Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı professor Ramazan Siracoğlunun müasir türk ədəbiyyatının tanınmış nümayəndəsi Sait Faik yaradıcılığı barədə “KİÇİK ADAMLARIN BÖYÜK PROBLEMLƏRİNİN SÖZÇÜSÜ” yazısını təqdim edir.

 

Müasir türk ədəbiyyatının tanınmış nümayəndəsi Sait Faik (1906-1954) türk nəsrinin inkişafında dönüş nöqtəsi hesab olunur. Türkiyəli yazarlar onu “kendigel  yazar” adlandırırdılar. S. Faik türk hekayələrinin kanonlarını çox aydın və sadə şəkildə qıraraq, sosial problemləri geniş oxucu kütləsinə çatdıra bilmişdir. Eyni zamanda, Sait Faik məşhur Avropa yazıçılarının təsiri altında qalmamış və həmişə orijinallığını qoruyub saxlamışdır. Ümumiyyətlə, o, heç vaxt heç bir ədəbi qrupun üzvü olmayıb. S.Faikin əsas ədəbi personajları adi insanlardır - küçə satıcıları, qayıqçılar, balıqçılar, evsizlər, işsizlər, dilənçilər, içki düşkünləri vb. 

S. Faikin fikrincə, əsl yazıçı güzgü rolunu oynamalıdır, yəni, reallığı güzgü kimi əks etdirməlidir. Sait Faik Avropa səviyyəsində ilk türk nəsr nümunələrinin müəllifidir və tərəddüd etmədən onun müasir türk nasirlərinin  lideri olduğunu söyləmək olar. Sait Faik fövqəladə yaradıcılıq tərzi və fikirlərinin fərqli ifadə üsulları sayəsində sələflərini təkrarlamadan türk ədəbiyyatında öz ədəbi məktəbini yaratmağa nail olmuşdur. Ölümündən sonra çox böyük ədəbi irs qoyub, türk yazarları arasında gələcək nəsil üçün təqlid obyektinə çevrilib. Bu gün Sait Faikin əsərləri gənc yazarlar üçün böyük və ciddi ədəbiyyatın mahiyyətini, kredosunu tanıdan ilk mənbə hesab olunur. Demək olar ki, o, təkcə təhkiyyə tərziylə  fərqlənmir, eyni zamanda ədəbi personajların təsviri sahəsində də qabaqcıl hesab olunur. Sait Faik öz müşahidələrinə əsaslanaraq kifayət qədər real personajları təfərrüatı ilə təsvir edə bilmişdir. Sait Faik türk ədəbiyyatında ilk dəfə “kiçik insan” obrazını canlandırmış, onların sosial xarakterlərini açmağa çalışmışdır; eyni zamanda bu yazıçı öz qəhrəmanlarını hər hansı dini və siyasi dairələrlə əlaqələndirməkdən çəkinmişdir. Yazıçının məqsədi bütün ədəbi tipləri  real həyatda olduğu kimi təqdim etmək idi. Yəni, Sait Faik tipləri  öz istədiyi kimi təsvir etməmiş, onları olduğu kimi təqdim etməyə nail olmuşdur. Bu səbəbdən də yazıçının bütün ədəbi qəhrəmanları realdır. Oxucular sanki onlarla yaxından tanışdırlar, haradasa bu ədəbi qəhrəmanlarla görüşüblər.

S.Faik bütün həyatı boyu ictimai problemlərə deyil, ictimai həyatda fərdin probleminə diqqət yetirmiş, bacardığı qədər onların faciəvi talelərinin mahiyyətini, fəlakətlərinin səbəblərini açmağa çalışmışdır. S.Faikin ədəbi həyatı 1930-cu illərdən başlayıb və 1954-cü ildə tamamlanıb. Qeyd edək ki, ədəbi cəmiyyət sağlığında gənc yazıçıya qarşı çox xoşagəlməz münasibət bəsləmişdir. Onu müxtəlif adlarla çağırırdılar: “sərxoş balıqçı”, “xərabatifacir”, “nankor bədxərc”, “küfrbaz”, “vulqar şair”, “əyyaş” vs. Bütün ədəbi basqılara rəğmən, Sait Faik həyatı boyu öz orijinallığını və müstəqilliyini qoruyub saxlamağı bacarmışdır.

XX əsr türk ədəbiyyatının əksər ədəbi növlərində uğurlu əsərlər yazmış Sait Faik Abasıyanık daha çox novellaları ilə tanınır. Çağdaş türk nəsrinin qabaqcıl simalarından olan Sait Faikin əsərlərində insansevərlik hər zaman ön planda olmuşdur.  Onun nəsrində fransız nasiri Andre Jidin ( 1869- 1951) güclü ədəbi təsiri duyulur. Sait Faik özü etiraf etmişdi ki, Andre Jide onu çox təsirləndirmişdir: “Bir çok yazıcı okudum. Hepsinin tesirinde kaldım galiba, ama beni kendime alıştıran Andre Gide olmuştur.”

Sait Faik’in  hekayələrində hadisələr təbii axarı ilə cərəyan edir, təsvir olunan  tiplər heç vaxt realıq zəmnindən uzaqlaşmır. Onun hekayələrinin necə sonlanacağını təxmin etmək imkansızdır. Əsərlərindəki  nikbinlik daim oxucuya da sirayət edir, ondakı həyat eşqini, həyat tutqusunu artırır. Sait Faikin qəhrəmanları gündəlik məişət qayğıları ilə uğraşsalar da, minimal şərait əldə etmək naminə mücadilə etsələr də, heç vaxt nikbinliklərini itirmirlər. Bəlkə də Sait Faik şəxsi həyatından çox fərqli olaraq, xəyali dünyada təsvir etdiyi qəhrəmanlarını xoşbəxt görmək istəyindən belə davranmışdır. Onun hekayələri çox sadə, bədii təsvirlərdən mümkün qədər uzaqdır. S.Faik novellalarında Divan ədəbiyyatının, “Serveti-fünun”, “Fecri-ati” ədəbi cərəyanlarının  nümayəndələrinin təmtəraqlı üslubunu, ifadə tərzini bəyənməyən, “nesri-müzeyyen” adlanan bər-bəzəkli təhkiyyədən nifrət edən Sait Faik xalq danışığını xatırladan cümlələrlə üstünlük vermişdir. Bu baxımdan özünə qarşı acımasız şəkildə davranmış,  eyni hekayəsini bir neçə variantda yazmış, qeyri-iradi olaraq işlətdiyi kitab cümlələrini öz hekayələrindən çıxartmışdır. Bu barədə onun   məlum qeydləri var: “Bak! Yine yapacağımızı yaptık işte. Dalgaları boyadık. Ufku mis gibi kızarttık. Biz böyleyiz. Kötü edebiyat terbiyesi aldık: Ne yapalım? Hemen şairleşmeye başlarız.” S.Faik yazdığı əsərlərinin hansı janrda olmasının fərqində olmamışdır. Onun üçün yazılarının janrı deyil, yazmanın özü önəmli idi. Sevdiyi qadına ünvanladığı bir məktubunda S.Faik bunu etiraf etmişdir:“Benim yazılarımın  hiçbiri öykü değil, röportaj değil, mektup değil, nedir ben de bilmem!” 

