Super User

Super User

 

 

14 may 2024-cü il tarixində Belarus Respublikasının Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarev “ASAN xidmət” mərkəzi ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”in yaradılması məqsədləri, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. 

 

Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

 

Qonaq “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyaların təşviqi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildirib.

 

Bundan əlavə, Belarus Respublikasının nümayəndəsi "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

 

14 may 2024-cü il tarixində Belarus Respublikasının Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarev “ASAN xidmət” mərkəzi ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”in yaradılması məqsədləri, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. 

 

Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

 

Qonaq “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyaların təşviqi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildirib.

 

Bundan əlavə, Belarus Respublikasının nümayəndəsi "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycanın Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasından 102 il ötür.

Onu ilk öncə klassik musiqimizin, operettamızın inkişafında mühüm xidmətləri olmuş bir şəxs kimi səciyyələndirə bilərik. 

 

Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Keşməkeşli bir həyatı olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.

Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olub.

Bundan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edib. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları daha çox populyarlıq qazanıb. 

O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan xüsusən “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri” kimi məşhur filmləri göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.

Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.

Rauf Hacıyevin istedadı da daha çox məhz operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” olub, məşhurlaşan operetta 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı “Azərbaycanfilm” kinostudiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.

Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır. 

Ötən əsrin 70-ci illərinin sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm” Moskva Operetta Teatrında tamaşaya qoyulub. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanıb. Çünki həmişə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırmışdı. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.

1982-ci ildə Moskva Operetta Teatrında “Yolayrıcında” operettası öz səhnə təcəssümünü tapıb.

Bəstəkarın axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. Xüsusi olaraq televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə olub.

Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb. Ötən əsrin 60-cı illərində o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayıb. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür - “Ləzgihəngi” və “Yallı”nı bəstələyib. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. 

1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedib. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edib. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışıbkar.

R.Hacıyev ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycanın mədəniyyət naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.

Görkəmli bəstəkarımız Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Teymur Elçinin “Can nənəm” şeiri təqdim ediləcək.

 

Teymur ELÇİN

CAN NƏNƏM

 

Qucağında, nənə, sən

 Layla dedin mənə sən.

Mənim mehriban nənəm,

Əziz nənəm, can nənəm.

 

Böyümüşəm, nənə, mən,

Qoy tutum əllərindən.

Mənim mehriban nənəm,

Əziz nənəm, can nənəm.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası may ayında da çox gərgin iş qrafikindədir. Kitabxanada rəngarəng tədbirlər keçirilir. Oxucuları məlumatlandırmaq üçün kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərovaya müraciət etdik.

 

OXU SAATI   

Ondan başlayaq ki, mayın 3-də Bakı Kitab Mərkəzində Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə mərkəzin uşaq guşəsində görüş keçirdik. Görüşün qonağı ictimai xadim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti və “Ümidlə gəl”  xeyriyyə layihəsinin rəhəri Hacı Quliyev idi.

Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli  xüsusi internat məktəbinin və  177 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri və digər oxucular  iştirak edirdi.

Hacı Quliyev mərkəzə gələn şagirdlər üçün “Bizim böyük qələbəmiz” və Humayun Sevincin “Qarabağ şahzadəsi” kitabını oxudu.

Kitablardakı mətnləri sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilində “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin jest dili sədri və təlimçisi Şamil Sabirzadə təqdim etdi.

Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etmək idi.

 

 “ULU ÖNDƏRİN İŞIĞINDA”  

 

Mayın 7-də kitabxanamızda Ümummilli lider Heydər Əliyevə  həsr olunmuş “Ulu Öndərin İşığında” adlı kitabın təqdimat mərasimi keçirildi.

İstedadlı şagird, şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin İşığında” adlı kitabında Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli liderin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur.

