Super User

Super User

Görkəmli aktyor və kinorejissor, Xalq artisti Əbdül Mahmudbəyovun 80 illik yubileyi münasibətilə mayın 16-da Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yubileyi münasibətilə kino xadimi Nazirliyin kollektivi və ölkəmizin mədəniyyət ictimaiyyəti adından təbrik edilib, xoş arzular çatdırılıb.

 

Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, kino sahəsinin də inkişafına davamlı diqqət göstərilir. Milli kinonun inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir, onlar ali təltiflərə, mükafatlara layiq görülürlər. Əbdül Mahmudbəyov da bu sahədəki fəaliyyətinə görə “Xalq artisti” fəxri adı və Prezidentin fərdi təqaüdü ilə mükafatlandırılıb.

 

Qeyd olunub ki, sənətkarın aktyor kimi filmlərdə böyük məharətlə canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanır. Onun quruluş verdiyi ekran əsərləri də Azərbaycan kinosunun diqqətəlayiq nümunələrindəndir.

 

Görüşdə iştirak edən Əməkdar incəsənət xadimləri Cəmil Quliyev, Baba Vəziroğlu, Orxan Fikrətoğlu və başqaları sənətkarın yaradıcılıq yolundan danışıb, rol aldığı və quruluş verdiyi ekran əsərlərinin məziyyətlərindən söz açıblar.

 

Sonra Azərbaycan mədəniyyətinin inkişafına töhfələrinə görə sənətkara nazirliyin Fəxri diplomu təqdim edilib.

 

Xalq artisti Əbdül Mahmudbəyov yaradıcılığına verilən qiymətə və təbrikə görə təşəkkürünü bildirib.

 

Söhbət zamanı kino sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Əbdül Mahmudbəyov 1944-cü il mayın 15-də Hacıqabul rayonunda anadan olub. 1962–1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq ixtisası üzrə (Adil İsgəndərovun kursu) təhsil alıb. 1973-cü ildə Moskvada ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsini bitirib.

 

Əbdül Mahmudbəyov “Yeddi oğul istərəm”, “Nəsimi”, “Sevinc buxtası”, “Ən vacib müsahibə”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Gecə qatarında qətl”, “Üzü küləyə” və s. ekran əsərlərinə quruluş verib.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə digər sahələr kimi, mədəniyyət sahəsi, xüsusilə, incəsənətin əsas qolu olan teatrın inkişafı da daim diqqətdə saxlanılır. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə mədəniyyət xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu siyasətin davamı kimi, ölkəmizdə teatrların inkişafına, sahənin nüfuzunun artırılmasına xidmət edən növbəti addım olaraq Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.

 

Yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər iki teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq.

 

Hazırda dövlət teatrlarında maddi-texniki bazanın gücləndirilməsi, habelə bu sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işlər davam etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazıçı-publisist, siyasi icmalçı Yunus Oğuzun beynəlxalq müstəvidə baş verən son siyasi olaylara şərhini təqdim edir. 

 

Hazırda dünyada baş verən siyasi çalxalanmada Azərbaycanın yerini necə dəyərləndirirmək olar?

Artıq Azərbaycan və Azərbaycan Prezidenti regional liderlikdən çıxaraq qlobal liderə çevrilib. Bu liderlik özünü dünyada baş verən bir sıra proseslərdə büruzə verir. Belə ki, hazırda Azərbaycanla Çin arasında münasibətlərin möhkəmlənməsi  sürətlə gedir. Çin isə Hindistanı vurmaq istəyir ki, "İpək Yolu İqtisadi Kəməri" ("Bir kəmər, bir yol")  layihəsi Birləşmiş Ərəb Əmirliyindən keçməsin. Ermənistanın "Bir kəmər, bir yol" layihəsinə qarşı fəaliyyətinin arxasında İran dayanır. Ona görə  Zəngəzur dəhlizi məsələsində təkliflə çıxış ediblər ki, Kalininqrad formatı tətbiq olunsun. Lakin Kalininqrad modelində dəhlizdən beynəlxalq yüklər yox, yalnız  Azərbaycan vətəndaşları və Azərbaycana məxsus nəqliyyat vasitələri yoxlamasız keçə bilər. Qalan hallarda gömrük nəzarəti tətbiq edilməlidir. Buna baxmayaraq, Ermənistan deyir ki, Kalininqrad variantı ilə Naxçıvana yol açaq. Bu isə Azərbaycana sərf etmir. Çünki biz "Bir kəmər, bir yol" xəttinə üstünlük veririrk. Ortalığa atılan yeni təklif  həm də Çinin vurulması deməkdir. Rusiya istəyir ki, Çin öz mallarını Rusiyanın atom buzqıran gəmiləri ilə Şimal Buzlu Okeandan Avropaya çıxartsın. Buna baxmayaraq, Azərbaycan öz xarici siyasətini uğurla aparır, bir tərəfdən işğal altında qalan kəndlərini geri alır, digər  tərəfdən delimitasiya işləri aparır, üçüncü tərəfdən qlobal qəbullar keçirir. Artıq Azərbaycanın və Prezidentin liderliyini qəbul edirlər. Bu isə o deməkdir ki, artıq Azərbaycan regional liderlik statusundan çıxıb. 

