Super User
Bir gənc yazıçı – AYSEL ŞIXLI haqqında söhbət...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bunu ariflər yaxşı bilir- “Vicdan öhdəliyi” deyilən bir məfhum- yəni məntiqi cəhətdən formalaşmış ümumi qəbul edilən fikir var. Vicdan öhdəliyinin əhatə dairəsi çox böyükdür. Gəncləri həvəsləndirmək, onların hər bir uğurunu alqışlamaq kimi müsbət xüsusiyyətlər də, bu öhdəliyə daxildir. Bəli, xalqını sevən hər kəs, onun gələcəyi olan gənclərə diqqətlə yanaşmalıdır, onların nailiyyətlərinə sevinməlidir. Sevinirəm, sevinirəm ki, gənclərimizin arasında Aysel adlı bir istedadlı gənc də var. Bu dəfə sizə ondan danışmaq istəyirəm...
Aysel Şıxlı ictimai siyasi xadim, məşhur xalq yazıçısı İsmayıl Şıxlının oğlu Fərrux bəyin ailəsində, 1994-cü ildə dünyaya gəlib. Orta təhsilini Bakıda 102 saylı məktəbdə başa vurub. Sonra təhsilini BDU-da davam etdirərək Turizm və Otelçilik ixtisasına yiyələnib. 2016-2018-ci illərdə Azərbaycan “Bentley”, 2019-cu ildə isə “Corn Advertising” şirkətlərində çalışıb. Daha sonra bir müddət müstəqil fəaliyyət göstərib. Ömür-gün yoldaşının xaricdən iş təklifi alması ilə əlaqədar, Hollandiyanın Amsterdam şəhərinə köçüblər. Hazırda orada yaşayır. Bir-neçə kitabı işıq üzü görüb...
Deyir ki: - “Yazmağa, fərqli janrlarda özümü sınamağa davam edirəm. Onsuz yaradıcılıq elədir ki, sənə fikir gələn zaman onu ərsəyə gətirməyənə qədər yaxanı buraxmır. Yazmağa başlayanda isə real dünyadan qopursan, başqa yerə gedirsən. Öz yaratdığın, idarə etdiyin bir dünyaya düşürsən. Nə demək istədiyimi yaradıcı insanlar anlayar, yəqin ki...”
Özünə güvənən, həssas xanımdır. Hiss etmə, duyma qabiliyyəti çox güclüdür. Acizliyə, zəifliyə nifrət edir. Özünü qorumaq üçün yaratdığı qəribə sədləri var. Kənardan heç kəs bu sədləri asanlıqla hiss edə bilmir. Əslində, bu sədlərin arxasında son dərəcə mülayim bir xarakter gizlənir. Həmin sədlər ancaq qarşısındakı insana güvəndiyi zaman dağılır. Amma hər kəsə asanlıqla güvənmir. Birdən düşünərsiniz ki, bu kobudluqdan irəli gəlir, əsla yox. Onun heç vaxt qarşısındakı insanın qəlbini qırmaqdan xoşu gəlmir...
“Sevgi və dostluq həmişə aktual mövzudur. Kitablarımda həmin dəyərləri müasir gənclərin gözündə təsvir etməyə çalışıram. Düşünürəm ki, hər kəs fərqli hekayələr, həyatlar yaşayır, ancaq hisslər eynidi. Əgər insanlar hər hansı bir kitabı oxuyarkən, öz yaşamlarında hiss etdiklərindən bir parça tapa bilirlərsə, o zaman kitab uğurludur...”- söyləyir.
Deyib-gülməyi, mehriban rəftarı xoşlayır və yumor anlayışı onda çox yaxşı inkişaf edib. Dostlarına və dostluğa böyük önəm verir. Köməyə ehtiyacı olan hər kəsə əl uzatmağı bacarır. Olduqca xarizmatik bir kimliyə sahibdir. Zamanla onu daha yaxından tanıyan insanlar, onun daxilən əzab çəkdiyini zənn edə bilərlər, amma o, çox şən və məzmunlu adamdır. Ortaya hər hansı bir problemi çıxanda cəmiyyətdən uzaqlaşmağı üstün tutur. Bəli, o, bunu heç kimi narahat etməmək üçün edir. O qədər əsrarəngizdir ki, bu xüsusiyyəti onun varlığına xüsusi bir rəng qatır...
Deyir ki: - “Uşaqlıqdan yazmağa həvəsim var idi. Hətta məktəb vaxtı gündəlik yazırdım. Biri bitən kimi yenisinə başlayırdım. Öz fikirlərimdən ibarət qısa yazılarım var idi. Çox mütaliə edirdim. Vaxt keçdikcə özümü təkmilləşdirdim. Ancaq hamıdan gizlədirdim, paylaşmaq istəmirdim. Yazıçı ailəsində böyümək məsuliyyətlidir. Bu qorxuma güc gəlmək məndən xeyli zaman aldı, ancaq sevinirəm ki, bu addımı atdım...”
Atası rəssam Fərrux Şıxlı, anası yazıçı Reyhan Yusifqızı olan Aysel xanım uşaqlıqdan özünü Qazax bölgəsindən olan əksər ailələrdə olduğu kimi yaradıcı mühitdə - kitabların, rəsmlərin arasında görüb. Rəsm çəkməyə də erkən yaşlarından başlayıb. Bir gün plastilindən düzəltdiyi miniatür fiqurlar rəsm müəlliminin diqqətini cəlb edib və o, bu fiqurları məktəbin sərgisinə qoyub. Günlərin birində də Azərbaycan televiziyasından evə çəkiliş qrupu gələrək, bu, hörüklü balaca qızı lentə alıblar. Plastilindən fiqurlar düzəldə-düəldə aparıcının suallarını həvəslə cavablandırıb...
Ümumiyyətlə, məktəb illəri ərzində Aysel bir çox sahələrdə özünü sınayıb: musiqi ilə məşğul olub, fortepianoda çalmağı öyrənib. Özünü ifadə etmək qabiliyyətini kəşf edəndən sonra, fikirlərini yazıya köçürməyə başlayıb və kiçik hekayələr yazaraq, onlara illüstrasiyalar çəkib. Orta məktəbin sonuncu sinfində Aysel birdən-birə dekorativ sənətlə məşğul olmaq qərarını dəyişərək, sənədlərini 2-ci qrupa verib və Bakı Dövlət Universitetinin Turizm və Otelçilik ixtisasına qəbul olunub. Amma yaradıcılıq həvəsi onda heç vaxt sönməyib. Təhsilini bitirdikdən sonra isə yenidən yaradıcılığa qayıdaraq, qrafik dizayner kimi çalışmağa başlayıb. Daha sonra fəaliyyətini müstəqil olaraq davam etdirib. Peşəkar yazıçılıq fəaliyyətinə isə 2018-ci ildən girişib. İlk dəfə “Mənəm, Yusif” adlı hekayəsi “525-ci qəzet”də nəşr olunub. 44 günlük müharibəyə həsr etdiyi bu əsər, müasir gənclərin savaş boyunca necə böyüdüyünü, hadisələrin məğzini, vətən sevgisini daha dərindən dərk etmələrindən bəhs edir. İkinci- “İşıq” adlı hekayəsi isə sahibini itirmiş bir itin həyatına həsr olunub. Heyvanlara qarşı olan sevgisi onu evsiz heyvanlara qarşı biganə qalmağa qoymur. Bu hekayə ilə bütün canlıların evə və sevgiyə möhtac olduğunu göstərməyə çalışıb...
