
Super User
BİRİ İKİSİNDƏ - Əlizadə Nurinin essesi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Əlizadə Nurinin “Ver sözə ehya ki...” adlı essesini təqdim edəcəyik.
Ədəbiyyat və Əbədiyyət sözləri arasında təkcə söz oxşarlığı, forma yaxınlığı yox, həm də ciddi bir mahiyyət, məna oxşarlığı, linqvistik qohumluq axtarmaqdan özümü saxlaya bilmirəm. Əbədi olmayan hissin, duyğunun, obrazlı təfəkkürü ifadə edən sözün Ədəbiyyatın içində nə işi? Əbədi olmayan Ədəbiyyat da deyil, – olsa, bu, nonsensdir!
Ədəbiyyat bəzən illüzor, utopik xoşbəxtliklər vəd etsə də, hər halda, cəzbedicidir. Çörçilsayağı yanaşsaq, axı ondan yaxşısı da yox hələ!
"Heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz" deyib Akutaqava. Öz təlatümlü fiziki ömrünü poeziyayla harmoniyada keçirən Bodlerin bir misrası neçə-neçə "obıvatel"in, ömrünü "zövqü-səfa"da keçirən meşşan xislətlərin ömründən üstün deyilmi?
Ərəblərin bir sözü var: "Məna arı bətin hinar", yəni hər bir şairin, sözün içinə hopmayan, pünhan saxlanılası sirri də olmalıdır. Bir gün mən də özümə və yaxın çevrəmə söz verdim ki, daha şeirin daşını atacam. Bəzi sirlərimi özüm üçün saxlayacam. Ancaq şeirin "daşı" çox ağır imiş – onu atmağa gücüm çatmadı...
Bir sevgi şeirimdə deyildiyi kimi:
Nə yaxşı, unuda bilmədim səni –
Nə yaxşı, durmadım sözümün üstə...
İfrat dərəcədə özümdən razı adam olmasam da, heç təvazökar da deyiləm (ona görə yox ki, indi təvazökarlıq dəbdə deyil). Məncə, sənət adamı daxilən saf, mükəmməl olmalıdırsa, bu, onun zahiri görünüşünə də nüfuz etməli, zahiri xoşluq, daxili məmnunluq yaratmalıdır. Sənət adamı kasıb olmalıdır moizəsi, Markes demişkən, əclafların fikridir (necə ki, nasionalizm əclafların son sığınacaq yeridir).
Həyat kimi, ölüm də poeziyanın ədəbi mövzularındandır. Qədim Zen-buddist fəlsəfəsində belə bir fikir var: "Həyatımız uzun ölümümüzdə qısa fasilədir". Yaradıcılıq bir az da öz gücünü ölümdən alır. Həyat insanın nazını çəkdiyi kimi, insan da ölümün nazını çəksin gərək!
Qəribə səslənməsin: Fikrimcə, insan elə bir həyat yaşamalı ki, ölümə layiq olsun! Insan bəzən bu dünyada axtardığı sakitliyi, rahatlığı gedib ölümün ağuşunda tapır... Həm də axı Puşkin demiş: "Dünyada xoşbəxtlik yoxdur, azadlıq və rahatlıq var". Bir də hələ 740 il əvvəl böyük Mövlanə deyirdi: "Onun adına ölüm deyib bizi qorxutmayın, onun ki adı qovuşmaqdır; haqqa, Tanrıya qovuşmaq!"
Nə badə bu fani dünyada "tamah"a tamah salasınız:
Dərdi dünya olanın
Dünya boyda dərdi var.
"Dahi şairlərin olması üçün dahi oxucular lazımdır" – unutmuşam bu kimin fikridir, amma hər halda, müəlliflə mübahisə edərdim. Dahi oxucuların olması dahi əsərlərin yaranmasından sonrakı mərhələyə aiddir. Əslində, ədəbiyyatın "Xam torpaq"larına elə bədii toxum əkmək lazımdır ki, yetişən məhsulun alıcısı (oxucusu) çox olsun. Həm də ədəbiyyat elə müqəddəs "qab"dır ki, ağzınacan dolu olsa belə, (gözəl əsərlərlə) o qaba qiymətli nəsə qoymaq istəsən, qabda mütləq yer tapılacaq!
Bayaq ölümdən danışdıq, təxminən "ölüm bir qadın kimi dünyaya sığal çəkir" – dedik, ədəbiyyat da insan ruhuna, hiss və duyğulrına, əxlaqına sığal çəkən fövqəl və xarüqəladə bir hadisədir, ilahi bir ştampdır...
Bu illər ərzində nəyi dərk etdim? Dərk etdim ki, Tanrının yanından gələn Sözün ayağına durmaq lazımdır! Mövlanə demişkən:
Aqil odur, yazıb qoya bir əsər,
Bir əsər qoymayanın yerində yellər əsər...
Puşkin "poeziya əxlaqdan ucadı" deyirdi. Amma bu o demək deyildi ki, poeziya əxlaqsızdı. Əksinə, poeziya bütün əxlaqi göstəricilərin, mənəvi dəyərlərin barometridir. Əxlaqdan kənar yerdə ədəbiyyat yoxdur! Yoxdur!..
Eşq uğrunda ölmək özü eşqdi!.. Yox, mən sizi eşq uğrunda ölmək yox, yaşamaq üçün ədəbiyyatın kölgəsinə çağırıram...
P.S. Azərbaycan şairi Əlizadə Nurinin həyat və yaradıcılığı haqqında Türkiyənin paytaxtı Ankarada kitab çap olunmuşdur. İlkin Qulusoyun və Həbibə Ayın həmmüəllifi olduğu kitab "Çağdaş Azərbaycan şairi Əlizadə Nurinin şiir dünyasına yolculuq" adlanır.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
Psixiki sağlamlıq günü, sıyıq günü və Cüzeppe Verdi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
10 oktyabrda dünyaya gələn və dünyadan köçən məşhurlar kimlərdir? Bəs bu günə hansı əlamətdar hadisələr təsadüf edir? Bu gün hansı bayramlar qeyd edilir? Beynəlxalq təqvimə görə bu günün ən əlamətdar hadisəsi Cüzeppe Verdinin doğum günü, biz azərbaycanlıların məntiqinə görə isə bu günün ən kuryoz təntənəsi ermənilərin qeyd etdikləri bayramdır. Təfsilatlar yazının içində.
