
Super User
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xalqlar arasında mədəni mübadilələrə mühüm töhfələr verir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrəyə səfəri çərçivəsində Türkiyənin İsveçrədəki səfiri Ece Acarsoy ilə görüşüb.
Bu barədə Fonddan məlumat verilib. Görüşdə fondun himayəsi altında qurulan və 7 ölkəni - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən peşəkar qadın sənətçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun kollektivi iştirak edib.
Görüşdə fondun Türk dünyasının mədəniyyətinin qorunması və təbliği yönündə genişmiqyaslı fəaliyyətindən bəhs olunub. Fondun bu istiqamətdə müxtəlif xarici ölkələrlə, o cümlədən Avropa ölkələri ilə aktiv əməkdaşlığı vurğulanıb.
Fond ilə Azərbaycanın İsveçrədəki səfirliyinin birgə təşkilatçılığı ilə bu ölkədə Türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin keçirilməsinə diqqət çəkilib. Tədbir çərçivəsində Azərbaycanın Əməkdar artisti, pianoçu Turan Manafzadənin bədii rəhbəri olduğu “Yeddi gözəl” musiqi qrupunun uğurlu ifalarının İsveçrə auditoriyası tərəfindən böyük rəğbət və alqışlarla qarşılandığı bildirilib.
Eyni zamanda, fond tərəfindən Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi çərçivəsində təşkil edilmiş və il ərzində planlaşdırılan tədbirlər haqqında söhbət aparılıb. Təşkilatın ümumtürk mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə həyata keçirdiyi layihələrin ölkələr və xalqlar arasında mədəni mübadilələrə mühüm töhfələr verməsi yüksək qiymətləndirilib.
Görüş perspektivdə görüləcək işlərlə bağlı müzakirələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
“Golden Trailer Awards” qalibləri elan ediləcək
Film çəkmək bir yana. Bu, konkret işdir, sən dramaturji materialı vizual baxış mənbəyi etmək üçün ən azı bir saat, saat yarım vaxt əldə edirsən. Biri də var, həmin o bir saatlıq, saat yarımlıq filmi dəqiqə yarımlıq, iki dəqiqəlik treylerə çevirəsən. Bax ən çətini budur. Necə etməli ki, qısa vaxt dönəmində həm ideya, həm süjet, həm peşəkarlıq, həm gözəllik, həm aktyor ifası - hamısı nəzərə çatdırılsın?
Los-Ancelesdə təqdim olunacaq “İlin ən yaxşı film treylerləri” nominasiyası üzrə XXIII "Golden Trailer Awards” mükafatının namizəd filmləri açıqlanıb.
“Ədəbiyyat və incəsənət” portalı Variety saytına istinadla xəbər verir ki, mərasimdə təqdim olunan mükafatlar “iki saatlıq filmləri iki dəqiqəlik treylerlərə çevirmək” (təbii ki, iki saat və iki dəqiqə şərti anlamlardır) tələbi qoyulan yaradıcı qruplara veriləcək.
Bu siyahı üzrə əsas nominant filmlərin adlarını təqdim edirik:
“Forsaj 10”,
“Qara pantera 2: Əbədi Vakanda”,
“Zindan və əjdahalar: Oğrular arasında vicdan”,
“Bıçaqları çıxarmaq 2”,
“Yox”,
“Oppenheimer”.
Yeri gəlmişkən, “Forsaj” filminin treyleri mükafata əsas namizəd hesab edilir.
Televiziya serialları arasında isə liderlər bu treylerlərdir:
"Ted Lasso",
“Çox qəribə işlər",
“Eyni binada qətl".
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Parisdə səfirliyin Mədəniyyət Mərkəzində “Qafqazın mirvarisi - Şuşa” kitabının təqdimatı olub
Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifi və “Musulmansenfrance” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brənin (Jean-Michel Brun) həmmüəllifi olduğu “Qafqazın mirvarisi - Şuşa” kitabının təqdimatı olub.
AzərTAC xəbər verir ki, Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edərək, Azərbaycanın tarixi-mədəni həyatının ən vacib mərkəzi olan Şuşa haqqında məlumat verib. Bildirib ki, Şuşa böyük tarixi-mədəni əhəmiyyətə, eləcə də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malikdir.
Səfir ölkəmizin ən məşhur musiqi korifeyləri, bəstəkarları və müğənnilərinin məhz Şuşadan olduğunu vurğulayaraq, mədəniyyət paytaxtımızın bütün Qafqazın konservatoriyası adlandırıldığını diqqətə çatdırıb.