Arzuları çoxdur. Ağlında yığışıb qalmış bütün yeni ideya və fikirlərini yazıya çevirmək, onları ərsəyə gətirmək və yeni uğurlar qazanmağı planlaşdırır. On il sonra televizoru açdıqda insanların onun əsərləri əsasında çəkilmiş filmləri, animasiyaları izləməsini, bir sözlə, oxucu auditoriyasının genişlənməsini istəyir. Pianoda ifa etmək, yağlı boya ilə rəsm çəkmək, manqa və komikslər oxumaq onun hobbisidir. Düşünür ki, müasir gənclərə dəstək olmaq, yön göstərmək vacibdir. Onları həvəsdən salmamaq, ilk uğursuzluqda kəsib atmamaq lazımdır. Axı yaradıcı insanların həmişə dəstəkləndiyini və sevildiyini bilməyə ehtiyacı olur...
“Yazıçı olmaq üçün insan ilk növbədə özünü bu çətin, kəşməkeşli yola hazırlamalıdır. Çünki nə qədər asan görünsə də, kitab yazmaq, onu ortaya çıxarmaq, onun arxasında durmaq çox ağırdır, adamdan böyük enerji tələb edir. Sevinirəm ki, bu gün mən özümü yazıçı kimi təqdim edə bilirəm...”- söyləyir.
Xüsusən qeyd edim ki, Ayselin “Qanadsız mələk” romanı ardıcıl olaraq Teas-press yayın evinin ən çox satılan nəşrləri sırasında qərarlaşıb.
Bu gün - iyulun 8-i jazıçı Aysel Şıxlının növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır
Ukraynada davam edən müharibə şəraitinə baxmayaraq Azərbaycan diasporu ölkənin müxtəlif bölgələrində, xüsusilə də Odessa şəhərində mədəni irsimizin tanıdılması istiqamətində aktiv fəaliyyət göstərməkdədir. Qara dəniz sahilində yerləşən və Ukraynanın turistik mərkəzlərindən biri sayılan Odessada həyata keçirilən layihələr Azərbaycan-Ukrayna münasibətlərinə mühüm töhfələr verir.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hazırda Odessada salınması planlaşdırılan “Azərbaycan” parkı bu təşəbbüslər sırasında xüsusi yer tutur. Odessa meri Qennadi Truxanovun razılığı ilə icrasına başlanılan bu layihəyə diaspor nümayəndələri də maliyyə dəstəyi göstərirlər. Sahəsi 3 hektardan artıq olacaq parkda Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən guşələr, uşaqlar və böyüklər üçün istirahət zonaları, idman sahələri, tanıtım muzeyi və “Azərbaycan” fotozonasının yaradılması nəzərdə tutulur. Şəhər ictimaiyyəti bu layihəni yüksək dəyərləndirir və parkın həm şəhər sakinləri, həm də turistlər üçün maraqlı məkan olacağına inanır.
“Bu park Odessa sakinlərinə Azərbaycan Respublikası, onun uğurları, qəhrəmanları, bu illər ərzində Ukrayna ilə Azərbaycan arasında olan əlaqələr haqqında məlumat verəcək. Ümid edirəm ki, park şəhərimizin bəzəyinə çevriləcək”, - deyə Odessa Milli İqtisadi Universitetinin professoru Mixail Zveryakov bildirib.
Bununla yanaşı “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Şamil Quliyevin təşəbbüsü ilə Odessada Ukraynanın ən böyük məscidlərindən birinin tikintisi həyata keçirilir. Ümumi sahəsi 2758 kvadratmetr olan kompleksdə kişi və qadınlar üçün ayrı ibadət zalları, mərasim otaqları, qonaq evi və digər funksional bölmələr nəzərdə tutulub. “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz Əliyev açıqlamasında tikinti işlərinin tamamlanma mərhələsində olduğunu və məscidin təkcə azərbaycanlılar üçün deyil, ümumilikdə Odessada yaşayan müsəlmanlar üçün xidmət göstərəcəyini deyib.
Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstəyi ilə şəhərin mərkəzində yerləşən məsafə nişanları sırasında artıq Gəncə şəhərinin adı da yer alıb. Lövhədə Odessadan Azərbaycanın qədim şəhəri Gəncəyə olan 1410 kilometrlik məsafə qeyd olunub. Məlumat üçün qeyd edək ki, Gəncə və Odessa 2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri zamanı qardaşlaşmış şəhər olaraq elan edilib. Bu cür təşəbbüslər həm şəhərlərarası əlaqələrin güclənməsinə, həm də Azərbaycan mədəniyyətinin Ukraynada tanıdılmasına xidmət edir.
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
Qəhrəman Mirvari xanım...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Olduqca fədakar xanımdır. Haqsızlığa dözümsüz olduğundan, haqq uğrunda hər an mübarizəyə atıla bilir. Dostluqda vəfalı və sədaqətlidir, sirr saxlamaqda əvəzi yoxdur. Daim ətrafına sevinc bəxş edərək müsbət enerji saçır. İnadkardır, məqsədinə nail olanadək sakitləşmir. Ünsiyyətdə dürüstlük onun üçün çox vacibdir. Bəzən bu xüsusiyyəti ilə ətrafdakıları narahat etsə də, nəzərə almaq lazımdır ki, səhvləri düzəltmək və düzgün yolu göstərmək onun həyat fəlsəfəsidir. Sosial məsələlərdə ədalət və əməkdaşlığa önəm verir. Rahat və mehriban xarakteri onu həm dost kimi və həm də insanlarla münasibətdə dəyərli edir. O, sadəcə özünü deyil, başqalarını da düşünür...
...1946-cı ildə Şəki rayonunda dünyaya gəlib. SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləyib, komsomolda çalışıb, hətta Suraxanı rayonunda deputat da olub. 1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləyib. Milli Müqavimət Hərəkatının iştirakçısıdır. "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biri, hazırda həmin təşkilatın rəhbəridir...
