
Super User
Xalq artisti Azər Zeynalovun solo konserti keçiriləcək
Oktyabrın 20-də Heydər Əliyev Sarayında Xalq artisti, professor Azər Zeynalovun "Bir son bahar" adlı solo konserti olacaq.
Gecədə sənətçi öz könül oxşayan ifaları ilə musiqisevərlərin qarşısına çıxacaq.
Qeyd edək ki, "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı”, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. Həmçinin öz ifası ilə xeyli sayda xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxışlar edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.
Konsertə olan biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
Bu gün Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunacaq
BU GÜN ÜMUMMİLLİ LİDERİN ANDİÇMƏ MƏRASİMİNİN İLDÖNÜMÜDÜF
Bu gün - oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” (“Сердце лидера”) sənədli filminin təqdimatı keçiriləcək.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu film Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.
Filmin təqdimatı üçün 10 oktyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 10 oktyabr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə birinci dəfə Prezident seçildikdən sonra andiçmə mərasiminin keçirildiyi gündür.
Heydər Əliyev Azərbaycan xalqının tarixində mühüm rol oynayıb, dünya siyasətində silinməz iz qoyub. “Liderin ürəyi” sənədli filmində Mixail Qusmanın vaxtı ilə Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer, Zbiqnev Bjezinski və digər dünya siyasətçiləri ilə Heydər Əliyev barədə apardığı söhbətlər də yer alıb.
Məhz Heydər Əliyevin dövründə rəsmi Bakı beynəlxalq arenada öz mövqeyini gücləndirərək strateji tərəfdaşlarının sayını artırıb, ATƏT və BMT kimi təşkilatlarda Azərbaycan diplomatiyası intensiv xarakter alıb. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici şirkətlərin Azərbaycana irihəcmli sərmayələr yönəltmələrinə, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub.
Filmdə Heydər Əliyevin Mixail Qusmanla eksklüziv müsahibələrini, dəyərli fikirlərini dinləmək, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları görmək mümkündür.
Çəkilişlər Moskva, Bakı və Ulu Öndərin doğulduğu Naxçıvanda aparılıb.
“Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir. Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu isə film üçün şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib.
Film Azərbaycan və rus dillərində hazırlanıb.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
“Sənsizliyin Rəsmi” - ESSE
Pərvanə Seyidli, “Ədəbiyyat və incəsənət”
Qulaqcıqda "Sevən biri var" musiqisi çalır.
Gəl sənə bu musiqinin sədaları altında sənsizlikdən danışım. Göz yaşlarımla sənsizliyin rəsmini çəkim. Sənsizlikdə mən öz adımın nə olduğunu unutdum və mən sənsizliyin özü oldum.
Nitqim susdu, amma qəlbim susmadı. Elə hey səninçün döyündü. Qəlbimdə sevgin, biləyimdə sevginlə aldığın qolbağın var. Sənsizlikdə ölümün nə olduğunu ruhən daddım. Bilirəm, ikimiz də çox böyük yaralar aldıq. İzin ver bir ömür əlini tutum, sevgimlə yaralarımızı sarım və bir daha ayrılmayaq, əzizim.
Zaman hər şeyin əlacıdır deyirlər, butun yaraları sagaldır. Amma zaman səni mənə unutdurmur, əksinə, sənə olan sevgimi daha da dərinləşdirir. Əzizim, sənsizlikdə kimsələr göz yaşlarımı görmədi, qəlbimin fəryadını duymadı. Gecələr sənsizliyimin, göz yaşlarımın ümman olduğunun şahididir.
Əzizim, bilmirəm hardasan, necəsən indi ? Qəlbinin yaraları çox ağrıdırmı? Səndəmi mənim kimi nəfəssiz qalmısan? Nələr çəkdiyini görə bilirəm. Qəlbində qopan fırtınaların səsini duyuram. O incəcik uşaq qəlbini qırdım, ruhunu incitdim. Məni bağışlaya bilərsənmi?
Yenə əvvəlki kimi gözlərimə sevgi dolu baxarsanmi? Yenə darıxmışam deyərsənmi? Sənsizlikdə səni canımdan da çox sevdiyimi anladım. Mən sənsizlikdə də, səninlə danışdım. Səni necə sevdiyimi sənsizliyimə, göy üzündəki ulduzlara danışdım. Sənsizliyim də, ulduzlar da sənsizliyimə dözə bilməyib göz yaşlarına qərq oldu. Onlar belə dərdimə çarə ola bilmədi.
Bilirsən hər gün Allaha dualar edirəm ki, kaş ki bir möcüzə baş verərdi, sənli olan günlərə geri dönərdim. O zaman bütün varlığımla, sevgimlə səni elə sevərdim ki, sevgim belə səni mənə qısqanardı...