Sonra “Qafqazın mirvarisi - Şuşa” kitabının müəllifi, Şuşada anadan olmuş Elçin Əhmədov və həmmüəllif Jan Mişel Brənin birgə hazırladıqları videoçarx nümayiş olunub.
Tədbirdə Elçin Əhmədovun videomüraciəti təqdim edilib. O, 28 ildən çox işğal altında qalmış Şuşanın azad edilməsindən, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü hərbi yolla rellaşdrmasından danışıb. “Qafqazın mirvarisi - Şuşa” kitabının hazırlanması, məzmunu haqqında ətraflı məlumat verib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın erməni işğalı dövründə darmadağın edilməsindən, işğalçılarını bu şəhərdəki Azərbaycan izini tamamilə silməyə çalışdıqlarından söz açıb. Şuşa azad edildikdən sonra Azərbaycan hökuməti tərəfindən aparılan və həyata keçirilmiş bərpa işləri haqqında məlumat verib. Kitabın fransızdilli oxuculara Şuşanın tarixi, mədəniyyəti, böyük şəxsiyyətləri haqqında məlumat verəcəyinə inamını ifadə edib.
Kitabın həmmüəllifi Jan Mişel Brən nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə, eləcə də Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyevə, kitabın işıq üzü gördüyü nəşriyyat evinin nümayəndələrinə minnətdarlığını bildirib. J. M. Brən Azərbaycana, eləcə də Şuşaya səfərindən söz açaraq, qala-şəhərin ölkəmizin mədəniyyət mərkəzi olmasından danışıb.
Fransa mətbuatında və televiziya kanallarında Qafqazla bağlı məqalə və reportajlarda qərəzlilik olduğunu deyərək, Fransa mətbuatının həmişə birtərəfli mövqe tutduğunu tənqid edib. J. M. Brən Şuşaya səfəri, fotoqraf Reza Deqati, eləcə də müxtəlif ölkələrdən olan tədqiqatçılarla görüşü ilə bağlı xatirələrini bölüşüb.
Siyasi elmlər doktoru, beynəlxalq münasibətlər üzrə müəllim Sebastyən Bussua çıxış edərək, Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycan paytaxtına ilk səfərindən danışıb. Dünyəvi ölkə olan Azərbaycanın mədəniyyətinin təşviq edilməyə layiq olduğunu vurğulayıb. Avropanın, xüsusilə də Fransanın bu ölkə ilə mədəni əlaqələrini daha da məhkəmləndirməli olduğunu deyib. Bu gün Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu diqqətə çatdırıb. İşğaldan azad olunmuş ərazilərində nəhəng bərpa işləri aparılmasından danışıb.
Qeyd olunub ki, bu gün iki ölkə arasında gedən danışıqlar prosesinə yalnız erməni lobbisi ciddi –cəhdlə mane olmağa çalışır. Regionda isə hamı sülhün tezliklə tam bərpa olunmasını istəyir. Sosial-iqtisadi çətinliklər yaşayan Ermənistanın xilası Azərbaycanla sülhdən keçir. Azərbaycan regionun lideridir, gələcək inkişaf Azərbaycanla əməkdaşlıqdadır.
Tədbirin bədii hissəsində vəkil Alən Tremolyer “Qafqazın mirvarisi - Şuşa” kitabında yer almış Günel Anarqızının “Qarabağ” poemasını səsləndirib. Fransada yaşayan istedadlı azərbaycanlı Səddam Novruzbəyov balabanda “Laçın” mahnısını ifa edib.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
“İpək Yolu” festivalı çərçivəsində isə Çin ansamblı konsert verib
Şəkidə davam edən “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 4-də axşam musiqisevərlərə Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblının konserti təqdim olunub.
“Yuxarı Karvansaray” mehmanxana-kompleksində keçirilən konserti festivalın təşkilatçı qurumlarının rəhbərləri, Lianşan-İy Muxtar Vilayətindən gəlmiş qonaqlar və şəkili musiqisevərlər izləyiblər.
AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertin əvvəlində məlumat verilib ki, Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblı 1956-cı ildə yaradılıb. Ansambl ərazinin İy millətindən olan əhalisinin ilk peşəkar ədəbi-bədii kollektividir. Yarandığı gündən ansambl görkəmli bəstəkarlar, rəqqaslar, müğənnilər, ifaçılar, eləcə də tanınmış ssenaristlər və rejissorlardan ibarət böyük bir sənətçilər ordusu yetişdirib. Ansamblın təqdim etdiyi 100-dən çox tamaşa beynəlxalq, milli və əyalət mükafatlarına layiq görülüb. Lianşan-İy Muxtar Vilayətinin ansamblı beynəlxalq mədəniyyət və incəsənət mübadiləsi məqsədilə fəal tədbirlər həyata keçirir, onlarla ölkədə qastrol səfərlərində olub. Ansambl dünyada sülhün, mədəni inteqrasiyanın və milli birliyin möhkəmləndirilməsinə böyük töhfə verir.