Müsahibələrinin birində deyir ki:- “Qərb ölkələrində insanlar təqaüdə çıxandan sonra rahat yaşayırlar. Mən hansı ölkəyə gedirəmsə, oradakı sosial problemlərlə maraqlanıram. Həmişə görürəm ki, məsələn, Avropada insanlar məmnuniyyətlə təqaüdə çıxırlar. Azərbaycan qanunvericiliyinə əsasən, büdcədən maliyyələşən işçilər təqaüd yaşına çatan kimi işdən azad olunur. Amma onların təqaüdü nə qədərdir? Mən şəxsən 2006-cı ildən təqaüdə çıxmışam və buna qədər həmişə yüksək vəzifələrdə çalışmışam. Lakin təqaüdə çıxandan sonra mənə 250 manat pul verirlər. Öncə elə bir şərait yaradılmalıdır ki, qadın, yaxud kişi fərq etmir, yığdığı kapital normal olsun. Hamı təqaüd yaşından danışır. Tutaq ki, qadınların təqaüd yaşını 55 etdilər. Həmin qadın təqaüdlə necə yaşacaq? Qızına, oğluna möhtac olacaq. Hüquq müdafiəşisi olarq cəhd edirəm ki, təqaüdçülərlə bağlı bu istiqamətdə yeni qanun qəbul edilsin. Məsələyə mütləq sosial rifah yönündən baxılmalıdır. Dövlət qurumlarının bir çoxunda təqaüdə bir neçə il qalmış əməkdaşı işdən çıxarırlar. Yaxud ağır işlərdə çalışanlar nə qədər əməkhaqqı alır ki?! Onun yığdığı kapitaldan nə çıxacaq? Yenə dilənçi vəziyyətində yaşayacaqlar. Hörmətli deputatlar heç bunu fikirləşirlərmi? Azərbaycanada yaş davası aparmaq yox, təqaüdə çıxanların sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır. Təqaüdçülərə müxtəlif imtiyazlar verilməlidir. Mən təqaüdçüyəm, yaşamaq istəyirəm. Normal yaşamaq istəyirəm.”
Planlı və düşüncəli şəkildə hərəkət etməyi xoşlayır. İntuisiyasına güvənən və başqalarının görə bilmədiklərini hiss edən adamdır. Onun üçün şübhəli vəziyyət mövcud deyil, necə deyərlər, ya ağ var, ya da ki, qara. Nəinki öz problemlərini, həm də cəmiyyətə qarşı edilən haqsızlıqları görür və bunun əleyhinə açıq şəkildə mübarizə aparmaqdan çəkinmir...
“Bir dəfə Şəkidəydim. Qonşunun gəlini bizim həyətdə qardaşım arvadı ilə söhbət edirdi. Qonşu danışdıqca yanında dayanan 9-10 yaşlı qızı arabir anasının ətəyini dartırdı. Axırda anası nə dedisə, qız dözə bilməyib var səsi ilə qışqırdı- yalançı!!!
İndi mən də həmin uşağın günündəyəm. Vallah, yalan eşidəndə dözə bilmirəm.”- söyləyir.
İnsanları sevən, lakin qarışıq mühitlərdən qaçan bir adamdır. Sosial məsələlərdə yüksək müvəffəqiyyət əldə edə bilir. Həyatında sülh və ədalət axtaran məqsədyönlü şəxsiyyətdir. O, qaydalara və mənəvi dəyərlərə uyğun olaraq yaşayır. Cəmiyyətdə dürüstlüyü və vicdanlı olmağı ilə seçilir. Enerjilidir, fəal ictimai həyat tərzini xoşlayır. Dostları ilə vaxt keçirməyi və onlara problemlərinin həll olunmasında kömək etməyi sevir. Şirin danışığı və cazibədar davranışı ilə asanlıqla insanların diqqətini cəlb edə bilir. Bir sözlə, həm şəxsi, həm də ictimai həyatında dürüstlük və etibarı ön planda tutan, güclü xarakteri ilə hər zaman özünü sevdirən bir xanımdır...
Deyir ki:- “Bugünki vəziyyətdə siravi fəhlə vəzifələrini ixtisara salib, müxtəlif adlar altinda vətəndaşlari işsiz qoyanlarin bir məsuliyyəti də SOCAR-ın İnsan Resurslari adlanan Departamentinin (İRD) üzərinə düşür. De-fakto bütün idarələr "işəgötürən" hüquqi şəxs qismində gedirsə, elə isə bu İRD kimə və nəyə lazimdir? Oradaki işçilərin gördükləri işi hər idarənin kadrlari başda olmaqla təşkil olunmuş komissiyalar yerinə yetirə bilərsə, o quruma ayrilan bu qədər milyonlar niyə boşuna xərclənir? Nəzərə almaq lazimdir ki, həmin qurumun işə qəbul və yerləşdirmə səviyyəsi həm nəzəri həm də praktiki olaraq çox səmərəsiz səviyyədədir. Dəfələrlə sübut olunub ki, müsabiqələr zamanı istehsalatlardan ekspert qismində dəvət olunmuş mütəxəssislər müsabiqənin sonunda layiqli olan namizədi deyil, İRD-inin "məsləhət bildiyi" namizədin adını yekun protokolda qalib kimi qeyd edirlər və bu da münsiflər heyətində haqli naraziliq yaradib ki, nəticədə daha heç kim həmin proseslərdə istirak etməyə raziliq vermir. SOCAR-ın bəh-bəhli təqdimatlarinda strukturdaxili idarəetmə və iş prinsipində dünyanın az qala ən öndə gedənlərin təcrübə və standartlarından istifadə olunduğu kimi deyilsə də reallıq tam fərqlidir. Mobil operator uzmanları istehsalatdakı proseslərin gedişindən heç bir təsəvvürləri belə olmaya-olmaya ofislərində oturub 50 cür qeyri adi adlar fikirləşərək, özləri barədə işləyən imitasiyasini yaratmağa çalişirlar. Strateji... Kosmik... Fövqəlbəşər... İnnovasiya... Qoymagəldi... və s. kimi adı olan şöbələr və lazımsız layihələr. İllərin mütəxəssisləri qalır bir qiraqda- işdən anlayışı olmayanlar, iş təcrübəsi keçməyənlər gəlib bu gün insanları və işi idarə etməyə səy göstərirlər. Yekun: SOCAR-ın İnsan Resurslari Departamentinin maliyyə dövriyyəsi kənar qurumlardan təşkil edilmiş komissiya tərəfindən təftis olunmalı, həmin qurum qeyri-effektiv fəaliyyətinə görə və xərclərin qənaəti məqsədilə birmənalı olaraq ləğv edilməlidir. İşə qəbul və yerləşdirmə məsələləri müəssisələrin daxili imkanları hesabına təşkil və təhkim olunmalıdır...”
Bəli, bu dəfə sizə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlıdan danışıram. Əgər soyadını adından əvvəl söyləsək- Qəhrəman Mirvari kimi səslənəcək. O, sözün əsl mənasında cəsarətli və qəhrəman qadınlarımızdan biridir...
...Yeri gəlmişkən, Mirvari xanımın növbəti ad gününə az qalır. Bu dəfə nə az, nə çox 79 yaşı tamam olur. Fürsətdən istifadə edib, ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
PORTAL AKADEMİYASINDA - Liderlik qanunları, nömrə 1
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderliyin xüsusi qanunları hansılardır?
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!
Beləliklə, 21 qanun:
1. Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
Türkiyə-Azərbaycan münasibətləri: “Bir millət, iki dövlət” paradiqması
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bu gün Türkiyə-Azərbaycan münasibətləri: “Bir millət, iki dövlət” paradiqması mövzusunda danışacağıq.
