Super User

Super User

Poetik Qiraətdə bu gün sizlərlə yenidən çox bəyəndiyiniz, çox sevdiyiniz ustad şair, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nuri görüşəcək, “Dünya özü boyda şirin almadı...” deyəcək. 

 

“Dünya özü boyda şirin almadı-

Hərə bir yanından dişləyib keçir...”, -deyir şair. 

Razılaşın ki, çox gözəl deyir. 

Xoş mütaliələr!

 

Dünya özü boyda şirin almadı...

 

Sən demə, ölüm də əkinçi imiş-

Torpaq ömürləri xışlayıb keçir.

Dünyada nə qədər köçəri quş var,

Mənim ürəyimdə qışlayıb... keçir.

 

Şeytana daş atan özü də cinmiş,

Sonuncu ümid də dünən keçinmiş...

Göy üzü üstümdən gəlib keçibmiş

Heyif ki, yanıma düşməyib keçib...

 

Deyəsən, o qızın SU idi adı,

Hara axıb getdi, niyə qalmadı?

...Dünya özü boyda şirin almadı-

Hərə bir yanından dişləyib keçir...

                          

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

Rubrikanı aparır: Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə mənimçün gözlənilməz olan tarixi romanlar müəllifi, siyasi icmalçı kimi tanıdığım Yunus Oğuzun şeir yazması oldu. Buyurun, siz də təəccüblənin. 

 

SONUNDA

Göy üzünü ha dəlsən də, dəlinməz,

Əməlinə nə yazdınsa, silinməz.

Əzrayıldı, Cəbrayldı biinməz,

Bir mələyə  tuş  olarsan son anda,

xxx

Sən insansan, nə heyvansan, nə sürü,

Qəzəbindən doğra çayı, yıx Kürü!

Əməlini sovur göyə, dağ  kürü,

Fəryadına gələ  bilməz sonan da.

xxx

Yığılacaq qalaq-qalaq daş indi,

Hər əməlin göz görməyən daşındı.

Yığış atam, yığış, ruhun daşındı,

Haqq-hesab var, tərəzi var sonunda.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

Tuesday, 14 May 2024 14:33

Əzizə Cəfərzadənin Turanı...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Mən Əzizə Cəfərzadənin təkcə oğlu yox, həm onun yazılarının ilk oxucusu və həm də tənqidçisi olmuşam. 20-22 yaşlarında idim. Özü deyirdi ki, mənim yazılarımı sən oxumadan çapa verməyəcəm. Mən onun yazılarını oxuyub fikirlərimi deyirdim, yalnız bundan sonra çap etdirirdi. İngiltərədə işləyəndə, bir dəfə gecə reysi ilə qayıtmışdım. Evə gələndə gördüm ki, publisistik janrda yazdığı bir yazını qoyub yazı masama. Oxuyub dedim ki, bu elə bil Əzizə Cəfərzadənin “Aləmdə səsim var”dan qabaqkı qələmidir. Etiraz elədi, dedi, yox, təzə yazmışam. Mən dediyimdən dönmədim: “Ola bilsin, təzə yazmısan, amma bu o dövrün qələmidir”. Müxtəlif arqumentlər sadalayıb məni aldatmaq istədi, alınmadı. Sonra boynumu qucaqlayıb gülə-gülə dedi ki,- “Sağ ol, oğul, ilinə qədər düz dedin. 1967-ci ilin yazısıdı, arxivimdə qalmışdı, çap elətdirməmişdim.” 

Ümumiyyətlə, tənqidi qəbul edən adam idi. Evdə onu hamı oxuyurdu. Qardaşları da, mən də, digərləri də. Və bizim rəyimizi öyrənmədən heç birini çap etdirmirdi.”- söyləyir.

 

Bəli, bu gün sizə Əzizə Cəfərzadənin oğlu Turan İbrahimovdan söhbət açmaq istəyirəm. O, 1961-ci ildə Bakıda dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. İxtisasca tətbiqi riyaziyyatçıdır. Hazırda neft sahəsində çalışır. Texniki elmlər üzrə fəlsəfə doktorudur...

Dostluqda çox sədaqətlidir. Xeyirxah, qayğıkeş, səbirli adamdır. Qavramaq qabiliyyəti, duyumu çox güclüdür. Ona etibar etmək, güvənmək olar. Əsas arzusu isə öz prinsiplərinə sadiq qalmaqdır...

 

Deyir ki,- “Həqiqətdə mən Əzizə Cəfərzadənin qardaşının oğluyam. Kiçik yaşlarımdan məni rəsmi şəkildə oğulluğa götürüb. Müharibə dövründə özünün qız övladı olub. O vaxtlar keçmiş “Sovetski” küçəsində yerləşən Pedaqoji məktəb hospital imiş, orada çalışırmış. Qızı körpə olanda, kimsə onu evlərindən hospitala, əmizdirməyə aparanda yolda yıxılıb və necəsə olubsa qızı başından zədə alıb, bir müddət sonra isə vəfat edib. Təxminən iki yaşında. Onun müharibə dövründə qələmə aldığı “Oyan, balacığım!”, daha sonralar yazdığı “Nətavan haqqında hekayələr”, “Cəlalliyyə”, “İşiğa doğrü” və başqa əsərlərində bu faciə öz təsvirini tapıb. Əzizə ana yeganə övladını itirməsinin acısını ömrü boyu daşıyıb. Bu acını nə qədərsə ovutmaq üçün bacım Kəmalə də çox kiçik yaşlarından onun evində yaşayıb. Amma onu övlad kimi rəsmiləşdirməyib. Məni isə rəsmi övladlığa götürüb, ona görə də soyadım Cəfərzadədən yoldaşının soyadı ilə- İbrahimovla dəyişdirilib...”