S.Faikin ədəbi qəhrəmanları cəmiyyətdə heç bir titulu, mənsəbi, iddiası olmayan, minimum həyat şəraitində həyatda qalmaq uğrunda çabalayan,  sosial baxımdan müdafiəsiz, hətta sağlamlıq baxımından zəif olan insanlardır. Bəzi hekayələrində S.Faik öz qəhrəmanlarına ad belə verməkdən imtina etmiş, onları sadəcə, “bir qadın”, “işsiz bir kişi”, “ümidsiz bir xəstə”, “birisi”, “gecekonduda oturan”  kimi ümumi təsvirlərlə təşxis etmişdir. Əslində, bu təşxislə müəllif qələmə aldığı ədəbi qəhrəmanının xarakter olmaqdan daha çox, tipik şəraitdə yaşayan bir tip olaraq tanıtmağa çalışmışdır. Başqa sözlə, yazıçı oxucuda ədəbi qəhrəmanın adı, yaşı, yaşayış yeri, bioloji cinsi  o qədər də önəmli deyil təəssüratı yaradır. Bir zamanlar türk yazıçısı Haldun Taner bu xüsusiyyətinə görə, Sait Faik’i “kiçik adamların böyük dostu” adlandırmışdır.

Sait Faikin qəhrəmanlarının əksəriyyəti “gecekondu” adlanan daxmalarda doğulan, böyüyən, daimi işi olmayan və çox vaxt bədbəxt hadisələr nəticəsində həyatını itirən insanlardır. Bir parça çörək tapmaq istəyi ilə öz doğma torpaqlarını tərk edərək böyük sənaye şəhərlərinə gələn, heç bir rahatlığı olmayan, qaçaq inşa olunmuş daxmalarda kirayənişin yaşayaraq arzusu gözündə qalan insanların fəci durumunu S.Faik gerçəkçi bir tərzdə qələmə alaraq həmin qəhrəmanların acı taleyini  çoxsaylı oxucuları ilə bölüşür. Məsələn,  “Kalorifer ve Bahar” adlı hekayəsində yazıçı qeyd edir ki, “kadınlar bu mahallede doğarlar, fakat başka bir sefil kulübede ölürler. Erkekler bu mahallede doğarlardı, katiyen bu mahallede ölmezlerdi. Kimisi hapishanede, kimisi denizde, bazısı cami avlusunda, ne bileyim başka yerlerde, kendi doğdukları yerden başka yerlerde ölürlerdi.” 

Eyni mənzərəni “Sur dışında hayat”, “Kaçamak, papağan, karabiber” hekayələrində də müşahidə etmək mümkündür. S.Faik balıqçılar haqqında silsilə hekayələr yazmışdır. Yazıçı fərqli tiplərin dili ilə günlük yaşayışını çox ağır şərtlər altında təmin etməyə məcbur qalmış balıqçıların acınacaqlı durumlarını real zəminə uyğun şəkildə əks etdirməyi bacarmışdır. Onun yazdığı “Papaz” hekayəsindəki Papaz surəti, balıqçılara xüsusi rəğbəti olan Sait Faikin fikirlərinin carçısıdır: “Ben dünyada balıkçıları, toprakla uğraşan rençberleri severim. Yalnız onları. O kadar.” Ümumiyyətlə, balıqçılar haqqında türk ədəbiyyatında da, dünya ədəbiyyatında da xüsusi yazan ədiblər olmuşdur. Məsələn, Ernest Heminquey, Tevfik Fikret, Halikarnas Balıkçısı belə ədiblərdəndir. Müxtəlif hava şəraitində, istidə, soyuqda əngin dənizin coşğun dalğaları ilə  mübarizədə günlük ruzisini qazanmağa çalışan balıqçılar S. Faikin sevimli ədəbi qəhrəmanlarındandır. “Bizim köy bir balıkçı köyüdür”, “İki kişiye bir hikaye”, “Bir kaya parçası gibi”, “Stelyanos Hrisopulos gemisi”, Balıkçının ölümü”, “Ağıt”, “Haritada bir nokta” vs.  hekayələrində S. Faik çətin və təhlükəli məslək sahiblərinin yaşayış uğrunda verdikləri mücadiləni, onların arzu və düşüncələrini səmimi tərzdə, inandırıcı lövhələrlə əks etdirmişdir. S. Faik üçün nə ədəbi qəhrəmanlarının, nə də tipik şəraitdə tipik çizgilərlə təsvir etdiyi ədəbi surətlərin etnik və sosial mənsubiyyətinin  fərqi vardır. Onun üçün önəmli olan insan amilidir. Məsələn, “Stelyanos Hrisopulos gemisi” hekayəsinin qəhrəmanı  qoca balıqçı Hrisopulos milli mənşəcə bir yunandır. Hrisopulosun yaşı yetmişi keçmiş, gözləri zəifləmiş, əlləri və dizləri gücdən düşmüşdür. İndi onun evində rahat oturub istirahət etməli olduğu çağı olsa da qoca balıqçı hər gün dənizə çıxıb balıq tutmağa, tuta bildiyi balığı satıb evinə çörək almağa məcburdur. Hrisopulosun, əslində heç düz əməlli bir evi də yoxdur: “Zeminden üç merdivenle inilen küçük odasının tavanı insan boyundan yüksek olmasına rağmen insanı eğilmeğe mecbur bırakan bir karanlığı vardı.”  Qoca Hrisopulos illərə sinə gərmiş köhnə balıqçı qayığında açıq dənizə çıxarkən xəstə nəvəsi Trifona şalvar, bir kömbə təndir çörəyi, bir az şəkər, nefti tükənən lampası üçün bir-iki litr neft, bəxti getirib qalxan balıq tuta bilsə, qəssabdan hətta yarım kilo ət almaq barədə düşünür: “Trifon, kışa girerken hastalanmıştı. Köyde ilaç pahalıydı. Şehre inmek bir meseleydi. Trifon gerçi mektebe gitmiyordu.”

         S.Faikin qoca Hrisopulosu məşhur amerikan yazıçı E. Heminqueyin Nobel mükafatına layiq görülmüş “Qoca və dəniz” əsərindəki qoca Santiaqonu xatırladır. E. Heminqueyin qəhrəmanı Santiaqo da 84 gün balıq tuta bilməmişdi: “Hrisopulos sabahtan beri çaparı hazırlıyordu. Tamir ettiği ağlar çoktan bozulmuş, yazın hazırladığı oltalar kopmuş, kayığın boyaları dökülmüş, evin içi çoktan karmakarışık olmuştu. Bu sene balık yoktu.”

“Krallık” hekayəsinin qəhrəmanı Ali Rızanın da taleyi Hrisopulosun taleyindən  fərqli deyildir. Türk olan Ali Rıza da ömrünü balıqçılıqda çürütsə də dünyada heç bir qazancı yoxdur. Onun da günü- güzəranı adi məişət qayğıları içində, əzab-əziyyətdə keçmiş, yarı qarını ac, yarı qarnı tox olmuş, bir gözü ağlamış, bir gözü gülmüşdür. Varı-dövləti “kırık bir masa, iki testi, bir testere, bir yıpranmış yorgan, bir kopuk balık ağı, bir nargile marpucu” idi. Sait Faikin təsvir etdiyi balıqçı Alı Rıza tanınmış şair Orhan Velinin “Kitabe-i Seng-i Mezar” şeirinin qəhrəmanı Süleyman əfəndiyə çox bənzəyir. Ömür boyu yoxsulluq içində yaşamış Süleyman əfəndi ölümündən sonra geriyə ancaq borclarını buraxıb getmişdi:

Duysalar öldüğünü alacaklılar, haklarını helal ederler elbet.

