Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Teleserialları xoşlayırsız?

Şəxsən mən çox az teleserial olar ki bəyənim.

Məncə aktyorlar da bu sayaq ekspromt, incəsənət xalturası sayılan işlərə başdansovdu yanaşır, necə deyərlər, yola verirlər.

Amma indi haqqında danışacağım aktyor əsla sənətə xəyanət etmir.

 

Aktyor Anar Heybətov 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.

2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 7 dəfə Prezident Mükafatına layiq görülüb.

 

Teatrdakı rolları

1. Mənim ərim dəlidir – Cangüdən

2. "Lənkəran xanının vəziri" — Əziz ağa

3. Rəqabət – Qaçay

4. Hərənin öz payı – Meyxanaçı Ələkbər

5. Hələ "Sevirəm" deməmişdilər – Qumarbaz

6. Varlı qadın – Qara

7. Hamlet – Laert

8. Kaş araba aşmayaydı – Buxuti

9. Mesenat – Zeynal bəy Səlimxanov

10. Xurşidbanu Natəvan – Daşdəmir

11. İmzanın hökmü (Muradın Kələkləri) – Murad

12. Körpüdən mənzərə — Rudolfo

13. "Müsyo Jordan və dərviş Məstəli şah" — Şahbaz bəy

 

Filmoqrafiya

- Ünvansız qız

- Bəyaz Həyat

- Olacağa Çarə Yoxdur

- Adam ol! 2

- Sonuncu şahid

- Kişiləri qoruyun

- Cavid ömrü

- Ayrılıq imiş

- Qaydasız döyüş

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

Cümə axşamı, 25 Sentyabr 2025 12:34

Mənə görə dünya... - ESSE

 

Arzu Əyyarqızı,

"Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, şair-yazıçı.

"Ədəbiyyat və incəsənət" portalı üçün

 

Mənə görə dünya, sadəcə coğrafi sərhədlərlə bölünmüş bir planet deyil. Dünya, insan ruhunun aynasıdır- sevincin, kədərin, ümidin və qorxunun bir araya gəldiyi möhtəşəm bir səhnədir. Hər bir insanın baxış bucağı, yaşadığı təcrübələr və daşıdığı duyğular bu dünyanın mənasını dəyişir. Mənim üçün dünya, həm gözəlliklərlə dolu bir yerdir, həm də çətinliklərlə üzləşdiyimiz bir sınaq meydanı.

 

Dünya mənim üçün ilk növbədə təbiətdir. Səhər günəşinin dəniz üzərindəki əksini izləmək, meşədəki quş səslərini dinləmək, dağların sükutunda itmək-bunlar mənə dünyanın nə qədər möhtəşəm və dəyərli olduğunu xatırladır. Təbiət, insanın içindəki xaosu sakitləşdirən bir gücdür. Mənə görə dünya, bu sakitliyin qorunması üçün bir məsuliyyətdir.

Dünya, insanlarla doludur-hər biri öz hekayəsi ilə.

Mənə görə dünya, dostluqların qurulduğu, sevgilərin yaşandığı, anlaşmaların və bəzən anlaşılmazlıqların baş verdiyi bir yerdir. İnsan münasibətləri bu dünyanın ruhudur. Bir gülümsəmə, bir kömək əli, bir səmimi söz-bunlar dünyanı daha yaşanılır edir.

Dünya həm də dəyişən və inkişaf edən bir məkandır. Mənə görə dünya, insan yaradıcılığının sərhədsiz olduğu bir sahədir. Musiqi, rəssamlıq, ədəbiyyat, elm-bunlar dünyanın rəngləridir. Hər bir yeni fikir, hər bir yenilik bu dünyanı daha maraqlı və zəngin edir.

Bəzən dünya mənim üçün sadəcə xarici bir mühit deyil, daxilimdəki düşüncələrin əksidir. Mən necə hiss edirəmsə, dünya da elə görünür. Ümidlə baxanda dünya parlaq olur, qorxu ilə baxanda isə qaranlıq. Ona görə də mənə görə dünya, insanın özünü tanıması ilə formalaşır.

