Onu Maştağanın dar küçələrində bıçaqladılar... – MEYXANAÇILARIN TALEYİ Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət” 

 

 Bu, yalnız sözün hekayəsi deyil. Bu, qəlbin qaranlıq labirintlərində dolaşan, sükutdan doğan, atəşlə yoğrulan bir dünyadır.

Bura, meyxananın, qəzəlin, ilahi eşqin və insanın ən çıplaq duyğularının ortaq məkanıdır. Burada hər misra bir ağrı toxumu, hər qafiyə bir dua, hər nəfəs bir şəhadətdir.

Onlar, sözün qəhrəmanlarıdır. Aydın Xırdalanlı, Vüqar Biləcəri, Pünhan Əzim, Rəşad Dağlı, Elçin Maştağalı, Molla Məhəmməd və ən başlıcası Əliağa Vahid... Hər biri öz zamanında, öz yerində, öz yanğısıyla bu sözlər ocağını yandırdı. Bəzən sönmək bilməyən, bəzən isə küləklə birləşən ocaq.

Bu yazıda sən, dostum, onların səsini, onların ağrısını, onların susqunluğunu duyacaqsan. Sən, qafiyənin içində gizlənmiş bir xalqın dərdini, sevincini və ümidini hiss edəcəksən.

Çünki söz, bəzən susmaqdır, bəzən qışqırmaqdır.

Söz, insanın Tanrı ilə danışdığı ən qədim dildir.

Söz, qəlbin ən böyük silahı və ən zəif sığınacağıdır.

Bu hekayə, sənətin əsl gücünü göstərir. Sözlə yaşamaq, sözlə ölmək, və sözlə əbədi olmaq.

Hazırsan? Onda oxu..

 

Söz, çox vaxt sükutun ən güclü dilidir. Çünki sükut, bəzən sözlərin məğlub olduğu, bəzən isə sözlərin ancaq pıçıldaya bildiyi bir məkandır. Bu yazının qəhrəmanları, sözün hər dərinliyini, hər həssaslığını, bəzən hər sərtliyini və sarsıntısını yaşamış, özü ilə yaşatmış insanlardır. Onlar sükutu danışmağa çevirdilər, qəlbin qapılarını açdılar və sözün yalnız əyləncə olmadığını, amma bəzən bir dərdin, bəzən də bir ilahi həqiqətin aynası olduğunu göstərdilər.

İndi isə gəl, bu aynaya daha yaxından baxaq. Onun arxasında kimlər dayanır? Onların qəlbi necə döyünür? Və nə üçün söz, onlar üçün həyatın özü oldu?

Sözün dərinliyinə qədəm qoyduqca, onun özü ilə birgə gələn qaranlıq və işıq da görünür. Hər söz bir az mübarizə, bir az qisas, bir az da müqəddəsliyə yol deməkdir. Bu yolun ustadları isə çox vaxt gündəlik həyatdan çox uzaqda deyil. Onlar elə bu torpaqda, elə bizim aramızda dolaşan, həyatın əzablarını, sevincini və dərdini sözə çevirən insanlardır.

Meyxana sənəti zamanla qafiyəli zarafatların, rəsmi mərasimlərin və efirdənkənar gülüşlərin yüngül oyunu kimi təqdim olundu. Halbuki bu sənət, kökü torpaqda, budağı göydə olan bir ağac kimi, həm xalqın qaranlıq köklərində, həm də göyə uzanan dua sətirlərində yaşayır. Onun başlanğıcı nə zarafat, nə də bayağılıqdır. Onun başlanğıcı xalqın susduğu yerdə qafiyə ilə danışmaq cəhdidir.

 Meyxanaçı, sadəcə söz deyən deyil. O, görünməyəni sezən, hiss edilməyəni ifadə edən, içindəki ağırlığı başqalarının adına daşıyan yarı şair, yarı mistik bir varlıqdır. Onun qafiyəsində gah küfr, gah dua, gah da lal qalmış bir xalqın illərlə içinə yığdığı suallar olur. Bu sənətdə söz gəlir. Amma hər söz gələndə bir şey gedir. Bir az sağlamlıq, bir az mənəviyyat, bir az da ümid. Çünki qafiyə, ilahi bir toxunuş olduğu qədər, daşıyana əzab gətirən bir yükdür. Bunu daşıyan meyxanaçılar, hər biri poetik fədailərdir. Onlar özlərini yandıraraq söz yandırdılar. Özlərini məhv edərək sənəti yaşatdılar. Bu, təkcə sənət deyil, ruhi bir intihar növüdür. Sözləri ilə gülüş yaratdılar, amma içlərində susqun bir qəbir qazdılar.

