
Super User
“Azərbaycan gəncinə öz xəyalındakı gələcəyə çatmaqda yardım etmək idi əsl amalım” - MUSAHİBƏ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Salam dəyərli oxucular. Qonaq otağında bugünkü müsahibimiz Pərviz Həsənovdur.
-Öncəliklə xoş gördük və bugününüzü bizə ayırdığınız üçün təşəkkür edirəm. İlk sualımızla başlayaq. Pərviz Həsənov kimdir? Tam olaraq nə işlə məşğuldur?
-Əvvəla xoş gördük, çox xoşdur sizinlə həmsöhbət olmaq. Mən Pərviz Həsənov-rəsmi status baxımından desək, Beynəlxalq dərəcəli neft sektorunda mühəndisəm. Amma eyni zamanda da Azərbaycanda "Xəyalımdakı gələcək" konsepti altında fəaliyyət göstərən spiker, təlimçi, motivatoram.
-Pərviz bəy, keçmişinizlə bugününüz arasında necə bir bağ görürsünüz? Keçmişə və ya gələcəyə baxanda nə görür, nə xəyal edirsiniz?
-Suala görə təşəkkür edirəm öncəliklə. Şükür ki, bugün yaşadığım həyat tam olaraq 15 yaşlı Pərvizin xəyal etdikləri üzərində qurulmuş həyatdır. Elə məqsəd də bu idi ki, o 15 yaşlı Pərvizin xəyallarını reallaşdırım. Bugün tam olaraq o xəyalımdakı gələcəyə çatmış olmasam da, o yol üzərində irəliləyirəm. Hal-hazırdakı bütün fəaliyyətlərim, uğurlarım da bu səbəbdəndir.
-Xəyalınızdakı gələcək sizi Azərbaycanda idarə etdiyiniz layihəni də yaratmağa vadar edib. Bəs "Xəyalımdakı gələcək" konsepti nədir? Bu necə başladı?
-Bu hekayə bir az - 15 il əvvələ gedir. Mənim ilkin hədəflərim yaxşı bir iş, yaxşı bir maaş və bu həyatda sağ qalmaq idi. O vaxt mənə verilən tövsiyələrə əsasən neft ixtisasını seçdim. Düsündüm ki, bu ixtisası seçərsəm, əgər, o zaman özümə lazım olan gəliri və s. əldə edə bilərəm, elə də oldu. Çox çətin oldu, amma nəhayət nəticədə dünyanın aparıcı neft server şirkətlərindən birində hal-hazırda aparıcı mühəndislərdənəm. Lakin geriyə baxdıqda gördüm ki, mənim gəldiyim yolu gəlmək istəyən, gələ bilməyən minlərlə gənc var. Bir dəfə mənə təsadüfi messengerdən gələn bir sualla-o sual işə qəbul haqda tövsiyə istəyən bir gəncdən idi-mənim həyat amalıma yeni bir şey əlavə olundu. Təcrübəmi o gənclə bölüşdüm, o getdi və intervyu prosesindən uğurla keçdi. O öz tanışlarına məndən bəhs etdikcə mənə yazanların sayı artmağa başladı. İstədiyim maddi gəlirə çatdıqdan sonra yeni amalım gənclərə xəyalındakı gələcəyə çatmağa yardım etmək oldu. Getdikcə tərəfkeşlərimiz, bizi dinləyənlər artırdı. Həmin dönəmdə də Bakıda artıq spikerlərin, motivatorların artdığı ilkin dönəmlər idi. Gənclərin də tövsiyələriylə mühəndislik klublarından biri məni öz səhnələrinə dəvət etdi. İlkin vəziyyətdə olduqca həyəcanlandım və qorxdum, lakin bu layihənin bu qədər səs gətirməsini gözləmirdim. Bir qərar verdim ki, mən özüm kimi olacağam o səhnədə. Professional bir natiq yox, tələbənin dostu olaraq ona məsləhət vermək istədiyimi anladım. İlk çıxışımda gənclərin gözündəki işıq özümə güvənimi artırdı. Onların xoş reaksiyalarını gördükcə danışmaq daha maraqlı hala gəldi və ilk seminarım gecə 11-də bitdi. Bununla da yolumuz başlandı. O gənclər məni öz universitetlərinə, klublarına dəvət etdikcə də davam etdi, davam edir. Dəvət olunduğum bütün qurum və universitetlərdə seminarlarım uğurla başa çatdı. Bu əslində mənim həyata olan təşəkkürüm idi. Cünki mənim əslində heç də mükəmməl bir istedadım yox idi, natiq deyildim. Sadəcə eyni yolu getdiyim, gedəcəyim gənclərə yol göstərmək istəyirdim. Konseptin adı da elə bununla əlaqəlidir. Azərbaycan gəncinə öz xəyalındakı gələcəyə çatmaqda yardım etmək, faydalı olmaq idi əsl amalım. Yol məni o yerə apardı ki, asistanımın da təklifi ilə "Xəyalımdakı gələcək" kitablarını yazdım. İndi isə növbəti addım, biz artıq öz məkanımız, öz kafemizdə söhbət edirik. Seminarlarımıza da məhz burada davam edirik. Burada sadəcə biz yox, gənclər də istədikləri kimi istifadə edir. Xəyalımdakı gələcək komandası, ailəsi öz inkişafı üçün təlimlərini burada keçirə bilir. Bu isə elə ayrı bir uğurdur.
-Elədir ki var. Bəs, "Xəyalımdakı gələcək" komandası necə toplandı?
