ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Mədəniyyət naziri Adil Kərimli fevralın 17-də Salyanda vətəndaşları qəbul edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Salyan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.

Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhərindən sakinlər iştirak ediblər.

Vətəndaşların müraciətləri, əsasən, işlə təminat, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və mövcud problemlərdən ibarət olub.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vüqar Nemətin şeirlərini təqdim edir.

 

 

İNSAN HEÇ NƏYƏ BƏNZƏMƏZ

 

İnsan heç nəyə bənzəməz,

yavrum mənim

Gülü, güldür

Tikanı, tikandır dünyanın.

Amma insan

Özünə belə bənzəməz.

Baxarsan

Adam kimi adam

Əl uzadsan yanar əllərin

Yaxınlaşsan ürəyin üşüyər!..

 

Qış, qışdır

Yaz da yazdır, bilirsən.

Yaz

İnsan heç nəyə bənzəməz, 

mənim gülüm,

Hər şeyə bənzədiyi kimi!..

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Prezident İlham Əliyevin inaqurasiya  mərasimindən sonra onun çıxışına  münasibət bildirən yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz fikirlərini “Ədəbiyyat və incəsənət” portalı ilə bölüşür. 

 

Fevralın 14-də Cənab Prezidentin andiçmə mərasimi keçirildi. İnaqurasiyadan öncə isə iki əsas məsələ daha qabarıq özünü göstərdi
Birincisi, fevralın 9-da İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində oldular və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izlədilər. İkincisi isə Azərbaycanla Ermənistanın şərti sərhədində bizim əsgərimizin yaralanması idi ki, buna da dərhal "Qisas" əməliyyatı ilə cavab verildi. Yəni cənab Prezidentin də dediyi kimi, Azərbaycan yeni hədəfinə sakit girmədi. Yeni Prezident seçkiləri, yeni dövr sakit daxil olmadı. Yeni geosiyasi dönəmdə, dünyanın geosiyasi baxımından sülhə yaxın olmaq məsələsində (Münhen konfransında razılaşdırmışdılar - Y.O.), bizim əsgərin yaralanması sülhü pozdu. Çoxları qeyd edir ki, bunu guya Rusiya edib, yarısı Qərbi günahlandırır. Amma elə hər ikisi edib, heç biri istəmir ki, Güney Qafqazda sülh olsun. Rusiya istəyir bölgə onun təsiri altında olsun və mən deyim ki, o terrorçu təşkilat da Rusiyaya bağlı təşkilatdır. Maraqlı bir tərəfi də odur ki, həmin ərazilərdə- Qafan ərazisində Qərbin "binokl diplomatiyası", missiyası var və onlar guya binokl ilə sərhədləri izləyirlər. Hər ikisinin əli var, amma fakt odur ki, nə Rusiya, nə də Qərb Güney Qafqazda sülh istəmir. Amma  Azərbaycan bunların təsiri altına düşmür və Prezidentin də dediyi kimi, biz özümüz vasitəçisiz sülh sazişi bağlamağa hazırıq.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

- Dözə bilərsənmi?

-Yox mən dözmərəm.. Səbr edərəm.

- Nə fərqi var ?

-İnsan sevmədiyi şeylərə dözür. Səbr etməksə sevgidir. 

 

Sevgi bəzən cəsarət edib uğruna dünyanı qarşına almaq, sevgi bəzən inandıqların uğruna sonadək mübarizə aparmaq, bəzənsə lazım gəldikdə qorumaq naminə geri çəkilə bilməkdir.

Sevgi bəzən aldanış, bəzən tamamlanmaqdır.

Sevgi hörmət, sevgi sədaqət, sevgi ümid, sevgi güvəndir.

Sevgi bəzən anlayış, bəzən səbr göstərmək, sevgi bəzən qiymətləndirmək, bəzən dostluq, sirdaşlıq, bir ömür yoldaşlıqdır.

Sevgi illər sonra bəzən xatirə, bəzən yaxşı ki, bəzən kaş ki, bəzən peşmanlıqdır.

Sevgi bəzən xatırlamaq, bəzən xatırlanmaq,  bəzən bir qəlbdə daimi sakin olmaqdır.

Sevgi bəzən paylaşmaq, sevgi bəzən paxıllıqdır.

Sevgi iman, sevgi ibadət, sevgi əhdinə sadiq qalmaqdır.

