BİRİ İKİSİNDƏ Allahşükür Ağanın şeirləri ilə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şeir vaxtında Allahşükür Ağanın şeirlərini təqdim edirik.

 

 

ŞEİR VAXTI

 

Allahşükür AĞA

 

 

UNUDUN MƏNİ 

 

Unudun məni  getsin –

20 Yanvar kimi...

Elə bilin olmamışdım,

Heç ağlamamışdım,

Heç sevməmişdim...

 

Məni unudun getsin –

Şəhid kimi,

Elə bilin ölməmişdim,

 Elə bilin evlənmişdim,

Yüz yaşamışdım,

Qocalmışdım,

Saqqalım  daraq kimi

Havanı daraqlayırdı...

 

Məni unudun getsin... 13-cü ay kimi

Qanadsız quş  təki,

Qanadlı sular kimi.

Ağacların qabaq əlləri vardı,

Necə ki ağac unutdu onu,

Siz də elə unudun məni. 

 

Baxışlarımın  havada açdığı şırımla

Çıxıb gedirəm,

əlvida!

 

 

KÖNLÜMDƏN 

 

Söykənib ot tayasına,

əyilib it balasına,

dərin bir xəyala getmək

keçir könlümdən.

 

Dərsə gedən uşaqlara baxıram,

Atalarının

Maaşları baxır üzündən…

Onların damcı gözləri 

içir könlümdən.

 

Həyat qədər çətindi

Əyilə-əyilə yaşamaq.

Gülə-gülə ölmək

Bir ayrı cür  yaşamaqdı.

Lap yaxşısı xatirələri qucmaqdı,

Xatirələr saf-saf duyğuları

seçir könlümdən.

 

 

MƏSƏLƏN 

 

Məsələn, deyirəm,

Biz ölsək, yəni ayrılsaq,

Harda görüşə bilərik –

Bir-birimizi nədən tanıyarıq?

 

Məsələn, bizim  adımız

Nə olar onda.

Sən məni tanımazsan

Mən səni tanıyanda.

Məsələn, sən dayanmazsan 

Mən dayananda.

Məsələn, sən doğulmazsan,

Mən doğulanda. 

 

Ayrılıq nə güclüdür,

Uzaqda dayanma,

Məsələn, hələ yatma,

Hələ oyanma.

 

 

AĞACLAR 

 

Səs kimi qalxıb yerdən

Göyə baxır ağaclar.

Gah geyinir,  soyunur,

Çox darıxır ağaclar.

 

Dayanıb qol-qanadlı.

Boylanır  təkayaqlı.

Yanında beşotaqlı,

Evdən qorxur ağaclar.

 

Budaqda  bıçaq yeri,

Yadında  ocaq yeri.

Altından  çəkdik yeri,

Of, yıxılır ağaclar.

 

 

DUSTAQ QATARLARI

 

Bu gecə ayıldım qatar səsinə,

Haradan haraya gedir bu qatar?

Bir cüt əl görünür pəncərəsindən,

Deyəsən, yox olub  itir bu qatar.

 

Bəlkə də, uzanan o yorğun əllər

Qoyma bu qatarı getsin, deyirdi.

Əlləri qatardan qalırdı dala,

Kömək istəyirdi, əl istəyirdi.

 

Vaqonlar sallayıb qaş qabağını,

Payız quşlarıtək uçub gedirdi.

Heç kimi aparmaq fikri yoxuydu,

Dəmir qapıları açıb gedirdi.

 

Nəyə sevinirdi, görəsən, nəyə?

Təkərlər relslərə əl çalırdılar.

Gedirdi dustaqlar irəli, ancaq

Səsləri arxaya atılırdılar.

 

 

ÇƏPƏRİ YIXIRSAN YARAŞIĞINLA

 

Gözü yuxudan bulaşıqlı,

Ayağı kol-kosdan sarmaşıqlı,

Haylı-küylü, qarmaqarışıqlı,

Ayağı səkilli it,

Üz-gözü şəkilli it,

Sən ölsən,

Kəndimiz öləcək, ölmə.

 

Kəndimizi sən oyadırsan səsinlə,

Çəpəri yıxırsan

Yaraşığınla.

Sən lap gözəl olursan

Zəncirin dolaşığıyla.

Ulamağınla ayı

Yuxarı qaldırırsan,

Sən ölsən,

Ay yerə düşəcək, ölmə.

 

Qarın üstündəki ayaq izlərin

Özündən qabaqda olur həmişə.

Yad kimi qoxlayırsan

Ayaq izini,

Bir az qayıdırsan

Sanki keçmişə.

Ayaq izlərini gün əritmədi,

Vaxt əritdi,

Zəncir səni öldürmədi,

Zəncir səni diriltdi,

Zəncirini yaxşı qoru,

Heç vaxt onu  itirmə,

İtim!