-Mən gənc tələbə ikən hər zaman iş adamlarına həsrətlə baxırdım və deyirdim ki, mən də sizin kimi olacağam. Həmin vaxt isə istəyirdim ki, onlardan birinin asistanı olum, amma bacarmadım. Bir vaxt gəldi ki, mən həyatın o yerinə çatdım ki, o adamların asistanı yox, elə o adamlardan biri oldum. Mən artıq istədiyim gəlir səviyyəsində idim. Həyatın birinci məsuliyyəti isə qida, ehtiyaclar və sairdir. Biz də bunları pul vasitəsiylə qazanırıq. Karyera qururuq, pul qazanırıq, qarşılığında vaxtımız gedir. Tələbələrin, gənclərin vaxtı var, pul axtarır, bizlərin isə pulu var, vaxt axtarır. Buna görə də gənclərlə mübadilə etmək qərarına gəldim. Mənim yerinə yetirmək istədiyim xəyallarım vardı, lakin işlədiyim şirkətlər vaxtımı məndən alırdı. Mən də qarşımdakı tələbə Pərvizlərdən bir neçəsiylə yola çıxdım. Ona lazım olanı, bəlli bir gəlir və təcrübəni verəcəkdim, o da mənə işlərimdə yardım edəcəkdi. Bu niyyətlə bir yola atıldıq və bacardıq. Əslində məncə komanda yox, ailə deməliyik. "Xəyalımdakı gələcək" ailəsi getdikcə böyüdü, gənc yaşına baxmayaraq məsuliyyət götürə bilən şəxslərlə işlədik. Qarşılıqlı bir-birimizə fayda verdik. Komandaya aldığımız şəxslər isə gülərüz, disiplinli, məsuliyyətli, mehriban olmalıdır. Bu da belə.
-Çox gözəl. Pərviz bəy, siz öz keçmişinizi danışdınız. Bəs sizi tanıyan və ya bu müsahibədən sonra tanıyacaq olan gənclərə indiyə və gələcəyə dair nə demək istərdiniz?
-Birincisi, xəyal qurmaq lazımdır, onu istəməlidir, cəmiyyət istəyi öldürsə də vaz keçməməlidir. O xəyalda özünü tapmalı, tanımalıdır. "Mən kiməm? Kim olmaq istəyirəm?" deyə sual verməli, özünün axtarışında olmalıdır. Bu suallara cavab tapdıqdan sonra yola çıxmalı və özünün ən mükəmməl formasına, potensialına çatmağa çalışmalıdır. "Ola biləcəyimin ən yaxşısı oldum” cümləsini qura biləcək formada yaşamaq lazımdır. Özünə bir idol, bir kumir və ya mentor seçməlidir. Seçməlidir ki, o idol ona desin, izah etsin, öyrətsin. İdolunuzu doğru seçin. Getmək istədiyiniz yolu bəlirləyin və o yolu getmiş birini seçin. Çünki artıq yolu getmiş birinin öyrətdikləri sizin yolunuzu asanlaşdıracaqdır. Bundan əlavə öz təhsiliniz, şəxsi keyfiyyətləriniz olmalıdır. Mükəmməl mən'i əldə etmək üçün dayanmamaq lazımdır. Gənclər mentorlara bir az önyarğıyla yanaşmadan, öyrənməyə meyilli olmalıdır. Bir mentorun tələbəsi 10 ilə gediləcək yolu çox rahat şəkildə 5 ilə gedə bilər. Çünki o artıq məlumatlı olacaqdır. Tövsiyəm budur, bu qədər.
-Olduqca maraqlı məlumatlar və tövsiyələr idi, Pərviz bəy, təşəkkür edirəm hər şey üçün.
-Mən təşəkkür edirəm, Leyla xanım, diləyirəm faydalı olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
“Son nöqtədən sonra” adlı kitab işıq üzü görüb
Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından yeni kitab işıq üzü görüb.
Muğam Mərkəzindən bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru, Gülhüseyn Kazımlının "Məşədi Məhəmməd Fərzəliyev- Son nöqtədən sonra" adlanan kitabı böyük xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyevin İstanbul həyatının tədqiqinə həsr olunub.
Kitabda xanəndəni şəxsən görmüş insanların xatirələri yer alıb. Həmçinin xanəndənin XX əsrin əvvəllərində müxtəlif firmalarda səsini yazdığı valların fotoları və kataloqu daxil edilib.
Kitabın redaktoru Amin Namazlı, məsləhətçi Turan İbrahimovdur.
Qeyd edək ki, əslən Şuşadan olan xanəndə 1929-1962-ci illərdə İstanbulda yaşamış, “Azəri musiqi heyəti” yaradaraq muğam və xalq mahnılarımızı təbliğ edib.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyə- Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılıb
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Türkiyənin SAKÜDER Beynəlxalq İncəsənət və sənət ustaları Birliyinin “Türkiyə- Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgisi açılıb.
Öz ölkələrinin tarixində silinməz iz qoymuş iki irimiqyaslı şəxsiyyət - müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk incəsənətin inkişafına töhfə verərək, hər zaman həm incəsənətə, həm də incəsənət ustalarına xüsusi qayğı ilə yanaşıblar.
AzərTAC xəbər verir ki, sərgidə Ankara, İstanbul, İzmir, Antalyadan olan 19 rəssam, o cümlədən Asim Yucesoy, İnci Tekin, Bənövşə Ağayeva, Günəş Abbas və Mustafa Pişkin öz əsərlərini nümayiş etdiriblər. Sərgidə, həmçinin Azərbaycan ustaları – Xalq rəssamı Arif Hüseynovun və məşhur naqqaş Anar Hüseynovun əsərləri də təqdim olunub.
Qeyd etmək lazımdır ki, hər bir rəsm əsərini müşayiət edən etiketdə QR kodunun istifadəsi sayəsində ziyarətçilər müəlliflər haqqında ətraflı məlumat əldə edə bilirlər. Beləliklə, “Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” sərgisi ekspozisiyanın bədii kanvasına müasir səs verməklə yanaşı, “SAKÜDER”in əsas məqsədlərindən biri - Atatürkün vəsiyyət etdiyi mədəni irsi gələcək nəsillərə ötürmək, rəssamlarla tanış etmək və sənətsevərlərin diqqətini onların əsərlərinə cəlb etmək məqsədini daşıyır.