Sonda dörd misra ilə bitirmək istəyirəm fikrimi.  

Bu dünya bir yoldur qarışqa yolu...

Ölüm sprialın yaşayırıq biz.

Dönüb dolaşırıq nöqtəmiz eyni,

Olumu ölümə daşıyırıq biz.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

Cümə axşamı, 25 Sentyabr 2025 12:14

RƏSM QALEREYASI: Mark Demstede, “Alatoranın etüdü”

 

1963-cü il təvəllüdlü ingilis rəssam-fiqurativçi Mark Demstedenin (Mark Demsteade) “Alatoranın etüdü” əsəri onun yaratdığı şedevrlər sırasındadır. 

(Yağlı boya, 24x17)

Cümə axşamı, 25 Sentyabr 2025 12:44

BİRİ İKİSİNDƏ Allahşükür Ağanın şeirləri ilə

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şeir vaxtında Allahşükür Ağanın şeirlərini təqdim edirik.

 

 

ŞEİR VAXTI

 

Allahşükür AĞA

 

 

UNUDUN MƏNİ 

 

Unudun məni  getsin –

20 Yanvar kimi...

Elə bilin olmamışdım,

Heç ağlamamışdım,

Heç sevməmişdim...

 

Məni unudun getsin –

Şəhid kimi,

Elə bilin ölməmişdim,

 Elə bilin evlənmişdim,

Yüz yaşamışdım,

Qocalmışdım,

Saqqalım  daraq kimi

Havanı daraqlayırdı...

 

Məni unudun getsin... 13-cü ay kimi

Qanadsız quş  təki,

Qanadlı sular kimi.

Ağacların qabaq əlləri vardı,

Necə ki ağac unutdu onu,

Siz də elə unudun məni. 

 

Baxışlarımın  havada açdığı şırımla

Çıxıb gedirəm,

əlvida!

 

 

KÖNLÜMDƏN 

 

Söykənib ot tayasına,

əyilib it balasına,

dərin bir xəyala getmək

keçir könlümdən.

 

Dərsə gedən uşaqlara baxıram,

Atalarının

Maaşları baxır üzündən…

Onların damcı gözləri 

içir könlümdən.

 

Həyat qədər çətindi

Əyilə-əyilə yaşamaq.

Gülə-gülə ölmək

Bir ayrı cür  yaşamaqdı.

Lap yaxşısı xatirələri qucmaqdı,

Xatirələr saf-saf duyğuları

seçir könlümdən.

 

 

MƏSƏLƏN 

 

Məsələn, deyirəm,

Biz ölsək, yəni ayrılsaq,

Harda görüşə bilərik –

Bir-birimizi nədən tanıyarıq?

 

Məsələn, bizim  adımız

Nə olar onda.

Sən məni tanımazsan

Mən səni tanıyanda.

Məsələn, sən dayanmazsan 

Mən dayananda.

Məsələn, sən doğulmazsan,

Mən doğulanda. 

 

Ayrılıq nə güclüdür,

Uzaqda dayanma,

Məsələn, hələ yatma,

Hələ oyanma.

 

 

AĞACLAR 

 

Səs kimi qalxıb yerdən

Göyə baxır ağaclar.

Gah geyinir,  soyunur,

Çox darıxır ağaclar.

 

Dayanıb qol-qanadlı.

Boylanır  təkayaqlı.

Yanında beşotaqlı,

Evdən qorxur ağaclar.

 

Budaqda  bıçaq yeri,

Yadında  ocaq yeri.

Altından  çəkdik yeri,

Of, yıxılır ağaclar.

 

 

DUSTAQ QATARLARI

 

Bu gecə ayıldım qatar səsinə,

Haradan haraya gedir bu qatar?

Bir cüt əl görünür pəncərəsindən,

Deyəsən, yox olub  itir bu qatar.