 

Bu hissədə onlarından bəzilərinin adlarını çəkəcəm. Amma adlardan öncə onları anlayacağıq. Çünki onlar bizim üçün səhnədəki aktyor, meyxana meydanındakı duelçi, "YouTube"da "ay kişi necə güldürdü" deyib like yığan adam deyildilər. Onlar, bu xalqın körpüləri qırılmış dua sətirləri, cəmiyyətin mənəvi cəhətdən təmiz qalmış, amma danışa bilməyən ruhları idilər. Onlar danışdı, biz güldük. Onlar susdu, biz keçdik. Onlar getdi, biz paylaşdıq.. Amma onların sözü hələ də yerdədir. Və o sözlə birlikdə, Tanrının bizə dediyi bir şey də hələ cavabsızdır. İndi isə gəl, bu ustadların,dövrlərinin şahı olan, Molla Məhəmməd və Elçin Maştağalı ilə tanış olaq. Onlar sözün nə demək olduğunu, onun həm zəhər, həm dərman olduğunu sübut etdilər. Onların hekayəsi, meyxananın təkcə əyləncə yox, həyatın özünə çevrildiyi bir məkana dönüşməsinin canlı nümunəsidir.

 

ELÇİN MAŞTAĞALI

Adından da bəlli olduğu kimi, Maştağa məktəbinin yetişdirdiyi meyxanaçılardandır. Amma o, sadəcə coğrafi bölgənin yox, əxlaqi bir məktəbin də nümayəndəsi idi. Meyxana sənətində o, ağıla əsaslanan üslub, təvazökarlıqla tənqid, təhlükənin içində müdrik duruş modelini qururdu. Onun səsi ucadan deyildi. Amma dediyi ağır idi. Elçin özü zərif danışsa da, misrası sərt idi. Sözlə adamın içini dondururdu, amma elə səliqəli, elə tərbiyəli deyirdi ki, qəzəblənməyə haqq tapmırdın. Elçin bir çoxları kimi “qafiyə ardınca qaçmırdı”, sözün dalınca gedirdi. Onun meyxanası hər dəfə bir sual idi,"insanın yerini sözlə necə qoruyursan?" Ən çılğın məclisdə belə, onun misrası məclisə ədəb çəkirdi. O, yersiz tərifdən, şişirtmədən uzaq dayanırdı. Sadə danışırdı, amma sadəliyi ilə sənə ağlının çılpaqlığını göstərirdi. Elçin təkcə meyxana deyən deyildi, meyxananın öz içindəki başını itirmiş səsi idi..

 

"Ey könül, gəl sevək o yarı biz əvvəlki kimi,

Şən vuraq ömrü başa, barı biz əvvəlki kimi.

 

Mehriban ömr sürək biz bu gözəl aləmdə,

Salmayaq yada qəm-qubarı biz əvvəlki kimi.

 

Bülbülü-zarınam, ay gül, mənə rəhmin gəlsin,

Qoymayaq vəslə yaxın xarı biz əvvəlki kimi.

 

Xalqımın musiqisi cana verir zövqü-səfa,

Dinləyək şur ilə o tarı biz əvvəlki kimi.

 

Sevgilim, gəl əbədi şeirimizə sadiq olaq,

Hifz edək əhdi, düz ilqari biz əvvəlki kimi.

 

Yaşa, Elçin! O gözəl yara gözəl söz demisən,

Ey könül, gəl sevək o yarı biz əvvəlki kimi.

 

Və bu səs aldandı, susduruldu..

 

MOLLA MƏHƏMMƏDQULU

Xalqın arasında daha çox “molla” ləqəbi ilə tanınırdı. “Molla”  yəni hazırcavab, bağlanmayan. Onun adı da, özü də, üslubda elə bu məna ilə düz gəlirdi. O, danışanda güldürürdü, amma o gülüşdən sonra adam susmaq istəyirdi. Çünki dediyi sadə görünürdü, amma dediyinin içində çox dərin bir izahı olmayan ağrı olurdu. Sanki bir kənd mollası, bir mistik dərviş, bir tənha filosof, bir ironik təbib birləşib onun ağzından söz deyirdi:

 

"İtirmişəm görməyirəm hansını?

Meyxananın deyim bashabasını

Elçin oxuyar mənimçün Yasini,

Siz elə bir təhər də basdırarsız.."

 

 Mollanın meyxanasında təhqir yox idi, amma təsir vardı. O, zərif yumorla insanın ən zəif damarına toxunurdu. Və heç kimin qürurunu sındırmadan vicdanını sındırırdı. Onun tərbiyəvi gücü yalnız misrada yox, öz şəxsiyyətində də görünürdü. Ağsaqqallıq etmədən ağsaqqal idi. Cəmiyyətin “dəli” dediyi yerə çatmamış adamları danışa-danışa saxlayan adamlardan biri idi.