10 oktyabr. Ümumdünya psixiki sağlamlıq günü
1992-ci ildən qeyd edilən bu gün diqqəti psixiki xəstəlikdən əziyyət çəkən insanlara yönəltmək məqsədi güdür. Hazırda dünyada 450 milyon insan bu cür xəstəliklərdən əziyyət çəkir. Qərb ölkələrində hər yeddinci adam ya paranoiddir, ya şizofrenikdir, ya da depressiya, yaxud alkoqolizmdən müalicə alır. Psixiki xəstəliklərin əsas səbəbkarı isə stress adlı düşməndir, o düşmən ki, günümüzün əsas mənfi qəhrəmanıdır.
10 oktyabr. Ümumdünya Ölüm hökmüylə mübarizə günü
“Ölüm hökmü” vəhşi və qeyri-insani praktikadır. Ona 21-ci əsrdə yer yoxdur”. BMT-nin 8-ci Baş Katibi Pan Qi Munun çağırışındandır bu cümlələr. Qeyd edək ki, Ölüm hökmü əleyhinə Ümumdünya Koalisiyası 2002-ci ildə Romada yaranıb, bura 150 təşkilat daxildir.
Bu gün dünyada cəmi 65 ölkədə ölüm cəzası qalır. Onlardan birinin də demokratiya ixracatçısı hesab edilən ABŞ-ın olması təbii ki, təəccüb doğurur. Bəli, ABŞ-ın 32 ştatında hələ də insanlar edam edilir. Ən çox icra edilən ölüm hökmünə bilirsiniz hansı ölkələrdə rast gəlinir? İran, İrak, Səüdiyyə Ərəbistanı və Misirdə - ; müsəlman ölkəsində. Növbəti ölkə isə Çindir.
10 oktyabr. Beynəlxalq Sıyıq günü
World Porridge Day - Beynəlxalq Sıyıq günü oktyabr ayına xüsusi gözəllik verir. Bu günü əksər dünya ölkələri qeyd edir. Ən populyar sıyıq isə bilirsiniz hansıdır? Təbii ki mannı sıyığı. Amma bizim öz milli sıyıqlarımız da var, birinə südlüaş, digərinə xəşil deyirik. Ən dadlı da elə öz milli sıyıqlarımızdır.
10 oktyabr. Ermənilərin bugünkü bayramı
İndi sizə bir şey deyim, ancaq gülməyin. Bu gün Ermənistanda kimyəvi qoşunlar günüdür. Bunlar yəni belə dərinə gediblər ki, hətta ABŞ, Rusiya kimi hərbi derjavalar belə ayrıca qeyd etmədiyi kimyəvi qoşunlar gününü qeyd edirlər? Hanı bunların kimyəvi silahları, poliqonları, hanı xüsusi hazırlıq məktəbləri? Neçə mütəxəssisləri var bu sahədə? Gülünc və absurddur, gözə kül üfürmək buna deməzlərmi?
Sizdən kim lətifə söyləməyi xahiş etsə ona bax bu lakonik lətifəni söyləyin: 10 oktyabr - Ermənistanda kimyəvi qoşunlar günüdür.
Və digər
1963-cü ilin bu günündə məşhur türk aktrisası Hülya Avşar dünyaya gəlib.
1943-cü ilin bu günündə ingilis yazışısı Corc Oruel ilk dəfə “soyuq müharibə” terminindən istifadə edib.
1933-cü ilin bu günüdə ABŞ universamlarında ilk dəfə yuyucu vasitə - “poroşok” gözə görünüb.
Dreft adlı bu vasitənin üzərinə də belə yazılıbmış: “Möcüzə molekulun sayəsində parçadan çirki sovurub çıxarır”.
1919-cu ildə Antanta RSFSR-ə qarşı iqtisadi sanksiyalar elan edib. 1875-ci ildə rus yazıçısı Aleksey Tolstoy (Lev yox a) dünyasını dəyişib.
1813-cü ildə dünyaşöhrətli italyan bəstəkarı Cüzeppe Verdi dünyaya gəlib.
680-ci ildə Məhəmməd peyğəmbərin nəvəsi - Əli ibn Abu Talibin oğlu, 3-cü şiyə imamı Hüseyn ibn Əli işıqlı dünyadan köçüb.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
Yevgenika prosesi nədir?
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Bu məqalənı yazıçı və blogger olan Diamond Tema-nın “Sosial Darvinizm nədir? – Sadə xalqa düşmən olanlar” adlı sənədli bəlgəsəlini tərcümə edərək onun əsasında hazırlamışam.
Yevgenika prosesi - Soyqırımla eynimənalı bir qavramdır. İnsanlığın yaxşılığı bəhanəsiylə bir irqi və ya soyu ya tamamən yox etmək, ya da kölələşdirmək, alt insane etmək deməkdir. Bu qavram Antik Yunanıstan dövründə ortaya atılmış və davamında da Fransis Qalton (İngiltərənin Kraliça Viktoriya çağında yaşamış çoxşaxəli bir İngilis alimidir) kimi insanlar buna məşhurluq qazandırmışdır.
Misal üçün:
Əgər bir uşaq əlil doğulduysa o uşaq böyüdülməməli, çünki əlil böyüyən bir uşaq nə savaşa bilər, nə də dünyaya bir şey qata bilər. Həmçinin toplumun imici və ya gücü baxımından şikəst fərdlər uzaqlaşdırılmalı, yalnız ən yaxşı və ya ən güclü olanlar həyatda qalmalıdır.