 

Bəlkə də, uzanan o yorğun əllər

Qoyma bu qatarı getsin, deyirdi.

Əlləri qatardan qalırdı dala,

Kömək istəyirdi, əl istəyirdi.

 

Vaqonlar sallayıb qaş qabağını,

Payız quşlarıtək uçub gedirdi.

Heç kimi aparmaq fikri yoxuydu,

Dəmir qapıları açıb gedirdi.

 

Nəyə sevinirdi, görəsən, nəyə?

Təkərlər relslərə əl çalırdılar.

Gedirdi dustaqlar irəli, ancaq

Səsləri arxaya atılırdılar.

 

 

ÇƏPƏRİ YIXIRSAN YARAŞIĞINLA

 

Gözü yuxudan bulaşıqlı,

Ayağı kol-kosdan sarmaşıqlı,

Haylı-küylü, qarmaqarışıqlı,

Ayağı səkilli it,

Üz-gözü şəkilli it,

Sən ölsən,

Kəndimiz öləcək, ölmə.

 

Kəndimizi sən oyadırsan səsinlə,

Çəpəri yıxırsan

Yaraşığınla.

Sən lap gözəl olursan

Zəncirin dolaşığıyla.

Ulamağınla ayı

Yuxarı qaldırırsan,

Sən ölsən,

Ay yerə düşəcək, ölmə.

 

Qarın üstündəki ayaq izlərin

Özündən qabaqda olur həmişə.

Yad kimi qoxlayırsan

Ayaq izini,

Bir az qayıdırsan

Sanki keçmişə.

Ayaq izlərini gün əritmədi,

Vaxt əritdi,

Zəncir səni öldürmədi,

Zəncir səni diriltdi,

Zəncirini yaxşı qoru,

Heç vaxt onu  itirmə,

İtim!

 

 

ÇİÇƏKLƏR, ƏLLƏR 

 

Məncə, çiçəklərin

Ən gözəl xatirəsi sənin əllərindi.

Həm çiçəyə bənzəyir,

Həm də boş qalıb indi –

Çiçəklərin  yuvası kimi.

 

Əllər daha çox ağlayır, məncə,

Çünki əllərini  bəzəyən güllər

Bir azdan zibil qabını

Eyni ahənglə sevindirəcək.

 

İndi çiçəkmi vəfasızdı, yoxsa əllər?

Məncə, çiçəklər…

Əvvəl  torpağı sevindirdi,

Sonra qonşunun uşağını.

Sonra bülbülü,

Sonra sənin əllərini,

İndi də zibil qabını.

 

Arxasınca ağlayan xatirələr

Çiçəklərin ayağının tozudur,

Məncə.

 

 

NƏĞMƏ 

 

Quzu otaranın,

Dərsə gedənin,

Gedən qatarın,

Şeiri çap olunmayan şairin

Dodağında bir göyərmiş nəğmə var...

 

Adamı o nəğmə yaman yandırır,

Nə quzular başa düşər onu, 

Nə getdiyi məktəb,

Nə sərnişin,

Nə də oxucu.

 

İllah ki, şair kənd şairi ola,

İllah da  biləsən,  bu quzuları qəssablar sevir,

Qatarlar səni ayırır

Və kənd adamları deyirlər,

Əsl şair şəhərdə yaşayar,

Allahşükür, səni yandıracaq 

Bu nəğmə,

Başına çarə qıl...

 

 

QAPI AÇARAM İŞIĞA…

 

Divara qurban olum,

Sirr yaşayır daşında.

Bir vaxt türmə divarıydı,

Müşfiq var yaddaşında.

 

Divarın o üzündə,

Adam gəzir gün işığı.

Bir çiçək boy atıbdı,

Boynunda sarmaşığı.

 

Suvağının altında

Gizli şeirlər yazılıb.

Şipşirin arzuların

Qəbri divarda qazılıb.

 

Əlimi sürtdüm divara,

Döndüm qərib aşığa.

Dırnağımla qazaram,

Qapı açaram işığa.

