Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

34-CÜ DƏRC

 

 

Divan prosesinə azacıq yüngülləşmə gəldi. Tamaşaçılar arasında əsl canlanma müşahidə edildi. Günəşin Divan mğvzusu ilə əlaqələndirilməsi barədə yerbəyerdən müxtəlif fikirlər də səsləndirildi, bunlardan birinə hətta çoxluq əl də çaldı. (Bir ağbirçək söyləmişdi ki, Əsas dünyanın günəşindən fərqli olaraq Axirət dünyasının günəşi daha obyektivdir)

Baş Hakim bu məqamda üzünü Divan ekspertlərinə tutdu:

-Xahiş edirəm məhz indi əlinizdə olan daha bir neçə mənbədən iqtibas edərək erməni xadimlərinin dili ilə erməni milliyyətçiliyinin cinayətlərini faş edəsiniz. Çünki bunun üçün Andronik Ozanyanın prosesindən gözəl fürsətin olcağına əmin deyiləm.

Ekspertlər cəmi bir neçə dəqiqə ərzində lazımi kağızları üzə çıxardılar, onlardan biri tribunaya çıxıb Baş Hakimin icazəsiylə yazılanları oxumağa başladı:

-Birinci arayış. Məşhur erməni yazıçısı Marietta Şahinyan 1923-cü ildə çap etdirdiyi “Sovet Ermənistanı” kitabında yazır ki, daşnakların dövründə İrəvan qəzasında yaşayan tatarlar (yəni azərbaycanlılar) İrana qaçmışdılar, onların yerində ermənilər məskunlaşdırılmışdı. Ermənistan Nazirlər Şurasının 28 sentyabr 1921-ci il tarixli dekreti ilə bütün qaçqınların öz yerlərinə qayıtmaları qərara alınsa da, tatarların yalnız bir hissəsi qayıda bilmişdir. İkinci arayış: Erməni yazarı O.Harutyunyan 1956-cı ildə İrəvanda rus dilində çap olunmuş “Vospominaniye” memuarında şahidi olduğu Qəmərli bölgəsində daşnakların törətdikləri vəhşilkilərdən bəhs edir. O, daşnakların “Daha çox türkü öldür, talan et, heç kimə rəhm etmə!” şüarı altında hərəkət etdiklərini yazır. O.Harutyunyan daşnakların erməni kəndlərini gəzərək əhalini silahlandırdıqlarını, dinc müsəlman əhalisini öldürdüklərini və kəndləri yandırdıqlarını yazır. O.Harutyunyan daşnakların silah sarıdan korluq çəkmədiklərini, canişin Voronsov–Daşkovun xüsusi icazəsi və erməni yepiskopları Xoren və Surenin müvəkkilləri tərəfindən təmin olunduqlarını qeyd edir. Üçüncü arayış: Erməni müəllifi X.Hovsepyan 1930-cu ildə İrəvanda çap edilən “Mübarizə və qurtuluşun 10 ili” kitabında yazır: “Daşnaklar bir dəfə menşevik Gürcüstanı ilə, iki dəfə Türkiyə ilə, bir neçə dəfə Azərbaycanla müharibə etdilər. Onlar ölkə daxilində türklərin fiziki məhv edilməsi siyasətini həyata keçirdilər. Ağbabada, Zəngibasarda, Vedibasarda və Şərurda 10 minlərlə türk sakinlərini doğradılar. Bu sakinlərin əmlakları qarət edilərək daşnak komandirlərinin mülkiyyətinə verildi.” Dördüncü arayış: Erməni müəllifi Zaven Korkodyanın 1932-ci ildə İrəvanda ermənicə çap edilən “Sovet Ermənistanının əhalisi. (1831-1931)” kitabında 1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmi 12 min nəfər azərbaycanlının qaldığını yazır. Qeyd edir ki, ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqələri müxtəlif yollarla siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır. Beşinci arayış: Erməni etnoqrafı Stepan Lisitsyan “Dağlıq Qarabağın erməniləri. Etnoqrafik oçerk” əsərində yazır ki, 1920-ci il martın 20-də Ermənistandan göndərilən silahlıların və hərbi sursatın yardımı ilə erməni komitələri üsyan qaldırdılar və gecəyarısı qəflətən Şuşadakı azərbaycanlı əsgərlərə hücuma keçdilər. Silah səslərinə oyanan şuşalılar mühasirədə qalan azərbaycanlı əsgərlərin köməyinə gəldilər. Şəhərdə qırğın və talanlar başladı. Vəhşicəsinə azərbaycanlı əhali qırğına məruz qaldı. Altıncı arayış...

Baş Hakim ekspertin sözünü kəsdi:

-Üzr istəyirəm, cəmi neçə arayışınız var?

Ekspert 78 cavabını vercək Baş Hakim yerindən qalxdı:

-Lütfən gəlin fasilə elan edək, məncə, arayışların hamısına ehtiyac yoxdur. Görünən dağa nə bələdçi. Fasilə edək, sonra da şahid ifadələri, hökm və müttəhimin son sözü ilə bugünkü prosesi yekunlaşdıraq. Fasilə elan olunur.