SAKÜDER, birliyin incəsənəti və rəssamları dəstəkləməyə davam edəcəyini vurğulayıb.
“Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi oktyabrın 20-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
BİRİ İKİSİNDƏ – Kimin nəsri yaxşı, kiminki pisdir?
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün meydan Ədəbi tənqidindir, sizlərə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözövanın “Çağdaş nəsrimizin yeni imzaları “Ulduz”un şəfəqləri altında” məqaləsi təqdim edilir.
Ədəbi cameəmizdə və müasir ədəbi prosesdə özünəməxsus yeri olan “Ulduz” jurnalının 2023-cü ilin iyun nömrəsi oxucuların qarşısına tam fərqli formatda çıxdı. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn bu buraxılış "Yeni nəsil: proza" devizi ilə təqdim edilib. Jurnalın baş redaktoru Qulu Ağsəs ədəbi prosesimiz üçün unikal bir addıma imza ataraq jurnalın bu nömrəsinin tərtibini gənc imzalardan olan Furqana həvalə edib. Furqanın təqdim etdiyi “Ulduz”un səhifələrində yeni nəsil imzalardan Orxan Saffarinin, Təvəkkül Boysunarın, Orxan Cuvarlının, Sərdar Aminin, Nihat Pirin, Həmid Piriyevin, Orxan Həsəninin, Rəvan Cavidin, Nadir Yalçının, eləcə də Furqanın özünün hekayələri işıq üzü görüb. Fikrimizcə, Furqan Qulu Ağsəsin ona həvalə etdiyi bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlib. Jurnalda toplanan hekayələr həm stilistika, həm də mövzu baxımından fərqli olduğundan çağdaş ədəbiyyatımızda hekayə janrının təzahürü haqqında ümumi fikir yürütməyə, janrın bu günü haqqında söz söyləməyə imkan verir. Müəlliflərin jurnala təqdim etdikləri hekayələrin polifonikliyi janrın ədəbiyyatımızda klassik ənənələri qorumaqla yeni inkişaf meyilləri ilə zənginləşdiyindən xəbər verir. Furqanın “Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” hekayəsində müasir dünyada getdikcə unudulan mənəvi bir dəyərin – verilən sözə sadiqliyin maddiyyata qurban getməsindən bəhs edilir. Gənc yazıçı aktyorun tabutunu gətirən şəxslərin onun oynadığı rolların qiyafəsinə bürünməsi səhnəsi ilə Əbdürrəhim bəy Haqverdiyevin M.F.Axundzadəyə həsr etdiyi “Xəyalat” əsərinə işarə edir. Ə.Haqverdiyevin hekayəsində yaratdığı personajlar M.F.Axundzadəni ittiham edirdi, Furqanın hekayəsindəki aktyorun yaratdığı personajlar isə ona verilən sözü yerinə yetirməyən şəxsləri məhşərə çəkirlər. “Yeni dünya düzəni” hekayəsində isə yazıçı müasir dövrdə gündəmdə olan neqativ və pozitiv düşüncənin insanın, eləcə də kainatın gələcəyinə təsiri ilə bağlı təlimləri fərqli biçimdə, cari həyat kontekstində verməyə nail olub. Orxan Saffarinin “Mərcan xala və polipləri” hekayəsi tənha bir qadının həyatına kənar baxışı əks etdirir. Orxan Saffari tənhalığa baxışı bir tərəfdən uşaq gözü, uşaq xatirələri ilə nəql edir, digər tərəfdən yetkin gəncin fikirləri ilə bu nəqlə düzəlişləri təqdim edir. Hekayənin ən təsirli ifadəsi “uşaqları pişik kimi sevirdi” ifadəsidir. Bu cümlədə bir qadının analıq duyğusunu dada bilməməsi həm sadə, həm də kəskin şəkildə ifadə olunub. Uşağın necə sevildiyini duymayan qadın uşaqları insan körpəsi kimi, dadmadığı bir duyğu ilə sevə bilməzdi və sevgisini bildiyi duyğu ilə, pişiklərə sevgisinə bənzər şəkildə ifadə edirdi. Təvəkkül Boysunarın “Burnout” hekayəsi adı ilə oxucunu intellektual dialoqa dəvət edir. Amerikalı psixoloq Kristina Maslakın 1976-cı iləd elmə gətirdiyi Burnout sindromu (emosional yüklənmə, “yanma”) termini haqqında məlumatı olmayan oxucu hekayənin əsl mahiyyətini anlamaqda çətinlik çəkəcək. Belə ki, hekayədə təzahür edən depersonalizasiya həm burnoutun, həm də şizofreniyanın əlamətlərindən biridir. Müəllifin oxucuya verdiyi ipucunu başlıqda yerləşdirməsi də maraqlı priyom kimi diqqətəlayiqdir. “Uğursuz gün” müasir yumoristik hekayə kimi oxunaqlılığı ilə seçilir. Orxan Cuvarlının “Güzgü” hekayəsində baş qəhrəman və nəqledici güzgüdür. Obraz olaraq məhz divar güzgüsünün seçilməsi də təsadüfi deyil. Çünki kiçik əl güzgüsü yalnız bir şəxsin mübhəm duyğularına tərcüman ola bilərdi. Əvvəlcə hamama vurulan güzgü bir ailənin həyatına, cızılıb binanın giriş qapısına vurulduqdan sonra isə bütöv bir məhəllənin həyatına şahidlik edir. Güzgünün bina girişindəki həyatında gördükləri daha maraqlı və rəngarəngdir. Xüsusilə sərxoşla görüş, onun cibindən çıxardığı, güzgüdə əks olunan “1993, may, Ağdərə” imzalı üç