin düşən, əsir düşən qardaşın...

Kimlər gəzir övladını, ərini, -

Ürəyinin qan axıdan yerini...

Bir xatirə qapısıdı bu kitab,

Nəsillərin əbədiyyət yoludu.

Tarixlərə yol açıbdı ürəklə,

Uzaq-uzaq şəhərlərə "köç edib".

İçi-çölü qəm-kədərlə doludu.

Qəmi Vətən sədlərinə yapıbdı.

Savaşlarda həlak olan şəxsləri

Axtarıbdı, arayıbdı, tapıbdı.

Böyük Vətən savaşına şahiddi,

O, minlərlə döyüşçünün sarvanı -

Qana batmış səltənətlər karvanı...

Bir xatirə qapısıdı bu kitab,

Sinəsində tarixlərə görk olan

Qırxdördgünlük müharibə əzmi var.

Bu kitabda kimlər yoxdu, İlahi.

Uşaq da var, cavan da var, qoca da,

Adi əsgər, gizir, zabit, general...

Yaxasına al-qırmızı rəng hopub,

Hər vərəqi bir şəhidə abidə,

Hər abidə bir şəhidin medalı.

Dayanıblar zirvələrdən ucada,

Aytək məğrur, bulud kimi ədalı.

Vətən adlı anamızdı bu kitab,

Gör, nə vaxtdı ərşə qalxıb yuxusu.

Gələcəyə zillənibdi baxışı...

Bu kitabda ürəklərə köz basır

Şəkil-şəkil oğulların baxışı.

Hər baxışda bir ananın qoxusu...

Ulu öndər, yaratdığın bu kitab

Tariximin məlumatlar yaddaşı...

"Heç kəs unudulmasın,

Heç kəs yaddan çıxmasın".

Nəsillərə zəmanətdi bu kitab.

Dahi Heydər sevdası var köksündə,

Nəsihətdi, nəsihətdi bu kitab!

Öndərimdən əmanətdi,

əmanətdi bu kitab!!!

 

 

Haçansa dünyada

mən olmayanda...

 

Haçansa dünyada mən olmayanda

Məndən sonra qalan gerçək olacaq,

Ruhum geyinəcək buluddan köynək

Hamıdan, hamıdan göyçək olacaq.

 

Dünyada onlardan sonra qalan mən,

Məndən də sonrası sizlər olacaq.

O vaxtsa övladın dilində "ana",

Nəvənin dilində "nənə" solacaq.

 

Keçdiyim küçədən, əkdiyim güldən

Küləklər sovuran ləçək qalacaq.

Məndən sonra sizə - yazdığım şeir,

Bir də xatirələr qonaq qalacaq.

 

Cisminə torpaq da qarışqa, böçək,

Ruhuma küləklər yiyə çıxacaq,

Kiminsə, haçansa yadına düşsəm,

Məzarım üstünə çiçək qoyacaq.

 

Haçansa dünyada mən olmayanda,

Məndən sonra qalan gerçək olacaq.

Ruhum geyinəcək buluddan köynək,

Hamıdan, hamıdan göyçək olacaq.

 

 

Azərbaycan

 

Dünyaya açılan qapımsan mənim,

Ruhumun gözüsən, sən, Azərbaycan!

Mayası səndədir müqəddəsliyin,

İlahi qüdrətim - can Azərbaycan!

 

Hünər dünyamıza güzgüdü torpaq,

Ömür kitabından ötüb neçə çağ...

Bayrağın şərəflə dalğalanır, bax,

Ey başdan-binadan xan Azərbaycan!

 

Qəlbimin işığı sənsən, ey Vətən!

Sarılım boynuna, xoşbəxt olum mən.

Uludan ulusan, müqəddəs Vətən,

Sevim misra-misra, yan, Azərbaycan.

 

Taledən keçibdi qərinələrin,

İmzan ər imzası, mənası dərin.

Dünya yaranandan başdadı yerin,

Sən şöhrət çələngi, şan, Azərbaycan!

 

Yoxdur gözlərində nə həsəd, nə kin,

Turan elindənsən, ucadır eşqin.

Ruhu gülümsəyir ulu Babəkin,

Əzəl Azərbaycan, son Azərbaycan!

 

Şah babam Xətai adın ilə tən,

Səni ana bildi bu yurddan ötən.

Hər duyğu - Vətəndi, hər ürək - Vətən,

Vətən də şəhiddi, an, Azərbaycan!

 

Qanlı səngərini balınc elədim,

İlahi sevgini bir tunc elədim,

Səninçün qələmi qılınc elədim,

Bir də görməyəsən qan, Azərbaycan!

 

 

Anam yuxuma gəldi

 

Bu payız gecəsi yuxuma gəldin,

Qəfil gəlişinə qurbanam, ana.

Köz düşüb üstünə xatirələrin,

Əllərin uzanıb neçə gümana...

 

Bu payız gecəsi yuxuma gəldin,

Payızım bələndi sənin ətrinə.

Yenə də səpildi layla qoxusu,

Ömür kitabımın hər bir sətrinə.

 

Sapsarı işığı yağır yuxuma,

Başına örtdüyün kəlağayının.

Əyninə geydiyin yaşıl donuna

Kölgəsi düşübdü bu ayrılığın.

 

Bu payız gecəsi yuxuma gəldin,

Ömrü çiçəkləndi yuxularımın.

Sənsizlik qapısı bağlandı, sanki,

Bağlandı üzünə qorxularımın.

 

Sən çıxıb gedəndə bahar çağıydı,

Könlü nazlanırdı gülün, çiçəyin.

Mənim arzularım qan ağlayırdı,

Sənin gedişinlə, ay ağbirçəyim.

 

Göz yaşım diksinir bəbəklərimdə,

Sükutun dilində danışan anam.

Göydə mələklərlə qoşa dayandın,

Tanrı dərgahına yaraşan anam.

 

Bu payız gecəsi yuxuma gəldin,

Ana, ətirlidir bu gecə yuxum.

Bir cənnət quşutək uçub da getdin,

Əbədi ruhuma hopubdu qoxun.

 

 

Payız ömrü

 

Açıb buludlara ovcunu torpaq

Saralmış bağçamın halını gör, bax.

Əl edir budaqda bir sarı yarpaq,

Gəl, payız ömrümün taleyini yaz.

 

Uzaqda qurulan əcəl taxtıdır,

Güllü günlərimin xəzan vaxtıdır,

Bəxtimin yollarda azan vaxtıdır,

Gəl, payız ömrümün taleyini yaz.

 

Ruhumda hələ də ar qoxusu var,

Könlümdə bir misra yar qoxusu var,

Daha qismətimin qar qoxusu var,

Gəl, payız ömrümün taleyini yaz.

 

Bəmbəyaz nəğmədir ağ çiçəklərim,

Saralıb, payızdı biçənəklərim.

Çəkir sinədolu ah, çiçəklərim,

Gəl, payız ömrümün taleyini yaz.

 

Bir sözün köksünə qoyub başını,

Kövrək duyğuların sil göz yaşını.

Qoy ayaq altına əlhəd daşını,

Gəl, payız ömrümün taleyini yaz.

 

 

Rəssam, mənim

şəklimi çək

 

Rəssam, mənim şəklimi çək,

Rəngli çəkmə, ağ-qara çək,

Atamı çək, anamı, çək,

Uzaqlardan sənə baxan uşağı çək,

Gözündəki işığı çək, qəlbindəki ümidi çək,

Məni çəkmə, uşağı çək,

Yaddaşında qalanları,

Ümidini qıranları,

Həyatın hər üzünü çək.

Orda gördüm bu dünyadan

                        çəkdiyimi,

Orda görsün yapa-yalnız

                        təkliyimi.

Unutma, çək yaddan-yadın

                        doğmalığın,

Damarında qanı axan doğmaların

                        yadlığını.

O, uşağın bu yaşadək axtardığı

Həqiqəti, ədaləti, tapmadığı,

Bugünədək itirdiyi varlıqları,

Axtardığı yoxluqları.

