Super User
Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Vüqar Nemətin “İnsan heç nəyə bənzəməz” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Kəleyberdə yaşayan Vüqar Nemətdir.
Vüqar Nemət
Kəleybər
İNSAN HEÇ NƏYƏ BƏNZƏMƏZ
İnsan heç nəyə bənzəməz yavrum mənim
Gülü, güldür
Tikanı, tikandır dünyanın.
Amma insan
Özünə belə bənzəməz.
Baxarsan
Adam kimi adam
Əl uzadsan yanar əllərin
Yaxınlaşsan ürəyin üşüyər!..
Qış, qışdır
Yaz da yazdır, bilirsən.
Yaz
İnsan heç nəyə bənzəməz mənim gülüm
Hər şeyə bənzədiyi kimi!..
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
MARAQLI SÖHBƏTLƏRdə Stalinlə bağlı gerçəklər
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1.
Nikita Xruşşov Stalindən sonra hakimiyyətə gəlincə, Stalinin cinayətləri haqqında məşhur çıxışlara başlayır, çıxışların birini edərkən, zaldan kimsə qışqırır:
-Yoldaş Xruşşov, bu qədər günahsız insanlar öldürülərkən bəs siz harada idiniz?
Xruşov sakitcə zala baxaraq soruşur:
-Bunu kim dedi, ayağa dursun!
Zalda böyük sükut yaranır və heç kəs qalxmır. Belədə Xruşov deyir:
-Hə, qorxursunuz? Mən də beləcə, sizin kimi qorxurdum.
2.
Bir dəfə Stalin Plan komissiyasının sədri Baybakovla söhbət zamanı deyir:
-Nazirin gərək öküz kimi möhkəm əsəbləri olsun.
Stalinin işgüzar söhbətlərdə yaltaqlığı sevmədiyini bilən Baybakov ona etiraz edir:
-Yoldaş Stalin, yalnız korridada öküz əsəbi və hirsli olur!
Stalin gözlərini qıyaraq, qəlyanını ehmalca onun çiyninə vura-vura deyir:
-Yoldaş Baybakov, əgər sizi həmin o öküz kimi iki gün, iki gecə ac və susuz qaranlıq tövlədə saxlasalar, sonra da neçə min tamaşaçının qabağına buraxıb, dörd bir tərəfdən bizləməyə başlasalar, siz əsəbi olarsınız, ya yox?!
3.
Ukraynanın kənd təssərüfatı komissarını hesabat vermək üçün Kremlə dəvət edirlər. O, Stalinin qəbulunda soruşur:
- Yoldaş Stalin, ətraflı məlumat verim, yoxsa qısa?
Stalin cavab verir:
- İstəyirsən ətraflı danış, istəyirsən qısa məruzə et, bu sənin öz işindir. Ancaq nəzərinə çatdırıram ki, sənin cəmi üç dəqiqə vaxtın var.
4.
Stalin eşq yaşadığı dul qadın Matrena Kuzakovadan olan oğlunun adını Konstantin qoymuşdu.
Konstantinin Stalinin oğlu olması onu 1947-ci ildə həbsdən xilas edib. “Atom casusluğu”nda ittiham olunan Konstantinin adı Beriyanın hazırladığı günahkarlar siyahısında olsa da, o həbs olunmayıb.
5.
Stalinin yaxın münasibətdə olduğu insanlardan biri olan Papanin özünə ikimərtəbəli dəbdəbəli bağ evi tikdiribmiş. Papaninin bu “qudurğanlığı” dərhal Stalinə çatdırılmışdı və o, bu dəbdəbəni öz gözləri ilə görmək istəmişdi. Bunun üçün özünə xas olan hiyləyə əl atmışdır. Rəsmi görüşlərin birində Papanini yanına çağıraraq demişdir:
-İvan Dmitriyeviç, axı siz qonaqpərvər adamsınız, bəs məni niyə bağınıza qonaq çağırmırsınız?”
-Mən buna xoşbəxt olardım, yoldaş Stalin, lakin Siz elə məşğulsunuz ki...-deyə Papanin əl-ayağa düşmüşdür.
Ertəsi gün Stalin ev sahibinun müşaiyəti ilə dinməzcə bağı gəzdi, hər iki mərtəbəni nəzərdən keçirdi və bir söz söyləmədən, qaşqabaqlı maşının yanına qayıtdı və əyləşərkən bunu dedi:
-Əla bağdır.Yaxşı uşaq bağçası olardı.
Papanin arif adam idi. Artıq, ertəsi gün səhər bütün sovet mətbuatı qütbçü Papaninin öz bağını sovet balalarına hədiyyə verməsindən yazırdı.
Mənbə: Hikmət Akademiyası
“Ədəbiyyat və incəsənət”
(27.09.2025)
Anar, “Bakı küçələri”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
BAKI KÜÇƏLƏRİ
Bakının küçələri –
Ömrümün gündüzləri, ömrümün gecələri.
Bir-birinə calasan – ömrümün yolu olar.
Ötüb keçən günlərlə
Lim-həlim dolu olar.
O küçənin tinində
Sevgilimlə ilk görüş,
İlk nəvaziş, ilk öpüş.
Atamın tabutunu, anamın tabutunu
Çiynimdə apardığım
Küçələrin matəmi.
Dostların təsəllisi,
Dərdlərimi ovudan
İllərimin məlhəmi.
Harasa tələsdiyim, harasa gecikdiyim
İş yerin dəyişdiyim,
Kimnənsə deyişdiyim
Təsadüfi görüşün
Qəfil sevincdən payı
Qarlı, sazaqlı qışı,
Yandırıb yaxan yayı.
Belə deyib babalar:
“Hər aşığın dövranı var”.
Görünür, hər küçənin
Özünün novrağı var.
Küçələr də dəyişir,
Bir gün qeyb olur, itir
Ağaclar da quruyur,
Təzə ağaclar bitir.
Yadlaşmış küçələrdə
Göydələn binaların
Günü örtür kölgəsi.
Yabançı danışığın,
yabançı musiqinin
qulağımda yad səsi.
Küçələr də təklənir,
küçələr də qocalır.
Mənə elə gəlir ki,
Şəhərimin bu günü
Dünənindən öc alır.
Tanış küçələrin də
indi adı başqadır.
Həyatın dadı qaçıb,
Ya da dadı başqadı.
Küçələrdən keçdikcə
Ayaqlarım yorulur.
Küçələrdəgəzmək də
Hər gün daha zor olur.
Son dəfə küçələrdən çiyinlərdə gedəcəm,
Bilməm neçə yaşımda.
