ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş elmi işçisi

Prof.Dr. Asif Rüstəmli ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisin Mədəniyyət Komitəsindən məlumat verilib. 

 

Komitədə keçirilən görüşdə ədəbiyyat, mədəniyyət, elm və ictimai həyatımızın müxtəlif aktual mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Komitə sədri Prof.Dr. Asif Rüstəmlinin ədəbiyyatşünaslıq elmimizə xidmətlərini vurğulayıb, ona yeni uğurlar arzulayıb. 

Komitə adından professora təqdim edilən təbrik məktubunda deyilir:

 

“Hörmətli Asif müəllim,

Sizi – tanınmış ədəbiyyatşünası, ictimai və elm xadimini 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni uğurlar diləyirəm!

Siz, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Birliyin Cəfər Cabbarlı Komissiyasının sədri (2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003-2018), “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzinin (indiki Folklor İnstitutunun) direktoru (1991-1995), institutun Elmi nəşrlər bölməsinin (1995-1999), Mətbuat tarixi və publisistika şöbəsinin (2014-2018) müdiri, BDU Dissertasiya Şurasının üzvü (2013-2018), 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından 2022-ci ilin oktyabr ayınadəksə Akkreditasiya şöbəsinin müdiri, habelə AAK Kollegiyasının üzvü olaraq məhsuldar ictimai, elmi yaradıcılıq yolu keçmisiniz.

Elmi fəaliyyətinizin əsas yönünü cabbarlışünaslıq təşkil edir. Siz Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya edib, önsöz, qeydlər və şərhlər yazaraq “Ədirnə fəthi” adı ilə 1996-cı ildə “Elm” nəşriyyatında nəşr etdirmisiniz.

C.Cabbarlının Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında nəşr olunan 4 cildlik “Əsərləri”nin də tərtibi, önsözü və şərhləri Sizə məxsusdur. Siz bu nəşrə yazdığınız “Bədii həqiqətlər ustası” başlıqlı önsöz yeni faktlarla zəngindir. Sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllifin əlyazmaları əsasında Siz bərpa etmiş, bir sıra örnəkləri ilk dəfə çoxcildliyə daxil etmisiniz.

“Molla Nəsrəddin” Ensiklopediyası”na (“Elm”, 2020) Sizin 33 məqaləniz daxil edilib.

Siz Ümummilli lider Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dönəmi əhatə edən məruzələrini, çıxışlarını söhbətlərini toplayıb tərtib edərək, 2000-ci ildə “Nəcib, mənəvi idealların tərənnümü” (“Ozan”, 2000) başlığı ilə nəşr etdirmisiniz

Elmi məqalələriniz bir neçə xarici ölkədə yayınlanıb.

Siz 15 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara önsöz yazmısınız.

Sizin ssenarilər əsasında “Günəş Şərqdən doğur” (2003), “İstiqlal fədaisi” (2004), “Nurlu gələcək naminə” (2005), “Bir kərə yüksələn bayraq. Azərbaycan Cümhuriyyəti – 100” (2018) sənədli filmləri çəkilib, nümayiş olunub.

Siz həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mətnşünaslıq, Redaktənin əsasları, Ədəbi redaktənin əsasları fənlərini tədris etmisiniz (1996-2019).

Haqqınızda “Fədakar tədqiqatçı-alim” adlı məqalələr toplusu gün üzü görüb.

Siz (Ankara (1991), Bağdad (1994), Tehran (1995), Təbriz (1998), Bəsrə (1999), Urmiya (2004, 2011), Varşava (2007), Tomski (2008), Elazığ (2008, 2012, 2013), Budapeşt (2010), Diyarbəkir (2013), Astana (2014), Balıkəsir (2018) və b. şəhərlərdə) keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumun uğurlu iştirakçısı olmusunuz.

Sizi 70 illik yubileyiniz, ictimai, elmi yaradıcılıq uğurlarınızla bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Fevralın 16-sı Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının ilk Baş memarı olmuş Zivər bəy Əhmədbəyovun anım günüdür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi görkəmli memarı dərin ehtiramla yad edərək, Zivər bəyin həyat və fəaliyyəti barədə geniş məqaləni təqdim edir.