Ansamblın təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertin sonunda kollektivə festivalın simvolu təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Heydər Əliyev Mərkəzində kubalı cazmenin konserti olub
Heydər Əliyev Mərkəzində Beynəlxalq Bakı Yay Caz Günləri çərçivəsində məşhur kubalı caz pianoçu Alfredo Rodrigesin konserti təşkil olunub.
Beynəlxalq Bakı Yay Caz Günlərinin ikinci günündə də cazsevərlərə unudulmaz musiqi axşamı bəxş edilib.
Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigezin (Kuba-ABŞ) triosu ilə Bakı konserti dünya turnesi çərçivəsində keçirilib.
Konsertdə musiqiçilərin dinamik improvizələri tamaşaçıların coşqulu alqışları ilə qarşılanıb.
Alfredo Rodriges ilk dəfə 2006-cı ildə İsveçrənin Montre şəhərində keçirilən nüfuzlu caz festivalında iştirak edib. O, burada ecazkar caz improvizasiyaları ilə yadda qalıb. Həmin vaxtdan Alfredo Rodriges yüksək potensiala malik pianoçu kimi şöhrət qazanıb. 2009-cu ildə Alfredo Rodriges ABŞ-a köçərək cazın vətənində öz sənətini nümayiş etdirib. Beləcə o, “Caz-Latın Amerika musiqisi-klassika” üçbucağında aparıcı ifaçılardan birinə çevrilir. A.Rodriges, eyni zamanda, Esperansa Spolding, Makkoy Tayner, Patti Ostin, Riçard Bona, Ueyn Şorter kimi məşhur musiqiçilərlə bir səhnəni bölüşüb.
Qeyd edək ki, artıq 5-ci dəfədir təşkil edilən festivalın konsertləri qapalı məkanlarla yanaşı, açıq havada da təqdim ediləcək. Əvvəlki illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı olduqca zəngindir.
Belə ki, bu gün pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Həmçinin Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər.
Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq.
Park ərazisindəki konsertlərə giriş sərbəstdir.
Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Mədəniyyət naziri Adil Kərimli Lənkəranda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 14 iyul tarixində saat 10:00-da Lənkəran şəhəri Mədəniyyət Mərkəzində (Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 99) əsasən Lənkəran, Astara və Lerik şəhərlərindən olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 10 iyul 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Günün fotosu: Stoltenberq daha bir il postunda qalacaq
Günün fotosu: Stoltenberq daha bir il postunda qalacaq
NATO-nun Baş katibi Yens Stoltenberq (milliyyətcə isveçlidir) öz postunda daha bir il - 2024-cü ilin oktyabrınadək qalacaq. Bu qərarı Alyansa üzv ölkələr veriblər.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Karlovı Varı Film Festivalında yeni təltiflər olub
Avropa kino elitasının diqqəti Bolqarıstanın Karlovı Varı şəhərinə dikilib. Orada Beynəlxalq Film Festivalı keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, festivalın ikinci günündə Yeni Zelandiyalı ulduz aktyor Rassel Krou kinoya verdiyi böyük töhfəyə görə "Kristal Qlobus" mükafatına layiq görülüb.
O, səxavətlə fanatlarına avtoqraflar paylayıb, onlarla şəkil çəkdirib (foto efirdən götürülüb).
Yuen Mcgregor isə Baxış Prezidenti adlanan fəxri mükafata sahib olub.
Karlovı Varı-da sayca 57-ci dəfə Beynəlxalq Film Festivalı keçirilir. Onun çərçivəsində dünyanın hər yerindən tamaşaçılara 200-dən çox film nümayiş etdiriləcək. Onlardan 11-i əsas film yarışmasında iştirak edir.
Favoritlər barədə növbəti buraxılışlarımızda məlumat verəcəyik.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
“Vicdanın səsini ən asan pul cingiltisi batırır” - Aforizmlər xəzinəsindən
“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Öz içini təmizləsən, başqalarını da daha təmiz görəcəksən.
