Super User

Super User

Bu gün  Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarələrinin tabeliyində olan musiqi, incəsənət məktəb və mərkəzlərinin direktor və direktor müavinləri üçün Mədəniyyət Nazirliyi tərəfindən təlim təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təlimdə iştirakçılar 70 nəfər olmaqla 6 qrupa bölünəcəklər. Təlim 15 saatlıq olmaqla 5 istiqamət üzrə -"İdarəçinin düşüncə tərzi", "Effektiv ünsiyyət", "Emosional zəka", "Liderin 4 xüsusiyyəti", "SWOT analiz və planlaşdırma" və "Vaxtın idarə edilməsi" mövzularını əhatə edəcək.

Təlim müasir dünya təcrübəsi əsasında, yeni dövrün tələblərinə uyğun rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyində olan işçilərin daha effektli idarə edə bilmə səriştələrini, məktəb idarəetməsində müasir yanaşmalar, mədəniyyət və yaradıcılıq sahələrində idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, həmçinin güclü və  zəif tərəfləri, imkanları və təhdidləri müəyyən etmək, təhsildə keyfiyyətin və digər mövzular üzrə bilik və bacarıqlarını artırmasını özündə ehtiva edir.

Təlim başa çatdıqdan sonra iştirakçılara sertifikat veriləcək. 

Təlim Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunur.

Onu da qeyd edək ki, ilk analoji təlim mayın 13-də keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Bakı Muzey Mərkəzində Azərbaycnın görkəmli folklorşünas alimi, professor Vaqif Vəliyevin 100 illiyinə həsr olunmuş təntənəli gecə keçirildi.

 

Gecədə Vaqif Vəliyev barədə xatirələr söylənildi, onun sevdiyi simfonik musiqi parçaları səsləndirildi. 

Əslən Qazax mahalından olan Vaqif Vəliyev unudulmaz ziyalı, dərs dediyi Bakı Dövlət Universitetində tələbələrinin sevimli müəllimi olub. 

Saz-söz sevgisi, Səməd Vurğuna olan rəğbəti onu ədəbiyyata gətirib. Elə namizədlik dissertasiyasını da Səməd Vurğunun yaradıcılığı barədə yazıb. 

Folklorumuzun ən dərin tədqiqatçısı kimi o, özündən sonra yadigar olaraq bir neçə tədqiqat əsəri, çoxlu kitablar qoyub.

Vaqif Vəliyev Azərbaycan Respublikasının Xalq artisti Ülviyyə Hacıbəyovanın atası, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin əmisi, tanınmış jurnalist Aytac Carçıyevanın babasıdır.

Musiqi nömrələri gecəyə xüsusi gözəllik qatdı. Ülviyyə Hacıbəyovanın fortepianoda səsləndirdiyi Soltan Hacıbəyovun “Adajio”su isə xüsusi rəğbətlə qarşılandı.

Yeri gəlmişkən, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun qardaşı, görkəmli bəstəkar  Soltan Hacıbəyov Vaqif Vəliyevin qudası olub. 

Tədbirdə bir çox tanınmış şəxslər, o cümlədən dahi Qara Qarayevin qızı Züleyxa Qarayeva, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, ədəbiyyatşünas Məti Osmanoğlu, publisist İlqar Əlfioğlu, yazıçı Varis, böyük Səməd Vurğunun nəticəsi, pianoçu Vurğun Vəkilov, Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova və digərləri iştirak edirdi. 

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Friday, 17 May 2024 17:05

Lazım olsa, zəng vurar

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. Əminik ki, dodaqlarınızı qaçırır bu hekayələr. 

 

 

Çay qoyuna bərabərdir

 

Ankarada Gülhanə Hərbi Tibb Akademiyasında baş komandanın müavini, bir polkovnik Xeyrəddin Qoca ilə tanış olandan sonra, "çox məmnun oldum, sizi evə dəvət edərəm, bir çay içərik" - deyir. X.Qoca yazıçı Anarın oğlu, o zaman AzərTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Turala tərəf dönür və ona pıçıldayır:

- Tural, buralarda adama çay vermək, bizlərdə qoyun kəsmək kimi bir şeydir...

 

Lazım olsa, zəng vurar

 

Cib telefonu zəng çalır. X.Qoca telefonu götürür:

- Sən hava limanına get. Qonaqları götür. Ünvanı bilirsən. Axşam məni hava limanında qarşılayarsan. Oldu? Sağ ol! - telefonu qapayır. Heç bir şey olmamış kimi, söhbətinə davam edir. "Bağışlayın, zəng edənə danışmağa imkan vermədiniz, o kim idi?" - deyə iş yoldaşı ondan soruşur.

Xeyrəddin Qoca duruxur:

- Düz deyirsən, vallah. Yazıq heç nə deyə bilmədi, axırda bircə "tamam" dedi. Sürücümdür. Lazım olsam, yenə zəng vurar.

 

(Davamı olacaq)

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Friday, 17 May 2024 14:03

Meşənin yerində park

1.

