Super User

Super User

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2023-cü il

 

Azərbaycan Gənc Tamaşaçılar Teatrında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan “Heydər Əliyev və mədəniyyət mövzusunda dəyirmi masa” adlı tədbir keçirilib.

 

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrın direktoru Naidə İsmayılzadə, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Səbail rayon YAP təşkilatının sədri Muxtar Nağıyev, teatrşünas Məryəm Əlizadə, sənətşünas Vidadi Qafarov, A. Şaiq adına mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, yazıçı-dramaturq İlqar Fəhmi, Xalq artisti Yasin Qarayev, Əməkdar artist Nicat Kazımov, habelə yaradıcı və inzibati heyət iştirak edib.

Tədbiri giriş sözü ilə teatrın direktoru Naidə İsmayılzadə açaraq qonaqları salamlayıb. Heydər Əliyevin parlaq şəxsiyyətindən, sənətə, teatra, ümumilikdə yaradıcı insanlara olan diqqət və qayğısından bəhs edib.

Daha sonra teatrın baş rejissoru Mehriban Ələkbərzadə Heydər Əliyevin 100 illiyinin ölkə səviyyəsində qeyd olunmasının vacibliyindən, dəyirmi masanın əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edən qonaqlar Ulu Öndərlə bağlı maraqlı xatirələrini, bu xatirələrin yaratdığı xoş təəssüratları bölüşüblər.

Sonda tədbir iştirakçıları xatirə şəkil çəkdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

 

Mədəniyyət Nazirliyinə yeni təyinatlar olub.

“Ədəbiyyat və incəsənət” portalı “Report"a istinadən xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmrlər imzalayıb.

Belə ki, nazirliyin Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin edilib.

Digər əmrlə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə gətirilib.

Qeyd edək ki, X.Ağalarov bu təyinata qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

Müşavir C.Səlimxanov bu vaxtadək Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Musiqi Xadimləri İttifaqında, Bakı İncəsənət Mərkəzində müxtəlif vəzifələrdə işləyib.

Digər müşavir Oleq Əmirbəyov 2010-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən 2023-cü il 31 mart  tarixində Biləsuvarda növbəti qəbul baş tutacaq.

Saat 10:00-dan başlayaraq Biləsuvar şəhəri Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213) əsasən Biləsuvar şəhəri, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar 27 mart 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və  “Whatsapp” xidmətinə  (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Çərşənbə, 01 Mart 2023 11:09

Yeni ilin ilk “Ulduz”u gəldi

Azərbaycan Yazıçılar Birliyinin populyar “Ulduz” dərgisinin ilk sayı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı dərginin Baş redaktoru Qulu Ağsəslə əlaqə saxlayaraq ilin ilk “Ulduz”unda gedən yazılar barədə bilgi alıb. Buyurun, tanış olun.

 

Dərgi Elxan Yurdoğlunun özüylə söhbəti və şeirləri ilə açılır. "Nəsr"də Şəfa Vəlinin "Hər şeyi sevən adam", Tural Atəşin "Sərhəd uzaqdaydı", Aydın Tağıyevin "Qisas", "Məhəbbət dərsi", "Yuxu", "Alabaş" hekayələri, eləcə də Qulu Ağsəsin "Cəbrayıloğlu Etibar" essesi yer alıb.  Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının "Şairdən adama qul olmaz axı" yazısı şair Akif Səmədin  zəngin yaradıcılığına işıq tutur.

"Şeir vaxtı"nda Gülnar Ümidin, Ləman Musayevanın, İlahə Abbasovanın şeirləri, həmçinin Xaqani Əmininin qəzəlləri təqdim edilib.

"525-ci qəzet" və "Ulduz" dərgisinin ortaq layihəsi olan  "Ustad dərsləri"nin  budəfəki mövzusu "Naturalizm cərəyanı"dır. Professor Məti Osmanoğlunun hazırladığı rubrikanın ikinci hissəsində Emil Zolyanın "Eksperimental roman" yazısı yer alıb. "Türk eli" rubrikasında Təranə Vahidin uyğunlaşdırmasında özbək yazıçısı və dramaturqu Javlon Jovliyevin "Buxara, Buxara, Buxara..." hekayəsi, "Tərcümə saatında isə Azad Yaşarın tərcüməsində Çarlz Dikkensin "İşarətçi" hekayəsi dərc edilib. "Kitab köşkü"nü, müvafiq olaraq, fəlsəfə doktoru Nizami Novruzovun təqdimatında Həsən Bayramovun "İrəvan Müəllimlər Seminariyası: Milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması", Afiq Fərzəlinin təqdimatında isə ""Rəsmiyyə Sabirin "Zindan sevinci"" yazıları bəzəyir. 