 

Yaxşı zövqu var, gözəllik aşiqidir. İnsanlarla mehriban rəftar edir. Dostlara çətin günlərində dəstək, təsəlli verməyi bacarır. Hisslərindən çox məntiqlə hərəkət etməyi sevən insandır. Risk etməyi xoşlamadığından səhvlərə də yol vermir. Başlayacağı iş üzərində uzun müddət düşünərək, hər addımını hesablamağı sevir və hazırladığı planın reallaşmasını səbrlə gözləyir...

 

“Əslində Aviasiyaya gedəcəkdim, qismət olmadı. Gözümdə problem çıxdı. Amma uşaq vaxtlarımda anamın yazı masasında əyləşib nəsə yazmağına böyük maraqla baxardım. Anam gün ərzində yazı makinasında 25 səhifə, 4 nüsxədə yazı yazırdı. Və mən sadəcə abzasları qaydasına salmaqda ona kömək edərdim. Demək olar ki, onun yazısı üzərində təzədən işləmək söhbəti olmurdu. Ona ilham həmişə səlis cümlələrlə gələrdi. O, artıq beynində redaktə edib o cür də üzə çıxarırdı. Ömrünün axırlarında isə yazı makinası ilə yaza bilmədi...”- söyləyir.

 

…Ötən gün haqqında söhbət açdığım, texniki elmlər üzrə fəlsəfə doktoru Turan İbrahimovun ad günüydü, 63 yaşı tamam olurdu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq.

Çox yaşasın!..

 

“Ədəbiyyat və incəsənət”

 

(14.05.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Hinduşka ətindən küftənin 

hazırlanma qaydasını təqdim edəcəyik.

 

ŞORBALAR

  DÜSTUR (nüsxə):

§ Hinduşka filesi – 130 qr

§ Kartof – 125 qr

§ Düyü – 22 qr

§ Yumurta – 40 qr

§ Soğan – 17 qr

§ Un – 22 qr

§ Albuxara – 11 qr

§ Alça qurusu – 11 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ keşniş – 10 qr

 

HAZIRLANMASI:

Hinduşkanın döş əti yuyulur, doğranır. Xırda doğranılmış soğan, bişiril- miş kartof, düyü, yumurta, un ətlə qarışdırılır. Hazırlanmış ət kütləsindən küftələr düzəldilir, içərisinə albuxara və ya alça qurusu qoyulur, hinduşkanın işgənəsində bişirilir. Süfrəyə veriləndə üzərinə keşniş səpilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

Tuesday, 14 May 2024 14:11

İnternatdan internetə

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Odessa lətifəsi

-Cənab Moyşa, bizə şübhəli gəlir, necə olur ki, siz evinizi yüksək məbləğə sığorta edirsiniz, səhərisi gün o yanır?

-Mən yəhudiyəm, niyə yalan deyim ki. Ev qəfil yandı. Mən və arvadım ürəktutması keçirdik. 

-Nə isə. Biz nümunəvi şirkətik. Hər halda, sığorta pulunu verəcəyik. Hansı əşyalarınız yanıbsa siyahıda qeyd edin.

-Çox sağ olun. Hamısını yazacam. Hətta  bir kanistr benzini də yazacam. 

 

2.

İçəridə olan, on ildir ki oturan iki məhbusdan biri o birisinə deyir:

-Bəlkə ayağa qalxaq?

 

3.

Ekologiyanı sağlamlaşdırmaq üçün ayrılan on milyon manat pula on milyon manatlıq “Yaşasın sağlam ekologiya” sözləri yazılmış plakat çap etdilər. 

 

4.

Gəncliyimizdə biz düşünmədən səhvlər edirik, amma yaşlaşanda hansı səhvləri edəcəyimizi müdrikcəsinə seçirik. 

 

5.

Keçmişdə biz uşaqların hamısı ya ailədən, ya da internat məktəbindən çıxardı.

İndisə bütün uşaqlar internetdən çıxır. 

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

YÜK

 

Tammetrajlı bədii filmin ssenarisi

 

2

 

Səhər yenicə açılıb. Elşad qaçqın şəhərciyinə aid olan tipik evlərdən birinin qapısı ağzında dayanıb. Qoltuğunda tutduğu, durmadan qaqqıldayan iri ağ qazı kiritməyə çalışır. Qaz kirimək bilmir ki, bilmir. Elşad, nəhayət, qazı ayaqlaırnın arasına salıb qapının zəngini basır.

Qapı bir az gec açılır. Doqqazda arıq, altmış yaşlı bir qadın görünür. Gözləri həyat eşqi ilə yanan qadın diqqətlə Elşada baxır.

Qadın: – Leyləkdir əlindəki?

Elşad: – Qazdır. Oğru görəndə səs salandan! Seyidə gətirmişəm. Evdədi?

