“SANDIQ” – Milli Ruhun Yenidən Doğuluşu Featured

 

Rəqsanə Babayeva,

Rejissor,yazıçı, Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru,"Gənclik"xalq teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün

 

“Sandıqdan çıxan ruh”

 

Bir sandığın qapağını açanda oradan təkcə parçalar yox, əsrlərin səsi, nənələrin xatirələri, xalqın yaddaşı çıxır. “SANDIQ” studiyası da belədir – sandıqdan çıxan milli geyimlər bu günün gənclərinə milli kimlik aşılayır.

Hər tikmə, hər naxış, hər rəng bir dastan danışır. Burada geyim geyinən insan sadəcə bəzənmir – o, bir dastanın qəhrəmanına çevrilir. Aşıq olur, sevgi eşidir, milli dəyərlə nəfəs alır.

 

“SANDIQ” bir muzey deyil, yaşayan bir məkandır. Burada geyim – əşya yox, mədəniyyətin toxumasıdır. Və bu toxuma əlvan naxışlarla gələcəyə ötürülür.

Gənc dizayner-modelyer Gülüş Aslanlının layihəsi əsasında Beyləqan rayon Mədəniyyət mərkəzində açılmış “Sandıq” – milli geyimlər studiyasının fəaliyyətin çoxşaxəli spektri vardır.

Bu interyer detallarının fonunda “SANDIQ”ın missiyası daha aydın görünür. Studiyanın fəaliyyəti yalnız geyim tikməkdən ibarət deyil. Burada:milli geyimlər hazırlanır, satılır və icarəyə verilir,xüsusi sifarişlə bədii layihələr üçün kostyumlar tikilir,geyimlərin restavrasiyası aparılır,foto və video çəkilişlər təşkil olunur,təlim və seminarlarla gənclər öyrədilir.

 

“SANDIQ” Milli Geyimlər Studiyası milli yaddaşın sandığıdır. Onun divarındakı təsvirlər – nar, buta, kəlağayı, od, papaq, ağ və qara rəngin kontrastı – xalqın mədəniyyət fəlsəfəsini simvollaşdırır. Onun fəaliyyət spektri isə bu fəlsəfəni yalnız qorumaqla yox, həm də gələcək nəsillərə ötürməklə məşğuldur.

Bir divar rəsmi bu qədər sirr daşıyırsa, studiyanın özündə neçə-neçə gizli xəzinələrin, milli incəliklərin yaşadığını təsəvvür etmək çətin deyil. “SANDIQ” – milli ruhun yenidən doğuluşu, xalq yaddaşının müasir təqdimatıdır.

Bir studiyanın divarında bir təsvir – əlində nar tutan qadın. İlk baxışda sadə bir rəsmdir. Amma diqqətlə baxdıqda onun arxasında bütöv bir fəlsəfə, milli mədəniyyətin dərin qatları, əsrlərin simvolik dili gizlənir. Bu qadın təkcə bir obraz deyil – xalqın yaddaşıdır, onun ruhunu daşıyan anadır. Qadının əlindəki nar isə həyatın, bolluğun, sevginin, dirilişin rəmzi kimi gözümüzün önündə parlayır.

 

Narın sirri – əsrlərin dərinliyindən gələn simvol

 

Nar təsadüfi seçim deyil. Bu meyvə əsrlər boyu müxtəlif xalqların mif və dini mənbələrində müqəddəs sayılıb. İkinci əsrin səyahətçisi Pausanias narın hekayəsini “müqəddəs sirr” adlandırmışdı.

Türk düşüncəsində nar cənnətin nişanəsi, məhsuldarlıq və sevgi simvoludur. Nağıllarda övladsızlara uşaq bəxş edən sehrli meyvə, qəhrəmanlara güc verən sirli qüvvədir.

İudaizmdə narın 613 tumu Tövratın 613 əmrinə işarədir.

Xristian ənənəsində nar İsanın iztirabları və dirilişi ilə bağlanır; Leonardo da Vinçinin və Botticellinin dini rəsmlərində Məryəmin əlindəki nar bu ideyanı daşıyır.

İslamda nar Quranda üç dəfə çəkilir – Allahın yaratdığı gözəl meyvələrdən biri və cənnətin əlaməti kimi.

Çin mədəniyyətində nar məhsuldarlıq və çoxsaylı nəslin simvoludur.