Oxucular "Qısa fikirlər xəzinəsi"ndə Uinston Çörçil, Benjamin Franklin, Herman Hesse, Arif Nihat Asya və başqa  dühaların ibrətamiz fikirləri ilə tanış olacaq. Nəhayət, "Dərgidə kitab"da Vəfa Mürsəlqızının hekayələri, "Dərgidə sərgi"də isə  gənc rəssam Nigar Mustafayevanın rəsmləri təqdim edilib.

 

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

 

Dövrünün tanınmış şairi, “Qayıt” və “Qaytar ana borcunu” şeirləri ilə daim yaddaşlarda qalan Əli Kərimin həyat yoldaşı Elza xanım vəfat edib. “Ədəbiyyat və incəsənət” portalı nasir Cavid Zeynallının xatirə yazısını təqdim edir. 

2012-ci ildə müsahibə etmişdik. Danışırdı ki, Əli Kərimlə evlənəndən sonra çox əziyyət çəkmişik. Zirzəmidə yaşayırdıq. Yazıçılar İttifaqının ev növbəsində Mehdi Hüseyn evi Əli Kərimə yox, başqasına verib. O da üz-üzə gələndə Mehdi Hüseynə salam verməyib. Mehdi Hüseyn soruşub ki, Əli, niyə mənə salam vermirsən? Deyib, Mehdi müəllim, əlimdən bu gəlir. 

Moskvada oxuyanda Rəsul Rza şeirlərini jurnalda dərc elətdirib, qonorarını göndərib. Pulu alan kimi bir-ikisini cırıb ki, sənə görə nə əzablar çəkmişəm. 

Elza xanım danışırdı ki, bir dəfə bazara getmişdim, oğlum Azər də yanımda idi. Dedi, ana, bu şalvarı mənə al. Pul az idi, gücüm çatmadı. Evə gələn kimi atasına danışdı. Əli o dəqiqə bazara qaçıb o şalvarı aldı ki, mənim geyim-keçimdən çox korluğum olub, heç olmasa, bunlar mən çəkdiyimi çəkməsinlər. 

Qucaq-qucaq oyuncaqlar alırmış uşaqlara. Deyirmiş, mənim olmayıb, qoy bunlar gözü tox böyüsünlər. 

Elza xanımla Əli Kərimi İlyas Tapdıq tanış edib. Gözəl qadın olub. Rza Şah Bakıya gələndə şaha gül verib. Sonra İran səfiri ona elçi düşüb. Amma o, Əli Kərimi seçib. 

11 il evli olublar. Yola getmirmişlər. Əli Kərimi şeirlərinə görə qızlar çox sevirmiş. Amma deyirdi, kaş elə qızlara görə dava edərdik. İçib evə gec gəlirdi, mən də küsürdüm.

Sən mənim qədrimi biləsən deyə, 

Bu cavan yaşımda ölümmü indi. 

Bu şeir də o illəriin yadıgarıdır. Ruhun şad olsun, Elza xanım!

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Çərşənbə, 01 Mart 2023 15:30

Qadınlar nağılları çox sevirlər…

Hümbət Həsənoğlu “Ədəbiyyat və incəsənət” portalına növbəti 10 aforizmini təqdim edib. Buyurun:

 

1. Arzular təfəkkürün problemlərlə dolu gerçəkliklərdən qaçıb gizləndiyi xoş yerdir.

 

2. Ağlı olan heç vaxt tək olmur.

 

3. Həmişə ağıllı olmaq darıxdırıcıdır, hərdən axmaqlıqdan da imkan kimi istifadə etmək lazımdır.

 

4. Qadını tanımağa kişi ağlı acizdir, yalnız qəlb buna kömək ola bilir.

 

5. Arxadan kürəyə vurmaq zəmanəsi keçdi, indi üzbəüz, gözə baxa-baxa vururlar.

 

6. Gücü az olanın səsi çox çıxar.

 

7. Dünyanın ən böyük dəyəri özünsən, bütün başqa dəyərlər sən olduğuna görə mövcuddurlar.

 

8. Başımızın üstündəki sonsuz səma sonsuz böyüməyimiz üçün imkandır.

 

9. Kişinin qadınlar haqqında bilməli olduğu yeganə şey odur ki, onlar nağılları sevirlər.

 

10. Özünü yaxşı saymaq başqaları haqda məlumatsızlıqdan doğur.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Çərşənbə, 01 Mart 2023 08:30

300 namizəd - Bu gün yekun sərgi açılacaq

Sevindiricidir, rəngkarlığa ölkəmizdə maraq hədsizdir. Bəlkə də, uşaq və yeniyetmə rəsm həvəskarları Əzim Əzimzadənin, Bəhruz Kəngərlinin, Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun sələfləri olmalarının səbəbindən bu qədər kətana, fırçaya və boyaya meyillidirlər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Düşün və yarat!” adlı yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.