Qadın: – Bu yaşdan sonra harda olacaq? Daha bütün günü evdədir. Keç görək. Ayaqqabını çıxartma. Döşəməni onsuz da yuyacam!

Elşad qazı qadına uzadır: – Sağlıqla yeyin! Amma yaxşı gur səsi var!

Qarı: – Səsini neynirəm? Toyda oxudub nəmər yığacam? Sağlıq da ki, qalmayıb daha! Əvvəl yavanım yox idi yeyəm, indi yavan var, dişim yoxdur!

Elşadla qadın Seyidin otağına keçirlər.

Xalçalarla döşənmiş otaq. Seyid Əhməd xalça üstə oturub.

Elşad keçib Seyid Əhmədlə qabaq-qənşər oturur.

Seyid Əhməd əlindəki telefonda kiməsə uzun-uzadı mesaj yazır.

Eyni zamanda əli ilə Elşada danışmasını işarə edir.

Seyid: – Buyur, oğlum, dərdini de!

Seyid başını qaldırmadan Elşada qulaq asır.

Elşad: – Seyid Əhməd dayı, səninlə məsləhətə gəlmişəm. Atam bildir öldü də, bilirsən. Özün basdırdın! Üstünü də götürmədik. Rəhmətlik vəsiyyət eləmişdi ki, məni Ağdamda basdırarsan. İndi olmadı da. Gec aldılar Ağdamı. Kişi burda öldü. Çatdırmadı. Deyirəm, indi Ağdam alınandan sonra şəriətə görə atamı qəbirdən çıxarıb Ağdama aparsam olar? Orda onu dədə-baba qəbiristanlığında babamın böyründə basdırmaq istəyirəm. Olar belə bir şey? Kitab belə işlərə nə deyir?

Seyid Əhməd Elşadın üzünə baxmadan, başını belə qaldırmadan mesaj yaza-yaza deyir:

– Əslində, dinə görə, insan harda öldü, orda basdırılmalıdır. Amma vəsiyyəti varsa, iş dəyişir. Niyə olmur? Əmanət qəbirdir də! Atanı bura müvəqqəti olaraq, amanat kimi basdırmışdın. İndi öz vəsiyyətinə görə qəbrindən çıxarıb arzuladığı yerdə basdırmağa aparırsan. Burda pis heç nə yoxdur. Onu qarət etmirsən ki? Niyyətin də təmizdir. Allah belə işlərə heç zad demir! Əksinə, yol açır! Xeyirli olsun!

Elşad: – Mən ona söz vermişəm, Seyid dayı. Bu mənim oğulluq borcumdur. Eləyəcəm də. Amma belə eləməklə Allahın, ya hökumətin qanununu pozmuram?

Seyid Əhməd: – Nə qanun, a kişi? Öz atandır da. Başqasının atasını Ağdama aparıb zorla basdırmırsan ki? İstəyirsən, sənə dilimdən kağız verim ki, düz eləyirsən. Rəhmətliyin “Yasin”ini də burdan ora havayı oxuyacam! Ağdama çatan kimi mənə zəng vurarsan! Get... Daha yubanma. Allah əgər yolunu açıbsa, işini tez həll elə. Siyasət çox köpəyoğlu işdir. Sən bilmirsən! Bir də gördün işlər yenə çevir oldu! Kişi də qaldı ömürbillah amanat qəbrində!

Elşad: – Allah səndən razı olsun, Seyid dayı! – deyib ayağa qalxır.

Bayaq qapını Elşad üçün açmış Seyid Əhmədin arvadı əlində iki çay dolu fincan otağa girir.

Seyid Əhmədin arvadı: – Hara gedirsən, a bala? Otur, çay iç də!

Elşad: – Sağ olun, tələsirəm! Gələn dəfə içərəm!

Seyid Əhmədin arvadı: – Gələn dəfə sən gələnə çay soyuyar axı, a bala!

Seyid Əhməd tərs-tərs arvadına baxır.

 

 

***

 

Elşadgilin evinin önü. Şər yenicə qarışıb.

O, iri dəmir beli və külüngü çiyni üstündən aşırıb maşınına doğru gəlir. Yüklüyü açıb külüngü və beli maşının arxadakı yüklüyünə yerləşdirir.

Elşadın anası qırmızı rəngli iri yorğanı və iri taxt döşəyini gətirib maşının arxa oturacağını döşəyir. Sonra ağlamsına-ağlamsına maşına oturub başını aşağı salır.

Elşad, nəhayət, maşının sükanı arxasına keçir.

Qonşu qadın maşının pəncərəsini döyüb Elşadın anasına pəncərəni açmasını işarə edir. Elşadın anası maşının pəncərəsini açır.

Qonşu: – Hara belə, Gülbəs bacı?

Elşadın anası: – Kişini Ağdama aparırıq!

Qonşu: – Hansı kişini?

Elşadın anası: – Elşadın atasını da! Qafarı!

Qonşu salavat çevirir...

Qonşu: – O da gedir?

Elşadın anası: – Hamıdan qabaq o gedir!

Elşad maşının mühərrikini işə salır....

 

Elşad qəbiristanlıqda atasının qəbrini qazır.

Tər içindədir.

Nəhayət, o, son dəfə əlindəki külünglə atasının sinə daşını vurub sındırır.

Kəfənə bükülü atasının sümüklərini qucağına alıb maşına tərəf gətirir.