Kim bilir, bəlkə qaldım
Bir köhnə küçənin də
vəfalı yaddaşında…
10 oktyabr 2010
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
DAŞLARIN NAĞILI
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Kimdir başlığı oxuyub “Daşların da nağılı olar?”, - deyən!? Niyə olmür ki?! “Daşdəmirin nağılı” ola bilir, daşların nağılı ola bilmir?! Daşların o qədər nağılı var ki! Günlərlə dinləsən, qurtarmaz. Amma mən o nağılları danışmayacam sizə. Daşlar haqqında öz nağılımı danışacam. Əfsanəvi yox, daha çox realist nağıllardan olacaq mənim nağılım. Ola bilsin ki, ara-sıra qarışdırdım. Amma siz bənd olmayın, ötüb keçin. Yazının janrını müəyyənləşdirmək də sizə qalıb. Mən onu nağıl adlandırdım. Nə isə, keçək nağılımıza və ənənəvi qayda da başlayaq.
Deməli, biri varmış, biri yoxmuş torpaq olan hər yerdə çoxlu daşlar varmış. Hələ də var. Bizim kimi onların da anası torpaqdır. “Doğma torpaq” dediyimiz torpaq. Daşların bir hissəsi anaları torpağın qoynuna sərələnmiş, əbədi sükuta qərq olmuşlar. Sanki yorğunluqdan daş kimi düşüb yatıblar. Lap bar gətirmiş daş zəmisinə bənzəyirlər. Biz bu zəminin barını-qəribə, cürbəcür böyüklükdə, cürbəcür rəngdə və formada olan daşları hər gün görürük.
Amma görə bilmədiklərimiz də var. Çünki çoxu hələ analarının bətnindədir, işıqlı dünyaya gəlmək üçün gözləyirlər. Amma hamiləlik dövrü bizdəki kimi doqquz ay yox, min, milyon illər çəkir. “Doğuşları” qorxulu nağıllara oxşayır, çox böyük nərilti, gurultu qopararaq gəlirlər. “Mamaçaları” əsasən zəlzələ, vulkan, partlayış, tufan, uçqun, sel, daşqın, daha nə bilim nələr olur. Bax, belə hay-küylə dünyaya gəlir, özlərini tanıdandan sonra ad alırlar. Yaşamağa, işə-gücə yarımağa başlayırlar. Amma yaman çox yaşayırlar, çox uzun ömürlü olurlar. Təsadüfən “ölürlər”. Elə bil ki, “Ölməz Kaşşey”dirlər.
Vətənləri göylərdən başqa, torpaq olan hər yerdir. Axı, onları torpaq “doğur”. Birdə ki, “göy üzü daş saxlamaz” ki. Nə qədər yuxarı qalxsalar da, yenə torpağa düşürlər-analarının qucağına qaçırlar.
Yurd yerləri həm bizim qalaktika, həm də bizə məlum olmayan qalaktikalardır. Məmləkətləri bizimkindən milyon dəfələrlə böyükdür. Məskənləri təkcə torpağın üstü deyil, həm də onun ən dərin qatları, okeanların dibi, dağların ən uca zirvələridir. Biz olmayan və ola bilməyən hər yerdə onlar var.
Çox, amma çoxxx yaşlıdırlar, ey. Nəinki əcdadlarımızdan, onların ulu babalarından da əvvəl var olublar. Əcdadlarımızın əcdadlarının dünyaya gəldiyi günü bilirlər. Şairin söylədiyi kimi, “İnsan yoxkən daşlar olub, yer üzünün vətəndaşı”.
Peyda olduğumuz gündən bizi çox istədilər. Bütün digər varlıqlardan çox istədilər. Hamımıza eyni gözlə baxdılar. Heç rəngimizin, cinsimizin, dilimizin və dinimizin fərqli olmasına da bənd olmadılar. Öz evlərində - mağaralarında ulularımıza sığınacaq verdilər. Əcdadlarımızı məhv olmaq təhlükəsindən xilas etdilər. Düşmənlərdən, vəhşi heyvanlardan, soyuqdan, istidən qorudular onları. Mərdlik, dözüm və cəsarət öyrətdilər, M.Araz demişkən, yaşamaq üçün “daş ayaqlı, daş əlli” olmağa məcbur etdilər.
Top, tank, qrad mərmilərinə dönüb düşmənə atılan daşlarımız oldular. Qaraca Çobanın üç yaşar dana dərisindən olan, hər atanda on iki batman daş atan sapandına yoldaş oldular, mələküzlü Şeytana atılmalarına belə etiraz etmədilər. Bu daşlar, daş nizələr və oxlar dəyən düşmənlər “daş dəymiş ayı kimi bağraraq” qaçdılar, ya da cəhənnəmə vasil oldular.
Bizim üçün elədikləri bunlarla qurtarmadı. Xəstələnəndə dərdimizə dərman da oldular. Öz sehrli güclərini işə salıb ölməyə qoymadılar bizi. Əsəb xəstəliyi olanlarimiz zümrüd daşı gəzdirdilər. Özünə qapananlarımız yaqut və sapfir taxdılar. Ürək tutması olanlar mirvarıdən, zəhərlənənlər zümrüddən, baş və göz ağrısından əziyyət çəkənlər kvarsdan ikiəlli yapışdılar. Malaxit onları kədərdən, qəmdən uzaqlaşdırdı, keçmişlə bağlı peşimançılıqlarını unutdurdu. Qanaxmanı dayandırmaq, xərçəngi müalicəsi etmək üçün opal daşından,qorxu hissi yaşayanlar yaqut, yaşıl, sarı və adi sapfirdən, doğuşunəziyyətsiz keçməsi üçün təbii aqat ametisdən yararlanmağa, 12 xəstəliyin dərmanı olan firuzədən və s. istifadə etməyə başladılar. Dahi təbib İbn Sina kəhrəbanın köməyi ilə dabanlardakı çatlardan başlayaraq böyrək daşlarına qədər bir çox xəstəlikləri müalicə etdi. Nəsirəddin Tusi isə kəhrəbanın tozunu çaya və ya suya qataraq içməyi məsləhət gördü.
Mirvari müdriklik gətirdi, zümrüd bədəni və ruhu təmizlədi, gül rəngli kvars sevgi yaratdı, qara almaz və şələ daşı cəsarət oyatdı. Əqiq daşı Peyğəmbəri “Əqiq qaşlı üzük taxın. Nə qədər ki bu üzük barmağınızdadır, qəm-qüssədən, bəd nəzərdən, pisliklərdən uzaq olarsınız”, - deməyə məcbir etdi. Bu gün də daşlarla müalicə - litoterapiya davam edir. Onu bəzən XXI əsrin təbabəti də hesab edirlər.