Meyxananın ən böyük problemi, məncə, onun tez qocalması, tez pozulması, tez dəbdən düşməsi, tez tənəzzül etməsidir. Molla bu prosesi lənətləmədən dayandırmağa çalışan son adamlardan biri idi.

 Molla ilə Elçinin münasibəti, təkcə ustadla şagird arasında olan ənənəvi əlaqə deyildi. Bu münasibət, iki ruhi qatın bir-birini tamamladığı bir harmoniyadır..

Molla, sözə susaraq hörmət edən.

Elçin, susqunluğu sözə çevirən.

Elçin Molladan təkcə qafiyə yox, təhlükədə ayaqda qalmağı, səhnədə qışqırmadan özünü qorumağı, hirsin yerinə zəkayla döyüşməyi öyrənmişdi. Onlar birlikdə meyxanaya yeni bir üslub gətirmişdilər. Çığırtı yox, aydınlıq. Təhqir yox, tənqid. Küçə yox, kitab. Bu sistemin içində Elçin “gələcək” idi, Molla isə “əsas”. Elçin bıçaqlananda, gələcək susdu. Molla qaldı, amma öz dilini Elçinlə birlikdə itirdi.

Məmməd xalq arasında "Molla" kimi tanınan, hikmətin ironiyaya bürünmüş siması idi. Onun sözləri çox vaxt sadə görünərdi, amma sonra düşünəndə insanın beynində ağrılı bir sükut doğurardı. O, meyxananı küfrdən, qarğışdan, çılğınlıqdan qoruyan sonuncu səngərlərdən biri idi. Bu səngərin bir tərəfində dayanmışdı Elçin

 O, onun yetirməsi, səsinin davamı, təhlükənin içində belə ədəbi qalan söz əsgəri. Elçin Maştağalı təkcə ustadının izini davam etdirmirdi. O, küçənin ədəbli tərəfini qoruyan bir qalaydı. Qəzəbin yerini təbəssümə, aşağılayıcı misranın yerini hikmətli xəbərdarlığa dəyişən nadir adamlardan biri idi. Onlar birlikdə meyxananın təqva ilə qafiyəni barışdırdığı bir yerdə dayanırdılar. Amma bu barış çox çəkmədi. Və Elçinin ölüm xəbəri gələndə, təkcə bir şagird yox, bir sistem çökdü.

 

O MƏŞUM GÜN

Gecəydi. Qırmızı "VAZ 21011" Maştağanın dar küçələrində qışqıran meyxanaçılar, sönməyən işıqlar, qanlı köynəklərlə dolu bir səhnə yaratmışdı. Məşədibaba Aydəmirov, o meyxanada zarafatla ağıl satan adam, indi bıçaqla yazılan sonuncu misranın müəllifi olmuşdu. Aralarında şəxsi inciklik nə qədər böyük olsa da, Elçinin qanı axanda sözlər susdu. Küçə səssizləşdi. Xəstəxanaya çatdırmaq mümkün olmadı. Qan dayanmırdı. Damarlar sözə yox, ölümə axırdı.

Elçin, o təmkinli, ədəbli, tənqidçi ruh arxa oturacaqda susaraq öldü. Və bu hadisə ilə birlikdə, meyxananın içindəki bir epoxanın qapısı bağlandı. Elçin getdi. Amma daha dəhşətlisi, onun getməyindən sonra da bu sənət əyləncə kimi izlənməyə davam etdi. "Tabuta dönən qırmızı 011" deyirlər biz tərəflərdə o maşına. Maştağanın qırmızı yaddaşıdır indi o. Təkər dönəndə, elə bil ölümün öz təkəri fırlanır.

Molla Məmməd dostunun, şagirdinin qanlı ölümündən sonra susa bilmədi. Sözə çevirdi dərdini çünki, onun silahı da, duası da, naləsi də söz idi. Elçin üçün yazdığı bu misralar indi bir yas duası, bir tarix möhürü, bir axirət xitabı kimi səslənir:

 

"Bir də çətin əqlə, kəmalə gəlləm,

Mən gəlsəm bax belənçi halə gəlləm.

 

Məşədibaba sən bizi saldın dara,

Vurdun Elçinimə sağalmaz yara

Maştağada baş verdi bu macəra

Mən də yazıb belə məqalə gəlləm.

 

Şair verərdi şairə qiyməti,

Puldan artıq tutmalıydız hörməti.

Bu ölüm öldürübdür Molla Məmmədi,

Onsuz nə cürnə mən xəyalə gəlləm?