2.Kişinin arqumentləri qulaqla eşidilər, qadının arqumentləri gözlə görünər.
3.Kişinin yaşamağa min, uğrunda ölməyə bir səbəbi həmişə olmalıdır.
4.İnsan üçün ən ağır yük keçmişi özü ilə daşımaqdır.
5.İşığa doğru gedən kölgə görməz.
6.Sonsuzluğu qəbul ediriksə, heç nəyin müvəqqəti olmadığını da qəbul etməliyik.
7.Təbiətdə hər yaradılanın möcüzə olduğuna inansan, özünü də möcüzə kimi görəcəksən.
8.Təsadüflər həyatın ədviyyatıdır, onlarsız həyat çox dadsız olardı.
9.Utanmaq kiçik günahların əlamətidir, böyük günahlar abırsızlıqla şərikdir.
10.Vicdanın səsini ən asan pul cingiltisi batırır.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
15 -ci dərc
Teymur müəllimin arxamca baxdığını görüb, əsas yola çıxarkən maşını şəhərə gedən istiqamətə, sola döndərsəm də, təxminən əlli metr getdikdən sonra geriyə fırladıb şəhərin çıxışına, qəbiristanlığa tərəf sürdüm. Orada təxminən beş dəqiqəlik işim var idi. Mənə lazım olan məzarların şəklini çəkəcəkdim. Bunu Teymur müəllimin yanında edib artıq suallara cavab verməməkçün sonraya saxlamışdım və indi qəbiristanlığa qayıdırdım.
Əgər düşündüyüm kimi, başdaşındakı yazılarda hansısa şifrli mesaj gizlənirsə, o zaman Səttarın valideynlərinin doğum və ölüm tarixləri bu şifrin açarı ola bilərdi. Az ehtimalla həyat yoldaşının da. Ancaq hər şeyi yoxlamağı vacib bilən birisi kimi, düşünürəm ki, öləcəyi günü bilməyən Səttarın öz məzarı üzərindəki doğum tarixi də nəyəsə işarə ola bilərdi. Məsələn, verilmiş mesajın mətni çox qısa olarsa, bu rəqəmlər də kifayət edər.
Bununla belə, yenə də onun valideynlərinin məzarlarındakı tarixləri əsas götürürdüm. Ən azından, öz doğum tarixini əzbərdən bilən Səttarın ölməmişdən təxminən üç ay əvvəl bu qədər yolu qət edib Xudata gəlməsini, sonradan qəbiristanlığa gedib bir müddət tək qalmasını heç də mərhum valideynləri üçün darıxması ilə izah etmirdim. Məqsəd elə indi düşündüyüm kimi, həmin tarixlərdən istifadə edib lazım olan misraları seçmək olub. Uzun illər əvvəl dünyalarını dəyişmiş valideynlərinin doğum və ölüm tarixlərini tam xatırlamaya bilərdi bu yaşlı adam. Ehtimalımın bir sübutu da budur ki, ölümündən üç ay əvvəl bu məzarları ziyarət edən Səttar, bundan ay yarım sonra oğluna başdaşı ilə bağlı birinci vəsiyyətini edib. Daha ay yarım keçdikdən sonra isə, ölüm ayağında olduğunu başa düşüb nə vaxtsa gələcək adam barədə ikinci, sonuncu vəsiyyətini edir. Tarixlərin xronoloji ardıcıllığı düz gəlir.
Maşından düşdükdən sonra, məzarların yanına gedib şəkillərini çəkmək və geri qayıtmaq düşündüyüm kimi beş dəqiqə vaxt apardı. Daha yola çıxa bilərdim.
* * *
«Qızılbaş» dalğın görünürdü. Bir qədər əvvəl gəlmiş qara kostyumlu, uzun adam onunla üzbəüzdə oturmuş, nə deyəcəyini gözləyirdi. Nəhayət o, dilləndi:
-Belə məlum olur ki, mən çox tez sevinmişəm, bu keçmiş polis işçisi düşündüyüm qədər də sadə birisi deyilmiş. Hər şeyi əvvəldən bilmək istəyirəm.
Bu sözlərdən sonra danışmaq növbəsi qara kostyumluya keçdi.
