Super User

Super User

Murad Vəlixanov, "Ədəbiyyatvə incəsənət"

 

Bu yaxınlarda televiziya ilə yenicə istehsal olunmuş "Cavid ömrü" filminə baxdım. Hüseyn Cavid haqqında müəyyən fikirlərə sahib idim. Lakin filmi izlədikdən sonra Azərbaycanlı yazıçıların və şairlərin öz fikirlərini hür şəkildə ifadə etmələrinə necə və hansı yollarla mane olduqlarının birdaha şahidi oldum. Onuda qeyd edim ki filmi 2007-ci ildə Ramiz Həsənoğlu ekranlaşdırıb. 

 

Böyük mütəfəkkir Hüseyn Cavid haqqında bilgilərim zənginləşdi, xalqımızın bu istedadlı ziyalısının ömür yoluna yenidən nəzər saldım. Açığını deyim ki, Cavidin həyat yolu və yaradıcılığı haqqında oxuduğum əsərlər arasında Rəfael Hüseynovun "Vaxtdan uca" əsəri məni daha çox tutmuşdu və nədənsə hələ o kitabı oxuyarkən onun ssenari kimi işlənməsi ürəyimdən keçmişdi. Amma Cavid haqqında kinossenarini görkəmli yazıçımız Anar yazdı. Anar kinematoqraf sahəsində öz qələmini dəfələrlə sınayıb, neçə-neçə ssenari yazıb, filmlər çəkib. Ulu öndərin sərəncamı ilə çəkilən bu filmin də ssenarisinin müəllifi odur və film uzun intizardan sonra rejissor Ramiz Həsənoğlunun quruluşunda ekran həyatı tapdı.

Söz yox ki, böyük istedad sahibi Hüseyn Cavidin həyat yolu, yaradıcılığı kinematoqraf üçün kifayət qədər dramaturji material verir və müəlliflər əsas diqqəti "sənətkar və zaman" motivləri üzərində qurmuşlar. Aydındır ki, müəlliflər kinodram janrının əsas xüsusiyyətləri və qanunları çərçivəsində Hüseyn Cavidin şəxsi həyatını ictimai mühitin fonunda qurmuş, insan taleyinin faciəsini də buraya məharətlə əlavə edə bilmişlər.

"Hər kəs zəmanəsinin övladıdır" deyimi əslində ona görə doğrudur ki, insan doğulub yaşadığı mühitin, ətraf aləmin bir nümayəndəsi kimi heç vaxt özünü bu mühitdən kənarda hiss edə bilməz. Əks halda zəmanənin qorxunc cəzalarına məruz qalır və özünü məhvə yuvarlayır. Cavid zəmanəsinin fövqündə dayanan bir sənətkar, şair, dramaturq idi. Müəlliflər də məhz bu ucalığı, bu yüksək mənəvi yaşantıları ekrana gətirməklə mənəvi dəyərlər barədə bizi düşünməyə sövq edirlər.

"Cavid ömrü" klassik ənənələrə söykənən filmdir. Orada yalnız bir şairin taleyi deyil, bir xalqın mənəvi dünyasını yaşatmaq səyi var. Və mənə belə gəlir ki, film bizim haqqımızdadır. Bizim xalqın mənəviyyatına zaman-zaman olunan təcavüz haqqındadır.

Cavidin yaşadığı dövrün ağrıları haqqında çox kitablar yazılıb, fılmlər çəkilib. Heç kəsə sirr deyil ki, Stalin rejiminin yaratdığı qanlı ideologiya neçə-neçə istedadları aparıb. Bu gün izsiz-soraqsız itən həmin insanların taleyi əslində dərs olmalıdır. Xalq öz mənəviyyatını qorumağı bacarmalı, onu gələcək nəsillərə çatdırmalıdır.

Qəribədir, bir dövlət başçısının əmri ilə əsərlərinə qadağa qoyulub Sibirə sürgün olunan Cavid, digər dövlət xadiminin səyi ilə ölümündən sonra cəsədi Vətənə qaytarılıb. Ona heykəl qoyalub, ev muzeyi yaradılıb, adına küçələr, parklar, xiyabanlar salınıb. Xalqın oğlunu Vətənə qaytaran dövlət başçısını xalq necə sevməyə bılər? Mən müəlliflərin filmə qoşduğu həmin tarixi sənədli epizodları yerində və əhəmiyyətli hesab edirəm. Və elə filmin də finalında ümummilli liderin Naxcıvanda Cavidin məqbərəsinin açılışındakı iştirakını əks etdirən kadrlar yüksək təsirli epizodlardır.

"Cavid ömrü" fılmi həm də bir ailənin faciəsi haqqında filmdir. Bu film Cavidlə yanaşı Müşkünaz xanımın, Ərtoğrulun, Turanın faciəsi idi. Bu həm də ümumiləşdirilmiş bir ailənin faciəsidir. O dövrün repressiya qurbanlarının hər birinin ailəsi bu ağrıları yaşamamışmı?

Mən baş rolun ifaçısı Rasim Balayey haqqında, onun sənətkarlığı barədə danışmaq istəmirəm. Amma bu filmdəki işi barədə bəzi fikirlərimi oxucularla bölüşmək istərdim. Əvvəla onu deyim ki, Rasim Balayev elə bil Cavidi tam qrimsiz ifa edir. Gözündəki eynək istisna olmaqla, heç bir əlavə qrim elementi görünmür. Bunu başqa aktyorlar üçün də demək olar. Cavid uzaq dövrün adamı deyil. Onun şəxsi fotoları da qalmaqdadır. Bəs elə isə nəyə görə filmin qrim ustası bu vəziyyəti nəzərdən qaçırmışdır? Buna baxmayaraq, Rasim obrazı hiss edib duyaraq oynayır və elə bilirərn, onun rolları arasında Cavid Əfəndinin özünəməxsus yeri var. Yəqin ki, kinotənqidçilər də buna öz münasibətlərini bildirəcəklər. Rasim Cavidi qəlbən yaradıb. Hiss olunur ki, o çox ciddi sarsıntılar içərisindədir. Xüsusilə həbsxanada Müşkünaz xanım və uşaqları ilə görüşündə bu daha aydın hiss olunur. Onun ifasında Cavidin əsil sənətkar, ailəsini, uşaqlarını ürəkdən sevən bir insan olduğıı açıq-açıqdan görünür.

Rasim Balayevin Cavidi dövrünün ağrılarını duyan, xalqının dərdini yaşayan bir sənətkardır. O, ailəsinə ürəkdən bağlıdır. Ümumiyyətlə, Cavid Rasim Balayevin yaratdığı ikinci şair ömrüdür. Lakin Cavidi Nəsimi ilə müqayisə etmək olmaz.

Filmdə Mircəfər Bağırovun rolunu ifa edən Ramiz Novruzovun da ifasını qənaətbəxş hesab etmək olar. Lakin burada da qrimlə bağlı çatışmazlıqlar aydın hiss olunur. Bu xalqın yaddaşında Mircəfər Bağırovun çox aydın obrazı yaşayır. Onu məhz elə xalqın yaddaşında olduğu kimi vermək daha məqsədəuyğun olardı.

Filmdə Müşkünaz xanım rolunda çəkilmiş Dilarə Əliyeva kinoda ilk addımlarını atır. Buna baxmayaraq hiss olunur ki, aktrisa obrazı duyub.