Bol müştərisi olan yüngül əxlaqlı qadın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisdir həm də. 

 

2.

-Niyə şikayətlənirsiz? Bax sizin maaşınız 75 faiz yüksəkdir.

-Necə, necə? Keçənilkindən? Bu hansı hesablama sistemidir ki?

-Keçənilkindən yox. Gələnilkindən! 

 

3.

-İdmanın əksər növü ilə məşğul olmuşam. Körlinq, futbol, hokkey, reqbi, maneələr üzərindən tullanma…

-Bəs indi niyə olmursuz?

-Oğlum dəyyus kompütürimi sındırıb.

 

4.

İnsan elə yaşayır, sanki heç ölməyəcək. Və elə ölür, sanki heç yaşamayıb. 

 

5.

Varlı ailələrdə qadın isterikası brilyant qaşlı üzüklə, yaxud şuba ilə başa çatır. Kasıb ailələrdə isə göz altında finqalla.

 

6.

Bahalı saat sənin saatını bahalı edəmməz. 

 

7.

Meşəni yarırlar. 

Yerində park salacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”

 

Mənə danışma ağrıdan, acıdan. 

Mənə danış xoşbəxtlikdən. Axı mənə maraqlı deyil bildiklərim, maraqlıdır, danış bilmədiklərimdən. 

Danış mənə aldığın rahat yuxudan. 

Danışım mən də sənə gördüyüm kabuslardan. Səhər günəş şəfəqlərinin qəlbinə necə doğduğundan danış. Danış mənə səhərdən, danışım sənə gecədən. Danışım sənə səhərin üstünü örtdüyü, gecənin qabığını qopardığı yaralarımdan. Danış mənə çiçək açmasından, danışım sənə səhradakı kolluqdan. Danış küləyin həznindən mənə, danışım sənə o küləyin qəddini əydiyi ağaclardan. Danış mənə gülüşlərini, danışım sənə o gülüşlərin ardında gizlənən kədərdən. Danış mənə bağırışlardan, danışım sənə səssiz haraylardan. 

Danış mənə aldığın nəfəsdən, danışım sənə kəsilən nəfəsimdən. 

Danış mənə uşaqlığından bu günə qədər saxladığın oyuncaqlardan, danışım sənə gizlətdiyim bıçaqlardan.

Danış yazlardan mənə, danışım qışlardan sənə. Danış sənə alınan bahalı hədiyyələrdən, danışım sənə məhrum edildiyim sevgidən. 

Danış mənə xoşbəxt ailə tablosundan, danışım sənə bir dam altında yaşayan yad insanlardan. 

Danış mənə isti çayından, danışım sənə bacasından tüstü çıxan soyuq evlərdən. Danış mənə yorulan bədənindən, danışım sənə usanan ruhumdan. 

Danış mənə dəniz mavisindən, sənə dəniz dalğasından, boğulmaqdan danışım. 

Danış mənə, sevinclə baxan gözlərdən, danışım sənə qan ağlayan qəlblərdən. Danış mənə parlaq gələcəkdən, danışım sənə kəsilən ümidlərdən. Danış mənə danışmadıqlarını, danışım sənə susdurulduğum cümlələrdən. Danış mənə sevgidən, danışım sənə yanlış insana olan doğru hisslərimdən. Danış mənə barmaqlıqların ardında yatan məhkumlardan, danışım sənə azad məhbuslardan. 

İzah et mənə var olduğum halda yox olmağı, mənasızlıq içində məna, anormallıq içində normallıq axtarmağı.  

Sən gəl, belə et. Danış mənə yaşamaqdan, mən isə, danışım sənə yaşayaraq ölməkdən.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Mərəçüyüd qovurmasının 

hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR (nüsxə):

§ Mərəçüyüd – 130 qr

§ Soğan – 26 qr

§ Yumurta – 40 qr

§ Yağ – 30 qr

§ Duz – 4 qr

Xörək əlavəsi:

§ qatıq – 50 qr, sarımsaq – 2 qr

 

HAZIRLANMASI:

Mərəçüyüd yuyulur, doğranır, pörtlədilir və süzülür. Mərəçüyüdün sünbüllü hissəsi təmizlənməlidir. Soğan bol yağda qovrulur. Üzərinə mərəçüyüd əlavə edilib vam odda bi- şirilir. Tam yağa düşdükdə üzərinə yumurta vurulur. Süfrəyə sarımsaqlı qatıqla verilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

 

Eşqin hekayəsini dayanmadan fəryad edən bülbüldən deyil, səssiz-sədasız can verən pərvanədən soruş." (Mövlanə)

 

Dəyərli Əlizadə bəy, bəs, Siz, eşqə necə tərif verərdiniz?

 

 CAVAB:

 

Eşqin tərifini bu dünyada heç kim bilmir, bəlkə də. Tərifini bilməsəm də, məncə, o, ən böyük TƏRİFƏ layiqdir. 