Yenə bitmədi. Daşlardan qalalar, qəsrlər, qüllələr, türbələr, heykəllər ucaltdıq. Kəndlər, şəhərlər saldıq, yollar çəkdik, səkilər, pilləkənlər qurduq, evlər tikdik. İndi də tikirik. Hələ çox illər də tikəcəyik. Çünki həsrətlə divarlara qoyulacaqları günü gözləyən gözəl daşlarımız çoxdur.
Elədikləri bunlarla da qurtarmadı. Bir vaxtlar ulu babalarmız öz keçmişlərini “daş fırçayla daşlara çəkib”lər. Tariximizin şahidi olan həmin daşlar əcdadlarımızın tarixini qasid kimi günümüzə çatdırıblar, hələ də çatdırırlar. Çox vəfalı və etibarlıdırlar. Min illər bundan əvvəl əcdadlarımızın onlara əmanət etdiklərini olduğu kimi əmanətçilərə yetirirlər. Bu gün Göytürk (Orxon-Yenisey), Qlozel, Saymalı, Qobustan-Gəmiqaya, daşdan yapılan daşbaba, daşnənə, bəngüdaş, daşat, daşqoç kimi plastik daş fiqurlar və yer kürəsinə səpələnmiş minlərlə digər kitabələr türkün daş yaddaşına çevrilərək, tariximizə güzgü tutur, onu dananların başına daş kimi düşür. Həmin daş kitabələr nələrdən xəbər vermir, nələrdən…”Daşlaşan, torpaqlaşan ulu babalarımız” nə çətinliklərdən keçiblərmiş, nə qəhrəmanlıqlar göstəriblərmiş! Nə gözəl öyüd, nəsihət göndəriblər bizə! Bizlə babalarımızın dilində danışan, şanlı tariximizi bizə yenidən yaşadan, ulularımızın öyüdlərini günümüzə çatdıran daşlara, daş kitabələrə eşq olsun! Əbədi olsunlar! Yaşasın daş-insan dostluğu!
Daşların etdiklərini saymaqla qurtarmaz. Çörəyimizin unu üçün dəyirman daşı da oldular. Ta nə etsinlər bizim üçün daşlar?! Bir sözlə, yarandığımız gündən daş bizimlə bir yerdədir, bizə sadiqdir, bizə gərəkdir.
Bəs biz daşlar üçün nə etdik? Biz də az şey etmədik onlar üçün. Çox sevdik onları, ən azı onlar bizi sevən qədər. Hələ səmavi dinlər yaranmamışdan əvvəl öz Allahlarımızı və totemlərimizi daşdan yapdıq. Onları ziyarət daşı edib, yanaqlarından öpdük. O qədər sevdik ki, əzizləyə-əzizləyə vətən, qarın, soy, silah, yurd, sirr kimi sözlərimizə qoşub özümüz kimi vətəndaş (vətən daşı) adlandırdıq, özümüzə qardaş, soydaş, silahdaş, yurddaş, sırdaş hesab etdik. Bizə ad qoyduqları kimi, biz də Dədəm Qorqud sayağı “elədikləri qəhrəmanlıqlara” uyğun olaraq onlara ad qoyduq: elçi daşı, çəki daşı, qaval daşı, fəlsəfə daşı, sevgi daşı, uğur daşı, böyrək daşı, övlad verən daş, dekorativ daş, daş kitabə, dəyirman daşı, çaxmaq daşı, mişar daşı, çay daşı, cadu daşı, sehirli daş, ziyarət daşı, qara daş …və baş daşı.
“Balalarını” onlardan ayrı düşməyə qoymadıq. Hə, hə, balalarını. Uşaq vaxtı nəhəng boz, girintili-çıxıntılı daşları ata, bir az kiçik, sığallı və çox gözəl görünən daşları ana, ətraflarına səpələnmiş kiçik daşları onların uşaqları hesab edərdik. Böyüklərimiz bizə demişdilər ki, o balaca daşları yekə daşların yanından uzağa atan da onların anaları ağlayır, qarğış edirlər. Ona görə bir az uzağa düşən daşları “valideynlərinin” yanına toplayaqdıq ki, ata-analarından ayrı düşüb “ağlamasınlar”. Ağlamamaqları üçün hətta onlarla “Beşdaş” da oynayırdıq.
Daşa sevgimizdən, məftunluğumuzdan alpinist də olduq. Çılpaq, sal daş qayalara dırmaşıb, onların ismətli qızlar kimi bizdən gizlətdikləri başqa gözəlliklərini də gördük, yenidən valeh olub, vurulduq onlara. Onlara o qədər aşiq olduq ki, şair demişkən, bircə insan düşüncəmizi saxlayıb, taleyimizi daş qayaların taleyinə bağlamaq istədik. “Gəlin qayası”ndakı kimi. Bəzən daş olmaq ürəymizdən keçdi. Sevgililərimizin keçdiyi yollarda “bir daş olmağı” (Ə.Cavad) arzuladıq. Bəzən də özümüzü vətən daşına tay tutub dedik ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”.
Daşları o qədər sevdik ki, onları baş tacımızın, üzüyümüzün, sırğamızın, boyunbağımızın qaşı elədik, başımıza qoyduq, barmağımıza, qulaqlarımıza taxdıq, boynumuzdan asdıq. Bu daşlar üstümüzdə olduqca qürurlandıq, özümüzü dünyanın ən varlı adamı sandıq, lovğalandıq hətta.
Daş sözü dilimizin əzbəri oldu. Yaxşı və ya pis olan çox şeydə o sözdən istifadə etdik. Dərdimizi daşa danışıb yüngülləşdik. Dedik ki, “Dərdimi daşa dedim, daş əridi”. Pis adamlara, yaramaz iş görənlərə qarğış edəndə “Səni görüm daşa dönəsən”, “Başına daş düşsün”, “Yolundan daş əskik olmasın”, alqış edəndə “Daş kimi möhkəm ol”, “Daş kimi sağlam ol”, “Daş kimi ol” söylədik. Sirlərimizi qorumaq üçün “Bir daş altda, bir daş üstdə” deyib keçdik. İnsanları birliyə və həmrəyliyə səsləyəndə düşündük ki, “Daş daşa söykənər-divar olar”. Özünə adi umac ova bilməyənlər haqqında “Kəsək oturub daşın gününə ağlayır”, peşimançılıq çəkənlərə “Daldan atılan daş topuğa dəyər” dedik. Yorulub ağır yatan adama “Daş kimi düşüb”, daş ürəkliləri görəndə uzümüzü Yaradana tutub “Daş qəlbli insanları neylərdin, İlahi” söyləmirikmi!?