Digər aktyorların işi barədə də müsbət fikirlər söyləmək olar. Amma bizə belə gəlir ki, rejissor bəzən aktyor seçimində daha ciddi götür-qoy etməli idi. Aktyor Məmmədsəfanın rolu isə filmin uğurlu tapıntılarındandır. Onun "iblis" siması tamaşaçıda sözün əsl mənasında hiddət, nifrət yaradır.

Ümumiyyətlə, filmdə təsirli kadrlar çoxdur. Xüsusilə, Cavidin həbsxana həyatı ilə bağlı epizodlara həyəcansız baxmaq olmur. Əlbəttə ki, film qüsurlardan da xali deyil. Həm rejissor işində, həm aktyor oyunlarında, həm də yuxarıda qeyd etdiyimi kimi, qrim işində irad tutulası elementlər var.

Azərbaycan xalqı başı min bir müsibətlər çəkmiş Cavid haqqında onun özünə layiq film gözləyir. Bu film Cavidin ömür yoluna sadəcə bir nəzər olaraq ilkdir. Onu kino sənətimizin böyük nailiyyəti kimi qiymətləndirmək olmaz. Sadəcə, film çəkilməli idi və çəkildi. Bunlar, əlbəttə ki, bizim subyektiv fikirlərimizdir.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

NİGAR RƏFİBƏYLİ             

MƏHƏBBƏTİM BÖLÜNMƏDİ...

 

Birinci nəvəm oğlandı,

Bir dünya sevinc gətirdi

anadan olanda.

Ürəyimdə əvvəllər duymadığım

bir məhəbbət oyandı.

Ağlayanda,

ürəyimin başı sanki sökülürdü.

Gülüşündən hər tərəfə

qucaq-qucaq

işıq, sevinc tökülürdü.

Düşünürdüm:

Bir nəvəm də olsa,

Onu sevmək üçün

Qəlbimdəki məhəbbəti

Necə yarı böləcəyəm?

Ağlayanda kədərlənib

Qımışanda sevinəcək,

Güləcəyəm...

Sonra bir qız nəvəm oldu,

Gözləri göy, üzü göyçək,

Yanaqları dağ laləsi,

Dodaqları incə çiçək...

Qələm qaşı çatılanda,

Ala gözü süzüləndə,

Hərdən incik baxıb mənə

Dodaqları büzüləndə

Qəmlənirdim dərin-dərin.

Günlərimə çiçək-çiçək

Səpilirdi gülüşləri...

Elə bil ki, ürəyimdə

Nəğmə səsi eşidirdim

O yatanda mışıl-mışıl

yatağında.

Bir cüt nəvəm böyüyürdü.

Məhəbbətim bölünmədi,

az olmadı.

Oğlan nəvəm, qız nəvəmə

məhəbbətim yetər oldu,

artdı, artdı, azalmadı.

Üçüncü qız nəvəm oldu,

Qızıl saçlı, qonur gözlü,

Şirin dilli, şirin sözlü...

Ağlayanda yanğın saldı

Ürəyimin başına o.

Hərdən məni qərq elədi

Gözlərinin yaşına o.

Duzlu, şirin, göyçək bala

Hərdən şıltaq-şıltaq oynar,

Hərdən dalar xoş xəyala...

Məhəbbətim bölünmədi,

azalmadı.

Hər üçünə yetər oldu,

az olmadı.

Bir qız nəvəm yenə oldu,

Qaşı qara, gözü qara,

Elə bil ki, nur ələndi,

nur çiləndi buludlara...

Gülüşündən könül güldü,

Ağlayanda qəm töküldü.

Gah məzəli, gah dincdi o,

Həm fərəh, həm sevincdi o.

Şevdim onu

əvvəlki üç nəvəm kimi.

Məhəbbətim azalmadı,

Dördünə də yetər oldu,

az olmadı,

Bu körpəyə məhəbbətim

Onlardan da betər oldu.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

Bazar ertəsi, 07 İyul 2025 16:00

“Mən”in axtarışında - ESSE

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Bəzən dönüb geriyə baxdıqda zamanın çox sürətlə keçdiyini və bizim nə narahatçılıqlarımızın, nə də sevinclərimizin fayda verdiyini görürük. Düşündüyümüz sadəcə acılı-şirinli xatirələrdir. Bu xatirələrin arasında bizi ən çox xoşbəxt edən məsum olduğumuz anlardır. Bəli, məsum olduğumuz anlar.

 

Hər şeyin nisbi olduğu bu xəyali dünyada ömür sadəcə səhvlə-düzün arasında keçir. Bir-birimizlə savaşa-savaşa, didişə-didişə bizə verilən zaman payının sonuncu kuponunu bu savaşda uduzuruq. Bir az da dərin düşünəndə özümüzün qurban olduğunu görürük.

Necəmi? Əlbəttə izah edəcəm.

Mən Əhmədov Fariz evin tək oğluyam. Özümü tanıdığım qədər yaxşı mütaliəm var amma və lakin evin tək oğlu olduğum üçün ata-anamı buraxıb xaricə və yaxud dünya turuna çıxıb daha yaxşı bir ədəbiyyat ortaya qoya bilmirəm. Çünki mən qurban seçilmişəm.

Bütün ailələrdə mütləq ki, qurbanlar var. Kimisi bu missiyaya layiq görülüb, kimisi isə özü seçib bu “şərəfli” missiyanı. Hər birimiz yüz faiz xoşbəxt görünməyə çalışırıq, fəqət, bu göründüyü kimi deyil. Başımızı qoyduğumuz yastığın islanmış tərəfini sadəcə biz görürük. Sanki göz yaşlarımız da kimisə incitməmək, kiməsə görünməmək üçün heçkəsin görmədiyi tərəfə axır.

Bəzən dediyimiz, bəzən də demədiyimiz sözlər bizi qocaldır. 30 ildə qazandığımız etibarı elə bir andaca bir sözlə Everest zirvəsindən heç nə olmamış kimi atmağı bacarırıq. Bəzən də qarşımıza çıxmayanlara tələsərkən, bizi gözləyənlərə çox gecikirik. Düşünün bir insanı şüşə kimi sındıra bilsək, qarşımıza çıxan mənzərə heç də o şüşüədən fərqli olmayacaq. Şüşə necə əlimizdən saldığımız zaman parça-parça olursa, insan da məhz bu cür sınır. Və bir müddət sonra heçnə olmamış kimi çalışırıq ki, o qırıqları toplayaq yenidən həmin insanı yaradaq. Fəqət, düşünmürük ki, biz onun ruhunu öldürdük, yerinə düzəldib qoyduğumuzun isə bir maketdən fərqi yoxdur.

Elə də olur ki, bir insana dəyər verib ona qəlbimizi açırıq. Sonra onu bu halı ilə çox sevdiyimizi və ona nə qədər dəyərli olduğunu xatırladırıq. Bir müddət sonra hacətimiz qəbul olduqda isə onu qırıb, parçalayıb ondan böyük bir “mən” düzəldirik. “Mən” istəmirəm filan tədbirə gedəsən. Mən” istəmirəm belə olasan. Beləcə “mən” istəmirəmlərin ardı-arası heç bitmir. Adını da qoyuruq sədaqət. Bəs həqiqətdə bu adam qurban deyil? Hər şeyini bizə qurban verən bu adamı lazım gəldikdə çox asanlıqla əvəzedə, dəyişə bilirik.