Tədbirdə filologiya elmləri doktoru pr. Asif Rüstəmli, şair, publisist Əli Rza Xələfli,  “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Sevindik Nəsiboğlunun təhsil aldığı məktəbin  müəllim kollektivi, 1 nömrəli UGİM-nin dərnək üzvləri və digər qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açaraq çıxışımda qeyd etdim ki, Ulu Öndər Heydər Əliyev öz olkəsini gerçək müstəqilliyə qovuşdurmaqla nəhəng tarixi şəxsiyyət, qüdrətli və müdrik dövlət xadimidir. Azərbaycan xalqı yeni əsrə məhz Heydər Əliyevin parlaq zəkasının işığında qədəm qoymuşdur. Bugünkü müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Müstəqil Azərbaycanımızı qoruyub saxlamaq hər bir gəncin və hər bir azərbaycanlının vətəndaş vəzifəsidir. Bu baxımdan Heydər Əliyev irsinin təbliğ olunması və gələcək nəsillərə ötürülməsi vacib məsələdir.

Pr.Asif  Rüstəmli çıxışında təqdimatı keçirilən “Ulu Öndərin İşığında” adlı kitabın gənc müəllifinin Ulu Öndərə olan sonsuz sevgisini qeyd etdi. Həmçinin, Sevindiyin zəngin dünyagörüşü,  vətənpərvərlik ruhu, zehni, qabiliyyəti ilə seçilən bir gənc olduğunu qeyd etdi. O, gənc müəllifin kitab təqdimatının məhz Respublika Uşaq Kitabxanasında  keçirilməsi əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin istedadlı yeniyetmələrə dəstək olduğunu bildirdi. Belə istedadlı gənclər sayəsində gələcəkdə Azərbaycan ədəbiyyatının, poeziyasının, mədəniyyətinin, incəsənətinin daha da inkişaf edəcəyinə dair əminliyini dilə gətirdi.

Təqdimatda çıxış edən digər qonaqlar tərəfindən istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılmasında, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin təşkilinin əhəmiyyətindən söz açıldı, bu gün ölkədə həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dövlət siyasətinin əsas vəzifələrindən olduğu bir daha vurğulandı.

Məktəblilər gənc yazara suallar ünvanladılar. 15 yaşlı gənc müəllif bütün sualları böyük həvəslə cavabladıqdan sonra ən maraqlı sualı təqdim edən şagirdə öz kitabını hədiyyə olaraq bağışladı.

 

“BÖYÜK AZƏRBAYCANLI”

Mayın 13-də kitabxanasında yazıçı Zahirə Cabirin Ümumilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Böyük Azərbaycanlı” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə 7 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri iştirak edirdi. 

İlk öncə keçirilən təqdimatda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ümummilli lider Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlərə “Ana laylası” adlı slayd nümayiş etdirildi.

Kitabdakı hekayələr real tarixi hadisələr əsasında işıqlandırılmaqla ömrünü  sevdiyi xalqına, onun müstəqilliyinə, dövlətçiliyinə həsr edən, xalqın sevgisi və məhəbbəti ilə ucalan şəxsiyyət – Heydər Əliyevə həsr olunub. “Böyük Azərbaycanlı” adlı kitabın  ərsəyə gəlməsinin əsas məqsədi ulu öndərin uşaqlığını bir nümunə olaraq kiçik yaşlı oxuculara  təqdim etməklə, onun milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi yüksək mənəvi keyfiyyətlərini göstərməkdir. Ulu Öndərin keçdiyi həyat yolunu, yüksək mənəvi keyfiyyətlərini boyüməkdə olan gənc nəslə təqdim etməkdir. Bu, uşaqların ölkənin  layiqli vətəndaşları kimi yetişməsinə zəmin yaradacaqdır.   

Ümummilli lider Heydər Əliyevin  şəxsiyyəti, ideyaları, ömür yolu və irsi əsasında şagirdlərin dünyagörüşü zənginləşir, vətənpərvərlik, insansevərlik  hissləri artır. Onlar yaxşı nümunələrin, nəcib ideyaların əbədiyaşarlığı uğrunda mübarizəyə ruhlanırlar.