Daşı əbədilik rəmzi bilib, daşişləmə sənəti icad etdik. Oxşaya-oxşaya onların üzərində sənət əsərləri yaratdıq. Daşların hesabına çapma alətləri ilə qaşov, iskənə, biz və bıçaqlar, hörmə texnikası ilə bənnalıq, daşyonma, şəbəkəçilik, həkkaklıq meydana çıxardıq. Daşlardan daş heykəllər düzəltdik, onların üzərində qrafik yazılar yazdıq, həndəsi və nəbati naxışlar çəkdik. Daşların köməyi ilə tariximizi gələcəyə daşıdıq. Bu daşlar əsrlərdən keçdi, gəldi. Qədim milli-mənəvi dəyərlərimizi təcəssüm etdirdilər.
Daşı müqəddəs sayıb daş kultu oluşdurduq. Onlar haqqında “Daş qız”, “Yada daşı”, “Elçi daşı”, “Oğlanqız daşı” kimi əfasanə və rəvayətlər, “El atan daş dağdan aşar”, “Dağın yaraşığı daşdır, insanın yaraşığı başdır”, “Keçmişinə daş atanı gələcək topa tutar” kimi atalar sözləri, “Daş üzük” və “Daş paltar” kimi nağıllar və “Ergenekon” kimi dastanlar, çoxlu bayatılar və şeirlər (Ə.Kərim: “Daş”, M.Araz: “Daş harayı”, M.Yaqub: “Daş”, A.Cəmil:”Daş haqqında düşüncələr”, R.Rövşən: “Göy üzü daş saxlamaz” və s.), mahnılar (“Ay bəri bax, bəri bax!” və s.) düzub qoşduq.
Tarixən nəhəng və iri sal qayalıqların, daşların olduğu yerləri müqəddəs saydıq. Bu daş qayaları və dağları qayınata-qayınana hesab edib, onlara baxanda hörmət və etiram əlaməti olaraq başımıza papaq qoyduq, yaylıq bağlayıb, yaşmaqlandıq.Daşa sığınmaq, daşdan istifadə etmək sonralar düşüncələrimizdə daş pirlərin, ziyarətgahların yaranması ilə nəticələndi. Həmin pirlərə inandıq, onlara güvəndik, ümidlə ziyarət etdik. Oğuzun Kərimli kəndindəki övlad verən daş ziyarəti (“Qoşa qardaş”) kimi.
Daşlara olan sevgimiz bəzən acgözlüyümüzə də səbəb oldu. Hamısı mənim olsun deyib, kəndləri, şəhərləri viran qoyduq, insanları soyub-taladıq. Onları məhv etdib, xəzinələrimizi həm də qiymətli daşlarla doldurduq. Nənəmiz Nüşabənin İskəndərə dedikləri də bizə dərs olmadı. Anlamadıq ki, daş yerində gözəldir. Heç kəs onu özü ilə o dünyaya apara bilməyib, bilməyəcək də.
Daş sevgimiz yaşayır, insanlar olduqca da yaşayacaq. İşə bax ki, daşları o qədər çox istəyirik ki, öləndə də onlardan ayrılmaq istəmərik, özümüzə baş daşı etdirik. Onlar da istəyimizi yerə salmayıb, bizim cismən mövcud olmadığımız dövrdəki kimliyimiz olurlar. Bir zamanlar var olduğumuzun, elədiklərimizin, təvəllüd və vəfat tarixlərimizin sübutuna, qəbrimizin ünvanına çevrilirlər.
Nağılımız başa çatmaq üzrədir. Amma indilik göydən üç alma düşməyəcək. Çünki daş-insan dostluğu və yardımlaşması davam edir. Bir teluqu atalar sözündə deyildiyi kimi, daşın və insanın taleyini qabaqcadan demək olmaz. Hələ çox şeylər ola bilər…
Sizlərə isə yeməli alma əvəzinə, daş kimi möhkəm və sağlam olmağı arzulayıram.
Qoy həyat yolunuz həmişə daşsız-kəsəksiz olsun! Yolunuza heç vaxt daş çıxmasın! Özünüz də düşmənlərimizdən başqa, heç kəsin yolunda daş olmayın!
Amma hər şeyə rəğmən Vətən daşını sevin, o bir parça daş da Vətəndir. Qürbətə düşəndə həmin o kiçicik daş üçün də burnumuzun ucu göynəmirmi!?
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Rəşad Məcid, şeirlər
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
RƏŞAD MƏCİD
ŞUŞA SEVGİSİ
(“Şuşa dəftəri” silsiləsindən)
Süzülür dan yerindən tarixlərin işığı –
Dahilər şəhərinin işıqdı yaraşığı!
Şəninə dastan yazır,
söz qoşur haqq aşığı,
Əcdaddan paydı, deyir,
qoca Şuşa sevgisi!
Azərbaycan əsgəri...
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!
İslanıb hər qarışı şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Çox da qıvrılır yolu;
yol piyada, can atlı!
Ün yetməz zirvəsinə çox nəsillər can atdı...
Adında qoşa heca – sanki qoşa qanaddı
Qopmuş körpə dilindən
qönçə Şuşa sevgisi!
Məlhəmdi çiçəkləri, bulaqlar loğmanıdı,
Heyrət çökən dərələr ucalıq heyranıdı!
İndi onu cahana prezidentlər tanıdır;
Tarix görməyib əsla
bunca Şuşa sevgisi!
Qalxır hünərli şəhər, olur qızıl dirəkli
Daş deyil hörülən daş məhəbbətdi, ürəkdi!
Çağlayan sevgilərin ilham mənbəyi təkdi –
Ali Baş Komandanın uca Şuşa sevgisi!
ŞUŞA HAVASININ SİRRİ
Ləzzət kimə təndi,
dərd kimə tuşdu;
Biri səs qaynadır,
biri lal kimi?!
Şuşanın havası hamıya düşmür,
qismət bölünsə də sovqat bal kimi.
Hamının üzünü eyni meh öpür,
Hamının qanadlı beşiyi eyni.
Xəzinə, Daşaltı, Kirs dağı – o pir,
Cıdır düzü adlı beşiyi eyni!
Bəlkə not yazılıb hər çiçək üçün –
Neyləyək sirrini bilək torpağın?
Səsi, havacatı cücərtmək üçün
münbit olmalıdı ürək torpağı?!
Göyünmü, yerinmi töhfəsidir səs,
bilənlər var imiş bəlkə əskidən?