Mənim düşüncəmə görə insan kamil varlıq deyil. Mütləq ki naqisliyi var. Gəlin düşünək əgər biz kamil olsaydıq yer üzündə nə müharibə, nə fitnə, nə də bizi yaradana ehtiyac qalmazdı. Zənnimcə hər birimizə bərabər paylanan ağıl payını fərqli istifadə etdiyimizə görə fərqliliklər ortaya çıxır və biz bunun adını naqislik qoyuruq. Məsələn mənim mütaliəm çoxdu amma içimdəki uşaq heç böyüməyib. Mən uşaqlığımdan yarım qalmışam. Başqası uşaqlığını  yaşayıb amma qabiliyyəti yoxdu. Yəni bütün enerjisini o uşaqlığı tam yaşamağa həsr edib. Bəs siz nədən yarım qalmısız həyatda? İnanıram ki hər kəs bu yazıda özünü tapacaq.

Mən özümə çox sual verirəm ki, kiməm mən deyə? Əvvəl daha çox Fariz idim, mütaliəm artıqca Dumanlı Təbrizdə Həsən bəy, Dahidə Yuşin, Amin Mooalfın Səmərqəndində Ömər Xəyyam, Ovoddakı Rivaris, Dirilişdəki Nexlyudov, Bilqamısdakı hər şeyi bilən adam, 6 nömrəli palatadakı Andrey Yefimiç, Sergi atadakı Kasatski oldum. İndi mən özümdə bilmirəm kiməm. Bəlkə batan ulduz, ölən şamam. Bəlkə də hamının getdiyi, heç kəsin qalmadığı yarım adam yarımçıq adamam indi.

Ən azından mən artıq bilirəm ki, kiməm mən.

Bəs siz kimsiniz?

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 Bu gün Türkiyənin məhsuldar yazıçılarından biri Rüfət Ilgazın anım günüdür. O, şeir və yumoristik hekayələr, romanlar və uşaq kitabları yazıb. Əsərlərini bəzən Remzi İşık, Mehmet Rıfıt və Stepne imzası ilə yazıb.

 

1911-ci ildə Kastamonu ilinin Cidə kəndində anadan olan Rüfət, yeddi uşağın ən kiçiyi olub, doğum tarixi dəqiq bilinmir. Əhali qeydiyyatının qeydlərinə görə, doğum tarixi 7 may 1911-ci ildir, amma anasına görə "qalın qar olanda" anadan olub. Bu, Ilgazın özünə görə, 1910-cu ilin fevralına uyğundur.

Məktəbi bitirdikdən sonra atasının ölümü səbəbilə Ilgaz, Kastamonu Pedaqoji Məktəbinə girmək məcburiyyətində qalıb. Məzun olduqdan sonra Qerede və Akçakoca bölgələrində ibtidai sinif müəllimi işləyib.

Bolu bölgəsində müəllim işləyərkən sonradan ilk həyat yoldaşı olan Nuryə xanımla tanış olub (1931). 1932-ci ildə onların Gönül adlı qızları olub. 1933-cü ildə orduya çağırıldıqdan sonra ilk həyat yoldaşından boşanıb. Ankara Qazi Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə daxil olub. Universitetdə yazıçı ikinci həyat yoldaşı Rikkat xanımla tanış olub. Bu evlilikdən yazarın oğlu Aydın və qızı Yıldız olub.

İnstitutu bitirdikdən sonra yazıçı Adapazarı ilinə işə göndərilib, lakin İlqaz vərəm xəstəliyinə tutulandan sonra işinə davam edə bilməyib, "Yakajik" sanatoriyasında müalicə üçün İstanbula gedib.

İstanbulda olduğu müddətdə İlqaz, Karağıyumruk mahalının orta məktəbində türk dilindən dərs deyib və eyni zamanda universitetin fəlsəfə şöbəsində təhsil alıb. Bu dövr, sonradan müəllifin əsərlərində əks olunan İkinci Dünya müharibəsinə təsadüf edib. Məsələn, "Qaranlıq Gecələr" (türkcə: "Karartma Geceleri") romanının arxa fonunda müharibə açıq şəkildə hiss olunur.

Rüfət İlqazın ədəbi həyatı 1926-cı ildə Kastamonu qəzetinin "Nazikter" də "Sevilənin qəbri üstündə" (tur. "Sevgilimin Mezarında") şeirinin yayımlanması ilə başlayıb. Şeir yazarkən şair on beş yaşında olub və sonra özünü "Mehmed Rüfət" təxəllüsü ilə imzalayıb. O, Kastamonudan keçən şair Faruk Nafizin diqqətini belə çəkməyi bacarıb. Ilgaz bir müddət şəxsi mövzularda şeir yazıb, şeirləri "Varlık", "Oluş" kimi jurnallarda dərc olunub. Lakin sonradan Ilgaz bu şeirlərinin heç birini kitablarına daxil etməyib. Onun fikrincə, bu şeirlərdəki misralar qapalı gözlərlə keçən illəri simvolizə edib. Bir müddət ona inanan Nazim Hikmətlə birlikdə çalışıb. Hikmətin Bursa şəhərinin həbsxanasından göndərdiyi şeirlər Ilgaz tərəfindən İbrahim Səbri təxəllüsü ilə çap edilib. Nazim Hikmət də Ilgazın gələcəyinə çox ümid edib.

 

"Şeir kitabları"

 

- Yarenlik

- Yaşadıkça

- Devam

- Üsküdarda Sabah Oldu

- Soluk Soluğa

- Karakılçık

- Uzak Değil

- Güvercinim Uyur mu

- Kulağımız Kirişte

- Ocak Katırı Alagöz

 

"Romanları"

 

1. Qara dəniz sahillərində

2. Meşrutiyet Kırathanesi

3. Şimal-qərb-qərb (Yıldız Karayel)

4. Sarı Şal (Sarı Yazma)

5. Hoca Nasrettin ve Çömezleri

6. Çoxmərtəbəli binanın uşaqları

7. Dəhşətli Sinif işin içində

 

"Xatirələr kitabları"

 

- Yokuş Yukarı

- Kırk Yıl Önce Kırk Yıl Sonra

- Dördüncü Bölük

 

"Mətbuat nəşrləri"

 

Nerde Kalmıştık

Səbət pərdəsi

 

Hekayələr toplusu

 

- Radarın Anahtarı

- Don Kişot İstanbul’da

- Kesmeli Bunları

- Nerde O Eski Usturalar

- Saksağanın Kuyruğu

- Şevket Ustanın Kedisi

 

Rüfət İlqaz çox məhsuldar bir yazıçı olub: şeir və yumoristik hekayələr, romanlar və uşaq kitabları yazıb. Bir vaxtlar qadağan edilmiş və satışdan çıxarılan "Qaranlıq Gecələr" romanı (türkcə: "Karartma Geceleri") 2004-cü ildə Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin tövsiyə etdiyi 100 əsas əsər siyahısına daxil edilib.

Bu günə qədər müəllifin əsərləri yazıçının oğlu Aydın İlqaz ilə birlikdə qurduğu "Çınar Yayınları" nəşriyyatı tərəfindən nəşr olunub.

Ünlü yazar 7 iyul 1993-cü il tarixində 82 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

Bazar ertəsi, 07 İyul 2025 15:06

İlkin Əbəlfəzin “Küçə uşaqları”

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Gənc yazıçı İlkin Əbəlfəzin tezliklə işıq üzü görəcək romanı “Küçə uşaqları” adlanır. Roman valideyin himayəsindən məhrum edilmiş 6 uşağın taleyi barədədir.

Əlbəttə ki, belə uşaqlar az deyillər, onların taleyi hər bir kəs üçün maraqlı olmalıdır, bu uşaqlar valideyin himayəsindən məhrum olsalar da, humanist insanların və dövlətin qayğısını görməlidirlər.