Bu məntiq Spartak xalqında da keçərli idi və 300 Spartalı filmində də göstərildiyi kimi “yetərsiz” sayılan körpələr uçurumdan aşağı atılırdı. Çünki Spartak qüvvətli fərdlərdən təşkil olunmalı idi. Yəni zəiflərə yer yox idi. Baxıldığında heyvanlar aləmində də buna bənzər bir balans ilə qarşılaşırıq. Zəif olanlar sürüdən uzaqlaşdırılırlar, ya da ən arxada buraxılırlar. Beləcə, hansısa ovçu olan vəhşi heyvan gəldiyində ilk onları yemiş olur, qüvvətli olanların isə sağ qalma ehtimalı daha da çoxalırdı, zira qüvvətli olanların həyatda qalması daha önəmlidir. Zəiflər və şikəstlər isə xərclənə bilən varlıqlardır.
Eyni zamanda heyvanlar cüt axtararanda da buna bənzər bir məntiqlə irəliləyirlər.
Misal üçün, aslanlar və ya digər heyvan növlərində dişilər qüvvətli və ya iri erkəklərlə cütləşmək istərlər. Çünki onlardan olacaq balalar da qüvvətli və ya iri olacaqlar. Beləcə, ən güclü və ya qüvvətli olan fərd ailəni qoruya biləcəkdir. Zatən təkamül müddətində də özünü qoruya bilən və ya çevrəyə uyğunlaşa bilənlər həyatda qalmışlar. Buna “survival of the fittest”, yəni ən uyğun olanın həyatda qalması deyilir.
Zəif olan və çevrəylə ayaqlaşa bilməyənlər isə ələnmişlərdir. Hansı ki, “bəzi nəsillər ortadan qalxdı və ya heyvanların soyu tükəndi” deyərlər, bax bu söy tükənməsi çevrəyə adaptasiya ola bilməməkdən qaydaqlanır.
Bəlkə də, heyvanlar instinktiv olaraq zəif və ya şikəst övladlarını bilərəkdən bəsləmirlər. Təbii ki, bu vəziyyət bütün heyvan növləri üçün keçərli deyil, amma əsasən heyvanlar ən uğurlu övladlarını bəsləməklə məşğul olurlar. Amma bizlər heyvan deyilik, ən azından belə olmadığımızı iddia edirik. Hətta çeşidli mifologiyaların da dəstəyi ilə “insanlıq gəlmiş keçmiş ən qiymətli əşrəfi məxluq dediyimiz üstün varlıqdır. Buna görə də insanlar heyvanlarla bərabər deyildir” deyə düşünülür.
Lakin təməldə insanlar da ekosistemin bir parçasıdır və Aristotelin də deyimi ilə “İnsan siyasətçi bir heyvandır”, ya da “düşünüb danışan bir heyvandır.” Yəni nə qədər özəllik əlavə ediriksə edək, insan da bir heyvandır. Bu səbəblə bəzi insanlar “görəsən, bizim də təbiətimiz bəzi heyvanlarda olduğu kimi güclülüyü qəbul etmək və zəifi rədd etmək olar bilərmi?” deyə sual verirlər və buna dair bəzi nümunələr göstərirlər.
Misal üçün, həmişə əsgərlikdə və ya iş həyatında xilasedici bir adama ehtiyac duyarıq və qüvvətli olanın arxasınca gedərik. Qadınlar isə təkamül prosesində hər zaman qüvvətli kişilərlə yatmaq istəmişlər və hal-hazırda qüvvət dediyimiz şey pul, şöhrət və ya ağıl kimi nəsnələrdir. Buna görə də populyar kişilərin, pullu kişilərin və ya zəngin kişilərin ətrafında bir çox qadının olması, yaxud bir çox qadının bunları arzulaması olduqca normaldır. Çünki qadınlar çoxalma mərkəzli baxarlar və “əgər mənim bir uşağım olacaqsa bu adamdan olsun” deyərlər. Yəni ən qüvvətli olanla cütləşmək istərlər. Kişilər isə sadəcə çoxalma məqsədi ilə baxmadıqları üçün daha gözəl, daha cazibədar qadınlarla bir arada olmaq istərlər. Qısacası, ümumilikdə insanlar üst təbəqədə olanlara (Misal üçün, müdir, lord, kral və ya millət vəkili) ya da daha zəngin və ya daha nüfuzlu insanlara sayğı duyarlar. Bu cür insanlar hər zaman toplum tərəfindən qiymət görərlər. Bu baxımdan insan həm qüvvətli olmaq istəyən, həm də qüvvətli olana həris olub onun arxasınca gedən bir varlıqdır. O halda tək bir insandan ziyadə bütün insanlığı xilas etmək və ya daha yüksəyə çıxartmaq məqsədi üçün niyə mübarizə aparmayaq? Və bu mübarizədə yeri gəldiyində nə üçün bəzi fədakarlıqlar etməyək?
Həm baxıldığında zatən bütün həyatımız bir mücadilə verməkdən və ya bizdən daha zəif olanları yox etməkdən ibarət deyilmi? Bir düşünün, 20-25 yaşlarında orta hallı bir gəncin sağlam bir şəkildə həyatda qala bilməsi üçün, görəsən, neçə ton pendir, neçə ton süd və neçə ton ət yox edildi? Görəsən, bizlər neçə min dənə toyuğu yemişik və bizim həyatda qala bilməyimiz neçə min heyvana başa gəldi?
Qısacası, sizin bu günlərə gələ bilməyiniz üçün neçə saysız heyvan həyatını itirdi. Həmçinin heyvani qidaları buraxmağınız belə heç bir nəticə vermir. Çünki yediyiniz bitkilər də, bir növü canlılardır. Bununla yanaşı isinmək üçün yandırdığımız odunlar, evimizdə, mebel və yataqlarımızda istifadə etdiyimiz yorğan döşəklər, bundan əlavə yazdığımız bütün dəftərlər, oxuduğunuz bütün kitablar, bir sözlə həyatımız boyunca xərclədiyimiz hər şey təbiətə aiddir. Həmçinin geyindiyimiz qiyafətlər, ayaqqabılar, çantalar, kürklər, yəni istifadə etdiyimiz nə var nə yox, hamısı təbiəti sui istimal etmək və öz xeyirimizə istifadə etmək məqsədi ilə bizə gəlib çata bilir.
Zatən insan dediyimiz ali varlıq, digər canlıları yox edən, ya da onları istismar edən bir varlıqdır. Başqa cür həyatda qala bilmir, belə ki, öz içində belə döyüşməyə başlayır.