 

Ürək alışdı, göz yaşardı tüstünə.

Baxmaq olmur şəklinə nə büstünə.

Rəhmətlik der "gəl məzarım üstünə",

Gözlərimdən axar şəlalə, gəlləm.

 

O şairdir, Vətənmizin gülüydü.

Öldürməsəydik bu saat diriydi.

Abşeronun meyxana bülbüliydi,

Onun yanına əlimdə lalə gəlləm.

 

Həyatı tərk eyləyəndə anlarıq.

Öldürərik, sonra da peşmanlarıq.

Neylim Elçin, bivəfa insanlarıq,

Birgün olar, mən də zəvalə gəlləm.."

 

Burda təkcə bir şairin gileyini görmürük. Burda bir xalqın gözündən düşən ümid damcısını, meyxananın tabutuna qoyulmuş son misranı, qafiyənin qanla yazılmış dualarını eşidirik. Molla üçün Elçin təkcə bir şagird deyildi. O, onun davamı idi. Elçin öldü  və Molla elə bil öz cümləsinin son nöqtəsini itirdi.

O gündən sonra meyxanaçılar çox danışdı, amma bu iki nəfərin arasındakı sükut qədər ağır heç nə deyilmədi...

 

AĞAKƏRİM

  Ağakərim... onu dinləyəndə ilk hiss etdiyin şey nə ağırlıqdır, nə də kədər. Sadə, şən, yoldaşyana bir tərzdir. Amma bu adamın səsində elə dərin, elə utancaq bir ağrı yatır ki, onu hiss etdikdən sonra anlayırsan. Ağakərim meyxananın içki qədəhinə dolmuş duzlu göz yaşıdır. Zarafatcıl idi. Bəzən bəsit görünürdü. Amma diqqətlə qulaq assan, hər misrasında yaşanmamış bir həyatın harayı var. Onun dediyi sözlərdə rədd olunmuş sevgi, aciz dost, ürəyinə düşməyən dua, bacarmadığı tövbə yatırdı. O, insanları güldürməklə öz içindəki ağrını tək başına daşıyırdı. O meyxana deyəndə insanlar əl çalırdı, amma heç kim soruşmurdu ki, "Bu adam axı nə vaxt güldü?.." Ağakərim, bəlkə də, sözün intiharsız intiharıdır. O, ölməyəcək. Amma sözləri yaşadığı həyatın tənəzzülüdür. Onun səsi çıxanda meyxana meydanı səslənmirdi, Sanki Allahın bağışlamadığı bir adam son dəfə danışırdı.

 

MƏŞƏDİBABA

Məşədibaba... onun adını çəkəndə, söz ağıla gəlmir. Bıçaq gəlir, qışqırıq gəlir, meydan gəlir. O, meyxananın tanrısız peyğəmbəri idi. Söz deyirdi, amma sanki Allahla küsülü idi. Sözlə dua etmirdi, sözlə döyürdü. Məşədibaba hər misrasıyla adamların içində gizlənmiş qorxuları ifşa edirdi. Onun meyxanasında nə mərhəmət vardı, nə təmkin. Orda yalnız mənəm-mənəmlik, cəsarət və ya məhv vardı.

O, dilini bıçağa çevirmiş adam idi. Bəziləri deyirdi: "Bu da sənətdi?" Bəli, sənətdir. Çünki onun danışdıqları tək adamın yox, küskün və qəzəbli bir xalqın içinə yığılan nifrətin qafiyəli forması idi.

"Ey İlahi, cavan ömrüm, hədər oldu.

Mən nələr arzulamışdım, nələr oldu."

 Məşədibaba özünə hörmət etməyən bir cəmiyyətin qəzəbli aynası oldu. Amma aynanı sındıran da o oldu. Elçin Maştağalının qanı, onun bıçaqlanmış içindəki insaniyyəti idi. Həmin hadisədən sonra heç nə əvvəlki kimi olmadı. Meyxana bu qədər real, bu qədər travmatik bir səhnəni çəkib gülmək üçün yox, çəkib susmaq üçün yaşadı. Məşədibaba, meyxananın ağrılı anasına təpik atan oğlu idi. Sevgi ilə yoğrulmamış, amma sevgiyə ac qalmış bir çağırışdı onun səsi. Onun dediyi hər misrada elə bil Allah susur, iblis gülümsəyirdi.