Sən məni çək, qoy kənara o uşağı,

Çək, rəngləri əlvan eylə,

Günləri çək, tərəziylə,

Naxış-naxış, ilmə-ilmə

60-ı hör ömrümə...

 

 

Qarabağa bahar gəlir,

İlahi!

 

Sevincə bax, bulaqların gözündə,

Qəlbi gülür dərənin də, düzün də,

Şəhid qanı çiçəkləyir üzündə,

Qarabağa bahar gəlir, İlahi!

 

Ötən çağlar indi üzübəridi,

Gələn günlər ömrün təzə-təridi,

Otuz illik yurd həsrəti əridi,

Qarabağa bahar gəlir, İlahi!

 

Dalğalanır arzuların bayrağı,

Hər təbəssüm bir ümidin yarpağı,

Zəfər ətri bürüyübdür torpağı,

Qarabağa bahar gəlir, İlahi!

 

Qulac-qulac açılıbdır qucaqlar,

Əl eləyir sevinc dolu o çağlar,

Alov-alov gülümsəyir ocaqlar,

Qarabağa bahar gəlir, İlahi!

 

Zəmilərdə daraqlanır sünbülün,

Ocağında ruhu gülür Bülbülün,

Cıdır düzü indi xarıbülbülün,

Qarabağa bahar gəlir, İlahi!

 

Ürəklərdə ümid naxış toxuyur,

Əllər zəfər nəğməsini oxuyur,

İndi vətən Şuşa ətri qoxuyur,

Qarabağa bahar gəlir, İlahi!

 

Gəlsin bahar, gülsün bahar elimdə,

Xudayarın nəğməsi var çölümdə,

Nəzakətəm, min alqış var dilimdə,

Qarabağa bahar gəlir, İlahi!

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Aydın Arazın “Labirint”  şeiri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair, yazar və tərcüməçi Əli Çağladır.

 

 

Aydın Araz

LABİRİNT

 

Mən biri-birinə qoşulmuş labirint qədər gicəlmişəm  

Və seçəcəyim bu şəhərin dördyol ayrımlarıdır biri-birinə düyünlənmiş .

 

Yorğunluğu yük vurub avtobuslara, şəhəri dolandırırlar.  

 

Yerin altında qəbiristan turu qoymuş qəbirlər arasından keçən dirilər  

“Əziz müsafirlər, lütfən qırmızı cızığı cızıqlamayın”

 

Izdihamıdır bu dünya, dözülməz izdiham – Çəyirtkə kimi, siçan kimi çoxaldıq biz

 

O qədər çoxaldıq biz hamımıza çörək yox,  

Biri-birimizi yeməliyik çəyirtkə kimi, qarışqa kimi.  

Bu qalabalıqda, qalabalıq əzilib ölər, nə qalsın tərsə üzsün  

 

Birisi üstdən mənə baxsın, labirintin harasındayam bu qədər gicəllənirəm  

 

Dördyol ayrımlarından labirintə, labirintdən dördyol ayrımlarına  

Bu yaşıl çıraqlar qamaşdırır seçəcəyimi  

Təpil avtobusa, metroya, bu qəbiristan turuna hər saatı gecə yer altına təpil, yanmadan biletin əziz müsafirlər...  

 

Hansı ölülərin yuxusunu pozur bu qıçını qucağında qolçaq müğənni qənaya çəkdi

Diləklərini segah, çargahın rastasını boğazında qışqırarkən

 

Yorğunluğu məhəllələrdə kompres elədi avtobuslar

Yorğunluğun lüləsi partladı, doldu evlərə.  

Depress budlarla sallaq sinələr qanlı pipiklər jele kimi sərildi kanapelərə  

 

Yaşıl çıraqlar, yaşıl çıraqlar yandı not alanının min yol ayrımlarında  

Hərə girdi birinin evinə, birinin həyat yoldaşının tabletinə

 

Izdihamdır bu dünya, labirintlər qoşulur min yol ayrımlarına  

Yaşıl çıraqlarda Chatləşir, şəhər çetləşir.  

Izdihamdır qəlbim, beynim, ilişiklərimin bucaqlarında itmiş, gicəlmiş dincəlmək istəyirəm

 

Birisi məndən üstdən baxsın aşağılamadan  

Yeraltında qəbiristan torunda turistlik edirəm.  

Qucağında qıçını qolçaq etmiş müğənninin  

Diləkləri dilənilir çargahın rastasını  

Şişə çəkir, şişliyini şişidir, şişmişəm  

Beyindən, ürəkdən gicəlirəm.

 

Min bir-birinə qoşulmuş, qırılmamış  

Labirint içindəyəm seçəcəyim suçlardır  

Yaşıllıqdır çıraqlar zəmisi  

Mənə yasaq lazım  

 

Depressiyanı əmir avtobuslar tüpürülmüş oturacaqların üstünə

Yapışmışam şişəyə, mığmığayla yan-yana

Buludlar evlənmirlər, buludlar boşanırlar yağış yağır şəhərə vələdüzzina yağış yağır  

Min kilometr o yanlıq bir qız ürəyimi salıb paltar yuyan maşınında hövkələyir  

Özümlə ucuz bir kafedə qərarım var, qərarımı alır əlimdən min kilometr o yanlıq bir qız  

Ürəyimi balışının altında əzişdirir  

Bir damla yağış yapışır saqqız kimi  

Şalvarımdan pul istəyir saqqız-saqqız  

Bir damla yağış, yağış kimi yağış, su kimi yağış, Hafizin falını soxur cibimə pul istəyir

Özümü əkirəm, qərar yerində əkilirəm  

S...lirəm özümə ... vururam özümə  

Birisi üstdən baxsın mənə bu labirintin harasındayam  

Min yol ayrımlarında məni yağış tutur yaşıl çıraqlar arxasında  

Qan gedir ruhumdan, ruhumun biləyindən  

Hər ay aylıq adətdir, hər gün günlük adətdir,  

ƏmirKəbiri fin elədilər qan açıldı  

Burnumdan hamamda  

Ah mənim Məhd Oliyam...

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Zahirə Cabbar, “Ədəbiyyat və incəsənət” üçün

 

Rəvanqulu xanın əzəmətli səltənəti, saysız-hesabsız var-dövləti vardı. Onun yaşamadığı sevinc və həzz qalmamışdı, təkcə bir şeydən başqa. Taxt-tacına sahib çıxacaq bir varisi yox idi. Nə qədər qurbanlar demişdi, amma heç bir faydası olmamışdı. Bir gün xanın üzü güldü, nəhayət bir oğlu dünyaya gəldi. Xan yaxın ölkələrdən dərvişləri, münəccimləri saraya dəvət etdi ki, şahzadənin taleyinin necə olacağını öyrənsin. Münəccimlər onun gələcəyini gizlədib heç bir söz demədilər. Yalnız tənha qoca dərviş şahzadənin taleyi ilə bağlı belə bir xəbər dedi: Şahzadə vadidə öləcək. Padşahın üzünü kədər bürüdü, uzun illər gözlədiyi varisinin gələcəyi ilə bağlı eşitdiyi xəbər onu çox sarsıtdı. Odur ki, şahzadənin adını Ağrı qoydu, çünki onun dünyaya gəlişi xanı ağrıtmaqdan başqa bir şey olmadı. Xan özlüyündə buna inanmaq istəmirdi, çünki onun yaşadığı ərazidə vadi yox idi.

Artıq varisindən bir gələcək görməyən xan böyük bir qala - Rəvanqulu qalasını inşa etmək üçün göstəriş verdi. Yeddi ilin tamamında qüdrətli, alınmaz bir qala ucaldı. Şahzadə böyüyür, amma nə döyüş sənətinə, nə də saray işlərinə maraq göstərmirdi. Bir gün o, padşahdan xahiş etdi ki, ona ölümlə heç vaxt rastlaşmayacağı uzaq ölkələri gəzib dolaşmağa icazə versin. Gəncin yalvarışları atasının ürəyini yumşaldır və şahzadənin taxtda heç bir faydası olmayacağı fikrilə ona icazə verir.