 

 Qarışqadan soruşmuşlar: 

 -Hara gedirsən? 

 -Sevdama doğru.

-Bu ləng yerişlə ona çata biləcəksənmi?

-Çata bilməsəm də, yolunda ölərəm! 

 

 Məncə, eşq budur! 

Eşq yanmaqdır. Ostrovski deyirdi ki: "Kim ki, yanmır, o, his verir"

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Friday, 17 May 2024 11:32

Aynur Ədilin cavabsız məktubları

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün debüt vaxtıdır, Aynur Ədilin “Cavabsız məktublar” hekayəsi təqdim edilir.

 

 

Aynur ƏDİL

 

 

CAVABSIZ MƏKTUBLAR

 

Sənə yenə yerli-yersiz məktub yazıram. Bu, neçənci cavabsız məktubdur? Heç özüm də bilmirəm. Amma, görünür, bu sənə yazdığım sonuncu məktubdur. Təsəvvür də edə bilmirəm ki, bu məktubu necə sonlandıracam... Axı illərdir öyrəşmişdim sənlə bağlı yazmağa, yaxud elə sənə yazmağa. Bəlkə də, üzündə xəfif bir gülümsəmə belə yaranırdı yazdıqlarımdan dolayı. Sən hisslərini büruzə verən olmamısan deyə, mən tərəfdən sənə gələnlərin səni xoşbəxt etdiyinə, yoxsa səni bezdirdiyinə əmin olmamışam heç vaxt. Hazırda isə əmin olduğum tək şey var: sənə olan bütün hisslərim bir filmin final səhnəsi, şedevr əsərin son cümləsitək sona çatır. Bilirsən, sevən insan üçün sevgi heç vaxt yük olmaz, deyirlər. Ancaq sevilən tərəf yorduqdan, erkən qocaltdıqdan sonra o böyük sevgi zamanla nifrətə, sonra isə ümumiyyətlə, bütün hissləri itirməyə gətirib çıxarır. Əbəs yerə deməyiblər ki, çox böyük sevgi nə vaxtsa nifrətə çevrilir, ya da o qədər çox sevmə, bir gün nifrət edərsən deyə. Nə vaxtsa düşünsəydim ki: sənə vida edirəm, yaxud əlim sənin əleyhinə yazılar yazır, bəlkə də, gülməkdən keçinərdim. İndi isə hər şey tərsinə çevrildi. Bax elə indicə əlimi ürəyimin üstünə qoyub haqqında düşünəndə ritmlər dəyişmir. Həyəcanla səndən gələn zəngləri gözləmirəm. Adını təsadüfən hardasa eşidəndə o ad üzümü güldürmür hər zamankı kimi. Bəzən isə yol gedərkən, maşının pəncərəsindən ətrafa boylanan zaman digər bir maşının nömrəsində adlarımızın baş hərflərini yan-yana görəndə xəyallar qurmuram. Asan olduğunu deyib ikimizi də aldatmayacam. Bəli, çox çətin oldu illərdir içimdə böyütdüyüm sevgini bir gecə yarısı çox düşünüb, götür-qoy etdikdən sonra bitirmək. Görəsən, bu sənin qələbəndir, yoxsa mənim? Sənmi məni özündən soyutmaq istəyinə nail olmusan, yoxsa mənmi artıq tökülən, ağaran saçlarıma güzgüdə baxarkən əvvəlki özümü tapa bilməyəndə ayılmışam ki, bu sevgi məni bədbəxt edir, bəlkə də, ikimizin də qələbəsidir. Bax yenə sonuncu dəfə yazıram deyib, hər şeyi çox uzatdım həmişəki kimi. Necə ki çoxdan yanından çıxıb getməyim lazım olduğu adamın yanında artıq qaldığım kimi... Elə isə məktubumu oxuyuram:

“Bilirəm, həmişəki kimi sonuncu məktubum da cavabsız qalacaq. Ancaq hər şeyə rəğmən, sənə yazmaq yenə də məni rahatlandırır. Elə bilirəm ki, illərin yükünü yavaş-yavaş azaldıram üstümdən.  İllərdir sən tərəfdən mənə ümid işığı gəlməsə belə, mənim səndən günəşi gözləməyim isə yenə də mənim səhvim olsun.  Hə, bu dəfə gedirəm və heç nə gözləmirəm. İnanırsan, həyatımda baş verən dəyişikliklərin, qazancın və bəzən isə itkilərin sürətinə özüm də çata bilmirəm. Heç nə arzuladığım kimi getmir. Nə iş həyatım, nə ürəyimə yeni aldığım insan, nə də təzə tanış olduğum dostlarım. Elə bilirəm, qürbətdə, dilini bilmədiyim ölkədə, yadlar içərisində, parkda itkin düşən azyaşlı uşaq kimiyəm. Hiss etdiklərimi anlayan və dilimdən nəsə başa düşən heç kəs yoxdur. Şairin də dediyi kimi: "mən adam tapmıram adam içində..." Hərdən şükür edirəm ki, qələmim var və yaza bilirəm. Ən azından hər şeyimi bölüşməyə ağ vərəqlərim var. Məni başqa kim anlayır ki, öz yazılarımdan başqa?! İstəmədiyim hər mühitdə həyatıma davam etdikcə özümə bu cümləni xatırladıram: "Sakit ol. Sən yazıb-yaratmağı bilirsən. Hər nə yaşasan, yaşadıqlarını kitaba, məqaləyə çevirəcəksən və həm özün rahatlaşacaqsan, həm də özündən sonra iz buraxacaqsan". Və bunları düşündükdən sonra mənə yaşamaq cəsarəti, sevgisi gəlir. Bəlkə də, bütün bu qəzəb, aqressiya, boşluğun əsl səbəbi gedənlərin yerini heç kəsin əvəz edə bilməməyinə görədir. Onlar hər zaman bizdən bir parçamızı mütləq özləri ilə götürüb aparırlar. Eh, o qədər itkilərin içərisində nə ehtiyac var idi axı sənin də məni tək qoymağına?! Özün bilirsən bir il əvvəl uşaqlığımın məsum, saf çağlarını birlikdə paylaşdığım, böyüdükdən sonra isə qürbətdə yaşadığına görə arabir üzünü gördüyüm canımdan, qanımdan olan birini torpağa tapşırmışdım... Hamı deyirdi ki, zaman keçdikcə dünyadan köçənlər unudulur və insan soyuqqanlı olur. Elə olmadı amma. Və bir də anladım ki, hər deyilənə inanmaq olmaz. Bir də görürsən, gecənin bir yarısı elə sızlayır ki yaralar... Nəfəsi də çətinliklə alıram. Bunları ancaq vəfa, sədaqət və sadiqlik kimi hissləri daşıyanlar bilər. Duyğularını itirən azğınlaşan insanlar üçün nə fərqi var ki kim getdi, kim qaldı? Onlar bu dünyaya, sadəcə, qəlbi təmiz insanlara zərər vermək üçün gəlirlər.  Bu məktubum fərqlidir, hə?  Həmişə sənə yazan şıltaq, həyat dolu qızın notlarına bənzəmir, deyəsən? Bəli, bunun ən böyük günahkarlarından biri də sənsən. Yaşadıqlarım öyrətdi mənə gözümüzü açdığımız bu ucsuz-bucaqsız kainatda yalnız və yalnız özümüzə görə yaşamalı olduğumuzu. Nə mənası oldu özümü sənə fəda etməyimin? Bildinmi qədrimi? Özünlə tək qalanda, hər kəs yanından çıxıb gedəndə bircə anlıq da olsa, yad etdinmi məni və sənə olan böyük sevgimi? Sən ancaq belə sevilməyi ya romanlarda oxuya, ya da filmərdə izləyə bilərdin. Real həyatda şahid olduğun üçün, yəqin, bu sevgi səni də çaşdırıb...

Bilirsən, sənin üçün burnumun ucu göynəyirdi hər saniyə, hər an. Sən isə sevgisizliyin ayrılıqdan daha betər olduğunu öyrətdiyin gündən darıxmağı da unutdum. Bəlkə də, ürəyimin dərdinliklərinə ensəm, yenə də səni taparam. Amma ona əzab verdiyini bildiyi halda, bir quyuya tərar niyə düşmək istəsin ki bir insan?! Yeri gəlmişkən, elə səndən əlimi üzdüyüm günlərin birində ən yaxın dostumu da itirdim. O da eynilə sənin kimi davranırdı. Ehtiyacım olanda əlim çatmayacağı qədər uzaqda olurdu. Bütün çətinliklərin öhdəsindən yalnız gəldikdən sonra artıq nə sənə, nə də ona niyə ehtiyacım olsun ki? Daha çox tanıyıb bir az da sizdən qəlbim qırılmaqdansa qoy elə hamınızı xatirəmdə yaxşı yaşadım. Ancaq etiraf etməyə qalsa, dostum üçün çox darıxıram. Onunla aramızda heç vaxt qopmaz dediyim bağ var idi. Mən saydığımı saysam da, fələk yenə öz bildiyini saydığına görə heç getməz dediklərim də getdi. Bəlkə də, daha böyük ağrılara dözməsəydim, ikinizin birdən itkisi ağır yük olardı mənə. Lakin, özün bilirsən, torpağa tağşırdığımın acılı yanğısından sonra heç bir hadisə onun kimi yandıra bilməz məni. Hə, dostum üçün darıxmaqdan danışırdım axı. İnanırsan, neçə ildir ki, səni dəlicəsinə sevməyimə Allahdan başqa o şahid idi. İndi, bəlkə də, ona da maraqlıdır: necə ola bilər bu qədər təmənnasız dərin sevən qız birdən-birə hər şeyin üzərindən xətt çəkib? Elə bu sualın cavabı mənim özümə də maraqlıdır. İnsan tənhalığın səssizliyində dahiləşir, deyirlər. O qədər tək qalmışam ki, artıq məni xoşbəxt etməyən hər şeydən və hər kəsdən uzaqlaşmağa başlamışam. Yaxşı, səni başa düşdüm, bir gün üzümü güldürürdünsə, on gün ağladırdın. Bəs o dostum? Ona nə oldu? Gülməkdən gözümüzün yaşı sel kimi axar, biz söhbət edəndə qaqqıltımızın səsi o biri otaqlara yayılardı. Hətta gecəyarısı qorxulu yuxulardan birdən-birə ayılanda ilk olaraq əlim ona zəng etmək üçün telefona gedərdi. Düzdü, sonradan cavabsız qalan telefon zənglərim nə yaşasam da, hər şeyin öhdəsindən yalnız gəlməli olduğumu öyrətdi. Ancaq son ayrılığı saymasaq, o mənim üçün özünü fəda edəcək tək dost idi. Bizim birlikdə xatırlayıb yüzlərlə, bəlkə də, milyonlarla bəzən güləcəyimiz, bəzən isə kövrələcəyimiz xatirələrimiz var idi.  Eh, daha nə qədər yazım bu erkən vidalardan, vaxtsız ayrılıqlardan? Bəlkə, elə anam məni bu dünyaya həsrət çəkmək üçün gətirib?! Görünür, mən bu yükü daşımağı bacaran tək-tük güclü və səbirli insanlardanam...