Atasının ağ kəfənini maşının arxa oturacağındakı döşəyin üstünə uzadır. Sonra yorğanı atasının üstünə çəkir. Bayaqdan bəri oğluna dinməzcə tamaşa edən anası üzünü ərinə tutur.

Anası: – Sağ-salamat get, a Qafar, gözün arxada qalmasın! Mən də bir-iki ilə gəlirəm yanına. Qoy uşaqları yerbəyer eləyim, gəlirəm!

Elşad: – Dayan görüm sən də! Gəlirəm... Biriylə düz-əməlli bacarmıram... o biri də deyir, gəlirəm. Bu bahalıqda ölmək olar? Hara ölürsən köçhaköç vaxtı!

Anası: – Bə nə deyim daha? Soruşum necəsən? Orda nə var, nə yox? Sən get qəbrin üstünü ört ki, boş qalmasın. Boş qəbir müharibə gətirər!

Elşad qaça-qaça qəbiristanlığa tərəf gedir ki, açıq qəbrin üstünü tələsik torpaqlasın.

 

 

***

 

Səhərdir. Anası ağlamsına-ağlamsına Elşadın maşınının arxasınca su atır.

Elşad şəhərcikdən sağa dönüb Gəncə dairəvi yoluna çıxır.

Yağışlı bir gündür.

Elşad qabaq güzgüdən arxa oturacağa baxıb ucadan “atası” ilə danışır.

Elşad: – Allah işimizi xeyirli, uğurlu eləsin, ay ata! Allah səni tezliklə dədə-baba torpağımıza basdırmağa mənimçün yol açsın. Anam deyir, doğulanda məni Ağdamdan ta kəndə qədər əlindən yerə qoymamısan. Sənə gözaydınlığı verənlərə də “Oğul düşmən çəpəridir. Özümə dayaq daşıyıram, oğul daşımıram ha” demisən. İndi növbə mənimdir. İndi mən səni qucağımda özümə dayaq olsun deyə daşıyıram son mənzilinə!

Elşad geniş yoldan Ağdama tərəf dönür.

Yol ayrıcındakı iri banerin üstündə “AĞDAM. ŞUŞA. XANKƏNDİ” yazıları yazılıb.

 

 

***

 

Hərbi hospital.

Elşadın bacısı palatada bir yaralı əsgərin ayağının sarğısını dəyişir. O, hospitalda tibb bacısı işləyir.

Əsgərin ayağını sarımağı bitirdikdən sonra bir başqa əsgərə iynə vurur.

Palatada işlərini bitirdikdən sonra dəhlizə çıxır.

Hospitalın dəhlizi ilə gedir. Dəhlizin divarları boyu yaralı əsgər və zabitlər çarpayılarda uzanıblar. Yaralı çoxdur deyə palatalara sığmır.

Dəhlizi keçib ağır xəstələrin yatdığı reanimasiya şöbəsinə girir.

Reanimasiya şöbəsinin həkimi onunla görüşür.

Həkim: – Xoş gəldin!

Elşadın bacısı: – Salam, İmran həkim!

– Sən növbədə olanda arxayın oluram!

– Mən də sizi görəndə arxayın oluram, həkim!

Onlar iri şüşə arxasından görünən, indicə əməliyyat olunmuş xəstələrə baxırlar.

Həkim: – Müharibə bitsə də, yaralılar gəlməkdədir. İki saat əvvəl yenilərini gətiriblər. Ən ağırı əsgər Rüstəmzadədir. Hadrutda əsir imiş. On doqquz yaşı var. İnanmıram sabaha sağ çıxa. Əməliyyat elədim. Bədənindəki qəlpələri də çıxartdım. Ürəyi dözməyə bilər. Dili də tutulub. Bu gecə onu gözdən qoyma... səhərə çıxara bilsən, yaşayacaq.

– Çıxararam!

– Sabaha qədər! İki gecədir yatmıram. Gedim bir az mürgüləyim. Lazım olsam, zəng vur!

– Arxayın gedin, İmran həkim!

Reanimasiya şöbəsinin həkimi palatadan çölə çıxır.

Elşadın bacısı şüşənin o biri tayında çarpayıda huşsuz vəziyyətdə uzanmış əsgər Rüstəmzadəyə baxır.

Əsgər Rüstəmzadə ağır-ağır nəfəs alır...

Elşadın bacısının gözündən bir damçı yaş axıb yanağına doğru süzülür.

 

 

***

 

Elşad geniş magistral yolla Ağdama doğru gedir.

Qəfildən arxadan gələn avtoinspekter ucadandanışanla Elşadın maşınını saxladır.

Avtoinspektorun səsi: “QAZ 69”, sağa ver, saxla!”

Elşad maşınını yolun kənarına verib saxlayır.

İnspektor maşınından düşüb Elşada yaxınlaşır.

Kök inspektor yaxınlaşa-yaxınlaşa maşının köhnəliyinə işarə edərək:

– Maşını muzeydən qaçırmısan, ya tapmısan? – soruşur.

Elşad: – Atam bu maşınla Ağdamdan qaçqın gəlib. İndi mən sürürəm! Öz maşınımızdır! O da mənim kimi qaçqındır!

– Texosmotrdan keçirmisən?

Elşad  pəncərədən maşının sənədlərini inspektora uzadır.

– Bəli!