 

Azərbaycan Kalininqrad modelinə razılıq verəcəkmi?

 

Azərbaycanın Kalininqrad modelinə razılıq verməsi üçün aləmi bir-birinə qarışdırıblar. İndi Türkiyədə guya dövlət çevrilişi cəhdinin mümkünlüyü məsələsini ortaya atıblar. Bununla Türkiyəyə mesaj göndərirlər ki, Azərbaycanla işin olmasın.  Azərbaycana isə göstərmək istəyirlər ki, Türkiyəyə çox etibar etmək olmaz, orada dövlət çevrilişi edə bilərik. Düzdür, Türkiyədə bəzi Fetoçular, bəzi narazı qüvvələr var. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyədə bütün iplər Ərdoğanın əlindədir. Bir müddətdən sonra Ədalət və İnkişaf Partiyasının qurultayı gözlənilir, orada təmizlənmə aparılmalı, yeni ideyalar ortaya qoyulmalıdır. Bizim üçün də əsas ölkə daxilində yeni ideologiya, yeni dövr məsələsidir. Yəni, antiterror tədbirləri, rus qoşunlarının Qarabağdan çıxarılmasından sonra həyata keçirilən ideologiya yeni dövr üçün işləyir. Yeni dövr, yeni ideologiya o deməkdir ki, artıq Azərbaycan  Yeni Kaledoniyada bayrağını qaldırır. Çünki, Fransa Əlcəzair qırğınına keçib. Fransa ordu yeridib. Ona görə də Fransa hirsindən zəncir çeynəyir və Ermənistanı qızışdırır. Bu məqsədlə delimitasiya prosesinin 1976-79-cu illərin xəritəsi ilə aparılması məsələsi ortaya atılıb. Əslində o variant da bizim üçün sərfəlidir, lakin 1921-ci ilin xəritəsi daha məqbuldur. Çünki, anklav olmayan kəndlər 1986-cı ildə Ermənistana verilib. 

 

Avropada baş verən proseslərin Cənubi Qafqaza nə dərəcədə aidiyyatı var?

 

