
Super User
Ölkəmizdə rus dilində təhsil alan 160 min şagird üçün proloq
“Ədəbiyyat və incəsənət” portalı ictimai fəali Azər Həsrətin “Alın si! Rusiya öz dilinin qayğısına qalır. Bizsə…” məqaləsini təqdim edir.
Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də “Dövlət dili haqqında qanun”a dəyişikliklərlə bağlı yeni qanunu imzalayıb. Rusiya Dövlət Dumasının fevralın 16-da qəbul etdiyi və Prezidentin olduqca təcili imzaladığı bu qanunla “rus dilinə uyğun olmayan” sözlərdən istifadə yasaqlanır…
Qanunun mətni tam olaraq Rusiyanın rəsmi hüquq informasiya portalında fevralın 28-də dərc edilib.
Nə deməkmiş bu dəyişiklik?
Dəyişikliyə görə, rus dilindən dövlət dili kimi istifadə edilərkən müasir ədəbi ruscanın normalarına uyğun olmayan söz və ifadələrdən istifadəyə yol verilməyəcək. O cümlədən də vulqar ifadələrin istifadəsi yasaqlanır. Yalnız rus dilində qarşılığı olmayan ümumişlək xarici sözlərin istifadəsi yol verilən hesab edilir. Həm də belə sözlər müvafiq lüğətlərdə yer almış olmalıdır.
Belə baxanda, Rusiyadır, öz dilinin qayğısına qalır, başadüşüləndir. Amma burada bir əmma olmasaydı!
Rusiya imperiya dili olan ruscada hətta yabançı sözlərin belə minimuma endirilməsi üçün sərt qanunlar qəbul edərkən, digər dillərin sıxışdırılması üçün də əlindən gələni edir.
İllərdir bizim kimi türk olan tatarların, başqurdların, çuvaşların, xakasların, tıvaların, noqayların, qumuqların, qaraçayların, balkarların və başqa türk xalqlarının dili bu ölkədə rəsmən sıxışdırılır. Hətta o həddə ki, müstəqil türk dövlətlərindəki kimi bu xalqların da latın əsaslı əlifbaya keçməsi ayrıca qanunla yasaqlanıb!
Bəli, Rusiya adlı imperiya dövləti ruslardan başqa bütün millətlərin hüquq və azadlıqlarını qanunlarla yasaqlayır, məhdudlaşdırır!
Hələ bu bir yana, üstəlik də 2022-ci ilin 24 fevralında Ukraynaya qarşı başlatdığı əsassız təcavüzdə də Rusiya məhz türk xalqlarını ön xəttə göndərib soyqırım törədir!
Bizsə nə edirik? Ölkəmizdə cəmi 120 min rus yaşadığı halda dövlət hesabına rus olmayanları belə rus dilində oxuduruq!
Azərbaycanda dövlət hesabına 160 min şagird rus dilində təhsil alır! Bu, fəlakətdir! Bu, ölkənin altına qoyulan bombadır!
Artıq müstəqil dövlətik və özümüzə hörmət etməli, gərək olmadan rus məktəblərini maliyyələşdirməni dayandırmalıyıq. Əgər kiməsə bu məktəblər həqiqətən də lazımdırsa, zəhmət çəkib pullu oxusunlar.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)
Poeziya və nəsr bir yerdə, “Almanax” kitabında
Azərbaycanda yaşayan milli azlıqlar ədəbiyyata maraq göstərir, ədəbi birliklər, dərnəklər yaradır, kitablar yazır, kitab təqdimatları keçirirlər. Təbii ki, rus xalqı bu sırada ən fəallardandır. Bakıdakı Rus evində “Sodrujestvo” ədəbi birliyi fəaliyyət göstərir, vaxtşırı görüşür, tədbirlər keçirir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Paşa Yusupovun sədrlik etdiyi ədəbi birlikdə həm gənclər, həm yaşlı nəslin nümayəndələri bir araya gəlirlər.