Və bir gün sənsizliyim bitəcək, yenidən sənli günlərimə geri dönəcəm. Buna varlğımla inanıram.
Mənə sevməyi öyrədən adam, səni bütün qəlbimlə sevirəm. Sevgini qəlbimdə, ruhumda hiss edirəm...
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
“Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab işıq üzü görüb
“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab ərsəyə gətirilib.
Nəfis tərtibatda işıq üzü görən kitab aşıq sənətinin və bu sənətə bağlı olan instrumental ifaçılığın inkişafında mühüm rol oynayan sazbəndlik sənətinə və sazbəndlərə həsr olunub.
Layihənin həyata keçirilməsinin məqsəd və vəzifələrindən danışan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, sazbəndlik bir sənət sahəsi kimi çox qədim tarixə malikdir, daha doğrusu, sazbəndliyin tarixi elə sazın, aşıq sənətinin tarixi qədər qədimdir: “Sazbəndlik sənəti və sazbəndlər olmasaydı, aşıq sənəti də bunca inkişaf edə bilməzdi. Zaman-zaman bir sənət sahəsi kimi, sazbəndlik də inkişaf edib, ustad sazbəndlər tərəfindən saz bir musiqi aləti kimi daha da təkmilləşdirilib. Sazbəndlik özünəməxsus incəlikləri olan, sazbənddən peşəkarlıqla yanaşı, aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə dair zəngin bilik və geniş dünyagörüşü tələb edən spesifik bir sənət sahəsidir.
Ancaq təəssüflər olsun ki, indiyədək aşıq sənəti və ayrı-ayrı ustad aşıqlarla bağlı çoxsaylı tədqiqatlar aparılsa da, sazbəndlik və sazbəndlər, demək olar ki, diqqətdən kənarda qalıb. Qədim sənət sahəsi kimi, sazbəndliyə və sazbəndlərə diqqətin artırılması, bu sənətin tədqiq və təbliğ olunması bu gün olduqca vacibdir”.
Kitab iki hissədən ibarətdir. Birinci hissədə mədəniyyətimizin çox mühüm qollarından biri, xalqımızın qədim və ölməz sənəti kimi 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş aşıq sənətinin ayrılmaz tərkib hissəsi olan sazbəndlik bir sənət sahəsi kimi diqqət önünə gətirilir, onun incəlikləri araşdırılır. İkinci hissə isə sazbəndlərə həsr olunub və burada ayrı-ayrı sazbəndlər haqqında qısa tanıtım məlumatı verilir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı kitaba yazdığı “Ön söz”də vurğulayıb: “Təəssüf ki, indiyə qədər sazla bağlı instrumental fəaliyyətin tarixi kökləri, evolyusion inkişaf dinamikası, bir sözlə, sazbəndlik sənətinin incəlikləri, onun zaman içərisində keçirdiyi dəyişikliklər heç də lazım olan səviyyədə öyrənilməyib. Bu barədə elmi monoqrafiya bir yana dursun, mənzərəni təqdim edən albom səviyyəli tanışlıq kitabı da hazırlanmayıb. Sözügedən istiqamətə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun ayrıca diqqət yetirmək cəhdini bu mənada xüsusi vurğulamaq və qədirşünaslıq duyğusu ilə dəyərləndirmək lazımdır.
Araşdırma səciyyəsi daşıyan və böyük zəhmət bahasına başa gələn bu əsərdə sazbəndliyin tarixi köklərinə diqqət yetirilməklə bərabər, sazın quruluşu, onun müxtəlif hissələri barədə məlumat çatdırılır, ayrı-ayrı sazbənd emalatxanalarındakı istehsal prosesi maraqlı tərzdə təqdim olunur”.
Kitabın elmi redaktoru ADPU-nun prorektoru, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova, elmi məsləhətçi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçilər filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli və ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli, müəllifi isə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Kitabdan folklor və musiqi araşdırıcıları, ölkəmizin müvafiq ali məktəblərində aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər, tədqiqatçılar və eləcə də geniş ictimaiyyət faydalana bilər.
(Yazı AzərTAC-ın materialları əsasında hazırlanıb)
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
BİR MÜƏLLİFDƏN BİR ŞEİR - “Yaxşıdı”
“Ədəbiyyat və incəsənət” portalı Bir müəllifdən bir şeir rubrikasında sizlərə Dursun Musayevanın “Yaxşıdı” şeirini təqdim edir.
Qar nə yaxşı göy saxlayıb otları,
Şaxta vurub soldurmasa, yaxşıdı.