Beynəlxalq aləmdə idarə olunan xaotik siyasi proseslər baş verir. Bir həftə əvvəl ölkəmizdə səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso küçənin ortasında güllələnib, çünki o ruspərəstdir. Bir azdan Serbiyaya keçəcəklər, ona görə ki, o da rusyönlüdür. Beləliklə Rusiyanı hər tərəfdən sıxmaq istəyirlər. İndi Putin Çinə səfər edir, amma Çin faktiki Rusiyadan imtina edib. Bütün aktivlərini Amerikada yerləşdirib, bu göstərici trilyondan çoxdur. Rusiya-Ukrayna müharibəsi davam edir, Avropa,  Amerika Ukraynaya ən güclü silahlar verir. Bununla kifayətlənməyərək razılığa gəlirlər ki, Rusiyanın aktivlərini də Ukraynaya versinlər. Artıq Rusiya çıxılmaz vəziyyətdədir, strateji məhsullarının ixracı 18-22 faiz azalıb. Maliyyə gətirən əyalətlərinin hamısı bombalanıb, neft emalı zavodlarında 18 faiz işçi qüvvəsi itirilib. Çıxılmaz vəziyyətə düşən Rusiya bunu Ermənistanla kompensasiya etmək istəyir. Kompensasiya ondan ibarətdir ki, Rusiya sülhməramlıları ərazidən çıxır, Azərbaycan 10 noyabr müqaviləsinə əsasən razı olur ki, Zəngəzur dəhlizinə ruslar nəzarət etsin. Ona görə Rusiya bütün gücünü ortaya qoyub ki, Zəngəzur dəhlizi açılsın ki, məhsullarının ixracı üçün şərait yaradılsın. Həm də bununla dünyaya nümayiş etdirsin ki, məni yıxa bilməzsiniz. Nəzərə alaq ki, hansısa dövləti zəiflətmək bir günün işi deyil. Hazırda Qərb Rusiyanın iqtisadiyyatını çökdürür. Necə ki, Əfqanıstanda on il müharibə apartdıraraq iqtisadiyyatını çökdürdülər. Nəticədə Brejnevin vaxtında başlayan ərzaq talonu prosesi Varşava müqaviləsinə üzv olan əksər dövlətlərə sirayət etdi. Qorbaçov bu vəziyyəti görən kimi qoşunları Əfqanıstandan çıxartdı. Baxmayaraq ki, artıq gec idi. İndi də Rusiya başa düşəcək ki, qoşunlarının Cənubi Qafqazda qalması ilə iqtisadiyyatına böyük zərbə dəymiş olur. İndi hərbi texnologiya o qədər inkişaf edib ki, uzunmüddətli müharibə aparmağa ehtiyac qalmır. Putinin müharibənin davam etdiyi bir vaxtda müdafiə naziri Şoyqunu çıxarması təsadüfi deyil. Digər nazirlər etiraz etməsinlər deyə, onları qəbul etdi, hərəsinə bir vəzifə tapşırdı. Sabiq energetika nazirinə dedi ki, sənin təcrübən var, təzə nazirə kömək elə. Adamdan soruşarlar  ki, təcrübəli naziri çıxarıb yerinə təcrübəsizi qoymağın adı nədir? Bu o deməkdir ki, Rusiyada çevriliş ola bilərdi, Putin bu addımlarla onun qarşısını almaq istəyir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Prezident Adminstrasiyasında, prokurorluqda, Daxili İşlər Nazirliyində, eləcə də digər aşağı strukturlarda kifayət qədər erməni var. O da ermənilərlə bacarmır. Avropanın əsas məqsədi Rusiyanı zəiflətməkdir ki, nəticədə Azərbaycan daha da güclənir. Türkiyə də bütün sahədə dəstəyini verəcək.

 

Kalininqrad variantının tətbiqi region dövlətlərinin marağına uyğundurmu?

 

Məlumdur ki, İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Razıdır ki, Kalininqrad variantı tətbiq olunsun. Digər tərəfdən, Avropa İttifaqının müşahidəçi missiyasını, Fransanın Ermənistana köməyini dəstəklədiyi üçün qalıb haça-paça. Biz kəndləri geri aldıqca, rus sülhməramlıları bölgəni tərk etdikcə, İran özündən çıxır. Yenə də Xameneiyə bağlı olan "Keyhan" qəzeti ağzına gələni yazır. Bildirir ki, bizim də İsraillə qırmızı sərhədimiz var. Amma İran birbaşa günahkardır ki, Qəzzada 35 min insan məhv edilib. Onun 13 mindən artığı uşaqdır, 80 min yaralı var. İsrailə hücum təşkil etdin, günbəzi vurdurdun, səhəri gün Tehranda mətbuat konfransı keçirərək HƏMAS-ı təbrik etdin. Uşaq qatili kimdir?? Qəzzada prosesləri qızışdırdın, indi də Azərbaycana hədə gəlirsən. Qəzzada baş verən faciələrdə birbaşa İranın əli var. Bu hədənin içində Paşinyan da var, hələ ki, Paşinyana birbaşa hədə gəlinmir. İran gözəl başa düşür ki, Azərbaycan addım-addım Ermənistanla razılaşmaya gedir. Azərbaycanda sülhməramlılar olmadığı halda  Ermənistan da deyə bilər ki, bizdə niyə olsun? Amma rus qoşunlarını çıxaran kimi Avropa İttifaqının adı ilə Fransa hərbçilərini, Amerika əsgərlərini gətirəcək. Bütün halda rus qoşunları Ermənistan ərazisindən tamamilə çıxmayacaq, hələ 2044-cü ilə qədər müqavilənin müddəti var. 