Alacağına gelince, alacağı yoktu zaten rahmetlinin…

S.Faikin ədəbii qəhrəmanı balıqçı Ali Rıza bütün ömrü boyu nə zamansa bir rütubətsiz, pəncərəsi günəşə açılan, içərisi dəniz qoxusu dolu, divarı boyalı, səliqəli bir otaqda yatmaq arzusu ilə yaşamış, röyalarında sürəkli olaraq qeyd olunan özəllikləri olan otağı görmüş, qocalmış, lakin heç vaxt yuxuları çin olmamışdı. “İki kişiye bir hikaye” əsərində S.Faik ömrünü yalnızlıqda keçirmiş, qaradinməz, kasıb, sərt mizaclı balıqçı Barbanın acı həyatından bəhs etmişdir. Daim insanlardan uzaq durmağa çalışan, gündəlik yaşayışını böyük bir əziyyətlə qazanan Barbanın gerçək dünyada səmimi bildiyi bir varlıq bir qağayıdır. Qağayı da onu tanıyır, Barba dənizə, balıq ovuna çıxdığında qağayı da onun qayığının ətrafında uçur. Barba həmişə tutduğu balığın içalatını qağayıya verir. Sait Faik ədəbi qəhrəmanı Barbanın səssiz- səmirsiz davranmasını, qaradinməz olmasını onun balıqçılıq peşəsi ilə açıqlamışdır: “Balıkçının gevezesine hiç rastlamadım. Sonunda şöyle bir neticeye vardım: İnsan balıkçı ise geveze değildir. Geveze ise balıkçı değildir.” Balıqçı Barba insanlar arasında özünü tənha hiss edir. Ona elə gəlir ki, əslində, bütün insanlar, çiyin-çiyinə gəzən, hərəkət edən, izdihamda yaşayanların hamısı  yalnızdırlar. Bu baxımdan insanlar sanki bir-birinə bitişik kimi görünən, həqiqətdə isə isə, bir-birindən işıq ili məsafəsi qədər uzaq olan ulduzlar kimidirlər. Qəribədir ki, insanlardan qaçan Barba qağayını özünə yaxın bilir: “Onu etrafımda görmediğim günler bir şey kaybetmiş de ne olduğunu bir türlü bulamayan, durmadan da o şeyi arayan insana dönerim. İnsana alışamıyorum ama şu deniz kuşuna alışmışım. İnsana alışsam evlenirdim.” Yazıçı bir gün Barbanın yaxasında matəm əlaməti olaraq taxdığı qara rəngli lent görür. Barbaya səbəbini soruşanda o da  uzaq bir əqrabasının öldüyünü söyləyir. Hekayədən anlaşılır ki, hər gün Barbanın qayığını müşayiət edən qağayı öldüyü üçün Barba kədərlənmiş və ağlamışdı. S. Faik öz oxucularını  balıqçı Barbanın səmimiyyətinə inandırır: “Ölüsünü burada bulunca ağladım, dedi. Sen hani geçen balığa gelişimizde hastalanmıştın, ben de öyle hastalandım. Balık tutmadan döndüm.”

“Haritada bir nokta” adlı hekayəsində S.Faik şahidi olduğu bir acınacaqlı  hadisədən bəhs etmişdir. Bir qarın yemək üçün gəlib balıqçılara yardım edən, onların qayıqlarını, torlarını təmizləyən, tutulan balıqları sahilə daşıyan bir zəif bədənli nabələd adamın haqqını kəsən, ona haqq etdiyi payı verməyən, onu müdafiə etməyən balıqçıların xəsisliyindən, qəddarlığından söz açan Sait Faik bu qənaətə gəlir ki, özünü müdafiə edə bilməyənlərlər taleyin ümidinə buraxılmış məhkumlardırlar: “Şimdi umduklarımdan birisi payına düşen balıktan birini, en küçüğünü adama doğru fırlatacak diye bekledim. Reis kahvenin önünde kahvesini öttürüyor, kayığın asıl tayfasına keyifle bakıyordu.”

Yazıçı qeyd olunan əsərində oxucularına  cəmiyyətin də dəniz qədər sərt və acımasız olduğu fikrini təlqin etmişdir. S.Faikin əsərlərində sevgi mövzusu da xüsusi diqqətlə işlənilmişdir. Məsələn, “Kıskançlık” hekayəsində yazıçı birinci şəxsin dilindən öz həyatını danışan kənd müəllimidir. Böyük ümidlərlə könüllü olaraq kəndə gəlib uşaqları maarifləndirməyi, onları  cəhalətə qarşı savaşan bir mücahid kimi yetişdirmək istəyən müəllim, işləməyə gəldiyi kənddə Fadimə adlı bir kəndli qızı ilə evlənmiş, ömürlük bu yerlərdə qalmağı xəyal etmişdi. Lakin kənd adamları onu başa düşə bilmirlər. Məsələn, kəndlilər müəllimin cümə günləri kənd məscidinə gedib kəndlilərlə bir yerdə cümə namazı qılmamasına təəccüb edirlər. Müəllim də yavaş-yavaş dərk etməyə başlayır ki, min bir ümidlə gəldiyi kənd tədricən onun üçün işgəncə məkanına çevrilir. Müəllimin həyat yoldaşı Fadimə də onu anlamır. Bir axşam müəllim öz həyat yoldaşı Fadimə ilə kənd çobanı Hüsrevin bağda  əl-ələ tutuşub səmimi söhbət etdiyinin şahidi olur. Çoban Hüsrev maraqla Qaragöz adlı qoçun sürüdəki bütün qoçları, o cümlədən Cəlil ağanın qoçunu qovduğunu, Fadimənin də eyni həyəcanla onu dinləməsinin şahidi olur: “Karagöz iyi döğüşüyor mu, bakalım? – Sorma Fadime. Geçen gün Celil Ağanın kara koçunu bir altüst etti, görseydin. Celil’in koçu bir kaçıyordu ki. – Kaçırır Karagözüm kaçırtır.” Müəllim anlayır ki, gəldiyi kənddə  o heç vaxt başa düşülməyəcək, qəbul olunmayacaq” bir adam olaraq qalacaqdır. Müəllim səssiz-səmirsiz gəldiyi gimi, heç kimə heç nə demədən həmin kənddən və həyat yoldaşı Fadimədən ayrılmağa qərar verir. Doğrudur, S. Faik “Kıskançlık” hekayəsində bu fikri tam açıq şəkildə yazmayıb, lakin hekayənin sonluğundakı cümlələr bizə belə düşünməyə əsas verir. Belə ki, gecədən bir xeyli keçəndən sonra çoban Hüsrevlə bağdakı söhbətini tamamlayıb otağa ayaqlarının ucunda səssiz girən Fadimə, ərinə “yemek hazır, ağa” dediyində əri də “hiç iştahım yok, Fadimecik, sen otur ye, ben yatarken kendim bir şeyler bulur, yerim” cavabını verir.