 

Roman olduqca maraqla oxunur, dili sadə və anlaşıqlıdır, epizodlar bir-birini təqib edərək sonsuz maraq içində oxucunu kulminasiyaya və finala yaxınlaşdırır.

Bestseller yazmaq qaydalarına görə, 3-cü minillikdə oxucunu cəlb etmək üçün yazıçıya cəmi 3-5 abzas şans verilir.

İlkin Əbəlfəz bu qaydaya bacarıqla əməl edibdir. Roman elə ilk cümlələrdəncə oxucunu özünə cəlb edir:

 

“Mən Boranam.

      Bilmirəm, adımın xarakterimlə uyğunluğu nə qədərdir, amma hərdən özümdə qış     soyuqluğu, sonsuz qəzəb hiss edirəm. Tufan kimi, boran kimi coşmağm, çağlamağım da var.

Deyilənə görə, aləmlərin Rəbbi Adəm övladını yaradanda hələ ana bətnində ikən ilk olaraq onun taleyini yazıb. Dünyaya gəldikdən sonra isə özü ilə birlikdə ruzisini verib. Taleyi ilə ruzisi üst-üstə düşən insan bəxtəvər insan sayılıb. Bəxtəvər insanlar elə xoşbəxt insanlardır. Ta bizim kimi yox. Bizim bu həyatda nə bəxtimiz, nə də ruzimiz oldu. Yəqin bizim üçün onları yazmaq Tanrının ya yadından çıxıb, ya da həmin vaxt qələminin mürəkkəbi qurtarıb. Ona görə də hər şeyimizlə yarımçıq doğulmuşduq...

Bizə “küçə uşaqları” deyirlər. Mənasında nəyin nəzərdə tutulduğunu bilməsəm də,  bu sözü tez-tez eşidirəm. Ancaq biz küçələrdə yox, evdə yaşayırıq axı. Hərdən də “qaraçılar” deyib bizdən qaçırlar. Halbuki, biz heç qaraçı da deyilik. “Qaraçı” gəlmədir, deyilmi? Bizsə hamımız burada - Bakıda anadan olmuşuq. Hər halda, insanların gözündə biz fərqli görünürük, bizim onları gördüyümüz kimi...

İkiotaqlı bu balaca evimizdə biz beş nəfər yaşayırıq. Hamısından böyük olduğumdan ailəni, demək olar ki, mən idarə edirəm...”

 

İndi isə sizlərə romnın preambulasını təqdim edirəm. Düşünürəm ki, bu faktlar və statistik məlumatlar hamınız üçün diqqətçəkən olacaq:

 

“Dünyada yetim (ən azı bir valideyni vəfat etmiş) və valideyn himayəsindən məhrum olmuş uşaqların sayı ilə bağlı fərqli təxminlər mövcuddur, çünki məlumatlar ölkələrə və mənbələrə görə dəyişir.

BMT-nin uşaq təşkilatı olan UNICEF-i ən mötəbər qurum hesab edərək ona istinad etsək, dünyada təqribən 150–153 milyon uşaq bir və ya hər iki valideynini itirib.

Bu sahədə ixtisaslaşmış Humanium.org saytı da 147 milyon yetim uşaq olduğunu bildirir. Worldmetrics.org-a görə isə bu rəqəm 140 milyon civarındadır.

Təxminən 14–18 milyon uşaq hər iki valideynini itirib. Uşaq evlərində yaşayan uşaqlar (hansılar  ki bəziləri yetimdirlər, bəziləri isə valideyin imtinasına məruz qalıblar), yəni institusional qayğıda olan uşaqların sayı təxminən 2–8 milyon arasında dəyişir. Digər mənbələr bu rəqəmi 8 milyon və daha çox olaraq qeyd edir  “Yetim” anlayışı özündə bəzən yalnız valideyn ölümünü, bəzən isə valideynin uşaqla əlaqəsinin olmamasını (maddi, psixoloji, hüquqi səbəblərdən) ehtiva edir. Azərbaycanda “atalı-analı yetim” deyə bir ifadənin olması da elə buradan qaynaqlanır.

Statistika problemləri də mövcuddur. Statistlər bəzən qeyri-qanuni uşaq evlərinin uşaqlarını, küçə uşaqlarını və qeydə alınmamış halları hesaba qatmaya bilirlər. UNICEF, Humanium, lokal hökumət statistikaları arasında metodologiya və yanaşma fərqləri də olur. Bir valideynini itirən uşaqların sayı 140-153 milyon göstərilir. Hər iki valideynini itirən uşaqların sayı 14-18 milyon aralığındadır. Valideyin himayəsindən məhrum olan uşaqlar – yəni atalı-analı yetimlərin isə 2-8 milyon olması təxmin edilir.

Yetim, atılmış və valideyn himayəsindən məhrum olan uşaqların aqibəti çox vaxt ciddi risklərlə doludur. Onların həyat yolu yaşadıqları ölkənin sosial sistemindən, qanunlarından və yardım təşkilatlarının fəaliyyətindən çox asılıdır.

Bu uşaqlara olan psixoloji və emosional təsirlərdə travma və itki hissi başlıca rol oynayır. Valideyn itkisi uşaqların psixoloji inkişafına ciddi zərbə vurur. Çoxu depresiya, travma sonrası stress pozuntusu və özgüvən əskikliyi yaşayır. Sevgi və qayğı çatışmazlığı da öz sözünü deyir: Uşaq evləri və institutlar adətən şəxsi diqqət və emosional bağlılıq imkanları baxımından zəifdirlər, onlar ailəni əvəz edə bilmirlər.

Belə uşaqların istismar riski də həmişə aktualdır. Onlar pulsuz uşaq əməyinə cəlb oluna bilərlər: bu uşaqlar, xüsusən də yoxsul ölkələrdə tez-tez istismara məruz qalır – ağır işlərdə işlədilir və ya dilənçiliyə məcbur edilirlər.

Onların insan alveri və cinsi istismara məruz qalmaları da mümkün risklərdəndir: bəzi hallarda uşaqlar fahişəliyə və orqan mafiyalarına da yönləndirilə bilirlər.

Qız uşaqları üçün daha böyük bir risk də var – onlar erkən yaşda məcburi evliliyə məcbur edilə bilirlər.

Əlbəttə ki, bu səbəblərdən də valideyin himayəsindən məhrum olan uşaqların uşaq evlərində və ya institutlarda yaşamaları problemin ən yaxşı həll formasıdır. Bununla belə, bu vəziyyətdə də müəyyən risklər mövcuddur. Çünki uşaq evlərində və ya institutlarda qayğı keyfiyyəti aşağı olur: uşaq sayının çox, işçinin az sayda olması, sevgisiz mühit, təhsildə və sosial bacarıqlarda gerilik bu həyatın xarakteristik xüsusiyyətləridir.

Cəmiyyətə uyğunlaşmada çətinlik də Domokl qılıncı kimi uşaqların başlarının üstünü kəsdirir.  Bu uşaqlar yetkinlik yaşına çatdıqda tez-tez işsiz qalır, evsiz olur və ya cinayətə meyilli olurlar. Sonra isə  "18 yaş sindromu" özünü göstərməyə başlayır. Bir çox ölkədə 18 yaşdan sonra belə uşaqlara dövlət qayğısı kəsilir və uşaqlar həyatda tək qalırlar – evsiz qalmaq, işsizlik və sosial izolasiya riski artır.