gənc əsgərin fotosu və cəbhədə kontuziya alıb havalanan istedadlı cərrahla bağlı hekayət bu gündən dünənə, ağrılarımıza, itkilərimizə baxışı əks etdirir. “Dünya bir pəncərədir, hər gələn baxar, gedər” ifadəsini Orxan Cuvarlı dəyişərək dünyaya güzgüdən baxır, çünki pəncərə yalnız dünyanı göstərir, güzgü isə həm dünyanı, həm də ona baxan insanı əks etdirir. Sərdar Aminin “Nilufərlər” hekayəsinin adı incə, romantik, həzin bir nəql vəd edir. Lakin hekayə şəhərin müxtəlif yerlərindən gətirilən torpaqla doldurulan Günəşli dərəsindən bəhs edir. Dərənin doldurulmasına nəzarət edən Sahib kişi dərəyə tökülən torpaq laylarında ilişib qalan əşyaların nəql etdiyi fərqli həyatlara, talelərə dair hekayətlərin dinləyicisinə çevrilir. Bu bədii priyom hekayə müəllifinin uğurunu təmin edir. Xəzərin dalğaları Günəşli dərəsinə dolub torpağı və Sahib kişini qoynuna alıb aparanda “nilufərlər” də aşkara çıxır: gənc yazıçının borcla nəşr etdirdiyi və sata bilmədiyi “Nilufərlər” adlı 50 kitabı bu gölün çiçəkləri kimi Sahib kişiyə axirət yolçuluğunda yoldaşlıq edir. Yazıçının “Atamın əlləri” hekayəsi keçmiş eşq hekayətlərinin ahıl yaşda xatırlanması kimi klassik mövzunun orijinal tərzdə təqdimi ilə yadda qalır. Nihat Pirin “Bir kəndin manifesti” ədəbiyyatımızda Mirzə Cəlil üslubunun müasir variantda və yeni tərzdə ifadəsidir. “Danabaş kəndi”nin xələfi olan kəndin dərdi ölümün qeybə çəkilməsi və mollanın, qəbirqazanın, çadırquranın işsiz, gəlirsiz qalmasıdır. Kənd camaatının bu məsələnin həlli ilə bağlı göstərdiyi birgəlik və canfəşanlıq oxucunu həm güldürür, həm də düşündürür. Hekayədə adı ilə dərhal Mirzə Cəlil yaradıcılığına istinad verən Molla Xudayarın Şeyx Nəsrullahlıq edərək bu dəfə ölü diriltməkdən vaz keçib diriləri məcazi öldürüb yas mərasimi təşkil etməsi dahi ədibin qaldırdığı bəzi problemlərin bu gün də aktual olduğunu vurğulayır. Həmid Piriyevin “Şanapipik haqqında mahnı” hekayəsi Abşeron kəndlərinin ab-havası üzərində qurulub.Yazıçı ilk baxışdan monoton görünən həyat fonunda qəhrəmanların özünəməxsusluğunu vurğulamış, Bakı, Abşeron mühitinin daha öncələr işlənmiş obrazına yeni çalarlar gətirə bilmişdir. Təzadları ilə yadda qalan Həci obrazının müəllif tərəfindən böyük sevgi və diqqətlə yaradılması bu obrazın onun gələcəkdə yazacağı əsərlərdə yenidən görünəcəyi qənaətini yaradır. “Şaftalı çiçəkləri fəsli”ndəki sərxoşun şordan qu quşu tutması hekayəsi Süleyman Vəliyevin məşhur “Şor cüllütü” hekayəsinə istinad effekti yaradır. Orxan Həsəninin “İnziva” hekayəsi özünü cəmiyyətdən könüllü təcrid edən insanın yaşamını nəql edir. Monoloq şəklində yazılan hekayə yorucu deyil, əksinə, oxucu nəqlin davam etməsini, kəsilməməsini arzulayır. İnziva içində həyatının ən xoşbəxt gününü axtaran qəhrəmanın həyatının, yaşamının əsası, özünün də qeyd etdiyi kimi, “gördükləri yox, düşündükləridir”. Yazıçının “Çiy balıq” hekayəsi hərbi hissədəki əsgər həyatına həsr edilib. Gürzə ilə savaş və əsgərin yoldaşına ad günündə qadağanı pozaraq telefon tapıb mahnı hədiyyə etməsi kimi detallar müharibədən kənar mühitdə hərbçi həyatının təsviri mövzusunda uğurlu bir hekayənin meydana çıxmasına rəvac verib. Rəvan Cavidin “Dəvələr, atlar, şarlar” hekayəsi sufi rəmzlər üzərində qurulub. Cari həyat fonunda təsvir edilən Yusif, Züleyxa obrazları rəmzi yalnız adlarında daşıyır. Dəvə karvanı və Rumi obrazları isə mif kimi mətnə hörülüb. Mif və cari həyat arasında mediator rolunu üzərinə götürən Sarvan hekayənin əsas obrazıdır. “Xudavi” hekayəsinin qəhrəmanının real həyatını Rəvan Cavid dərviş hekayəti siqləti ilə nəql etməklə fərqli auralı mətn yaratmağa nail olub. Nadir Yalçının “Nina Nikolayevna” hekayəsi din ayrılığı və məhəbbət kimi klassik bir mövzunun yeni nəfəslə işlənməsi kimi diqqətəlayiqdir. Məhəbbəti uğrunda üzdə dinini dəyişən, gizlində isə ilk inancının simvolu olan xaçı saçlarının altına bənd edib gizləyən Ninanın obrazı təravətlidir və məhz bu obraz hekayəni triviallıqdan qurtarır. “Səfər müəllimə nəsə olub” hekayəsinin teatrın kassası qarşısında Əzizin qarşılaşdığı hadisələrlə başlaması təsadüfi bir detal deyil. Hekayənin sonrakı gedişatı Əzizi Səfər müəllimin həyatının tamaşası ilə qarşı-qarşıya qoyur. Yazıçı təhkiyəsinin rəvanlığı, klassik nəsr ənənlərinə sadiqlik Nadir Yalçının mətnlərinə öz möhürünü vurub.