İnspektor sənədləri alıb baxır, sonra Elşada qaytarır.

– Nə aparırsan?

– Heç nə!

İnspektor maşının qabaq pəncərəsindən içəri boylanır:

– Maşında səndən başqa kimsə var?

– Bir atamdır, bir də mənəm! Ağdama gedirik. Şelli qəbiristanlığına!

– Oralara hələ heç kəsi buraxmırlar axı!

– Bizi buraxarlar. Qalmağa getmirik ha!

– Atan yatıb? Heç səsi çıxmır...

– Atam çoxdan ölüb. Ağdama basdırmağa aparıram. Doğulduğu kəndə. Bir-iki aya özüm də anamla bacımı götürüb ocağa qayıdacam!

– Necə yəni atam ölüb, ə? Neçə ildir onu harda saxlayırdın? Ölüm kağızı var? Bəlkə sən özün öldürmüsən atanı? Bir də, mən hardan bilim bu adam sənin atandır? Düş maşından görüm!

– Kağızı da var, sənədi də var! – deyə maşından aşağı düşür.

İnspektor arxa qapını açıb Elşadın atasının artıq sarımtıl rəngə çalan kəfəni üstündən yorğanı qaldırır.

Köhnə kəfəni və kəfənin içindən ancaq sümükləri sezilən “cəsədi” görən inspektor çevrilib tərs-tərs Elşadın üzünə baxır:

– Ə, sən nağayrırsan? Belə olar eləmək?

– Bizimki də belə gətirib də, neynəyim, rəis? Elə bilirsən mən niyyət eləmişdim belə olsun? Atam yazıq... nə ürəyi istədiyi kimi yaşadı, nə də ürəyi istədiyi kimi öldü. İndi də qismətinə bax. Kim istəyər dədəsini belə maşına qoyub mollasız, “Yasin”siz basdırmağa aparsın? Elə bilirəm arxa oturacaqda min ton yük aparıram, bir ucu da gəlib ürəyimi deşir!

İnspektor təəccüblə Elşadın üzünə baxır.

Elşad: – Bax buranı! – deyə əliylə ürəyini göstərir.

İnspektor: – Mənim işim ancaq maşındı, qardaş. Amma sənə yazığım gəldi deyə söyləyim. Başına iş açmamış qayıt dön geri. Atanı hardan çıxarmısan, qaytar ora da basdır. Sən şir ürəyi yemisən, ə. Günün günorta vaxtı adam da dədəsini gordan çıxarar ki, bəs aparıram hələ çölləri minalarla dolu olan vətəninə. Ə, dədən ağacdır? Adamdır e bu! Bəs qanun, kitab?

Elşad “cəsəd”in üstünü yorğanla örtür.

Atasının ölüm kağızını çıxarıb inspektora uzadır.

İnspektor Elşadın əlini geri itələyir: – Allah rəhmət eləsin! Get! Mən səni görməmişəm! – deyir.

Elşad maşına oturub mühərriki işə salır.

Maşın bir göz qırpımında uzaqlaşır.

İnspektor hələ də şokdadır...

 

 

***

Elşad geniş magistral yol ilə maşın sürür.

Yol kənarına düzülmüş insanlar cəbhə zonasına gedən hərbi maşınları saxlatdırıb içindəki əsgərlərə yemək, siqaret və su paylayırlar.

Elşad güzgüdən arxa oturacaqdakı atasının ruhsuz bədəni ilə danışır: – Əsgərlərdir! Yəqin, Ağdama gedirlər. Hayıf, öz ayağınla geri qayıtmaq sənə qismət olmadı. Seyid Lazım ağanın cəddi haqqı, kəntdəki evini dişimlə, dırnağımla təzədən qaldıracam! Pul qazanıb tikəcəm! Sənə saray tikəcəm e... elə belə yox... Sən məni ölü bit bilmə ha. Dedimsə, deməli, eləyəcəm. Sonra özüm də dönəcəm kəndə. Demə ki, əlindən bir iş gəlmir. Abrım qoymur, ay ata... yoxsa mən də çox iş görərdim. Amma yox, istəmirəm. Elə sənin kimi sadə ömür yaşayacam. Qaçqınlıq ölümdən də betər imiş. Bilirsən niyə? Burda doğulsan da, xatirən yoxdur e... Üstünə getməyə qəbirlərimiz də burda yoxdur. Tarixim sən idin də burda. Sənin də tapınağların Ağdamdaydı. Ona görə də geri dönmək istəyirdin. Üşümürsən? Bir az da döz! Az qalıb, çatırıq. Elə bilirəm ki, bədənin yoxdur deyə həmişə üşüyürsən!

Yol kənarındakı bir adsız kafenin qarşısında maşını saxlayır.

Maşından düşüb içəri girir.

Kafedə ofisiantdan savayı heç kəs yoxdur.

Elşad keçib boş masalardan birinin arxasında oturur.

Ofisiant yaxınlaşır: – Çay içəcəksən?

Elşad: – Səhər yeməyi yeyəcəm.

Ofisiant: – Yumurta da olsun?

Elşad: – Gətir!

Ofisiant: – Necə olsun? Suda, ya qızardım?

Elşad: – Suda olsun!

Ofisiant mətbəxə gedib kiçik pəncərədən aşpaza yemək sifariş verir.