Din, dil, irq, toplum, milliyyəti göstərərək çeşidli bəhanələrlə və ya öz qrupunun rifahı məqsədi ilə başqa bir toplumu, başqa bir insan qrupunu yox edir.
Bu gün bizim qəhrəman, yaxud fateh adlandırdığımız adamlar minlərcə adamı qətlə yetirməklə o mərtəbəyə çata bildi. Bizim bu gün öyünə-öyünə anlatdığımız imperatorluqlar əsasən bir qan gölü üzrində qurulub. Ümumilikdə götürəndə hər padşahın dövründə 5-10 ildə bir hansısa döyüş, yaxud onlara qarşı olunmuş hücumlar və ya işğallar baş verib. Qısacası, insanlıq tarixi qətliamlar üzərinə qurulmuşdur.
Heyvanlar aləmində canlılar dişlə, pəncə ilə bir-birini yox edir və qarınları doyduğunda da dayanırlar. Amma bizdə heç elə bir vəziyyət yoxdur. Bizlər nə qədər özümüzə heyvan deyil, üstün bir varlığıq desək də, əsasən heyvanlardan daha vəhşi və daha aşağı olduğumuz dönəmlərimiz də olur. Və bizlər dişlə, pəncə ilə deyil, siyasətlə, politika və yalanlarla bir-birimizi məğlub edirik. Sənədli bir filmə baxdığımızda yırtıcı heyvanlar hansısa otyeyən qrupa hücum etdikdə bir-iki dənəsini öldürüb öz aralarında bölüşməyə başlayırlar. Yəni bütün sürünü qətlə yetirmək, ya da əsir almaq kimi bir qayələri olmur. Amma insanlara nəzər yetirdikdə uzunmüddətli planlar və uzun vadəli işgəncələrlə birlikdə bir növü caniliklərlə qarşılaşırıq. Bu da yetmir, heyvanlar həyatda qalmaq üçün hücum edib ovçuluqla məşğul olduğu halda biz insanlar öz ideallarımız uğrunda hücumlar etməyə başlayırıq və qəribə bəhanələr gətirərək üzərini ört-basdır etməyə çalışırıq. Yəni bir imperator hansısa bir ölkəyə hücum edərkən xalqının yaxşılığı üçün etdiyini söyləməyə başlayır və yaxud “onlar bizə hücum etməsin deyə öncədən tədbir aldıq” deyərək əslində pis bir günahı “xalqının rifahı” adlandıraraq danışmağa başlayır.
Ümumilikdə, bütün imperatorluqlar makiavelistdir, yəni dövlətin uğruna gedən yolda hər şey mübahdır prinsipi ilə yaşayırlar. Normal şərtlərdə hansısa yaxınını öldürmək günahdır, lakin məqsədin dövlətin marağı naminədirsə, yaxud ölkədə ikibaşlılığı yox etməkdirsə, yəni daha böyük bir yaxşılıq uğruna fədakarlıq etməkdirsə bu normal sayılır. Beləcə, dövlətin stabilliyini ayaqda saxlamaq üçün nə qədər kəllə aldığının heç bir önəmi yoxdur, çünki ən sonunda qalibsənsənsə bunun hesabını heç kim səndən almayacaq. Zatən tarix dediyimiz şey də kimin haqlı, yaxud kimin doğru yolda olduğunu göstərən bir elm deyildir. Məktəblərdə öyrədilən tarix belə kimin qazandığını, kimin uğurlu olduğunu göstərən bir təmələ sahibdir. Buna görə də qüvvətli olan tərəf hər zaman haqlı olaraq anladılacaqdır. Digər bir ifadə ilə güc qanundur.
Başqa bir misal ilə davam edək. Mən daha çox meyvəm olsun deyə qonşunun bağına hücum edib oradan oğurluq etdikdə bu cinayətdir, hesabı sorulacaq, lakin biz bir ölkə olaraq başqa bir ölkəyə hücum etdiyimizdə daha çox torpaq, daha çox qızıl və ya daha çox qənimət yağmaladığımızda bunu bütün toplum halında etdiyimizə görə kimsə hesabını sormayacaqdır və bu cinayət sayılmayacaqdır. Hətta ürəyi istəyənlər bunu yaxşılıq etmək kimi göstərə biləcəkdir. “Yəni biz getdik, bəlkə, 1000 nəfər insane öldürdük, milyonlarla insana zərər yetirdik, şikəst buraxdıq, amma məqsədimiz mədəniyyət götürmək idi, biz onlara yardımcı olmaq istəmişdik” - Dünya tarixi bunlarla qaynayır, hətta soruşanda Amerika belə İraqa mədəniyyət götürdüyünü, insanlıq götürdüyünü iddia edir.
Eyni zamanda elm adamlarını canlı-canlı yandıran inkvizisiya məhkəmələri də bu insanların şeytanla anlaşdıqlarını, xalqın yaxşılığına görə bu adamların öldürülməsi gərəkdiyini müdafiə edir. Bu kimi nümunələri saydıqca bitməz. Qısacası, insanlar minlərcə ildir “survival of the fittest” məntiqini tətbiq etmiş və hər daim qüvvətli olan ayaqda qalmış, ən zəif olan isə yox olub getmişdir.
Ardı var...
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
“Ulduz” jurnalının baş redaktoru ADU-nun qonağı olub
Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Mərkəzi tərəfindən “Heydər Əliyev və Azərbaycan mediası” adlı dəyirmi masa keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə “Ulduz” jurnalının baş redaktoru, Prezident təqaüdçüsü, Əməkdar jurnalist, şair, publisist, Qulu Ağsəs medianın, xüsusilə mətbuatın inkişafında Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib.
Qulu Ağsəs bildirib ki, 90-cı illərin əvvəllərində respublikada yaranmış gərgin və xaotik vəziyyət Azərbaycan mətbuatından da yan keçməmişdi. Məhz, Ümummilli liderin gərgin səyləri nəticəsində Azərbaycan mediası dinamik inkişaf mərhələsinə qədəm qoyub.