 

BAYRAM KÜRDƏXANILI

Və sonra Bayram gəlir. Kürdəxanılı.Səsi nisbətən sakit, misrası tərbiyəli, danışığı isə mərhəmət və sərhəd içində. O, bu sənətin içində ən az ləkəyə bulaşan adamlardan idi. Bayram bəzən bəsit deyildi, amma sadə idi. O meyxana deyəndə sən hiss edirdin ki, bu adam özünü ucalda-uclada meydanın içində diz çökür. Ədəblə döyüşmək onun sənətkar prinsipiydi. Sözlərində tez-tez “ustad”, “böyük”, “qardaş” kimi ifadələr olurdu. Çünki Bayram meyxananı təkcə sənət deyil, bir ədəbi-mənəvi məclis sayırdı. O, öyünməzdi. Amma meyxananın təmkinli babası kimi görünürdü. Xırıltı olsa belə, küçə tonu yox idi səsində. Əvəzində qəbrin yanında danışırmış kimi danışardı. Bayram danışanda sən meyxananı yox, uşaqlığından qalan bir yuxunu xatırlayardın. Onun misrasında nə alkoqol vardı, nə də tüğyan. Orda yalnız insanlıqdan qalan bir səsin təpəri vardı. Bayramla meyxana arasında ədəbli bir sevgi vardı. O, bu sevginin qədrini bildi. Və bu səbəbdən onun adı çoxluqlar arasında itmədi. Onun sakitliyi, meyxananın son dərəcə mədəni bir fərdi olduğunu sübut etdi.

 Ağakərim  gülərək ağladan

Məşədibaba – qışqıraraq öldürən

Bayram – susaraq qoruyan

Bu üçlük meyxananın həyasız gülüş, qəzəbli zərbə və təmkinli izah üçbucağıdır. Onlar bu sənəti ya dərdlə sevdilər, ya dərddən danışdılar, ya da dərdin içində susdular.

 

PÜNHAN AZİM

Və bir də bu saydığım, eləcə də saymadığım şairlərdən sonra, onlarla böyümüş bu sənətə yeni bir yön vermiş şairlər var. Onlardan biri də Pünhan Azimdir. Pünhan... adını eşidəndə insanın ürəyinə bir sakit kədər dolur. O danışanda sözlər qulaqdan yox, ürəkdən keçir. Onun səsi nə yüksəkdir, nə sərt. Amma dediyi göz yaşına toxunurdu. Çünki Pünhan danışmır, ağlayır. Sözlə yox, nəfəsilə. Pünhan Azim meyxananın ən şeiriyyətli və ən romantik sədasıdır. O, qafiyəni silah etmir. O, onu duaya çevirir.

 

"Gülzari məhəbbətdə açıb, dəstə dəstə gül.

Amma ləçəkləri qapayıb, pərdə pərdə tül.

Əvvəl Füzuli şeirinə diqqət yetir könül,

Cam içrə mey ki, dairə salmış hübab ona,

Bir ayinədir, əksi salıb afitab ona.

"Təklifi cənnət eyləmə, kuyində könlümə

Çün, cənnət əhlidir nə verirsən əzab ona?

Məsduddur Füzuliyə meyxanələr yolu,

YaRəb hidayət eylə təriqi səvab ona."

Yarın camalı aşiqə xəlvətdə görsənər,

Xəlvətdə seyr edənlərə Cənnət də görsənər.."

 

 Onun misralarında sevgi var. Amma öyrənilmiş yox, itirildikdən sonra anlaşılan sevgi. Onun şeirlərində tənhalıq var, amma yalnızlıqdan yox, hamının içində görünməməkdən yaranan tənhalıq. Pünhan, bəlkə də, meyxana deyil, bir yuxunun içində sönən gəncliyin şairidir. O danışanda gənclik yox, yarımçıq qalan arzular səslənir. Onun qafiyəsində qorunmamış analar, bağışlanmayan oğullar, gizli ağlayan kişilər vardı. Onun misraları Allahın qatına getmirdi. Çünki o, Allahın öz içimizdə bizi necə unutduğunu göstərirdi.

Pünhan Əzim  sənətin içində dua qoparan, meydanın içində ruhu ilə danışan, gülənlərin içində ağlamağı seçən biridir.

 

RƏŞAD DAĞLI

Əgər Pünhan yağışdırsa, Rəşad bıçaqla oyulmuş ildırımdır. O danışanda insanlar təkcə dinləmir, təslim olur. Çünki Rəşad meyxananın strateji, sözün hərbi komandanıdır. Rəşad Dağlı, iti zəkası, məntiqi ardıcıllığı və çoxhədəfli söz sistemi ilə bu sənətin ən intellektual döyüşçüsünə çevrildi. O meydanda təkcə misrayla yox, fikir sistemi ilə döyüşdü. Onun meyxanasında haqq axtarışı, dəqiqlik, özünü müdafiə edən zəka vardı. Bəzən kobud görünə bilərdi, amma içində çox dərin bir ədalət hissi vardı. O, heç vaxt təsadüfi danışmazdı. Hər cümləsi sanki planlanmış əməliyyat idi. Rəşad meyxananı "kimin qafiyəsi güclüdür" yarışından çıxarıb, "kimin düşüncəsi doğrudur" müzakirəsinə gətirdi. Onun gücü təkcə sözündə yox, özünə inamında, hisslərini boğub ağılla danışmağındadır.