Amma tam ümidsiz də olmayaq. Bütün yetim uşaqların həyatı fəlakətlə nəticələnmir. Bir çox beynəlxalq və yerli təşkilatlar bu uşaqların həyatını yaxşılaşdırmaq üçün çalışırlar. Məsələn, UNICEF, SOS Uşaq Kəndləri, Save the Children kimi təşkilatlar bütün dünyada valideyin himayəsindən məhrum uşaqlara təhsil, sığınacaq və psixoloji dəstək təmin edirlər.

Vəziyyətdən ən ümdə çıxış yolu, bir növ, xilas növü isə son illər daha da aktuallaşan Himayəçilik - Foster care sistemləridir – bəzi ölkələrdə uşaq evləri əvəzinə ailə mühitində qayğı sistemi uğurla tətbiq olunur. Əlbəttə ki, valideyin qayğısından məhrum olub da buna ehtiyac duyan uşaqlar vardırsa, bu və ya digər səbəbdən valideyin ola bilməyən ailə cütlükləri də vardır, bu halda sadəcə iki tərəfi bir-biri ilə uzlaşdırmaq lazımdır.

Əmək bacarıqlarının inkişafı, təqaüd proqramları, mentorluq layihələri ilə də bu uşaqların həyatında dönüş yaradıla bilər.

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların aqibəti haqqında daha konkret faktlara istinad etsək, aşağıdakı mənzərənin şahidi olarıq:

2023-cü ilin iyulunda Prezident sərəncamı ilə ölkədə rəsmi “foster family” institutu tətbiq olunmağa başlayıb. Hazırda 47 uşaq bu sistemə yerləşdirilib (18 oğlan, 29 qız), onlardan 25-i Bakıda, 22-si müxtəlif regionlarda yaşayır.

Dövlət bu ailələrə aylıq maliyyə dəstəyi göstərir: 0–6 yaş 355 AZN, 7–13 yaş 375 AZN, 14–18 yaş 395 AZN.  Uşaqlarda əlillik varsa, məbləğ daha yüksək olur.

Foster family və digər daha uğurlu vasitələr tətbiq olunduqca əvvəlki institutların tədricən bağlanması nəzərdə tutulur ki,  2006–2016-cı illərdə “Deinstitutionalization and Alternative Care” proqramı çərçivəsində ənənəvi uşaq evlərində uşaq sayları 14 500-dən  təqribən 10 000-ə düşüb. Lakin təkcə səkkiz müəssisə transformasiya olunub – bu islahatlar hələlik yetərincə sürətli deyil.

Reformların məhdud problemləri ondadır ki, uşaq evlərində nadir hallarda fərdi inkişaf planları və monitorinq var. Bu sistemlər hələ də qeyri şəffaf, korpusiya riskli və qeyri-kafi resurslarla işləyir.

Rəqəmlər göstərir ki, Azərbaycanda təxminən 10 000 uşaq böyüklərə aid müəssisələrdə yaşayır; infiradlı qayğı və əmək istismarı halları da məlumdur.

Dövlət komitəsi, UNICEF, AIDA, USAID və digər qurumlar tərəfindən psixoloji, sosial, təhsil məqsədli layihələr həyata keçirilir.

Azərbaycan uşaqlarının bir şansı da onlara arxa-dayaq olan Heydər Əliyev Fondunun mövcudluğudur.

2025-ci ilin iyununa qədər 360-dan çox autizmli və əlilliyi olan uşağa reabilitasiya xidməti göstərilib; övladlığa götürmə yolu ilə 730-dan çox uşaq ailələrə verilib, son iki ildə isə 47 uşaq isə, qeyd etdiyimiz kimi, “foster” sisteminə daxil edilib .

Dövlət büdcəsi, AIDA və xarici donorlarla əməkdaşlıq nəticəsində ən yoxsul ailələrə yardım və sosial proqramlar tətbiq olunur. 2022-ci ildə 63 000 ailə dəstək alıb.

Beləliklə, gələcək prioritetlər arasında Foster care-i genişləndirmək, regionlarda nəzarəti gücləndirmək, istismar hallarını aşkar etmək və ailə üçün sosial motivasiyanı artırmaq əsas məqsədlərdir.”

 

P.S. Kitabın sentyabr ayında işıq üzü görəcəyi planlaşdırılır. Xoş mütaliələr.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Qeyri-adi, bəlkə də zəif şair və mükəmməl bəstəkar, gözəl müğınni!

Alim dostlarımdan biri- texnika elmləri üzrə fəlsəfə doktoru Mir Rəsul Tağıyev ayaqqabı firmalarından birinə, Sumqayıtda fəaliyyət göstərən təmir və satış məntəqəsinə rəhbərlik edir. Bir dəfə onu ziyarət edərkən qəribə bir hadisənin şahidi oldum. Özünü Elza Seyidcahanın bacısı kimi təqdim edən Lalə adlı bir xanım içəri daxil olub, bacısının sifarişinin hazır olub-olmadığını soruşdu. Mir Rəsul ağa arxa otağa keçib bir ayaqqabı gətirdi. Ayaqqabının üst hissəsi ənənəvi qadın ayaqqabısı, altlığı isə əsgər çəkməsinin altlığından idi. Necə deyərlər, kobudla incənin sintezindən yaranan qeyri-adi bir şey...

 

Doğrudur, onun Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmasına əks reaksiya verənlərdən biri də mən oldum. Amma sonra dərindən düşünüb təhlil edəndə, bunun bizim cəmiyyət üçün adi bir hal olduğunu başa düşdüm. Bu gün o qədər adamlar var ki, aidiyyəti olmadığı təşkilatların üzvüdürlər. Odur ki, bu mövzuda uzun-uzadı danışmaq istəmirəm. Necə deyərlər, özləri bilərlər...

 Deyir ki:- “Əməkdar artist, bəstəkar, səhnənin ən ekstravaqant müğənnisi adlarını qazanmışam. Bunlar hər biri eyni anda kimdə var? Biri var, o birisi yoxdur. Mən səhnəyə gələndə hit mahnılarla efirə çıxmışam. "Bağlar" mahnısı ilə tarixə düşmüşəm. "Gözəllik", "Qəlbin üsyanı", "Həsrət nəğməsi", "Hisslər" və bu kimi mahnılarla yaddaşlara həkk olmuşam. Ara mahnıları oxuyan müğənni deyiləm. Nə də ayda 3 dənə mahnı yazanlar sırasına daxiləm. Elə müğənni ola da bilmərəm. Çünki elə mahnılar bu qulaqdan girib, o birisindən çıxır. Hər zaman özümü olduğum kimi qoruyub saxlamağa çalışıram. Elza Seyidcahan, hər zaman elə Elza Seyidcahandır.”

Bəli, bu dəfə sizə Elza Seyidcahandan danışmaq istəyirəm. Axı, bu gün- iyulun 7-si onun üçün əlamətdar bir gündür, yeni yaşı tamam olur. Amma əvvəlcə onun həyat dastanına nəzər yetirək: Qasımova Elza Nuru qızı 1968-ci ildə Siyəzən şəhərində dünyaya gəlib. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı məktəbə daxil olsa da, orta təhsilini Sumqayıtda, 17 saylı məktəbdə başa vurub. Sonra Soltan Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirib. Respublikanın əməkdar artisti, I dərəcəli vokalistdir. Bir sıra bədii filmlərin musiqilərini bəstələyib. Müxtəlif musiqi festivallarının, eləcə də müsabiqələrin qalibidir. Konsertləri Azərbaycanda və xeyli xarici ölkələrdə də baş tutub. Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvüdür. Eyni zamanda, 2023-cü ildən Azərbaycan Yazıçılar Birliyinə də üzv olub...