Müsabiqəyə ölkəmizin müxtəlif güşələrindən 12 yaşdan yuxarı 1000 nəfərə yaxın iştirakçı 1500-ə qədər rəsm əsəri, gil, karton, kağız, metal parçası, plasmas və s. materiallardan hazırlanmış bir əşya və texnoloji sistemlər təqdim edib. 

İlkin seçimlərdə 300-ə yaxın müxtəlif sənət nümunəsi sərgilənmək üçün seçilib. Seçimlərdə müəllifin yaşı nəzərə alınmaqla ortaya qoyduğu yaradıcılıq əsas götürülmüş və ən əsası kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük verilib.

“Düşün və yarat!” müsabiqəsinin yekun sərgisi bu gün Xətai Sənət Mərkəzində keçiriləcək. 

Son mərhələyə keçən və əsərləri nümayiş

hüququ qazanan rəssamlarımızı təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Bu gün YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə “Özünü kəşf et” adlı ustad dərsi keçiriləcək. Və ən əsası - bacarıq səviyyəsindən asılı olmayaraq, hər bir iştirakçı kətan üzərinə öz təsəvvürlərini köçürərək, akril, fırça və mastixin ilə yaradıcı təcrübəsini inkişaf etdirəcək. 

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində reallaşacaq dərslərə 16 yaşdan yuxarı rəsm həvəskarları qatılacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Çərşənbə, 01 Mart 2023 16:30

Beynəlxalq əməkdaşlıq yeni müstəvidə

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 6-cı məqalə

 

“Simurq” AMA M.V. Lomonospv adına Moskva Dövlət Universitetinin YUNESKO kafedrası və qlobal proseslər fakultəsi, Beynəlxalq Qlobal Tədqiqatlar Akademiyası, Dünya Mədəniyyət İnstitutu (YUNESKO), Beynəlxalq Humanitar “Avropa-Asiya” Akademiyası, Yalta Siviliasiya klubu, Beynəlxalq Pitimir Sorokin-Nikolay Kondratyev İnstitutu, “Sivilizasiyaların əməkdaşlığı” Açıq Universiteti, Ümumdünya Braxma Kumaris Ruhi Universiteti, RF Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının elm-təhsil mərkəzi, Sankt-Peterburq Dövlət İdarəçilik İnstitutu, Kazan Mədəniyyət Universiteti, Kaluqa Dövlət Universiteti, Kazan Federal Universiteti, Kazan İnnovasiya Universiteti, “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatı və s. ilə əməkdaşlıq həyata keçirir.

Assosiasiyanın üzvləri beynəlxalq forumlarda, Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Belçika, Cənubi Koreya, Tailand, Misir, Yunanıstan, Türkiyə, İran, Kosta-Rika, Rumıniya, Macarıstan, Hindistan və digər ölkələrdəki cəmiyyətlərdə və səfirliklərdə məruzə ilə çıxış etmişlər. Assosiasiyanın monoqrafiyalarından bəziləri Rusiya, ABŞ, Almaniya, Birləşmiş Krallıq, Yaponiya, Çin, Avstriya, Fransa, Macarıstan, Estoniya və digər ölkələrin dövlət kitabxanalarının fondlarında, habelə BMT, YUNESKO, Roma Klubu, ABŞ Konqresinin kitabxanalarında saxlanılır.

Müxtəlif illərdə görkəmli diplomatlar, alimlər, mədəniyyət xadimləri və mesenatlar – Paolo Lembo, Plutarko Ernandes, Per Ulvevadet, Mixail Şmunk, Valter Şoniya, Çjan Siyun, Yuriy Sayamov, Engel Tahirov, Maksim Andreyev, Olqa Astafyeva, Yuriy Yakoves, Suheyl Fərah, Oljas Süleymanov, Kirill Razloqov, Abdulkadır Karaoqlan, Teyfur Qeybətov, Dmitriy Spivak, Zoltan Baç, Marqaritta Kosta, Vaqif Namazov, Çjan Yannyan, Mario Baldi, Svetlana Bondıreva, Lyuk Obri, Hasan Ami, Olav Berstad, Ceynis Roze, Nikolay Tomilov, Toşikazo Muto, Ənvər Şeyxov, İbrahim Nuri, Ronald Yanq, Villem de Bofort, Eliyezer Yotvatt, Sabir Mansur, Adel Dərviş və bir çox başqaları Assosiasiyanın fəxri xarici üzvləri seçilmişlər.

Assosiasiyanın beynəlxalq əməkdaşlıq formalarından biri əcnəbi müəlliflərin elmi məqalələrinin “Simurq” Beynəlxalq kulturoloji jurnalda (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyə məsələləri) dərc edilməsidir.

 

Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.