Vaxtaşırı toplaşıb şeir müzakirəsi keçirir, ədəbi prosesi müzakirə edirlər. Ötən gün isə ədəbi birliyin toplantısı fərqli, amma daha əlamətdar oldu. Hamı “Almanax” kitabının təqdimatına yığışmışdı. Yenicə çapdan çıxmış bu nəşrin publisistika, nəsr və poeziya bölmələrində bir çox müəllifin əsərləri yer alıb.
Təqdimat mərasimini Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina açdı. Ardınca “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin sədri Tatyana Kərimova söz alıb tədbir iştirakçılarını salamlayaraq, birliyin fəaliyyəti və inkişaf perspektivləri haqqında məlumat verdi. Elberd Tuqanov Puşkinə həsr etdiyi poemadan parçalar söylədi, aktual problemlərdən bəhs edən şeirini də həmçinin. Vətənə məhəbbət mövzusunu qələmə alan tarixçi Tamilla Xəlilova kitab haqqında fikirlərini bölüşdü. Sonra şair Fikrət Kazımov Azərbaycana həsr etdiyi şeiri oxudu. Şairə və psixoloq Svetlana Xalıqova yetirmələrinin taleyini öz əsərlərində necə əks etdirdiyini açıqladı. Sonda çıxış edən musiqiçi və şairə Nataliya Turovskaya Bakı və bakılılar haqqında hekayələrdə öz həmyerlilərini tərənnüm etməsindən bəhs etdi. “Sodrujestvo” ədəbi birliyinin sədri Paşa Yusupov isə təqdimata yekun vurdu.
Bu adları çəkilənlərin hər biri “Almanax” kitabında təmsil olunublar. Hər şey o yana, rus insanı tərəfindən Azərbaycanın tərənnümü elə hər şeyə dəyər.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
Açıq portfel: Hardan daha çox mal gətiririk?
Təbii ki, sıravi oxucu üçün statistik məlumatlar önəm kəsb edir. Nə, nə qədər, harda, nə üçün? Statistika bir çox sualların cavabıdır.
İqtisadiyyat isə ümumən statistika üzərində qurulduğundan hər kəs öz ailə büdcəsinin dəqiq uçotunu aparmağı xoşlayır.
“Ədəbiyyat və incəsənət” portalı sizə ötən gün Azərbaycanın ixrac əməliyyatları barədə məlumat vermiş, bizim ən çox məhsulumuzu alan ölkənin İtaliya olduğunu bildirmişdi. Bugünsə ən çox məhsul aldığımız ölkə, ümimən idxal barədə danışacağıq.
Baxaq. 2022-ci ildə xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 41 milyard 672,2 milyon dollar, idxalın dəyəri 14 milyard 539,9 milyon dollar təşkil edib, nəticədə 27 milyard 132,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb. Komitədən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, İsrail, Yunanıstan, Almaniya, İspaniya, Birləşmiş Krallıq, Çexiya, Xorvatiya, Gürcüstan, Portuqaliya, İndoneziya, Ukrayna, Qazaxıstan, Vyetnam, ABŞ, Türkmənistan, Rumıniya, İran, Tunis və İsveçrə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İndi isə konkret idxalın üzərində dayanaq. Yenədəmi İtaliya öndə gedir? Yox, bu dəfə ənənəvi bilgilərimiz kara gəlir. Ölkəmizə ən çox hardan mal gətirilir? Təbii ki, dərhal hamı 3 ölkənin adını çəkəcək. Rusiya, Türkiyə və Çin. Tamamilə haqlısınız.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,8 faizi Rusiyanın, 15,8 faizi Türkiyənin, 14,3 faizi Çinin, 4,6 faizi Almaniyanın, 3,5 faizi Türkmənistanın, 3,4 faizi Qazaxıstanın, hər biri 3,3 faiz olmaqla ABŞ və İranın, 2,3 faizi İtaliyanın, 2 faizi Yaponiyanın, hər biri 1,8 faiz olmaqla Koreya, Belarus, Ukrayna və Birləşmiş Krallığın, hər biri 1,5 faiz olmaqla Fransa və Hindistanın, 1,3 faizi Braziliyanın, hər biri 0,9 faiz olmaqla Özbəkistan, Gürcüstan və Finlandiyanın, 0,8 faizi Polşanın, 13,7 faizi isə digər ölkələrin payına düşüb.
İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.
İdxal olunan malların 61,7 faizini avtomobil, 18,7 faizini dəmir yolu, 10,3 faizini hava, 8,4 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,9 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
2021-ci illə müqayisədə 2022-ci ildə mühüm məhsul növlərindən buğda idxalı 12,6 faiz, bitki yağları 9,5 faiz, xam şəkər 6,1 faiz, təzə meyvə 4 faiz, kərə yağı, digər süd yağları və pastaları 23,5 faiz, unlu qənnadı məmulatları 9 faiz, çay 3,2 faiz, quş əti və onun əlavə məhsulları 12,4 faiz, dərman vasitələri 19,6 faiz, polad prokatı 45,3 faiz, sintetik yuyucu vasitələr 7,7 faiz, mebellər 12,7 faiz, polietilen 76,5 faiz, məişət kondisionerləri 35,5 faiz, qara metallardan çubuqlar 4,8 faiz, avtobuslar 56 faiz, polipropilen 12,7 faiz, sement 26,7 faiz artıb, şokolad və şokolad məhsulları idxalı isə 5,2 faiz, kartof 8 faiz, mal əti 15,8 faiz, təzə tərəvəz 31,7 faiz, siqaretlər 70,4 faiz, minik avtomobilləri 19,4 faiz, qara metallardan borular 9,8 faiz, hesablama maşınları, blok və qurğuları 19,4 faiz, yük avtomobilləri 7,7 faiz, rezin şinlər 0,2 faiz, mineral gübrələr 20,5 faiz, paltaryuyan maşınlar 18,8 faiz, qara metallardan künclüklər 12,3 faiz, məişət soyuducuları 39,2 faiz azalıb.
2022-ci ildə ölkəyə 68 min 684 ədəd minik avtomobili, 5127 ədəd yük avtomobili, 415 ədəd avtobus idxal olunub.
Bəli, rəqəmlər belədir. İndi hər kəs onları analiz edib qərar verə bilər. Biz dünyaya nə veririk və nə alırıq.
“Ədəbiyyat və insəsənət”
(01.03.2023)
Afaq Bəşirqızı başaparan gənc aktrisanı necə ram etdi
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Afaq Bəşirqızıdır.
AFAQ BƏŞİRQIZI
(1955)
***
Sumqayıt tetarında işlədiyim vaxtlar idi. Bir cavan qız gəlmişdi teatra, yaman göylə gedirdi. Kaprizləri hər kəsi boğaza yığmışdı. Bir dəfə qrim otağıma keçəndə hay-küy eşitdim, ayaq saxlayıb baxdım, həmin təzə gələn aktrisa idi, çığıra-çığıra rejissorla danışırdı:
– Mən aktrisayam, mən hər şeyin gerçək olmağını tələb edirəm. Tamaşada boynuma əsl mirvari boyunbağı taxmaq istəyirəm, barmağımda əsl brilyant qaşlı üzük olsun. Toy səhnəsində əsl gəlinlik paltarı istəyirəm…
Gördüm qız çox baş aparır, yazıq rejissor da büzüşüb qalıb. Elə qapıdan dedim:
– Əşşi, niyə problem yaradırsız? – səsimi bir qədər qaldırdım. – Demir hər şey əsl olsun, olsun da. Mirvari boyunbağı da, brilyant üzük də əsl olsun, son pərdədəki zəhər də əsl olsun. Hamının da canı qurtarsın!
“Ədəbiyyat və incəsənət”
(01.03.2022)
Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələri necə qorunur?
Ermənilər yenidən fəallaşıblar. Bu dəfə onlar mətbəximizin ləziz təamı olan paxlavaya, Eldar Mansurovun mahnılarına və qədimi çalğı alətlərimizə - balabana, qanuna sahib çıxmaq jestləri ediblər. Mədəniyyət sahəsinə cavabdeh olan qurumların dünənki toplantısı, demək, boşuna deyil.
“Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələri qanunla tənzimlənir” hökmünü ortaya qoyaraq Milli Məclisin Mədəniyyət komitəsi fevralın 28-də keçirilən iclasında vacib məsələni gündəliyinə daxil edilib. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə dinləməsində “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsi müzakirə edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müzakirələrin effektiv, səmərəli olması kifayət qədər hiss edilib. Bildirilib ki, “Qeyri-maddi mədəni irs haqqında” Qanunun müddəaları Azərbaycan ərazisində Azərbaycan xalqı, ayrı-ayrı sosial qruplar və ya fərdi şəxslər tərəfindən yaradılan, qorunan və nəsildən-nəsilə ötürülən, Azərbaycan xalqının mədəni ənənələrini təmsil edən qeyri-maddi mədəni irs nümunələrinə şamil olunmur.
Qeyri-maddi mənəvi irs nümunələrinin qorunmasının maliyyələşdirilməsinə gəlincə, bu məsələ dövlət büdcəsindən ayırmalar, qeyri-maddi mədəni irs sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq.
Qanunun pozulmasına görə şəxslər Mülki və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan hallarda məsuliyyət daşıyırlar.
Təbii ki, Qanunu pozan şəxslər cəzalanacaq. Amma milli mənəvi dəyərlərimizə qənim kəsilən üzdəniraq qonşularımızla bağlı da daha ciddi tədbirlər görüləcək.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
Ağ ölümə yox deyirik! - Amma səsimiz zəif çıxır
Narkomaniyanın əleyhinə küçələrdə, yaxud mediada çoxmu reklam lövhəsi görmüsünüz? Yaxud, cəmiyyətin fəalları sosial mediada ağ ölümün əleyhinə çağırış edirlərmi? Rejissorlar filmlərində, yazıçılar romanlarında, bəstəkarlar mahnılarında bu zərərli və təhlükəli vərdiş əleyhinə çağırış edirlərmi? Yox ki yox!
Halbuki statistika dəhşət saçır. Artıq fərd-fərd yox, məhəllə-məhəllə narkomaniyaya meyl salınır. Sos siqnalı çalınmalıdır, özü də təcili.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə ötən il ərzində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetində Komissiyanın növbəti iclası məhz bu səbəbdən “Ədəbiyyat və incəsənət”in diqqətindən yayınmadı.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsinə dair 2022-ci ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi qarşımızda real mənzərə açmadımı, açdı.
Müzakirədə qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidentinin məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir. Eyni zamanda ölkədə insanların sağlamlığının qorunması, mənəvi-əxlaqi dəyərlərin aşınmasının qarşısının alınması zərurəti narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini ciddi şəkildə artırmışdır. Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi sayəsində sözügedən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülmüşdür.
İndi də gəlin bəzi faktlara diqqət yetirək. Hüquq-mühafizə orqanları tərəfindən 2022-ci il ərzində 10640 fakt üzrə 5 ton 470 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 861 kiloqramının ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 8677 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən 99 nəfərinin xarici ölkə vətəndaşı olması, narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayının 35097 nəfər təşkil etməsi barədə məlumatlar ictimailəşdirilibdir. Demək, artım vardır, özü də kifayət qədərdir.
İclasda son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi faktlarının, 2021-ci illə müqayisədə bəzi şəhər və rayonlarda narkotik vasitəsəlrdən istifadə ilə bağlı göstəricilərin artmasından narahatlıq ifadə edildi. Bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və maarifləndirmə işinin aidiyyəti orqanlar tərəfindən kompleks şəkildə təşkil edilməklə daha da gücləndirilməsinin zəruriliyi vurğulandı.
Bəli, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində fəaliyyətlərin gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji müalicə müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, təbliğat və maarifləndirmə işlərinin təsirli vasitələrlə təşkili, narkomanlığın xüsusilə geniş yayıldığı şəhər və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, qeyri-hökumət təşkilatları ilə birlikdə sosial və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsi və digər zəruri tədbirlərin icra edilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələr qoyulmalıdır.
İclas da buna dair müvafiq qərar qəbul etdi. Qərarın icrası isə bizim hamımızdan asılıdır.