“Bəstəkarlıq etmək hər adamın işi deyil. Məni ifaçı kimi qəbul etmək istəməyənlərin ifaçılıqdan və bəstəkarlıqdan xəbəri yoxdur. Adi bəstəkar deyiləm. Tutaq ki, bir konsertdə on nəfər müğənni oxuyur və hamısı bir-birinə bənzəyir. Bilinmir ki, bu mahnıları kim yazıb. Bu sözü müğənni kimi yox, bəstəkar kimi deyirəm. Heç kəsə də paxıllıq etmək fikrim yoxdur. Çoxlarından fərqlənirəm. Mənim ifamda rəngarənglik var. Dırnaqarası müğənnilərə oxşamaq istəmirəm.”- söyləyir.

Haradasa sözlərində həqiqət var. O, öz işinə yaradıcı yanaşdığı üçün fərqli mahnılar bəstələyə və onları fərqli bir üslubda ifa etməyi bacarır. Ümumiyyətlə, qeyri-adi istedadlı adamlar cəmiyyətdə ləng qəbul olunurlar. Bəlkə də on il bundan qabaq onun bəstələrini heç bir müğənni ifa etməyə tələsmirdi, amma bu gün həmin mahnıları bir sıra gənc müğənnilər də oxuyurlar… 

Deyir ki:- “Həyatda heç nədən narazı deyiləm. Mən bu vaxta qədər nədənsə narazı olmamışam. Hər şey ürəyimcədir. Bilirsiniz ki, sənətə kiçik-kiçik addımlarla gəlmişəm. Toyda da oxuyuram. Sənətə bəzi gələnlər elə bilirlər ki, toyda oxuyandan sonra adam əsl sənətkar olur. Əslində mən heç kimə fikir vermirəm. Paxıllığımı çəkənlər çoxdur. Sanki məni parçalamaq istəyirlər.”

Hə, az qala yadımdan çıxmışdı. Onun yazıçılar birliyinə qəbulunu birmənalı qarşılamayan adamlara xalq yazıçısı Anar belə münasibət bildirib:- “Elza heç də o birilərdən əskik deyil. Yəni Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan. Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik...”

Xalq yazıçısının nə qədər haqlı olub-olmadığını deyə bilmərəm. Çünki şairlərə əsl dəyəri Zaman verir. Amma etiraf edirəm ki, Elza Seyidcahan musiqiyə, eləcə də poeziyaya özünəməxsus yenilik gətirən bəstəkar, məlahətli səsi olan, istedadlı müğənnidir...

Bəli, iyulun 7-si onun növbəti ad günüdür. Bu münasibətlə əməkdar artisti təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq...

Və sonda Elza Seyidcahanın “Get işinlə məşğul ol!” şeirindən bir neçə misra gətirirəm:

 

 “Vermək almaqdan daha izzətlidir

Gülmək ağlamaqdan şərafətlidir.

Sevmək sevilməkdən ləyaqətlidir.

Susmaq danışmaqdan kəramətlidir.

Bəzən çox vaxt dinləmək, dinləmək

Ləyaqətlidir.

Atalarımız deyiblər

Yaşınla

Ağ başınla

Sirdaşınla

Get işinlə məşğul ol.

Ağıllı ol,

Get işinlə məşğul ol!..”

 

Öz aramızdır, hər kəsin öz işi ilə məşğul lmasının nəyi pisdir ki?

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, “Tərəqqi” medallı, Prezident mükafatçısı, Sumqayıt Dostlar Klubunun Sədri, yazıçı, publisist Hümbət Həsənoğlunun bu yaxınlarda “Sumqayıt dolması” adlı yeni kitabı işıq üzü görübdür. Dəyərli ziyalmızla maraqlı mövzu ətrafında həmsöhbət olduq. Müsahibəmizi çoxsaylı izləyicilərimizə təqdim edirik:

 

- Hümbət müəllim, dolmanın tarixi haqda nə deyə bilərsiniz?

 

- Dolmanın tarixi yəqin ki, minilliklərə gedib çıxır. Böyük ehtimalla əti, qiyməni ilk dəfə xəmirin içinə qoyublar və belə xeyli yemək; düşbərə, xəngəl və s., bu kimi yeməklər çox xalqın, həmçinin bizim mətbəxdə var. Vurğulamaq lazımdır ki, xəmirin dadı olmur, belə yeməklərə dad verən qiymə olur.

Keçmişdə, haradasa bir insan düşünüb ki, qiyməni hansısa yarpağa büksün və beləcə də “dolma” adlı yemək ortaya çıxıb.

 

- Doktor, o insan haralı olub və niyə hər xalq dolmanı özünküləşdirmək istəyir?

 

-  Yaxşı sualdır. Əlbəttə, ilk dəfə dolma hazırlayan insanın adı tarixdə qalmayıb. Bu səbəbdən də xalqların çoxu bu yeməyi öz adlarına çıxmaq istəyir. Bilirsiniz, dolma hazırlamaq, əti doğrayıb suda bişirmək, ya əti kəsib şişə taxıb qızartmaq deyil. Dolma təfəkkür məhsuludur. Hansı xalq sübut etsə ki, dolma onundur, avtomatik olaraq o xalq elit xalqlar siyahısına daxil edilir. Məhz elit, təfəkkürü zəngin xalq qarın doyuzdurmaq xatirinə deyil, ləzzət alma üçün təam hazırlaya bilərdi.

 

- Ermənilər də israrla dolmanın onlara aid olmasını dünyaya sübut etməyə çalışırlar.

 

- Haqlısınız. Bizə aid çox şeyə, torpaqlarımızdan tutmuş, musiqimizə qədər, ədəbiyyatımızdan tutmuş yeməklərimizə qədər iddialarından əl çəkmirlər və heç zaman da əl çəkməyəcəklər. Çünki, bizim olanları onlardan alsaq, quru canlarından başqa heç nə qalmayacaq.

Konkret dolma ilə bağlı iddiaları haqda. Erməni dilində, əslində hay dilində üzüm yarpağına “toli” deyilir və dillərini əyib dolmaya “tolma” deməklə, iddialarını ortaya atırdılar. Sonda alimlərin əksəriyyətinin fikri o oldu ki, “dolma” sözü, türk sözü olan “doldurmaq” sözündən götürülüb, çünki həqiqətən də, qiymə yarpağın içinə doldurulur.

 

- Doktor, üzüm yarpağından da, kələm yarpağından da, hətta bir çox digər yarpaqlardan dolma var idi. Hansı səbəbdən bir “Sumqayıt dolması” da düşünməyə ehtiyac yarandı?

 

- Üzüm yarpağından da, kələm yarpağından da dolmalar milli mətbəximizin incilərindəndir.  Amma, hər gözəlin bir eybi olduğu kimi, üzüm yarpağından da hazırlanan, kələm yarpağından da hazırlanan dolmaların bir eybi var.

İstəyirəm ki, dolmaya mənim gözümlə baxasınız. Hər dolmaya kiçik, mini qazan kimi baxın. O kiçik qazanın divarı üzüm və ya kələm ola bilir. Üzüm yarpağı qazan divarı kimi mükəmməldir. Üzüm yarpağının əsası sellüloza olduğundan sərtdir. Bu sərtliyə görə nə qazanın suyu, dolmanın içinə keçə bilir, nə də qiymənin şirəsi qazan suyuna qarışmır. Məhz buna görə qiymə üzüm yarpağının içində öz şirəsində rahat, kənar müdaxiləsiz bişir. Üzüm yarpağının əsrarəngiz turşməzə dadı, qiymənin gözəl dadı ilə birlikdə gözəl dad ansamblı yaradır.