"Min şükür ki, insan olmasam da mən,

İnsan olmağa çalışanlardanam"

 Rəşadın misrası qışqırmır, bəyan edir.Onun səsi təhqir etmir, məcbur edir.Səni düşünməyə, içini qazmağa, sözün arxasında gizlənən həqiqətlə üzləşməyə vadar edir.

Məncə Pünhan, hüzurdur, Rəşad, qələbə. Pünhan yalnızlıqla yaşamağı seçdi, Rəşad həbsdə təkbaşına dayanmağı. Biri ağlayaraq sağ qalmağa çalışdı, biri döyüşərək varlığını sübut etdi. İkisinin də içində sakit bir yanğın var. Amma biri bu yanğını şeirə, digəri sistemdəki qüsura yönəldir. Pünhan insanın ruhunu silkələyir, Rəşad isə arqumentləri darmadağın edir.  Onlar birlikdə meyxananın əxlaqi və zehni dayaqlarıdır.

 Biri duadır, biri dəlildir. Biri susqun sızıltıdır, biri açıq haqlı çığırtı.

 

AYDIN XIRDALANLI

Gəl indi, sənə iki sevimlimdən biri olandan danışım dostum. Aydın Xırdalanlı meyxananın içində gəzən yerə düşmüş bir mələk.. Qanadları yoxdur deyə yox, uçmaq istəmədiyi üçün yerdə qalan bir ilahi. O danışanda insanlar gözünü yumurdu, çünki həqiqətin gözünə baxmaq çətindir. Onun misraları tanrısal bir ağırlıq daşıyırdı, amma o Tanrı ilə barışıq deyildi. O, Allahı çox sevirdi, amma Onu çoxdan bağışlamamışdı. O danışırdı, çünki susmaq özü-özlüyündə bir xəyanət idi. O özünü danlayırdı, çünki başqalarının günahı ona ağır gəlirdi. O səhnəyə çıxmırdı, səhnənin içində batırdı. Hər sözü, sanki bir iblis tərəfindən yarımçıq buraxılmış peyğəmbərlik idi.

 

"Laçın, Ağdam, Şuşa işğal olunubdur beləcə,

Mavi ekranda, xəbərlərdə də baxdım o gecə.

Sabah olacaq Şuşada istilik, onbeş dərəcə

Arsız-arsız havası haqda da elan veririk"

 

Onun misralarında nəfəsin sonu, yaşamaqdan bezən bir ruhun çırpınması vardı. Heç kim Aydını öyrədə bilməzdi, çünki o artıq öyrəndiklərini silib özündən yenidən başlamışdı. O, elə bir qaranlıqdan gəlirdi ki, heç bir nur onu aldatmırdı. Bəzən onun sözləri dua kimi səslənirdi, amma Tanrıya yox, Onu tərk edən bir inanca ünvanlanmışdı. Onun dedikləri nə dinlə, nə də küfrlə izah oluna bilərdi. Çünki onun içində inanc da yanmışdı, inkar da.

Aydın danışanda, səhnədə yalnız bir insan yox, sanki bütün bir məhəllənin, bir xalqın, bir millətin günahkar övladı dururdu.

O, sadəcə öz dərdini yox, hamının susub danışmadığı günahları səsləndirirdi.

O özünü təmizə çıxarmırdı.

O, günahlarını bəzəyib satmırdı.

O, çirkli əlləri ilə vicdanı sığallayan bir adam idi.

Və bu qədər dürüst olmaq, cəmiyyətin saxta güzgüsündə çox bahalı görünürdü. Aydın danışanda onun sözlərindəki hərflər sanki gülə-gülə ölürdülər. O qədər yumşaq, o qədər rahat deyirdi ki, adam əvvəlcə gülmək istəyirdi amma gülə-gülə içində nəyinsə çatladığını hiss edirdi.