Azərbaycan folklorunda isə nar tapmacaların cavabında, dastanlarda sehrli qüvvə kimi, xalq şənliklərində bolluq rəmzi kimi çıxış edir. Gəlinlərin cehiz sandığında kələğayı ilə yanaşı nar təsvirli parçalar, evlərin divarlarında isə bolluq arzusu ilə nar rəsmləri olub.

 

Buta – eşqin və əbədiyyətin işarəsi

 

Qadının gözlərinin üzərində əks olunan buta naxışı da təsadüfi deyil. Folklorda buta ulu əcdadlarımızın kosmoqonik düşüncəsinin daşıyıcısıdır. O, suyun, odun, həyatın başlanğıcını simvolizə edir.

Nağıllarımızda aşiqə “buta verilməsi” eşqin ilahi nişanıdır. “Kitabi-Dədə Qorqud” dastanlarında buta qəhrəmanlara şairlik, aşıqlıq, müdriklik bəxş edir. Aşiqin “eşq şərbətini içməsi” buta almaqla başlayır. Bu seçilmişlik, əslində, millətin sevgi fəlsəfəsinin mərkəzində durur.

 

Kəlağayı – qadın zərifliyi və milli dəyərin qoruyucusu

 

Qadının başındakı örtük – kəlağayı – Azərbaycan qadınının həm gözəllik, həm də namus simvoludur. Onu sandıqlarda qoruyub saxlayan analarımız bu parçaya sadəcə geyim kimi yox, müqəddəs əmanət kimi baxıblar.

2014-cü ildə kəlağayı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Buta naxışının ən çox işlənən motiv olması isə təsadüfi deyil: buta qadının başını bəzəyən ipəkdə həm sevginin, həm də milli kimliyin işarəsi olaraq yaşayır.

Kəlağayı ilə bağlı adətlər də olduqca maraqlıdır: gəlin köçən qızın başına ağ kəlağayı örtülər, gəlin arabasının qabağına kəlağayı bağlanardı. Döyüşən kişilərin qarşısına qadın baş örtüsünü atarsa, mütləq sülh yaranardı. Bu ipək parça, əslində, qadının gücünün və cəmiyyətin ona verdiyi hörmətin ifadəsidir.

 

Rənglərin fəlsəfəsi

 

Qadının geyimindəki ağ rəng saflığın, təmizliyin, uğurun simvoludur. Ağ rəng həm də Tanrıya yaxınlıq nişanəsi sayılıb. Bu səbəbdən ağ gəlinliklər qədim dövrlərdən indiyədək gəlinlərin ən önəmli geyimi olub.

 

Kişi obrazındakı qara rəng isə aristokratiya, təcrübə, güc və ciddiyyət simvoludur. Qara – torpağın məhsuldarlığı, döyüş sənətlərində yüksək rütbə, həyatın dərinliyi deməkdir. Ağ və qaraya birlikdə baxanda insan həyatın kontrastlarını görür: paklıq və təcrübə, saflıq və güc.

Kişinin geyimindəki yaşıl rəng isə ümid və təravətin, barış və əməkdaşlığın işarəsidir. Bu rəng Venera planeti ilə bağlılıqda sevgini, Çində isə cavanlığı və gözəl həyatı tərənnüm edir.

 

Od – xalqın müqəddəs ocağı

 

Divar rəsminin başqa bir detalı – od. Azərbaycan “Odlar Yurdu” adlanır. Tarixən and içəndə “od haqqı” deyilirdi, Novruzda tonqallar alovlandırılırdı. Oğuzlar bir-birinə xəbər çatdırmaq üçün dağ başlarında od yandırırdılar.

Od həm müqəddəs güc, həm də həyatın başlanğıcıdır. Elə bu səbəbdən “SANDIQ”ın divarında od təsviri yalnız dekorativ element deyil, milli kimliyimizin ən qədim qatlarının bədii ifadəsidir.

 

Papaq – kişinin ləyaqət nişanı

 

Kişi obrazında ən diqqətçəkən detallardan biri papaqdır. XX əsrin əvvəllərinə qədər papaq yalnız baş geyimi deyil, həm də ləyaqət, şərəf və kişilik nişanı idi. Papaqsız kişiyə hörmətsizlik kimi baxılırdı. Qaragüldən tikilən sür papaqlar imkan və status göstəricisi idi.

Bu gün həmin papağın divar rəsmi vasitəsilə təcəssüm olunması milli geyim ənənələrinin unudulmadığını, əksinə, yenidən yaşadıldığını göstərir.

Bütün bunlar göstərir ki, “SANDIQ” sadəcə bir atelye deyil, mədəniyyət evi, yaradıcılıq laboratoriyası və milli irsin müasir platformasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.