Amma vacib bir məsələ. Üzüm yarpağı ayrılıqda, sərt olduğundan yeyilmir. Bişirildikdə belə, üzüm yarpağının sərtliyi qalır və mədə-bağırsaqda yaxşı həzm oluna bilmədiyindən narahatlıq hissi yaradır. Xüsusən də mədə-bağırsaqda azacıq problemləri olan insanlarda diskomfort yaradır.

Həzmə yararlıq baxımından kələm dolması çox yaxşıdır. Kələm ayrıca da yeyilə bilir və bişiriləndən sonra mədə-bağırsaqda asanlıqla həzm olunur. Kələmin çatışmazlığı isə odur ki, kiçik dolma qazanının divarı kimi işə az yarayır. Yəni kələm qiymənin tamlığını yaxşı təmin edə bilmir. Bir çox ölkələrdə hətta, qiyməni kələmə bükdükdən sonra iplə kələmi bağlayırdılar da. Elə ölkələrdə kələm dolmasına “sarma” deyirlər.

Tarix boyu bu dilemma qalırdı. Dadına görə, mədə diskomfortunu adlayıb üzüm dolmasını seçənlər olurdu və var. Mədələrinin rahatlığı üçün kələm dolmasını seçənlər də çoxdur. Mən nə fikirləşdim? Düşündüm ki, əgər üzüm yarpağının üstündən ikinci qat olaraq kələmdən istifadə etsək, hər iki yarpağa aid çatışmazlğı üstünlüyə çevirə bilərik.

 

- Deməli belə, Sumqayıt ikiqat dolması sizin tərəfinizdən ixtira olundu.

 

- Bəli, mən özüm evdə çoxlu eksperiment apardım və qəti qənaətə gəldim ki, kələm həm üzüm yarpağının qazan divarı kimi bərkliyinə dəstək olur, həm kələm öz altında üzüm yarpağını bişirib onu həzm üçün yararlı hala gətirir, həm də artıq mədədə kələm üzüm yarpağının həzminə kömək edir.

Eyni zamanda, kələmin azacıq şirinliyi üsümün gözəl dadına əlavə gözəl dad notları əlavə edir. Demək lazımdır ki, Sumqayıt dolması yeni daddır, yeni təamdır.

 

- Hümbət müəllim, sizin sonrakı addımlarınız nə oldu? Azərbaycanın məşhur kulinarları sizin ideyanızı necə qarşıladılar?

 

- Məntiqi sualdır. Bəxtimizdən xalqımızın böyük kulinarı, Azərbaycan mətbəxini dünyaya tanıdan gözəl təfəkkür sahibi Tahir Əmiraslanov kimi alimi var. Elə ilk olaraq ideyamı ona danışdım. Əslində ideyama kulinarlar tərəfindən qısqanclıq olacağına hazır idim, amma Tahir müəllimin reaksiyası mən gözlədiyimdən də yaxşı oldu. O mənə dedi ki, bir qazanda belə yarpaq və kələm dolmasını bişiriblər. Amma qiyməni iki yarpağa bükmək ideyası dünyada ilkdir. Əlavə də elədi ki, sən dünya kulinariyasının Lobaçevskisisən. Özü də açıqlama verdi: Evklid olub, o deyib ki, paralel xətlər kəsişmir. Çox sonralar Lobaçevski adlı alim dedi ki, fəzada paralel xətlər kəsişə də bilirlər.

Bu müsahibədən istifadə edib Tahir müəllimə bir daha dərin təşəkkürümü çatdırıram.

 

- Doktor, siz Sumqayıt dolmasını 2012- də ixtira etmisiniz, kitabı isə 2025- də, təzəlikcə buraxdınız. Niyə belə gec?

 

- Yaxşı sualdır. İstənilən yaxşı ideya üç mərhələ keçir. Əvvəldə hamı deyir ki, bu mümkün deyil. Sonra deyirlər ki, burada nəsə var. Lap sonda hamı deyir ki, çox düz ideyadır və bu elə belə də olmalıdır.

Sumqayıt dolması sadaladığım üç mərhələni də keçdi. Sumqayıt dolması beynəlxalq kulinariya festivallarında iştirak elədi və uğurlar qazandı.

 

 - Bəs Sumqayıt dolmasını kitab şəklində çıxartmaq ideyası necə yarandı?

 

- Vaxtında verilmiş sualdır. Çox hörməti Tahir müəllim öz fikirdaşları ilə birlikdə “Azırbaycan mətbəxində dolmalar” kitabını nəfis şəkildə çıxartdırdı. Hətta o kitab hansısa ildə, dünyanın ən yaxşı kulinariya kitabı nominasiyasının qalibi də oldu. Həmin kitabda 381 çeşid Azərbaycan doması yer aldı. Bu çeşidlərin içində çox böyük qisim Sumqayıt dolmaları da oldu, mənim adım da kitabda qeyd olundu.

İdeya üzdə idi, götürüb Sumqayıt dolmasını kitab şəklində ayrıca buraxmaq. Mən də ətrafıma bir komanda yığdım və kitabı ərsəyə gətirdik. Dolmamızın və kitabımızın həyata vəsiqə qazanmasında onlarla insanın əməyi var. Kitabda ayrıca o insanlara sonsuz təşəkkürümü bildirmişəm. Fürsətdən istifadə edib bir daha həmin əziz insanlara minnətdarlığımı ifadə edirəm. Onlarsız nə dolma, nə də kitab mümkün olardı.

Ürəyimdən keçir onların adlarını bir-bir çəkim. İki səbəbdən etmirəm. Birinci siyahıda əlliyə yaxın adam var və müsahibə formatı buna imkan vermir. İkinci də, qorxuram kimisə yaddan çıxardam. Kitaba əməyi olan hər kəsin adını saldığımı düşünürdüm. Kitab işıq üzü görəndən sonra baxdım ki, yadımdan çıxmış insanlar var. Bir-birin hamısına zəng edib təşəkkürümü bildirmişəm. Yeganə təsəllim odur ki, növbəti nəşrlərdə onları da mütləq qeyd edəcəyəm.

 

- Maraqlı və məzmunlu müsahibəyə görə çox sağ olun. Sizə də, Sumqayıt dolmasına da uğurlar.

 

- Bu müsahibə ideyasına görə sizin “Ədəbiyyat və incəsənət” portalınızın baş redaktoru Varisə minnətdaram. Dolma haqda ilk məqalə də elə bir zamanlar Varisin uğurla yaratdığı “168 saat” qəzetində çap edilib. Çoxsaylı oxucuların marağına səbəb olub.

Şəxsən sizə də maraqlı suallarınıza görə təşəkkür edirəm. Var olun!

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizdə detektiv çox sevilir. Kimdən soruşsan, deyəcək, Çingiz Abdullayevi və Elxan Elatlını oxuyuram. Hamı bilirmi ki, dünyada bu sahənin nömrə birləri ikidir, Aqata Kristi və Artur Konan Doyl?

7 iyul Artur Konan Doylun — dünyaca məşhur detektiv obrazı Şerlok Holmsun müəllifinin anım günüdür, onu nədən xatırlamayaq ki?

Bundan əlavə o, həm də həkim, publisist və ictimai xadim olub. Gəlin, onu yaxından tanıyaq.

 

"Erkən həyat və təhsili"

 

Artur Konan Doyl 22 may 1859-cu il tarixində Şotlandiyanın Edinburq şəhərində İrland əsilli katolik bir ailədə dünyaya gəlib. Onun atası Çarlz Altamont Doyl rəssam idi, lakin həyatının böyük hissəsini ruhi xəstəxanalarda keçirib. Anası Meri isə oxumağı və əfsanəvi nağılları çox sevib. Onun təsiri ilə Arturda ədəbiyyata maraq yaranıb.