Kaş ki, sağ olaydı – biz bilən əbəs,
sorardıq Firudin Şuşinskidən!
Burda torağayın, burda bülbülün,
hər otun çiçəyin öz nəğməsi var.
Adam var oxumaq onunçün zülüm,
di gəl ki, bulağın, çayın səsi var!
Hava öz yerində, su öz yerində,
Qocaman muğamat qədimi oddu.
Allah vergisinin kökü dərində,
səsi nizamlayan ilahi koddu!
ŞUŞADA ADAMLAR
Gözlər seyr etməkdən yorulan deyil,
yeri, “Güllü bağ”dan milyon dəfə keç.
Könül qanad çalır, uçur elə bil
elə bil ayaqlar yerə dəymir heç!
Kim kimi görürsə,
nə xoşdu, - deyir,
Adam uca boylu, inadlı olur.
Yolları enişdi, yoxuşdu deyin
Şuşada qonaqlar qanadlı olur!
CIDIR DÜZÜNDƏ DAN ÜZÜ
Günəşin doğulmağına
Cıdır düzündən baxmaq...
Dağların arxasından,
qıpqırmızı səmadan
haçan görünər deyə
Gözünü
dan yerindən ayırmamaq,
Qaynar təndirdən çıxan
imisti çörək kimi
əlini Günəşə sarı uzatmaq,
Ovcunu,
barmaqlarının ucunu
yandıran Günəşin
Qırağından bir loxma kəsmək...
Və təzə çörək kimi
burnunun ucuna tutub
qoxulamaq Günəşi.
Xülyalara qapılmaq,
böyümək,
ucalmaqdı,
Tanrı dərgahının
varlığına inanmaqdı
Cıdır düzündə durub
Günəşin doğulmağına baxmaq!
ŞUŞAYA GETMƏK
Yollar ağır, cığırlar dik, sıldırım çətin,
Qaya-qaya igidlərin tək adı – MƏTİN!
Şəhid düşən ərənliyin, məğrur qeyrətin
pak ruhunu ziyarətdir Şuşaya getmək!
Demə vətən Şirin imiş, Fərhadmış insan,
Lap ölsə də, haqq yolundan dönməz qəhrəman!
Qayaları al qan ilə yazılı dastan,
tükənməyən fəxarətdir Şuşaya getmək!
Hər qarışı qədim tarix, müqəddəs yaddaş,
Dərələri dərin fikir, yamacı sirdaş!
Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,
Qəlb qızdıran hərarətdi Şuşaya getmək!
Xarıbülbül sevdasına tutuşmaqdımı?
Saf havayla, nur yağışla qatışmaqdımı?
Yaradanın dərgahına yetişməkdimi,
Ya cənnətə səyahətdi Şuşaya getmək?
Büllur kimi yanır par-par göyə, yerə bax!
Pərvanəsi olana bax, səməndərə bax!
Cıdır düzü bələnibdi nəğmələrə, bax,
Çal-çağırlı səadətdi Şuşaya getmək!
Dahiləri yetişdirib suyu-çörəyi,
Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.
Bəstəsinə təzim üçün Üzeyir bəyin
Sidq-ürəkdən ibadətdi Şuşaya getmək!
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 26. Vərdişlər kompleksi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
26.
VƏRDİŞLƏR KOMPLEKSİ
Mütaliə mədəniyyəti həmçinin kitabla iş prosesində vərdişlər kompleksidir. Bəs bura nələr daxildir?
• kitabın mövzusunun seçilməsi;
• mənbələrdə düzgün istiqamətlənmək bacarığı;
• mütaliədə sistemlilik və ardıcıllıq, konkret kitabın seçilməsi;
• oxuduğunu mənimsəmək və kitabın məzmununu dərk etmək;
• əldə edilmiş informasiyanı təcrübədə tətbiq və istifadə
etmək, informasiyanı biliyə çevirmək;
• kitaba, dövri və ardı davam edən nəşrlərə qayğı ilə yanaşmaq;
• kitabla işin düzgün təşkili, gigiyenik qaydalara əməl edilməsi və s.
Növbəti: 27.Abituriyentin uğur formulu
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
“SANDIQ” – Milli Ruhun Yenidən Doğuluşu
Rəqsanə Babayeva,
Rejissor,yazıçı, Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru,"Gənclik"xalq teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün
“Sandıqdan çıxan ruh”
Bir sandığın qapağını açanda oradan təkcə parçalar yox, əsrlərin səsi, nənələrin xatirələri, xalqın yaddaşı çıxır. “SANDIQ” studiyası da belədir – sandıqdan çıxan milli geyimlər bu günün gənclərinə milli kimlik aşılayır.
Hər tikmə, hər naxış, hər rəng bir dastan danışır. Burada geyim geyinən insan sadəcə bəzənmir – o, bir dastanın qəhrəmanına çevrilir. Aşıq olur, sevgi eşidir, milli dəyərlə nəfəs alır.
“SANDIQ” bir muzey deyil, yaşayan bir məkandır. Burada geyim – əşya yox, mədəniyyətin toxumasıdır. Və bu toxuma əlvan naxışlarla gələcəyə ötürülür.
Gənc dizayner-modelyer Gülüş Aslanlının layihəsi əsasında Beyləqan rayon Mədəniyyət mərkəzində açılmış “Sandıq” – milli geyimlər studiyasının fəaliyyətin çoxşaxəli spektri vardır.
Bu interyer detallarının fonunda “SANDIQ”ın missiyası daha aydın görünür. Studiyanın fəaliyyəti yalnız geyim tikməkdən ibarət deyil. Burada:milli geyimlər hazırlanır, satılır və icarəyə verilir,xüsusi sifarişlə bədii layihələr üçün kostyumlar tikilir,geyimlərin restavrasiyası aparılır,foto və video çəkilişlər təşkil olunur,təlim və seminarlarla gənclər öyrədilir.
“SANDIQ” Milli Geyimlər Studiyası milli yaddaşın sandığıdır. Onun divarındakı təsvirlər – nar, buta, kəlağayı, od, papaq, ağ və qara rəngin kontrastı – xalqın mədəniyyət fəlsəfəsini simvollaşdırır. Onun fəaliyyət spektri isə bu fəlsəfəni yalnız qorumaqla yox, həm də gələcək nəsillərə ötürməklə məşğuldur.
Bir divar rəsmi bu qədər sirr daşıyırsa, studiyanın özündə neçə-neçə gizli xəzinələrin, milli incəliklərin yaşadığını təsəvvür etmək çətin deyil. “SANDIQ” – milli ruhun yenidən doğuluşu, xalq yaddaşının müasir təqdimatıdır.