Bəm üstündə çinlədiyim notları,
Tale zilə qaldırmasa, yaxşıdı.
Bu dünyadı, daş döyəsi canı var,
Bu ömürdü, əzəli var, sonu var.
Bu sevdanın xətası var, qanı var,
Məni qana saldırmasa, yaxşıdı.
Taleyimiz qoşa zərin dörd üzü,
Qismətimiz bu dünyanın dərd üzü.
Başımıza zəmanənin sərt üzü,
Qiyaməti qaldırmasa, yaxşıdı.
Biləmmədim bu fələyin qəsdi nə,
Biləmmədim əyri nədi, düzü nə,
Bu məhəbbət ikimizin üstünə,
Dost-düşməni güldürməsə, yaxşıdı.
Yazımızı belə yazıb baxt özü,
Hər yaranın çarəsidi vaxt özü,
Öldürsə də, şikayətim yox, düzü,
Bu dərd məni öldürməsə, yaxşıdı.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
İmişlidə “Vətən əmanəti” qısametrajlı sənədli filmin təqdimatı keçirilib
Ötən gün İmişlidə Qadın Hüquqlarının Himayə Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən əmanəti” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına İB-dən məlumat verilib.
İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatı Razi Nurullayev, şəhid ailələri, Qarabağ qaziləri, müəllim kollektivi və rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə tədbirdə dövlət himni səsləndirilib, sonra şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açılış nitqi ilə başlayan filmin redaktoru, Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Elnarə Məhərrəmova Layihə haqqında məlumat verərək qeyd edib ki, “Vətən əmanəti” qısametrajlı sənədli film Ali baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuzun 44 günlük keçdiyi rəşadətdən və böyük qələbəmizdən bəhs edir. Bu filmin əsas məqsədi gənclərimizin vətənpərvərliyə, döyüş əzmkarlığının artırılmasına, dövlətçiliyə və Ali Baş Komandanın ətrafında sıx birləşməsinə çağırış etməsidir.
Vətənpərvərlikdən bəhs edən bu qısametrajlı sənədli film, döyüşlərdə qəhrəmancasına həlak olmuş, xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş İsmayılov Elçin Mikayıl oğlunun həyatından və keçdiyi döyüş yolundan bəhs edir.
Sonra filmin təqdimatı həyata keçirilib. Filmin təqdimatından sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatı Razi Nurullayev, şəhidimizin anası Balaxanım Qulamalıyeva şəhidin qəhrəmanlıqlarından danışıblar, həmçinin film haqqında öz təəssüratlarını və fikirlərini bildiriblər.
Qeyd edək ki, Layihənin rəhbəri Həqiqət Məmmədova, ideya və ssenari müəllifi Gəray Əlibəyov, quruluşçu operator Sənan Əlibəyov, quruluşçu rejissor Rais Bəhramidir.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
ÖTƏN İL BU GÜN: Fərqli “genekoloji trillerlər” yazan Anni Ernonun Nobelə yolu hamarmı olub?
Ötən ilin bu günündə “Ədəbiyyat və incəsənət” portalının şərhçisi Kənan Məmmədli 2022-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Anni Ernonu trofeyə doğru aparan yollardan danışmışdı.
İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatın laureatı açıqlananda çoxları təəccübləndilər. Niyə? Əlbəttə ki, mükafata əsas namizəd fransalı yazıçı və şair –dünyaşöhrətli Mişel Uelbek idi. Laureat kimi də hamı məhz onu görürdü. Bu yandan başqa fransız - Anni Ernonun sanki göydən düşərək trofeyi aparması gözlənilməz oldu.
ANNİ ERNO KİMDİR?
82 yaşı var, ən məşhur əsərləri “Hadisələr”, "Boş şkaflar" və "Xarici həyat"dır. Xatırladaq ki, Nobel Akademiyasının təqdimatında deyilirdı: “ Anni Erno bu mükafatı “xatirələrinin mənşəyini, yadlaşma və kollektiv məhdudiyyətlərini aşkara çıxarmaqda göstərdiyi cəsarət və klinik dəqiqliyə görə” alıb. 1940-cı il təvəllüdlü Erno “Qadın”, “Hadisələr”, “İllər”, “Qızın yaddaşı” və s. əsərlərin müəllifi və bir çox ədəbi mükafatın laureatıdır”.
Beləliklə 10 milyon kron (təqribən 1 milyon dollar) Anni Ernoya qismət oldu.
Əvvəla ondan başlayaq, Anni Erno Azərbaycanda çox məhdud sayda oxuculara tanış olduğu kimi, elə dünyada da az tanınır. Yağlı tikə niyə çox tanınana deyil, az tanınana qismət olsun ki?
