Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Səssizlik və sən.
Gecə saat on ikini göstərir.
Hər tərəf qaranlıqdı.
Yay yağışından sonra soyuyan otaqda tənha bir mən var, bir də yanan şam. Otağı isidəcək qədər gur yanmasa da, üzümün bir tərəfini isidib yoluma işıq salır. Qələmimdən çıxan hər kəlimə onun nuruyla aydınlanır.
Şam işığında sirli bir aləm var. Səni düşündürür, yazdırır, oxudur. Bu sadəcə bir işıq deyil, hər yanışıyla bir ömrü danışan hekayədir. İçində çox şey var. Sən varsan. Həyat var. O, sənə həm yol göstərir, həm də isti qucaq açır. Sanki bir doğman kimi yaxındır sənə. Onun həsrətinə dözə bilməyənlər yanıb kül olur, yanında olanlar isə dost.
O, bir yoldaşdır. Ən qaranlıq yollarda sənə yol göstərən, səninlə son nəfəsinə kimi yanan ən sadiq dostdur. Susur, amma danışdırır. Dinləyir, ancaq yorulmur. O yanır, mən isə yazıram. Səssiz baxışlarımız birləşir. Görəsən, nə istəyir? Gah yuxarı uzanır, gah da aşağı enir. Nəfəsim toxunanda isə sanki rəqs eyləyir.
Bu gün ilk görüşümüzdür, bir dost, yoldaş kimi. Bu dəfə fərqli gəlmişəm. Sənə başqa baxıram. İndi mənim üçün təkcə otağı aydınlatan bir şam deyilsən.
Öyrənmək istəyirəm: dərindənmi tanıyırsan, yoxsa dərman olmaq üçünmü yanırsan?
Səni hər gecə yenidən tapmaq ümidi ilə…
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)