Az keçmir ki, xanın əmri ilə şahzadə üçün zəngin bir karvan hazırlanır və bir çox atlı şahzadəni qorumaq üçün onunla birgə gedirlər. Ağrı hər dəfə gələcəyi ilə bağlı bildiyi, ürəyini deşən xəbəri bərkdən, qəzəblə deyir, sonra gülərək lənətlənmiş vadiyə heç vaxt ayaq basmayacağına özünü inandırırdı. Hərdən söylənib yanındakılara deyirdi ki, o ölümdən qorxmur. Amma hər an ölüm təhlükəsi onun xəyallarını alt-üst edirdi. Başa düşürdü ki, belə mənasız, bədbəxt bir həyat nə qədər uzanırsa ölümdən də pisdir.

Uzun illər keçdi, xan öldü. Taxt-taca qardaşı oğlu hökmranlıq etməyə başladı. Lakin şahzadənin sağ olduğu haqda bir xəbər gəlmədi. Şahzadə bu illər ərzində bütün dünyanı dolaşdı. Amma hər gün dogma yurd həsrəti ilə qovrulub, dağlar, onların kölgə saldığı yaşıl dərələr, kölgəli bağların həsrətindən hönkür-hönkür ağladı. Yaşadığı illər ərzində çoxlu möcüzələr gördü, çoxlarını yaşadı və o yerin insanlarını sevdi. Amma heç bir yerdə və heç kimlə qalmaq istəmədi. Və bir gün yenidən vətəninə dönmək qərarıyla yola düzəldi, karvanı yurduna tərəf çevirdi.

Öz yurdlarına yaxınlaşanda dağlarda dəhşətli tufan qopdu, üç gün, üç gecə davam etdi. Yol bələdçisi tufanda uçuruma düşərək dünyasını dəyişdi, səyyahlar yollarını azdılar. Ətraflarında heç nə görmədilər: nə ayaqlarının altındakı cığırı, nə də  başlarının üstündəki səmanı. Özləri, darısqal mağarada çətinliklə sığınacaq tapıb səhərə qədər orada qaldılar. Səhər Ağrı mağaradan çıxdı və donub qaldı, danışa bilməyib nəfəs almağı belə unutdu. Qarşısında ömründə görmədiyi gözəl bir vadi uzanırdı. Göyün işıqlı tağının altındakı tünd mavi və parıldayan zirvələr vadinin dairəsini əhatə edirdi. Yamyaşıl otlar meh vurduqca dəniz kimi dalğalanırdı. Şahzadə təəccüblə yoldaşlarından vadinin adını soruşdu. Heç kim bilmədi. Bu vaxt əynində nimdaş, boz paltar geymiş bir qoca dərədən cığırla qalxıb şahzadəyə tərəf gəldi, baş əyib dedi:

— Budur ölüm vadisi.

Qoca dərviş şahzadəyə əli ilə yolu göstərərək yoxa çıxdı.

Şahzadə aşağıya doğru qaçdı. Bu vaxt nökərlər şahzadənin yıxılacağından və ölümünün dəhşətli olacağından qorxaraq donub qaldılar. Lakin tale şahzadəni vadidə gözləyirdi. O, ehmallıca vadiyə tərəf endi və arxasınca qaçan nökərləri saxlayıb dedi:

- Bütün ömrüm boyu qaçdım, nəhayət ki, son mənzilimə gəlib çatdım.

Ağrı vadidə görünməz oldu, əbədiyyətə qovuşdu.

 

Şahzadənin öldüyü vadi onun adına Ağrı vadisi, yanındakı dağ Ağrı dağı adlandırılmışdır. Rəvanqulu xanın böyük səltənəti, xanlıq İrəvan xanlığı adlandırılmış, Azərbaycanın ən qədim və tarixi şəhərlərindən biri olmuşdur. Araz çayının sol qolu olan Zəngi çayının sahilində, dəniz səviyyəsindən 850-1300 metr yüksəklikdə yerləşən şəhər tarix boyu Azərbaycan-Türk yurdu olmuşdur.

 

 “Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Bazar ertəsi, 08 İyul 2024 09:06

Şəki şəhərinin 2712 illiyi qeyd olunub

İyulun 6-da Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “Şəhər günü” bayram tədbiri keçirilib. “Şəhər günü”nün Şəkidə “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərə təsadüf etməsi sakinlərin bayram sevincinə əlavə rəng qatıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Yuxarı Karvansaray” mehmanxana kompleksində reallaşan bayram tədbirinin iştirakçıları əvvəlcə Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, şəhər sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, 2712 illiyini qeyd edən qədim Şəki bütün dövrlərdə Azərbaycan tarixində mühüm yerə malik olub. Ona görə də şəhər sakinlərinin bu günü bayram etməyə daha çox mənəvi haqqı var.

Qeyd olunub ki, Böyük İpək Yolu üzərində yerləşən Şəkinin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Gözəl təbiətə, nadir tarix-memarlıq abidələrinə malik olması və zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilib. Azərbaycan memarlığının ən gözəl abidələri bu şəhərdə yerləşir. Şəki rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş 134 arxeoloji və memarlıq abidəsi var. Onlardan Kiş kəndindəki Alban məbədi, Şəki Xan Sarayı dünya əhəmiyyətli abidələrdir.

Diqqətə çatdırılıb ki, Şəkinin sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olması bu şəhərə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olmaq hüququ qazandırıb. 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli çıxışında Şəkidə mədəni-tarixi irsin qorunub saxlanmasına çox böyük diqqət göstərildiyini vurğulayıb, şəhər sakinlərini əlamətdar gün münasibətilə təbrik edib.

Şəki bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva şəhərin inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib.

Rəsmi hissədən sonra bayram tədbirinin iştirakçıları rəngarəng konsert proqramını izləyiblər. Eldar Rəcəbovun rəhbərlik etdiyi Şəki Folklor Ansamblının, Şəkinin tanınmış ifaçılarının, həmçinin Qax rayonundan gəlmiş Qaxingiloy kənd Mədəniyyət evinin “Şvitkatso” xalq xoru və “İmedi” rəqs qrupunun çıxışları bayram tədbiri iştirakçılarının ürəyincə olub.

Tədbirin sonunda Şəki şəhərinin inkişafı ilə bağlı layihələrin həyata keçirilməsində, “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi binaların bərpasının layihələndirilməsi və dizayn işlərinin görülməsində xidmətlərinə, həmçinin Şəkinin mədəni həyatında fəal iştirakına, təhsil, idman sahəsində fərqləndiklərinə görə bir qrup şəhər sakininə xatirə hədiyyələri təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Kitab tək bilik mənbəyidirmi? Xeyir. Kitab həm də tərbiyəedən, motivəedəndir. Və 3-cü minillikdə bu növbəti iki funksiya kitabı daha qiymətli edir. Amma onu da nəzərə alaq ki, mobil telefonun və internetin basqısı şəraitində ənənəvi kitabçılıq basqı altındadır. 

 

Atatürk Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin  (ANAİB) “Azərbaycan kitabçılığının durumu: dövlət və özəl sektor əməkdaşlığı” adlı birgə müzakirə keçirmələrinin də əsas məqsədi kitabçılığın müdafiəsi və inkişafa kökləndirilməsi idi. 

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalının aparıcılığı ilə keçən görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, akademik Nizami Cəfərov, ANAİB İdarə heyətinin sədri Şəmil Sadiq, Mədəniyyət nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, ANAİB-ə üzv olan iyirmi iki, üzv olmayan üç nəşriyyatın rəhbəri, QHT və media nümayəndələri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak ediblər. 

Giriş nitqi ilə çıxış edən ANAİB İdarə heyətinin sədri Şəmil Sadiq görüşün məqsədindən, kitabçılıq sahəsində dövlət və özəl sektorun rahat və sıx ünsiyyətinin vacibliyindən danışıb, 27 nəşriyyatın ANAİB-də bir amal uğrunda birləşdiyini dilə gətirib.