Müasir gənc ədəbi nəslin hekayə yaradıcılığına həsr edilən jurnalın "Dərgidə kitab" rubrikasında isə türk ədəbiyyatında qısa hekayə janrının banilərindən hesab edilən Ömər Seyfəddinin "Üç nəsihət" hekayəsi master-klass kimi təqdim edilmişdir. Fikrimizcə, jurnalın baş redaktoru, layihənin ideya müəllifi şair-publisist Qulu Ağsəsin "Yuxarıdayam, düşürəm indi" essesinin “Ulduz”un gənc yazarlara həsr edilmiş nömrəsində verilməsi təsadüfi deyil. Essesində ədəbiyyatımızın gəncliyinin simvolu olan Mikayıl Müşfiqi, eləcə də Müşfiq şəninə adı qoyulan Müşfiq Cabiroğlunu anan Qulu Ağsəsin, istedadlı gənclərin həvəslə yaradıcılığa davam etməsi, “işıqlı dünyadan əl çəkməməsi”, odlu-alovlu misralarını yaşatması üçün “Ulduz”u yeni formatda təqdim etməsi ədəbiyyat naminə təqdirəlayiq bir addımdır.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
“Kəlağayı əlvan qıyqacı” layihəsi bu dəfə Qazaxda
ŞƏHƏRİN ƏDƏBİYYAT MUZEYİNDƏ KƏLAĞAYIDAN BƏHS EDƏN ƏDƏBİ-BƏDİİ GECƏ TƏŞKİL OLUNDU
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində 8 Oktyabr 2023-cü ildə Qazax şəhəri Ədəbiyyat muzeyində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə təşkil olundu. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına təşkilatçı qurumdan məlumat verilib.
Ədəbi-bədii gecəni Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açaraq layihənin təşkili və mahiyyəti haqqında məlumat verdi.
Bu yerdə gəlin bir qədər kəlağayının tarixinə rakurs edək.
Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.
Əsrlərcə tarixi olan kəlağayının ərsəyə gəlməsi mürəkkəb proses olduğundan burada bir neçə peşə növünün nümayəndəsi - toxucu (tərrax) (kəlağayı toxuyan), boyaqçı (kəlağayını boyayan), qəlibçi (qəlibin köməkliyi ilə kəlağayıya müxtəlif naxışlar vuran), kəlağayıçı (ornamentalist sənətkar) iştirak edir. Çəkisi 125 qram olan, bir üzükdən keçə bilən bu unikal örtüyün boyanıb, naxışlanması iki gün çəkir və qəribə görünsə də, adətən bu qadın baş geyimi kişilər tərəfindən hazırlanır. Belə ki, qaynayan rənglərlə, qəliblə işləmək kimi çətin işin öhdəsindən yalnız kişilər gələ bilər.
Baş örtüyünün hazırlanma prosesində ən aparıcı qüvvə boyaqçı hesab olunur. Çünki hazır kəlağayıları küpxanada qaynar şəkildə boyamaq böyük zəhmət, virtouz bacarıq və incə duyma qabiliyyəti tələb edir. Əsasən, ağ, qara, soğanı və yaşıl rənglərdə 150x150 sm və 160x160 sm ölçüyə malik olan kəlağayının boyanmasında sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və s. bitkilərdən istifadə edilir.
Kəlağayının naxışları ağac və ya metal qəlib vasitəsilə vurulur. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıda əks olunan naxışlar özündə böyük məna ehtiva edir. Kəlağayının üzərində həkk olunmuş naxışlar öz qüdrəti, dərin mənası hesabına yüz illərdir ki, dəyişilməz olaraq qalır. Naxışlar içərisində daha çox butalar üstünlük təşkil edir ki, bu da Azərbaycan ornament sənətində ən çox yayılmış bəzək elementlərindən biridir. Bildirək ki, tədqiqatçılar butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğunu ehtimal edir.
İndi isə tədbirə qayldaq. Güllü Eldar Tomarlıdan sonra Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona şöbəsinin sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, ictimai birliyin sədr müavini Vüsal Sehranoğlu, Qazax şəhər 2 nömrəli musiqi məktəbinin "Şəms" muğam qrupu, "Sabahinfo" saytının sədr müavini Elnarə Həziyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Mübariz Qaragözlü, Tamella Poladlı, şair-kitabxanaçı Gülsənəm Cəlili, şair Briliyant Atəş, aşıq İnsafə Əhmədova, Qazax şəhər 2 nömrəli musiqi məktəbinin şagirdlərindən ibarət "Odlar yurdu" aşıqlar qrupu, Qazax rayonu Azad Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəbinin və Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbinin şagirdləri çıxış etdilər. Layihənin kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmağda böyük rol oynayacağından bəhs etdilər, gözəl musiqi nömrələri ilə ruhu oxşatdılar.
"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı və Qazaxdan başqa Şəki və İsmayıllı rayonlarında da kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin keçirilməsi nəzərdə tutulur. Üstəlik, kəlağayı haqqında kitabın nəşri də planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Bakıda Latın Amerikası Filmləri Festivalı keçirilir
Oktyabrın 7-də Bakıda Argentina səfirliyi tərəfindən II Latın Amerikası Filmləri Festivalının açılışı olub.
Üzümüzə gələn noyabr ayının 25-dək davam edəcək festival çərçivəsində Latın Amerikasının müxtəlif ölkələrindən seçilmiş filmlərin nümayişi nəzərdə tutulub.