Türkiyə və Azərbaycan arasındakı münasibətlər yalnız siyasi və diplomatik çərçivədə deyil, milli kimlik, dil, mədəniyyət və tarix birliyi üzərində qurulmuş dərin bir qardaşlıq nümunəsidir. Bu münasibətləri ifadə edən və geniş mənada bir ideoloji paradiqmaya çevrilən "Bir millət, iki dövlət" ifadəsi Ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilmiş və bu gün hər iki dövlətin strateji yanaşmasının əsası sayılır.
Azərbaycan və Türkiyə ortaq türk mənşəli, Oğuz türklərinin nəslindən olan xalqlardır. Ortaq dil, din (İslam – sünni və şiə qolları ilə), ədəbiyyat, musiqi, folklor və dövlətçilik ənənələri bu iki xalqı tarix boyunca birləşdirmişdir.
Tarixdən nümunələr:
· I Dünya Müharibəsində Qafqaz İslam Ordusunun Bakını bolşevik-erməni birləşmələrindən azad etməsi (1918).
· Azərbaycan Xalq Cümhuriyyəti dövründə Türkiyə ilə əlaqələrin qurulması.
· Sovet dövründə əlaqələrin məhdudlaşdırılması, lakin mədəni və ruhani bağlılığın davam etməsi.
Bu ifadə ilk dəfə Heydər Əliyev tərəfindən 1990-cı illərdə Türkiyəyə rəsmi səfərləri zamanı işlədilib. Bu sadə, lakin dərin mənalı ifadə həm:
· Milli ideologiyanı
· Dövlətlərarası strategiyanı
· Türk dünyası inteqrasiyasını əks etdirən güclü bir simvola çevrilmişdir.
Bu paradiqma iki xalqın müstəqilliklərini qoruyaraq, milli kimliklərini birgə müdafiə etməsi, qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq modelini təcəssüm etdirir.
1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət Türkiyə oldu. O zamandan bəri münasibətlər aşağıdakı istiqamətlərdə inkişaf edib:
a) Siyasi əməkdaşlıq
- Mütəmadi dövlət başçılarının səfərləri
- Regional və beynəlxalq təşkilatlarda (BMT, Türk Dövlətləri Təşkilatı, İƏT) qarşılıqlı dəstək
- 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi – strateji müttəfiqlik mərhələsinin rəsmi təsdiqi
b) Hərbi sahədə əməkdaşlıq
- Birgə hərbi təlimlər
- Müdafiə sənayesi sahəsində texnoloji mübadilə
- İkinci Qarabağ müharibəsində Türkiyənin siyasi və mənəvi dəstəyi
c) Enerji və iqtisadi münasibətlər
- Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri
- Bakı–Tbilisi–Ərzurum qaz xətti
- Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) – enerji əməkdaşlığının zirvəsi
Türkiyədə minlərlə azərbaycanlı tələbə təhsil alır, eyni zamanda Azərbaycanda Türk liseyləri, Bakı Türk Anadolu liseyi və s. fəaliyyət göstərmişdir. Türk Dünyası Mədəniyyət Təşkilatları çərçivəsində (TÜRKSOY, Türk Akademiyası) ortaq tədbirlər keçirilir. Ortaq seriallar, ədəbiyyat, kino, sənət layihələri ictimai yaddaşı gücləndirir.
Türkiyə–Azərbaycan münasibətləri bütün Türk dünyası üçün nümunə sayılır. Bu iki dövlət arasında formalaşan strateji birlik aşağıdakı məqsədlər baxımından önəmlidir:
· Orta Asiya və Qafqazda geosiyasi sabitliyin təşviqi
· Türk dövlətlərinin iqtisadi və logistik inteqrasiyası (Zəngəzur dəhlizi, Orta Dəhliz layihəsi)
· Mədəni-mənəvi birliyin gücləndirilməsi
Bu ideologiya sadəcə siyasi ritorika deyil, konkret nəticələr verən bir strateji konsepsiyadır. Qarşıdakı dövrlərdə:
· Türk Dövlətləri Təşkilatının daha da güclənməsi
· Ortaq ordu konsepsiyası (Turan Ordusu ideyası)
· Birgə texnoloji inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq
planlaşdırılır.
“Bir millət, iki dövlət” paradiqması Türkiyə və Azərbaycan arasında sözün əsl mənasında qardaşlıq, qarşılıqlı hörmət, ortaq gələcəyə inam əsasında qurulmuş münasibətlərin ideoloji əsasını təşkil edir. Bu model təkcə iki dövlətin deyil, bütün türk dünyasının gələcəyi üçün strateji yol xəritəsidir. Mədəni, siyasi, hərbi və iqtisadi baxımdan davam edən bu yaxınlıq gələcəkdə də türk birliyinin aparıcı dayaqlarından biri olaraq qalacaq.
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
GAP Antologiyasında Rza Nurinin “Duzlu balıq resepti” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Rza Nuridir.
Rza Nuri
Xiyav
DUZLU BALIQ RESEPTİ
Balığı duzlu suda yatırdırsınız
Barmağınızla yaxşıca yoğurursunuz
Əliniz boğazınızda, əliniz lövbər atmış köksünüzə
Barmaq sındırmaq işləyi göyərti doğramaq yerinə
Sümük salxımlarını hiss edirsiniz
Suyu günəş qarşısında qurutmaq şərtdir
Həmən əlin-qolun, ayağın üzülüb qalansın
Sonra duzu ağciyərdən boşaltmaq gərəkir
Ağciyərin duzqabıya çevrilməsi
Burundan keçən iki ip kimi idi nəfəsini qarqara etdiyndə
Xoy günəbaxanı yağına qızardılmış Urmu balığı
Qovrulan gözümüzü limon sıxaraq acılaşdıran qəhvəyi duman
Başımızı harasa tullayacaq gövdə reaksiyası
Börkümüzün dəliyi havada bloklanmamış
Sadəcə gor maskasıdır
Leş yeyən ağzımız...
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
BİZİM KİNO - "Gözlə məni" dedi, onu gözlədilərmi?
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
Bu gün oxucularımıza "Gözlə məni" bədii filmi və onun təhlili barədə danışacağam. “Gözlə məni” filmini rejissor Kamil Rüstəmbəyov İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesinin motivləri əsasında 1980-ci ildə ekranlaşdırılıb.
Süjetə görə hadisələr 1920-ci ilin yaz aylarında əsasən Qarabağda baş verir. Bolşeviklərin fəaliyyətinin güclənməsi, həmçinin müxtəlif siyasi amillər ölkədə yeni qurulmuş Azərbaycan Demokratik Respublikasının mövqeyini getdikcə sarsıdır. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda Qırmızı Ordu dəstələri yerli qüvvələrlə əlbir olaraq hakimiyyəti əllərinə alır, yeni qayda-qanunlar yaradırlar. Siyasi hadisələrin fonunda isə Qarabağın nüfuzlu bəylərindən biri olan Böyük bəyin (Həsənağa Turabov) ailə dramı təsvir olunur.