“Ulduz” jurnalının nəşr şöbəsinin müdiri, yazar, publisist Taleh Mansur çıxışında qeyd edib ki, müasir dövrdə medianın ən ümdə vəzifələrindən biri xarici dil bilən gənclərin diqqətini cəlb etmək üçün yollar axtarılmasıdır.
Tədbirdə Ulu öndərin jurnalistlərlə görüşləri haqqında videoçarx nümayiş olunub.
Sonda tələbələrə “Ulduz” jurnalının müxtəlif nömrələri hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
Ümidi öldürmə, kəsmə şah damarını… -ESSE
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bəzən ani səslənən musiqi səni ötüb keçən zamana səfər etdirər. Gözlərində reallıqda olanlar yox, görmək istədiklərin canlanır. Həmin an zamansızlıq qatarının sərnişini olursan. Bundan xəbərin varmı?
Keçmiş zamanı xəyalən indiki zamana yükləyirsən. Həmin anda nə hiss etdiyini yalnız özün bilirsən... Bir xatirə bitir, biri başlayır. Bir vaxt ayılırsan ki, musiqi bitib, sən isə elə bil yuxudan elə indicə ayılmısan. Ürəyinin ritmləri sürətlənib və sıxıntı, qəhər səni öz dəmir əlləri ilə var gücü ilə boğur. Musiqi bitməsəydi, bəlkə də, "bu dəmir əllər" "axrına çıxacaqdı".
Qəribədir deyilmi? Özümüz öz arzumuzla əcəli çağırırıq. Maraqlısı budur ki, bu əcəli həyatımız boyu dəfələrlə çağırırıq. Fiziki ağrı duymasaq da, ruhumuz ağrıdan səssiz fəryad qoparır. Ən böyük ağrılar da hələ bu səssiz ağrılardır.
Ağrı və sən... Sanki dünyanın ən ağır çəkili döyüşçüsü ilə döyüşə atılırsan. Dilin: "mən məğlubam, ümidinsə, sən qalibsən söyləyir". Nə yaxşı ki, ümid sonda ölür. Ümidsiz biz canlı ölü olardıq və məqsədsiz, ruhsuz, əzab adlı kəfənə bürünüb yaşayardıq.
Aleksandr Düma: "Uğurun iki səbəbi var: səbir və ümid"- söyləmişdir. Aristotel demiş- səbir acı olsa da, meyvəsi şirindir. Bəli, səbrin arxasında enlikürəkli dağ kimi gözləyən ümid varsa, uğura yaxınıq, deməli. Ümidlərinin başını qəssab bıçağı ilə kəsənlər öz şah damarlarını kəsənlərdir. Ümidlərini dəfn edənlər çoxdan gözlərini qara boya ilə boyayanlardır. Onların qəlb gözləri də kordur, çünki onlara istiqamətlənən nuru görmürlər. Gecənin can verərək gündüz adlı ağ kəfənlə bürünməsini belə görmək istəmirlər.
Ümidləri öldürməyək, arzuları söndürməyək. Arzular sönməz Günəş kimi taleyimizə nur saçsın. Ümidsiz qalıb acı göz yaşlarımızı selə döndərməyək, buludun sevgidən doğan göz yaşında göy qurşağını görəcək qədər gözlərimiz açıq olsun. Qəlbimizi buzdan qəlibə çevirməyək. Ürək bizi yaşadır, ona da yaşama haqqı verək.
Yaşayaq, yaradaq və yaşayıb-yaradanlara ilham verəcək qədər güclü olaq!
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
“Aktyor üçün təhsil almaq, staj keçmək şərtdir…” - MÜSAHİBƏ
Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının Qonaq otağında bugünkü müsahibimiz Azərbaycan kino sənətinin tanınmış simalarından biri olan, yer aldığı filmlərdə yaratdığı obrazlarla yaddaşlarda qalan Xuraman Nicatdır.
-Xuraman xanım, başlayaq ilk sualımızdan. Məncə, bir oxucu üçün ilk öncə bu qədər filmlərdəki obrazları yaradan Xuraman Nicatı tanımaq daha maraqlı olardı. Xuraman Nicat kimdir?
- Mən - Əliyeva Xuraman Nicat qızı (Hər kəs Xuraman Nicat kimi tanıyır) 1978-ci ildə Kəlbəcər rayonunun Əsrik kəndində doğulmuşam.Diqqətinizə çatdırım ki, doğulduğum kənd ucqar bir dağ kəndidir. On dörd yaşıma kimi doğulduğum kənddə yaşamışam. Yəni, 8-ci sinfə kimi kənd orta məktəbində təhsil almışam. 1993-cü ildə mənfur düşmənlər torpaqlarımızı işğal edəndə mənim də taleyimə qaçqınlıq yazıldı. On dörd yaşlı bir qızcığazın acılarla dolu bir həyat hekayəsi başladı. Buna baxmayaraq həyata tutunmağa çalışdım. Torpağımdan uzaq düşmək sarsıntısı yaşadığım günlərdə ailəmlə birlikdə Sumqayıt şəhərinə yerləşəsi oldum. Orta təhsilimə Sumqayıt şəhər 4 nömrəli məktəbdə davam etdim. 1995-ci ildə həmin məktəbi bitirdim. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və Ìncəsənət Universitetinin Kino və Dram aktyoru fakültəsinə daxil oldum. 2001-ci ildə Universiteti yaxşı qiymətlərlə bitirib elə həmin il Ìrəvan Dövlət Dram teatrında işləməyə başladım. 2003-cü ilə kimi həmin teatrda işlədim, öncə aktrisa, rejissor asistanı kimi calışmışam. Təbii ki, aktrisalıq sənətinə də davam etmişəm. Bütün bunlarla yanaşı alman, rus, turk dillərinə də yiyələnmişəm.
-Peşənizi dəyişmək haqqında fikirləşmisiniz?
-Heç vaxt istəməmişdim, 6 il bundan öncəyə kimi. Amma yenə də sənətimi çox sevirəm. Bu sənəti seçdiyim üçün peşman deyiləm. Nə qədər çətinlik çəksəm də, işsiz qalsam da... Bunun günahı mənim sənət seçməyimdə deyil. Bu gün sənətdə istedada çox da önəm verilmir... Nə isə, bu çox geniş mövzudur, danışdıqca bitməz. Burda mənə sadəcə susmaq düşür. Onu da diqqətinizə çatdırım ki, sənətimi dəyişmək fikrinə düşsəm də yenə də bu sahənin başqa bir qolunda olardım.