 

Ermənistanda baş verən etiraz aksiyaları nəyə hesablanıb? Bu aksiyalar sülh müqaviləsinin bağlanmasına maneə ola bilərmi?

 

Avropa erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın Kanada vətəndaşı olması ilə bağlı məxfi sənədi Paşinyana ötürməklə onu geriyə çəkdi. Xalq gördü ki, proseslərə Köçəryan, Sərkisyan, əli qana batmış digər şəxslər qoşuldu, ona görə geri çəkildi. Məlum oldu ki, Baqrat Qalstanyan erməni kilsəsini Kanadada girov qoyaraq bir milyon pul götürüb. İndi onun oyunlarını bir-bir ortaya çıxarırlar ki, geri çəkil, Paşinyana toxunma. Təsadüfi deyil ki, Amerikanın iki mindən artıq diplomatı Ermənistanda çalışır, onlar işləyir, məlumat toplayırlar. Azərbaycan özünün müstəqil siyasətini yürüdür. Əgər Azərbaycan müstəqil siyasətini davam etdirməsə regional liderdən qlobal liderə çevrilə bilməyəcək. Hazırda Azərbaycanın qlobal liderə çevrilməsi fonunda Raşinyanı qızışdırmağa ehtiyac yoxdur. Çox çalışdılar ki, Baqrat kimi birisi Azərbaycanda da ortaya çıxsın, ancaq buna nail ola bilmədilər. İran ona işarə edirdi ki, Azərbaycanda da çevriliş edə bilərik, necə ki, başqa  ölkələrdə edirik, amma alınmadı. İndi Azərbaycan doğru yoldadır, Ermənistana təklif edir ki, gəlin sülh müqaviləsi bağlayaq. Əgər Zəngəzur dəhlizi vaxtında açılsaydı, bu qədər səs-küyə ehtiyac olmazdı. Təəssüf ki, Qərb buna imkan vermədi. İndi Azərbaycan lazım olan bütün tədbirləri həyata keçirir. Paşinyanın isə çalışdığı odur ki, Ermənistanın 29 min kvadratkilometrlik ərazisini qoruyub saxlasın. Artıq Amerika Avropanı da qarışdırıb, Rusiya yönümlü dövlətləri sıradan çıxarmaq istəyir. Gürcüstanı da qarışdırıb, hansı ki, özləri işğal olunmuş torpaqların geri alınmasında yardımçı olmadılar. Gürcüstanın da işğal altında olan əraziləri ilə bağlı BMT-nin qətnaməsi var, lakin heç bir nəticə əldə olunmayıb. Amma bizim Prezident BMT-nin qərarlarını həyata keçirdi, heç kim deməyə söz tapa bilmədi. Ola bilər ki, Rusiya Gürcüstana söz verib ki, torpaqları muxtariyyat formasında geri qaytaracaq. Belə qarışıq bir vəziyyətdə Azərbaycan düzgün siyasət aparır ki, vətəndaşlar da bunu düzgün başa düşürlər. Nəzərə almaq lazımdır ki, xarici siyasətdə uğur qazana bilməyən daxili siyasətdə də uğur qazana bilməyəcək. Bu gün Allah-Təala  elə imkan yaradıb ki, xarici siyasətimizi düzgün aparırıq. Həm torpaqlarımızı azad edirik, həm də geosiyasət və geoiqtisadiyyatda üstünlük qazanmağa çalışırıq. 

 

Hazırki mürəkkəb siyasi proseslər fonunda Ermənistanla sülh müqaviləsinin imzalanacağı nə qədər real görünür? 