FEMİNİZM
Ən sadə məsələ - "Qadın", "İllər", "Adi ehtiras" kimi avtofiksional romanların müəllifinin laureatlığını yüksək bədii dəyərlərdə axtarmaq düzgün olmazdı, onun yaradıcılığının qızıl xətti ən yaxşı halda feminizm sayıla bilər, qadın mövzusuna vicdanlı yanaşma sayıla bilər. Nəzərə alaq ki, Anni Ernonun ən məşhur romanı – rejissor Odri Divan tərəfindən ekranlaşdırılmış “Hadisələr” romanı abortlar barədədir. Amma məsələ, əlbəttə ki, heç bunda da deyil.
ABORT QADAĞASI
Anni Erno ekzistensial, sərt, yaralayan və tamamilə qeyri-müəyyən nəsr yazır. Onun əsas qəhrəmanı - ənənəvi oriyentasiya və baxışları olan, gözəl Avropa qadınıdır, amma bu qadın sosial seçimin girovuna bənzəyir. Onun seçimi dəyişmək hüququ da yoxdur.
Məsələn, "Hadisələr" in əsas personajı Anna tələbədir, hamilədir və tam dalana dirənib: 1963-cü ildir, abortlar qadağan edilib, uşağın dünyaya gəlməsi onu təhsilini tərk etməyə məcbur edəcək, sonra isə çətin ki, təhsilə qayıtmaq mümkün olsun. Uşaqdan imtina üçün kifayət qədər gec müddətdə qız imalə və kanyulinin köməyi ilə gizli abortlar edən həkimin ünvanını ala bilir. Venesiyada sərəyan edən növbəti hadisələr Odri Divanın çəkdiyi filmdə xüsusən qabardılıb: qışqırmaq qadağandır, anesteziya yoxdur, hətta ağızda bir parça əski də yoxdur, sifət ağrdan deformasiyaya uğrayıb, ətrafda çoxlu qan var...
"Ginekoloji triller" janrında ənənəvi qadın romanlarından fərqli olaraq Erno soyuq intonasiyaya tərəfdardır. Anna yaxşı iş əldə etməyə və layiqli sosial statusa iddia etməyə imkan verən təhsil almaq, yaxud sadə qayğıların dövrəsinə məhkum edilmiş yoxsul fərd olmaq arasında seçim etməlidir. Əlbəttə ki, uşaq dünyaya gətirmək onu ikincilər sırasına yuvarladacaq. Seçim qəddardır, amma qız buna məhkumdur.
UELBEK HARA, ERNO HARA
"Qadın" romanının qəhrəmanı olan yazıçı qadınsa müti, səliqəli, zəhmətkeş və dərindən bədbəxtlik duyan evdar qadındır. Oxucu onu Paris ətrafındakı xəstəxananın geriatrik şöbəsində ölüm ayağında tapır. Amma "Hadisələr"ə qayıdaq. Gizli abort Annanı analıq şansından məhrum edəcək, amma təhsil almağın bədəli belə ağır olmalıdır.
Əslində, qismən də Uelbekin mesajlarını xatırladan Ernonun bədii mesajı məhz bundan ibarətdir. Bəli, söhbət Nobelə əsas iddiaçı olan Uelbekdən gedir. Mükafatsa ona deyil, ona oxşamaq istəyən Ernoya verildi. Təəssüf.
Müasir sosiallıq insanı tənhalığa, kökdən ayrılmaya, öz təbiəti və mənəviyyatı ilə qlobal münaqişəyə sürükləyən ağır patriarxal dünya düzəninin arxa tərəfidir. Feminizm - titanlı qabıqdır, ən azı səni yeməsinlər deyə lazımdır.
KÖHNƏ-YENİ TENDENSİYA
Ernonun mükafat alması, çox yəqin ki, Nobel komitəsinin diqqətini cəlb edən tendensiyadan xəbər verir. Dünya nə qədər sərsəm olsa da, ənənəvi burjua Avropası insan faciələrinin əsas səhnəsidir. Fransızlar müvəffəqiyyətli Anqlo-Sakson sxemini yenidən kodlaşdırırlar - onu qladiator arenasında, süngüyə keçirilən talelər və bədənlər şəklində göstərirlər. Mövzunun davamı 2021-ci ildə Kannda "Qızıl palma budağı" ilə taclanmış Cülya Dyukurnonun "Titan" əsəri sayıla bilər, orada cismanilik asta təsir edən bombadır, onu zərərsizləşdirmək də mümkünsüzdür.