 

TƏLƏBƏ TƏQDİMATLARI  

13 may tarixində kitabxanamızda BDU–nun Şərqşünaslıq fakültəsinin Regionşünaslıq ixtisası üzrə istehsalat təcrübəsində olan IV kurs tələbələrinin təqdimat tədbiri keçirildi. 

Tədbirdə BDU-nin Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan, ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı, filologiya üzrə fəlsəfə doktoru Mehman Tarverdiyev, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnistitunun baş eksperti Mustafa Əliyev, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin Beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr bölməsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva ekspert qismində, tələbələr və kitabxana əməkdaşları iştirak edirdilər.

Çıxışımda qeyd etdim ki, istehsalat təcrübəsində iştirak edən tələbələr  kitabxananın xarici ədəbiyyat böməsinə aid  300 adda ərəb və fars dillərində yazılmış Misir, Suriya, Livan, Tunis, İraq, İordaniya və İran uşaq ədəbiyyatından nümunələri tərcümə edərək geniş məzmunlu, məlumat xarakterli, annotasiyalı araşdırmalarını təqdim edirlər.

Fakültənin tələbələri Muhammədəli Axundov “Ərəb və Fars dilli uşaq ədəbiyyatından mülahizələr”, Kamran Rəhmanlı isə “Ərəb və ərəb uşaq ədəbiyyatı” adlı mövzuda təqdimatı diqqətə çatdırdılar. Təqdim olunan videoçarxlarda qeyd olunmuş ölkələrin tarixi, coğrafiyası və ədəbiyyatı, xüsusilə uşaq ədəbiyyatının təşəkkül tapması və inkişafı haqqında məlumat verdikdən sonra ərəb ölkələrində müasir uşaq ədəbiyyatının inkişaf prossesi və tanınmış yazarlar haqqında ətraflı çıxış etdilər. Həmçinin, təqdimat Azərbaycan və ərəb dilllərində ədəbi nümunələrlə diqqətə çatdırılıb, tərcümə olunmiş nağıl, hekayə və  şeirlərdən nümunələr səsləndirildi. 

Təqdimatdan sonra ekspertlər öz fikirlərini və tövsiyələrini bildirməklə tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu etdilər. Həmçinin, kitabxana tərəfindən irəli sürülən ideyanın gənclər üçün faydalı olduğunu qeyd etməklə bu layihənin və əməkdaşlığın davam etdirilməsini məqsədəuyğun saydılar.

İstehsalat təcrübəsinin yekununda fakültə və kitabxana rəhbərliyinin iştirakı ilə tələbələrin təcrübə nəticəsində əldə etdikləri biliklərlə bağlı müzakirələr aparıldı, onların fəaliyyəti qiymətləndirildi. 

Tədbirin sonunda qonaqlar ərəb və fars dillərindən tərcümə olunmuş  kitab sərgisi ilə tanış oldular.

May ayı boyunca yenə də tədbirlərimiz davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

 

 

 

 

 

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin yaradıcı heyəti Özbəkistanda səfərdə olub.

 

AzərTAC xəbər verir ki, filmin çəkilişlərinin aparılacağı Türk dövlətlərində məkanların seçilməsi, heyət üzvlərinin müəyyən olunması, geyim və rekvizitlərin hazırlanması, həmçinin digər istiqamətlərdə bir çox işlər həyata keçirilib.

 

100 dəqiqəlik xronometrajı olan filmin rejissoru və ssenari müəllifi Vaqif Mustafayev, baş prodüseri Zaur Darabzadə, prodüseri Azər Quliyev, icraçı podüseri Tofiq Musayevdir. Ekran əsərinin çəkilişlərinə avqust ayında başlanılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Bildiyiniz kimi, tarixi romanlar müəllifi Yunus Oğuzu Özbəkistanda da maraqla oxuyurlar. Yazıçı nəşriyyat hesabına dərc olunur, əsas özəllik budur. Çünki çox az sayda yazıçımız xarici ölkələrdə nəşriyyat hesabına çap olunurlar. 