Ş.Sadiq Azərbaycan Naşirlərinin I Forumu və III Uşaq Kitab Festivalından söz açıb; kitaba təşviq layihələrinin yetərli olmadığını, gənc ədiblərin əsərlərinin nəşrinin arzuolunan şəkildə stimullaşdırılmadığını, kitabxanalara kitab alışının azlığını, tərcüməyə dəstək proqramının hələ də həyata keçirilmədiyini vurğulayıb.

O bildirib ki, ölkəmizdə özəl qurumların təsis etdiyi ədəbiyyat və sənət dərgilərinin durumu acınacaqlıdır. Dərgi mədəniyyəti demək olar, tənəzzüldədir. Dərgilərin diqqətdən qıraqda qalması, onların kitabxanaların fonduna əlavə edilməməsi, dövlət dəstəyinin yoxluğu nəşriyyat sahəsinin xüsusi problemidir.

ANAİB sədri digər media orqanlarına edildiyi kimi ədəbi dərgilərə də dəstəyin vacibliyini dilə gətirib.

“Təhsil” nəşriyyatının direktoru Tural Axundov mətbəə ilə nəşriyyat sahələrinin vəhdətdə inkişafını önə çəkib və bu sahələri ayırmağın doğru olmadığını vurğulayıb. O, Mədəniyyət Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin kitab alışı siyasətindən razılığını ifadə edib.

“Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq ədəbiyyatın və dilin dövlətin mədəniyyət strategiyasında ən önəmli faktor olduğunu vurğulayıb. O bildirib ki, kitabxanaların fəaliyyəti genişləndirilməli, bu qurumların fondu üçün kitab alışı artırılmalı, eyni zamanda, kitabxanalardakı kiril qrafikalı kitablar latın qrafikalı olanlarla əvəzlənməlidir.

Nurman Tariq ölkədə Kino Agentliyinin olduğu kimi Kitab Agentliyinə də ehtiyac duyulduğunu bildirib.

“Əlfəcin” nəşriyyatı və Göygöl şəhərində fəaliyyət göstərən “Göygöl” kitab evinin rəhbəri Mübariz Həsənov bölgələrdə kitabçılığın əsas problemlərindən söz açıb. Mədəniyyət Nazirliyinin regionda təşkil edilən kitab sərgilərinə dəstəyinin, kitabxanalar üçün kitabların mətbəələrdən yox, nəşriyyatlardan satın alınmasının, hər rayon mərkəzində (ilkin olaraq) bir pilot kitabxananın yaradılmasının və bu təcrübənin daha sonra qəsəbə-kənd kitabxanalarında tətbiqinin, Bakı Beynəlxalq Kitab Sərgisində nəşriyyatlara daha çox yer ayrılmasının önəmini qeyd edib.

“Ağıllı Bala” nəşriyyatının rəhbəri Fatimə Alxaz ölkədə uşaq kitabları, uşaq yazarları və illüstratorları probleminə diqqət çəkib, uşaq ədəbiyyatının inkişafı ilə bağlı məsələlərdən danışıb.

F.Alxaz uşaq ədəbiyyatı ilə bağlı bir neçə nominasiyada mükafatın təsisi, uşaq yazıçılarının həvəsləndirilməsi, ölkədə və xaricdə tanınması yönündə silsilə tədbirlərin həyata keçirilməsi mövzusunda təkliflər irəli sürüb.

Çıxışçı 6 – 9 iyun tarixlərində keçirilən III Uşaq Kitab Festivalının konsepti barədə danışıb və müvafiq qurumların rəsmilərinin məsələyə daha üstün diqqətinin arzu olunduğunu deyib.

“Altun Kitab” nəşriyyatının rəhbəri Rafiq İsmayılov vurğulayıb ki, özəl sektorun bu sahəyə nə dərəcədə məsuliyyətlə yanaşacağını dövlətin strategiyası təyin edir. Ona görə də kitabçılığın, ədəbiyyatın əsas qoruyucu qurumu olan Mədəniyyət Nazirliyi bu sahəyə diqqətini artırmalı, yeni layihələrlə çıxış etməlidir.

Daha sonra “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədov çıxışında bu sahə üzrə xarici əlaqələrdən, beynəlxalq kitab sərgilərindən bəhs edib. Ölkəmizdə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin hazırlıqlarının il boyu aparılması, naşirlərin bu prosesdə yer alması, il boyu dövlət tərəfindən keçirilən sərgi və tədbirlər barədə geniş məlumatların verilməsi kimi məsələlərinin vacibliyini vurğulayıb.

İctimai Şuranın sədr müavini Vüqar Qədirov öz çıxışında bir sıra köklü məsələlərə, o cümlədən təhsil mövzusuna toxunub.

“Qələm” nəşriyyatının rəhbəri Hafiz Eyyubov bildirib ki, ölkəyə idxal olunan kağız ƏDV-dən azad olunsa da, bu qayda yalnız Rusiyadan gətirilən kağızlara şamil edilir, Avropadan gətirilənlərə şamil edilmir. O, sözügedən problemin tezliklə həll edilməsinin vacibiyini diqqətə çatdırıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bu tədbirə, əsasən, problem dinləməyə gəldiyini deyib. Ölkədə kitab oxumayan, özünü kadr kimi yetişdirməyən gənclərin az olmadığından, dərin fəlsəfi kitabların yazılmamasından, tərcümələrin isə qənaətbəxş olmadığından, bu sferada terminologiyanın inkişaf etməməsindən, məktəblilərin yazı bacarıqlarının əskikliyindən, məktəblərdə oxuya təşviqin azlığından söz açıb.

F.Mustafa vurğulayıb ki, dövlət son zamanlar aktivləşən kitab sərgilərinə bacardıqca çox dəstək verməli, bunun üçün özəl sektordan layihələr istəməli, bu təşkilatçılıqda öz resurslarından səmərəli istifadə etməlidir.

İctimai Şuranın sədri Nizami Cəfərov öz nitqində Mədəniyyət Nazirliyi Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının fəaliyyətinin genişləndirilməsini təklif edib, qurumu ANAİB tərəfindən təşkil olunan silsilə kitab sərgilərinə aktiv dəstək verməyə çağırıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov regionlarda keçirilən kitab sərgilərində Mədəniyyət Nazirliyinin həmişə öz resurslarından istifadəyə hazır olduğunu bildirib. Hətta indiyə kimi keçirilən kitab sərgilərinin bir xeylisi üçün müxtəlif bölgələrdə məkan və bəzi imkanların təşkilatçılara təklif edildiyini deyib.

O, xaricdə keçirilən müxtəlif beynəlxalq kitab sərgilərində iştirak üçün həmişə yerli nəşriyyatlara şərait yaradıldığını, bu il bir neçə sərgiyə özəl sektor nümayəndələrinin də cəlb olunduğunu, bütün xərclərin nazirlik tərəfindən qarşılandığını qeyd edib.

F.Cəfərov Mədəniyyət Nazirliyi Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının fəaliyyət planının hər il detallı şəkildə elan edildiyini, nazirliyin kiril qrafikalı kitabların latın qrafikalı kitablarla əvəzlənməsi üçün işlər apardığını, Kitab Agentliyinin yaradılmasının planlar arasında olduğunu, Azərbaycan ədəbiyyatına dəstək layihəsi üzərində işlər getdiyini, kitabxanaların effektiv fəaliyyəti ilə bağlı “yol xəritəsi” hazırlandığını və son olaraq ANAİB tərəfindən təşkil olunan Azərbaycan Naşirlərinin I Forumu və III Uşaq Kitab Festivalında Mədəniyyət Nazirliyinin müvafiq şöbəsinin əməkdaşlarının qatıldığını bildirib.

Nazir müavini müzakirələrin gələcək fəaliyyət və işbirliyi üçün faydalı olacağına inandığını söyləyib.

Təbii ki, ölkə kitabçılığının inkişafında Mədəniyyət Nazirliyi çox maraqlıdır və bunu öz fəaliyyəti ilə sübut etməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

İncəsənət insan hisslərini təsvir edən vasitədir. Bəzən insanlar sözlərlə ifadə edə bilmədikləri hisslərini çox rahatlıqla rəsmdə təsvir edə bilirlər. Sözsüz ki, hər şey incəsənətdir, əsas məsələ isə onu görməkdir.