Sevgi həya, sevgi abır, sevgi mərhəmiyyətdir.

Sevgi bəzən həsrət, bəzən intizar, sevgi bəzən vəfadarlıqdır.

Sevgi təvazökarlıq, sevgi dəyər vermək, sevgi qədr-qiymətə vaqif olmaqdır.

Sevgi bəzən küsmək, sevgi bəzən ummaqdır.

Sevgi sədəqə, sevgi mərhəmət, sevgi qayğıdır.

Sevgi səbat, sevgi iqrar, sevgi hürriyyətdir.

Sevgi bəzən bir pişiyi sığallamaq, sevgi bəzən bir körpəni qucaqlamaqdır. 

Sevgi bəzən göyərçinlərə yem atmaq, sevgi bəzən bir uşağın başını oxşamaqdır.

Sevgi bəzən ümid etmək, sevgi dua, sevgi bütün qəlbin və ruhunla inanmaqdır.

Sevgi bəzən doğmalarının yükünü çiyinləmək, sevgi bəzən qayğı çəkmək, sevgi bəzən əzaba qatlaşmaqdır.

Sevgi bəzən qabarlı, qırışlı, əsalı əllər, sevgi bəzən böyüdən, sevgi qucaqlayan, qoruyan qollardır.

Sevgi bəzən kitab oxumaq, sevgi bəzən mavi dalğalarda qərq olmaq, sevgi yol gözləməkdir.

Sevgi bəzən bir ömür yalnızlığı gözə almaq, sevgi bəzən yarım qalmaq, bəzən gəlməyəcək birini gözləmək, sevgi bəzən isti göz yaşlarıyla soyuq torpağı qucaqlamaqdır.

Sevgi bəzən yağış tək yağıb damla-damla torpaqda yox olmaq, sevgi bəzən simurqtək yanıb küllərindən yenidən doğulmaqdır.

Sevgi Rəsulzadənin istiqlal eşqi, hürriyyət həsrəti, sevgi Şükriyyənin ailəsinin namusu, şərəf və ləyaqəti bahasına həbs və ölümü gözə alaraq o məşum kağızı imzalmaqdan imtina etməsidir.

Sevgi Albert vəfası, sevgi bəzən də Fərizənin intihar günahıdır.

Sevgi həzrəti Fatimə səbri, sevgi həzrəti Abbasın suyun bir addımlığında olduğu halda sevdikləri susuzkən, su içməyi özünə sığışdırmamasıdır.

Sevgi ana laylası, sevgi Azərbaycan deyə başlayan himn sədasıdır.

Hər şeyin təməli, özü sevgidir, sevgisiz heç nə yoxdur...

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Bazar ertəsi, 19 Fevral 2024 14:00

Xoşbəxt donuzun balladası

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

1.

GİLEY

Mənə elə gəlir ki, ayda 8-10 min alanlar mənim 64, yaxud 67 yaşımda 200 manat alacağımı müzakirə edərkən, heç də səmimi deyillər.

 

2.

PROQNOZ

Elə bir gün gələcək ki, 9 xəstə tək sağlam adamın üstünə gedəcək ki, sən xəstəsən, çünki bizim kimi deyilsən. 

 

3.

ÇIXILMAZLIQ

Qadına baxırsan, deyirlər, şorgözdür. Baxmırsan, deyirlər, problemlidir.

 

4.

SİYASİ LƏTİFƏ

Amerikada demokratiyanın boğulduğu ölkələrin reytinqi dərc edilib. Burada Rusiya birincidir və Şimali Koreya və Venesuela ilə qonşuluq edir. 

Rusiyada “Öz reytinqinizlə basın bayıra” adlı reytinq dərc edilib. Burada Amerika birincidir. 

 

5.

GÜLMƏCƏ

Mamed dayı uşaq olanda ata-anasına sual  edərdi ki, mən necə peyda olmuşam, ata-anası da deyərdi ki, səni Hacıleylək quşu dimdiyində gətirib, yaxud deyərdilər ki, səni kələmlikdən tapmışıq. 

İndi Mamed dayının uşağı ondan soruşur ki, mən necə peyda olmuşam. O da İKT inkişafına rəğmən deyir ki, səni internetdən skaçat eləmişik. 

 

6.

KƏLAM

Dadlı kolbasa ancaq xoşbəxt heyvanların ətindən çıxır. 