Yeməkxananın divarından asılmış böyük ekranlı televizorda futbol oyunu nümayiş etdirilir.

Kafenin tavanında qaranquş yuva salıb. Balaları civildəşir. Hərdən ana qaranquş yem dalınca açıq qapıdan çölə uçur. Tez də geri qayıdıb dimdiyindəki yemi civildəşən balalarının ağzına qoyur.

Elşad ofisiantı səsləyir: – Xəbərlərə baxmamısan? Nə deyirlər, Xankəndiyə girdik?

Ofisiant: – Daha inanmıram. Ruslar gəlib bölgəyə. Deyir, böyük sülh olacaq. Qarabağda ermənilərlə birlikdə yaşayacağıq.

Elşad: – Ağdama buraxırlar, bilmirsən?

Ofisiant: – Hələ yox! Mina çoxdur, deyirlər. Həm də şəhərin daşı daş üstündə qalmayıb. Lap tutaq ki, getdin Ağdama. Neynəyəcəksən orda? Deyir, şəhərdə ruhlar adamın üstünə gəlir. Ermənilər şəhərin daşını da, ağacını da daşıyıblar İrəvana. Bircə məscid qalıb. Bir də itlər ora-bura qaçırlar.

Elşad: – Allaha gücləri çatmayıb da. Görürsən? Məscidi Allah qoruyur axı. Seyid Lazım ağanın cəddi qoyar məscidə xətər dəysin?!

Ofisiant mətbəxə gedib sinidə səhər yeməyini gətirir. Yeməyi masanın üstünə qoyur.

Elşad ucadan “Bismillah” deyib yeməyə başlayır.

Ofisiant: – Ağdamlısan, deyəsən. Geri qayıdırsan?

Elşad: – Hələ ki atamı qaytarıram. Yaya doğru, inşallah, özüm də köçəcəm. İş yerləri açsalar, günü bu gün qayıdaram. Maaşsız yaşamaq olmur da!

Ofisiant: – Sənətin nədir?

Elşad: – Heç nə. Dəvə dalı yağlayıram. Fəhlə.

Ofisiant: – Fəhləyə hər yerdə iş var. Qarabağı sıfırdan tikəcəklər. Burda hamballıq eləyənə qədər elə get öz evinin daşını at da! Düz eləyirsən qayıdırsan. Mən də qayıdacam!

Elşad: – Sən haralısan?

Ofisiant: – Zərdablı!

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

 

 

 

 

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu günəcən kimsəyə fanatlıq etməmişəm, sadəcə uşaqlıq illərimdə bir il yeni çıxmış bir gənc musiqiçi var idi, onu çox bəyənərdim, amma o istək də bir müddət sonra yox oldu. Və bir daha nə ona, nə kimsəyə belə bir duyğu hiss etdim. 

İstənilən yaş dövründə başqalarına qəribə baxardım. Onlar hansısa musiqiçini çox bəyənər, fanatlıq edər, mahnılarını əzbərə oxuyar, onun geyimlərindən almaq istəyər və s. Həqiqəti desəm, bu mənim üçün də  maraqlı bir şeydir. Bu hissi yaşaya bilməmişəm deyə bəlkə də məyusam. 

Heç “hansısa bir janrı daha çox sevirəm”  anlayışı da yoxdur məndə. Musiqi ilə bağlı yazılarımda da hər zaman yazmışam ki, mənə görə ən sevdiyim janr yoxdur, ən sevdiyim əsər var. Elə bir muğam olar ki, doymadan dinləyərəm, elə bir klassika olar ki, çox bəyənərəm, bəzən də elə ritmik mahnı olar ki, elə bilərəm ki, ən çox onu bəyənirəm. Bu xüsusiyyətimi həm bəyənirəm, həm də yox. Amma fanatizmdə ən bəyənmədiyim bilirsiniz nədir?!

Fanatı olduğun insanın düşüncəsi ilə həyata baxmaq. Bax bu insanları mən sadəcə "dünyaya kiçik pəncərədən baxanlar" adlandırıram. Həmin o fanatları qatığa qara desə hamıyla dava edib qatıq qaradır deyəcək qədər düşüncəni mənimsəmiş insanlar var. Adını çəkmək istəmədiyim bir reper var. Bu gün əksər uşaqlar, yeniyetmələr, gənclər onun fanat ordusudur.  Məncə də o insanın düşüncələri fərqli və maraqlıdır. Amma unutmayaq ki, bu onun düşüncələridir. Bizim yox. Biz sadəcə dinləməli, oxumalı, bəyənəriksə, alqışlamalıyıq, amma bizim düşüncəmiz kimi dərk edib öz düşüncəmizə təsir etməyinə imkan verməməliyik. Çünki həyatı öz beynində analiz etməyib, öz düşüncələrini formalaşdırmayıb, hansısa bir şəxsin dilindən həyatı eşidirmiş kimi davranıb, həyatı onun həyatından öyrənmək mənə görə heç də doğru deyil. Onun çətinliklə yaşadığı həyatdan çıxardığı nəticələrdən kifayətlənib həyatı kar, kor, lal kimi yaşayıb həyatdan qaçmaq, mücadilə aparmamaq, həmin şəxsi həyatın mərkəzinə qoyub, ondan başqa həyat yoxmuş kimi davranmaq  sadəcə psixoloji problemlərin olmağından xəbər verə bilər. 