-Aktyor olmaq üçün xüsusi bir istedad lazımdır? Bu zaman aktyor hansı qabiliyyətlərə malik olmalıdır?
-Aktyorluq sənəti qədim bir peşə sayılır. Aktyor olmaq, əlbəttə ki, xüsusi istedada malik olmaq deməkdir. Bu fitri bir istedaddır. Bunu hər insan bacara bilməz. Mən bir iynə vurmaği öyrənə bilərəm, amma məndən peşəkar həkim olmaz. Peşəkar bir həkim də bir insanın həyatını həmin insanın ruhu olaraq kamera önündə canlandıra bilməz. Yəni, biz hər sahənin insanı olub onu canlandıra bilərik. Bizim hansı qabiliyyətə sahib olduğumuz burdan bəlli olur. Bununla yanaşı, təhsil almaq, staj keçmək şərtdir. Sənə aktyorluq sənətini öyrədən əsas prinsipləri - səhnə mədəniyyəti, səhnə texnikası, səhnə diksiyası, səhnə plastikası və s... bu siyahını daha da çox uzatmaq olar - bunların hamısını bilməlisən.
-Qabiliyyətli bir aktyorun təhsil alıb almamasının nə dərəcədə önəmi var?
-Qabiliyyəti olan ancaq peşəkar aktyor ola bilər. İşinə dəyər verən biri mütləq o sahənin məktəbini oxumalı, sirlərini òyrənməlidir. Bu sənətin tavanı yoxdu. Bu sənət hər gün, hər an, hər dəqiqə nəsə öyrənir və öyrədir. Mütaliə də çox vacib faktorlardan biri sayılır. Aktyotluğun əsas məqsədi hər bir səhnə obrazına əsasən izləyicilərin içindəki duyğuları oyatmaqdır.
-Bildiyimiz kimi bir çox filmlərdə bir aktrisa kimi yer almısınız. Sizə uğur gətirən obraz hansı olmuşdur və bu uğur sizə nələri qazandırmışdır?
-Bir çox filmlərdə iştirak etmişəm. Hələ də film çəkilişlərimiz davam edir. “Pərvanələrin rəqsi”, “Ləkə”, “Həyat sən nə qəribəsən”, “Üzeyir ömrü”, “Ağabəyovlar”, ”Cavadxan”, “Ata ocağı”, “Sovqat”, “Sonuncu fəsil”, “İntizar”, “Uçurum” və başqa filmlərdə yer almışam. Ən çox “Bir arşın malçı əhvalatı” bədii-sənədli filmi mənim üçün çox önəmli və yadda qalan filmdir. Çünki bu filmdə doğma qardaşım da iştirak edirdi. Filmdə bir bacı- qardaş kimi tərəf müqabili olmaq məndə fərqli təəssürat yaradırdı. O, Vəli obrazında, mən isə Telli obrazında çıxış edirdim. Bir aktyor üçün isə bütün obrazlar uğurludur. İstənilən hər bir obraz maraqlı olur. Yaradıcı bir insan üçün isə yaratdığı heç bir obrazın fərqi olmur.
-Həyatın bütün sevinci yaradıcılıqdadır. Bəs sizin yaradıcılığınız sizin üçün hansı hisləri ifadə edir.
-Xeyir, həyatın bütün sevinci yaradıcılıqda deyil. Yaradıcılıq insanın sevdiyi işlə məşğul olmasıdır. Əlbəttə ki, bu işdə insani düşüncələr, hərəkətlər, mimikalar, hislər bir-biri ilə vəhdət təşkil edir, yoxsa ortada bir yaradıcılıq olmaz. Bütün bunlarla yanaşı, bir səhnədə tamaşaçılar tərəfindən qazanılan rəğbət, təbii ki, uğura böyük imzadır. Bu da mənim yaradıcılığımın dərin, unudulmaz sevincidir.
-Duyğular -sənətdə, ağıl -elmdə özünü ifadə edir. Fikrinizcə bütün bu üstünlüklər sizin üçün nəyin təzahürüdür?
-İnsan duyğuları ən başlıca olaraq yaradılan hər bir obrazın sənət nümunəsidir. Ağil isə düşüncəyə əsaslansa da elmin inkişafı da məhz ağıla söykənir. Çünki ağılsız insan elmlə inkişaf edə bilməz. Bunun üçün də hər ikisi də bir-birinin məhsuludur. Yəni, elm ilk öncə ağılı tanımalıdır.
-Bir teleaparıcı kimi televiziya sahəsinə gələn insanlara öz fəaliyyətlərində hansı maarifləndirici tövsiyələr verə bilərsiniz?
-Çox gözəl bir sualdır... Düzdür, mən jurnalistikanı bitirməmişəm. Amma teleaparıcılığı da aktyorluq qədər çox sevmişəm və hər iki işimi də bərabər idarə etmişəm. Mən işlədiyim hər proje üçün əmək sərf etmişəm. Muğam verilişim olub. Muğamı bilmək üçün muğam dərsi almışam. 27 bölüm sənədli film çəkmişəm, montaj və rejissorluq öyrənmişəm. Təməli tibb olan və sənət adamlarının olduğu proje işləmişəm. Yaratdığım layıhələrdə aparıcı kimi peşəkarcasına çalışmışam və hər layihədə öyrəndiyim çox şey olub. Tədbir ssenarisi yazmağı, orqanizatorluğu, interyeri, geyimi, qrimi və .s çox şeyləri öyrənmişəm. Bu yolda da ilk qədəmlərini atan insanlara tövsiyəm o ola bilər ki, sənətin yolu potensial imkanların genişliyi və bu imkanlardan istifadə yolları, davamlı öyrənərək addımlamaq inkişafın ən böyük sisteminin formalaşmasıdır.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
“Cənnətin itirilmiş xəritəsi” - Bəli, insanlar ölür
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
"Əgər səni bu gün son dəfə yatmış vəziyyətdə görsəydim səni bərk-bərk qucaqlayardım və Allaha sənin üçün dua edərdim. Əgər sənin son dəfə bu qapıdan çıxdığını görsəydim, sənə sarılardım, səni əzizləyərdim. Əgər son dəfə sənin səsini eşitsəydim, sonradan dəfələrlə eşitmək üçün səsini qeyd edərdim. Əgər səni son dəfə gördüyümü bilsəydim, laqeyd-laqeyd üzünə baxmaz, sənə səni sevirəm deyərdim.