Bir studiyanın divarında bir təsvir – əlində nar tutan qadın. İlk baxışda sadə bir rəsmdir. Amma diqqətlə baxdıqda onun arxasında bütöv bir fəlsəfə, milli mədəniyyətin dərin qatları, əsrlərin simvolik dili gizlənir. Bu qadın təkcə bir obraz deyil – xalqın yaddaşıdır, onun ruhunu daşıyan anadır. Qadının əlindəki nar isə həyatın, bolluğun, sevginin, dirilişin rəmzi kimi gözümüzün önündə parlayır.
Narın sirri – əsrlərin dərinliyindən gələn simvol
Nar təsadüfi seçim deyil. Bu meyvə əsrlər boyu müxtəlif xalqların mif və dini mənbələrində müqəddəs sayılıb. İkinci əsrin səyahətçisi Pausanias narın hekayəsini “müqəddəs sirr” adlandırmışdı.
Türk düşüncəsində nar cənnətin nişanəsi, məhsuldarlıq və sevgi simvoludur. Nağıllarda övladsızlara uşaq bəxş edən sehrli meyvə, qəhrəmanlara güc verən sirli qüvvədir.
İudaizmdə narın 613 tumu Tövratın 613 əmrinə işarədir.
Xristian ənənəsində nar İsanın iztirabları və dirilişi ilə bağlanır; Leonardo da Vinçinin və Botticellinin dini rəsmlərində Məryəmin əlindəki nar bu ideyanı daşıyır.
İslamda nar Quranda üç dəfə çəkilir – Allahın yaratdığı gözəl meyvələrdən biri və cənnətin əlaməti kimi.
Çin mədəniyyətində nar məhsuldarlıq və çoxsaylı nəslin simvoludur.
Azərbaycan folklorunda isə nar tapmacaların cavabında, dastanlarda sehrli qüvvə kimi, xalq şənliklərində bolluq rəmzi kimi çıxış edir. Gəlinlərin cehiz sandığında kələğayı ilə yanaşı nar təsvirli parçalar, evlərin divarlarında isə bolluq arzusu ilə nar rəsmləri olub.
Buta – eşqin və əbədiyyətin işarəsi
Qadının gözlərinin üzərində əks olunan buta naxışı da təsadüfi deyil. Folklorda buta ulu əcdadlarımızın kosmoqonik düşüncəsinin daşıyıcısıdır. O, suyun, odun, həyatın başlanğıcını simvolizə edir.
Nağıllarımızda aşiqə “buta verilməsi” eşqin ilahi nişanıdır. “Kitabi-Dədə Qorqud” dastanlarında buta qəhrəmanlara şairlik, aşıqlıq, müdriklik bəxş edir. Aşiqin “eşq şərbətini içməsi” buta almaqla başlayır. Bu seçilmişlik, əslində, millətin sevgi fəlsəfəsinin mərkəzində durur.
Kəlağayı – qadın zərifliyi və milli dəyərin qoruyucusu
Qadının başındakı örtük – kəlağayı – Azərbaycan qadınının həm gözəllik, həm də namus simvoludur. Onu sandıqlarda qoruyub saxlayan analarımız bu parçaya sadəcə geyim kimi yox, müqəddəs əmanət kimi baxıblar.
2014-cü ildə kəlağayı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Buta naxışının ən çox işlənən motiv olması isə təsadüfi deyil: buta qadının başını bəzəyən ipəkdə həm sevginin, həm də milli kimliyin işarəsi olaraq yaşayır.
Kəlağayı ilə bağlı adətlər də olduqca maraqlıdır: gəlin köçən qızın başına ağ kəlağayı örtülər, gəlin arabasının qabağına kəlağayı bağlanardı. Döyüşən kişilərin qarşısına qadın baş örtüsünü atarsa, mütləq sülh yaranardı. Bu ipək parça, əslində, qadının gücünün və cəmiyyətin ona verdiyi hörmətin ifadəsidir.
Rənglərin fəlsəfəsi
Qadının geyimindəki ağ rəng saflığın, təmizliyin, uğurun simvoludur. Ağ rəng həm də Tanrıya yaxınlıq nişanəsi sayılıb. Bu səbəbdən ağ gəlinliklər qədim dövrlərdən indiyədək gəlinlərin ən önəmli geyimi olub.
Kişi obrazındakı qara rəng isə aristokratiya, təcrübə, güc və ciddiyyət simvoludur. Qara – torpağın məhsuldarlığı, döyüş sənətlərində yüksək rütbə, həyatın dərinliyi deməkdir. Ağ və qaraya birlikdə baxanda insan həyatın kontrastlarını görür: paklıq və təcrübə, saflıq və güc.
Kişinin geyimindəki yaşıl rəng isə ümid və təravətin, barış və əməkdaşlığın işarəsidir. Bu rəng Venera planeti ilə bağlılıqda sevgini, Çində isə cavanlığı və gözəl həyatı tərənnüm edir.
Od – xalqın müqəddəs ocağı
Divar rəsminin başqa bir detalı – od. Azərbaycan “Odlar Yurdu” adlanır. Tarixən and içəndə “od haqqı” deyilirdi, Novruzda tonqallar alovlandırılırdı. Oğuzlar bir-birinə xəbər çatdırmaq üçün dağ başlarında od yandırırdılar.
Od həm müqəddəs güc, həm də həyatın başlanğıcıdır. Elə bu səbəbdən “SANDIQ”ın divarında od təsviri yalnız dekorativ element deyil, milli kimliyimizin ən qədim qatlarının bədii ifadəsidir.
Papaq – kişinin ləyaqət nişanı
Kişi obrazında ən diqqətçəkən detallardan biri papaqdır. XX əsrin əvvəllərinə qədər papaq yalnız baş geyimi deyil, həm də ləyaqət, şərəf və kişilik nişanı idi. Papaqsız kişiyə hörmətsizlik kimi baxılırdı. Qaragüldən tikilən sür papaqlar imkan və status göstəricisi idi.
Bu gün həmin papağın divar rəsmi vasitəsilə təcəssüm olunması milli geyim ənənələrinin unudulmadığını, əksinə, yenidən yaşadıldığını göstərir.
Bütün bunlar göstərir ki, “SANDIQ” sadəcə bir atelye deyil, mədəniyyət evi, yaradıcılıq laboratoriyası və milli irsin müasir platformasıdır.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
Sözdən yaranan incilər – SƏDİ ŞİRAZİDƏN 10 KƏLAM
Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar.
“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.
İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.