Yazıçı ilə bağlı Özbəkistandan növbəti xəbəri alınca yazıçının özünə müraciət etmək qərarına gəldik. 

 

-Yunus bəy, hər vaxtınız xeyir. Eşitdik ki, Özbəkistanda əsər nəşri ilə bağlı müqavilə imzalamısınız. Sirr deyilsə, söhbət hansı nəşriyyatdan gedir?

 

-Müqaviləni Özbəkistanın BƏYAZ MMC şirkəti ilə imzalamışam. Daha dəqiq desəm, direktor B. Tükliyevin təmsil etdiyi BƏYAZ MMC ilə mənim aramda Özbəkistan Respublikasının Mülki Məcəlləsinə və "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanuna uyğun olaraq müqavilə imzalanıb.

 

-Söhbət hansısa konkret əsərdənmi, yoxsa bütün yaradıcılığınızdan gedir? 

 

-Qeyd edim ki, bu müqavilə ilə mən yazdığım "Əmir Teymur" kitabının hüquqlarını sözügedən şirkətə verirəm. Şirkət kitabdan istifadə etmək, yeni mülkiyyət hüququnu satmaq və ya başqa yolla vermək yolu ilə əsərin nüsxələrini yaymaq, xüsusi səlahiyyət olmadan hər hansı dövlət orqanında və digər təşkilatlarda əsəri məhkəmədə müdafiə etmək imkanı əldə edir.

 

-Təşəkkür edirik.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Zaur İlhamoğlunun şeirləri təqdim ediləcək.

 

 

Qaçış

 

Biz bəzən qaçırıq öz-özümüzdən,

Sürətə baxmırıq, yola baxmırıq.

Elə qaçırıq ki, yolumuz üstə,

Sanki arxamızdan iz buraxmırıq.

 

Bu günü yaşayıb sabaha baxıb,

Görmürük dünəndə nə qaldığını.

Yaman unuduruq bugünkü günün,

Dünənin üstündə ucaldığını.

 

Babamız kahada yuva qurmuşdu,

Biz isə fəzada yuva yaratdıq.

Kahada yetişən düşüncələrdən,

Fəzalar kəşf edən idraka çatdıq.

 

Qaçdı öz-özündən insan övladı,

Atdı keçmişini, tamam unutdu.

Dünəndə özündən alçaq olanı,

Bu günü özündən yüksəkdə tutdu.

 

Gələcək yaratdı öz əlləriylə,

İmkanlar gözünə sonsuz göründü.

İnsanın zəkası, insanın ağlı,

İnsanı məhv edən qüvvəyə döndü.

 

Özü öz bəxtini yazmaq istədi,

Bilmədi bir zaman qələmi sına.

Allahın əliylə yaranan insan,

Düşərmiş Allahlıq iddiasına.

 

Amma düşünməyir qoca dünyanın,

Əzəldən kökündə bir qanunu var:

"Bir vaxt ağlasığmaz olan yüksəklik,

Bir gün də uçulub tamam məhv olar".

 

Bu qaçış, bu sürət, bu cür estafet,

Dünyanı içindən dağıdacaqdır.

Hansı ki, nöqtədən qaçış başladı,

Yenə o nöqtəyə qayıdacaqdır.

 

 

Şəkillərim

 

Düzdüm şəkilləri masanın üstə,

Baxdım şəkillərə, baxdım birbəbir.

Şəkillər ömrümdən keçən günləri,

Rəngli çalarlarla mənə göstərir.

 

Fəsillər əks olur şəkillərimdə,

Hər şəkil bir yazmış, bir qışmış demək.

Bir vaxtlar ömrümə sığa bilməyən

Zaman şəkillərə sığışmış, demək.

 

Hər biri xatirə... Gözüm önündən

Keçir bircə-bircə gözlərim dolur.