Hər zaman üçün bir sabah var və həyat bizə daha gözəl işlər görmək üçün fürsət verir. Əgər bugünkü fürsət əlimdəki son fürsətdirsə, sənə səni nə qədər sevdiyimi və səni heç vaxt unutmayacağımı söyləmək istərdim. Nə gənc üçün, nə də qoca üçün sabah olacağına təminat yoxdur. Bu gün sevdiklərini son dəfə görə bilərsən. Ona görə də çox gözləmə, işini bu gün gör. Əgər sabah bir daha gəlməsə, bir gülümsəmə, bir qucaqlaşma, bir öpüş üçün vaxt ayıra bilmədiyin və sevdiklərinin istəklərini yerinə yetirmədiyin üçün çox peşman olarsan. Sevdiklərinə yaxın ol. Onlara olan ehtiyacını etiraf et. Onlar üçün zaman ayır. Dostlarına onların sənin üçün nə qədər əhəmiyyətli olduqlarını göstər."
Qabriel Qarsia Markes - Son məktub
Bəli, insanlar ölür... Bəzən öz əcəli ilə, bəzən intiharla, ani bir qəzayla, vaxtsız amansız bir xəstəliklə, bir cinayətə qurban getməklə, məişət zorakılığı zamanı qətlə yetirilməklə, şəhidliklə. Düzdür şəhidlər ölmür.
Bəlkə də, onların heç biri ölmür əslində, biz ölüm qoymuşuq bunun adını, ölüm deyil bu, amma nəticədə aramızdan ayrılırlar. Bizdən ayrılıb cismən torpaqla qarışıb, ruhən yaradanla qovuşurlar.
Yaşından aslı olmayaraq bir vaxtlar qarşınızda olan danışıb güldüyünüz insan bir gün gəlir, torpaq olur, geriyə yaşananlar, xatirələr qalır sadəcə.
Şəkil qalır sadəcə, cansız, ruhsuz bir şəkil...
Bir kağız parçasında qalır insanın siması, bəzən bir video lentdə səsi qalır, gülüşü qalır. Hafizələrdə davranışları, sözləri, telefonlarda yazmış olduğu mesajları, sosial şəbəkələrdə profilləri, oradakı paylaşımları qalır.
Ətrafınızdakı insanları qırmayın, çünki insanlar da kəpənəklər kimidirlər əslində. Məsəl var bir kəpənəyin qəlbini qırdığınızda sabah üzr istəməkçün onu tapmaya bilərsiz.
Demirəm hər deyilənə boyun əyin, nahaq da olsa qəbul edin, ədalətsizliyə boyun əyin, demirəm sizi qırmalarına icazə verin, xeyr, əlbətdə ki xeyr.
Hər zaman ədalətli olun, haqqı, haqlını müdafiə edin, xarakterinizə uyğun davranın, amma çalışın insanlarla hər zaman elə rəftar edin ki, bir gün geriyə baxanda o rəftarınızdan utanmayasız, peşman olmayasız. Özünüz üçün edin bunu. Çünki vicdanın yükü çox ağır olur.
Məhəmməd peyğəmbərin çox gözəl bir sözü var deyir ki:
* "Bir-birinizin qədrini bilin, çünki bir-birinizdən zamansız və qəfil ayrılacaqsız '*
və deyir ki:
"Sevdiklərinizi bir gün onları incitmək üçün belə tapmaya bilərsiniz."
Bəli, necə deyərlər itirə-itirə gedirik hamımız ölümə tərəf, amma sadəcə sevdiklərimizi deyil ümidləri, arzuları, zamanımızı, gəncliyimizi, sağlamlığımızı, hər şeyi itiririk.
Hər şey dünyada qalacaq, yenə necə deyərlər kəfənin onsuz da cibi yoxdur, sadəcə günah və savablarımızı apararıq özümüzlə.
İnsanlar şəkil olur soyuq çərçivələrdə, divarlarda və ya bir albomun səhifələrində, soyuq bir məzar daşında. Bir gün hamımız şəkil olarıq.
Şəkil çox gözəldir əslində xatirələri yaşadır, unutmamağımıza kömək edir. Bəzən köhnə albomun səhifələrində rastına çıxan bir şəkildən unudulub, tozlanmış bir xatirə boylanır bizə.
Yəqin ki, buna görə çox zaman insanlar gözəl günlərdə həmişə şəkil çəkdirirlər və o gündən bir xatirə qalsın istəyirlər.
Amma deyirlər həm də çox insafsız bir şeydir şəkil, çünki bəzən bəlkə bir ömür boyu bir də yan-yana gələ bilməyəcəyin bir insanla bir ömür boyu eyni şəkildə yan-yana qalırsan.
İnsanları sevdiklərindən ayırmayın, onsuz da zamanla ölüm ayırır. Ölüm olmasa belə həyat da bu məsafələr ayırır, tale ayırır, insanlar ayırır. Sevdiklərinizə, övladlarınıza lazımsız qadağalar qoymayın, icazə verin hər şeyi qədərində yaşasınlar.
Demirəm, ağıllarına gələn hər şeyi etməyə icazə verin, pis işlər görməsinə, pis yollara düşməsinə, əlbəttə ki yox, qadağa deyəndə artıq qadağaları nəzərdə tuturam.
Lazımsız qadağalar qoymayın, buraxın bəzən səhvlər də etsinlər, olsun, çünki insan yaşamadan öyrənmir, icazə verin bəzən yıxılsın, dizləri qanasın, adam yıxıla-yıxıla böyüyər də, əsas odur ki, yıxılanda qaldırmaq üçün həmişə yanında olun. Qorxduqları deyil, hörmət edib, sonsuz güvəndikləri olun övladlarınızın. Əgər önlərində duracaqsızsa bu sadəcə iki səbəbdən ötrü olsun, ya qorumaq, ya da yol açmaq üçün...