Uğultu qopdu, insanlar səs-küylə yerlərindən qalxdılar, kofe-breyk guşəsinə doğru yollandılar. Hakimlər də baş-başa verib mehribanlıqla qəhvə içdilər. Aralarındakı yaş fərqi hissediləcək olduğu kimi qəhvə zövqləri də fərqli idi. Yaşlı hakim amerikano xoşlayırdı, orta yaşlı Baş Hakim ekspresso işirdi, gənc hakim isə kapuçino.

Andronik Ozanyan isə ona təklif edilən sudan nəzakətsiz qaydada imtina etdi.

Fasilə yarım saat çəkdi. Arada yenə yağış çisələdi. Zəng səsləri fasilənin bitdiyini işarə edən kimi tamaşaçılar səhnə qarşısındakı oturacaqlarına doğru getdilər.

Divanın Baş Hakimi tamaşaçıların hamılıqla yerlərinə əyləşmələrini, sakitliyə tam riayət olunmasını gözlədikdən sonra mikrofonunu işə salaraq çıxışa başladı:

-Hörmətli Divan üzvləri, hörmətli tamaşaçılar, Divanımızın erməni milli qəhrəmanı Andronik Ozanyanın mühakiməsinə həsr edilən prosesini davam etdiririk. Söz şahidlərə verilir.

Nələr olubmuş, ilahi. Tarixdə necə acımasızlıqlar baş veribmiş. Sıra ilə düzülən insanlar – aralarında terrora rast gələn türk jandarmlarına da, kürəyindən güllə yarası alan türk əsgərlərinə də, ev-eşikləri yandırılmış, mal-qarası aparılmış türk kəndlilərinə də, amansız işgəncələrə məruz qalmış azərbaycanlı qadın və uşaqlara, qocalara da rast gələrdin. Onlar danışan həqiqətlərdən tamaşaçılar arasında ağlayıb sısqayanlar bir yana, hətta hüşunu itirənlər belə vardı.

Siravi insanların şahid ifadələrindən sonra Baş Hakim sözü bir tanınmış şahidə də vermək lüzumu duydu. O, üzünü auditoriyaya tutub söylədi:

-Möhtərəm auditoriya. İndi isə söz həmin günlərin canlı şahidi, dövrünün tanınmış alimi, ədəbiyyatşünası, şairi, astronomu, “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı çox qiymətli bir kitabın müəllifi Mir Möhsün Nəvvaba verilir. Bu azərbaycanlı ziyalı Şuşa şəhərində doğulub yaşamış, ermənilərin törətdikləri qətliamı qələmə almışdır. Axirət dünyamızın bu parlaq nümayəndəsini şahid qismində tribunaya dəvət edirəm.

Tamaşaçılar şiş buxara papaq qoymuş Mir Mövsüm Nəvvabı şövqlə qarşıladılar, o tribunaya çıxıb salamlaşdı, dərhal çıxışa başladı:

-Mən yeni -20-ci əsri 67 yaşımda qarşılamışam, düzü o yaşıma kimi çiyin-çiyinə yaşadığımız ermənilərdən bir pislik görməmişəm. 1905-ci ildə rus çarı II Nikolayın və Qafqazın canişini S.S. Vorontsov-Daşkovun himayəsindən istifadə edərək ermənilər silahsız dinc türk əhalisinə qarşı qırğına başlayarkən hamı çaş-baş qaldı. Ermənilər qocalara, uşaqlı analara belə rəhm etmir, onları əzabla öldürürdülər. Bədən üzvlərini kəsir, meyitləri tanınmaz hala salırdılar.  68 yaşlı Əli Paşa bəy Laçın igidlərini silahlandıraraq Zəngəzur və Qarabağdakı azərbaycanlıları müdafiə etməyə başladı, bu ərazilərdə olan erməni silahlı dəstələrinin ləğv edilməsində xüsusi fəaliyyət göstərdi. Ondan başlayım ki, Əli Paşa bəy və onun övladları mənim xalqımın şərəf tarixinə adlarını yazdırmış şəxslərdir. Bir baxın, məndə sənədlər var, bunlar Əli Paşa bəyə və onun qardaşlarına verilmiş bəylik şəhadətnaməsidir. Bu sənədlərin birində yazılır: "Yelizavetpol quberniyasının Şuşa, Zəngəzur və Nuxa qəzaları ilə ali silkə mənsub olmaq hüquqlarını müəyyən etmək üçün yaradılmış Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 nömrəli protokoluna əsasən Əli Paşa bəy Xan Murad bəy oğlu Sultanovun, onun arvadı Bəyim xanımın, oğlu Sultan bəyin, qızı Aftab xanımın bəy nəslinə mənsub olmaları təsdiq edilir”.