 

Azərbaycanla Erməistan arasında sülh müqaviləsinin imzalanmasında elə bir ciddi problem yoxdur, sadəcə bəhanələr mövcuddr. Paşinyan bəhanə gətirir ki, Baqrat aləmi qarışdırıb, əslində  ortada ciddi bir müqavimət yoxdur. Bu səbəbdən Paşinyan meydana qoşun da tökmədi. Delimitasiya məsələsində ona görə məlum xəritəyə istinad edirlər ki, ardınca konstitusiyanın, gerbin dəyişdirilməsi kimi məsələlər var. Bunun üçün ictimaiyyət arasında sorğular keçirilməlidir. Bu baxımdan ola bilər ki, Ermənistan sülh müqaviləsini keçid layihəsinə qol çəksin. Amma ermənilərə inanmaq olmaz, nə qədər boğazları əldədir, sülh müqaviləsi bağlanmalıdır. 

Fransız Jul Vern yazırdı ki, yunanlar yalnız müqavilə bağlı, tatarlarla müqaviləyə ehtiyac yoxdur, söz verdilər, kifayətdir. Ermənilər isə söz versələr də, müqavilə bağlasalar da, onlara inanma. Odur ki,  istədiyimizi alana qədər getməli, "Dəmir yumruğu" başlarının üstündə saxlamalıyıq. 

 

Şəkildə: İrəvanda etiraz mitinqi. 

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

 

Ötən gün tənqidçi-esseist Ülvi Babasoyun “Hədəf” nəşrlər evində çap olunan “Ədəbiyyatda postmodernizm: oyun estetikası” adlı kitabının təqdimatı və imza günü keçirildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti olan Ülvi Babasoy ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində diqqətçəkən fəaliyyətlə məşğuldur və çağdaş ədəbi prosesə qatqı verən şəxslərdəndir. Bu təqdim edilən kitab da dərs vəsaitidir. 

 

Təqdimatı departamentin müəllimi, fil.ü.f.d. Qardaşxan Əzizxanlı giriş sözü ilə açaraq kitab barədə, onun məziyyətləri barədə  danışdı. 

Professor Seyfəddin Rzasoy, Bədirxan Əhmədov, müəllimlərfən fil.ü.f.d. Zəminə Ziyayeva, fil.ü.f.d. Ramil Əhməd, departamentin magistr məzunu İlknur Əsgərova, BMU-nun müəllimləri - Pedaqoji təcrübə şöbəsinin müdiri fizika üzrə f.d. Həzi Qasımov, Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi fil.ü.f.d. Rəhman Quliyev nəşrin ədəbiyyatşünaslıq elminə dəyərli töhfə olduğunu, mövcud sahədəki boşluğu dolduracağına ümid etdiklərini vurğuladılar. 

Təüdimatda naşirlər - “Hədəf” nəşrlər evinin direktoru Səbuhi Şahmursoy, kitabın redaktoru Cavid Qədir də çıxış edərək ürək sözlərini söylədilər. 

Təbii ki, təqdimata yazarlar da qatılmışdılar.  Mübariz Örən, Nərmin Kamal, Şərif Ağ, Qan Turalı, Səxavət Sahil də müəllif və kitab barədə xoş sözlər söylədilər. 

Tədbirin sonunda Ülvi Babasoy kitablarını imzaladı. Müəllif onu da etiraf etdi ki, bu kitabı tələbələrinə ithaf edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin Saatlı rayon Mədəniyyət Mərkəzində Qala konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı regional idarəyə istinadən xəbər verir ki, III Regional Xor Müsabiqəsində hər iki regional idarədən 16 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivi uğurla iştirak edib.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanova, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti, əməkdar müəllim Aqil Qafulov təmsil olunub.

Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Mil-Muğan Regional Mədəniyyət İdarənin rəisi Faiq Xudanlı, müsabiqənin münsiflər heyətinin üzvləri, tanınmış mədəniyyət adamları, rayon ictiamiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində Mil-Muğan Regional Mədəniyyət İdarənin rəisi Faiq Xudanlı gələn qonaqları salamlayaraq müsabiqədə qalib olmuş xor kollektivlərini təbrik edib.

Tədbirin konsert hissəsində qalib olan xor kollektivlərinin, uşaq musiqi, incəsənət məktəblərinin uşaqlardan ibarət xalq çalğı alətləri ansambllarının ifasında bir-birindən maraqlı musiqi nömrələri, eyni zamanda  Saatlı rayon “Adıgün” Türk Xalq Folklor kollektivinin ifasında rəqs nömrələri nümayiş olunub.