Hər kəs bu yaramazlığa müdaxilə etməyə borcludur.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
“Da Vinçi şifrəsi”ni tapa bilirikmi? - İntellektual detektiv janrı barədə
“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Sərvanə Dağtumasın “İntellektual detektiv janrı” məqaləsini təqdim edir.
Detektivdən bir pillə yuxarı olan intellektual detektiv zəka, idrak üzərində qurulan detektivin bir növüdür. Bu növ detektiv əsərlər oxucunun intellektual səviyyəsini daha zəngin edir, onu məlumatlandırır. Belə əsərlərdə müxtəlif rəsm əsərləri, bədii əsərlər, film adlarına rast gəlmək mümkündür.
İngilis yazıçısı Den Braunun “Cəhənnəm”, “Başlanğıc”, “Yalan nöqtəsi”, ”Rəqəmsal qala”, ”Mələklər və iblislər”, ”Da Vinçi şifrəsi”, “İtirilmiş simvol” əsərləri intellektual detektivlərdir. Böyüklər çoxdan bildikləri nəsnələrin əslində gizli kodlara kökləndiyini, bağlı olduğunu oxuduqca, dərinliklərə endikcə, əsərlər daha da qiymətə mindi. Den Braunun ailəsində sirli hadisələr uşaqlıqdan baş verir. Daha doğrusu, həmin sirli hadisələr valideynləri tərəfindən təşkil olunur. Sanki uşaqlıqdan onu belə qeyri-adi sirlərlə böyüməyə kökləyirlər ki, böyüyəndə çaş-baş qalmasın, çətinlik qarşısında özünü itirməsin. Den Braunun təhsil aldığı kollec qapalı müəssisə sayılıb. Burada baş verən hadisələr gizli qalıb. Kollecin rəhbərliyinin şagirdləri danlaması, uşaqların çıxardığı oyunlar əsla qapıdan kənara çıxmazdı, bu da qapalı mühitin xarakteri ilə düz gələrmiş. Elə ona görə də Den Braun qapalı mühit barədə yazdıqlarını kollecdən əxz edib.
“Cəhənnəm” əsəri mistik-triller janrındadır. Əsas diqqət intizamsız insan artımı üzərinə çəkilir. İnsan artımı və onun da özü ilə bərabər gətirdiyi fəlakətlərin qarşısını almaq üçün bir bioloq-alim virus yaradır. ÜST və bir çox qurumlar bu virusu dayandırmağa çalışır, əsər boyunca onlar virusu və məqsədi tapmağa çalışırlar. Əsərdə belə bir ifadə var: “İnsanlığın gələcəyini xilas etmək üçün onun yarısının ölümünə razı olmalısınız”. Bu halda siz nə edərdiniz? İnsan artımı həndəsi silsilə ilə artır və dayandırılmasa, dünya məhv olacaq. Əslində əsərin ideyası bunun üzərində qurulub. Bəziləri virusları insan qətliamı hesab edir, bəziləri tək çıxış yolunun bu olduğunu qəbullanır. İnsan sayı mütləq nəzarətdə saxlanılmalıdır. İllərlə edilən müharibələr, laboratoriyalarda yaradılıb yayılan viruslar bu məqsədə xidmət edib. İnsan şüurlu varlıqdır, lakin o, gözünü yumub dünyaya bir neçə övlad gətirir və onlar ehtiyac, səfalət içində böyüyürlər. Buna mütləq nəzarət etməli, hamiləliyin qarşısını almalıdır, heyvan kimi şüursuz şəkildə cütləşib çoxalmamalıdır. Çexovun bir sözü var: “Bəzi insanlar ona görə dünyaya gəliblər ki, yeyirlər, yatırlar və çoxalırlar”.