KİV-in məlumatına görə, tədbirin açılışında çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi ölkələrimizin adət-ənənələri və mədəni dəyərləri arasında oxşarlıqların olduğunu vurğulayıb. O bildirib ki, bu cür tədbirlər bir ölkənin dilini, musiqisini, adət-ənənələrini və dəyərlərini digər ölkədə paylaşmağa imkan verən ən gözəl vasitələrdəndir.
Argentinalı diplomat, həmçinin əlavə edib ki, bu gün nümayiş etdirilən “Los Corroboradores” sənədli filmi Buenos-Ayresin memarlıq tarixi ilə tamaşaçıları tanış edəcək və onlar üçün Argentinanın bu şəhərini kəşf etmək imkanı yaradacaq.
Sonra Luis Bernardez tərəfindən 2018-ci ildə çəkilmiş “Los Corroboradores” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, Latın Amerikası Film Festivalı Bakıda ilk dəfə 2018-ci ildə keçirilib.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
AKTUAL: Keçmişin kölgəsi - yas mərasimləri
Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”
Hər şeyə bir səbəb tapmağa çalışıram, amma ölkədə keçirilən yas mərasimləri heç cür mənə çatmır.
Yas mərasimlərinin də toy mərasimlərindən maddi cəhətdən heç bir fərqi qalmayıb.
Öldüyü gün, 3-ü, 7-si, cüməaxşamları, nəbilim 40-ı, ili.
40 çıxana qədər bütün aşağı məhəllə, yuxarı məhəllə, dost, dostun dostu, tanış, qohum-əqrəba gəlib gedir yas yerinə.
Bu 40 gündə mərhumun ailəsi yamanca xərcə girir. Hə elələri də var ki, pul siyahısı tutub gələnlərdən pul yığır.
Təsəvvür edin ki, yaxını itirmiş bir insan ağlaya ağlaya gedib yeməklərə nəzarət edir, bir-bir qonaqlara görüşür.
Dərd sahibinin dərdinə belə, hörmət edilmir bu ölkədə. Gözü yaşlı bu qədər adamı da yola vermək olar? O gəlib deyir, elə adam idi, bu gəlib deyir, ağlama(elə bil ağlamayanda bütün acısı bitəcək)…
Yaslar guya ki, pis günü yaxınlarla paylaşmaq üçün təşkil olunur.
Amma evə gələnlər öləndən çox evin səliqəsinə, ayaqlarının altına sərilmiş xalçanın qiymətli olub olmamasına, yeməklərin az yoxsa çox olduqlarına, pul siyahısı olub olmadığına fikir verirlər.
Hələ onlar evə gedəndən sonra danışmağa kifayət qədər qeybət olur (Rəhmətliyin qızı heç bir dənə də olsun ağı deyə bilmirdi, donub durmuşdu. Oğlu rasiyadan üçündə gəlib çıxdı, ehh oğlan uşağı belədir də gedib oturur hansısa qızın dizində. Hələ gördün halvaya da yaxşı yağ vurmamışdılar. O biri qızı köhnə kültə paltar geyib gəlmişdi....)…
Yasda uzaq qohumlarını tapıb hal-əhval sormağ da yadlarından çıxmır.
Yeyib-içəndən sonra mərhumun ailəsinin yanına gedib özlərini göstərərək (yəni ki yasınıza gəlmişəm) “Allah rəhmət eləsin, rəhmətlik yaxşı adam idi deyib” gedirlər.
Nə bərabər toplanıb islam qaydalarına görə yasin oxuyurlar, nə də ki dua edirlər.
Molla və Dua edən bir qadın gətirirlər, onlar oxuyur, camaat da yerində ağlaşır, arada da Amin deyir.
Yəni bu qədər əziyyətə, bol təamlı məclislərin ölən insana heç bir xeyri dəymir.
Bunun yerinə sadəcə mərhumun öldüyü gün hər kəs yığışıb qəbir üstünə gedə, daha sonra isə rəhmətliyin ailəsini bu qədər əziyyətə salmaq yerinə onları dərdlərini çəkməsi üçün rahat buraxa bilərlər.
Mərhum ailələri isə çəkdikləri xərci bir mollaya versələr, o həmin rəhmətə getmiş insan üçün 40 gün boyunca Yasin oxusa, dualar oxusa, bu, ölən üçün daha xeyirli olar.
Yox əgər insanlar kimlərinsə qarnını doyurmaqda inadçıdırsa, yetimlərə, kasıblara yemək paylayaraq bu istəklərini də yerinə yetirə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Bu gün Akademik Musiqili Teatr mingəçevirlilərin qonağı olacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." tamaşası ilə bu gün mingəçevirlilərin qonağı olacaq.
Mingəçevir Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq tamaşada Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin xor və balet heyətinin üzvləri çıxış edəcəklər.
Musiqili-tarixi esse kimi hazırlanan səhnə əsərinin bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Akademik Musiqili Teatr bu tamaşanı daha öncə Gəncə və Şəkidə göstərib, səhnə əsərinin Lənkəran və Naxçıvan şəhərlərində də nümayişi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
“İldönümü" - HEKAYƏ
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Ey məni yaşadan, öldürən adam.
Min il də yaşasam zillət içində,
Mən bu tanışlığa, yenə də şadam..!
(Xəzər Süleymanlı)
Çox yorğun hiss edirdi özünü, bərk soyuqlamışdı, amma birtəhər özünü toplayıb qalxmışdı yatağından. Bu gün hər şeyə rəğmən çox gözəl bir gün olmalıydı, həə, axı bu gün onların tanış olmaqlarının birinci ildönümü idi. Bəli, düz bir il öncə məhz bu gün tanış olmuşdular onlar.
Görəsən o da xatırlayacaqdımı bu günü?!