Qala konsertinin mükafatlandırılma hissəsində Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbinin xor kollektivi Qran-pri mükafatı, Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbinin xor kollektivi I dərəcəli diplom, Ağdaş şəhər 1 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi II dərəcəli diplom, Göyçay şəhər A.Məmmədov adına Uşaq musiqi məktəbinin xor kollektivi III dərəcəli diplomla, eyni zamanda Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbinin və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi Diplomla təltif ediliblər.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Uliyam Şekspir söyləyib ki, " Əgər ağıl olmasaydı, hisslərimiz bizi məhv edərdi.

Məhz ağıl onu cilovlamaq üçün mövcuddur."

 

Qəşəm bəyin "ağlımı at oynadır, yoxsa hissi?" 

Ya da onlar bir-biri ilə " dil tapa bilirlərmi?"

 

CAVAB

-Poeziyanın əsas materialı hisslərdir. Ağıl olan yerdə poeziya ölür. Mən poeziyada hisslərimə üstünlük vermişəm. Ağlımın hisslərimə gücü çatmayıb. Mənim hisslərimin ağlı gözəldir. Adam bir çox zirvələrə hissləri ilə çatıb qalib gəlir. Sevgi də, yaxşı şair olmaq da hisslərlə bağlıdır. Ağıl İqtisadiyyat, Siyasət üçün vacibdir. Bir deyim də var ki, riyaziyyatçı olmaq üçün də hisslər lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Poetik Qiraətdə bu gün sizlərlə yenidən Xuraman Muradova görüşür. “Dönmədi geri” şeiri ömrün vəfasız aylarından, illərindən bəhs edir. O aylardan, illərdən ki, gedir və bir daha geri dönmür. 

“İndi o illərimin

Həsrətli yolçusuyam” deyir Xuraman xanım. Bir az nostalgi, qüssə, nisgil var bu şeirdə. 

Xoş mütaliələr!

 

Çox həsrətlə gözlədim,

Ötən illərimi mən.

Yollar da çox gözlətdi,

Geri heç nə vermədən.

 

Hər ilin bahar, yazı,

Ömrümə gül ələdi.

Hər ayıma, günümə

Xoş arzular dilədi.

 

İndi o illərimin

Həsrətli yolçusuyam.

Geri dönməyən ömrün

Hər ağrı, acısıyam.

 

Şirin xatirələrin

Uzaq oldu əlləri.

Nə qədər səsləsəm də,

Yenə dönmədi geri...

        

Gənclik illərimizin

Ötdü, xoş arzuları.

Bu arzularla dolu

Getdi ömrün qatarı.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Əməköməci qovurmasının 

hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR:

§ Qazayağı – 130 qr

§ Soğan – 26 qr

§ Yağ – 30 qr

§ Duz – 4 qr

Xörək əlavəsi:

§ qatıq – 50 qr, sarımsaq – 2 qr

 

HAZIRLANMASI:

Yamaclardan əməköməci yığılır, yuyulub-təmizləndikdən sonra körpə hissəsi əllə 2-3 hissəyə bölünür. Sonra suda pörtlədilir. Aşsüzənə yığılır və suyu süzülür. Soğan yağda qızardılır. Pörtlədilmiş əməköməcilər qızardıl- mış soğanın üzərinə əlavə edilir. Qaza- nın qapağı bağlanır və vam odda qov- rulur. Yağa düşdükdə oddan götürülür. Sarımsaqlı qatıqla süfrəyə verilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

“Ədəbiyyat və incəsənət” portalı “Ev həkiminiz” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Bu dəfə mövzumuz tibbə aiddir. Hansı simptomlar uşaqlarda ürək xəstəliklərinə işarə edir?

 

Pediatr, ailə həkimi, kliniki dietoloq, Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü Rəna Bayramova rubrikamızın məsləhətçisidir.

 

 

 

 

 

 

 

Bu simptomlar uşaqlarda ürək xəstəliklərinə işarə edir

 

 

 

Təəssüf ki, ürək xəstəliklərinə tək böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Ağır ürək patologiyaları adətən doğuşdan dərhal sonar aşkar olunur.