 

 

KƏND YOLUNDA ARABA

 

Yollarda astaca – astaca gedir

Təkərlərin cırıltısı…

Atır çökəklərə atmaca, gedir.

Çıxıb maşınların yoluna

Upuzun yolları qısaca gedir…

 

Bir araba yonca,

Yol boyunca,

Arxayınca 

Gedir, gedir ləng gedir,

Elə bil ki, kənd gedir.

 

Bir uşaq düşüb dalınca

Biri də üstüncə gedir.

Dəli yoncanın ətri

Şəhər maşınlarını 

yenə yaman məst edir.

 

At arabası,

Ot arabası

Üstündə yabaya bax.

Arabanın işinə bax,

Arabada havaya bax.

 

Atın iştahası 

Qaçır hərdən arxaya,

Bir az keçir yorğaya.

Arabayla bir qaçır

Uşaqların neçəsi.

Sevindirir hər yanı

Təkərlərin nəğməsi.

 

 

ÖLÜM 

 

Güllələr nəğmə kimi səslənir bəzən,

Adamlar qaçırlar o nəğməni oxumağa.

Adamları  nəğməylə aldadırlar... nahaq.

 

Məsələn, bilməsə,

Uşaq  yerə düşüb 

közərən bir  mərmiyə tərəf qaçar

Və əlinə götürər ölümü.

Uşaqlar həmişə

oyuncaq gəzdiyindən yenə aldanarlar.

Ən zəhərli göbələk belə

o qədər şirindi ki, adam doymur.

Gör ölümü harda gizlədiblər?

 

Biz qaçırıq ölümlərdən,

Sən demə, biz ona tərəf qaçırmışıq əslində.

Sürətli maşınların əlindən qaçıb

Bir at arabasının  təkəri altında da

Ölmək təsadüfü varmış...

Amma çox nahaq,

Gərək bizi  nəğməylə,

Göbələklə,

At arabasının nəğməli təkəri  ilə

Aldatmayaydılar...

 

 

QALIB

 

Payız keçib buradan,

Yolunda yarpaq qalıb.

Bu ağacın başında

Bircə yarpaq sağ qalıb.

 

Bir quş hələ budaqda,

Civildəyir sazaqda.

Stolumda bu haqda

Ağappaq varaq qalıb.

 

Sinəm dönübdü saca,

Bilmir dərd hara qaça?

Baharın bu ağaca

Yolu bir barmaq qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

                                              

 

 

Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndinin rəsm əsərlərinin dünyanın nüfuzlu jurnallarında fərqli formatlarda çapı davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, rəssamın "Gecənin mistikası" əsəri İtaliyanın “Figgi” jurnalının sentyabr nömrəsinin əsas səhifəsində yer alıb.

 

Jurnal moda, incəsənət və süni intellekt mövzularını əhatə edir.

 

Qeyd edək ki, Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Əfəndi 2010-cu ildə dünyanın 56 ən yaxşı sürrealist rəssamı siyahısına daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

Sentyabrın 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hanko arasında ikitərəfli görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qonağı səmimi salamlayan nazir Adil Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.

 

Qeyd olunub ki, Azərbaycan və Macarıstanın həm ikitərəfli formatda, həm də Türk dünyasının əməkdaşlıq təşkilatları çərçivəsində mədəniyyət sahəsində əlaqələri ildən-ilə dərinləşir.

 

Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hanko səmimi qəbula görə azərbaycanlı həmkarına təşəkkür edib. O, iki ölkənin mədəni əlaqələrinin geniş perspektivləri olduğunu diqqətə çatdırıb.

 

Söhbət zamanı kitabxana, mədəni irsin qorunması və təbliği, o cümlədən kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

Cümə axşamı, 25 Sentyabr 2025 11:34

Nassim Taleb qaçqınlıq fəlsəfəsi barədə

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün dünyaşöhrətli kouç, sosioloq

Nassim Talebin «Qara qu quşu» kitabından bəhs edəcəyəm.

