Sözdən yaranan incilər – ÖMƏR XƏYYAM Featured

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı həmin kəlamları, sitatları, aforizmləri sizlərə təqdim etməkdədir.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

ÖMƏR  XƏYYAM   (1048-1123-cü illər), şair və filosof

 

Şər və xeyir səninlə doğulmayıb, onları seçmək üçün sənə ağıl verilib.

Ruhdan düşən vaxtından tez ölür.

Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.

Əsl yazıçı xalqı qaranlıqdan aydınlığa aparan insan olmalıdır.

Ədalət kainatın ruhudur.

Mərd adam adətən şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir.

Bu  dünyaya istədiyimiz kimi gəlmədik, bu dünyadan da istədiyimiz kimi köçməyəcəyik.

Biz həm sevinc mənbəyi, həm də kədər yatağıyıq. Biz rəzalət yuvası və şəffaf  bulağıq. İnsan sanki güzgüdəki çox üzlüklər dünyasıdır. O, həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir.

Bu həyat aldığımız nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə.

Zəngin və güclü olana həsəd aparma, sübhdən sonra həmişə qürub yetişir.

Saxta dost kölgəyə bənzər: o yalnız kökgəlikdə səninlə olar.

Sevdiyin insanın qüsurlarını belə bəyənirsən, sevmədiyində isə hətta ləyaqətlər belə səni qıcıqlandırır.

Xanımı olan kişini məst etmək ( yoldan çıxarmaq) mümkündür, məşuqəsi olan kişini də tovlamaq olar, amma aşiq olan kişini tovlamaq qətiyyən mümkün deyil.

İndi vaxt yoxdur, sabah güc olmayacaq, o biri gün- özümüz olmayacağıq,

Ona görə də heç nəyi sabaha saxlama. Elə indi və burda yaşa.

Bu dünyada sevgi və ölümdən başqa hər şeyi axtarmaq olar. Vaxtı çatanda onlar səni axtaracaqlar.

Səbr etmək gözəl keyfiyyətdir. Amma  uzun müddət səbr etmək üçün həyat həddən artıq qısadır.

Hirslənəndə heç kimə cavab vermə, xoşbəxt olanda heç kimə vəd etmə, əsəbləşəndə heç vaxt qərar vermə.

Yer üzündə  üç qiymətli şey var: yemək, içmək və xoş sözlər. Axmaqlar isə hesab edirlər ki, qiymətli şey deyəndə qiymətli daşlar başa düşülməlidir.

Sirr saxlamaq istedaddır, özgənin sirrini saxlamaq isə incəsənətdir.

Əgər siz bütün dünyanı xoşbəxt etmək istəyirsinizsə, onda  evə qayıdıb öz ailənizi sevin.

Ağıllı adam səhvini hər zaman düzəldə bilər. Səhef isə  öz səhvini düzəltmək qabiliyyətinə də malik deyil.

 Kobudluq və təkəbbürlü olmaq münasibətləri korlayır. Birinci hal  ayrılmağa gətirib çıxarır, ikincisi, bacarığa mane olur.

 Bu dünyada sevgi və ölümdən başqa hər şeyi axtarmaq olar. Vaxtı  çatanda onlar da özləri sənə  çatacaqlar.

Sən dünyaya lüt gəlmisən, dünyadan lüt də gedəcəksən. Doğulanda aciz olduğun kimi, öləndə də aciz olacaqsan. Dünyaya pulsuz, əşyasız gəlmisən, dünyanı elə də tərk edəcəksən. Dünyaya gələndə səni yuyub paltara  bükürlər, axırıncı çimməyin də elə olacaq. Bax, insan budur! Elə isə nə  üçün bu qədər acgöz, pislik etməyə meyillisən?

Mərd adam adətən şikayət etmədən əzab çəkir, zəif adam isə  əksinə, əzab çəkmədən şikayətlənir.

Hamı  çox yaşamaq istəyir, amma heç kim qocalmaq istəmir.

Adamlara yaxşılıq edəndə, yaxşı adamlar bunu qiymətləndirir, biganələr unudur, həyasızlar isə daha da həyasızlaşır.

Pis dostu olmaqdansa tək yaşamaq yaxşıdır.

Kiminlə gəldi yoldaşlıq etməkdənsə, tənha yaşamaq yaxşıdır.

Kədər olsun o duyaya ki, orada yandırıcı eşq yoxdur. Sevgi əzabı olmayan yerdə sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir. Bəhrəsiz gündən daha tutqun və daha sıxıcı gün ola bilməz.

 

Xilqətin başlıca mehvəriyik  biz,

Dərk etsən, bəsirət gövhəriyik  biz.

 Cahan dairəsi qızıl bir üzük,

Onun ən dəyərli gövhəriyik  biz.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.