 

 

 

Lakin bəzi pozulmalar müəyyən vaxta qədər gizli qala bilir. Valideynlər uşaqlarına qarşı daim diqqətli olmalı, uşaqların istənilən "qeyri-adiliyinə" fikir verməli və öz şübhələr və narahatçılığı pediatrla bölüşməlidir. Bu pozulmanı vaxtında aşkar etməyə və fasadların qarşısını almağa yardım edəcək.

 

Uşaqlarda ürək xəstəliklərinə işarə edən simptomları aşağıdakılardır:

 

 

 

Südəmər uşaqlarda:

 

çəkinin zəif artması

 

dərinin göyümtül olması

 

tez yorulma (uşaq ananın döşünü zəif əmir, tez-tez fasilələr verir)

 

aktivliyin az olması

 

fiziki inkişafda ləngimə (həmyaşıdlarıyla müqayisədə başını gec saxlayır, gec oturur)

 

təngənəfəslik (nəfəsalmanın tez-tez və səthi olması)

 

 

 

Daha böyük uşaqlarda:

 

tez yorulma (uşaq oynayanda, qaçanda həmyaşıdları ilə müqayisədə daha tez yorulur)

 

ürək nahiyəsində istənilən diskomfort (agrı, narahatçılıq, yanma və s. )

 

burun-dodaq üçbucağının göyərməsi

 

dərinin ağarması

 

başgicəllənməsi

 

bayılma

 

təngənəfəslik

 

respirator xəstəliklə bağlı olmayan səbəbsiz öskürək

 

ayaqlarda şişkinlik.

 

 

 

 “Ədəbiyyat və incəsənət”

 

(16.05.2024)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bildiyiniz kimi, builki “Eurovision” mahnı müsabiqəsində Azərbaycan tam fiaskoya uğrayıb son illərdə ilk dəfə finala adlaya bilmədi. Demək, biz ilk 25-liyə düşə bilmədik, Ermənistan isə 9-cu oldu. Demək, azı 17 pillə bizi qabaqladı. Amma inişilin bu gününün xəbərləri arasında diqqətimi bizim Turin yarışmasında erməniləri 4 pillə qabaqlamağımızı bayram etməyimiz çəkdi.

Təkrarən o günə qayıdaqmı? Qayıdaq.

 

Turin şəhərinin evsahibliyi ilə İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən, şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olan, Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilən 66-cı “Eurovision 2022”nin böyük finalında 25 ölkənin təmsilçisi çıxış edib, səsvermənin nəticəsinə əsasən,“Stefania” adlı mahnını ifa edən Ukraynanın “Kalush Orchestra” qrupu 631 xalla birinci olub.

Ukraynalılar ikinci olan britaniyalıları 165 xallıq böyük fərqlə üstələyiblər. Ukraynaya bu cür hədsiz simpatiya təbii ki, Rusiyanın silahlı təcavüzü səbəbindən olub. İlk üçlüyü isə ispanlar qapadıblar, 459 xalla.

Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında öz performansını nümayiş etdirərək 16-cı olub, düşmən ölkənin iştirakçısını 4 pillə qabaqlamağımız da bir təsəlli ola bilər.

Xatırladaq ki, Azərbaycan ilk dəfə “Eurovision” mahnı müsabiqəsinin 53-cü sayında iştirak edib və 8-ci yeri tutub. 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” yarışmasında isə Azərbaycan 221 xalla birinci olub və növbəti il ölkəmiz dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi edib.

“Ədəbiyyat və incəsənət” portalı statistika sevənlər üçün müsabiqənin tam yekun cədvəlini təqdim edir:

1. Ukrayna  631

2. B.Briyaniya  466

3. İspaniya  459

4. İsveç  438

5. Serbiya  312

6. İtaliya  268

7. Moldova  253

8. Yunanıstan  215

9. Portuqaliya  207

10. Norveç  182

11. Niderland  171

12. Polşa  151

13. Estoniya 141

14. Litva  128

15. Avstraliya 125

16. Azərbaycan 106

17. İsveçrə  78

18. Rumıniya  65

19. Belçika  64

20. Ermənistan 61

21. Finlandiya 38

22. Çexiya  38

23. İslandiya  20

24. Fransa 17

25. Almaniya 6.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Page 4 of 1480