 

 

ÇİÇƏKLƏR, ƏLLƏR 

 

Məncə, çiçəklərin

Ən gözəl xatirəsi sənin əllərindi.

Həm çiçəyə bənzəyir,

Həm də boş qalıb indi –

Çiçəklərin  yuvası kimi.

 

Əllər daha çox ağlayır, məncə,

Çünki əllərini  bəzəyən güllər

Bir azdan zibil qabını

Eyni ahənglə sevindirəcək.

 

İndi çiçəkmi vəfasızdı, yoxsa əllər?

Məncə, çiçəklər…

Əvvəl  torpağı sevindirdi,

Sonra qonşunun uşağını.

Sonra bülbülü,

Sonra sənin əllərini,

İndi də zibil qabını.

 

Arxasınca ağlayan xatirələr

Çiçəklərin ayağının tozudur,

Məncə.

 

 

NƏĞMƏ 

 

Quzu otaranın,

Dərsə gedənin,

Gedən qatarın,

Şeiri çap olunmayan şairin

Dodağında bir göyərmiş nəğmə var...

 

Adamı o nəğmə yaman yandırır,

Nə quzular başa düşər onu, 

Nə getdiyi məktəb,

Nə sərnişin,

Nə də oxucu.

 

İllah ki, şair kənd şairi ola,

İllah da  biləsən,  bu quzuları qəssablar sevir,

Qatarlar səni ayırır

Və kənd adamları deyirlər,

Əsl şair şəhərdə yaşayar,

Allahşükür, səni yandıracaq 

Bu nəğmə,

Başına çarə qıl...

 

 

QAPI AÇARAM İŞIĞA…

 

Divara qurban olum,

Sirr yaşayır daşında.

Bir vaxt türmə divarıydı,

Müşfiq var yaddaşında.

 

Divarın o üzündə,

Adam gəzir gün işığı.

Bir çiçək boy atıbdı,

Boynunda sarmaşığı.

 

Suvağının altında

Gizli şeirlər yazılıb.

Şipşirin arzuların

Qəbri divarda qazılıb.

 

Əlimi sürtdüm divara,

Döndüm qərib aşığa.

Dırnağımla qazaram,

Qapı açaram işığa.

 

 

KƏND YOLUNDA ARABA

 

Yollarda astaca – astaca gedir

Təkərlərin cırıltısı…

Atır çökəklərə atmaca, gedir.

Çıxıb maşınların yoluna

Upuzun yolları qısaca gedir…

 

Bir araba yonca,

Yol boyunca,

Arxayınca 

Gedir, gedir ləng gedir,

Elə bil ki, kənd gedir.

 

Bir uşaq düşüb dalınca

Biri də üstüncə gedir.

Dəli yoncanın ətri

Şəhər maşınlarını 

yenə yaman məst edir.

 

At arabası,

Ot arabası

Üstündə yabaya bax.

Arabanın işinə bax,

Arabada havaya bax.

 

Atın iştahası 

Qaçır hərdən arxaya,

Bir az keçir yorğaya.

Arabayla bir qaçır

Uşaqların neçəsi.

Sevindirir hər yanı

Təkərlərin nəğməsi.

 

 

ÖLÜM 

 

Güllələr nəğmə kimi səslənir bəzən,

Adamlar qaçırlar o nəğməni oxumağa.

Adamları  nəğməylə aldadırlar... nahaq.

 

Məsələn, bilməsə,

Uşaq  yerə düşüb 

közərən bir  mərmiyə tərəf qaçar

Və əlinə götürər ölümü.

Uşaqlar həmişə

oyuncaq gəzdiyindən yenə aldanarlar.

Ən zəhərli göbələk belə

o qədər şirindi ki, adam doymur.

Gör ölümü harda gizlədiblər?

 

Biz qaçırıq ölümlərdən,

Sən demə, biz ona tərəf qaçırmışıq əslində.

Sürətli maşınların əlindən qaçıb

Bir at arabasının  təkəri altında da

Ölmək təsadüfü varmış...

Amma çox nahaq,

Gərək bizi  nəğməylə,

Göbələklə,

At arabasının nəğməli təkəri  ilə

Aldatmayaydılar...

 

 

QALIB

 

Payız keçib buradan,

Yolunda yarpaq qalıb.

Bu ağacın başında

Bircə yarpaq sağ qalıb.

 

Bir quş hələ budaqda,

Civildəyir sazaqda.

Stolumda bu haqda

Ağappaq varaq qalıb.

 

Sinəm dönübdü saca,

Bilmir dərd hara qaça?

Baharın bu ağaca

Yolu bir barmaq qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

                                              

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.