Sait Faikin əsərlərində bəzən milyonlarca insanın diqqət etmədiyi, maraqlanmadığı, heç ağlına gətirmədiyi varlıqlar haqqında düşündürücü fikirlər irəli sürülür. Məsələn, S.Faik öz hekayələrində balıqlar haqqında   təfərrüatlı düşüncələrini qələmə alır. Onun  nəzərində, balıqlar da insanlar kimi sevinir, kədərlənir, ölüm təhlükəsi ilə qarşılaşdıqda vahimələnir vs. “Dülger balığının ölümü” hekayəsində yazıçı qəribə görünüşlü, zahirən digər  balıqlardan kəskin şəkildə fərqlənən, elmi adı “Zeus faber” olan, zorla öz stixiyasından ayrılmış, ölümə məhkum qalmış  dülgər balığının yaşam uğrunda son çırpınışları təsvir edilmişdir. Balıqçılar gündəlik ruzilərini qazanmaq üçün hər gün  balıq tutmağa məcburdurlar. Onlar üçün hansı balıq tutmanın  heç bir önəmi yoxdur. Başqa sözlə, tuta bildikləri, satıla bilən istənilən balıq növünü  heç acımadan tutmağa çalışan balıqçıların nəzərində kilkə, siyənək , xəşəm, kütüm, karp, sazanla bərabər dülgər balığı da ancaq pul əldə etmək üçündür. Balıqların  nadirliyi, zərifliyi, qeyri-adiliyi və görünüşü  balıqçılaarı qətiyyən düşündürməsə də, yazıçı S. Faiki çox düşündürür. Müəllif fikirləşir ki, insanlar öz xəbisliyi, acgözlülüyü və hiyləgərləyi ilə təbiətdə dominantlıq edir, zavallı heyvanlaraa, quşlara, balıqlara və bitkilərə dünyada yaşamaq imkanı vermirlər. Sait Faik oxucularını inandırmağa çalışır ki, tilova və ya tora düşmüş dülgər balığı çarəsizliyini anlayanda həyatdan küsür, ağlayır. Onun ağladığını eşidə bilən qulaqlar lazımdır. İnsanlar istəsələr o fəryad səslərini eşidə bilərlər, sadəcə dinləmək, eşitmək istəmirlər: “Oltaya tutuldu muydu dünyasına, sulara küsüverir. Suyun yüzüne yamyassı serilir. Kocaman gözleriyle insana mahzun mahzun bakar durur. Sandala aldığınız zaman dakikalarca onun sesini işitirsiniz, sandalda ölünceye kadar ikide bir feryada benzer, soluğa benzer acı bir ses çıkarır.”

Dəniz və balıq mövzusunu xüsusi şövqlə işləyən  S. Faik ilk baxışdan çox adi, hətta adidən də adi görünən  məsələləri böyük bir ustalıqla qələmə alaraq bir göz qırpımında öz oxucusunu təsvir etdiyi məkana və zamana götürməyi bacarır. Məsələn, “Balıkçısını bulan olta” hekayəsində bir tilov almağa  belə pulu olmayan yoxsul bir uşağın sahildə tilovla balıq tutanlara böyük qibtə və həsədlə baxması, inandırıcı lövhələrlə  təsvir edilmişdir. Hər gün böyük bir intizar və maraqla sahildə balıq tutanları izləyən, başqalarının uğuruna ürəkdən sevinən uşaq, röyasında da tilovla balıq tutduğunu görür. Bir gün xoş bir təsadüf onu tilov sahibi edir. Bahalı tilov dəsti olsa da heç vaxt baıq tutmağı bacarmayan  bir nəfər şəxs öz tilovunu bir anlığına həmin uşağa  verir: “Şu oltayı biraz tutsana” dediğinde öyle şaşırdım ki, sevinmeyi dahi akıl edemedim. Gitti bir simit alıp geldi. Çok çabuktu, oltayı uzattım, “kalsın kalsın”- dedi, ben biraz dinleneyim.” Həyəcanından təşəkkür etməyi də unudan uşaq sevincindən titrəyən əlləri ilə tilovu alır və mahir bir balıqçı ədası ilə tilovu dənizə atır. Bəxtindən bir an sonra  tilovuna balıq düşür, eyni uğurlu cəhdlə bir neçə balıq tutan uşaq birdən fərqinə varır ki, tilov sahibi yanında yoxdur. Onun çıxıb getdiyini anlayan uşaq tilovu və tutduğu balıqları götürüb gedir. Öz-özünə düşünür ki, tilov sahibi gözəl adammış. Hekayənin  sonundakı “Ben tuttuğum balıkları yanıma sıralarken, pardüslü adam, hikayesini yazmak üzere rıhtım kahvesinin önünde çayını ısmarlamış, kalem kağıdı çıkarmıştı. Benim bir oltam, onunsa bir hikayesi olmuştu” cümlələrinə görə, yoxsul uşağa arzusunda olduğu tilov dəstini hədiyyə edən şəxsin yazıçı Sait Faikin olduğunu anlayırıq. Yoxsul uşağın qürurunu sındırmamaq üçün  yazıçı əvvəlcədən hazırladığı plan üzrə hərəkət edərək kiçik qəhrəmanını tilov dəsti ilə mükafatlandırmışdır. Ömrü boyu  uşaqlara qarşı həssas və şəfqətli olan S. Faik, bu hərəkəti ilə, bəlkə də, zəngin adamları ən kiçik, lazımsız bir əşyadan belə sevinən uşaqlara qarşı mərhəmətli davranmağa səsləmişdir.

S.Faikin ədəbi qəhrəmanları yoxsul insanlar, günəmuzd işçilər, mövsümi işlərdə çalışan marabalar, rəncbərlər, küçədə simit satan uşaqlar, bütün yaşayışını tutacağı balıqla təmin edən balıqçılar, iş tapmaq ümidi ilə kəndlərdən böyük şəhərlərə axın etmiş çarəsiz insanlar, Avropaya ümid yolçuluğuna yollanan gənclər, həyat uğrunda mübarizədə əldən düşmüş, təsəllisini şərab içməkdə görən sərxoşlar, səfillər, qədərin cilvəsinə buraxılmış yetimlər, ömrünü zindanlarda çürüdən məhkumlardırlar. Müəllif qeyd olunan insanların taleyinə bigan qala bilmir, mövcud sosial mənzərəni görməzdən gələn rəsmilərin diqqətini, ictimaiyyəti bu tragik problemi çözmək üçün səfərbərliyə dəvət edir. Sait Faikin qəhrəmanlarının zahiri görkəmi ilə daxili aləmləri arasında  üzvi bir  bağlantı, dərin əlaqə var. “Birtakım insanlar “adlı hekəyədə qışda əynində paltosu,   ayağında ayaqqabısı, başında papağı olmayan, çarəsiz durumda olan bir adamın səssiz fəryadından, “Mürvet” hekayəsində əynindəki yırtıq-tırtıq nimdaş yaş paltarda tir-tir titrəyən talehsiz bir uşaqdan, “Mavnalar”da isə əlacsızlıqdan çuval bezi geyməyə məcbur qalmış yoxsul qayıqçıdan  bəhs olunur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, “Mürvet” hekayəsi ilk dəfə “nədənsə, “Şopar Hüseyin” adı ilə yayınlanmışdır. Hekayədə iş qəzası nəticəsində bir qolunu itirmiş bədbəxt bir uşaqdan, onun təzminat almaq ümidi ilə müxtəlif instansiyalara müraciət etməsindən ən sonda da əlil qaldığı üçün iş sahibinin ona birdəfəlik 150 lirə pul ödəməsindən bəhs olunur.  Bu xüsusda, Sait Faikin qəhrəmanlarının acı taleyi Orhan Vəlinin məşhur “Bedava” şeirindəki fikirlərlə ahəng təşkil edir:

Bedava yaşıyoruz, bedava:/ Hava bedava, bulut bedava,

Dere- tepe bedava, /Yağmur, çamur bedava.