Mən artıq qəmli hiss etdirən notlarda yazmağı yekunlaşdırmaq istəyirəm. Məktubumun son cümlələrini həyatımda məni məmnun edən yeniliklə sonlandırmaq istəyirəm. Hər zaman elə zənn edirdim ki, səni sevdiyim qədər başqasını sevə bilmərəm. Hər şey isə əksinə oldu və illərdir sənə hiss etdiklərimin ikiqat daha çoxunu üç gündə başqa birinə hiss etdim. Bu xəyanəti sənə yox, öz sevgimə əsla etmək istəməzdim, amma yerinə başqa birini qoya bildim.  Onun gözlərinin içinə hər baxanda: "gözlərin aldı məni, kəməndə saldı məni..." mahnı sğzləri səslənir qulağımda. Elə hiss edirəm ki, baxışları ömrümü uzadır. Onun gülüşündə cənnəti hiss edirəm. Üzünə baxmaqdan o qədər zövq alıram ki, hər cizgisini əzbər bilirəm artıq. Elə hiss edirəm ki, onun əksi evimin hər küncünə öz kölgəsini salıb. Həm də sənin kimi mərhəmətsiz, duyğularını itirən insan deyil o. Sevməyi bacarmasa belə, yanımdan bir saniyə belə ayrılmır. Onun varlığı məni gücləndirir. İllərdir gülüşü üzündə kilidlənən qız kimi hiss edirdim özümü. Gülüşümün kilidinin açarı onda imiş, sən demə. Sadəcə, bir anlıq göz-gözə gəlməyimiz kifayətdir: sol yanağımdakı qəmzəmin görsənməyi üçün. Heyif, sevgini illərdir səhv qapıda axtarırdım. Nəhayət, özümə aid və ruhumun dərmanı olan o insanı tapdım. Bax, sənin də cavabsız qoyduğun məktubların böyük bir sevgini bitirdi... Aqşin Yenisey gözəl yazıb:

 

Sənə məktub yazıram...

Yazıram ki,

Bağışla,

Burda hava pis keçir,

Ara vermir yağışlar...     

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və Incəsənət” üçün

 

 

 

         “Oğuznamə”lərdən birində İrqıl Xoca Oğuzun böyük oğlu Gün xana belə deyir: “Oğuz böyük padşah olmuş və dünyanın idarəçiliyini öz hakimiyyəti altına almış, böyük sərvət və saysız-hesabsız mal-qara toplamışdı. İndi bütün bunlar sizə məxsusdur. Siz altı qardaşsınız və Allahın iradəsilə hər birinizin dörd oğlu, cəmi isə iyirmi dörd nəsliniz vardır. Onların aralarında gələcəkdə münaqişələr baş verməsini Allah rəva görməsin... Bunu dövlətin sabitliyi və sizin qəbilələrinizin təmiz adı üçün etmək zəruridir”.

 

Dünyanın işlərini ağılla saf-çürük etməyi bacaran, döyüşkən ruha malik olan türkü siyasət və döyüş meydanında məhv etmək müşkül məsələ idi. Bunu bacarmayan düşmənlər öz məkrli siyasətlərini həyata keçirmək üçün, birinci növbədə, türk xalqlarının bütövlüyünü pozmağa, onları üz-üzrə qoymağa və ölkələrində sabitliyi pozmağa çalışıblar. Yaxşı bilirdilər ki, türk xalqlarının birliyini sarsıtmadan, ölkələrində qarşıdurma yaratmadan onları məğlub etmək mümkün deyil. Bu səbəbdən də türklərin ədəbi abidələrində milli birlik həmişə və hər şeydən üstün tutulmuşdur.