Yüksək təhsil görmüş Böyük bəy yeganə bacısı Şahnaza (Tamara Yandiyeva) da yaxşı təhsil verib. Arvadı Fəxrəndə (Amaliya Pənahova) ilə nikahından övladı olmadığından onlar meylini Şahnaza salıblar. Fəxrəndə Şahnazın qardaşı oğlu Yunis (Şəmsi Şəmsizadə) ilə ailə qurmasında maraqlıdır. Çünki belə olarsa, Böyük bəyin bütün varidatı qardaşı oğluna qalacaq. Lakin Şahnaz sadə kəndli oğlu Nicatı (Rasim Balayev) sevir. Onların sevgisinə qarşı çıxan Böyük bəy bacısını Bakıya yollayır. Nicat isə bu müddətdə bolşeviklərə qoşulur, sıravi Qırmızı Ordu döyüşçüsündən komissara qədər yüksəlir...
“Gözlə məni” Azərbaycan Sovet Sosialist Respublikasının və Azərbaycan Kommunist Partiyasının yaradılmasının 60 illiyinə həsr olunub. Və əlbəttə ki, dövrün siyasi diktəsi ilə dövrün ictimai-siyasi hadisələri birmənalı göstərilib. İlk olaraq bu təhrif Böyük bəy obrazında özünü büruzə verir. Hər nə qədər sovet konyunkturası hakimi mütləq olsa da, milli kinomuzda tamaşaçılar tərəfindən birmənalı qarşılanmayan bəy obrazları vardı. Həsənağa Turabov hələ 1970-ci ildə Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmində Gəray bəy obrazını oynamışdı. Mənfi obraz kimi göstərilsə də, Gəray bəy əqidəsinə sadiqliyinə görə müəyyən rəğbət hissi yaratmışdı. Eyni şeyi Hüseyn Seyidzadənin 1969-cu ildə ekranlaşdırdığı “Dəli Kür” filminin qəhrəmanı ziddiyyətli Cahandar ağa obrazı haqda da demək olar. Rejissorların yozumundan sezilir ki, onlar bu obrazları yalnız mənfi çalarla göstərmək istəməyiblər. Eyni fikirləri Böyük bəy personajı haqda da demək olar.
Böyük bəy Gəray bəy və Cahandar ağadan fərqli olaraq daha çox siyasiləşmiş, daha dəqiq desək, siyasi şüuru yetkinləşmiş, təhsilli, proqressiv biridir. O, ölkədə baş verən ictimai-siyasi prosesləri həm yaxından izləyir, dostları ilə bu haqda müzakirələr aparır, həm də hadisələrin iştirakçısıdır. Bacısı Şahnaza yüksək təhsil verməsindən, birlikdə müxtəlif mövzularda müzakirələr aparmasından onun qadına yüksək münasibəti bəlli olur. Böyük bəyin başqa cəhətləri də rəğbət doğurur. Bir neçə epizoda diqqət yetirək. Bolşeviklərin işğalı reallaşanda Cabbar bəy (Məlik Dadaşov) Böyük bəyə ölkədən getməyi təklif eləyir. Böyük bəy isə cavabında deyir: “Burdan heç yana getməyəcəm. Əgər nəsibim ölümdürsə, qoy olsun. Mən də əcdadlarım kimi burda döyüşdə öləcəm”.
Başqa bir epizodda isə - bu filmin ən dramatik səhnəsidir- Şahnazın həbsxanada Böyük bəylə görüşüdür. Şahnaz komissar olan ərinin qardaşını həbs etdiyini öyrənir. O, ərindən xəbərsiz qardaşıyla görüşür və onlar arasında belə bir dialoq keçir:
- Sən kimsən Şahnaz? Əvvəl qardaşını satdın, indi ərini, sonra kimi satacaqsan?
- Yəqin ki, özümü...
Böyük bəy qətiyyətlə bacısının həbsdən qaçmaq təklifindən imtina eləyir, bunu özünə yaraşdırmır. Lakin növbəti epizodda biz digər personajların dilindən xəbər tuturuq ki, (rejissor Böyük bəyin fikrindən dönməsi və qaçması səhnəsini vizuallaşdırmayıb) Böyük bəy qaçaraq İrana keçmək istəyir. Yəni rejissor Böyük bəyin sonadək öz əqidəsinə sadiq qalmasına, tamaşaçı gözündə prinsipial adam kimi yüksəlməsinə imkan vermir, onu necəsə əzməyə çalışır.
Bayaq da dediyim kimi, bu, rejissorun yox, sovet konyunkturasının tələbi idi. Lakin məsələ başqadır. Rejissor ya situasiyalara bəraət verə bilmədiyindən, ya montaj səbəbindən hansısa kadrların hekayədə yer almadığından ciddi boşluqlar nəzərə çarpır. Əvvəlki fikirlərində qətiyyətli görünən Böyük bəyin sonra birdən-birə niyə və necə, hansı şəraitdə öz fikrini dəyişməsi prosesivə ya belə demək mümkünsə, onun özüylə mübarizəsi göstərilmir. Nəticədə isə süjetdə dramaturji yarımçıqlıq yaranır. Belə yarımçıq, natamam məqamlar digər səhnələrdə də var. Nicatın sadə kəndlidən mübariz bolşevikə çevrilmə, dəyişilmə prosesini demək olar ki, görmürük. Və süjetdə bu qədər əks mövqe, kolliziya olmasına rəğmən fikir toqquşmaları, tərəflərin mübarizəsi, həmçinin Gəray bəyin, qaçaq Bahadurun (Həsən Məmmədov) ölüm səhnələri emosional baxımdan səthi işlənib.
Şahnazın dramı da yarımçıqdır, onun taleyinin aydın olmamasının açıq final kimi qəbul etmək olar, lakin açıq finala gətirmək üçün vizual bəraət olmalıydı.
Filmdə çox motiviqabardılır: Nicat-Şahnaz xətti, Şahnazın ailəsi ilə konflikti, bolşeviklərin fəaliyyəti, sinfi mübarizə, ingilislərin ağalığı, və s. Bəzi rejissorlarımız kimi Kamil Rüstəmbəyov da belə vacib materialı ümumiləşdirə, dərinləşdirə bilməyib. Bu, həm də ssenaristlərin günahıdır ki, mövzuları yığcamlaşdıra bilmədiklərindən, ana xətt kimi nəyin vurğulanması aydın deyil. Halbuki, əsas süjet xəttini misalçün, Şahnaz-Böyük bəy-Nicat konflikti üzərində qurmaq olardı.
Əslində “Gözlə məni” bu gün də kinomuz üçün əla materialdır və dövrün çox problemlərini burda aktuallaşdırmaq olar. Üstəlik, söhbət həm də Qarabağdan gedirsə...
“Mahnı dağlarda qaldı” pyesi hələ ekranlaşdırılmazdan öncə Milli Dram Teatrında səhnələşdirilmişdi. Teatr versiyasında Şahnazı Amaliya Pənahova, Nicatı Əlabbas Qədirov oynayıb. Kamil Rüstəmbəyov Amaliya Pənahovanı “Unuda bilmirəm” tamaşasında görəndən sonra Fəxrəndə obrazına dəvət eləyib.
Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi səhnəsində doğrudan da Amaliya Pənahovanı çay aparıbmış. Gözlənilməz vəziyyət yaradıcı heyəti qorxutsa da, aktrisa xilas olunub.
Çəkiliş vaxtı Kamil Rüstəmbəyov xəstələndiyindən onu filmin ikinci rejissoru Əbdül Mahmudov əvəz eləyib. Meşə çəkilişlərini də Əbdül Mahmudov aparıb. Böyük bəyin malikanəsinin çəkilişi Şüvəlanda, dağ, meşə səhnələri Qubada, interyer çəkilişləri isə pavilyonda baş tutub.
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Məni dəniz gözləyir”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
NİGAR RƏFİBƏYLİ
MƏNİ DƏNİZ GÖZLƏYİR
Məni yoldan eləməyin,
məni dənizim gözləyir.
Dalğaları gümüş kimi
o xoş bənizim gözləyir.
Hər gün bir libas geyinir,
gah şal, gah atlas geyinir.
Məxmər geyir qış fəslində,
yaşıl donu az geyinir.
Qəzəblənir insan kimi,
kədərlidir cahan kimi.
Bəzən də məst olub qalır,
tez dəyişir dövran kimi.
Hərdən eşqin xoş rüzgarı
əsib könlümü aldadır.
Məni yoldan eləməyin,
dənizin gözü yoldadır.
Sevdalı, gözəl dənizim,
sənə bulud kölgə salır.
Canım səndən ayrılsa da,
məhəbbətim səndə qalır.
Kinin, nifrətin də açıq,
eşqin, niyyətin də açıq.
Gözlə məni, canım dəniz,
gülə-gülə sahilə çıx.
Dostumla baş-başayam,
bircə dəyməyin mənə,
Dənizimlə qoşayam,
bircə dəyməyin mənə.
Dəniz dərdi ovudar,
sakit edər insanı.
Dənizin çox gücü var,
dəniz sevir tufanı.
Səni oxşayar dəniz
nazlı körpələr kimi.
Bəzən qovar yanından,
qovar dərbədər kimi.
Tufanlı, canlı dəniz,
min bir lisanlı dəniz.
İnsan kimi vəfalı
və istiqanlı dəniz.
Bircə dəyməyin mənə,
dostumla baş-başayam.
Bircə dəyməyin mənə,
mən dənizlə qoşayam.
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
ÇOPUR – Çağdaş hekayələr
“Ədəbiyyat və incəsənət” portalında sizlərə İlhamə Nasirin hekayələri təqdim olunur. Bu dəfə”Çopur”” adlı hekayə ilə tanış olacaqsınız.
Kökünün üşüməsinə, gövdəsindəki sıyrıntıların göynəməsinə ayılıb gözlərini açdı. Nə baş verdiyini anlaya bilmirdi. Harada olduğunu da kəsdirəmmədi. Yenidən gözlərini yumub yavaş-yavaş sakitləşməyini gözlədi. Qulaqlarına cızıltı kimi dolan pıçıltı səslərini indi açıq-aydın eşidə bildi. Diksindi, ürkək-ürkək ətrafına boylandı. Yaxşı ki, günün günorta çağıydı, bağı rahat gördü, yoxsa gecə olsaydı, bəlkə də, kökü quruyardı qorxudan. Ha boylandı, bir tanış ağac gözünə dəymədi. Həndəvərindəki yad, nabələd ağacların nəzəri ona tuşlandığını hiss edincə vahimələnirdi. Bağın başı ilə ilan kimi qıvrıla-qıvrıla, düz böyründən axıb keçən arxı görüncə başqa bağa köçürüldüyünü anladı. Kövrəlsə də, ağlamadı, özünü tutdu. Çünki çoxlu gözlər zillənmişdi ona.
Bağdakı ağacların ən gənciydi qovaq. Əvvəl-əvvəl heç cür uyğunlaşa bilmirdi təzə bağa, darıxırdı. İllah da boranda, küləkdə sığındığı anası üçün. Gövdəsinin ucu göynəyirdi ondan ötəri. Yetim görkəmi almışdı, utancaqlığı da bir tərəfdən əziyyət verirdi ona. Başını qaldırıb ətrafındakılara doğru-düzgün baxammırdı. Amma hiss edirdi ki, bağdakı ağaclar bir-birlərinə ondan pıçıldaşırlar. Tez-tez “yaraşıqlıdır” sözü qulağına dəyəndə lap utanırdı. Yaxşı ki, arx yanından axırdı. Gecələr cırcıramalar, gündüzlər də şitəngi qurbağalar eybəcər səsləriylə tullanıb-düşüb bir az onun eynini aça bilirdilər.
Vaxt keçdikcə bu darıxma, utancaqlıq sovrulub getdi. Artıq burdakı ağaclarla qaynayıb qovuşmuşdu. Yeri də rahat – düz bağın girəcəyində, arxın qırağında. Gündən-günə boy atan şux qəddi-qaməti bağdakı bütün ağacların, tinglərin, pöhrələrin, şivlərin gözünü onda qoymuşdu. Bunu özü də bilirdi. İxtiyarsız qımışırdı. Hələ qonşu bağdakı hündür, az qala boyu buludlara çatan yaşlı qovağa baxanda daha da qürrələnirdi. Bilirdi ki, bir-iki ilə onun da boyu elə olacaq.
Fəsillər əvəzlənə-əvəzlənə yaza çatanda bağda əməlli-başlı canlanma baş verdi. Qış yuxusundan yenicə oyanmış ağacların başı qol-budaqlarına qızılca kimi tökmüş tumurcuqlarına qarışmışdı. Qovaq bir az da boy atıb yaraşığını artırmışdı. Hamıdan əvvəl sarı çiçəklərlə bəzənən bəstəboy zoğal gözlərini bir an ondan ayırammırdı. Onu qısqanan cavan ağaclar tələsik çiçək açmağa can atır, özlərini qovağa göstərməyə çalışırdılar.
Qovaq ilə üzbəüz, arxın qırağında sıra ilə düzülən iydə ağaclarının salxım çiçəkləri bağın bütün havasını dəyişmişdi. Xoş ətri və yağışdan sonra işıldayan parlaq gövdələri ilə qovağı əməlli-başlı bihuş edə bilmişdilər. Amma qəfil gözləri düz yanındakı əyri, qara, çopur üzüm tinginə sataşanda qanı qaralırdı, kefi pozulurdu. “Bunun burada nə işi var?” əsəbiləşirdi. Yaraşıqlı iydə ağaclarına qoşulub onu məsxərəyə qoyurdu, gülürdü. Çopur ting bu məsxərədən heç cür canını qurtara bilmirdi. Neyləsin, yaradılışı bu cür çopurdu, əyridi, qaradı. Məkanını da özü seçməyib. Fikirdən daha da əyilirdi, daha da çopurlaşırdı, daha da qaralırdı. Əlacı olsaydı, ya quruyardı, ya da bağın kimsəsiz bir yerinə çəkilərdi. Dəfələrlə qovaqdan “sənin yerin qara kolların arasıdır, bura yox” tənələrini eşitmişdi.
