İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bakı məhəllələrinin birində bir rəssamlıq emalatxanası vardır. Orada iki rəssam yorulmadan çalışır, bir-birindən gözəl tablolar çəkirlər. Rəsmlərində o qədər işıq, rəng koloriti, istilik var ki, baxanda mütləq səni nikbinlik bürüyür. Bu rəssamlar həm də həyat yoldaşıdırlar, uzun illərdir ki həm ailə telləri, həm də sənətlə bir-birilərinə bağlanıblar.
Azərbaycan Respublikasının əməkdar rəssamı Rza Avşar (Avşarov) 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə tanınan, görkəmli teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açıb. Əslən Qərbi Azərbaycandandırlar.
Uşaq yaşlarından atası ilə birlikdə C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edib. O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyi ağlına belə gəlməzdi. Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir.
Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965–1969-cu illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə. Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972–1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində N. Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb.
Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə "Respublika yaz sərgisi"ndə nümayiş etdirdiyi "Natürmort" əsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər.
Müasir Azərbaycan rəssamlıq sənətinin tanınan nümayəndəsi Rza Avşarov bu gün kamil bir sənətkar kimi incəsənətimizin zəngin ənənələrini əsərlərində Qərb və Şərq mədəniyyətlərinin üzvü vəhdəti şəklində təcəssüm etdirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvü olaraq ictimai fəaliyyətini yaradıcılığı ilə həmişə sıx bağlayaraq, Vətənimizin gözəllikləri ilə yanaşı, ağrı-acılarını da əks etdirdiyi əsərləri ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir.
Qeyd etdik, Rza Avşarovun həyat yoldaşı İradə Avşarova da tanınan rəssamdır. Onlar daim birgə çalışır, rənglərdən möcüzə dolu əsərlər yaradaraq, kətana köçürüb bizlərə təqdim edirlər.
1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Rza Avşar yarıməsrə yaxın fəaliyyəti dövründə yaratdığı əsərlərlə Azərbaycan təsviri incəsənətinin inkşafında ozünəməxsus rol oynayıb. Vətənimizin təbiətini və insanlarını vəsf edən tabloları doğma diyara bəslədiyi səmimi və dərin məhəbbətdən xəbər verir. Yaratdığı mənzərə və natürmortlar ətraf mühitlə, təbiətlə təmasdan doğan hədsiz sevinc və nikbinlik duyğularını təcəssüm etdirir. Rəssamın "Şahmatla natürmort" əsərində qırmızı və sarı rənglərin vəhdəti əsrarəngiz ifadəsini tapıb. "Abşeron mənəzərəsi"ndə rənglərin çaları gözəl bir ahəng yaradıb: səmada mavi rənglə ağ rəng biri-birinə qarışıb. Rəssamın erməni vandalizmi mövzusunda çəkdiyi "Ekstremist" və "Xocalı" əsərlərində nankor qonşularımız tərəfindən başımıza gətirilən vəhşiliklər əks olunub.
Rza Avşarov böyük zövq və məhəbbətlə çəkdiyi portretlərdə görkəmli şəxsiyyətlərimizin daxili aləminə nüfuz edərək onların xarakterini həssas sənətkar məharəti ilə açır, milli irsimizə gözəl bələd olduğunu nümayiş etdirir. Rəssamın "Avtoportret"i onun xarakterik cizgilərini ifadə edir. Atasına həsr etdiyi "Atamın portreti"ndə işıq-qaranlıq təzadı aydın hiss olunur. Sifətin işığı sanki qaranlığı yarır."Gəncəli Məmməd Yusif oğlunun portreti"ndə təsvir edilən ağsaqqalın simasında isə müdriklik və gələcəyə ümid var.
O, dəfələrlə respublika və beynəlxalq miqyaslı sərgilərin iştirakçısı olub. Rza Avşarovun 1982-ci ildən bu günədək bir çox ölkələrin nüfuzlu sərgilərində, o cümlədən Fransa, Almaniya, İtaliya, Avstriya, Koreya, Rusiya, ABŞ, Türkiyə, BƏƏ, Estoniya və İranda əsərləri nümayiş olunub. Həmçinin Türkiyə və Estoniyada fərdi sərgiləri açılmışdır. Rəssamın üç əsərinin — "Kompozisiya" (1991), "Mənzərə" (1992), "Kompozisiya" (1992) Azərbaycan Dövlət İncəsənət Muzeyində, yeddi əsərinin — "Xəzər sahilində" (1990), "Bakı mənzərəsi", "Xəzər" (2002), "Yağışdan sonra", "Mənzərə, ""Zəriflik" (2004), "Güllər" (2005) Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında qorunması isə onun yaradıcılığının yüksək dəyərləndirilməsindən və ictimailəşdirilməsindən xəbər verir.
Rəssamı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)