Şuşa bəy komissiyasının yuxarıda adı çəkilən qərarı 16 avqust 1877-ci ildə Qafqaz canişini tərəfindən təsdiq edilib. Əli Paşa bəy Sultanov və onun ailə üzvləri Yelizavetpol quberniyasının Zəngəzur qəzasının bəyləri siyahısına daxil edilmiş və onlara 1613 nömrəli şəhadətnamə verilmişdi. Əli Paşa bəyin və onun oğlanlarının qeyrətləri, əsl simaları erməni quldurlarına qarşı mübarizədə üzə çıxdı. 20-ci əsrin əvvəllərində öz qəhrəmanlığı ilə ad çıxaran, erməni yaraqlıları ilə, məxsusi olaraq Andronikin dəstəsiylə mərdliklə vuruşan Sultan bəy Sultanov da Əli Paşa bəyin oğluydu. Zəngəzurun Laçın elində - Kürdhacı kəndində dünyaya göz açmış, Türkiyənin Ərzurum şəhərində vəfat etmiş bu şəxsin sayəsində azərbaycanlılar daha böyük miqyasda itki verməkdən qurtulmuşlar. Sultan bəy Qarabağda Andronikin, Hamazaspin, Dronun quldur daşnak dəstələrinə öldürücü zərbələr endirmişdir. O, xalq arasında xeyirxahlığı, sədaqəti, silahlı dəstələrə bacarıqla rəhbərlik etməsi ilə məşhur idi. Nəql edim, dinləyin. Ermənilər Qarabağın tacı olan Şuşanı ələ keçirmək üçün Şuşaya ətraf erməni kəndlərindən, Gəncə və İrəvandan 10 min silahlı erməni toplayırlar. Onlar bununla kifayətlənməyərək Şuşada olan rus generalı Qoloşşapova 10 min manat pul verərək rus əsgərlərini də ermənilərlə birlikdə türklərə qarşı döyüşməyə razı salırlar. Belə çətin günlərdə Sultan bəy İbrahim bəy Məhəmməd bəy oğlu ilə birlikdə bir neçə yüz atlı ilə şuşalıların köməyinə gəlir. Ermənilər şuşalıların və laçınlıların birgə hücumuna tab gətirə bilmir, rusların top atəşləri də ermənilərə kömək edə bilmir. 1906-cı ilin 12-17 iyulunda Şuşada gedən döyüşlərdə bir çox erməni qulduru öldürülür.

Nəvvab Andronikə işarə eləyərək davam etdi:

-Sonrakı illərdə ermənilər bu mənfur şəxsin başçılığı altında Naxçıvanın, İrəvanın, Zəngəzurun dinc azərbaycanlı əhalisinə divan tutub, yurd-yuvasından didərgin salanda Sultan bəy öz vəsaiti ilə Laçın igidlərini silahlandırdı, yenidən  erməni quldurlarına qarşı mübarizəyə başladı. Ermənilər Zəngəzurda böyük nüfuz və güc sahibi Sultan bəyə hey onlarla ittifaqa girməyi təklif edirdılər. Ermənilər Sultan bəyə indiki Laçın rayonu ərazisinin Ermənistana birləşəcəyi təqdirdə yerli əhaliyə toxunmamağa söz verirdılər. Lakin ağıllı, uzaqgörən və erməni xislətinə bələd olan Sultan bəy ermənilərin təklifini qətiyyətlə rədd edirdı.

Nəvvab azacıq susub birdən yanıqlı-yanıqlı söylədi:

-O dövrdə Andronik və onun quldurlarının bizim Qarabağda, eləcə də Zəngəzurdakı müsəlman əhaliyə necə divan tutmasını, inanın ki, göylərə söyləsək, göylər də ağlayar.

Baş Hakim Mir Mövsüm Nəvvabdan soruşdu:

-Dəyərli insan, bəs o dediyinmiz gözəl xislətli insanın – Sultan bəyin sonrakı aqibəti necə oldu?

Mir Mövsüm Nəvvab duruxub qaldı. Belə olanda Baş ekspert –“Möhtərəm Baş Hakim. Mir Mövsüm Nəvvab 1918-ci ildə haqq dünyasına qovuşub, buna görə də, təbii ki, Sultan bəyin sonrakı aqibətindən bixəbərdir.”- deyə Baş Hakimə fikir bildirdi, dərhal ekspertlər masasından bir ekspert rəyi verildi:

-1919-cu ilin oktyabr-noyabr aylarında Azərbaycanda yeni qurulmuş Xalq Cümhuriyyəti hökuməti Qarabağda və Zəngəzurda asayişi bərpa etmək, yəni ki, o bölgələrdəki erməni talanlarını dayandırmaq üçün general Cavad bəy Şıxlınskinin başçılığı ilə 1-ci piyada diviziyasını Qarabağa göndərib. Bu zaman Sultan bəy öz silahlı dəstələri ilə Cavad bəy Şıxlınskiyə yaxından kömək edib.

1920-ci ilin mart-aprel aylarında Azərbaycan Respublikasının ərazisinin tam olaraq erməni quldurlarından təmizlənməsində Sultan bəyin böyük rolu olub.