Xatırlayar, əlbəttə xatırlayar, elə də şey olar heç?!
O, onlara aid olan özəl günləri qətiyyən unutmaz, hətta bayramlarda belə onu təbrik etməyi yubatmaz heç vaxt.
Darağı şaquli istiqamətdə saçlarında gəzdirib, saçlarını darayaraq, üzündə acı bir təbəssümlə düşünürdü.
“Unutmuşdu…”
- Ahh..
Daraq bir-birinə qarşmış saç tellərinə ilişib onu incitdi.
Aynanın qarşısına keçib solğunlaşmış üzünə nəzər saldı, makiyaj etməyi sevməzdi, ən çox da onunla görüşə gedəndə heç vaxt makiyaj etmək istəməzdi. Əgər onu sevəcəkdisə, bəyənəcəkdisə qoy elə bu cür, ən təbii halı ilə, makiyajsız halı ilə bəyənməsini istəyərdi, yox əgər bəyənməyəcəkdisə makiajla bəyəndirmək istəmirdi özünü. Elə buna görə heç bugün də, hər nə qədər xəstə və solğun görünsə də, yenə də makiyaj etmədi.
May ayı olmasına baxmayaraq hava da azca soyuq və buludluydu. Gecədən yağmış yağışın şehi hələ qurumamışdı.
Nəhayət hazırlaşıb çıxdı evdən, əlləri titrəyirdi qapını örtəndə, çox qəribə hisslər keçirirdi, sevincdən, həyəcandan daha çox qorxuya, təlaşa bənzəyirdi bu hisslər. Nəyin nigarançılığı idiki bu içindəki?!
Nəysə birtəhər özünü ələ alıb düşündü, harda qeyd edəcəklər bu günü? Hara getsin?
Bu gün üçün ən gözəli elə ilk tanış olduqları yer olardı hər halda, "Gənc yazıçılar" adlı bir dərnəkdə tanış olmuşdular onlar.
Yolu yarılamışdı ki, birdən ayaq saxladı, lap yadından çıxmışdı, axı o dərnək artıq çoxdan idi ki, fəaliyyət göstərmirdi.
Ehh nə pis oldu bu, məyusluq duman kimi gəlib çökdü simasına. O dərnək artıq yoxdursa, bəs o indi hara gedəcək?
Biixtiyar birlikdə keçirdikləri günlərə getdi xəyalı, ayaqları yorulana qədər qarış-qarış onunla birlikdə gəzdikləri yerləri dolaşdı. Atdığı hər addımda, dediyi hər sözə qədər bir-bir etdikləri söhbətləri xatırlayıb onunla danışdı. Birlikdə baxacaqları, amma baxmaq qismət olmayan o filmə bilet aldı. Kitab evlərinin kitab dolu rəflərində hər zaman olduğu kimi ilk olaraq onun axtardığı kitabı gəzdi, lakin qəfil gözü başqa bir kitaba sataşdı. "Bir gün sənə o kitabdan şeirlər oxuyaram"-, dediyi həmin kitab idi bu kitab, hansı ki, o gün heç gəlməmişdi. Köks ötürüb yenidən keçmiş günlərə daldı.
Gecələr telefonda söhbət edərkən dinlədikləri mahnıları dinləyərək, birlikdə yemlədikləri göyərçinləri səhərdən alsa da boğazından keçməyən, eləcə əlində qalmış smitə qonaq elədi. Hətta küçələrdə yaşayan o sahibsiz pişik də öz payına düşəni aldı simitdən. Qulaqcıqda Ali Ashikar: "- Bəlkə də hər kəsə örnək olardıq biz sənlə.." deyə diktə edərkən, bir də baxıb özünü dənizin sahilində tapdı, budur, məğrur-məğrur süzür yenə qağayılar…
Əzəldən vurğunu idi qağayı səsinin. Qağayıları izləyərkən sahil boyu asta-asta addımlayaraq limanda açıq hava kafelərindən birinə gəlib çatdı. Masaların birində gənc bir cütlük oturmuşdu, yemək yeyərək şirin söhbər edirdilər. Hardansa bir yerdən tanış idi bu mənzərə ona, həə, bəlkə birlikdə qurulmuş, fəqət yaşanıla bilinməyən hansısa bir xəyaldan..
Acıı bir təbəssümlə onları izləyərək o da keçib masaların birində əyləşdi.
Tək olsa da, adəti üzrə iki çay istəmişdi yenə..
İsti dəmli çaydan yüksələn buğ havaya qarışıb yox olduqca, o isti buğdan geridə soyuyub, acılaşmış çay qalırdı sadəcə. Buğu yüksəldikcə soyuyan çaya baxıb fikrə getdi, o buğ ömürdən keçib gedən, yaşanılmış günlərə bənzəyirdi, hansı ki, artıq əlçatmaz olan, bir də geri qayıtmayacaq olan günlərə, uçub gedən buğdan geridə qalmış soyuq çay isə, bir vaxtların isti məhəbbətindən miras qalan acı həsrətə..
Sahil boyuna dikilmiş öləzimiş baxışları ilə heç vaxt gəlməyəcək birinin yolunu gözləyirdi yenə solğun gözləri.
Bunu özü də bilirdi əslində, lakin bilməklə qəbul edə bilmək eyni şey deyildi təəssüf ki.
Bu gün onların tanış olmaqlarının hələ birinci ildönümü idi, və o artıq yox idi.
Bu günü heç belə xəyal etməmişdi, birlikdə bir ömrü bərabər yaşamağı, bu tanışlığı bir ömrə sığdırmağı arzulayarkən bu günü onsuz qeyd etməkdəydi…
Gəlmirdi.. Bu gün də gəlməmişdi və heç sabah da gəlməyəcəkdi..