 

Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.

 

QAÇQINLIQ FƏLSƏFƏSİ

Qaçqınlıq fəlsəfəsinə aid gətirilən fakt da çox maraqlıdır: 1960-cı ildə Kastro rejimi hakimiyyətə gələndə kubalı qaçqınlar müvəqqəti, bir neçə günlük Mayamiyə köç etmişdilər, çamodanlarının üstündə oturmuşdular ki, bu gün-sabah geri dönəcəyik. Onlar, onların sonra doğulan nəsilləri hələ də Mayamidədirlər. Və yaxud, 1917-ci ildə Rusiyadakı bolşevik inqilabı zamanı ölkəni tərk etmiş bir çox rus mühacirlər dərhal geri dönəcəklərini zənn edirdilər. Yazıçı Vladimir Nabokov geriyə dönüşü çox da uzun olmasın deyə yaxın Berlin şəhərini özünə məskən seçmişdi, daimi mənzil də almırdı, kirayə mənzillərdə, otel otaqlarında yaşayırdı. Beləcə o, geriyə dönüşü olmadan bütün həyatını başa vurdu, «Montre-Palas» hotelində gözünü əbədi yumdu. Ümidlər insanların gözlərini bəzən bax beləcə kor edir.

Yeri gəlmişkən, mən özüm şəxsən Qarabağ müharibəsinin evsiz-eşiksiz qoyduğu 800 min nəfərə yaxın qaçqın ordusunun neçə-neçə nümayəndəsində bu «uğursuzluq sindromu»ndan gec-tez qurtulacağına, vətəninə dönəcəyinə olan 25 illik inamın hələ də öləzimədiyinin şahidi olmuşam.

 

 “Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

 

 

 

2025-ci il sentyabrın 24-də Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və Azərbaycan–Çin Parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Soltan Məmmədovun Çin Xalq Respublikasının Milli Etnik İşlər Komissiyasının (NEAC) Beynəlxalq əlaqələr departamentinin baş direktoru Vey Quosyunq (Wei Guoxiong) rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfdən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, komitənin və həmçinin Azərbaycan–Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri - Elşad Musayev və Səbinə Salmanova, komitənin, Beynəlxalq münasibətlər şöbəsinin, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları,

Çin tərəfdən NEAC Nəzəri araşdırmalar departamentinin direktoru Li Şiçyanq (Li Shiqiang), Təhsil departamentinin direktoru Ci Çinqçinq (Ji Qingqing), Mədəniyyət və təbliğat departamentinin direktoru Cao Çyan (Zhao Qian), Baş İdarənin Maliyyə və büdcə şöbəsinin müdiri Li Kö (Li Ke), Beynəlxalq əlaqələr departamentinin Mübadilə və Əməkdaşlıq şöbəsinin müdiri Çiu Penq (Qiu Peng) iştirak edib.

Görüşü açan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qonaqları salamlayaraq Azərbaycan–Çin münasibətlərinin dostluq ənənələrinə və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb. O, son illərdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və təhsil sahələrində əməkdaşlığın genişlənməsini diqqətə çatdırıb.

Çin nümayəndə heyətinin rəhbəri Vey Quosyunq səmimi qəbula görə təşəkkürünü bildirib, NEAC-ın fəaliyyət istiqamətləri barədə bilgi verib və etnik müxtəlifliyin qorunması, ictimai sabitliyin möhkəmləndirilməsi sahəsində Azərbaycan təcrübəsini yüksək qiymətləndirib.

Azərbaycan–Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Soltan Məmmədov isə parlamentlərarası əməkdaşlığın rolu üzərində dayanaraq, ikitərəfli münasibətlərin inkişafında bu platformanın önəmini vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

Komitənin sədr müavini Sahib Alıyev çıxışında Azərbaycan dövlət siyasətində tolerantlıq ənənələrinin önəmli yer tutduğunu qeyd edib, etnik və dini müxtəlifliyin ölkəmizdə milli sərvət kimi qorunduğunu diqqətə çatdırıb.