SƏDİ ŞİRAZİ (1203, 1210 arası – 1292-ci illər), şair
- Kim yıxılanı qaldırmağa əl uzatmayıbsa qorxsun ki, o da yıxılanda əl verən olmayacaq.
- Başqalarının əzablarına laqeyd olan insan deyil.
- Həqiqi dost odur ki, sənə düz yol göstərsin.
- Kişilik qolunun gücü və qılıncı ilə yox, özünü ələ almaqla və ədalətilə ölçülür.
- Sirri dosta demə, dostun da bir dostu var.
- Xeyir səpən xeyir, şər səpən şər biçər.
- Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.
- Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.
- Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır.
- İki adam öldü və dünyadan həsrət getdi:
biri yığdı yemədi, digəri bildi eləmədi.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
Rənglər dünyasının sakini RZA AVŞAR
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bakı məhəllələrinin birində bir rəssamlıq emalatxanası vardır. Orada iki rəssam yorulmadan çalışır, bir-birindən gözəl tablolar çəkirlər. Rəsmlərində o qədər işıq, rəng koloriti, istilik var ki, baxanda mütləq səni nikbinlik bürüyür. Bu rəssamlar həm də həyat yoldaşıdırlar, uzun illərdir ki həm ailə telləri, həm də sənətlə bir-birilərinə bağlanıblar.
Azərbaycan Respublikasının əməkdar rəssamı Rza Avşar (Avşarov) 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə tanınan, görkəmli teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açıb. Əslən Qərbi Azərbaycandandırlar.
Uşaq yaşlarından atası ilə birlikdə C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edib. O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyi ağlına belə gəlməzdi. Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir.
Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965–1969-cu illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə. Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972–1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində N. Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb.
Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə "Respublika yaz sərgisi"ndə nümayiş etdirdiyi "Natürmort" əsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər.
Müasir Azərbaycan rəssamlıq sənətinin tanınan nümayəndəsi Rza Avşarov bu gün kamil bir sənətkar kimi incəsənətimizin zəngin ənənələrini əsərlərində Qərb və Şərq mədəniyyətlərinin üzvü vəhdəti şəklində təcəssüm etdirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvü olaraq ictimai fəaliyyətini yaradıcılığı ilə həmişə sıx bağlayaraq, Vətənimizin gözəllikləri ilə yanaşı, ağrı-acılarını da əks etdirdiyi əsərləri ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir.
Qeyd etdik, Rza Avşarovun həyat yoldaşı İradə Avşarova da tanınan rəssamdır. Onlar daim birgə çalışır, rənglərdən möcüzə dolu əsərlər yaradaraq, kətana köçürüb bizlərə təqdim edirlər.
1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Rza Avşar yarıməsrə yaxın fəaliyyəti dövründə yaratdığı əsərlərlə Azərbaycan təsviri incəsənətinin inkşafında ozünəməxsus rol oynayıb. Vətənimizin təbiətini və insanlarını vəsf edən tabloları doğma diyara bəslədiyi səmimi və dərin məhəbbətdən xəbər verir. Yaratdığı mənzərə və natürmortlar ətraf mühitlə, təbiətlə təmasdan doğan hədsiz sevinc və nikbinlik duyğularını təcəssüm etdirir. Rəssamın "Şahmatla natürmort" əsərində qırmızı və sarı rənglərin vəhdəti əsrarəngiz ifadəsini tapıb. "Abşeron mənəzərəsi"ndə rənglərin çaları gözəl bir ahəng yaradıb: səmada mavi rənglə ağ rəng biri-birinə qarışıb. Rəssamın erməni vandalizmi mövzusunda çəkdiyi "Ekstremist" və "Xocalı" əsərlərində nankor qonşularımız tərəfindən başımıza gətirilən vəhşiliklər əks olunub.
Rza Avşarov böyük zövq və məhəbbətlə çəkdiyi portretlərdə görkəmli şəxsiyyətlərimizin daxili aləminə nüfuz edərək onların xarakterini həssas sənətkar məharəti ilə açır, milli irsimizə gözəl bələd olduğunu nümayiş etdirir. Rəssamın "Avtoportret"i onun xarakterik cizgilərini ifadə edir. Atasına həsr etdiyi "Atamın portreti"ndə işıq-qaranlıq təzadı aydın hiss olunur. Sifətin işığı sanki qaranlığı yarır."Gəncəli Məmməd Yusif oğlunun portreti"ndə təsvir edilən ağsaqqalın simasında isə müdriklik və gələcəyə ümid var.
O, dəfələrlə respublika və beynəlxalq miqyaslı sərgilərin iştirakçısı olub. Rza Avşarovun 1982-ci ildən bu günədək bir çox ölkələrin nüfuzlu sərgilərində, o cümlədən Fransa, Almaniya, İtaliya, Avstriya, Koreya, Rusiya, ABŞ, Türkiyə, BƏƏ, Estoniya və İranda əsərləri nümayiş olunub. Həmçinin Türkiyə və Estoniyada fərdi sərgiləri açılmışdır. Rəssamın üç əsərinin — "Kompozisiya" (1991), "Mənzərə" (1992), "Kompozisiya" (1992) Azərbaycan Dövlət İncəsənət Muzeyində, yeddi əsərinin — "Xəzər sahilində" (1990), "Bakı mənzərəsi", "Xəzər" (2002), "Yağışdan sonra", "Mənzərə, ""Zəriflik" (2004), "Güllər" (2005) Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında qorunması isə onun yaradıcılığının yüksək dəyərləndirilməsindən və ictimailəşdirilməsindən xəbər verir.
Rəssamı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
Əsl poetik sözün heç bir səsə, pafosa ehtiyacı yoxdur - MÜSAHİBƏ
Cahangir Namazov,
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
Həmsöhbətimiz —Azərbaycan ədəbiyyatına yeni nəfəs, ruh, ahəng və rəng gətirən,
yaradıcılığında insanın daxili aləmini, həyatın fəlsəfi və milli mənzərələrini poetik incəliklə əks etdirən, əsərləri oxucuların qəlbində dərin iz buraxan, çağdaş poeziyanın ən duyğulu və düşüncəli simalarından biri, şair, tərcüməçi və publisist, Azərbaycan Xalq şairi Ramiz Rövşəndir.
— Sizcə, yazıçı və şairin ədəbiyyat aləmində öz səsini tapması üçün istedad, zəhmət, axtarış və istək kifayət edirmi? Yoxsa bunun üçün insanın içində illərlə formalaşan gizli bir mənəvi məktəb də olmalıdır?
