Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
BAKI KÜÇƏLƏRİ
Bakının küçələri –
Ömrümün gündüzləri, ömrümün gecələri.
Bir-birinə calasan – ömrümün yolu olar.
Ötüb keçən günlərlə
Lim-həlim dolu olar.
O küçənin tinində
Sevgilimlə ilk görüş,
İlk nəvaziş, ilk öpüş.
Atamın tabutunu, anamın tabutunu
Çiynimdə apardığım
Küçələrin matəmi.
Dostların təsəllisi,
Dərdlərimi ovudan
İllərimin məlhəmi.
Harasa tələsdiyim, harasa gecikdiyim
İş yerin dəyişdiyim,
Kimnənsə deyişdiyim
Təsadüfi görüşün
Qəfil sevincdən payı
Qarlı, sazaqlı qışı,
Yandırıb yaxan yayı.
Belə deyib babalar:
“Hər aşığın dövranı var”.
Görünür, hər küçənin
Özünün novrağı var.
Küçələr də dəyişir,
Bir gün qeyb olur, itir
Ağaclar da quruyur,
Təzə ağaclar bitir.
Yadlaşmış küçələrdə
Göydələn binaların
Günü örtür kölgəsi.
Yabançı danışığın,
yabançı musiqinin
qulağımda yad səsi.
Küçələr də təklənir,
küçələr də qocalır.
Mənə elə gəlir ki,
Şəhərimin bu günü
Dünənindən öc alır.
Tanış küçələrin də
indi adı başqadır.
Həyatın dadı qaçıb,
Ya da dadı başqadı.
Küçələrdən keçdikcə
Ayaqlarım yorulur.
Küçələrdəgəzmək də
Hər gün daha zor olur.
Son dəfə küçələrdən çiyinlərdə gedəcəm,
Bilməm neçə yaşımda.
Kim bilir, bəlkə qaldım
Bir köhnə küçənin də
vəfalı yaddaşında…
10 oktyabr 2010
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)