Aprelin 8-də ermənilər Abdallar adlı ərazidən Zabux çayına sıxışdırılıb, Hoçaz istiqamətində Cavanşir polku və Sultan bəyin min nəfərlik dəstəsi dayanıbmış. Bu qüvvələrin köməyi ilə 1920-ci ilin 19 aprelinə qədər düşmən Zabux çayının o biri sahilinə qovulub, azərbaycanlılar ermənilərdən can qurtara biliblər. Zabux döyüşünə Sultan bəy şəxsən rəhbərlik edib. Zabux dərəsindəki məğlubiyyətdən sonra Andronik bir daha özünə gələ bilməyib. Onun səfərbər etdiyi 15 mindən çox erməni qulduru Zabux dərəsində Sultan bəy tərəfindən məhv edilib. O dövrdə Laçın ağsaqqallarının xatirələrində göstərilirmiş ki, Sultan bəy Zabux döyüşündə Andronikin 170 qatar yükü silahını, toplarını ələ keçirib, 30 min əsgərini məhv edib, 61 sərkərdəsinin edam etdirib. Bu döyüşdən sonra ermənilərin Andronikə inamı itib. Andronik 1300 nəfər piyadadan, 500 nəfər süvaridən və artilleriyadan ibarət quldur dəstəsini 1919-cu ilin mart ayında Eçmiədzindəki erməni katolikosuna təhvil verərək xaricə qaçıb.

Təbii ki, Andronik “Tarixi təhrif etməyin” deyə çiğiraraq, guya hadisələrin başqa cür cərəyan etdiyini bəyan etmək istədi, ancaq bir neçə, o cümlədən erməni mənbələrində də təsdiqlənən bu faktı Divan daha keçərli elan etdi.

 

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunub. Azərbaycan mədəniyyətinin əsas dəyərləri sırasında yer alan bu orkestrinin hər bir çıxışı izləyicilər üçün bir toy-bayramdır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin yaranma tarixi 92 il bundan öncəyə gedib çıxır. Şərqdə simfonik orkestr prinsipi ilə yaradılmış ilk musiqi kollektivi 1931-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılıb. Orkestrin baş dirijoru Üzeyir Hacıbəyov, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov olub. Məhz bu səbəbdən də orkestrə Səid Rüstəmovun adı verilib. 

Filarmoniya səhnəsindəki dünənki konsert də indiyədək keçirilənlər kimi dolu zalla və sürəkli alqışlarla müşayiət olunub. Konsertdə dirijor Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayevin müşayiəti altında solistlər - Xalq artisti Teyyub Aslanov (xanəndə), Əməkdar artist Zakir Əliyev (xanəndə), Respublika və beynəlxalq müsabiqələr laureatları Rəvanə Qurbanova (xanəndə), Taleh Yəhyayev (bariton), Natavan Həsənova (kanon), Mədinə Şahgəldiyeva (kamança), Fariz Hüseynov (kamança), Hikmət Qasımov (zurna), Seymur Mürsəlov (tar), Nərgiz Mütəllibova (fleyta) və İlkanə Cəfərova (qanun) çıxış ediblər.

Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

Şəkillərdə: Konsertdən fraqmentlər; orkestrin 1931-ci ilə aid arxiv fotosu.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

 

Oktyabrın 9-da Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin yüksəlişi” təlim proqramının açılış mərasimi keçirilib.

 

Təlimin  1-ci mərhələsi oktyabrın 13-dək davam edəcək.

Mərasimdə çıxış edən prodüser və hüquqşünas Fikrin Bektaşi bildirib ki, təlimdə iştirakçılar dünya standartlarına uyğun kino layihə sənədlərinin hazırlanması sahəsində baza bilikləri əldə edəcək, eyni zamanda, iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsəti qazanacaqlar. Qeyd edib ki, təlim Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi və prodüseri Martin Haqemannın rəhbərliyi və Avropanın qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi, prodüser Titus Kreynberqin iştirakı ilə keçiriləcək.

 

AzərTAC-ın xəbərinə görə, tədbirdə çıxış edən Martin Haqemann və Titus Kreynberq oktyabrın 9-dan başlayaraq müxtəlif mərhələlər üzrə 8 həftə davam edəcək təlimlə bağlı ətraflı məlumat veriblər.

Bildirilib ki, təlim iştirakçılara rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir.

 

Qeyd edək ki, sonda iştirakçılar sertifikatla təltif olunacaq, ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihə müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Bazar ertəsi, 09 Oktyabr 2023 17:00

Məhv olan gənclik... - HEKAYƏ

Pərvanə Seyidli, “Ədəbiyyat və incəsənət”

 

 

Bu hekayəmi hələ məktəbliykən bir anda böyüyüb gəlin olan, erkən nikahların qurbanına çevrilən qızlara həsr edirəm...

 

Salam, mənim adım Nərgizdir. 19 yaşım var. Bəlkə də çox gənc qızın arzuladığı bir həyatı yaşamışam. İki uşağım, onların baxıcıları, evimdə mənim ev işlərimə kömək edən xanım olub. İlin müəyyən dövrlərində bəlkə də çox yaşıdımın ömür boyu getmədiyi dünya ölkələrinə səyahət edir, istədiyim cox şeyi alırdım. Sizcə bütün bunlar bir insanı xoşbəxt edər? Mən həqiqətən xoşbəxt olmuşam? Yoxsa, içimdəki mənlə insanların gördüyü mən arasında uçurumlar var?