Kelle fiyatına hürriyet. Esirlik bedava…

Sait Faikin ədəbi qəhrəmanlarının ömür-gün çürütdükləri məkanlar da onların üst-başlarından əsla fərqlənmir, “simsiyah, karanlık, rutubetli, avluya bakan pencereden gün ışığının zor girdiği bir yer”  olaraq oxucuya təqdim olunur.

S.Faik ilkin yaradıcılıq dövründə daha çox uşaqlardan bəhs etmiş, valideyn qayğısından, ata nəvazişindən, ana sevgisindən məhrum, çox erkən yaşlarından işləməyə məcbur qalan, əməyi, sağlamlığı, gələcəyi istismar olunan, çox vaxt əməyinin qarşılığını ala bilməyən, döyülən, söyülən, işgəncə görən uşaqları  ədəbi qəhrəman səviyyəsinə yüksəltmişdir. Məsələn, “Bir küçük satıcı”, “Tüneldeki çocuk” və “Dondurmacının çırağı” hekayələri qeyd olunan səpkidə işlənmiş dəyərli sənət əsərləridir. İlk dəfə  “Hür gazete”də  dərç olunmuş “Bir küçük satıcı”  hekayəsinin qəhrəmanı  12 yaşlı, “daşdan pul çıxarmağı bacaran, zirək  bir yetim uşaqdır. Yazıçı hər gün əlində müxtəlif əşya  satan uşağın  adını bildirmir: “Kimi çocuklar,  şimdiden ahlaksızlığa alışmıştır, alıştırılmıştır: Barbut oynar, hatta  rakı,  esrar  içer. Amma bu  çocuk öylesi değil.” Bələdiyyə  məmuru Hasan çavuş bu 12 yaşlı yetim uşağa qənim kəsilir, onu döyür, satdığı saqqızları, şokoladları, ayaqqabı iplərini, qəpik-quruşunu  əlindən alır, uşağa göz vərir, işıq vermir.  Hekayədən məlum olur ki,  bələdiyyə məmuru Hasan çavuş bütün əzazilliyi 12 yaşlı uşaqdan  rüşvət almaq üçün edir. Bələdiyyə məmuru son günlərdə nümayişkaranə şəkildə qılınc balıqları satılan yerdə  dayanır və bununla da 12 yaşlı  uşağa eyhamlar edir: “Bu  hafta  da  onu  bir  balık merakı  sardı. Sardalya falan olsa  neyse ... Kılıç balıklarının yanından ayrılmıyor.  Önüne gelene saldırıyar,  ha bire  tokat,  ne yapacağım şimdi ben, amca?”

Türk ədəbiyyatında realist novellalar ustadı olaraq tanınan Sait Faik bütün ictimai qurumları haqqı çeynən insanlara, xüsusən uşaqlara qarşı mərhəmətli olmağa, sosial ədalət prinsipinə riayət etməyə, qanunlarla onların hüquqlarının qorunmasına çağırış var. Onun əsərlərindəki problemlər bu gün də öz güncəlliyyini qorumaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

 

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 

 

Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının  - TÜRKSOY-un yaradılmasının 30 illiyi üzv ölkələrdə qeyd olundu.

 

Türk Dünyasının ilk beynəlxalq təşkilatı, türk xalqlarının mədəniyyət və incəsənətinin ortaq çətiri olan TÜRKSOY-un yaranmasının 30-cu ildönümü təşkilata üzv ölkələrin ev sahibliyi ilə müxtəlif tədbirlərlə qeyd edilməklə bir bayram ovqatı yaratdı.

 

 

 

TÜRKSOY-un yaradıcı ölkələrindən olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin sənətçilərinin iştirak etdikləri tədbirlər iyunun 9-da Qazaxıstanın paytaxtı Almatıda, iyunun 13-də Qırğızıstanın paytaxtı Bişkekdə, iyunun 18-də Özbəkistanın paytaxtı Daşkənddə, iyunun 26-da Türkmənistanın paytaxtı Aşqabadda keçirildi.

 

Sual edəcəksiniz ki, bəs Bakı və Ankara niyə tədbirlərə evsahibliyi eləmədi. Cavab sadədir. Rəsmi şəxslər, nümayəndə heyətləri, musiqi qrupları coğrafi ərazicə qonşu olan 4 Orta Asiya ölkələrində iyirmi gün davam edən tədbirlərdə ardıcıl qatıldılar, Azərbaycan və Türkiyə başqa coğrafiyada olduğu üçün onların tədbirlərə evsahibliyi etmələri məqsədəuyğun sayılmadı. Bu da təbiidir. Onsuz da TÜRKSOY-un əksər tədbiri Türkiyədə və Azərbaycanda keçirilir.

 

TÜRKSOY-un 30 illik yubileyi çərçivəsində təşkil edilən TÜRKSOY Mədəniyyət Günləri xəbər verdiyimiz kimi iyunun son günündə Aşqabadda keçirilən konsertlə başa çatdı.

 

Mahtumqulu Firaki adına Dram Teatrında baş tutan konsertdə Türkmənistan Dövlət Simfonik Orkestri, Türkmənistan Dövlət Xorunun və Türk dünyasının müxtəlif ölkələrindən opera sənətçiləri iştirak edirdilər.

 

Tədbirin əvvəlində TÜRKSOY-un baş katibi Sultan Raev TÜRKSOY-un işinə və Türk Dünyasında əməkdaşlığa töhfə verən insanlara TÜRKSOY-un 30 illik yubiley medallarını təqdim etdi.

 

Möhtəşəm bir atmosfer var idi.

 

Türk xalqlarının bu birliyi gələcəyin türk dövrü olmasına əsl zəmin hazırlamaqdadır.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(05.07.2023)

 

 

 

 

Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 4-də axşam saatlarında musiqisevərlərə “Zəfər” muğam ansamblının konserti təqdim olunub.

Dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki Xan Sarayının qarşısında keçirilən konsertdə şəhər rəhbərliyi, festivalın təşkilatçı qurumlarının nümayəndələri, musiqisevərlər iştirak ediblər.

 

AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertin əvvəlində ansamblın fəaliyyəti barədə məlumat verilib. 

Bildirilib ki, ansamblın bütün ifaçıları Azərbaycanda və onun hüdudlarından kənarda çoxsaylı çıxışları ilə yaxşı tanınırlar. Ansamblın bədii rəhbəri tarzən Rüstəm Müslümovdur. O, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən televiziya muğam müsabiqəsində ansamblın rəhbəri kimi çıxış edib. İfaçı, həmçinin 2019-cu ildə keçirilən Beynəlxalq “İpək Yolu” festivalının iştirakçısı olub.

Ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun, xanəndələr Vəfa Vəzirovanın, Hüseyn Məlikovun təqdim etdikləri xalq və bəstəkar mahnıları, muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İfaçıları tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Pərviz Mirzəyev, nağarada Səyyar Teymurov müşayiət ediblər.

Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın xatirə hədiyyəsi təqdim olunub.

Festivalın proqramına uyğun olaraq, axşam “Yuxarı Karvansaray” mehmanxana-kompleksində Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblının konserti olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2013)

Çərşənbə, 05 İyul 2023 14:30

“Yazacam çömçəyə, qazana dair…”

ELZA SEYİDCAHAN DAHA AYB ÜZVÜDÜR

 

“Ədəbiyyat və incəsənət” portalı Sərtyelin müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsinə yazdığı gözəlləməni təqdim edir. 