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Hədik şorbasının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR 

§ Noxud – 30 qr

§ Qarğıdalı (qurusu) – 30 qr

§ Qaragöz lobya – 30 qr

§ Maş lobya – 30 qr

§ Mərci – 30 qr

§ Lərgə – 30 qr

§ Qırmızı lobya – 30 qr

§ Kərə yağı – 25 qr

§ Soğan – 25 qr

§ Sarıkök – 0,1 qr

§ Cirə – 0,1 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ nanə – 3 qr, mərzə – 3 qr, reyhan qurusu – 3 qr, nar turşusu (məti) – 20 qr

 

HAZIRLANMASI:

Paxlalar ayrılıqda təmizlənir, yuyulur, isladılır. Noxud və qırmızı lobyanın bişməsi üçün çox vaxt tələb olunduğundan əvvəlcədən bişirilir. Qazana kərə yağı əlavə olunur və xır- da doğranmış soğan qızardılır. Əvvəlcə su, qaynadıqda isə paxlalar bişmə müddətinə görə əlavə olunur. Qarğıdalı, qaragöz, maş, lərgə, bir az son- ra mərci əlavə edilir. Bişmə müddəti 1 saat, noxudla lobyada isə 1,5-2 saatdır. Sonra bunlar da qazana tökülür. Üzərinə duz, istiot, meyvə turşusu (məti), sarıkök, cirə əlavə olunaraq qarışdırılır. Tam bişdikdə bir az yer dəmi alır. Sonra yanında nanə, mərzə, reyhan qurusu, nar turşusu (məti) ilə süfrəyə verilir.

 

QEYD: 

Bişmə müddəti dedikdə bütün xörəklərdə qaynadıqdan sonrakı müddət nəzərdə tutulur. Bu xörək ətli və ətsiz bişirilir. Çox qüvvəli yeməkdir.

 

Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş elmi işçisi

Prof.Dr. Asif Rüstəmlinin 70 yaşı tamam oldu. Onu - tanınmış ədəbiyyatşünası, ictimai və elm xadimini 70 illik yubileyi ilə bağlı çoxları təbrik etdilər, yeni uğurlar dilədilər! 

 

Asif Rüstəmli Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Birliyin Cəfər Cabbarlı Komissiyasının sədri (2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003-2018), “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzinin (indiki Folklor İnstitutunun) direktoru (1991-1995), institutun Elmi nəşrlər bölməsinin (1995-1999), Mətbuat tarixi və publisistika şöbəsinin (2014-2018) müdiri, BDU Dissertasiya Şurasının üzvü (2013-2018), 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından 2022-ci ilin oktyabr ayınadəksə Akkreditasiya şöbəsinin müdiri, habelə AAK Kollegiyasının üzvü olaraq məhsuldar ictimai, elmi yaradıcılıq yolu keçib. 

Onun elmi fəaliyyətinin əsas yönünü cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya edib, önsöz, qeydlər və şərhlər yazaraq “Ədirnə fəthi” adı ilə 1996-cı ildə “Elm” nəşriyyatında nəşr etdirib. 

C.Cabbarlının Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında nəşr olunan 4 cildlik “Əsərləri”nin də tərtibi, önsözü və şərhləri ona məxsusdur. Onin bu nəşrə yazdığı “Bədii həqiqətlər ustası” başlıqlı önsöz yeni faktlarla zəngindir. Sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllifin əlyazmaları əsasında o bərpa etmiş, bir sıra örnəkləri ilk dəfə çoxcildliyə daxil etmişdir. 

“Molla Nəsrəddin” Ensiklopediyası”na (“Elm”, 2020) onun 33 məqaləsu daxil edilib.

O, Ümummilli lider Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dönəmi əhatə edən məruzələrini, çıxışlarını söhbətlərini toplayıb tərtib edərək, 2000-ci ildə “Nəcib, mənəvi idealların tərənnümü” (“Ozan”, 2000) başlığı ilə nəşr etdirib.

Elmi məqalələri bir neçə xarici ölkədə yayınlanıb.

O, 15 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara önsöz yazmışdır. 

Onun ssenariləri əsasında “Günəş Şərqdən doğur” (2003), “İstiqlal fədaisi” (2004), “Nurlu gələcək naminə” (2005), “Bir kərə yüksələn bayraq. Azərbaycan Cümhuriyyəti – 100” (2018) sənədli filmləri çəkilib, nümayiş olunub.

O, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mətnşünaslıq, Redaktənin əsasları, Ədəbi redaktənin əsasları fənlərini tədris edib(1996-2019).

Haqqında “Fədakar tədqiqatçı-alim” adlı məqalələr toplusu gün üzü görüb.

Arif Rüstəmli (Ankara (1991), Bağdad (1994), Tehran (1995), Təbriz (1998), Bəsrə (1999), Urmiya (2004, 2011), Varşava (2007), Tomski (2008), Elazığ (2008, 2012, 2013), Budapeşt (2010), Diyarbəkir (2013), Astana (2014), Balıkəsir (2018) və b. şəhərlərdə) keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumun uğurlu iştirakçısı olub. 

Belə ziyalılarımızla qürur duymağa dəyər!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Bazar ertəsi, 19 Fevral 2024 13:30

Yağmasan da guruldamağı bacarmalısan - AKTUAL

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Demək, təkamülün belə bir xassəsi var ki, verilən şəraitə ən yaxşı uyğunlaşmağı bacaran növ, canlı həyatda qalmağı bacarır. Ana təbiətdə humanist yanaşmadan çox, daha ağıllı, daha çevik, daha güclü və adaptivlər qalib gəlməyi bacarırlar. Bir sözlə adaptiv kamuflyajlıq lazımdır. Homolar isə istifadə, taktiki gediş əmsalını təmsil edir.

 

Həyatda qeyri istəklərə "yox" demək mühüm elementlərdən biridir. "Yox" deməyə çoxumuz qorxuruq. Qorxuruq ki, qarşı tərəf bizdən inciyər, yaxud biz kobud təsiri bağışlayarıq. Etdiyimiz yüz yaxşılıq bir yanlış addım qarşılığında unudulmağa məhkum qalır. Əgər, özümüzün yazdığımız həyat ssenarimiz yoxdursa, o zaman başqalarının yazdığı ssenari ilə davam etməyə məcburuq. Hər zaman verilən "hə" cavabı, səni üzüyola, qeyri - ciddi  görkəm modelinə bənzədir və beləliklə də, hər dəfə ifadə olunan fikir daha zəif təsirə məruz qalır. Elə bil cəmiyyətdə daha yüksəkdən, daha mübaliğəli, daha pafoslu danışdıqda daha çox diqqət cəlb edirsən və səni daha ciddi qəbul etməyə başlayırlar. Bu daha çox kollektiv iş mühitlərində belədir.

 Yağmasan da guruldamağı bacarmalısan. 

 

"Yox" cavablarına keçid etdikdə, artıq həmin şəxs və ya şəxslər sizdən daha əvvəlkitək istifadə edə bilmədikləri üçün standart olaraq "dəyişilmisən, daha əvvəlki kimi deyilsən" damğasını vurmağa başlayırlar. İnsan mühiti onsuz da dəyişkəndir. Niyə axı ürəkdən istənməyən bir şeyə təsdiq verməlisiniz və ətrafa yalançı görkəm formalaşdırmalıyıq?! 

Hər dəfə verilən "necəsən?" sualına niyə yorğun olanda yorğun, xəstə olanda xəstə, pis olanda pis demirsiniz?!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Poetik Qiraətdə bu gün sizlərlə Yardımlıda yaşayıb yaradan şair İqbal Nəhmət görüşür. O, sözünü deyən adam olduğunu vurğulayır. Düzü, indi çoxları özgə sözü dediyindən, şairin qaldırdığı məsələ günümüzdə önəm kəsb edir. 

 

Çörəyimi öz suyumda, 

İsladıb yeyən adamam!

Bir tək olan Allahıma,

Başımı əyən adamam!

 

Halsızam hallar içində,

Qalmışam lallar içində, 

Bu qədər kallar icində,

Yetişib, dəyən adamam!

 

Yaşam yox ürək atmasa,

Yuxum yox gözüm yatmasa,

Heç kimə gücüm çatmasa,

Özümü döyən adamam!