Tam 4 il bundan qabaq - 15 yaşında sadaladığım bütün bunlar mənim üçün əlçatmaz idi. Arzularım başqa idi. Oxuyub həkim olacaq, insanların köməyinə çatacaqdım. Dərslərimdə, imtahanlarda yüksək nəticə göstərdikcə mənim özümə inamım daha da artırdı. 

Balaca bir qəsəbədə yaşayan biri üçün oxuyub şəhərə, hətta xaricə getmək get-gedə xəyaldan reallığa çevrilirdi. Qazandığım uğurlar məni daha da gücləndirirdi. Ta ki o gün gəlib çatana qədər…

Dostları evə gələndə anamdan başqa bacımla məni bayıra çıxmağa qoymayan atam, həmin günü bizi nədənsə balkona, dostlarının yanına çağırdı. Bacımla mən anama kömək edir, yemək, çay aparıb gətirirdik. Aralarından bir nəfərin baxışı məni çox narahat edirdi. Heç nə deməyib bacımla otağımıza gəldik. Qonaqlar gedəndə birinin atama artıq tez-tez görüşərik, deməsi məni təəcübləndirdi. Düşündüm ki, atamla nə qədər yaxındırlar…

Həmin gecədən sonra atamla anamın tez-tez bizdən gizli söhbət etməsi, atamın anama acıqlanmasının şahidi olurduq.

3-4 gün sonra dərsdən gələndə evimizin önündə hərdən televizorda görüb heyran qaldığım maşınlardan birini gördüm. Evə girəndə tanımadığım xanımlar mənim üzümdən öpür, təbrik edirdilər. Vəziyyət mənə olduqca qaranlıq idi. Anama baxdım, o isə üzümə baxmağa belə utanırdı.

Qadınlar gedəndən sonra anamdan bu olanların səbəbini soruşdum. Anam – “Qızım, hər bir valideynin arzusu odur ki, övladı xoşbəxt olsun. Atanla biz sənin də, bacının da xoşbəxt olmağınızı istəyirik. Oxumağınız sizin üçün yaxşıdır, amma maddi vəziyyətin yaxşı olması sənin üçün hər şeyin əlçatan olması deməkdir.”

Anamın bu dediklərindən heç nə başa düşmürdüm. Bunlar nə demək idi? Anamın sözünü kəsmək istəmirdim. Anam – “Qızm, bu gələn xanımlar atanın o gün gələn dostunun yoldaşı və qohumlarıdır. Atanın dostunun oğlu Həsənin səndən çox xoşu gəlib, evlənmək istəyir. Əgər bu iş alınsa həm atanın işindəki çətinliklər aradan qalxacaq, həm də sən istədiyindən çox şeyə nail olacaqsan.” –dedi.

Xəyallarım və anamın dedikləri arasında nə qədər uçurum var idi. Bir tərəfdə zəhmətlə, əməklə qazanmaq, bir tərəfdə isə asanlıqla, əziyyət çəkmədən sahiblənmək… Həm də atama çox böyük köməklik etmiş olacaqdım. Onun da həyatı asanlaşacaqdı…

Beləliklə ən böyük səhv addımdı, atdıq ailəlikcə… Mən, xəyallarımı və arzularımı yarımcıq qoyaraq, bilmədiyim bir yola çıxdım. Həm də özümdən 10 yaş böyük, tanımadığım biri ilə…   

İlk günlər hər şey çox gözəl idi. “Yaxşı övlad” kimi atama da köməklik edib, həm də özümə həyat qurmuşdum. Necə deyərlər – “yediyim önümdə, yemədiyim arxamda idi.” Səyahətlər, gəzmələr, nə istəsəm almalar, nə desəniz var idi. Qaynatam və qaynanam da mənə hörmətlə yanaşırdılar. Diqqətimi çəkən isə o idi ki, yoldaşımdan hamısı çəkinirdilər. Əvvəllər başa düşməsəm də, sonra mənə aydın oldu…

Evliliyimin üç ayında yoldaşım evə gec gəlir, işini bəhanə edir, mən də inanırdım. Amma çox çəkmədi ki, iç üzünü göstərməyə başladı. O hər gün iş adına evdən pul alır, çıxırdı. Sən demə, kef, əyləncə, qumar “əsas işi” imiş… Bunları öyrənəndə artıq gec idi. Mən qızım Larisanı dünyaya gətirmişdim… Yoldaşım düzələr deyə əvvəllər heç nə demirdim, ya da anamla qaynanamın “düzələr” demələri ilə razılaşırdım. Ancaq bir il sonra oğlum Nihadın şikəst dünyaya gəlməsi məni yatdığım yuxudan oyatdı. Həkim valideynlərin narkotik maddə istifadə etməsi, narkoman və alkoqolik olmasının övladlara belə tesir etdiyini izah etdi.