Əsərin qadın qəhrəmanı, zəkalı Sienna öz problemlərinə yox, ətrafın, dünyanın problemlərinə yönəlir. Kimsəsizlərə əl tutur, bir dəfə də az qalsın ki, təcavüzə uğrayacaqdı. Onun olduğu Manila şəhərində uşaqların aclığı, alqı-satqısı, pedofillik, zorakılıq onu dəhşətə gətirir. Sienna (adının mənası narıncı-qırmızı) dünyanın təkcə onun xilas edə bilməyəcəyini anlayır. Onun özü depressiya və saçtökülmə xəstəliklərindən əziyyət çəkib. Əsərin digər maraqlı qəhrəmanı Zobristdir. Zobrist kimi insanlar özlərini adi insanların hiss etdikləri kimi hiss etmirlər. Onlar özlərini Tanrı hesab edirlər. Ən çox da ateistlər dünyanı idarə edəcəklərini zənn edirlər. Necə ki, tarixdən Napoleon, İskəndər, Çingiz xan, Hitler və s.kimi tarixi şəxsiyyətlərin timsalında bunu görmüşük. Əsərdə müxtəlif rəsm əsərlərinin, bədii əsərlərin adları, muzeylər, “Dantenin maskası”, “Meduza” və s. oxucunun intellektual aləmini zənginləşdirir. Sirr virus vasitəsilə insan sayını azaltmaq planı idi. Burada əsas niyyət professor Robert Lenqdonu öldürmək illüziyası yaratmaqla onu sirrin açarını tapmağa məcbur etmək olub.
Ekzistensialist, norveçli yazıçı Yu Nesbö əsərləri də intellektual detektivdir. “Şeytanın ulduzu” (“Qarabasma”) əsərində Şeytanın ulduzu tapmacanın həllində açar kimi görünür: pentaqram intellektuallığın simvoludur. “Qar adam” detektivi soyuq cinayətin, dondurulmuş, açılmamış silsilə qətllərin araşdırılması üzərində qurulub.
İngilis yazıçısı Alex Michaelidesin “Səssiz pasiyent” detektivində qadın çox sevdiyi ərinə qarşı atəş açır, onu öldürür, qətl illərlə səssiz qalır və sonra qadın bir terapevtlə qarşılaşır. Qadının daxili sarsıntıları təsvir olunur.
İngilis yazıçısı Sidney Sheldonun “Oyunun ustası”, “Gecə yarısınını digər tərəfi”, “Mələklərin qəzəbi” əsərləri də intellektual detektivdir. “Mələklərin qəzəbi” əsərində mövzu elmi kəşflərlə bağlıdır.
Fransız yazıçısı, psixoanalitik Julia Kristeva eyni zamanda intellektual ədəbiyyatşünasdır. O, “Bizansda qətl” romanında tarixi və metafizik triller, serial qətllərin qaranlıq tarixi və Bizans şahzadəsi və tarixçisi Anna Komnenin izi ilə səyahət edərək immiqrasiya, kökündən qoparma mövzusuna toxunur.
İtalyan yazıçısı Umberto Ekonun “Qızılgülün adı” əsəri də intellektual detektivdir. Əsərdə bütün sirlər kilsənin kitabxanasında gizlənir və Vilhelmlə Adso kitabxananın labirintlərində dolaşaraq sirri qoruyan, qadağan olunmuş kitabı əldə etməyə çalışırlar, yəni Aristotelin “Poetika”sını . Bu ölümlərin açarı kitabxanadadır, o açarı tapmaq isə çətindir. Hansısa gizli bir əl Vilhelm və Adso üçün kilsə daxilində maneələr yaradır. Kilsə kitabxanada elmi həbs edib. Kilsənin xalqın üzərində hakimiyyəti imperatorun hökmündən daha artıqdır, insanların taleyini kilsə müəyyənləşdirir. Eko XIII əsr İtaliyasında dinlə siyasətin toqquşması və toqquşmadan doğan faciələri bir monastır çərçivəsində ustalıqla təsvir edir. Romanda Eko oxucuya "Kitabxananın daxili quruluşu dünyanın cəhətlərinə uyğun gəlir?" deyə eyhamlı bir sual buraxır. Vilhelmlə Adsonun axtarışları yeddi gün davam edir və bu da Tanrının dünyanı yeddi günə yaratdığına bir işarədir.