-Eyvazın onu izləməsini qısa müddətdə aşkara çıxaracaq Bəxtiyarın onu azdırdıqdan sonra axşam evinə gələcəyinə əmin idim. Bizim aləmdə qəbul olunmuş qaydalara görə o belə də etməli idi, evinin də nəzarətdə olub-olmamasını, bununla da paralel olaraq başqa birisi tərəfindən də izlənib-izlənilmədiyini yoxlamaq üçün. Məhz indi dediklərimə görə evinin yaxınlığında yox, oraya gedən yola yaxın bir yerdə müşahidə apardım. Həqiqətən də axşama yaxın gəlib məhəllələrinə döndü. Bundan sonra o məhəllənin yaxınlığındakı tikintisi yarımçıq qalmış binanın dördüncü mərtəbəsində qabaqcadan hazırladığım yerə qalxıb müşahidəni davam etdirdim. Həmin yerdən Bəxtiyarın həyət qapısı aydın görünürdü. Xeyli keçmiş məhəllədə nəsə bir izdiham yarandı. Bəxtiyar çıxıb ora yığışan adamlarla nəsə danışdıqdan sonra yenə evə qayıtdı və bir daha oranı tərk etmədi. İşıqları söndürüb bir xeyli vaxt televizora baxdı. Gecə saatlarında da televizoru söndürüb yatdı. Ancaq əsil peşəkardırsa, dediklərimi yoxladıqdan sonra, nəyin haradan gəldiyini öyrənənədək mütləq evi tərk etməli və izini itirməli idi. Fikirləşdiklərimə uyğun davransa da, gecəni evdə qalması məndə onun elə də peşəkar biri olmaması, standart düşüncə tərzinə malik olması təəssüratı yaratdı. Səhərə qədər müşahidə aparıb onun bütün gecəni evdə olmasına əmin oldum. Səhər isə mənə aydın oldu ki, böyük səhvə yol vermişəm, rəqibi kifayət qədər dəyərləndirməmişəm. Bəxtiyar evdə yox idi. Necə gedib, nə vaxt gedib, deyə bilmərəm. Mən bir an da olsun, müşahidəni dayandırmamışam bu müddətdə. Qapıdan çıxmayıb, pəncərələrini də yoxlamışdım, hamısında dəmir barmaqlıqlar var. Bu gün də ofisə gəlmədi, ehtimal oluna biləcəyi yerlərdə də gözə dəymədi. Bu adam hələ ki, iz vermir.
-Belə çıxır ki, Eyvazın hərəkətləri Bəxtiyarı heç də arxayınlaşdırmayıb. Əksinə, bunun bir görünüş olduğunu başa düşüb.
-Dəmir də, eyni sözləri dedi. Bəlkə də indi, bu dəqiqə məğlub kimi qarşınızda dayanmağımın səbəbi hər şeyin ilk gündən mənim ixtiyarıma buraxılmaması, hadisələrə sonradan qoşulmağımdır. Məgər bu komediyasız keçinmək olmazdı ki?
-Bilirsən ki, ən çətin işlərimizi indiyənəcən tək sənə tapşırmışıq. Həmişə də yüksək səviyyədə öhdəsindən gəlməyini dəyərləndiririk. Sənin bilmədiyin şeylər var. Bu məsələdə müəyyən xəttə qədər bizim üçün bir narahatlıq yoxdur. Ancaq müəyyən xəttə qədər. Polkovnikin peşəkarlığı isə məsələni gözlədiymizdən də uzaqlara apara bilər. Bizim üçün xoşagəlməz olan yerlərə. Təbii ki, onun ora-bura qaçaraq nələrisə dəqiqləşdirəcəyi vaxtı deyil, bu işi kiməsə, çox inandığı bir adamına tapşıracağına, özünün isə kənardan istiqamət verəcəyinə əmin idik. Ona görə də ilk etapda bu işi tapşırdığı adamının kim olduğunu bilməli, hər şeyi bu başdan nəzarətdə saxlamalı idik. Qocaman polkovnikin özünü izləməyin mənasız olduğunu zənnimcə başa düşürsən. O elə-belə adam deyil ki, hansısa iz versin. Bu səbəbdən, bu işi tapşıra biləcəyi ən yaxın üç adamını müəyyən edib, aşkar qıcıqlandırmağı, bu yolla ondan tapşırıq almış adamının kimliyini öyrənməyi qərara aldıq. Uşaqların izlədiyi digər iki nəfər də təbii ki, aşkar izləməni müəyyən etdilər. Polkovnikin adamlarının belə bir açıq izləməni aşkar etmələri gözlənilən idi və hər şey də buna