Elza xanımın AYB-yə üzv seçilməsinə hərə bir don geydirir, amma AYB azacıq istedadı olan hər kəsə yaşıl işıq yandırmaq jesti nümayiş etdirir. Məgər bu pisdir?

 

 

Elza Seyidcahan musiqidə Qəribəizmin, geyim tərzində Başdaquşizmin, şeirdə isə Taktarakizmin ən görkəmli nümayəndəsidir. Onun AYB-yə üzv qəbul edilməsi çox yerində atılmış addımdır. 

Məndə olan məlumata görə Elza xanım üzvlük vəsiqəsini alan kimi bu şeiri istehsal edib:

 

Elzada əsla olmadı suç.

Xaqani küçəsi əlli üç, əlli üç, əlli üç

Yerə döşənmişdi qırmızı xalı

Qapıçı yağa qarışdırmışdı balı.

Məni o xalçadan keçirtdilər

Yağbal-çörək yedirtdilər

Sonra yuxarı qaldırdılar

Bütün səsləri aldırdılar.

Hamı nəfəsini kəsib susdaldı.

Elza xanım podiuma ucaldı. 

Verdilər mənə qırmızı vəsiqə

Vəsiqə, əsiqə, məsiqə.

Qafiyəmə oturmasa da bu söz.

Ona qurban bu ürək, bu qaş-göz. 

Mən də oldum professional şair.

Yazacam qazana, çömçəyə dair.

Bu mövzular hələ inhisara alınmayıb,

Onlar hələ hasara salınmayıb. 

Sonra da AYB-dən mükafat istəyəcəm. 

Verməsələr hamısını pisləyəcəm. 

Ha-ha-ha, hi-hi-hi, ho-ho-ho.

Ho-ho-ho, hi-hi-hi, ha-ha-ha. 

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı AMEA-nın Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Ermənistanda dağıdılan Azərbaycan mədəni irsi” sərlövhəli məqaləsini təqdim edir

 

Qədim Şinuayr kəndi Qərbi Zəngəzurun Gorus rayonu ərazisində yerləşir. Azərbaycan dilində Gülab (ətir qoxulu ərazi) kimi mənalandırılan və ermənilər tərəfindən dəyişdirilərək Şinuayr adlandırılan kənd Qərbi Zəngəzurun Gorus rayonundan 9 kilometr cənub tərəfdə, Oxçuçayın sol sahilində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Şinuayr kəndini Qafan rayonundan 68 kilometr məsafə ayırır. Sovet dövründə Yelizavetpol quberniyasının tərkibinə verilən Zəngəzur qəzası 1930-cu ildə heç bir əsas olmadan Şinuayr kəndi ilə birlikdə Ermənistan SSR-in tərkibinə qatıldı. Şinuayr kəndinin əhalisinin etnik tərkibi bütün dövrlərdə Azərbaycan türklərindən ibarət olub.

Ermənilər kəndin XVII əsrdə salındığı iddia etsələr də, Şinuayrın ərazisində eramızdan əvvəl I-II minilliyə aid Oğuz-az mədəniyyətinə məxsus daş nümunələri, at-qoç fiqurları, eləcə də Alban dövrü daş sənduqələr, kitabələr, bədii daş nümunələri müşahidə edilməkdədir. Köhnə Şinuayr kəndində XVII-XVIII əsrə aid 300-dən çox yaşayış evi, ictimai bina və məscid olub.

1988/1990-cı illərdə Ermənistanda baş qaldıran millətçilik və separatizm meyilləri bu kənddən də yan keçməyib. Şinuayrın azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qalaraq kəndi tərk edib, oradakı bütün yaşayış evləri, tarix və mədəniyyət abidələri dağıdılaraq xarabalığa çevrilib. Kəndin daxilində 300, ətrafında isə 200-ə yaxın tarixi əhəmiyyətli bina və qurğu, bədii daş nümunələri, qəbirlər və qəbirüstü abidələr ermənilər tərəfindən dağıdılaraq məhv edilib. 

Ermənistan rəhbərliyi 2000-ci ildə köhnə Şinuayr kəndinin yaxınlığında yeni Şinuayr kəndi inşa edərək orada xaricdən gətirdiyi erməni əsilli 2666 insanı məskunlaşdırıb. Lakin məskunlaşdırılan ermənilərin 667-si 2020-ci ilə qədər yaşayış yerini tərk edib. 

Kəndin cənub hissəsində hündür sal qayalar üzərində IV-V əsrlərdə inşa edildiyi güman olunan, Qafqaz Albaniyası memarlığının çox möhtəşəm nümunələrindən biri sayılan Şinuayr məbəd kompleksinin qalıqları yerləşir. Kompleks 10-a yaxın yardımçı bina, arakəsmələr, kiçik otaqlar və üçnefli böyük bazilikadan ibarət olub. Kompleksin arxa və sağ tərəfi mühafizə divarları, ön və sol tərəfi isə keçilməz sıldırım qayalarla əhatələnib. Bazilikanın ümumi memarlıq quruluşu onun kilsə və ya monastır olmadığını sübut edir. Kompleksin yardımçı bina və otaqları 1988-ci ildə ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. 

Ermənilər 2000-ci ildən sonra bazilikanı erməni kilsəsi kimi təqdim etsələr də, kompleksin ötən əsrin sonlarında erməni millətçiləri tərəfindən nəyə görə dağıdıldığına aydınlıq gətirmirlər.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

YAŞAR ƏLİYEVİN 75 İLLİYİNƏ

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bəxtəvər o kəslərdir ki, övladları uşaq olanda ona görə, böyüyəndən sonra isə, onu övladlarına görə tanısınlar. Bəli, tərbiyəli, savadlı, xalqa gərəkli övlad böyüdüb ərsəyə çatdırmaq valideyn üçün böyük xoşbəxtlikdir. Tibb elmləri doktoru Yaşar Əliyev kimi. 

 

O, 1948-ci ildə iyulun 5-də Bakıda anadan olub. 1966-cı ildə Bakı şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub və 1971-ci ildən ali təhsilini başa vuraraq həkim ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1972-ci ilin yanvar ayından Zaqulba sanatoriyasında həkim kimi başlayıb. Sonra Bakı şəhəri Əzizbəyov rayon Komsomol Komitəsinin II katibi vəzifəsində çalışıb. Daha sonrakı əmək fəaliyyəti Semaşko adına xəstəxana ilə bağlıdır. Burada cərrahiyyə şöbəsində həkim, baş həkimin müavini və xəstəxanasının baş həkimi vəzifələrində işləyib. 1990-cı ildə Azərbaycan SSRİ XII çağırış Ali Sovetinin deputatı, 1992-ci ildə isə Milli Məclisin üzvü seçilib. 1994-cü il oktyabrın 14-dən əmək fəaliyyətini Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi davam etdirib. 1995-ci il I çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilərək, Milli Məclis sədrinin müavini kimi fəaliyyət köstərib. Uzun illər Azərbaycan Respublikasının Çin Xalq Respublikasında, Vyetnamda, Cənubi Koreyada, Şimali Koreyada və Monqolstanda fövqəladə və səlahiyyətli səfiri olub. 20-dən çox elmi əsərin müəllifidir. Fəaliyyəti “Şöhrət” ordeninə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Evlidir, iki övladı var. Oğlu Rüfət Əliyev 1973-cü ildə anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Tibb xidməti üzrə DTX zabitidir. 2015-ci ildə Vətən uğrunda medalı ilə təltif edilib. Qızı Səbinə Əliyeva 1980-ci ildə anadan olub. Baкı Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. 2019-cu ildən Azərbaycanın İnsan Haqları üzrə Ombudsmanıdır...