Fanatizm bəzən bir xəstəlikdir. Əsas da yeniyetmələrin çox tez xəstələndiyi xəstəlik.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

İmran Verdiyev, Azərbaycan  Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Abbasov Qəni Allahverdi oğlu 1884-cü ildə İrəvan quberniyasının Üşkilsə (Eçmiədzin) qəzasının Ağcaqala kəndində anadan olmuşdur. 1918-ci ildə deportasiyaya məruz qalaraq ailəlikcə qısa bir müddət Gəncədə, daha sonra Şəki rayonunun Cəyirli və Qayabaşı kəndlərində yaşamışdır. Sonralar keçmiş Vartaşen (indiki Oğuz) rayonunun Yaqublu kəndində məskunlaşmış və ömrünü burada başa vurmuşdur.

 

Erməni vəhşiliklərinin canlı şahidi olan Q.Abbasov əsl el ağsaqqalı, çox hazırcavab və şair təbiətli bir şəxs olmuş, öz seirlərində doğma yurd-yuvalarından qovulmuş insanların ağrı-acılarını, içtimai bəlaları və nöqsanları təsvir və tənqid etmişdir. Onun şeirlərindəreal həyat həqiqətləri əks olunur.

Qəninin şeirlərini oxuduqca biz yalnız surətləri yox, eyni zamanda yaşanmış və yadda qalan həyat lövhələrini görürük. AYB-nin üzvü mərhum yazıçı-publisist, “İncəsənət” qəzetinin naşiri və redaktoru Ə. İbrahimov Qəninin şeirlərindən bəhs edərək deyirdi: “Bu şeirlərdə həyatın mənasına dərin hörmət və heyrət özünü göstərir. Onun hər bir şeirində həyat lövhələri, sadə insanların həyatında baş verən tipik lövhələr və aktual problemlər təsvir olunur”.AYB-nin və Jurnalistlər İttifaqının üzvü tanınmış jurnalist P.Qurbanov isə deyirdi ki, Qəni əminin şeirlərində nağılvari təfəkkürün – sözün həqiqi mənasında şairanə təfəkkürün işartıları hiss olunmaqdadır.

Təəssüf ki, bu şeirlərin çoxu yazıya alınmamış və itib-batmışdır. Lakin Qəninin bəzi şeirləri və duzlu-məzəli söhbətləri bu gün də kənd sakinlərinin dilində dolaşmaqdadır.

Erməni vəhşiliklərini öz gözləri ilə görən  insanlardan olan Qəninin şeirlərinin çoxunda  doğma Ağcaqalanın təbiəti və insanları, adət-ənənləri, doğma  ata-baba torpaqlarından qovulmuş, məhv edilmiş, döyülmüş, təhqir olunmuş, var-yoxu əlindən alınmış minlərlə soydaşımızın ah-nalələri öz əksini tapmışdır. O, qanlı hadisələri, qırğınları unutmur, faciə qurbanlarını daim anır, xatirəsini daim əziz tuturdu. Məsələn, “Sənə”, “Mən iki dünya görmüşəm”, “Bizik dedim” və digər şeirlərində Qəni baş vermiş bu hadisələrə - erməni vandalizminə öz münasibətini bildirir. O, bu şeirlərlə sanki ötən əsrin əvvəllərində erməni vəhşiliklərinin qurbanı olan, soyqırıma məruz qalan azərbaycanlıların haqq səsini dünyaya çatdırmağa çalışırdı.

Onun “Veribdi”, “Sürünəcəm”, “Məhəmməd dayı”, “Olduq”, “Çəkirəm”, “Dəlik daşa” və “Nərimanova şikayət”  şeirlərində isə sonrakı haqsızlıqlara qarşı üsyan edilir.

Q.Abbasov AXC-nin maaarif və dini etiqad naziri N. Yusifbəyli ilə şəxsən tanış olmuşdur. Qəninin 1919-cu ildə N.Yusifbəyli ilə görüşdə söylədiyi “Bizik dedim” şeirindən bir parçanı oxuculara təqdim etməklə onların tarixi yaddaşlarının oyaq qalacağına və erməni daşnaklarının xalqımızın başına gətirdikləri fəlakətləri unutmayacaqlarına əmin olmaq istədik:

 

Dağıstan yeddi alvızdı,

Qaşqınlar yapa-yalnızdı.

Daşnak İrəvandan qalxızdı,

Yurdu talan bizik dedim.

 

Dağıstanın dağı qardı,

Qaçqının işi azardı.

Qaymaq yeyənlər qızardı,

Sərfə qusan bizik dedim.

 

Kəndin adı Qayabaşı,
Qaçqınlar qalıbdı naşı.
Yoxdu içimizdə qoçubaşı,
Başsız qalan bizik dedim

 

Bu görükən Bayan düzü,

Qaçqınlar kəvərə süzü.
Ya əllisi, ya da yüzü,
İsitmə olan bizik dedim

 

Qəninin N.Nərimanova mənzum məktubları da maraq doğurur.Bu məktublardan birində o, deportasiyaya məruz qalmış yurddaşlarının ağır həyat şəraiti və problemləri barədə N.Nərimonova  məlumat verir və kömək istəyir:


Iki calğaynan burda bənd olduq,

Altmış kənd yığıldıq bircə kənd olduq.
Az qala acından məzara dolduq,
Şikayət edirəm, Nərimanov, sizə


Bu müraciətlərin nəticəsində N.Nərimanovun şəxsi tapşırığı ilə qaçqınlara əkib-becərmək üçün torpaq sahələri verilmiş və onlar su ilə təmin olunmuşlar.