hesablanmışdı. Elə hər ikisinin izləmədən yayınmamaqla hər-hansı aktiv addım atmamaları onları bir kənara qoymağımıza kifayət etdi. Bəxtiyar isə, Eyvazı azdırmağı bir tərəfə, hətta azdırmamışdan əvvəl onunla bir oyun da oynadı. Bu səfeh Eyvaz, böyük şövqlə Bəxtiyarın bir çəkməçi ilə əlaqəyə girdiyini müəyyən etdiyini dedikdə, bunun nə olduğunu anladım və hər şeyin onun qurduğu oyuna uyğun getdiyini düşünməsi üçün növbəti gün Aydəmiri çəkməçini izləməyə göndərdim. Aydın məsələ idi ki, qoca çəkməçinin bu işlərə bir aidiyyəti yoxdur. Bir qədər sonra isə ona maşınlarımızdan birini verməyi tapşırdım. Aydəmirə çox şeyi deməyi lazım bilmədim, o konkret tapşırıq almışdı. Axşamdan verdiyim təlimat əsasında bir neçə saat gözlədikdən sonra həmin maşını Xırdalandakı tanışının həyətinə surəcəyini bilirdi Aydəmir. Bu bir neçə saatda isə izləndiyini öyrənməyə çalışacaqdı. İzləmə aşkar etməsə də, verdiyim tapşırığı axıradək yerinə yetirməsini tapşırdım. Belə də etdi, maşını qəfildən sürüb Xırdalana apardı. İzi Xırdalana yönəldib gözləməyi qərara almışdım dünən. Ancaq indi başa düşürəm ki, Bəxtiyarla etdiyim bu fənd işimizə yaramayacaq. Anlaşılan budur ki, bu detektiv elə də sadə biri deyil. Səni isə, sonraya ona görə saxladıq ki, ilk etapda tapşırıq almış adamın kim olduğunu öyrənmək vacib idi. Razılaş ki, səni üç yerə bölə bilməzdik. Polkovnikin əsas adamının kim olduğunu bildik və bundan sonra onu izləməyi sənə, belə işlərimizi görən yeganə peşəkarımıza tapşırdıq. Nəticədə məlum oldu ki, adamı «Qurdboğan»ın özündən heç də geriyə qalmır. Ən azından sənin kimi belə işləri əlifbasından bilən birini azdıra bilibsə.
Bu sözlərdən xoşu gəlməyən qara kostyumlu adam gözlərini qıyıb nazik dodaqlarını bir-birinə sıxdı.
-Mənimki onunla hələ təzə başlayır. Sonrasını gözləyək…
-Sənə inanıram. Son qərar hadisələrin gedişatından, qarşı tərəfin dediyim xətti keçib-keçməyəcəyindən asılı olacaq. Ən pis sonluğa da hazır ol. Bizə başağrısı lazım deyil. Yəqin məni başa düşürsən. Hələliksə, bizə yalnız vəziyyəti nəzarətdə saxlamaq, onların hər addımı barədə məlumatlı olmaq kifayət edir.
-Sizi gözəl başa düşürəm.
-Elə isə vaxt itirmədən o Bəxtiyarın yerini müəyyən elə ki, vəziyyət nəzarətimizdən çıxmasın. Yoxsa Dəmir ikinci səhvi nə sənə, nə də mənə bağışlayacaq.
-Bilirəm, az əvvəl yanında olanda çox qısa danışıb da, məni sizin yanınıza göndərməyində ikimizçün də hansı eyhamın olduğunu başa düşdüm.
-Allah axırını xeyir eləsin.
«Qızılbaş», söhbətin əvvəlindən barmaqları arasında tutub qullab vurmadığından sönmüş siqarını yandırmaq üçün əlini masanın üzərindəki alışqana uzatdı.
* * *
Layiqə axşama qədər ofisdə olmuşdu. İzləməni dayandırmağı tapşırsa da şefi axşamkı görüşü təxirə salmamışdı. Yenə də həmin vaxtda «Moskva» univermağının qarşısında görüşəcəkdilər. Dünən şefi ilə görüşə ofisdən getməmişdi. Ona görə də qiyafəsini dəyişməyə ehtiyac olmamışdı. İndi qarşı tərəfə məlum olan ofisdən olduğu qiyafədə çıxıb görüşə getməsi təhlükəli ola bilərdi. Deyilən adamın bu gün bu həndəvərdə görünməməsinə baxmayaraq ehtiyatlı tərpənməli idi. Bunu Layiqə gözəl başa düşürdü. Saat 6 idi. Rəfiqəsigilə gedib qiyafəsini dəyişməsi vaxt aparacaqdı. Görüşə gecikməməsi üçün indi çıxması lazım idi.