 

Azərbaycan və Çin dövlət başçılarının bu il apreldə və avqustda baş tutan görüşləri və imzalanan tarixi sənədlərə görüşdə xüsusi vurğu edilib.

 

Qeyd olunub ki, Azərbaycan və Çin arasında etnik və dini müxtəlifliyin idarə olunması, vətəndaş cəmiyyəti institutlarının inkişafı, ictimai həmrəyliyin möhkəmləndirilməsi, o cümlədən qanunvericilik sahələrində təcrübə mübadiləsi qarşılıqlı faydalı olacaq.

Əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi görüşdə dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Cümə axşamı, 25 Sentyabr 2025 11:03

Sözdən yaranan incilər – ÖMƏR XƏYYAM

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı həmin kəlamları, sitatları, aforizmləri sizlərə təqdim etməkdədir.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

ÖMƏR  XƏYYAM   (1048-1123-cü illər), şair və filosof

 

Şər və xeyir səninlə doğulmayıb, onları seçmək üçün sənə ağıl verilib.

Ruhdan düşən vaxtından tez ölür.

Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.

Əsl yazıçı xalqı qaranlıqdan aydınlığa aparan insan olmalıdır.

Ədalət kainatın ruhudur.

Mərd adam adətən şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir.

Bu  dünyaya istədiyimiz kimi gəlmədik, bu dünyadan da istədiyimiz kimi köçməyəcəyik.

Biz həm sevinc mənbəyi, həm də kədər yatağıyıq. Biz rəzalət yuvası və şəffaf  bulağıq. İnsan sanki güzgüdəki çox üzlüklər dünyasıdır. O, həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir.

Bu həyat aldığımız nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə.

Zəngin və güclü olana həsəd aparma, sübhdən sonra həmişə qürub yetişir.

Saxta dost kölgəyə bənzər: o yalnız kökgəlikdə səninlə olar.

Sevdiyin insanın qüsurlarını belə bəyənirsən, sevmədiyində isə hətta ləyaqətlər belə səni qıcıqlandırır.

Xanımı olan kişini məst etmək ( yoldan çıxarmaq) mümkündür, məşuqəsi olan kişini də tovlamaq olar, amma aşiq olan kişini tovlamaq qətiyyən mümkün deyil.

İndi vaxt yoxdur, sabah güc olmayacaq, o biri gün- özümüz olmayacağıq,

Ona görə də heç nəyi sabaha saxlama. Elə indi və burda yaşa.

Bu dünyada sevgi və ölümdən başqa hər şeyi axtarmaq olar. Vaxtı çatanda onlar səni axtaracaqlar.

Səbr etmək gözəl keyfiyyətdir. Amma  uzun müddət səbr etmək üçün həyat həddən artıq qısadır.

Hirslənəndə heç kimə cavab vermə, xoşbəxt olanda heç kimə vəd etmə, əsəbləşəndə heç vaxt qərar vermə.

Yer üzündə  üç qiymətli şey var: yemək, içmək və xoş sözlər. Axmaqlar isə hesab edirlər ki, qiymətli şey deyəndə qiymətli daşlar başa düşülməlidir.

Sirr saxlamaq istedaddır, özgənin sirrini saxlamaq isə incəsənətdir.

Əgər siz bütün dünyanı xoşbəxt etmək istəyirsinizsə, onda  evə qayıdıb öz ailənizi sevin.

Ağıllı adam səhvini hər zaman düzəldə bilər. Səhef isə  öz səhvini düzəltmək qabiliyyətinə də malik deyil.

 Kobudluq və təkəbbürlü olmaq münasibətləri korlayır. Birinci hal  ayrılmağa gətirib çıxarır, ikincisi, bacarığa mane olur.

 Bu dünyada sevgi və ölümdən başqa hər şeyi axtarmaq olar. Vaxtı  çatanda onlar da özləri sənə  çatacaqlar.