Günümüzdə gənclərin, ən çox da qızların qarşısına qoyulan ən lazımsız qadağa da ali təhsildən, özünü inkişafdan məhrum edilməkdir.
Qarşılarına məhrumedici maneələr qoymaqdansa dəstək olun onlara, çətinliklərlə qarşılaşdıqları zaman çiyinlərinə toxunub onlara güc verə biləcək, inam yarada biləcək, sən bacararsan deyən doğma bir əl olun.
İnsan təkbaşına dağ olmur, amma arxasında dağ kimi dayanmış birinin varlığını hiss edərsə dağdan da böyük olur onun inamı.
Təhsil olmasa cəmiyyət necə inkişaf edə bilər ki? Oxumağa həvəsi olan, savadlı, istedadlı qızını ali təhsildən, özünü inkişafdan yayındıran bir valideyn bəlkə bununla cəmiyyəti gələcəyin savadlı bir alimindən, vəkilindən, həkimindən, bəlkə cəmiyyətin bugünkü vəziyyətini yaxşıya doğru dəyişə biləcək bir maarifçidən, yazıçıdan, millət vəkilindən, liderdən məhrum edir.
Fiziki cəhətdən ölüm olmasa belə, insanlar ruhən də ölür, unutmayın. Bəzən yaşayır sandığınız insanlar da içdən ölür. İnsanların ruhunun qatili olmayın. İnsanlar şüşə kimidirlər, onların cavan, qoca , güclü, zəif olmaqlarına, möhkəmliyinə, kimsənin zahirinə aldanmayın. Hər an qırılıb param-parça ola bilərlər.
Migel de Servantes demişkən:
"Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an qırıla bilər."
Bütün insanlar belədir əslində və ən çox da qadınlar.
Termos necə sınır bilirsiz də hər halda. Bəzən sözlər, davranışlar bərpası olmayacaq fəsadlar törədə bilər. Ən azından çalışın bu şüşə sizin əlinizdə sınmasın. Ən azından xatirələrdə gözəl qalın.
İnsanların həyatında gözəlliklərə səbəb olun, əgər bunu bacarmırsızsa ən azı fəsadlar da törətməyin. Bacarsanız, bir insana yaşama səbəbi olun, amma əsla insanların dünyadan küsmə səbəbi olmayın...
"Bəzən həyatın iki dəqiqəlik üzr istəyəcək vaxtı belə insanlara çox gördüyünü anlat. Onlara ölümün saatı olmadığını xatırlat."
(Mirəsgər Muradlı - “Ölümdən sorakı şizofreniya”)
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
Maddi-mədəni irsimizə erməni basqıları dünya gündəminə çatdırılmaqdadır
Bu gün Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gələn “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filminin təqdimatı keçirilib.
Təqdimat Bakı şəhəri Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsində baş tutub. Tədbirdə QHT sədrləri və rayon ictimaiyyəti nümayındələri iştirak ediblər.
Qeyd edək ki, layihənin rəhbəri Gəray Əlibəyov, filmin redaktoru Elnarə Məhərrəmova, quruluşçu rejissor Rais Bəhrami, quruluşçu operator Sənan Əlibəyovdur.
“Ədəbiyyat və incəsənət” portalı İB-yə istinadən xəbər verir ki, öncə şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açılış nitqi ilə başlayan filmin redaktoru, Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Elnarə Məhərrəmova Layihə haqqında məlumat verərək qeyd edib ki, “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmində məqsəd erməni saxtakarlığını dəqiq faktlarla, ingilis dilində Azərbaycan alimlərinin və mütəxəssislərin araşdırmasında dünyaya bəyan etməkdir.
Tədbirdə iştirak edən Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Riza-zadə, “Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova, İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov, “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin nümayəndəsi Arzu Əliyeva film haqqında öz təəssüratları ilə bölüşərək, bu filmin bölgələrdə və məktəblərdə yayımlanması təklifini irəli sürüblər.
Tədbirin sonunda Layihənin rəhbəri Gəray Əlibəyov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Soltan Soltanlının əsəri bu dəfə Cənubi Koreyada
Ötən gün Cənubi Koreyada "Müharibə və sülh" mövzusunda keçirilən 32-ci Beynəlxalq Karikatura Yarışmasının (32nd SICACO International Cartoon Contest, Korea 2023) kataloqu yayınlanıb.
Həmyerlimiz, tanınmış karikaturaçı rəssam Soltan Soltanlının yarışmanın “Şərəf ödülü"nə layiq görülən əsəri də bu kataloqda yer alıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Soltan Soltanlı məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Günün fotosu: Yaxın Şərq alova bürünüb
Günün fotosu: Yaxın Şərq alova bürünüb
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
HAMAS-ın İsrailə qəfil hücumu nəticəsində İsraildə ölənlərin sayı 600 nəfəri keçib, 2000-dən çox insan yaralanıb. 100-ə yaxın israilli isə ilk hücum zamanı oğurlanıb.
Qəzza bölgəsinə əks zərbələr endirən İsrail ordusu hücumçuların həmləsini bir qədər neytrallaşdırmağı bacarıb. 417 fələstinlinin öldürüldüyü, 2300 nəfərinin yaralandığı bildirilir.
“Euronews”un yaydığı fotoda xəsarət almış körpələr görüntüyə gəlir. Ölən və yaralananlar arasında körpələr də az deyil.
Bəli, müharibənin dəhşətli üzü bax budur.
Bu arada onu da qeyd edim ki, dünya birliyi birmənalı şəkildə baş verən münaqişədə İsraili dəstəkləyir. Yalnız Rusiya və İrandan, təbii ki, bir də ərəb ölkələrindən başqa.
Rusiya və İran bir daha öz simasını açıb ortaya qoymaqdadır.
Bizsə özlüyümüzdə münaqişənin sona çatmasını, sülhün bərqərar olmasını arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)