 

Günümüzdə incəsənətə yeni texnoloji anlam gəlib. Bu müasirlik bizim xeyrimizə olduğu qədər, həm də dövrümüzün yaradıcılığını bizə təqdim edir. Bunu bizə hiss etdirən “YAY” qalereyası böyük məmnuniyyətlə yenidən açılışını elan edir.

Həftəsonu “YAY” qalereyasında “Hər şey yaxşı olacaq: Sabah və ya nə vaxtsa” adlı qrup sərgisinin açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, açılışda iştirak edən “YARAT” Müasir İncəsənət Məkanın təsisçisi, rəssam Aida Mahmudova da qrup sərgisində olan rəssamlardan biridir.

 

Sərginin açılışından əvvəl sərginin kuratoru Zəhra Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, müxtəlif medialarda çalışan və fərqli təcrübələri olan səkkiz rəssam bu sərgidə bir araya gəlib.

Qeyd edilib ki, bu dəfə Rasim Babayev, Elşən Baba, Orxan Hüseynov, Tərlan Qorçu, Aida Mahmudova, Qafar Rzayev, Zamir Süleymanov və CHINGIZ-in əsərlərindən ibarət qrup sərgisi təqdim olunub.

Z.Məmmədova diqqətə çatdırıb ki, sərginin başlıca məqsədi müəyyən “düşüncə toxumlarının” cücərməsinə sövq etmək, insanları çətin dövrlərdə incəsənətin gücünə inanmağa vadar etməkdir.

 

Sərginin açılışında çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının baş kuratoru, sənətşünas Fərəh Ələkbərli başda “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova olmaqla, sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Sərgi ilə tanış olan qonaqlara burada müasir dilemmalardan tutmuş introspektiv səyahətlərə qədər geniş mövzuları araşdırmaq təklif olunur. Rəssamlar zaman və məkan anlayışının mürəkkəblikləri arasında məna axtarmaqla liminal məkanları, həmçinin bizim kim olduğumuzu və əqidəmizi götür-qoy etməyə məcbur edərək, identiklik və kimlik məsələsini araşdırırlar.

 

Ekspozisiya özündə rəssam “gündəliyini” ehtiva edir. Bu gündəlik, bəlkə də, rəssamın şəxsən özü üçün məna kəsb edir, amma, eyni zamanda, tamaşaçı üçün rezonans doğurur və kollektiv təcrübəni əks etdirir.

Sərgi tamaşaçıları incəsənətin dəyişikliklərə səbəb olmaq kimi əzmini və qüdrətini nəzərdən keçirməyə məcbur etməklə, “incəsənət, eyni zamanda, həm güzgü, həm də bir vasitədir” düşüncəsi ilə üz-üzə qoyur.

Əsərlərdə bizim ictimai-siyasi reallığımız ilə dialoq, ruhumuza ünvanlanan və onunla danışan səmimi, açıq bir söhbət var. Burada suallar yaranır, onlar bizi konflikt və xaosu nəzərdən keçirməyə, həmçinin daxili aləmdə gözəllik və məqsəd tapmağa məcbur edir... Hər bir rəssam, özünəməxsus şəkildə öz dövrünün həqiqət carçısı sayıla bilər və bizi öz hekayələrində məna tapmağa dəvət edir.

 

Sənətsevər qonaqların sərgi ilə tanışlığından sonra möhtəşəm konsert proqramı təqdim edilib.

Sərgi dekabrın 8-dək davam edəcək.

Qeyd edək ki, 2012-ci ildə yaradılmış “YAY” qalereyası UNESCO-nun dünya irsi siyahısına daxil olan Bakının qədim İçərişəhərində yerləşir.

Qalereya Azərbaycanda incəsənət infrastrukturunu dəstəkləmək öhdəliyi çərçivəsində qeyri-kommersiya təşkilatı olan “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən təsis edilib.

“YAY” qalereyasının əsas fəaliyyəti Azərbaycan və digər ölkələrdən olan istedadlı və perspektivli gənc rəssamların, tanınmış və təcrübəli sənətçilərin əsərlərindən ibarət sərgi-satış tədbirlərinin keçirilməsinə yönəlib.

Qalereya incəsənət nümunələrinin satışından əldə edilən gəlirləri rəssamlar və “YARAT” təşkilatı arasında bölüşdürür.

“YAY” qalereyasının digər prioritetlərindən biri də fikir və təcrübə mübadiləsi platforması olaraq rəssamlar, həmçinin incəsənət sahəsində çalışan mütəxəssislər tərəfindən aparılan mühazirələr, seminarlar, habelə film nümayişləri və s. təşkil etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında iki yaradıcı şəxsiyyət – musiqişünas-bəstəkar Aytən Oqtayqızı və pianoçu-bəstəkar Nuranə Zeynalovanın müəllif konserti keçirilib.

 

AzərTAC xəbər verir ki, maraqlı məqamlarla zəngin olan tədbirdə müxtəlif mövzulu əsərlər səslənib.

Xüsusi vurğulamaq lazımdır ki, hər iki musiqiçi öz yaradıcılıqlarında vətənpərvərlik mövzusuna daha çox yer verərək, Azərbaycan tarixinin həm acılı, həm də zəfər dolu səhifələrini göstərir və igid qəhrəmanlarımızın şücaətini vəsf edirlər. Tədbir nömrələri sırasında musiqisi Aytən Oqtayqızına, sözləri isə Gülər Əlvanqızına aid şəhid leytenant Emil Məmmədəliyevə həsr olunmuş “Vətən Şəhidi” (İfaçı: Xalq artisti Samir Cəfərov) və Nuranə Zeynalovanın (sözlər Jalə İbrahimin) şəhid baş leytenant Daşdəmir Paşayevə ithafı qismində “Vətən yaşasın” (İfaçı: beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova) kompozisiyası səslənib.

Tədbirin dramaturji quruluşuna görə hər iki bəstəkar vətənpərvərlik mövzusu ilə yanaşı Azərbaycanın dahi şəxsiyyətlərinin – Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Arif Məlikova həsr olunmuş bəstələr təqdim ediblər.

Bir-birindən fərqli əsərlər Azərbaycanın Əməkdar artistləri Əyyub Əliyev (violonçel) və Tural Ağasıyev (vokal), BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədova (pianoçu), beynəlxalq müsabiqələr laureatları Yuliya Heydərova və Teymur Kazımov, həmçinin məktəb-studiyanın uşaq xor kollektivi (bədii rəhbər – Azərbaycanın Əməkdar müəllimi, dosent Aqil Qafulov) və həmin müəssisənin VIII sinif şagirdi, beynəlxalq müsabiqələr diplomantı, violin ifaçısı Yusuf Məmmədli (müəllim – dosent Gülnarə Quliyeva) tərəfindən yüksək səviyyədə ifa olunub.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2024)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsini elan edir. Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Qrant müsabiqəsinin prioritet istiqamətləri aşağıdakılardır:

 

1. Mədəniyyət və yaradıcı sənayelərin inkişafına dair layihələr (Mədəni və yaradıcı sənayelər sahəsində idarəçiliyin təkmilləşdirilməsi və institusionallaşdırılması; Mədəni və yaradıcı sənayelərlə bağlı statistik məlumatların təkmilləşdirilməsi; Mədəni və yaradıcı sənayelər sahəsində könüllülük fəaliyyəti; Mədəni və yaradıcı məhsul və xidmətlərin satışı və ixracı üçün rəqəmsal platformaların yaradılması və ya mövcud platformaların inkişaf etdirilməsi; Paytaxt və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən tədbirlərin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi; Kitab sənayesi sahəsində statistik araşdırmaların aparılması);

2. Mədəniyyət sahəsində rəqəmsal həllərə dair layihələr (Ölkə daxilində rəqəmsal yaradıcı sənayelər üzrə beynəlxalq tədbirlərin təşkili; Mədəni və yaradıcı sənayelər sahəsində innovativ texnologiyaların, o cümlədən süni intellektin tətbiqi; “E-culture” –

mədəniyyətin rəqəmsallaşdırılması; Mədəni irs (maddi və qeyri-maddi) obyektlərinin rəqəmsallaşdırılması);

3. Yerli animasiyanın dəstəklənməsinə dair layihələr (Ölkə daxilində animasiya sahəsi üzrə beynəlxalq tədbirlərin təşkili; Xarici ölkələrdə keçirilən beynəlxalq animasiya tədbirlərində iştirak);

4. Kino sənayesinin institusionallaşdırılmasına dair layihələr (Ölkə daxilində kino sahəsi üzrə beynəlxalq tədbirlərin təşkili; Xarici ölkələrdə keçirilən beynəlxalq kino tədbirlərində iştirak; Kino sahəsində idarəetmənin təkmilləşdirilməsi).