Sən dünyaya lüt gəlmisən, dünyadan lüt də gedəcəksən. Doğulanda aciz olduğun kimi, öləndə də aciz olacaqsan. Dünyaya pulsuz, əşyasız gəlmisən, dünyanı elə də tərk edəcəksən. Dünyaya gələndə səni yuyub paltara  bükürlər, axırıncı çimməyin də elə olacaq. Bax, insan budur! Elə isə nə  üçün bu qədər acgöz, pislik etməyə meyillisən?

Mərd adam adətən şikayət etmədən əzab çəkir, zəif adam isə  əksinə, əzab çəkmədən şikayətlənir.

Hamı  çox yaşamaq istəyir, amma heç kim qocalmaq istəmir.

Adamlara yaxşılıq edəndə, yaxşı adamlar bunu qiymətləndirir, biganələr unudur, həyasızlar isə daha da həyasızlaşır.

Pis dostu olmaqdansa tək yaşamaq yaxşıdır.

Kiminlə gəldi yoldaşlıq etməkdənsə, tənha yaşamaq yaxşıdır.

Kədər olsun o duyaya ki, orada yandırıcı eşq yoxdur. Sevgi əzabı olmayan yerdə sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir. Bəhrəsiz gündən daha tutqun və daha sıxıcı gün ola bilməz.

 

Xilqətin başlıca mehvəriyik  biz,

Dərk etsən, bəsirət gövhəriyik  biz.

 Cahan dairəsi qızıl bir üzük,

Onun ən dəyərli gövhəriyik  biz.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

 

Sentyabrın 24-də Şamaxıda keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında növbəti təqdimat “Multidisiplinar İncəsənət Festivalı” olub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Nəsiminin şeirləri, qəzəlləri musiqi və rəqs vasitəsilə təqdim olunub.

Sonra qəzəlxan Arif Buzovnalı və gənc şairlərin çıxışları dinlənilib.

Tədbirdə incəsənət ustaları Nəsiminin sözlərini və fəlsəfi ideyalarını müasir ifadələrlə auditoriyaya çatdırıblar. Festival iştirakçıları həm vizual, həm də emosional olaraq Nəsimi irsi ilə daha yaxından tanış olublar.

Festival çərçivəsində, həmçinin gildən hərfdüzəltmə, art-terapiya, ekoçanta üzərində qrafika, xəttatlıq, meditasiya, bədən plastikası kimi ustad dərsləri keçirilib. Həmçinin “Çardaq” qrupunun ifası və poeziya fləş-mobu olub.

Daha sonra türkiyəli yazar və musiqiçi Hakan Mengüç sufizm fəlsəfəsi haqqında çıxış edib.

Hakan Mengüç AZƏRTAC-a açıqlamasında bu festivalda iştirakdan məmnunluğunu bildirib.

O, həmçinin tədbirə çoxlu sayda gəncin qatıldığını bildirib: “Onların bu mövzuya maraq göstərməsi məni sevindirir. Demək bir şəkildə sözlərimizlə qəlblərə toxuna bilirik”, – deyə o vurğulayıb.

Türk Dünyası Araşdırmaları İnstitutunun nümayəndəsi professor Metin Ekiçi bildirib ki, Nəsimi Türk dünyasının ortaq mədəni irsidir. O əlavə edib ki, Nəsiminin doğulduğu torpaqlarda təşkil edilən festival çərçivəsində səslənən şeirləri və qəzəlləri dinləmək böyük zövqdür.

Professor qeyd edib ki, bu cür tədbirlər Nəsimi irsinin gənc nəsillərə ötürülməsində və onun fəlsəfi-mənəvi dəyərlərinin qorunub saxlanılmasında mühüm rol oynayır.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı Şərqin dahi şair və mütəfəkkirlərindən biri olmuş İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilərək, şeir və incəsənətin yaşadılması məqsədi daşıyır. Böyük şairin şeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar bu gün də öz məna qüvvəsi ilə aktuallığını qoruyub saxlayır

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.