SİYAHININ SUÇU
Ernonun qələbəsini proqnozlaşdırmaq çətin idi, təkrarlayırıq. Adı çəkili kateqoriyadan danışsaq, Erno daha çox mediada rəqiblərinin kölgəsində qalırdı. Yenə də Mişel Uelbekə qayıdaq. Qonkur mükafatı laureatı, ümumi vətənləri Fransada bir kult yaradan ədib. Hətta İslam dünyasının qatı düşməni Salman Ruşdi öz baxışlarına görə ciddi zərər çəkmişdisədə belə, Ernodan daha şanslı idi. Həmçinin siyahılarda dəhşət kralı Stiven Kinq və postmodernist-virtuoz Vladimir Sorokin də yer alırdı. Favoritlər arasında kanadalılar Enn Karson və Marqaret Etvudla Mariz Konde də var idilər. Sırada ən sonda 82 yaşlı Anni Erno dayanmışdı.
Deyəsən, münsiflər siyahını tərsinə tutub oxudular.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
31 ildən sonra…
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
26 Fevral, 1992
Düşün. Tam da orada başlayacaq hər şey. Bir səhər açacaqsan gözlərini və səndən geriyə heç nə qalmayacaq. Səni sən edən hər şeyi itirmiş olacaqsan. Əslində, bəlkə də elə o gündən sonra başlayacaq sənin mübarizən. Bəlkə də elə o gündən sonra qalib olmaq nədir, öyrənəcəksən. Bütün həyatın sadəcə bir neçə dəqiqə, bir neçə saatdan asılı olacaq...
Günlərdir küçədən gələn güllə, qışqırıq, acı səsləri, qan qoxusu kəsilmirdi. Nə müharibədən, nə də atadan xəbər yox idi. Tozanaqdan göz gözü görmürdü. Onsuz küçəyə çıxmanın da mənası yox idi, hər kəsi əcəlin qucağına atırdı bu acımasızlar. Ev də çox güvənli deyildi, amma nə isə...
Əslində bu xalq öyrəşib müharibəyə, savaşmağa. Amma nə qədər zaman keçir keçsin, dövr nə olur olsun, ölüm ağırdır...
Nəhayət bugün sükut vardı küçədə. Səhərdən səs-soraq yox idi.
Aylin gözü qapıda Adəmi görmək istəyirdi. Ancaq nə gələn vardı, nə də Aylinin ümidi. Yan otaqda 3 yaşlı Muradın ağlama səsi xaric heç bir səs yox idi küçədə. Sanki bütün dünya dağılmış, bəxtəbəxt bir onlar sağ qalmışdı.
Qapı döyüldü. Gəldi... Adəm gəldi!
"Aylin, cəld hazırlaş, gedirik."
"Hara? Nə oldu, nə baş verir? Adəm, yaxşısan?"
"Yox. Ermənilər hər yeri tutur. Canımızı qurtarmaq üçün qaçmaqdan başqa çarəmiz yoxdur. Muradı götür, tez ol."
Getdilər. Doğma yurdlarını buraxıb getdilər.
"Qapını bərk bağla. Bəlkə..."
İl 2023. Sentyabr
"Murad, hardasan? Hamı bizi gözləyir. Getmirik?
"Gəldim, gedək. Evin açarını axtarırdım."
"Hə, gedirik... Nurlan sənin evini görəcək, sənin doğulduğun evi görmək üçün elə mən də səbrsizlənirəm."
"Oğlum, gəl. Gedirik yurduma."
İllər öncə ermənilərin hücumlarından qaçarkən bir ayağını itirən 3 yaşlı Murad indi ailəsi ilə Xocalıya qayıdır. "Bəlkə"ni əkiblər və bu səfər bitib. Onlar yurdlarına qayıdır.
Xocalı. Küçələrdə 31 il öncədən qalan töküntüləri gördükcə insanın qanı donur. Muradın gözünə dağıntılar arasında bir oyuncaq ilişir. 6 yaşlı bacısı Sevincin gəlinciyi...
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
35-Cİ DƏRC
Ekspertlərdən mətnin davamı gəldi:
- Azərbaycan 1920-ci il aprelin 28-də XI Qızıl Ordu tərəfindən işğal edildikdən sonra Sovet hökuməti Sultanov qardaşlarına qarşı qərəzli mövqe tutub, Sultan bəyin qardaşı Xosrov bəy həbs edilib, Sultan bəyin silahlı dəstəsinin ləğv edilməsi üçün qərar çıxarılıb. Bundan istifadə edən ermənilər Zəngəzurda daha da fəallaşıblar. Həmin dönəmdə Sultan bəyin qəti mövqeyi nəticəsində və Azərbaycan İnqilab Komitəsinin Qarabağ və Zəngəzurda fövqəladə komissarı A.Şirvaninin, onun müavini S.Mahmudbəyovun təklifi ilə həmçinin N.Nərimanovun köməyi ilə Xosrov bəy həbsdən azad olunub. Həbsdən azad olunduqdan sonra Xosrov bəy Türkiyəyə mühacirət etsə də, Sultan bəy Laçında qalaraq ermənilərə qarşı mübarizəsini yenidən davam etdirib. 31 may 1920-ci ildə XI Qızıl ordu hissələri Zəngəzura yeni hücuma başlayıb. 23 iyul 1921-ci ildə Sultan bəyin hərbi dəstələri tərksilah edilib, özü isə İrana qaça bilib.