Niyə də dolmasın?

Dünən gördüyüm

Bu gün mənim üçün görünməz olur.

 

Niyə də dolmasın?

Dünən yanımda

Dayanan insanlar bu gün yoxdursa.

Niyə də dolmasın?

Yaş ilə yaşın,  

Dünənlə bu günün fərqi çoxdursa.

Hər şəkil ömrümün bir mərhələsi,

Keçir ömür yolum şəkillərimdən.

Baxdıqca hər şəklə geridə qalan,

Yaşanmış ömrümə qayıdıram mən.

 

Ax, uşaqlıq şəklim... Döndüm bir anda,

Həmin dəcəlliyim, şıltaqlığıma.

Ağlıma gəlməzdi uşaq olanda,

Şəkildən baxacam uşaqlığıma.

 

Bu ki məktəb vaxtı, əvəzedilməz,

O günlər, görəsən, nə tez dəyişdi?

Sinif yoldaşlarım, müəllimlərim,

Hamısı birbəbir yadıma düşdü.

 

Bu filan şəkildir, bu filan yerdir,

Təzə yaşanılıb bunlar elə bil.

Nələri geridə buraxdığımı,

Mənə asta-asta göstərir şəkil.

 

Zamanın hökmüdür - dəyişər günlər,

Zamanın hökmünə hər kəs baş əyir.

Bir zaman ömürdə yaşanan anlar,

Bir şəkil diliylə "əlvida" deyir.

 

Ömrünün cızdığın cizgilərindən,

Danışar şəkillər, dinər şəkillər.

Vaxt keçər, gün gələr, hansısa zaman

Şirin xatirəyə dönər şəkillər.

 

 

Gənclik nəğməsi

 

Zamanın qanunu, ömrün hökmü var,

Yaş üstə yaş gəlir, yaşlanır insan.

Dünənin sevinclə keçdiyi anı,

Bu günü özünə dərd sanır insan.

 

Qocalmaq istəmir yaş ötsə belə,

Ömrün nə qışında, nə baharında.

Nə qədər gənclik var, rəqs etmək istər,

Gənclik nəğməsinin sədalarında.

 

Gənclikdə doyumsuz yaşamaq eşqi,

Gənclikdə min arzu, min bir dilək var.

Gənclikdə vurulmaq, könül bağlamaq,

Gənclikdə yorulmaz sevən ürək var.

 

Gəncsən, qoyacaqsan dağı dağ üstə,

Qolunda güc vardır, dizində təpər.

Göyü titrədərsən, sənin əllərin

Göydən ulduzları başına səpər.

 

Gənclikdən başlanır keşməkeşli yol,

Ağır sınaqlarla üz-üzəsən sən.

Gəncsən, bilirsən ki, bu sınaqlardan,

Gəncliyin gücüylə keçə bilərsən.

 

Gənclik bir çiçəkdir, onun ətrini

İnsan ehtirasla içinə çəkər.

Sən ondan doymamış zamanın yeli,

Onun ləçəyini uçurar, tökər.

 

Sürətlə dövr edər ömür müddəti,

Bir göz qırpımında illər dəyişir.

Saçlar ağardıqca, üz qırışdıqca,

Görürsən gəncliyin sonu yetişir.

 

Arzular yaranır coşqun ürəklə:

"Nə olar gəncliyi yaşayım hələ"

Ömür qapısını açıb gedəcək,

Sən onu saxlamaq istəsən belə.

 

Gedəcək vəfasız sevgili kimi,

İstər başına döy, sinəni dağla.

Çalış, o anadək öz gəncliyindən,

Özünə bir şirin xatirə saxla.

 

Ötən gəncliyinə çox üzülmə sən,

Onun da müddəti, zamanı dolmuş.