Artıq nə atamın işinin yaxşılaşması, nə də özüm gözümdə idim. Sanki həyatım bir şam kimi yanıb gedirdi. Oğluma hər baxanda özümü hamıdan çox günahlandırırdım. Əvvəllər “döz” dedikləri artiq mənə “dözülməz” idi. Yoldaşıma hərəkətlərinə görə reaksiya verdiyim zaman ailədə söz-söhbət, dava-dalaş qurtarmırdı. Yoldaşımın məni, uşaqlarımı döyməsi bardağı aşıran son damla oldu…

Geri dönüb həmişə mənə açıq olan o qapıya- ata evimə getdim. Sən demə, o qapı çıxdığım gün mənə həmişəlik bağlanıbmış. Atam –“mən camaata nə deyərəm, gəlinliklə  çıxdığın evə ancaq kəfənlə qayıdarsan”- deyib bizi qəbul etmədi. 

Toyda deyilən sağlıqları indi daha yaxşı dərk edirdim. Sən demə, evdən çıxdığım gəlinlik elə mənim kəfənim imiş. Atam özü biçibmiş mənə….

Yenidən məcburən öz “cəhənnəmimə” geri qayıtdım. Yoldaşımın içkisi, qumarı, narkotik istifadəsi və ən əsası bunlardan qurtulmaq üçün müalicələri qəbul etməməsi ailəni uçuruma aparırdı. Çox çəkmədi ki, borclar ailəmizi iflasa gətirdi və atam da hər şeydən çox sevdiyi işini itirdi…

19 yaşındakı Nərgiz təkcə özünü yox övladlarını da düşünməli idi. Çünki onlar öz  arzuları ilə yox, bizim arzumuzla dünyaya gəlmişdilər… Məni 4 il əvvəl vaheh edən bu villa, maşın artıq yox idi.

Yoldaşım xəstəxanada müalicə alırdı. Artıq işini itirmək qorxusu olmayan “fədakar” atamın yanına gəlmişdik. 

Mən nə olursa olsun, övladlarımı böyütməli idim… 

Kitablarımı görəndə qollarını açaraq gülümsəyən “həkim” Nərgizin xəyalı canlandı gözlərimin önündə. Amma xəyllarımla qucaqlaşmaq artıq o qədər də asan deyildi, hətta mümkün olmayacaqdı… Beləcə mən “həkim” Nərgizi necə öldürdüyümü gördüm. Xəyallarımdan vaz keçməyin ən böyük səhvim idi… 

Təəsüf ki, cəmiyyətimizdə hələ də erkən nikah üzündən yüzlərlə uşaq uşaqlığını yaşamadan böyüyür, kimiləri valideynlərinə dəstək olmaq,  mal-mülk qarşılığında özlərindən bir neçə yaş böyük adamlara gəlin olurlar.

Erkən nikah qurduğuna görə çox insanın xəyalları yarım qalır… Məktəb forması əvəzinə bəyazdan gəlinlik görünüşündə kəfən geyinərək həyatlarına davam edirlər. Cismən yaşasalar da ruhən ölürlər…

Erkən nikahların əksəriyyəti böyük ailə münaqişələri, psixoloji sarsıntılar, hətta erkən boşanma və daha böyük faciələrə yol açır. 

Sağlam, xoşbəxt bir gələcək üçün erkən nikahlara yox deyək!

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Bazar ertəsi, 09 Oktyabr 2023 14:30

Tolga Çevik Bakıya gəlməyə hazırlaşır

Onun yumoru Azərbaycanda çox sevilir. 

“Arkadaşım” obrazı ilə milyonları güldürən Tolga Çevik “Tolgshow” adlı şousu ilə noyabrın 4-də Bakıda tamaşaçıların qarşısına çıxacaq.

 

“Yönetmen” obrazını canlandıran Fırat Parlak və “Minik” ləqəbli musiqiçi Özer Atikin müşayiəti ilə tamamilə improvizasiya edilən şou Bakı Konqres Mərkəzində baş tutacaq.

 

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Bazar ertəsi, 09 Oktyabr 2023 16:00

Sözün hikməti

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Həyatın ritmlərini bizim səs tonumuzun enib-qalxması ilə eyniləşdirə bilərik. Həyatın xüsusi ritmi yoxdur, hər kəsin özünəməxsus ritmləri vardır və bizim həyatımızın hansı yönə çevrilməsinə oynanan hava bizim səs tonumuz, sözlərimizdir. Əslində, sözlər də bir musiqidir zənnimcə, sözlər həyatımızın oynamasına, ahəngini dəyişməsinə şərait yaradır. Şah İsmayıl Xətaidən bizə miras qalan bir kəlam qədər dəyərli ifadə vardır. Söz vardır, kəsdirər başı,

Söz vardır, kəsər savaşı.