— Şairlik, rəssamlıq, bəstəkarlıq... Ümumiyyətlə, bədii istedad Allah vergisidir. Əgər bu vergi yoxdursa, heç bir mütaliə ilə, zəhmətlə, tər tökməklə bu boşluğun yerini doldurmaq mümkün deyil. Uzaqbaşı, qrafoman olacaqsan. Amma təkcə istedada arxayın olmaqla da əsl sənətkar olmaq çətin məsələdir. Uzaqbaşı, diletant olacaqsan. Ümumiyyətlə, istedadın ən böyük və cazibədar düşməni arxayınçılıq və tənbəllikdir. Mənim haçansa yarımçıq qoyduğum yazılar bu günəcən də yarımçıq qalır. Və mən o yazıların qarşısında özümü günahkar sayıram. Ona görə də irili-xırdalı bütün yazdıqlarınızı elə o yazı prosesindəcə mütləq tamamlamağa çalışın, bu işi sonraya saxlayıb günah sahibi olmayın.
O ki qaldı, yazdıqlarımıza...
Hər hansı bir şeir ani bir təsadüfdən yarana bilər. Amma o şerin oxucuya hansı bədii və mənəvi dəyərləri aşılaması müəllifin özünün hansı bədii və mənəvi dəyərlərin sahibi olmasından irəli gəlir.
— “Öz səsi” şairə Tanrıdan gələn bir bəxşişdirmi, yoxsa həyat, təcrübə və sınavların içində cilalanan bir sənətkarlıqmı?
— Şairin səsi, intonasiyası geniş anlayışdır. Amma öz şerindəki hansısa boşluqları səsiylə, nəfəsiylə doldurmağa çalışması şairin gücsüzlüyünün ifadəsidir. Əsl poetik sözün heç bir səsə, pafosa ehtiyacı yoxdur.
— Azərbaycan ədəbi məktəbinin ruhunu necə ifadə edərdiniz?
Onu digər türk və dünya ədəbiyyatından ayıran, ona məxsus olan ən dərin bədii və mənəvi nişanələr hansılardır?
— Bizdə şair həmişə “haqq aşiqi” sayılıb. Yəni, Allahı və həqiqəti sevən.
Haqqın yox, gücün yanında olmağa və bundan bəhrələnməyə çalışmaq şair üçün də, şeir üçün də öldürücüdür.
Təəssüf ki, sovet dövründə biz bunun bir çox nümunələrini gördük. Amma aldıqları bütün o fəxri adlar, mükafatlar o şairləri unudulmaqdan xilas eləyə bilmədi.
— Azərbaycan şeirinin canında yaşayan musiqi, xalq nəfəsi və rəmzlər
bunlar sizin üçün nə qədər önəmlidir və necə bir bədii güc daşıyır?
— Bütün o saydıqlarınız hər bir azərbaycanlı kimi mənim də ruhumda, yaddaşımın alt qatında həmişə var və onlardan təkan alan, qidalanan şeirlərim də az deyil. Amma əsrlər boyu formalaşmış o rəmzlərin tam əksinə olan şeirlərim də var. Onlardan ən məşhuru “İlan balası”dır.
— Yaş artdıqca zamanın axışı dəyişir. “Tez keçən zaman” duyğusu sizin qəlbinizdə hansı xatirələri, hansı həyəcanları oyadır?
— Nə qədər bayağı səslənsə də, ən acı həqiqət budur ki, zamandan etibarsız heç nə yoxdur. Və gəncliyində arzularla yaşayan insan qocalığında xatirələrlə yaşamağa məhkumdur. Bu da olanların qədrini bilməyib olmayanlarla yaşamağın ən acı nümunəsidir.
— Sizcə, zamanın şair qəlbində qoyduğu ən dərin iz — itkilərdirmi, yoxsa qazandıqlar?
— Haçansa bir şerimdə məncə bu sualınızın cavabını vermişəm:
“Nələr qazanmışam, çıxar yadımdan,
Nələr itirmişəm, düşər yadıma”.
— Bugünkü gənc şairlər yaradıcılığında sizi ən çox sevindirən xüsusiyyətlər hansılardır?
Onlarda hansı poetik nəfəs sizi ümidləndirir?
— Bugünkü gənc şairlərin yaradıcılığında ən müsbət cəhət siyasi konyukturadan azad olmalarıdır. Və bundan doğan sərbəstlik və səmimiyyətdir.
— Gələcəyin şeiri sizcə necə olacaq — daha çox minimalizm və fəlsəfəyə meyllənəcək, yoxsa tamamilə yeni bir poetik yol açacaq?
— Biz audiovizual (səs və təsvir) dünyada yaşayırıq. Və poeziyanın bugünkü təbliğat imkanları heç vaxt olmayıb. Amma televiziyanın hələ təzə meydana çıxdığı uzaq 1960-cı illərdəki kimi stadionları dolduran çoxminlik auditoriyası olan poeziya gecələrini indi təsəvvür eləmək mümkündürmü?
Təəssüf ki, yox. Ümumiyyətlə, insanların düşünməkdən daha çox əylənməyə meyilli olduğu bugünkü dünyada poeziyanın bü günü və gələcəyi haqqında düşünmək və danışmaq çox kədərlidir.
— Şeirlərinizdə tez-tez görünən rəmzlər və metaforaların arxasında dayanan şəxsi fəlsəfənizi necə izah edərdiniz?
— Oxuduqlarınla, yazdıqlarınla bu dünyanı dərk eləməyə çalışanda, təəssüf ki, yüz illərdir deyilən eyni bayağı nəticəyə gəlib çıxırsan:
“Bu dünyada təzə heç nə yoxdur. Ən təzə ən yaxşı unudulmuş köhnədir”.
— Köhnə şeirlərinizə dönüb baxanda, bəzən özünüzü o dövrün adamı kimi tanımadığınız anlar olurmu?
— Köhnə şeirlərə baxmaq həmişə bir az kədərlidir. Çünki o şeirləri yazan adamdan bugün nə qədər fərqli olduğunu hiss edirsən. Özü də, təkcə zahirən yox.
— Ramiz Rövşən özünü anlamaq üçün daha çox sözün gücünəmi, yoxsa sükutun dərinliyinəmi söykənir?
— Ən dəqiq sözlər sükutun dərinliyindən doğulur. Səs-küydə nəinki özünü anlamaq, heç özünü eşitmək belə mümkün deyil.
— Əgər həyatınızı yalnız üç sözlə ifadə etməli olsaydınız, hansı sözləri seçərdiniz?
— Mənə elə gəlir ki, bu sulaın cavabını bizim gözəl şairimiz, rəhmətlik Musa Yaqubdan daha dəqiq demək mümkün deyil: “Eləmədiklərim yandırır məni”.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)