Bəlkə də elə ən doğrusu gəlməməyi idi, kim bilir? Həm gəlsəydi necə baxacaqdı ki üzünə? Nə deyəcəkdi ki güa? Gəlsəydi əvvəlki kimi ola biləcəkdilərmi bir də?
Yağmaq istəyən havaya bənzəyirdi, tutqunlaşmışdı üzü, yağış küləyi əsməyə başlamışdı hüznlü gözlərində.
Onun gözləri öz göz yaşlarında boğulmağa başladıqca, cavabsız suallar da baxışlarından çıxıb, bir-bir üz-üzə oturduğu dənizə düşüb boğulurdu.
- O artıq səni sevmir
- Necə yəni o artıq məni sevmir? Elə bir şey ola bilməz, yoox, o məni sevir, udqundu.
- O artıq başqasını sevir
- Sus.. yalançı sus, - deyə hıçqırdı, barmaqlarının arxası ilə yanaqlarıyla süzülüb dodağına tökülən acı göz yaşlarını sildi.
Beynindəki o zəhlətökən səs yenə ona rahatlıq vermirdi ki vermirdi.
- Bütün günahlar ondadı.
Beyni təkrar sanki vəsvəsə verirmişcəsinə danışmağa başladı.
Bayaqdan bəri səssizcə beyniylə arasındakı dialoqu dinləyib qıvrılan qəlbi dözməyib söhbətə qarışdı.
- Yox, o səhv edir, bütün günahlar elə sənin özündədir, onun gedişində təqsirkar sən özünsən.
Və o yenə qəlblylə beyninin mübahisəsi arasında aciz qalıb, onların danlaqları altında əzildikcə-əzilib yox olurdu.
Nə bu səsləri susdura bilirdi, nə də mübarizə aparıb onlara layiqli cavab verə bilirdi. Döyüş meydanında düşmənə qarşı tək və müdafiəsiz, silah-sursatsız buraxılmış əsgərə bənzəyirdi elə bil.
Bəzən gerçək həyatda da nağıllar yaşanırmış, amma bu nağıllar kitablardakından bir az fərqli olur.
Bu nağılların əvvəlində göydən üç alma düşür, nağılın sonluğu isə belə bitir:
Biri var biri yox..
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Azərbaycan Mədəniyyət Mərkəzi “Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edir
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə keçirilən “Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edir.
AzərTAC xəbər verir ki, layihə çərçivəsində görkəmli azərbaycanlı rəssam, Dövlət mükafatlarının laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov və onun qızı, Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət “Nəsillərin rəng dünyası” sərgisi geniş ictimaiyyətə təqdim olunub.
Sərgidə T. Nərimanbəyovun yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gələn və hamısı fərdi kolleksiyalarda saxlanılan əsərləri avstriyalı incəsənətsevərlərə nümayiş olunub. Mərkəzin əməkdaşları müvafiq vaxt intervalları ilə seyrçilər üçün alman və ingilis dillərində ekskursiyalar təşkil edərək, sərgidəki əsərlər və müəlliflər barədə ətraflı məlumat veriblər. Maraqlanan şəxslərə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə danışılıb, onlara Azərbaycanın turizm imkanlarına dair bukletlər təqdim edilib.
Qeyd edək ki, Avstriya Teleradiosunun (ORF) təşəbbüsü və təşkilatçılığı ilə sayca 23-cü dəfə keçirilən gecədə ölkə üzrə 700-dək muzey və qalereya iştirak edib. Məqsəd insanlara muzey, qalereya və sərgi salonlarına olan marağını artırmaq və mövcud sərgi və kolleksiyaları ictimaiyyətə tanıtmaqdır. “Muzeylərin uzun gecəsi”ndə iştirak edən tərəfdaşlar həmin dövrdə mövcud sərgi və kolleksiyaları ilə yanaşı, məhz həmin axşam üçün xüsusi proqram da təklif edə bilərlər. Buraya uşaqlar üçün fəaliyyətlər, vorkşoplar, musiqili proqram, bələdçinin iştirakı ilə xüsusi ekskursiya, təqdimat və ya məruzələr daxildir.
Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi də uşaqlar üçün xüsusi proqram hazırlayıb və almandilli məkanda bir ilkə imza atıb. Görkəmli Azərbaycan ədibi Abdulla Şaiqin müəllifi olduğu “Tıq-tıq xanımın nağılı“ əsərinin motivləri əsasında uşaqlar üçün kukla tamaşası hazırlanıb. Mərkəzin rəhbəri Leyla Qasımovanın bədii rəhbərliyi əsasında hazırlanan tamaşa mərkəzin əməkdaşı Rəşidə Əsgərli tərəfindən alman dilinə tərcümə edilib, rolların ifasında isə onu həmkarı Gülər Əzizova dəstəkləyib. Səhnə dekorasiyalarını Əməkdar rəssam Əsmər Nərimanbəyova tərtib edib, musiqi parçaları Avstriyada yaşayan azərbaycanlı musiqiçi Jalə Rəsulova, mahnıların səsləndirilməsini isə onun qızı Sofiya Feyzullayeva tərəfindən həyata keçirib.
Axşam ərzində iki dəfə nümayiş etdirilən tamaşa uşaqlar və onların valideynləri tərəfindən böyük maraqla qarşılanıb və yaxın gələcəkdə başqa Azərbaycan nağıllarının nümayişinə dair arzu ifadə edilib.
Sonra uşaqlar Əməkdar rəssam Əsmər Nərimanbəyovanın Azərbaycan nağıllarının motivləri əsasında hazırladığı eskizlər və Toğrul Nərimanbəyovun əsərlərinin konturları əks olunmuş kağızları həvəslə rəngləyiblər.
Səhər saatlarına kimi davam edən tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinə yüzlərlə incəsənətsevər baş çəkib, sərgi ilə tanış olub və kukla teatrını seyr edib.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)