Mən bu ifadəni məhz 2-ci Qarabağ müharibəsi ilə əlaqələndirəcəyəm. Bəli, qələbəmizin səbəbkarı Ali Baş Komandanımız və onun şanlı əsgərləri oldu. Bəs müharibənin həllində rol oynayan  digər bir məsələni necə unudaq?!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatik danışıqlarını nəzərdə tuturam. Məsələn, 28 oktyabrda  alman jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına təqdirəlayiq, elmi, dəqiq cavabı buna bariz nümunədir. Elə müharibənin sonunu, Laçın, Ağdam və Kəlbəcərin  taleyini diplomatik danışıqlar həll etdi. Biz bu 3 bölgəni silah gücünə yox, söz gücünə azad etdik. Təqribən 200 ilə yaxın  müharibələrdən ərazi itkisi ilə çıxan  Azərbaycan bu dəfə müharibəni ərazi bütövlüyünü təmin edərək, məğrur və qürurla bitirdi. 

Sözün hikmətinə baxın, İlahi. Silaha, raketə, bombaya, bir insanın hünərinə bərabər güc-Söz!

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının çox izlənən Poetik qiraət rubrikasında bu dəfə sizlərə Yardımlıda yaşayıb yaradan İqbal Nəhmətin “Darıxmaq öyrədir bu şəhər mənə” şeirini təqdim edirik. 

 

 

Darıxmaq öyrədir bu şəhər mənə,

Hər dəfə kiçilir hər gəlişimdə.

Mən uzaq adamam bu küçələrə,

Bir şəhər yox olur hər gedişimdə.

 

Adam çox, nəfəs yox bir udum udam,

Qalır boğazımda şəhər havası.

Suya batırmağa çörək axtarır,

İradə Aytelin ala qarğası.

 

Darıxmaq öyrədir özü də necə,

Azdığım küçədə yenə azıram.

Elə bil atamın tikdiyi  evdə,

Anamın dilində şeir yazıram.

 

Əlimi atıram cibimə sarı,

Bənizi dəyişir qaraçı qızın.

Sallanır maşının qapılarından,

Yaxılır şüşəyə qarası qızın.

 

Allah xatirinə kömək et deyir,

Bəzən bu ,,köməyin" biri bir təpik.

Düşür ovuclara qara daş kimi,

Allahın xatiri iyirmi qəpik.

 

Sınır qədəhlərin səsində şəhər, 

Açılan süfrənin məzəsi olmur.

Hamı dost olmağa çalışır amma,

Dostun köhnəsi var, təzəsi olmur.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Bazar ertəsi, 09 Oktyabr 2023 14:00

Müqəvva - ESSE

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

İnsan vizualizasiya nəticəsində beynində milyonlarla hüceyrə və neyronlardan törənmiş düşüncələrin təsiri altında xeyli müddət qala bilir. Eynən bu şəkildəki kimi..

Şəkil insanı 5 dəqiqə gözünü ayırmadan analiz etməyə doğru yönəldir. Yol, qar örtüyü və insan…

 

Hər şey insan beyninin məhsulu olaraq qələmə verilmişdi əslində. Öncə yolu, sonra bəyaz qar örüyünü ən sonda isə səliqəli geyimdə, ancaq üzü görünməyən kişi surətini bir az gözdən keçirdim. Maraqlıdır,  kənarlara qar yağıb ağ kağız görüntüsü aldığı halda asfalt necə təmiz qalmışdı?

Bir daha nəzər salıram və göz yanıltmacını nisbətən dərk edirəm.

Ucu-bucağı görünməyən yol, əslində, bizim şüurumuzun qət etdiyi yolu əks etdirdiyindən dolayı ayaq izlərimiz qar örpəyini silib süpürmüşdü. Ağ qar örpəyi isə hələ şüurumuzun dərk edə bilmədiyi, ayaq qoymağa çəkindiyi bəmbəyaz və saf duyğuların məskəni kimi göz yanıltmacı yaradırdı zənnimcə.

Bir daha bozumtul kostyumlu yarımbaşlı adama nəzər salıram..

Bu dəfə kadrlar beynimdə daha dolğun canlanır. İnsanoğlu doğulduğu andan bəri düşünür və daim nələrisə götür-qoy edib müəyyən qərarlar verir. Şəkilə diqqətlə baxanda düşünürsən, sanki kişi həmən yolun altında qalıb, lakin yol kişinin beynidir. Beyindən çox düşüncələridir desəm, yerinə düşər. Bir növ hər gün asfaltda gəzən  yaşayan ölülərin timsalında obraz öz işini görür. Yəni, yenə düşünür və bir qərara varmalı olduğunu dərk edir. Ancaq ki, seçim çətin məsələdir. Hər zamanki qara asfaltlı, ucu-bucağı görünməyən yola addım atmaq yoxsa dəli cəsarəti?

Ya da xoşbəxtliyə gedən yolun axtarışı?

Hmm, düşünəndə insan qəribə hiss edir

özünü. 

Kişinin kostyumunu bir az da gözdən keçirəndən sonra onun ortastatistik bir müasir kölə olması hər halından bəllidir. Müəyyən standartlar altından ömrünün bilmirəm neçə ilini bəyaz yaxalı qara düşüncəli olaraq keçirən,

daim sıxıntıları, standartları və hər zaman görməli olduğu işlərin qəlibini kostyum deyə əyninə geyinmiş kapitalist kölə.