Onun qafiyəsi, məscid həyətində yandırılmış siqaret kimi uyğunsuz, keşiş qulağına pıçıldanan günah etirafı kimi gizli, uşaq ağrısını gizlədən kişi susqunluğu kimi acı idi. O misra demirdi. O, tək bir nəfər kimi, min nəfərlik bir xalqın iç sızıltısını dodaqlarına gətirirdi. Sözləri dırnaq kimi deyildi, yarıq kimi idi. Səni tuta bilmirdi, amma içindən keçirdi. Onun sözləri bəzən Quran ayəsi kimi təsir edirdi amma tərsindən oxunmuş bir surə kimi, təhrif olunmuş, amma daha doğrunu göstərən bir dərd kitabı kimi. Bəlkə də, Aydın Allaha küsülüydü. Bəlkə də o, dua edənlərin yaltaqlığını, tövbə edənlərin ikiüzlülüyünü,sevənlərin riyakarlığını görüb susmaq istəmişdi. Amma susduqca yandı. Yandıqca danışdı. Və danışdıqca hamımızı öz içimizlə üz-üzə qoydu. Çünki Aydın, həqiqətən də, yerə düşmüş bir fövqəltəbii varlıq idi. Əlləri çirkliydi, çünki insan idi. Amma ürəyi çoxdan göylərdə qalmışdı. O meyxananı seçmədi. Meyxana onun üçün qapısı açıq qalan sonuncu ibadətgah idi. O səhnəni seçmədi. Səhnə onun günahlarını bağışlayan tək yerdəyişmə platforması oldu.

 O danışdı… Qafiyə bir and içdi. Meyxana baş əydi. Küçə susdu.Allah baxdı. Amma Aydın artıq getmişdi… Getdikdən sonra Xpert (Şəhriyar Atababayev) mahnı daha doğrusu Aydına ithafən mummle rep yayımladı:

 

"Olsun qurban "palatka"lar

Sənə, nə olsun ünvan palatalar.

Sənət olsun, şeytan narahat qalar

Ayağının altına pullar...

Əsəbi və səmimi, Baba Pünhan bəzən Nəsimi..

Bilənlər bilir, tək qaldırırsan təbimi.."

 

Eləcə də bəzi şairlərin qəzəllərində Aydının nə qədər sevimli bir şəxsiyyət, şair ən əsası insan olduğunu görə bilərsən dostum..

 

VÜQAR BİLƏCƏRİ

Yox təbii ki, Vüqar Biləcəri də sadəcə bir ad deyil mənim üçün. O, bir qəsəbənin danışan vicdanıdır. O, meyxananı mey məclisi arxasından deyil, gündə beş dəfə çay süzülən, üç dəfə qonşu ilə dalaşılan həyətlərdən gətirdi.

Onun səsi  yerə düşən qəpik səsi kimi tanış, qafiyəsi  qonşudan eşitdiyin niskil kimi səmimi, danışığı  bir az kişilərin süfrə başı söhbəti, bir az da anaların oğlu üçün çəkdiyi ah kimi idi.  Vüqar da meyxananı küçədən aldı, amma küçəyə satmadı. Onun üçün söz  uşaqlıqda göydə buraxdığı rezin şar idi. Gedərsə, qayıtmayacaq.. Amma getməsə, bu qaranlıqda partlayacaq. O danışanda meyxana əyləncə yox, güzəran olurdu. Bir az çörək, bir az dərd, bir az da bir kişinin içində gizlədiyi göz yaşı. Onun misraları oxuyub fəhlə işləyən oğlanlara, sevdiyini itirib hələ də evlənməyən qızlara, hər ay 150 manat pensiya ilə dolanan nənələrə ünvanlanırdı.O şou yaratmadı. Çünki onun həyatı özü bir səssiz dram idi. Vüqarın gülüşü təmiz idi. Amma o gülüşdə bir məhəllənin on illik peşmanlığı, bir atasız uşağın 15 sentyabr günü məktəbə tək getməsi, bir qadının ərinə deməyib susduğu gizli xəstəlik idi. O elə danışırdı ki, adam gülürdü, amma bir an sonra “axı bu gülməli deyildi” deyə peşman olurdu. Çünki o gülüşün içində tənhalıq var idi. Bəli, Vüqar Aydından sonra gəlmişdi. Amma onu Aydının surəti saymaq, meyxananın nə olduğunu anlamamaq deməkdir. Çünki Vüqar öz dilini yaratdı.Aydın göylə danışdı, Vüqar torpaqla. Aydın Allaha küsdü, Vüqar insana inamını itirdi. Aydın qafiyəni özünü yandırmaq üçün, Vüqar isə özünü anlatmaq üçün işlətdi.

Vüqar Biləcəri  sadəcə meyxanaçı deyildi. O, sözlə ibadət edən, hər misrasını sanki ağrıyla dəstəmaz alaraq deyən, meydanı məscidə çevirən, qafiyəni duala yükləyən bir əhli-beyt aşiqi idi. O, şiə idi. Amma bu, təkcə məzhəb deyil idi onun üçün. Bu, ruhunun məkanı idi. Və elə buna görə onun meyxanasında tənə ilə dua, kədər ilə inam, əzab ilə məğlub olmayan eşq bir yerdə yaşayırdı. O danışanda sanki qəməri gecənin ortasında Hüseynin adını zikr edən bir nəfəs olurdu.