 

Deyir ki:- "Əlli yaşdan sonra gələn ömrə sevinmək lazımdır. Qocalıq qorxulu xəstəlik deyil. Qocalığın özü də insan ömrünün bir hissəsidir. Düzdü, mənim də həyatımda müəyyən çətinliklərim olub. Səkkiz il insultdan əziyyət çəkmişəm. Demək olar ki, üç il danışmaq qabiliyyətimdən məhrum olmuşam. Bütün bunlara baxmayaraq, həyatı və insanları sevirəm. Dörd nəvəm var. Onların müasir düşüncəli olmaları məni çox sevindirir...”

 

Nümunəvi həyat yaşayıb. Qismətinə rəhbər vəzifələrdə çalışmaq düşüb. Adı çəkiləndə heç vaxt haqqında pis sözlər deyilməyib. Bəli, insan şəxsiyyət kimi doğulmur, şəxsiyyətə çevrilir. Onu şəxsiyyətə çevirən iradəsi, ağlı, davranışı, xoş əməlləri, eləcə də müdrikliyi və təfəkkürü olur. Əlbəttə, bu sıraya gen, tarixi şərait, əzmkarlıq da daxildir...

 

Tanınmış mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Şamil Sadıqov onun haqqında belə deyib:- “Yaşar müəllimi əlli ildən artıq bir müddətdir ki, tanıyıram. Onunla tanışlığım ötən əsrin yetmişincici illərinə təsadüf edir. O vaxt Yaşar müəllim bacım Mənzər xanım Hacıyevanın ailəsinə daxil oldu. Mənzər xanımın yeganə qızı Rəna xanımla ailə qurdu. O vaxtdan etibarən Yaşar müəllimlə mənim qohumluq əlaqələrim getdikcə dostluğa çevrildi. Yaşar müəllim Rəna xanım üçün yaxşı həyat yoldaşı, Mənzər xanım üçün də yaxşı kürəkən olub. Ümumiyyətlə, o, yaxşı insandır, xalqına, dövlətinə sadiq bir şəxsiyyətdir. Xüsusilə vurğulayım ki, Heydər Əliyev onun bacarığına, qabiliyyətinə, dostluğuna, insanlığına görə xətrini çox istəyirdi. Təsadüfi deyil ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndən xeyli sonra Yaşarı Milli Məclisin sədr müavinliyinə məsləhət bildi. Yaşar müəllim İki çağırış Milli Məclisə deputat kimi seçildi. Bu müddət ərzində ölkənin ictimai-siyasi həyatında əlindən gələni etdi. O, İran-Azərbaycan münasibətlərində həm iqtisadi, həm mədəni əlaqələrin yaxşılaşdırılmasında müstəsna xidmət edib. İran-Azərbaycan iqtisadi komissiyasında sədr kimi uğurlu fəaliyyət göstərib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında da Azərbaycanı məhz nümayəndə heyətinin rəhbəri kimi təmsil edib. Onun Çin Xalq Respublikasındakı diplomatik fəaliyyətini xüsusi olaraq qeyd etmək istərdim. O, bu ölkəyə səfir təyin edilməsi ilə bir çox mühüm, əhəmiyyətli işlərə imza atdı. Deyim ki, o, səfirlik fəaliyyəti dövründə təkcə Çinlə deyil, həm də Şərq ölkələri ilə Azərbaycanın əməkdaşlığında əlaqələndirici kimi rol oynadı. O cümlədən Yaşar müəllim bizim ailəyə kürəkən kimi daxil olsa da, bu ailədə özünü övlad kimi təsdiq etdi.”

 

Bəli, haqqında söhbət açdığım Yaşar Əliyev cəmiyyətdə nümunəvi insan olduğu kimi, ailədə, qohumlar arasında da çox mehribandır. Qızı Səbinə Əliyeva ombusman vəzifəsinə seçiləndə bir ata kimi sevincinin həddi-hüdudu olmayıb.

 

Deyir ki:- “Qızım Səbinə xanımın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilməsi bir ata olaraq məni də sevindirdi. Sevincdən göz yaşlarımı saxlaya bilmədim...”

 

İyulun 5-də Yaşar müəllimin 75 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, uzun ömür, can sağlığı, ağrı-acısız günlər arzulayıram. Çox yaşayın, gözəl İNSAN!..

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Çərşənbə, 05 İyul 2023 12:30

Yay pudinqi sizi sərinlədəcək

“Ədəbiyyat və incəsənət” portalının Kulinariya rubrikasının daimi aparıcısı Aysel Qarayeva yeni resepti təqdim edir. 

 

 

Bu gün sizə canınız istədiyində hazırlaya biləcəyiniz çox dadlı, bol şokaladlı və asan ərsəyə gələn pudinq resepti təqdim edəcəyik

 

Ərzaqlar:

1 lt süd

1 st şəkər tozu

2 yumurtanın sarısı

1 yemək qaşığı kərə yağı

1 ədəd şəkərli vanilin

2 yemək qaşığı un

2 yemək qaşığı qarığdalı nişastası

3 dolu yemək qaşığı kakao

100 qr şokolad

 

Hazırlanması : 

ərzaqların hər birini qazana əlavə etdikdən sonra üzərinə südü 2 dəfəyə əlavə edirik və topaq əmələ gəlməməsi üçün qarışdırırıq.

Qaynamağa başladıqdan sonra ocağın dərəcəsini azaldırıq, təxmini 1 dəqiqə qarışdırırıq.

Daha sonra 100 qram şokolad və kərə yağını əlavə edirik və yenidən qarışdırırıq.

Istəyə görə pudinqi soyuq və isti servis edə bilərsiniz. 

Üzərini zövqə görə bəzəmək mümkündür.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Çərşənbə, 05 İyul 2023 12:15

Elmlər doktoru- zirvəsini fəth edən xanım…

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Haqsızlığa qarşı amansız, cəsarətli xanımdır. Ləyaqət, dürüstlük onun həyat kredosudur. Bütün ömrünü mütaliə, tədqiqat və yaradıcılığa həsr edib. 

Ədəbiyyat tarixini və nəzəriyyəsini dərindən mənimsəyən, müasir ədəbi tənqidin parlaq simalarından biridir. Ədəbiyyatşünas kimi bir çox həlli vacib olan problemlərin mövcudluğunu gündəmə gətirməyi bacarır. 

 

“Dil məsələsi, ədəbi dilin korlanması, Bakı küçələrindəki yazı dilimizin düşməncəsinə biabırçı hala salınması siyasəti haqqında müxtəlif dövrlərdə ziyalılarımız, filoloqlarımız tək-tək də olsa yazıb, danışıb, etiraz edib. Şəxsən mən dəfələrlə müsahibələrimdə, televiziya çıxışlarımda, sosial şəbəkə statuslarımda narahatlığımı faktlar əsasında ifadə etmişəm. Lakin, bilirsiniz, istənilən fundamental problem haqqında reaksiya və cavab tədbirləri olmayanda adam öz mövqeyinə belə şübhə edir. Özünü inandırmağa çalışırsan ki, bu, ciddi dərd deyil. Dərd olsaydı, hökumət və xalq bu boyda biabırçılığa susmazdı…”- söyləyir.