Bir anda azad olmaq istəsə bəs?

O buna addım ata bilərmi?

Bəyaz qarlar ya onun illərdi heç toxunmadığı, hər kəsdən gizli saf duyğuları, xəyalları, arzu və istəkləri idisə?

Nə etməli idi o?

Qorxmalı, ya addım atmalı?

Qarşıda iki seçim var səni nəyin gözlədiyini bilmədiyin, amma qəlbinin dərinliklərində eşitdiyin "xoşbəxtlik oradadır" pıçıltısına doğru bir addım atmaq, ya da "mən belə gəlmişəm, belə də gedəcəm"şüuru ilə düşüncələrdən qopub mental qəliblərə sığışdığımız standartlar dünyasında köləliyə davam?

 

Əlbəttə ki, seçim sərbəstdir. Gedəcəyin cığırı özün seçməlisən. Lakin unutma, ölümdən sonrası ehtimal olduğu halda ölümdən öncəsi sənin ən gözəl şansındır. Şansını dəyərləndir və ən azı bir dəfə yaşadığını hiss edə bilmək üçün qəlbinin gülüşünün gözlərində parıldaması üçün özünə şans ver.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

"Report"un məlumatına görə, bunu “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalında iştirak etmək üçün Azərbaycana gələn kriya yoqa ustası, musiqiçi və bəstəkar İmram Kriya mətbuat konfransında jurnalistlərə deyib.

 

"Mən Dağıstandan gəlirəm və sizin iqlim qurşağınız mənim doğulduğum yerə çox oxşayır. Bu, mənim ölkənizə dördüncü səfərimdir", - Kriya deyib.

 

İ.Kriya əlavə edib ki, o, vaxtilə musiqiçi olduğundan, tez-tez toylarda Azərbaycan mahnıları ifa edib və ruhən ölkəmizdə olub:

 

“Azərbaycan mədəniyyəti mənə çox yaxındır. Azərbaycan musiqisi həmişə ülvi bir şeydən danışır”.

 

Yoqa ustası daha sonra meditasiyadan, insanın öz daxilində harmoniyanı necə tapmaq qaydalarından bəhs edib:

 

"Ətrafınızdakı dünyanı dəyişdirmək üçün şüurunuzu dəyişdirməlisiniz. İlk növbədə, özünüzü sevməlisiniz. Bunun üçün də özünüzü dərk etməlisiniz. Meditasiya bu məsələdə kömək edə bilər".

 

Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq bu festival iştirakçılara insanın harmonik inkişafı ilə bağlı bütün müasir qlobal tendensiyalarla tanış olmağa imkan verəcək.

 

“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə baş tutur.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Oktyabrın 8-dən 11-dək Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Kino Agentliyi, Bakı Media Mərkəzinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşır. Festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2021-ci ildən təşkil olunan festival ilk dəfə Türkiyənin İstanbul şəhərində, ikinci dəfə isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib.

Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub. Filmlər bu gündən etibarən oktyabrın 11-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.

Festivala türk dünyasının tanınmış sənət adamları ilə yanaşı, rəsmi şəxslər də qatılıb. Ümumilikdə isə kino bayramında türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox qonaq iştirak edir.

Kino şöləninin əsas özəlliklərindən biri də türk dövlətlərindən tanınmış kinematoqrafçıların TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakıda zirvə toplantısının keçirilməsidir.

Festival çərçivəsində sabah - oktyabrın 10-da Qırğızıstanın görkəmli teatr və kino aktrisası, SSRİ-nin Xalq artisti Baken Kıdekeyevanın (1923-1993) 100 illiyinə həsr olunan tədbir keçiriləcək. Yubiley tədbiri Qırğızıstan nümayəndə heyəti və TÜRKSOY tərəfindən təşkil olunub.

Xatırladaq ki, “Korkut Ata” III Türk Dünyası Film Festivalının oktyabrın 8-də rəsmi açılış və mərasimi Heydər Əliyev Mərkəzində baş tutub. 

“III “Korkut Ata” film festivalı türk dünyası gənclərinin vətənpərvər ruhda yetişməsinə töhfə verəcək” - “Report” un xəbərinə görə, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov III “Korkut Ata” Türk Dünyası Film Festivalının açılışı zamanı çıxışında deyib.

Onun sözlərinə görə, bu gün türk dövlətləri arasında çoxçeşidli əməkdaşlıq mövcuddur: “Təbii ki, bu əməkdaşlıq kino sahəsində də xüsusilə davam etdirilir və türk dünyası gənclərinin vətənpərvər ruhda yetişməsinə töhfə verəcək”.

F.Cəfərov vurğulayıb ki, festival çərçivəsində Nizami Kino Mərkəzində 36 film nümayiş etdiriləcək: “Əminəm ki, xalqımız nümayiş olunan filmləri izləyəcək və paytaxtımızda kino bayramı abu-havası yaşanacaq”.

“Korkut Ata” III Türk Dünyası Film Festivalının bağlanış mərasimi oktyabrın 11-də Heydər Əliyev Mərkəzində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.