Boyu uca olduğundan hamını rahat görə bilən qovaq arada küləyi bəhanə edib silkələnərək ağ pambıq öpüşləri bütün ağaclara göndərərdi. Onun bu hərəkəti gövdəsini sarı şirə basmış, heç bir ağacın marağında olmayan qoca gilas ağacını çox əsəbiləşdirirdi. Ağ pambıqlar şirəli gövdəsinə yapışdıqda daha da eybəcər görkəm alırdı. Ağaclar şaqqanaq çəkib gülürdülər. Bir gün əsəbini cilovlaya bilmədi. “Ay cavan qovaq, çox da qürrələnmə, bala, artıq böyümüsən, az qalıb, kimə lazım olduğunu, nəyə lazım olduğunu biləcəksən, onda görüm necə qürrələnəcəksən?!” – dedi.
Yayın gəlişi bağda isti əhvali-ruhiyyə yaratmışdı. Ağaclardakı çiçəklər meyvələrlə əvəzlənmişdi. Bağın girəcəyində olduğundan gələni ilk qovaq qarşılayırdı. Amma bağa gələnlər ona məhəl qoymadan hərə bir meyvə ağacına tərəf qaçırdı. Səbətlərini meyvələrlə doldurub yenə onu görmürlər kimi yanından keçib gedirdilər. Deyəsən, qoca gilasın sözləri ona indi çatırdı. Payıza qədər bağda hər gün eyni ab-hava yaşandı. İnsanlar kimi, cavan ağacların da artıq marağında olmadığını anlayanda özünü gözdəndüşmüş kimi hiss edirdi.
Yayın hay-həşirindən sonra elə bil ağaclar yorulub süst düşmüşdülər. Bağa qəribə bir sakitlik çökmüşdü. Aradabir iydə və heyva ağacının ətrafında adamlar görünürdü. Hava da get-gedə soyumağa başlayırdı. Bağ payızı qarşılamağa tam hazır idi. O biri ağaclar kimi, qovaq da yarpaqlarını tökməyə başladı. Onsuz da bir ağac kimi bacardığı təkcə bu idi: yarpaqlamaq və yarpaqlarını tökmək.
Bir gün səhər-səhər iki nəfər düz gəlib qovağın yanında dayandı. İnsan dilini anlamasa da, diqqətlə dinşəyib, onları seyr etdi. Adamlar bir az çək-çevir etdikdən sonra ordan uzaqlaşıb qonşu bağa getdilər. Az keçmişdi ki, qəribə bir səs bütün bağı silkələdi. İlk dəfə idi o, belə bir səs eşidirdi. Bu vaxt qonşu bağdakı, həmişə fəxr etdiyi hündür, yaşlı qovağın böyürə-böyürə yerə yıxıldığını gördü. Bütün varlığıyla əsməyə başladı. Adamlar kəsilmiş iri gövdəni hissə-hissə doğrayıb bir az aralıda görünən yarımçıq tikiliyə tərəf aparırdılar. Qəfil yaddaşında püskürən qoca gilasın sözləri onu kökünə qədər sarsıltdı. Qol-budağındakı tək-tük saralmış yarpağını belə qımıldatmadan donub qaldı. Gövdəsindən uçub gedən ruhu bir azdan özünə qayıdanda artıq nəyə lazım olduğunu anladı.
Gecəydi, arxdakı qurbağaların qurultusu bütün bağı başına almışdı. O, bu səsli sükutu pozub var gücü ilə bağırmaq istədi. Özünü güclə tutub saxladı. Amma o bağırtını öz içində duya bilirdi.
Bağdakı ağacların hamısı rahat yatdığı halda, təkcə üzüm tingi yatmamışdı. Qara, çopur boynunu qovağa tərəf əyib üzgün baxışlarla onu seyr edirdi. Deyəsən, o da eşidilməyən bağırtının təsirindəydi.
Bütün gecə taleyi ilə savaşan qovaq səhərə yaxın təslim olub, onu gözləyən aqibətlə razılaşmışdı. Daha bağa, ağaclara tərəf yox, özündən ixtiyarsız qonşu bağdakı kəsilən yaşlı qovağın boş yerinə baxırdı.
Soyuq qış hər yerdə olduğu kimi, bağda da özünü göstərməkdə idi. Ağaclar ağ qar yorğanı üstlərinə çəkib qış yuxusuna getmişdilər. Qovaq fikirdən dərin yuxuya gedə bilməsə də, arada mürgüləyirdi. Tez-tez səksəkəylə ayılıb ətrafına nəzər salırdı. Heç yazın gəlişini, fəsilllərin dəyişməsini istəmirdi. Dərin yuxuya getməyə çalışırdı. “Kəsəcəklərsə, məni yuxudaykən kəssinlər, nə ağrını hiss edim, nə də yerə sərildiyimi ağaclar görsün” düşünürdü.
Yaz gəlmişdi. Qışı tam yata bilmədiyindən gövdəsinə ağır yorğunluq çökmüşdü qovağın. Elə hey yuxulamaq istəyirdi. Amma bağdakı canlanma, gövdəsini qıdıqlayan yaz günəşinin ilıq şüaları buna imkan vermirdi. Halsız-halsız başını qaldırıb bağa boylananda tam fərqli ab-hava onu qəfil oyatdı. Keçən yaz özlərini ona göstərməyə çalışan, “yaraşıqlıdır” deyib onu dillərindən düşürməyən gözəlçə ağaclar indi baxışlarını cavan armud ağacına dikmişdilər. O, varlığına nifrət etdi. Dərin ah çəkib, baxışlarını bağdan ayırdı. Bu vaxt canında qəribə bir hərarət hiss etdi. Çopur üzüm tinginin ona necə sarıldığından xəbəri olmamışdı. Daha bir söz demədi, susdu. Onsuz da heç bir şeyin fərqi yoxuydu, həyat onun üçün artıq sönmüşdü. Bir müddət sonra gövdəsi boyunca ona sarılan üzüm tingi öz enli yarpaqlarıyla onu az qala görünməz hala saldı. Qovaq çopur tingin etdikləri anlamasa da, ona mane də olmadı.
Onun kəsiləcəyindən duyuq düşən iydə ağacları öz aqibətlərindən qorxurdular, çünki kəsilsə, onların üstlərinə yıxılacaqdı. Qovağa olan əvvəlki sevgi indi nifrətə çönmüşdü. Bunu qovaq özü də hiss eləmişdi.
Bağdakı hay-küy səslərindən yayın gəlişini anlamışdı. Amma üzümün enli yarpaqları ona bağdan meyvə daşıyan adamları görməyə imkan vermirdi. Yaxşı da ki, heç görmürdü.