 

Qrant müsabiqəsinin iştirakçılarına verilən tələblər:

1. Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri- hökumət təşkilatı olmalıdır;

2. Müsabiqə iştirakçısı olan qeyri-hökumət təşkilatının mədəniyyət sahəsində layihələrin icrası və tədbirlərin təşkili ilə bağlı müvafiq təcrübəsi olmalıdır;

1. Müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatı aşağıdakı sənədləri təqdim etməlidir:

 Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əslinin elektron  surəti;

 Dövlət Reyestrindən Çıxarışın əslinin elektron surəti;

 Nizamnamənin əslinin elektron surəti;

 Qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin FİN kodu və əslinin elektron surəti.

 

1. Mədəniyyət Nazirliyindən əvvəllər qrant almış, lakin qrant müqaviləsinin yekunlaşmasına baxmayaraq müqavilə üzrə öhdəliklərini qrant müsabiqəsinin başlamasına qədər tam yerinə yetirməyən qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilməz;

2. Eyni qeyri-hökumət təşkilatı tərəfindən qrant müsabiqəsinə birdən artıq layihə təqdim edilə bilməz.

 

Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinə verilən tələblər:

1. Layihə təklifi maksimum 3 ay müddəti əhatə etməklə, Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir;

2. Bir layihə təklifinə maksimum 30 000 manat maliyyə vəsaiti ayrıla bilər.

3. Qrant müsabiqəsinə təqdim olunmuş layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Nəşriyyat işi

haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf

etdirilməsi haqqında”, “Media haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının qanunları və digər

normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.

 

Layihə təklifləri ilə bağlı əlavə tələblər:

Aşağıdakı prinsiplərə əsaslanan layihə təklifləri seçim prosesi zamanı əlavə üstünlük qazanacaq:

1. Regional əhatəlilik – Layihə təkliflərində yalnız Bakı şəhəri və Abşeron rayonu ilə kifayətlənməməli, Azərbaycanın digər şəhər və rayonlarını da əhatə etməlidir.

2. Çoxtərəfli əməkdaşlıq – Layihə təkliflərində mütəxəssislərin cəlb edilməsi nəzərə alınmalı, mərkəzi və yerli səviyyədə dövlət qurumları ilə sıx əməkdaşlıq və tərəfdaşlıq şəklində layihələri həyata keçirməlidirlər. Müvafiq olduğu hallarda özəl sektor və

maraq qrupları cəlb edilməlidir.

3. İnnovativlik – Layihə təklifləri yeni, indiyədək istifadə olunmayan mexanizmlər və metodologiya əsasında qurulmalıdır. Xüsusilə, inkişaf etmiş ölkələrdə sınaqdan keçirilmiş informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanların

istifadəsinə üstünlük verilməlidir.

4. Müxtəliflik və İnklüzivlik – Layihə təkliflərində sağlamlıq imkanları məhdud, risk qruplarında və sosial müdafiəyə ehtiyacı olan şəxslərin, gənclərin, qadınların iştirakçılığının təmin olunması ilə bağlı konkret yanaşmalar öz əksini tapmalıdır.

5. Davamlılıq – Layihə təkliflərinin hazırlanması zamanı nəzərdə tutulan nəticələrin davamlılığı mütləq nəzərə alınmalı və bu meyarın necə qarşılandığı dəqiq və aydın şəkildə layihə təklifində göstərilməlidir.

 

Müsabiqəyə müraciət üçün son tarix: 2 avqust 2024-cü il Sənədlərin qəbulu grants.culture.az resursu üzərindən elektron formada həyata keçirilir

Müsabiqəyə müraciət üçün tələb olunan sənəd formaları:

1. Layihə təklifi forması

2. İcra planı forması

3. Xərclər smetası forması

Qrant müsabiqəsi ilə bağlı suallarla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına və ya Mədəniyyət Nazirliyin qaynar xəttinə (Tel: 147) müraciət etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2024)

 

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan ədəbiyyatının tanınmış siması, bəşər ədəbiyyatının zirvəsi Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğinə dair layihələr həyata keçirir.

 

AzərTAC xəbər verir ki, Mədəniyyət Mərkəzi tərəfindən görkəmli şərqşünas alim, professor Yevgeni Bertelsin böyük şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Böyük Azərbaycan şairi Nizami” əsərinin Azərbaycan dilindən türk dilinə tərcüməsi yekunlaşdırılıb.

 

Əsəri türk dilinə Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, tərcüməçilik sahəsində böyük təcrübəsi olan doktor İmdat Avşar çevirib.

 

Kitabın yaxın günlərdə Türkiyədə nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatı nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, siyasi şərhçi Əkbər Qoşalının növbəti siyasi şərhini təqdim edir. 

 

 

1991-ci ilin 12-ci ayının 21-də keçmiş SSRİ-nin 15 “müttəfiq respublikası”ndan 11-i Almatı Bəyannaməsini imzaladı. O vaxt Almatı Alma-Ata adlanırdı; o vaxt  bu şəhər Qazaxıstanın paytaxtıydı.

Almatı Bəyannaməsində (MDB-nin yaranması ilə) SSRİ-nin mövcudluğunu dayandır­dığına işarə edən Belovej razılığı təsdiqləndi. Bir qərinə öncə baş vermiş bu hadisə zamanı ümumi siyasi-iqtisadi məkandan, sülhə, azadlığa və insan hüquqlarına sayğıdan, beynəlxalq sülhün müdafiəsi məsuliyyətindən söz açılırdı.

II Qarabağ müharibəsindən sonra Ermənistan rəhbərliyinin tez-tez istinad etməyə başladığı Almatı Bəyannaməsində, üzv ölkələr bir-birinin ərazi bütövlüyünə, suverenliyinə sayğıyla yanaşacağını, mövcud dövlət sərhədlərinin dəyişdirilməyəcəyinə dair öhdəlik götürürdü. Ermənistan o sənədə atdığı imzanın mürəkkəbi quruyar-qurumaz... işğalçılıq siyasətini davam və “inkişaf” etdirdi... İndiki Ermənistan hökuməti Almatı Bəyannaməsinə məhz II Qarabağ müharibəsindən sonrakı gerçəkliklər göstərgəsində təkrar-təkrar istinad edincə, biz də Almatıdan öncə və sonra olanları uhulət-suhulətlə masaya yatırır, cavab tələb edirik. Almatı deməklə deyil; baxma, alma-almaya bənzər – bizdən qeyri-maddi mədəni oğurluqlara “liderlik” edən ermənilər bu deyimi də eşitməmiş, bilməmiş deyil...

Bəli, SSRİ-nin varlığına de-fakto 21 dekabr 1991-ci ildə Almatı Sammiti ilə son qoyuldu. O günlərdə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının dörd daimi üzvünün dövlət başçısına məktub göndərərək, SSRİ-nin Şuradakı yerinin Rusiya Federasiyasına verilməsini xahiş etdi. Bu xahişdən sonra – 22 dekabr 1991-ci ildə SSRİ-nin nümayəndəsi BMT-nin Baş Assam­bleyasının və Təhlükəsizlik Şurasının (TŞ) iclaslarına sonuncu dəfə qatıldı; beləliklə, onu Rusiya Federasiyasının nümayəndəsi əvəz etdi.