Ədəbiyyatımızda psixoloq-yazar Rövşən Abdullaoğlu “Abaddon” romanı intellektual detektiv janrında yazılıb, psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük, əsərdə dissosiativ şəxsiyyət pozuntusu təsvir olunub.
Hər səviyyəli kitabın intellektual tərəfi var. İntellektual detektivdə yalnız art faktların: rəsm əsərləri, muzeylər, incəsənət nümunələrinin adı çəkilmir, bu, mütləq deyil. Çingiz Abdullayevin əsərlərində silah növləri, təyyarə hissələrinin adları, müxtəlif cinayətlərin açılma üsullarını öyrənmək olar, elə bunun özü də intellektual dünyamızı zənginləşdirir.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Bu qara örpəkli ananın harayı
Reza Deqati Xocalı soyqırımını dünyaya çatdırmaqdadır
Onu daim ən vacib tədbirlərdə, ən qaynar nöqtələrsə görmək olar. Fotokamerasını çiynindən asaraq yaşına yaraşmayan cəldliklə irəliləyir, çəkəcəyi hədəfi bir anda obyektivinin əsirliyinə salır. O, əslən Güney Azərbaycandan olan Reza Deqatidir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində Xocalı qurbanlarını lentə alaraq vizual tarixi yaddaş yaradan tanınmış fotojurnalist Reza Deqatinin “khojalywitness.org” adlı yeni saytı dünyaya nümayiş olundu.
Xocalı soyqırımının daha geniş tanıdılması üçün dörd dildə fəaliyyətə başlayan saytın əsas məqsədi şahidlərin və qurbanların fotolarını əks etdirərək qanlı tarixi yaşatmaq, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.
Amma tək bu deyil. Xocalı soyqırımının 31-ci ildönümündə dünyaca məşhur fotojurnalist Reza Deqatinin istər ölkəmizdə, istərsə də dünyanın bir çox yerlərində silsilə sərgiləri açılıb. Növbəti belə sərgi Ağdamda təşkil olunub. Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbiri çərçivəsində Reza Deqatinin Birinci Qarabağ müharibəsi dövründə lentə aldığı Xocalı qurbanlarının başlarına gətirilmiş müsibəti əks etdirən fotoşəkillərdən ibarət sərgisinə baxış keçirilib. Qeyd edək ki, tədbir “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə baş tutub. Fotoqrafın Xocalı faciəsi ilə bağlı naləsi ərşə
ucalan qara örpəkli qadın fotosu çox məşhurdur, elə dünən portalımızın Qazaxıstandan yayımladığı bir xəbərin fotosunda masa üzərində həmin o şəkil görünmüşdü.
Xatırladaq ki, Reza Deqati Ağdama birbaşa Avstriyanın paytaxtı Vyana şəhərindən gəlib. Vyanadakı məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı keçirilən aksiyada Reza Deqati çıxış edərək Xocalı dəhşətlərini bir daha dünya mediasının, iştirakçıların diqqətinə çatdırıb. Qeyd edək ki, aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar. Bəziləri ilk dəfə Xocalı faciəsindən agah olublar.
Xocalının dünyada tanıdılmasında, gündəmdə qalmasında Reza Deqatinin titanik əməyi vardır.
Tanrı Xeyirxahımızı qorusun!
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
“Qarabağa kitabla gedək” layihəsi çərçivəsində 120 min nüsxədən artıq kitab toplanıb
Hazırda Azərbaycan Milli Kitabxanasında “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində işğaldan azad olunan ərazilərdə yaradılacaq kitabxanalar üçün 120.000 nüsxədən artıq kitab toplanıb.
Bu barədə AzərTAC-a Milli Kitabxanadan bildirilib.