Doyl əvvəlcə İesuit məktəbində təhsil alıb, sonra isə Edinburq Universitetinin tibb fakültəsinə daxil olub. Burada professor Cosef Bellin dərslərində iştirak edib. Bellin hadisələri müşahidə və analiz etmə qabiliyyəti sonralar Doylun yaratdığı Şerlok Holms obrazının əsas ilham mənbəyi olub.

 

"Həkimlik fəaliyyəti və ədəbi başlanğıc"

 

Universiteti bitirdikdən sonra bir müddət həkim kimi çalışıb. Lakin pasiyentlərinin az olması ona boş vaxt verib və bu vaxtı yazmağa sərf edib. 1887-ci ildə onun ilk Şerlok Holms əsəri olan “Qırmızı rəngdə yazılmış etüdlər” çap olunub. Bu, həm yazıçı, həm də gələcək detektiv ədəbiyyatı üçün dönüş nöqtəsi olub.

Sonrakı illərdə “Dörd nəfərin əlaməti”, “Baskervillərin iti”, “Qorxulu vadilər” kimi romanlar və çoxsaylı hekayələr yayımlanıb. Bu əsərlərdə Holms və onun sadiq dostu doktor Vatson Londonun kriminal aləmini araşdırıb, məntiq və müşahidə qabiliyyəti ilə sirli cinayətləri açıblar.

 

"Digər əsərləri və maraqları"

 

Artur Konan Doyl yalnız detektiv janrla kifayətlənməyib, eyni zamanda tarixi romanlar və fantastik əsərlər də yazıb. Onun “İtmiş dünya” adlı romanında Professor Çellencer adlı yeni qəhrəman dinozavrlarla dolu bir adanı kəşf edib.

 

"Hüquq və ədalət uğrunda mübarizə"

 

Doyl bir neçə real həyat hadisəsində ədalətsizliyə qarşı çıxaraq tanınıb. Məsələn, əsassız yerə cinayətdə ittiham olunmuş Oskar Sleyterin işinə diqqət çəkib, Holmsun metodlarını istifadə edərək onun təqsirsizliyini sübut edib.

 

 "Ölümü və irsi"

 

Artur Konan Doyl 1930-cu ilin 7 iyulunda 71 yaşında ürək çatışmazlığından vəfat edib. O, arxasında ədəbiyyata böyük təsir göstərən bir irs qoyub. Şerlok Holms obrazı bu gün də detektiv ədəbiyyatın və kino sənayesinin ən məşhur simalarından biridir.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

 

 

 

Bazar ertəsi, 07 İyul 2025 09:33

7 İyul Ümumdünya Şokolad Günüdür

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

  

Bu gün Ümumdünya Şokolad Günüdür. Sizlərə arzu-diləyim nədir? Eybi yox, bahalı Belçika plitka şokoladı, rusların “Krasnıy oktyabr” şokolad konfetləri olmasa belə, heç olmasa ucuz yerli şokoladdan alıb yeyə biləsiniz, ağzınızı şirin edəsiniz.

 "Şokolad" sözünün bir neçə mənası var. Aztek dilindən o, "acı su", yunan dilindən isə "Allahların qidası" kimi tərcümə edilir. Şokoladlar müxtəlif cür olurlar:

 

Tünd şokolad.

Bu, daha qiymətli şokolad sayılır. O xüsusi ətiri və tünd dadı ilə insanı cəlb edir. Adətən onun tərkibinə üyüdülmüş kakao, şəkər pudrası və kakao yağı daxil edilir. İnqredientlərin faiz nisbətini dəyişərək istənilən dadı, ətri almaq mümkündür. Kakao nə qədər çox olarsa, bir o qədər şokolad tünd və ətirli alınar.

 

Südlü şokolad.

Onun hazırlanmasında şəkər tozuna və kakaoya quru süd və yaxud quru qaymaq əlavə edilir.

 

Ağ şokolad.

Onu kakao yağının, şəkərin, quru südün və vanilinin qarışığından əldə edirlər. Onun tərkibinə kakao tozu əlavə olunmadığı üçün şokolad ağ rəngdə alınır. Bu şokolada xüsusi quru süd əlavə olunduğu üçün onun xüsusi karamel dadı olur.

 

Məsaməli şokolad.

Onu xüsusi vakuum plitələrdə maye halında dörd saat ərzində 35- 40° -də saxlayaraq əldə edirlər. Bu şəraitdə saxlanaraq şokolad məsəməli alınır.

 

Şokolad haqqında maraqlı faktlar:

1875 -ci ildə iki isveçrəli Daniel Peter və Henri Nestle qatılaşdırılmış süd ilə şokoladın qarışdırılma üsulunu icad edirlər. Beləliklə, dünyada ilk südlü şokolad əmələ gəlir. Ən böyük şokolad plitəsi 4, 42 ton ağırlığında olub və Ginnesin rekordlar kitabına daxil edilib. Onun uzunluğu 5, 6 m, hündürlüyü 25 sm, eni isə 2, 75 m təşkil edir.

Stress vəziyyətində olan insanlar nisbətən normal vəziyyətdə olan insanlardan 55 % qədər çox şokolad istifadə edirlər. Şokoladın bir neçə inqredientləri ürək və damar sistemi üçün çox xeyirlidir.

Şokoladın təxminən əlli faizini yağ təşkil etdiyi üçün bu məhsul kalorili və qidalandırıcıdır. Şokoladın ağızda əriməsi insana “xoşbəxtlik” hissini yaşadır...

 

Dostlar, Şokolad Gününüz mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

Bazar ertəsi, 07 İyul 2025 09:04

Uşaqların sevimli Ələkbər əmisi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 Bir vaxtlar bir Ələkbər əmi var idi, uşaqların sevimlisi. Onun rollarını uşaqlar böyük sevgi ilə izləyirdilər, onun səhnəciklərinə bağlanmışdılar. Amma o, sıralarımızı erkən tərk etdi. İndi özü yoxdur. Qalan bircə lent yazılarıdır.

Bu gün onu xatırlamağımız əbəs deyil, bu gün onun doğum günüdür.

 

Azərbaycanın əməkdar artisti Ələkbər Hüseynov Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru idi. Tərcümeyi-halına nəzər yetirək:

Ələkbər bəy 7 iyul 1961ci ildə Bakıda anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb.

Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layıq görülüb.

Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını (2007) alıb. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

 

Əsas rolları - Azərbaycan Dövlət Kukla Teatrında

 

1. Pəri cadu (Ə. Haqverdiyev) — Qurban

2. Bülbül (H. X. Andersen) — nağılçı; Çin imperatoru

3. Qara rəngin nağılı (N. Bədəlov) — Aydın

4. Tıq-tıq xanım (R. Əlizadə) — dirijor; qoca; müğənni

5. Qar qız (A. Ostrovski) — Lel

6. Keçəlin toyu (R. Əlizadə) — keçəl

 

Filmoqrafiya

 

- Yaşıl eynəkli adam

- Analar

- Etiraf

- Köpək

- Bala-başa bəla!

- Təsadüfi görüş

- Yaşıl eynəkli adam-2

- Yaşıl eynəkli adam-3

- Bir anın həqiqəti

 

Ələkbər Hüseynov 2007-ci il iyulun 29-dan 30-na keçən gecə komaya düşüb. 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Allah rəhmət elədin!

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.