Avropa Birliyinin 1991-ci il dekabrın 23-də Bəyanat yayaraq “Keçmiş SSRİ-nin beynəlxalq hüquq və öhdəliklərini Rusiya Federasiyasının yerinə yetirməyə davam edəcəyini” duyurması, Böyük Britaniya Baş nazirinin də oxşar Bəyanat verməsi, habelə ABŞ Prezidentinin bu qlobal yenilənmə, dəyişmə sürəcini alqışlaması vurğulanmalı məqam­lardandır.

Keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçovun 25 dekabr 1991-ci ildə Prezidentlikdən getdiyini bildirən Bəyanatının ardınca (26 dekabr 1991-ci ildə) Sovet Parlamentinin İttifaqın sona çatmasını rəsmən təsdiqləməsi ilə hadisələrin axarı (geridönməzliyi) tam rəsmiləşdi. 74 illik SSRİ öz uğurları-uğursuzluqları, yaxşısı-pisi, sevinci-kədəri ilə tarixə qovuşdu: bu imperiya öz ömrünü qanunən, faktiki olaraq və rəsmi qaydada başa vurmuş oldu. Lap da yaxşı oldu!..

SSRİ-nin sıradan çıxması yalnız Rusiya Federasiyası üçün deyil, ümumən beynəlxalq münasibətlər sistemi üçün yeni dönəmin başlanmasına gətirib çıxardı. Bu, dünyanın yenidən nizamlanması, yeni güc mərkəzlərinin yaranması demək idi...

Yazının bu bölümünü tamamlarkən bir not daha: Anadolulu qardaşlarımızda belə bir söz var, deyərlər: “İnsanları qədərləri qarşılaşdırır, xarakterləri yaxınlaşdırır, qərarları anlaşdırır, davranışları uzaqlaşdırır”... – Bu formul toplumlar, xalqlar, dövlətlər üçün də keçərlidir...

Budur, bugünlərdə yenə Qazaxıstanda, yenə paytaxtda – amma yeni paytaxtda və bir xeyli fərqli dövlətlərin iştirakı, xeyli fərqli mövzuların masaya yatırılması ilə önəmli müzakirələr aparıldı. Astanada çoxtərəfli görüş-müzakirələrlə yanaşı ikitərəfli görüşlər də keçirildi, önəmli sənədlərə imzalar atıldı; o cümlədən Azərbaycanla Çin arasında Astana Bəyannaməsi qəbul edildi. Almatı Bəyannaməsindən Astana Bəyannaməsinə 33 il – necə deyərlər, bir qərinəlik vaxt (və yol) keçib... Almatı coğrafi baxımdan Çinə daha yaxın qazax şəhəri olsa da, o zaman masada Çin yox idi... Amma o zaman da, indi də dünyada yeni güc mərkəzlərinin yaranması, yeni siyasi dizayn, arxitektura quruculuğu getdiyi bəllidir. Artıq 23 ildir Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT; SCO; 15.06.2001) mövcuddur. Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan, İran, Özbəkistan, (dünəndən bəri) Belarus – ŞƏT-də tamhüquqlu üzv, Əfqanıstan və Monqolustan mü­şa­hidəçi dövlətlərdir. ŞƏT-in 14 dialoq tərəfdaşı sırasında Azərbaycan və Türkiyə də var. Astana Zirvəsinə Azərbaycan Prezidenti fəxri qonaq olaraq dəvət edilmişdi. Prezident İlham Əliyev iki il öncə Səmərqənddə keçirilən Zirvəyə də dəvət olunmuşdu.

BMT ilə, eləcə də Ərəb Liqası, BQXK və digər beynəlxalq qurum və quruluşlarla  işbirliyi qurmuş ŞƏT-in Türk Dövlətləri Təşkilatı ilə işbirliyi də istisna deyil. Zatən Türk Dövlətləri Təşkilatının Türküstandan olan qurucu üzvləri ŞƏT-in də üzvüdür...

Biz əlbəttə, nə ŞƏT-in, nə bir başqa təşkilatın qayğıları ilə yaşamırıq; bizim Türk Dövlətləri Təşkilatımız – öz evimiz, öz ailəmiz var! – Azərbaycana, Türk Dövlətləri Təşkilatına kim necə münasibət bəslərsə, bu, bizim də münasibətimizə təsirsiz ötüşməz. Tarixdə dədələrimiz, günümüzdə Prezidentimiz demiş, “Dəymə mənə, dəyməyim sənə”!

 

Bəs yuxarıdakı xronologiyanı, Almatı-Astana bağlamını nə üçün xatırladım? – Astanada dörd nüvə dövləti (Çin, Rusiya, Pakistan, Hindistan) vardı; onlardan ikisi (Çin, Rusiya) BMT TŞ daimi üzvüdür. Bəli, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, “Dünya beşdən böyükdür”! Bununla belə, Fransa hakimiyyətinin təqsiri üzündən gərginləşən Fransa-Azərbaycan münasibətləri (münasibətsizliyi) fonunda, bizim özümüzün bir qrup ağzıgöyçək, diliçirkinimiz dəxi Fransanın BMT TŞ daimi üzvü və nüvə silahlı dövlət olduğunu qabardırsa, NATO-nun güclü ölkəsi olduğunu deyirsə, onlar bəlkə bir də Astana Zirvəsinə baxsın... Neçə ki beynəlxalq aləmdə nüvə yiyəsi olmaq çəkindirici faktordur və BMT TŞ daimi üzvlüyü faktoru da vardır, o zaman bizim dəngəni qorumaq taktikamız, öz dövlət çıxarlarımızı dərindən nəzərə almağımız qaçınılmazdır. Bu ciddi məsələdir; bu ötəri siyasi mübarizə alətinə çevriləsi məsələ deyil; informasiyasız, dərin düşüncədən yoxsun yaxud qərəzli opponentlər ağzını hər açanda xoruzun quyruğu görünür... Tərs kimi (bəlkə də, düz kimi) Fransanın totemi də xoruzdur. Mən bunu hər hansı bir mənfi emosiya ilə deməmiş olum; məsələn, bu axşam Avropa Futbol Çempionatında Portuqaliya ilə qarşılaşacaq Fransa yığmasının üzvləri istərlərsə, meydanda xoruz kimi banlaya yaxud xaç çevirə bilər – bu, öz işləridir, nə deyə billik? Ancaq, sözüm ona, necə olur, Türkiyənin Avstriya ilə oyununda iki qol vuran Merih Dəmiralın boz qurd işarəsi göstərməsi skandala çevrilir? – Dəmiral UEFA istintaqına cəlb olunub, növbəti iki oyuna çıxması yasaqlanıb. Bu, tam bir ədalətsizlikdir! – Avropa bizə nə ilə örnək olur? Asiyanı böyük ölçüdə çevrələyən ŞƏT-dən ötrü də gözümüz uçmur, amma Avropa bizə futbol meydanında dəxi siyasi-iqtisadi, diplomatik meydanda olduğu kimi ədalətsiz davranırsa, biz bunu görməməli, deməməliyikmi? Bəli, Tanrıya çox şükürlər olsun, artıq bizim Türk Dövlətləri Təşkilatımız – öz ailəmiz, öz evimiz, öz ocağımız var! Artıq Türkiyəni onilliklər sonra Avropa Birliyinə almırlarsa, almasınlar! Ədalətsizlik, ikili standartlar o birliyi dağıdar bir gün. Zatən Böyük Britaniya da Avropa Birliyindən çıxıb...

Bəli, bəzi Qərb dairələri, özəlliklə Fransa Azərbaycanın qlobal proseslərdən təcrid edilməsi yönündə iş apardı, çox çalışdı, lakin çalışmaları suya düşdü. İndi, necə deyərlər, “gülü götür, şəkil çəkdirək”!

Uzun sözün qısası, hazırda BMT TŞ-nin beş daimi üzvündən yalnız Fransa Azərbaycanla barışmaz və anlaşılmaz münasibətlər (münasibətsizliklər) içindədir. Olsun! – Hələ bilmək olmaz, bəlkə də, bundan daha çox itirən Fransanın özü olacaq. Bizim öz yolumuz – “uzun, incə yol”umuz vardır, biz öz yolumuzda, sözümüzdə sabitqədəmik. Azərbaycan Prezidentinin kəsmətli sözləri hər meydanda keçərlidir: “Bizim sözümüz imzamız qədər keçərlidir”!