Əsası odur ki, deyə biləsən:

- Mənim gör nə gözəl gəncliyim olmuş.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Wednesday, 15 May 2024 16:32

Bilirdinizmi? - SİZİN ÜÇÜN SEÇDİK

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Sizin üçün bu dəfə nələri seçdim? Həqiqətən də çox maraqlı məlumatları. Hansıları ki, çox bəyənəcək, yaddaşınızda saxlayacaqsınız. Mövzu yağışdır. Niyə yağış? Çünkü mayın ortası olsa da havalar yağmurlu keçməkdədir.

 

1. Portuqaliyada yağışın yağması işə getməmək üçün üzrlü səbəb sayılır.

 

2. Braziliyanın Para şəhərində sakinlər saatlarını yağışa görə tənzimləyirlər, çünki hər gün eyni vaxtda leysan yağır.

 

 3. "Yağışın ətri" dediyimiz qoxu olmur. Yağışa iy verən maddə "geosmin" adlanır.

 

 4. İlk dəfə radioda hava proqnozlarının yaranma səbəbi yağış olub. Amerikalı radiostansiya sahibi bir gün yağışa düşdükdən sonra radiosunda sutkada bir neçə dəfə yağış haqda məlumat verən yeni rubrika açıb.

 

 5. XVII əsrdə Böyük Britaniyada yağış haqqında qanun mövcud idi. Onun əsasında səhv məlumat verən sinoptiki edam edirdilər.

 

 6. Hidrometeorologiya mərkəzinin bütün ifadələrinin konkret mənası var. Məsələn, "qısamüddətli yağış" dedikdə yağış 3 saatdan çox davam etməyəcək, "yağış gözlənilir" dedikdə yarım gündən az davam etməyəcək mənasına gəlir. "Əhəmiyyətli yağıntı olmayacaq" yağışın yağmaması mənasına deyil, hər kvadrat metrə 0,3 litrdən çox yağıntı düşməyəcəyi mənasına gəlir.

 

7. ABŞ-ın Ohayo ştatının Uaynsberg şəhərində hər il 29 iyulda yağış yağır. Bu artıq 100 ildir ki davam edir.

 

8. Hər il yerə 519 000 km3 yağıntı düşür (hər km3 milyard ton sudur).

 

9. Ən ağır dolu 1986-cı ildə Gopalganja yağıb. Bir dolunun ümumi ağırlığı 1 kq-dan çox idi. Bu "yağışdan" 92 nəfər həyatını itirib.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Wednesday, 15 May 2024 14:40

Erməni pasiyent və həkim

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Bu günün işini sabaha qoyma. Ondansa bölgü apar: sabaha, biri günə, ta biri günə…

 

2.

Yaddaşımdan heç bir şikayətim yoxdur. Bəlkə də olur e, amma unuduram.

 

3.

Üzümün dadını bilmək üçün vacib deyil ki, kisədəkilərin hamısını yeyəsən. (Qadınlar barədə şərq aforizmi)

 

4.

Oğul böyüt, ağac ək və ev tik qaydalarını saxlanılan nikahdankənar qadınlar, ekoloqlar və inşaat materialları satanlar uydurub.

 

5.

Kim risk eləmirsə, o valeriyanka içmir.

 

6.

Yəhudi lətifəsi.

Bir erməni özünü qaçaraq klinikaya aallb deyir:

-Doktor, məni təcili axtalayın.

Həkim təəccüblənir:

-Siz nə danışırsız? Bu çox mürəkkəb bir əməliyyatdır. Təcili mümkün deyil.

-Yox e, doktor, öldü-qaldı məsələsidir, bu dəqiqə əməliyyata girməliyəm. Sizə ikiqat pul ödəyəcəm.

Həkim onu əməliyyata salır və narkoz altında axtalayır. Erməni narkozdan ayılanda həkim soruşur:

-Lütfən deyin, bu tələskənlik nə üçün idi?

-Doktor, mən bir yəhudi qızı elə evlənirəm.

-Sizə axı sünnət lazım idi.

-Bəs mən nə dedim ki? 

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Page 7 of 1480