Qeyd edilib ki, ilk növbədə kitabxanaların Zəngilanın Ağalı kəndində və Şuşa şəhərində yaradılması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
Bu gün görkəmli, bizə dost şairin 100 illiyi tədbirləri başlayır
Söhbət Rəsul Həmzətovdan gedir
Müslüm Maqomayevin “Durnalar” mahnısı var, musiqisi Yan Frenkelindir. On illərdir ki, şəhidlər barədə ən duyğusal mahnı hesab edilir. Mahnı ruhları durnalara dönən Böyük Vətən Müharibəsi şəhidləri barədədir. Həmin o mahnının sözlərini Sovet poeziyasının Konstantin Simonovla, Səməd Vurğunla birgə zirvəsini təşkil edən Dağıstan şairi Rəsul Həmzətov yazıb. Onu tarixə salan isə “Mənim Dağıstanım” əsəri ilə balaca vətənini bütün dünyaya tanıtması və sevdirməsi olub. “Ədəbiyyat və incəsənət” bu görkəmli şairi boş yerə xatırlamadı.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu il Dağıstanın Xalq şairi, nasir, tərcüməçi, publisist, ictimai xadim Rəsul Həmzətovun anadan olmasının 100 illiyi qeyd edilir. Təbii ki, Dağıstanda və Dağıstana sahib çıxmış Rusiyada. Bu gün şimal qonşumuzda “Rəsul Həmzətov İli”nin rəsmi açılışı olacaq. Və şairin yubileyi ilə bağlı tədbirlər çərçivəsində festivallar, konsertlər, sərgilər, səhnələşdirilmiş tamaşalar, elmi konfranslar və ədəbiyyat gecələri keçirilməsi nəzərdə tutulur.
2023-2025-ci illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planına əsasən, Azərbaycanda da yubiley tədbirləri keçiriləcək. Bu da boşuna deyil. Rəsul Həmzətov Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafında böyük rol oynayıb. O yazırdı: “Mənim xalqımı Azərbaycanla bağlayan tellər çoxdur – tarix, mədəniyyət, ənənələr və məişət. Biz hamımız bir kökdən qaynaqlanmışıq. Hələ gənclik illərində mən Azərbaycana sevgi hissləri ilə dolu şeirlər yazmışam”.
Həmzətov Azərbaycana bir sıra şeirlər həsr edib. Azərbaycanın görkəmli şair və yazıçıları Nəbi Xəzri, Mirzə İbrahimov, Süleyman Rüstəm, Tofiq Bayram, İlyas Əfəndiyev və Səməd Vurğun Rəsul Həmzətovla dost olublar.
Rəsul Həmzətov poeziyası bütöv bir mədəni dövr təşkil edir. Onun onlarca kitabı dünyanın müxtəlif dillərində nəşr edilib. Böyük humanist olan bu şair öz yaradıcılığında həyata, dünyaya, insanlara sevgi hisslərini təbliğ edir, naqisliklərə qarşı barışmaz mövqe tuturdu.
Rəsul Həmzətov ədəbiyyat sahəsində görkəmli nailiyyətlərinə görə, bir sıra fəxri adlara və mükafatlara layiq görülüb. O, Dağıstanın Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, Lenin Mükafatı laureatı, SSRİ və RFSR Dövlət Mükafatları laureatı olub.
Rəsul Həmzətovdan söz düşmüşkən, onun böyük Səməd Vurğunla bağlı bir əhvalatını da xatırlatmağın yeridir. Bir gün Səməd Vurğun Dağıstana dostu Rəsul Həmzətov ilə görüşməyə gedir. Məclis əsnasında S.Vurğunun xətrinə dəyirlər və şair dostundan incik halda geri qayıdır. Uzun müddət dostundan xəbər ala bilməyən R.Həmzətov onun incidiyini anlayır. Daha sonra şairdən üzr istəmək qərarına gəlir və bu məqsədlə Bakıya yollanır. Lakin təəssüf ki, onunla görüşə bilmir. Çünki Səməd Vurğun artıq ölüm yatağında idi. 1956-cı il mayın 27-də Səməd Vurğun vəfat edir. Bu küsülülük, əbədi ayrılıq Rəsul Həmzətovun qəlbində dərin iz qoyur və həmin iz bu gün hamımızın sevərək dinlədiyi “Əziz dost” mahnısının sözlərinə çevrilir. Qeyd edək ki, “Əziz dost” şeirinin tərcüməsi Tofiq Bayrama, mahnının musiqisi Qulu Əsgərova məxsusdur.
Əziz dostum məndən küsüb, incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.
Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.
Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)