Dediklərimizi Azərbaycan türklərinin yazılı yaddaşı olan “Kitabi-Dədə Qorqud” dastanında da aydın müşahidə etmək mümkündür. Dastanda milli birliyin qorunması və möhkəmləndirilməsinə möhtəşəm çağırış ruhu hakimdir və bu, təkidlə tələb olunur.Qarşıdurmalar pislənilir, vətənin bütövlüyü,  xalqnı həmrəyliyi  və milli birlik ideyaları qırmızı xətlə keçir.

Dastanın ümumi məzmunundan aydın olur ki, oğuzların milli birliyi həm xarici, həm də daxili düşmənlər tərəfindən tez-tez təhlükələrə məruz qalır. Xarici qüvvələri ermənivə gürcü feodalları, slavyanlar və Bizans təmsil edir. Düşmənlərmüxtəlif türk qəbilələri arasında nifaq salır, onları öz əlləri ilə məhv etməyə çalışırlar. İstəklərinə çatmaq üçün qıpçaq türklərini (Şöklü Məlik və Qıpçaq Məlik bugünkü anlamda erməniləri təmsil edirlər)oğuz türklərinin üzərinə qaldırırlar. Ona görə də tanınmış türkoloq Nizami Cəfərov qeyd edir ki, dastanda cərəyan edən tarixi hadisələr “oğuz-qıpçaq qarşıdurması” fonunda baş veirir.

Bununla kifayətlənməyən xarici düşmənlər türk ölkəsində ixtişaş törətmək, sabitliyi pozmaq üçün hətta  eyni qəbilədən olan türkləri də bir-biri ilə vuruşdurmağa, üz-üzə qoymağa çalışırlar. Məsələn, “Uşun Qoca oğlu Səyrək boyu”nda iki qardaşı – Səyrəklə Əyrəyi, “Salur Qazan tutsaq olub oğlu Uruz çıxardığı boy”da Qazan xanla Uruzu toqquşdurmağa səy göstərirlər. “Salur Qazanın evinin yağmalanması boyu”nda isə Qaraca Çobanı öz tərəflərinə çəkmək, Qazana qarşı qoymaq üçün ona bəylik təklif edirlər.

Amma oğuz türkləri heç vaxt düşmənlərin fitnə-fəsadına uymur, onların niyyətlərinin baş tutmasına imkan vermir, milli birliyi və vətənin bütövlüyünü qorumağı bacarırlar. El birliyi daxilində üsyan olanda, və ya da xarici düşmənlər el birliyini təhdid edəndə, təcavüzə başlayanda, bütün sancaq bəyləri bir nəfər kimi ölkə başçısı Bayandır xanın ətrafında sıx birləşirlər.Döyüş başlayır, qələbə qazanılır. Oğuzlar sübut edirlər ki, xalqın birliyi və vətənin bütövlüyü sarsılmazdır – İç və Daş Oğuz, adlı-sanlı igidlərin başçılıq etdikləri sancaqlarla Oğuz eli bir bütövdür. Onlar üçün Göyçə də,  Ağcaqala da, Bərdə də, Gəncə də, Dərbənd də, Əlincə qalası da əziz və doğmadır.

Dastanın ümumi məzmunundan belə bəlli olur ki, ölkədə qarışıqlıq yaradan daxili düşmənlər daha qorxuludurlar. Necə deyərlər, xain içəridən olanda qapı kilid tutmaz. Eposda Dirsə xanın “igidləri”, bəzi saray adamları, Təpəgöz və Aruz Qoca daxili düşmənlərin ümumiləşdirilmiş obrazlarıdır. Şəxsi mənafeləri üçün Dirsə xanla oğlu Buğacı üz-üzə qoyanların, xalqı fiziki cəhətdən məhv edən, onu yeddi dəfə köç etməyə məcbur qoyan, alplar başı Qazanı, onun qardaşı Qaragünəni, Büğdüz Əməni zəbun edən, Aruza qan qusduran və Qıyan Səlcuqu həlak edənTəpəgözün, Qazana asi olub İç Oğuzla Daş Oğuzu bir-birinə düşmən etməyə çalışan  Aruz qocanın xəyanəti və sui-qəsdi, ölkədə sabitliyi pozmaları məmləkətin dağılmasına, xalqın parçalanmasına və beləliklə, mülli müstəqilliyin məhv olmasına yönəlmişdir. Daxili çəkişmələr, iğtişaş və qiyamlar ölkəni qeyri-sabit içtimai-siyası duruma, anarxiya girdabına sürükləyir, vətəndaş qarşıdurmasına – vətəndaş müharibəsinə səbəb olur, siyasi və iqtisadi durumu çətinləşdirir, torpaqların xarici düşmənlər tərəfindən işğal olunmasına rəvac verir. Sadə vətəndaşların, görkəmli dovlət xadimi və sərkərdələrin fiziki məhvi ilə nəticələnir. Məsələn, dastanda daxili düşmənlərin hərəkətləri Bamsı Beyrək, Qıyan Səlcuq, Alp Rüstəm, Uşun Qoca oğlu, Dəmir donlu Mamaq kimi dövlət xadimi və sərkərdələrin faciəli ölümünə gətirib çıxarır.