 

Alışmaram ,,döz" deməyə

Özgə mala ,,öz" deməyə,

Söz taparam söz deməyə 

Sözümü deyən adamam!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Əsgərlikdə olarkən, günlərin birində anasının ölüm xəbərini alır. Tez gedib hadisəni komandirinə məruzə edir və təcili evə getməyinə icazə istəyir. Komandiri isə teleqramın üzərində Qazax rayon hərbi komissarının imzası və möhürü olmadığını bəhanə edib, ona icazə verməkdən boyun qaçırır. Anasından başqa kimsəsi olmadığını nə qədər desə də, komandir eşitmək istəmir. Əsəbləri gərilir, necə deyərlər, özünü saxlaya bilmir. Çiynindəki avtomatı komandirin üstünə çəkir. Komandir qorxusundan əllərini qaldırıb, onun çıxıb getməsini işarə edir. 

 

Binadan çıxanda görür ki, onu mühasirəyə alıblar. Avtomatı yerə qoymasını tələb edirlər. O da: “heç kim yaxın gəlməsin, vuraram!”- söyləyərək, oradan qaçıb uzaqlaşır. Qazaxa çatanda silahı qohum evinə qoyub qəbiristanlığa, anasının dəfninə yollanır. Dəfndən sonra xidmət etdiyi hərbi hissəyə qayıdır və əzablı günləri başlayır...

 

Bu ərəfədə hərbi hissədə şairlərin görüşü keçirilirmiş. Nigar Rəfibəyli, Rəsul Rza da bu görüşdə iştirak edirmişlər. Nigar Rəfibəyli onu tanıyıb tədbirdə şeir oxumasını təklif edir. O da ağlayaraq oxuya bilməyəcəyini söyləyir. Sonra baş verən hadisəni Nigar xanıma danışaraq, ondan kömək istəyir və bildirir ki, bu görüşdən sonra onu ağır cəza gözləyir. Azadlıqdan məhrum oluna bilər. Nigar xanımın israrlı xahişindən sonra hərbi hissənin komandanlığı onu bağışlayır...

 

Qəribə hekayədir, deyilmi? Bunu ötən gün  93 yaşını qeyd edən, qosqoca şairimiz Nəriman Həsənzadə söyləyib. Onun yaradıcılığı, davranışı adama həzin bir musiqini xatırladır. İnsanı düşündürən, xəyalən uzaqlara apara bilən musiqiyə. Bəlkə də ondan irəli gəlir ki, şairin söz-söhbəti, səsi də həzindir…

 

1931-ci ildə anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib. Erkən gəncliyindən həyata təkbaşına atılıb. Həsən bəy Zərdabi adına indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. Sonra SSRİ ordu sıralarında hərbi xidmətdə olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərib. Bu kursu başa vuraraq Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Beş il də orada təhsil alıb. Uç il Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspiranturasında oxuyub.  "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 

Ötən müddətdə müxtəlif vəzifələrdə çalışıb. Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsinədək yüksələ bilib. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Azərbaycanın xalq şairidir. "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinə layiq görülüb. Prezidentin fərdi təqaüdçüsüdür. İndiyədək 30-dan yuxarı kitabı işıq üzü görüb…

 

Deyir ki,- "Şair olmaq bədbəxçilikdir. Daim öz aləmində olursan, qəm-qüssə çəkirsən, duyğularla yaşayırsan..." 

 

Yəqin ki, bütün xoşbəxtlər kimi, onun da öz xoşbəxtliyindən xəbəri yoxdur. Erkən gəncliyindən kimsəsiz qalsa da, necə deyərlər, bütün ömrü boyu kimsəsizlər KİMSƏSİNİN kimsəsi olub. Allah ondan heç nəyi əsirgəməyib- İstedad, ailə, ağıllı övladlar, rahat həyat, şan-şöhrət və ən başlıcası uzun ömür. Uzun ömür isə Allahın bəndəsinə olan  xüsusi mərhəmətidir. Elə bil, səni can borcunu geri qaytarmağa heç kim tələsdirmir…

 

Bəli, xalq şairi Nəriman Həsənzadə ömrünün ixtiyar çağlarını- qocalığını yaşayır. Elə yaşayır ki, ağlı, yaddaşı, nitqi, ədəb-ərkanı, davranışı, düşüncə və hərəkətləri ilə QOCALIĞI insanlara sevdirə bilir. Necə deyərlər, qoca olanda da Nəriman Həsənzadə kimi QOCA olasan...

 

Xalq şairinin növbəti ad günü oldu, hələlik bir əsrdən yeddi il balacadır. Ona can sağlığı, ağrı-acısız günlər arzulayırıq. 

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.