Kompüteri, ofisin işıqlarını söndürüb, pencəyini geyindi. Hava işıqlı olduğu üçün ofisin işıqlarını söndürməsi çöldən hiss olunmayacaqdı. Ancaq əl çantasını qəsdən götürmədi. Qapını yarıya qədər açıb, çıxmazdan əvvəl bədəni ilə görünüşü kəsib açarın dilini qıfıla yerləşdirdi. Bundan sonra ofisdən çıxıb arxası qapıya dayandı, bir neçə dəqiqə özünü hava alırmış kimi göstərdi. Elə bu vəziyyətdə hiss elətdirmədən əlini arxaya uzadıb qıfılda olan açarı iki dəfə burduqdan sonra çıxarıb ovcunda sıxdı. Sonra tələsmədən qonşuluqdakı paltar mağazasına tərəf gedib içəri girdi. Kənardan baxan olsaydı, o, ofisin qapısını bağlamadan, bir neçə dəqiqəliyə qonşuluqdakı tanış mağazaya keçən biri təsiri bağışlayardı.
Arxaya çıxışı olan bu mağazadan şefi kimi Layiqə də yayınmaq lazım olan hallarda istifadə edirdi. İndi belə hallardan biri yaranmışdı. Əgər şefi gizlənirdisə, onun vasitəsilə yerini müəyyən etməyə çalışa bilərdilər. Buna isə yol vermək olmazdı.
Onu görən satıcı qızlar əvvəlcə gülüşdülər. Sonra qızlardan biri zarafatla dedi:
-Layiqə xanım, buxar maşınını işə salaq?
-Hə, mümkünsə. Neyləyim qızlar, heyranlarımın əlindən rahat bir yerə gedə bilmirəm. Məcburam gizlənim, -Layiqə də qızlara eyni tonda, zarafatla cavab verib onlara göz vurdu və arxa qapıya tərəf getdi.
Dedektiv köməkçisi kimi işə başladıqdan bir müddət sonra, birinci dəfə tapşırıq alıb arxa qapıdan çıxmaq üçün qonşuluqdakı bu mağazaya girəndə Layiqənin artıq tanış olduğu qızlara -«Ay qızlar, mən buraya girdim və buxarlandım, məni görməmisiniz» -deməsi qızların dilinə düşmüşdü, hətta hərdən ofisdə darıxıb onlara baş çəkmək üçün keçəndə də, Layiqəyə mütləq bu sualı verib gülüşürdülər.
Arxa qapıdan çıxan Layiqə yolu keçib bir qədər irəlidəki avtobus dayanacağına tərəf getdi.
* * *
Bakıya rahat çatmış, maşını Soltanın qardaşına təhvil verdikdən sonra bir qədər şəhərdə dolaşıb bəzi adamlara dəymiş, sonda «Moskva» univermağının qarşısında Layiqə ilə görüşmüşdüm. Düşündüyüm kimi, yemişbaşın izləməsi dayandırılmışdı. Deməli, məni heç bir yerdə tapa bilməyən növbəti, daha ciddi izləyici və ya izləyicilər evimi mütləq nəzarətdə saxlayırlar. Bəlkə də dünən axşamdan. Ağacda işarənin verilmədiyini, özümünsə səhər yediyimin üstündə olduğumu nəzərə alsaq, indi Gülanənin yanına getmək, onun bişirdiyi dadlı yeməklərdən yeyib sonra sakit ev şəraitində Səttarın mesajındakı şifrin üzərində baş sındırmaq ən optimal addım olardı.
«Əcəmi» metrosu ilə gedəcəyim ünvan arasındakı məsafə piyada qət ediləcək məsafə idi. Binaların arası ilə ikinci mikrorayona tərəf qalxmağa başladım. Bu dəfə əks tərəfdən gəldiyimə görə tanış mağaza xeyli aralıda qaldığından oraya girməyəcəkdim.
Təxminən on dəqiqə sonra Gülanənin mənzilinin zəngini basırdım.
Qapını açan Gülanə zarafatca qaşlarını yuxarı dartıb təəccüblənmiş görkəmi alaraq mənə baxdı:
-Oho, siz artıq rekorda imza atırsınız, cənab detektiv.
-Əgər bütün kişilərin illərlə hər axşam həyat yoldaşlarının yanında olmalarını nəzərə alsaq, mənim ardıcıl iki dəfə gəlməyimin bu anlamda heç bir rekorda yaxın belə getmədiyini qeyd etməklə, sizinlə razılaşmadığımı nəzərinizə çatdırıram, xanım.