Oğuzlar ölümü və zindanlarda can çürütməyi el birliyinə, vətənə və xalqa xəyanət etməkdən üstün tuturlar. Qaraca Çoban ona bəylik təkilf edən düşmənə deyir: “Boş-boş danışma, itim kafir! İtimlə bir yalaqdan yal içən, azğın kafir”. Yaxud  qiyam törədən Aruzdan  Qazana asi olmaq “təklifi” alan Beyrək  xəyanətkara deyir: “Mən Qazana asi olmazam. Mən Qazandan dönməzəm, bəllü bigil. Qazandan dönməzəm, gərəksə, yüz para eylə”.

Dastan Vətənin bütövlüyü və milli birlik üçün təhlükə yaradan halların qarşısını almağın konkret yollarını da göstərir. Bu yol ölkənin müdafiə qabiliyyətini yüksək saxlamaq, sosial ədalətin təntənəsi, qanunçuluğa əməl etmək, vətəndaş həmrəyliyi, insanların hüquq və azadlıqlarının qorunması,xalqın mənafeyini hər şeydən üstün tutan rəhbərlərin ətrafında sıx birləşməkdir.

Dastanda xalqı üz-üzə qoymaq,qiyam və iştişaş törətmək və buna cəhdetmək ən ağır cinayət sayılır. Ən böyük fəlakət, dövlətin sabitliyinə, milli birliyə ən ağır qəsd hesab olunur.

Bu cinayəti törədənlər mənsəbindən və mövqeyindən asılı olmayaraq, ən ağır şəkildə cəzalandırılır. Xainə və xəyanətkara aman yoxdur. Beyrək son nəfəsində belə xəyanətkarın (Aruzun) cəzalandırılmasını tələb edir. Xalqın birliyinə qəsd edən Aruz Qazanın doğma dayısı olsa da, etdiyi cinayətə görə başı kəsilir. Basat xalqa düşmən kəsildiyinəgörə süd qardaşı Təpəgözü məhv edir. Buğac atası Dirsə xana xəyanət edib, onu “kafir ellərinə” əsir aparmaq istəyən qırx namərdlə açıq döyüşdə onların bir qisminin boynunu vurur, bir qismini isə həbs edir. Beləliklə, vətəndaş qarşıdurması aradan qaldırılır, ölkədə sabitlik yaradılır, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin olunur.

Keçmişimizi öz səhifələrində yaşadan və bunu gələcək nəsillərə çatdıran, xalqımızın 1300 illik dünyagörüşünü, mədəniyyət və mənəviyyatını özündə əks etdirən  “Kitabi-Dədə Qorqud” bizə milli birliyimizin və həmrəyliyimizin necə böyük dəyər olduğunu  göstərir. Bu birliyin və həmrəyliyin pozulmasının hansı faciələrə səbəb olduğunu anladır. Beləliklə, gələcək nəsillərə milli birliyi qorumaq və daxili çəkişmələrdən çəkinmək barədə vacib mesajlar ötürür. Ötürülən mesajları düzgün oxumaq, anlamaq və nəzərə almaq isə hamımızın borcudur. Əslində “Cılız və xırda hisslərdən, şəxsi mənafedən doğan daxili çəkişmələrin Oğuz icmasının dağılmasına gətirib çıxarması və bunun sonuncu boyda dərin məyusluqla, ağrı və sarsıntı ilə təsviri tarixin bizə xatırlatdığı acı ibrət dərsidir”.

“Kitabi-Dədə Qorqud” dastanı bizim heç vaxt dəyərini itirməyən dərsliyimizdir. Bu dərslik (dastan) “elə bir enerji mənbəyidir ki”, istəsək də, özümüzü ondan ayrı təsəvvür edə bilmərik. Onu oxumağa məcburuq. Çünki Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir...Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq öyrənməli və bilməlidir”. (Heydər Əliyev)

"Kitabi-Dədə Qorqud"a qayıdış azərbaycançılığa ən böyük töhfədir, gücümüzə güc qatır. Azərbaycançılıq isə etnik mənsubiyyət olmayıb, ölkədə yaşayan bütün etnik qrupları və xalqları ümumi mənafe ətrafında birləşdirməkdir. Onların mənəvi-əxlaqi və psixoloji birliyinin, birgəyaşam üsulunun ən gözəl formuludur.

Geniş missiya daşıyan dastan bizi başa salır ki, milli birlikistəniləntəxribatınqarşısınıalmaqiqtidarındadır. Milli müstəqilliyə qovuşmağımızda, 20 Yanvar hadisələrində və 1990-cı illərdə baş vermiş iğtişaşların aradan qaldırılmasında, müstəqilliyimizin möhkəmlənməsində və daxili sabitliyin qorunmasındakı həmrəylik, nəhayət, İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə milli birliyimizin və yekdilliyimizin misilsiz gücünün parlaq sübutudur. Birliyimizin təntənəsidir.