Baş Hakim səbirsizcəsinə “Onda o Sultan bəy olmazdı ki, bolşeviklərlə vuruşmasın” deyə fikir bildirdi, ekspert rəyi də məhz həmin mövzuya adladı:
-25 iyul 1921-ci ildə Sultan bəyin evi həmyerlisi, bolşevik Ə.Qarayev və Şuşa Qəza İcraiyyə Komitəsinin sədri S.Mahmudbəyov tərəfindən müsadirə edilib. Sultan bəy Türkiyəyə mühacirət etməyə məcbur olsa da, Azərbaycanda Sovet hakimiyyətini devirmək və doğma torpaqları azad etmək arzusundan əl çəkməyib. O, Xosrov bəylə İrana qaçmış milli hökumətin, millətçi müsavat partiyasının üzvlərinə maddi yardımlar göstərib. Sovet hökuməti, onun ən yüksək eşalonlarında yer almış erməni nümayəndələri Sultanov qardaşlarının hər addımını izləyib. Sultan bəy dəfələrlə İran sərhəddini keçərək doğma Laçına gəlirmiş, etibarlı dostları ilə görüşürmüş. Azərbaycan Təhlükəsizlik Nazirliyinə daxil olan məlumata görə, Cənubi Azərbaycanın Larıcan kəndində Sultan bəyin 250 nəfərlik silahlı dəstəsi sərhəddi keçməyə hazır imiş. Sovet hökuməti Sultan bəyin həbs olunması və ya İrandan çıxarılması üçün İran hökumətinə nota verib. Sultan bəy ordusu tərksilah edilərək təklənib, sonra İrandan çıxarılıb. O da məcburən Türkiyəyə - qardaşı Xosrov bəyin yanına gedib. Orada isə təkbaşına heç nə edə bilməyəcəyini anlayıb. Mübarizədən əlini üzməli olan Sultan bəy Türkiyədə də vəfat edib.
Hava tam qaralmışdı artıq. Baş Hakim mikrofonunu işə saldı, sözə başladı:
-Əziz Divan üzvləri, əziz tamaşaçılar, bu gün hamılıqda çox böyük bir müddət sərf etdik, çox gərgin işlədik, tarixin çox mürəkkəb bir dönəminə aydınlıq gətirdik. Bəşər tarixində ən böyük cinayətlərə imza atmış bir şəxsi – Andronik Ozanyanı mühakimə etdik. Hakimlər olaraq ona Divanın kəsdiyi cəzanı elan etmək istəyirəm!
Yaşlı hakim yerindən qalxdı:
-Möhtərəm Baş Hakim, sizdən acizanə sürətdə xahiş edirəm, son olaraq bir qaranlıq məqama da aydınlıq gətirək. Baxın, müttəhim bir qulağı sarıqlı gəzir. Axirət dünyasında hamı onu haçan görübsə məhz belə görüb – bir qulağı sarıqlı. Bunun sirri bilirsinizmi nədədir? Biz Divana başlayanda ilk gündə bu kürsüdən səsləndirdik ki, erməniləri ən çox qorxudan və narahat edən 10 məsələ var. Yox, bu məsələ 11-dir. 11-ci məsələ Andronikin tənzif altındakı qulağı barədə həqiqətdir.
Erməni sırası təlatümə gəldi, Andronik özü yerindən dik atıldı. Amma yaşlı hakim nitqini kəsmədi ki, kəsmədi:
-Andronik Ozanyan 1890-ci illərdə Osmanlı imperiyasına xəyanət etdiyi üçün cəza kimi onun bir qulağı dibindən kəsilib. Onun ən məşhur ayaması Tayqulaq Andronik olub. Onun şəkillərində, abidələrində indiki ermənilər bunu gizləyir, onu ikiqulaqlı göstərirlər, keçmiş videolarda isə kəsilən qulaq görünəndə fokusu itirərək obyekti dumanlandırırlar. Əlbəttə ki, ermənilər üçün onların ən böyük qəhrəmanlarının tayqulaq olması utanc gətirir.