Vüqar üçün meyxana meydanı, yalnız şou yox, bir cür iç çarpışması, bir ruhani döyüş, bəzən də bir Kərbəla səhnəsi idi. Onun danışığında həzrət Əlinin ədaləti, İmam Hüseynin qeyrəti, Zeynəbin səbrini duymaq olurdu. Meyxana onun üçün nə qazanmaq idi, nə uduzmaq. O danışanda mənfəət yox olurdu, mərifət danışırdı. O, sözlə qane olmayan bir dərdli idi. Və bu dərd adi sevgi deyil, ilahi bir eşq, əhli beytə sonsuz bir təslimiyyət idi..

 

”Sən münəzzəhsən, sən bütün cürmi xətadan xalisən

Sən böyüklərdən böyüksən, alilərdən alisən.

Aləmin hər türlü sirrindən tamamən halisən,

Həm əzəlsən, həm.qədimsən, valilərdən valisən.

Zatın öz zatındadır, ey nuridən mövcud olan,

Ey ibadət əhlinə ən mötəbər məbud olan.."

 

Onun misralarında qafiyə deyil, qismət ağlayırdı. Və hər dinləyici hiss edirdi ki, bu adam danışmır, bir növ şəhadət gətirir.

Vüqar Biləcəri füzulişünas idi. Füzuli, yəni sözün hal dili, yəni göz yaşı ilə danışan elm, yəni sevgini həm dərd, həm də ibadət bilən bir zəkadır. Vüqar, Füzulini oxumadı sadəcə. Onu içdi. Hər misrasında Füzulinin ahı, ağrısı, iztirabı vardı. Ona görə də Vüqar danışanda, meyxana divan ədəbiyyatının xalqla barışdırılmış forması kimi səslənirdi. Ədəbi cəhətdən təhlil etsək, Vüqarın meyxanası "hüsnü mütəalif" deyil, "hüznü mötəbər" idi.  "YouTube"da "Söz xəzinəsi" kanalında yayımlanan qəzəlləri və qəzəl təhlilləri, "Qərib Xəyəl" kitabı, sadəcə bir poeziya toplusu deyil, Vüqarın əsl mənəvi dünyasının qapısını aralayan bir niyyət nişanəsidir.

 Mən özün Biləcəriliyəm. Mən daha yaxşı bilirəm.  Biləcəri, Bakı kəndlərinin içində öz ruhunu itirməmiş səslərdən biridir. Burda söz gözdən çox qulaqla ölçülür. Burda danışıq  cəngavərlik, susmaq xəyanət, meyxana isə bir oğulun öz kəndinə yazdığı məktub kimidir. Vüqar bu məktubu çəkiclə yazdı, çünki bu torpaq tük ilə yazılanı oxumur. O danışanda Biləcəri susurdu. Və Biləcəri susanda Vüqar danışırdı.

  Vüqar Biləcəri  meyxananın bir ayla günəş arasında gizlənən səmimi halı idi. O, nə tam işıq saçdı, nə də tam yox oldu. O yanmaqla işıq yaratdı, ağlamaqla təskinlik verdi və ən əsası, sözlə sevdi, sözlə ibadət etdi..

 Bizlər, yəni bu saytın yazanları, sözə hörmət edən və haradasa bir iz qoymağa çalışanlardanıq.. Amma deyərdim ki, xüsusilə mən sözə ibadət edənlərdənəm. Necə ki, Vüqar demişdi..

 

"Cahanda bərqərar olmuş, sözün hökmüylə hər birşey,

Tapılmaz dəhri bazarında sözdən mötəbər birşey.

 

Xəlayiq mən fəqirin halı zarından xəbərsizdir,

Nə görməz bir nəfər birşey, nə bilməz bir nəfər birşey.

 

Əgər səndən nigarım, istəsəm bir nəsnə, məzurəm

Əzəldən var bu adət, istəyər şahdan nökər birşey.

 

Könül, tök gözlərin yaşın, bəlkə yar lütf etdi,

Kiçik bir qətrədən bəzən, doğar dərya qədər birşey.

 

O qarə zülf fikriylə, günəş ruxsar xəyalilə

Gecə birşey keçər, aşuftə könlümdən, səhər birşey.

 

Səadət gülüstanında, açılmış növbənöv güllər,

Nə qədri əldə fürsət var, Vüqar cəhd eylə, dər birşey.."

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.