            Bu gün birliyimizin qorunması və möhkəmləndirilməsi isə həmişəkindən daha çox vacibdir. Ta­rixi şəraitin özü, xalqımızın beynəlxalq arenada üzləşdiyi ədalətsizliklər və ikili standartlar, türk ölkələrinin birliyinin yaranmasına və möhkəmlənməsinə olan siyasi qısqanclıqlar, revanş xəyalı ilə yaşayan erməni tör-töküntülərinin hələ də qalması, ölkəmizin indiyəcən məruz qaldığı çətin sınaqlar, hələ də  Respublikamızda siyasi sabitliyi pozmağa can atanların olmasımilli birliyimizin və həmrəyliliyimizin, etnik-siyasi mütəşəkkilliyimizin möhkəmləndirilməsini həyati zərurətə çevirir. Zaman böyük qayıdış və quruculuq işlərinin uğurla başa çatdırılması, ölkəmizin gələcək  inkişafı, “müstəqilliyimizin daimi və əbədi olması” üçün bizə birlik ideyası ilə yanaşı,  vahid xalq olaraq güclü lider ətrafında sıx birləşməyi diktə edir.

Bu yolda Ana kitabımız “Kitabi-Dədə Qorqud” isə həmişəki kimi güclü stimul verməklə öz böyük missiyasını yerinə yetirməyə davam edir.Biz “Kitabı-Dədə Qorqud”un “xatırlatdığı acı ibrət” dərslərindən nəticə çıxarmalı, Mehmet Akifin “Girmədən təfriqə bir millətə düşmən girəməz” misrasını özümüzə şüar etməli, etnik mənsubiyyətimizdən, dünya görüşümüzdən, fərqli mədəniyyət, inam və etiqadlarımızdan asılı olmayaraq vahid Vətənimizin və dövlətimizin mənafeyi naminə birliyimizi daha da möhkəmlətməli, dövlətimizə bərk-bərk sarılmalı və güvənməliyik.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı “Evdə həkim” rubrikasında bu dəfə actual suala cavab verəcək. Fəsil dəyişikliyi zamanı hansı allergik əlamətlər müşahidə olunur? Axı yazdan yaya keçməyə hazırlaşırıq?

 

Rubrikanı Kənan Məmmədli aparır.

 

Baharın ilıq havasını hiss etdikcə park və açıq havada gəzmək istəyi baş qaldırır. Ancaq allergiyası olanlar həmin mövsümdə narahatlıqla üzləşirlər. Çiçək açmağa başlayan ağaclarda gedən tozlanma prosesi ağız, burun və ciyərlərə qıcıqlandırıcı təsir göstərir. Lakin allergiya təkcə tozlanma ilə əlaqədar olmur.

Həkim-allerqoloq Ramin Nəriman həssas insanların diqqət yetirməli olduğu məqamlara toxunub: "Yaz mövsümündə məişət tozu gənələri çoxalır və onlar istənilən yaşayış sahəsində var. Allergiyası olanların yatdığı otaqda yun əşyalar yığışdırılmalı, yorğan-döşək və yastıq dəyişdirilməldir. Yaxşı olar ki, onlar küləkli havada bayıra çıxmasınlar. Bayıra çıxarkən baş örtükləri, gün eynəkləri və qoruyucu maskalardan istifadə etmək lazımdır. Evə qayıdandan dərhal sonra duş qəbul olunmalı, üst geyimlərini yataq otağına aparmamalıdırlar".

Qidaların qəbulu zamanı kəskinləşən allergik reaksiyaların fəsil dəyişikliyi ilə bağlılığı yoxdur. Belə hal bəzi mövsümi qidaların - çiyələk, alça, böyürtkən və digər giləmeyvələrin həddindən artıq qəbulu zamanı baş verir. Fəsil dəyişikliyi olan ərəfədə allergik əlamətlər burun və boğazda da üzə çıxır.

Qulaq-burun-boğaz cərrahı Nuray Şükürova deyir ki, burundan selikli ifrazatın olması qaşınma və tələffüzün çətinləşməsi zamanı ilk olaraq cərraha yox, allerqoloqa müraciət edilməlidir: "Kimin allergiyasının nəyə olduğunu bilmək üçün xüsusi testlər var və onun aparılması allerqoloqlar tərəfindən idarə olunur. Xəstələri pandemiyadan əvvəlki və sonrakı dövrlərə bölsək, daha çox aşkarlanan udlaqda və sərt damaqda qaşınma hissi indi daha çoxdur. Şikayətlər daha da kəskinləşərsə, əsasən xəstəni burun tənəffüsünün pozulması narahat edirsə, onda xəstəyə cərrahiyyə əməliyyatı edilməsi məsləhət görülür".

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

 

Page 2 of 1480