Qəninin “Çəkirəm”, “Sən gələsən”, “İndi” və digər şeirlərində isə 1941 – 1945-ci illər müharibəsinin dəhşətləri təsvir olunur. 1941-ci ildə Moskvada kənd təsərrüfatı sərgisində iştirak edən Q.Abbasovun müharibə haqqında təsəvvürləri daha da genişlənir. O, öz şeirlərində müharibənin bəşəriyyətə fəlakət gətirdiyini söyləyir, insanları sülhə və əmin-amanlığa çağırır. Bu şeirlərdən müharibənin dəhşətləri barədə çox şey öyrənmək olar. O, müharibə mövzusunda olan şeirlərinin bəzilərini cəbhədə olan oğlu Əsgərə və qaynı Məmmədə həsr etmişdir. (Onların hər ikisi müharibədə həlak olmuşdur.) Belə şeirlərdə ata nisgili və kədər sezilsə də, düşmənə dərin bir nifrət və intiqam hissi hakimdir.

Q.Abbasovun öz həmyerliləri və müasirlərindən Namaz oğlu Məhəmmədə, Əliyə, Heydərə, Rüstəmə və başqalarına müraciətlə qələmə alınmış şeirləri, həmkəndliləri Məmməd, Hüseyn və Oğuzun Xaçmaz kəndindən olan usta Şirinlə deyişmələri də maraq doğurur.

Geniş dünyagörüşünə malik olan şair Qəninin dilindən söylənmiş bir sıra sözlər və ifadələr idiom, ibarə və aforizmlərə, atalar sözü, lətifə və zərbi məsəllərə çevrilmiş və bu gün də kənd sakinlərinin dilində dolaşmaqdadır.

 

Qeyd: verdiyimiz şeir nümunələrində şeir texnikasının şərtləri pozulsa da, biz onları aradan qaldırmağı lazım bilmədik.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim etməkdədir. 

 

 

MƏCHULLUQ

Bir qız dayanıb sual işarəsinin külək döyən hissəsində,

Bir bulud  atıb özünü qızın  ayaqları  altına

səma evinin ən üst qatından.

Bir küçə yağışa meydan oxuyur,

Bir ləpir küçəyə.

Bir pəncərə udur buludun  göz yaşlarını,

Bir xəyal məktub yazır Tanrıya gecənin adından.

Bir pişik siçan deşiyi axtarır ağzındakı  ovunu rahat-rahat aşırmaqçun qaranlıqda.

Bir ağac asılır üzüaşağı ayağından.

Bir qoca nəvəsiyçün şar üfürür asta-asta, nigaran-nigaran,

Nəfəsi ilişib qalır havada.

Bir rəssam sevdiyi qızın şəklini köçürür gözlərindən varağa, 

Bir sevgi üşüyür  kirpiklərinin  ucunda.

Bir ana  köynək toxuyur əsğər oğluna,

Bir hörümçək tor  bağlayır baxışlarında. 

Bir gecə səhərə  tərəf yeriyir ağır-ağır,

Bir səhər dincini alır gecənin dizi üstə.

Bir  köpək gecəyə ulayır , küçəyə ulayır , yağışa, küləyə ulayır.

Bir daş fır-fır fırlanır  köpəyin səsi üstə.

Bir damcı  işıq damır gecənin yanağına,

Bir oğlan üzük şəkli taxır adsız barmağına.

 

BİR SEVGİ DOĞULURDU

Gecənin yuxusu tökülürdü  gözündən

küçələrə, səkilərə, dalanlara, 

Ağaclara, binalara.

Ay gülümsəyirdi dənizə

Göyün üzündən,

Şəkli sulara düşürdü. 

Ulduz-ulduz oynayırdı dalğalar qaranlıqla,

Ləpələr bir-birilə öpüşürdü.

Sahil  bardaş qurub oturmuşdu

Gecənin kölgəsində.

Hardasa bir söz yol gəlirdi qələmin ucunda ,

Bir sevgi  doğulurdu "Əlvida" kəlməsində.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış edirəm.

Buyurun, faydalanın.

 

Yarmalar və paxlalılar

1.     Mərci (bitki mənşəli proteinlə, vitaminlərlə, zülalla boldur, toxluq vermə xüsusiyyətinə malikdir).

2.     Lobya (zülal bolluğuna görə onu ət və balıqla bir tutmaq olar, mikro və makroelementlərlə zəngindir, bir çox xəstəliklər zamanı pəhriz qidasına daxil edilir, xərçəng və ürək xəstəliklərindən qoruyur, çəkini, qan şəkərini tənzimləyir).

3.     Qəhvəyi düyü (qanda şəkərin miqdarına, arterial təzyiqə, mədəaltı vəzə müsbət təsir göstərən dietik məhsuldur).

4.     Yulaf (30% sellüloza, «pis xolesterin»in səviyyəsini azaldan beta-qlyukana malikdir).

 

Növbəti dəfə sizlərə qozlar və tumlar təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

 

Page 10 of 1480