Baş Meydanı uğultu başına götürdü, Baş Hakim böyük çətinliklə tamaşaçıların səssizliyinə nail ola bildi. Sonra yaşlı hakimin söylədiklərinə reaksiya bildirib yekun nitqini qaldığı yerdən davam etdi.
-Niyyətin hara, mənzilin ora. Qara niyyət mütləq insanı sonda qaranlığa qərq edər. Beləliklə, mən Andronik Ozanyan barədə hökmü elan edirəm, təbii ki, cəzanın nə olduğunu heç elan etməsəm belə hamınız gözəl bilirsiniz. Andronik Ozanyan qeybolunma cəzasına məhkum olunur. Belə ki, onun Axirət dünyasında yaşaması belə yolverilməz və təhlükəlidir.
Hamı ayaq üstə duraraq bu qərarı alqışladı. Baş Hakim xeyli gözləyəsi oldu ki, alqış sədaları bitsin və o, məhkuma söz versin.
Məhkum söz aldığını eşitcək ağır-ağır ayağa durdu, səsini çıxaran kimi tamaşaçılar necə uğuldadılarsa onun səsi eşidilməz oldu. Belədə Baş Hakim insanlardan xahiş etdi ki, qaydalara riayət etsinlər, humanizm göstərib ən antihumanist insana son sözünü deməyə izin versinlər.
Bu dəfə səssizlik yarandı. Andronik xırıltıyla söylədi:
-Əsas dünyadan köçərkən mənim 62 yaşım var idi, 1927-ci il avqustun 31-i idi, ABŞ-ın Kaliforniya ştatının Riçardson-Sprinqz şəhərində indiki kimi tutqun bir gün idi, öləcəyimi bilib general kitelimi geyinmiş, Rusiyanın, Bolqarıstanın və Ermənistanın təltif etdiyi orden və medalları yaxama taxmışdım. Mən onda qısa vaxt surəsində iki kəz son söz deyəsi oldum. Öncə bu sözləri söylədim: “Mən öz şəxsi həyatımda heç vaxt şəxsi rahatçılığımın, xoşbəxtliyimin ardınca qaçmamıçam. Mən daim yalnız bir şeyə cəhd etmişəm və bir şey naminə mücadilə aparmışam: öz xalqımın azadlığı və rifahı naminə. Mən öz fəaliyyətimin qiymətləndirilməsini belə arzulamıram, yalnız onu arzulayıram ki, xalqım xoşbəxt olsun.” Yaxınlarım mənimlə vidalaşdıqdan sonra isə ölümün nəfəsini hiss etcək daha bir kəlmə söylədim, söylədim ki, mən öz işimi yekunlaşdıra bilmədim. Bəli, türklərə sonadək qənim kəsilib, türk qanına susayıb bu dünyadan köçdüm. Burada zaman yoxdur, amma Əsas dünyadan gələn müttəhimlər, şahidlər var ki, danışıqlarından belə anlayıram ki, indiki bu real zamanla mənim dünyadan köçdüyüm zaman arasında çox böyük bir məsafə var, yüz ilə yaxınlaşmış ay, il, qərinə məsafəsi var. Mən xəbər tutmuşam ki, indi Ermənistan müstəqil dövlətdir, yenə də türklərlə müharibə aparır, Qarabağı işğal edib, yenə Rusiyanın köməkliyi ilə yaşayır, daxili və xarici siyasət qurur. Amma ondan da xəbər tutmuşam ki, bizim uğrunda vuruşduğumuz amala – Qarabağa sahib olsalar belə, müstəqil dövlət qursalar belə həmmillətlilərim xoşbəxt deyillər. Bax bu məni çox incidir. İnsanlar kasıbdırlar, dolanışıq yoxdur, gənclər gedib müharibədə ölürlər, qalanları da xaricə mühacirətə gedib.
Andronik azacıq susub fikrini tamaladı:
-Bu o anlam daşıyır ki, demək, bizim tutduğumuz yol düz yol olmayıb. Buna sadəcə təəssüflənirəm. Başqa heç nə demək istəmirəm. Heç kəsdən də üzr istəməyəcəyəm.
Yenə tamaşaçılar uğultu qopardılar, Baş Hakim hökmün icrasını tələb etdi, üzü qara örtüklü iki şəxs gəlib Andronik Ozanyanı səhnənin arxasına apardı.
Və həmin an yenidən möcüzə baş verdi. Leysan yağışı yağmağa, qarğa dəstəsi də qaqqıldaşa-qaqqıldaşa səhnənin üzərində dövrə vurmağa başladı.