 

Klassik, müasir Azərbaycan, o cümlədən dünya ədəbiyyatı, tərcümə problemləri, repressiya tarixi ilə bağlı fundamental silsilə araşdırma məqalələri ərsəyə gətirərək ortaya qoyub. Təhsil, tədris məsələləri ilə bağlı vəsaitlər çap etdirib. Ədəbi prosesləri mütəmadi izləyərək, müxtəlif rəy və resenziyalar yazıb... 

 

Deyir ki,- “Dərsliklərin vəziyyətini, ədəbiyyatşünaslığın daşlaşmış problemlərini bu sahəyə aid olan adamların hamısı bilir, görür. Sadəcə ucadan demək istəyən azdır və ya yoxdur. Guya dosta-yoldaşa, həmkara sədaqət nümayiş etdirirlər. Minlərlə tələbəni kor qoyan dərsliklərə etiraz etmirlər. Amma bu adamlardan birinin bircə məqaləsini həmin dərslik müəllifi tənqid etsə, qələm yox, az qala qılıncla cavab verərlər. Deməli, şəxsi, subyektiv mənafe və iddia ictimaidən, millidən, ümumidən daha üstün hesab edilir bu məmləkətdə. Mən ziyalılarımızdan çox şey umuram və düşünürəm ki, onların özlərinə aid sahələrdəki biganəliyi, buqələmunluğu, liberallığı onların şəxsi problemi hesab edilməməlidir. Ziyalılıq xüsusi bir statusdur ki, cəmiyyətin qaranlığa qərq olmuş düşüncəsinin səbəbkarlarını mühakimə edəndə “cinayət” ziyalıların boynunda qalır. Bu gün insanlar çox kiçik qəhrəmanlıqların ümidinə qalıb. Adicə bir istedadsızı da tənqid etmək, ya müdirə iclasda etirazda bulunmaq, sanki “igidlik” kimi dəyərləndirilir. Mən ədəbiyyat və təhsil adamıyam. Mənim mücadiləm daha çox bu sahələrə aiddir. Və düşünmürəm ki, hünər göstərirəm, sadəcə dərk etdiyimi ifadə edəndə səmimi olmağa çalışıram. Bir də yeri düşüb, deyim. Bu illərdə bircə məsələyə xüsusilə təəccüblənmişəm. Mən təqdir ya tənqid etdiyim müəlliflərdən 10-dan 9-nu şəxsən tanımamışam, hətta həyatda belə görməmişəm. Amma bəzən “qərəz”, “qəsdlə yazılmış yazı” və bu kimi böhtanlar da eşitmişəm, təəccüblənməmişəm. Amma kimsə deyəndə ki, “İradə xanım, qorxmursunuz, filankəsin romanını ya tərcümə qüsurlarını tənqid edirsiniz?” – Bax o zaman çox təəccüblənmişəm. Yarızarafat-yarıciddi demişəm ki, “qoy məhkəməyə məni versin ki, onun cümləsinin qrammatik cəhətdən yanlışlığını göstərmişəm və ya obrazlarını, süjetini, mətnini tənqid etmişəm...” Gülüncdür bu cür yanaşma. Bu cür təfəkkürlə böyük yaradıcılıq haqqında xəyala dalmaq belə mümkün deyil...”

 

O, bu problemləri elə-belə sadalamır, içində ağrı-acısını yaşayıb, haray çəkir. Düşünür ki, bu sahədə susmaq olmaz. Amma nə olsun, bədxahları da az deyil. Kimisi "Bu kimə arxayındır?”, "Onun arxasında kim dayanıb?”, kimisi də "Hamıdan fərqlənmək üçün belə yazır” və ya “Öyrədiblər!”- deyə, onu suçlamağa səy göstərir...

 

BDU-nun filologiya fakültəsini bitirib. “Vaqif Səmədoğlunun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Bu günlərdə isə filologiya üzrə elmlər doktoru alimlik dərəcəsinə yüksəlib. Ailəlidir, iki övladı var...

 

Ürəyi ipək kimi yumşaq xanımdır, heç kimə pislik arzulamaz. Ünsiyyətdə mehriban və xoşrəftardır. Fəqət, işində çox tələbkardır, mükəmməlliyi sevir. Səhvləri bağışlamağı xoşlamır. Zəhmli və iradəlidir...

 

Bir sözlə, haqqında söhbət açdığım İradə xanım Musayeva həytda çox güclü adamdır, sadəcə haqsızlığa dözümü yoxdur...

 

Onu filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi alması münasibətilə təbrik edir, möhkəm cansağlığı, növbəti elmi rütbə- “AKADEMİK” adına da layiq görülməsini də arzulayıram. 

Çox yaşayın, ədəbi tənqidimizin iradəsi- İRADƏ xanım!

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Çərşənbə, 05 İyul 2023 12:00

Sağ əlləri qaynanamın başına

Xaçmazlı “Ekspress Keno”da 100 000 manat udub

 

Kənan, “Ədəbiyyat və incəsənət”

 

Qaynanam bütün ümidlərini lotoreyaya dikib. Bütün təqaüsünü o kağızlara verir ki, udub nəvəmin birinə maşın, o birinə ev alacam. Amma həftəyə 20 manat xərcləyirsə ən böyük aylıq uduşu 2 manat olur. Yəni, təqribən aya 75 manat-filan uduzur. 

 

Bu arada bu xəbəri ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-yə istinadən yayarkən bacardıqca qaynanamdan gizlətməyə çalışacağam, çünki bu böyük uduşları görsə, qorxuram arvad daha da həvəslənib bu dəfə həftəyə 20 yox, 40 manat qoyar. 

Dümək, “Azərlotereya”nın təşkil etdiyi lotereyalar üzrə iyun ayında ümumilikdə 11 böyük uduş qazanılıb. 

Son zamanlar tez-tez böyük uduşlara şahid olan Xaçmaz şəhərində bu dəfə “Ekspress Keno”da 100 000 manat udulub.

Çoxlarının sevimlisi - “Poz-Qazan” oyunları da qazandırmağa davam edib. Onlardan yeni satışa çıxmış “Qızıl Ekstra”da düz 8 ədəd 10 000 manatlıq bilet şanslı qaliblərini tapıb. Uduşlu biletlər Bakı, Gəncə, Yevlax, Biləsuvar və Ağdaş şəhərlərindən alınıb. “Qızıl Ekstra” qaliblərindən Cəmşid Məmmədov və Nurlan Məmmədova 10 000 manat qismət olub. 

Gəncədə daha bir böyük uduş – 25 000 manat “Qızıl” lotereyasında qazanılıb. “Ani 50” lotereyasında isə 10 000 manat udulub. 

Qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi lotereya oyunlarında 25 000-dən 1 000 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. 

Sağ əlləri qaynanamın başına!

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Çərşənbə, 05 İyul 2023 11:45

DOST həssas insanları bir araya gətirib

Qurumun İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 195 benefisiara xidmət göstərilir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə daha 20-dək benefisiar cəlb olunub. 

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, hazırda burada həssas qruplara aid 200-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirir.

Onlardan 128 nəfəri əlilliyi olan şəxslər, 30 nəfəri aztəminatlı ailələrdən olanlar, 25 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, 12 nəfəri şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olanlar və ailə üzvləridir.

Həmçinin benefisiarlardan 96 nəfəri 6-18 yaşlarında, 99 nəfəri 18 və daha yuxarı yaşda olanlardır. 

Mərkəzdə həssas qrupların yaradıcı potensialının inkişafına dəstək göstərilməsi ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi metod üzrə onlarla bağlı kompleks reabilitasiya işləri də aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.