Qazaxıstandan Fransaya zəruri keçidimiz kimi, gəlin indidə Fransadan Kanadaya keçid edək: Kanadanın 40 milyonluq əhalisininn hər 4 nəfərindən biri fransızdır; fransız dili (ingilis dili ilə yanaşı) Kanadanın dövlət dilidir. Yəni Fransanın Kanada üzərində danılmaz təsir imkanları vardır və o təsir imkanlarına görədir ki, dəxlisiz məsələlərdə dəxi Kanadanı Azərbaycanın, Türkiyənin qarşısına dikilən görürürk...

Gəlin bu yerdə, Azərbaycan Prezidentinin Kanadanın yeni səfiri Kevin Hamiltonun etimadnaməsini qəbuluna (01.07.2024) dair rəsmi bilgidən bəzi məqamlara diqqət edək:

“Səfir Kanadanın həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək, ədalətli, əhatəli və daimi sülh müqaviləsi üzərində fəal iş aparıldığından məlumatlı olduğunu dedi.

...Prezident İlham Əliyev vurğuladı ki, indi – biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır”.

Bu sitatdan sonra, Prezident İlham Əliyevin 4 il öncə başqa bir ölkənin – Yunanıstanın ölkəmizdə yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən dediklərini yada salaq: “Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək” deyən Azərbaycan Prezidenti çox vacib mövzulara toxundu. Onlardan biri də Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda o dönəmdə baş verən gərginlik idi: “Bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. ...Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz”.

Azərbaycan Prezidenti həmişə açıq danışmağı, doğruları söyləməyi, siyasi iradə və prinsipiallıq nümayiş etdirməyi bacaran liderdir. Sırağagün Bakıda belə olub, dünən Astanada belə oldu, sabah Şuşada, birisigün bir başqa şəhərdə, bir başqa platformada da belə olacaq...

 

Yenə Fransa vurğusu edərək, yada salaq ki bu dövlət ötənlərdə gah Aralıq dənizində, Afrikada Türkiyə ilə üz-üzə gəldi, gah Ermənistan-Azərbaycan elanolunmamış müharibəsinin yeni fazasına daxil olmağa cəhd etdi, gah Tehran rejimi ilə ortaqlaşa hərəkət etməyə çalışdı, vurnuxdu-vurnuxdu, bir də gördük, budur, Prezident Makron Türküstan gəzisinə çıxıb. Xeyir ola? Xammalmı arar, Afrikada əlindən çıxanlara alternativlərmi axtarardı, nədir? – Neynəyirsə də, işi ən azı bir türk dövlətindən keçməli olur ki olur. Türk dövlətlərininsə artıq öz təşkilatı, öz evi vardır! Bunu bütün ilgili tərəflər bilməli, qəbul etməli, çətin də olsa, sinirməlidir! Bundan sonra Türk Dövlətləri Təşkilatının varlığını gözardı etmək illa olmaz!

Budur, Türk Dövlətləri Təşkilatının qeyri-formal Şuşa Zirvəsinə sayılı saatlar qaldı! Qazaxıstan paytaxtından ölkəmizə dünən dönən Azərbaycan Prezidenti bu gün Xocalı aeroportunda olub; sabah isə qardaş dövlətlərin başçıları Şuşada olacaq! Quzey Kıprıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar da öz bayrağı ilə, digər qardaş ölkə liderləri ilə yanbayan əyləşəcək! Şuşa – Şuşa, Azərbaycan – Azərbaycan, Türk dünyası – Türk dünyasıdır! Bunu dost da, dost ola bilməyənlər də nəzərə almalı, ona görə davranmalıdır!  

 

Sonda, Azərbaycan və Çin liderlərinin Astana görüşü və Astana Bəyannaməsi haqqında daha bir neçə kəlmə:

- ŞƏT-in Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü, ikitərəfli bağların strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və işbirliyinin yeni inkişaf perspektivlərinin bəlirlənməsi baxımından ciddi önəm daşıyır. Liderlər arasında Astana görüşü və Astana Bəyannaməsinədək keçirilmiş görüşlər də çox önəmlidir. 5 il öncə Si Cinpinin dəvəti ilə İlham Əliyev II “Kəmər və Yol Forumu”nda iştirak edib. 2 il öncə Səmərqənddə keçirilən ŞƏT Sammitində iki ölkə liderinin ayrıca görüşü keçirilib.

Astana görüşü zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair Bəyannamə imzalanması Azərbaycan-Çin bağlarını strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmiş oldu.

Gəlin Astana Bəyannaməsindən bir neçə bəndə diqqət edək:

-Tərəflər ticarət-iqtisadi əməkdaşlığının inkişafı üçün nəqliyyat və kommunikasiya, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrə diqqət yetirir;

-Azərbaycanla Çin “Bir kəmər, bir yol” çərçivəsində işbirliyini dərinləşdirməyi vacib hesab edir;

-Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istis­marında fəal iştirak edir;

-Çin COP29-un Azərbaycanda keçirilməsini alqışlayır və Azərbaycanın Konfransda sədrliyini dəstəkləyir.

 

Azərbaycanı qlobal proseslərdən təcrid etməyə çalışan (bu çalışmaların nəticəsizliyindən asılı olmayaraq) Fransa və digər güclər varkən, Azərbaycan COP29-un ev yiyəsiykən və 2024-cü il respublikamızda “Yaşıl Dünya naminə Həmrəylik İli”ykən bu anlaşmalar, duyurular, açıqlamalar çox önəmlidir.

Çin ilə enerji keçidi, bərpa olunan enerji sahəsində işbirliyi uğurla inkişaf etdirilir. Ölkəmizdə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə işbirliyinə başlanılıb. 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 tədbirləri çərçivəsində BYD-nin 160 ədəd avtobusunun və 100 ədəd elektrik enerji doldurucusunun ölkəmizə gətirilməsi ilə bağlı sifariş verilib. (Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması planlaşdırılır).

Astana Bəyannaməsinin altında BMT TŞ daimi üzvünün imzası var. Üstəlik, yuxarıdakı misallardan açıq göründüyü kimi, bu sənədi, Zəngəzur dəhlizi ilə bağlı Astana həmləsi də saymaq olar. Fransanın kiçik bacısı Ermənistan, istər böyük bacısından, istər Çinin yanıbaşındakı Hindistandan silah alsın, bunlar Ermənistanı ağ günə çıxarmaz! Zəngəzur dəhlizinin alternativi nə ola bilər? – Ya bir daha dalan olmaq ya da Dəmir Yumrğun kəramətini növbəti dəfə görmək... Bəlkə düz demirəm?

Azərbaycan Çinin irəli sürdüyü “Kəmər və Yol təşəbbüsü”nü ilk dəstəkləyən ölkələrdən biridir və Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx işbirliyi qurub. Ölkəmiz bu yöndə ciddi praktiki layihələr həyata keçirərək, “Kəmər və Yol” layihəsinin önəmli bölümü olan “Orta Dəhliz” infrastrukturunun inkişafına önəmli yatırımlar qoyub.

“Orta Dəhliz” Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən əlverişli, ən təhlükəsiz marşrutdur. 2023-cü ilin 9 ayı ərzində “Orta Dəhliz” üzərindən yükdaşımaların həcmi 88% (!) artaraq 2 milyon tona çatıb. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75% (!) artıb. Zəngəzur dəhlizinin açılmasından sonra bu tranzit həcminin ildə 5-8 milyon ton (!) artması gözlənilir.

Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün sonucu olaraq, ölkələrimiz arasında işbirliyi bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.

Astana Bəyannaməsi, bununla yanaşı iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq nüfuzunun, çəkisinin daha da yüksəldiyini bir daha nümayiş etdirir. Bu, Prezident İlham Əliyevin şəxsiyyətinə, dövlətimizin onun rəhbərliyi ilə yürütdüyü siyasətə bəslənən sayğının, güvənin parlaq təcallasıdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.