Boşalmış kürsülərin arası ilə isə şiş papaqlı bir şəxs əllərini səmaya açaraq şeir deyə-deyə irəliləyirdi.
Bu dəni dünyayə havər eyləmə, bel bağlama,
Uyma xabi-qəflətə, yol üstə getdi karvan.
Ənbiyavü övliyavü üvsiyalar getdilər,
Padşahlar cümləsi xak içrə oldular nihan.
Bu, əllərini səmaya açaraq yağışda islanaraq şeir deyə-deyə irəliləyən şəxs Mir Mövsüm Nəvvab idi.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
“Ümidlərin dibçəyinə sevinc göz yaşı tökək...” - Şəlalə Adilqızının şeirləri
Redaksiyamızın poçtuna Sumqayıtda yaşayıb yaradan Şəlalə Adilqızının şeirləri daxil olub. Onların bir qismini bu gün sizlərin ixtiyarına veririk.
Gedişin də möhtəşəmdi ürəyimdə;
Gedən sənsən...
Tufan qopur gözlərimdə;
Gedən sənsən...
İstəmirəm, söyləmə də
Gedişinin səbəbini...
Sus!
Səmtini də demə mənə
Gedəcəyin uzaq yerin...
Baxmaram
Heç nəyə, heç kimə;
Mən də gedərəm səninlə.
Gedərəm...
“Sənsiz yaşamaram!” sözümə
Sahib çıxaram!
Dolayaram dikdabanıma dünyanı,
Çiynim üstdən arxaya ataram...
Və...
Və harda olsan,
Gəlib səni taparam!
***
Gözlərimə mil çəkərəm;
Əksin görən olmasın...
Dilimdə tikan əkərəm;
Adını bilən olmasın...
...Külli-aləm nakam qalsın
Sevgimiz boyda sirdən...
Sus!
Sən də pıçıldama eşqimizi dənizə...
Büküb-bürmələyib əmanət etmişəm
Eşqimizi ömür düyünçəmizə...
Sus!
Adını dilimdən,
əksini gözlərimdən,
səni ürəyimdən oğurlayan
pisniyyət fələk oyanar birdən...
***
Adına şəhadət gətirdim,
Rəsminə tapındım sənin...
Bir ağac əkdim adına,
Bir arzu kəsdim qurbanlığına...
Belə sevdim səni, əzizim;
Belə aldandım sənə...
Üzgünəm...
Günahkaram,
Bidətçiyəm, bilirəm...
Səni gözəl sevdiyim üçün
Allah babadan üzr istəyirəm...
***
Cənab yeməkpaylayan,
Menyunuzda eşq varmı?
Ədviyyatı səadətdən,
Sousu azadlıq olsun...
Əlimi silməyə kağız gətirmə,
Göz yaşı bəsimdi; sevincdən olsun!
Eşq bulağının suyundan dəmlə çayı,
Süz ovcuma;
Ömrə gəlib-gedənlərə
Yetməz fncan sayı...
Şokolad kağızından qəhqəhə çıxsın,
Dişləyim, ruhuma cüt qanad taxsın...
Uçum-uçum göylərə,
Ömür də Tanrı payı...
...Cənab yeməkpaylayan,
Hesabı yaz... Oldumu?
...Bir ömür xərcləmişəm,
Hesabın düz oldumu?
***
Sonunda sevdalıların
Muradına yetdiyi nağılları söylə mənə...
Arzulardan çay dəmləyim...
Xəyalları film kimi izləyək...
Deyək-gülək...
Ümidlərin dibçəyinə sevinc göz yaşı tökək...
Sonra...
Sonra da çıxaq vüsal şəhərinin
Ən yüksək nöqtəsinə...
Ordan seyr edək həqiqəti;
Ayrılığın ulduz –ulduz parladığı zülməti...
***
Ana
Anı yaşamağa qoymayanda
Uşaqlığı itiririk...
Bircə anda böyüyürük...
Ata
Ömrü çərçivəyə salanda
Özümüz qırırıq qanadımızı...
Arzularımızın önünə
“qırmızı xətt” çəkirik...
Qardaş
Önümüzdə “qara daş”dısa,
"Zəncirlənmiş Prometey"
xəyali dostumuz olur...
Bacı
Olmayanda “səbir daşı”mız,
Həmdərdimiz “Kerri bacı”,
Dərdimiz qorxusuz olur...
***
Gözünün yaşı söndürər
Yaşam eşqini; ağlama!
Gülüşün gülə döndərər
Ovcundakı dərdini: ağlama!
Bil ki,
Ömrə gələn gedəsidir; gülümsə...
Sev ki,
Sevgi dünyalararası
Savaşın atəşkəsidir; gülümsə...
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)