-Mənsə qısa fasilə ilə iki gəlişinizə çox sevindiyimdən, bunu rekord hesab etməkdə təkidliyəm.
-O zaman icazə verin, rekordlar haqqında mülahizələrinizin davamını içəridə dinləyim.
-Buyurun, -Gülanə bərkdən gülüb qapıdan kənara çəkildi.
Cəld pencəyimi alıb asılqana asan Gülü, -Sən əllərini yu, mən tez süfrəni hazırlayım, rekordları sonra müzakirə edərik, -deyib gülümsər çöhrədə mətbəxə keçdi.
İlk nikahda bəxti gətirməyən, ayrıldıqdan sonra neçə il tənhalığın acısını içində gizlədən bu namuslu qadın həyatda kiçik sevincləri ilə yaşamağa öyrəşmişdi. Mənim gəlişlərim, bu kiçik sevinclərin ən böyüyü sayılırdı Gülanə üçün. Günlərlə yoxa çıxan, sonra qəfildən peyda olan sevimli insanının gəlişləri…
-Küftəni bir dənə qoyum, ya iki dənə? -mətbəxdən Gülünün səsi gəldi.
-Əslində çox acam. Ancaq biri bəsdir. Gecə işləyəcəyəm. Adam çox yeyəndə yaxşı fikirləşə bilmir.
Çox keçməmiş Gülünün süfrəsi hazır idi. Xörəyin, zavod çörəyinin xoş ətri bir-birinə qarışıb otağı başına götürmüşdü.
-Sən yeməyəcəksən? -ağzımdakı yeməyi çeynəyə-çeynəyə soruşdum.
-Yox.
-Niyə?
-Rekord haqında dediklərimi unutdun?
-Başa düşdüm, gəlişimi gözləmədiyinçün bir az əvvəl yemisən, hə?
-Hə, sən ye, nuş olsun. Mən də özümə çay süzüm.
Gülanə qalxıb mətbəxə keçdi, bir azdan iki stəkan çayla qayıtdı.
-Sənə də süzdüm ki, yeyənəcən soyusun, gözləməyəsən. Sulu yeməyin üstündən soyuq heç nə içmə, elə çayını içərsən.
«İşləyəcəyəm» sözünün mənim üçün «fikirləşəcəyəm» anlamına gəldiyini istər Layiqə, istərsə də Gülü çox gözəl bilirdilər. Belə hallarda oturduğum yerdə ayaqlarımı masanın üzərinə qaldırıb, gözümü tavanda bir nöqtəyə dikib saatlarla fikirləşir, araşdırma dövründə əldə etdiyim məlumatları ardıcıllıqla bir ipə düzür, uzlaşdırır, sonra yerlərini dəyişdirib bir daha nəzərdən keçirir, məntiqi nəticəyə gələnəcən bir kəlmə də danışmır, yalnız etdiyim təhlillərin doğru olduğuna əmin olduqdan və növbəti gedişlərimi müəyyənləşdirdikdən sonra oturduğum yerdən qalxırdım. Bunu bildiyi üçün, az əvvəl «gecə işləyəcəyəm» dediyimi nəzərə alan Gülü, yeməkdən sonra keçib oturduğum kresloya yaxınlaşıb arxadan məni qucaqladı:
-İndi başlayırsan, yoxsa bir az dincələcəksən?
-Eləindi. Dincəlməyəvaxtyoxdur.
-Onda mən duş qəbul edib uzanıram, istəsən, oyadarsan, -əyilib bu sözləri qulağıma pıçıldayan Gülü sakitcə otaqdan çıxdı.
Cib telefonumu çıxarıb şəkillər bölümündəki bu gün səhər çəkdiyim şəkillərə bir daha baxdım, Səttarın başdaşındakı misraları, dörd məzardakı doğum və ölüm tarixlərini təkrar nəzərdən keçirib yaddaşımı təzələdim. Telefonu kənara qoyub ayaqlarımı qarşımdakı jurnal masasının üzərinə uzatdım. Baxışlarımı tavanda tapdığım bir nöqtəyə zilləyib bir qədər belə oturdum, sonra Səttarla danışırmış kimi pıçıldadım:
-Əgər gələcəyimi bilirdinsə, deməli ölməzdən əvvəl buna təkan verəcək hansısa addım atmısan.Yaxşı, bəs gələcəyimi gözləyirdinsə niyə hər şeyi belə qəlizləşdirməyi lazım bilmisən? Səni qorxudan nə idi, Səttar? Vəsiyyətinlə mənə nə demək istəmisən?
Davamı var
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)