Bir müddət sonra bağda adamlar seyrəldilər. Görünür, yayın sonları idi. Amma birdən-birə səs-küy yenidən çoxaldı. Həm də düz qovağın ətrafında. Diksindi, cəld yarpaqların arasından macal tapıb ətrafına boylandı. Ətrafındakı, əlində səbət tutan adamların onun qol-budaqlarından sallanan iri, şirəli üzüm salxımlarını dərməyə çalışdıqlarını görüncə gözlərinə inanmadı. “Necə yəni, adamlar meyvə üçün ətrafıma yığılıb?” Bəlkə, yuxu görür, ya da xəyal qurur, – deyə, düşündü. Amma yox, bu, gerçək idi. İçində naməlum bir hiss baş qaldırdı. Heç vaxt duymadığı bir hiss. Hə, bu əsl ağac hissiydi. Meyvələri toplanan ağac. Çönüb bağa, qoca gilasa, gözəlçə iydələrə baxdı. Onun hayqırtılı gülüşü bütün bağa yayıldı. Bağdakı ağaclar lal-dinməz ona baxırdılar. İstədi ona sarılan çopur tingi bağrına bassın, amma etmədi, buna üzü gəlmədi.
Daha kəsilməkdən qorxmurdu. Həm ağac sevgisi qazanmışdı, həm də insan.
Bir gün sübh tezdən üzüm ona daha möhkəm sarılaraq əsməyə başladı. Bu əsmə qovağın da bütün gövdəsini titrətdi. Aşağıda iki nəfərin danışıq səsləri eşidilirdi. Onlardan biri əlində elektrik mişarı tutub qovağı kökündən başına qədər süzürdü, o birisi isə taxta nərdivanı ağaca söykəyib üstünə çıxdı. Bu dəfə qovaq öz kəsilməyindən yox, ona sarılan, ona sevgi verən, onun başını uca edən çopurun aqibətindən qorxdu. Kəsiləcəyindən ona da xələl gələcəyini bilirdi. Öz ağac dilində qopardığı fəryadı – “Nolar, əvvəl üzümü ehmalca məndən ayırın, sonra məni kəsin” sözlərini adamlara çatdıra bilmədi. Sadəcə, astadan çopura “bağışla” deyə pıçıldaya bildi. Bağdakı bütün ağaclar bu mənzərənin tamaşasındaydı. Çoxunun canına qorxu düşsə də, diqqətləri qovaqla tingdə qalmışdı.
Nərdivanın üstünə çıxan adam əlində iki salxım üzümlə aşağı düşüb, salxımın birini yerdə mişar tutan adama verdi. Onlar üzüm yeyə-yeyə, bir-birinə sarılmış olan bu ağaclara nəzər salaraq bir qədər söhbət etdilər. Sonra nə fikirləşdilərsə, mişarı da götürüb çıxıb getdilər. Sonralar onlar ora yenə qayıtsalar da, daha mişarla yox, səbətlə qayıtdılar.
Beləcə fəsillər bir-birini əvəz etdi. Onlar birlikdə qol-budaq ataraq yaşlandılar. Qovaq çopuru düz başının üstünə – gövdəsinin ucuna qədər çıxartmışdı. Çünki onun yeri elə, həqiqətən də, ora idi.
Həmin o qara, çopur üzüm tingi nəinki qovağa, bağdakı bütün ağaclara sevgi dərsi, hörmət dərsi, həyatla mücadilə dərsi keçdi. O, qovağı tənədən, kəsilməkdən qurtarsa da, ona həyat, ucalıq bəxş etsə də, onu vicdan əzabından qurtara bilmədi.
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)
Gülcahan Əsgərova "Qələm tutan incə əllər"də
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Növbəti qələm sahibişair Gülcahan Əsgərovadır.
Qısa təqdimat:
Əsgərova Gülcahan Soltan qızı: 24 aprel 1970-ci ildə Lerik rayonunun Vamazqon kəndində anadan olmuşdur. Lerik rayonunda anadan olsa da 1975-ci ildən Cəlilabad rayonunun Muğan kəndində yaşayır.
1977-ci ildə Muğan kənd orta məktəbinə getmiş, həmin məktəbdən orta təhsil haqqında natamam şəhadətnaməsini aldıqdan sonra Cəlilabad rayonunun Prişib qəsəbəsi (indiki Göytəpə şəhəri) 108 saylı Texniki Peşə Məktəbinə daxil olmuş və burada Quşçuluq üzrə operatorluq ixtisasına yiyələnmişdir.
Gülcahan xanım orta məktəb illərindən etibarən poeziya sahəsinə həvəs göstərmiş və müxtəlif mövzularda bir sıra şeirlər yazmışdır. Onun şeirləri Azərbaycan və talış dillərindədir.
2001-ci ildən dövrü mətbuatda şeirləri çap olunur. Buna misal olaraq "Sözün işığı", "Asiman", "Yeni gün", "Region səs", "Münasibət" və "Aşkarlıq" kimi mətbu orqanları göstərmək olar.
Qələmə aldığı şeirlərinin bir hissəsi "Görəsən dünyanın anası kimdir?" adlı kitabında işıq üzü görmüşdür. Məlumat üçün qeyd etmək lazımdır ki, bu kitab 2014-cü ildə Cəlilabad rayonunda "Sözün işığı" mətbəəsi tərəfindən çap olunmuşdur.
Bədii ədəbiyyat nümunələri:
Gülcahan xanımın poeziya nümunələrindən aşağıdakı qəzəlləri təqdim etmək olar:
BİRGƏ BÖLƏK VARIMIZI
Yada saldım yenə də eşqidə şüarımızı,
Unutmusan gözəlim əhdilə ilqarımızı.
Çoxların tənəsinə tuş gəlirlk amma yenə,
Qoruyaq hörmət ilə ucalan vüqarımızı.
Tənhalıq cox pis olur sən ki bilirsən ey dost,
Seyrə cıx, bir arayaq sevgili nigarımızı.
Dolanıb dağ-dərəni sakit gəzək ovçu kimi,
Hay salıb qaçırmayaq görünən şikarımızı.
Xoş keçir rüzgarımız arzuların qanadında,
Bəd olub çərxi-fələk pozmasın rəftarımızı.
Ülvidir söz sənəti, mən də aşiqəm Gülcahan,
Bu yolda kaş nə ola birgə bölək varımızı.
NƏ VAR
Qəvvasım söylə mənə, üzdüyün dəryada nə var?
Çox şeyi gizli qalan, gördüyün dünyada nə var?
Nədən olmuş ürəyin eşq evinə, bunca düçar,
Edən usyan nə bilir,sirrili sevdadə nə var?
Tanrının vəsvidir o, rəsm eylədi göydə hilal,
Marağ almış bizi,çün gərdişi səmada nə var?
Adəm övladı ücün sirri olub təxdi Musa,
Etmiş icad onu kim, bir quru əsadə nə var?
Bax görün eşq evinin, atəşi pərvanəsinə,
Şəmiylər dövrəsində, yandıqca cəfadə nə var?
Soruşun Fərizədən İlhama sadiqliyini,
Cavabı oldu sual, aşiqə vəfadə nə var?
Düşünüb dərk eylədim adəmdə kamilliyini,
Görəsən Gülcahanın tutduğu məvvadə nə var?
Son olaraq doğma elimizin xanım şairi Gülcahan Əsgərovaya uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)