 

1873-cü ildə Şamaxıda bir bəy övladı dünyaya gəlir. Adını Zivər qoyurlar. Şamaxının tanınmış Əhmədbəyovlar nəslindən olan Gəray bəylə dövrünün ziyalı qadını Töhfə xanımın 9 uşaqlı ailəsində doğulan Zivər kiçik yaşlarından xüsusi istedadı ilə seçilir. Sonralar isə o, adını Bakının ilk azərbaycanlı Baş memarı kimi tarixə yazdıra bilir.

Zivərin uşaqlığı Şamaxının Sarıtorpaq məhəlləsində keçib. Anası Töhfə xanım musiqi, ədəbiyyat və poeziya həvəskarı idi və bu, Zivərin gələcək karyerasının formalaşmasına təsirsiz ötüşmədi. Rəssamlığa və incəsənətə böyük marağı onu memar olmağa həvəsləndirdi. Ən böyük arzusu isə yüksək təhsil alıb, qədim Şirvan memarlıq məktəbini, xalqımızın zəngin ənənələrini yaşatmaq və gözəl sənət nümunələri yaratmaq idi.

Zivərin bu amalına dövrünün tanınmış neft maqnatı Şəmsi Əsədullayev işıq tutdu. Beləcə, təəssübkeş azərbaycanlı milyonçunun vəsaiti hesabına Zivər 1902-ci ildə Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirməyə müvəffəq oldu.

Dövrünə görə mükəmməl təhsil alan Zivər bəyin ilk azərbaycanlı memar kimi peşəkar fəaliyyəti isə doğulub boya-başa çatdığı Şamaxı şəhərindən başlayır. Təəssüf ki, həmin ərəfədə, yəni 1902-ci ilin yanvarın 31-də Şamaxıda baş verən dəhşətli zəlzələ onun həyatında acı izlər buraxır. Zivər bəy açıq səma altında daş məzarlığı xatırladan, yerlə-yeksan olmuş doğma şəhərini yenidən dirçəltmək üçün gərgin əmək sərf edir. O, Şamaxının yenidən tikilməsi, küçələrin, yolların planlı qurulması işində yaxından iştirak edir. 8-ci əsr İslam memarlıq abidələrindən olan Cümə məscidinin zəlzələdən sonra yeni layihəsini hazırlayan Zivər bəy son dərəcə gözəl bir memarlıq nümunəsi yaradır. Şamaxının Baş memarı kimi peşəkarlığı sayəsində doğma şəhərində tamamilə dağılmış digər tikililər də yüksək səviyyədə bərpa edilir, Şamaxı özünün normal şəhər həyatına qovuşur.

Lakin Cümə məscidinin sonrakı bərpa işləri məşhur memar İosif Ploşkoya həvalə edilir. Buna səbəb isə məscidin Zivər bəy tərəfindən hazırlanan yenidənqurma layihəsində xarici cizgilərinin qorumasıyla bağlı yaranan fikir ayrılıqları olub və nəticədə o, sonrakı bərpa işlərindən uzaqlaşdırılıb.

Bakıya köçdükdən sonra isə Zivər bəy Bakı Quberniya İdarəsində, sonra isə Bakı Şəhər İdarəsində memar işləyir. Qısa müddətdən sonra Bakı şəhərinin Baş memarı vəzifəsinə təyin olunur. Onun bu vəzifəyə təyinatı Xalq Cümhuriyyəti dövrünə təsadüf edib və 1922-ci ilə qədər fəaliyyət göstərib.

Həmin dövrdə Bakı sənaye şəhəri kimi inkişaf edirdi. Şəhərin memarlıq nümunələri xüsusi ornamentləri ilə fərqlənirdi. Zivər bəy Əhmədbəyov öz layihələrində Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə sintez edirdi. Bu səbəbdən də paytaxtın qubernatoru və ali təbəqəsi şəxsi mülklərinin layihəsini məhz ona etibar edirdi. Bu gün Bakını bəzəyən, dərin məzmunlu arxitekturası, möhtəşəmliyi ilə göz oxşayan bir çox tikililər məhz Zivər bəy Əhmədbəyovun adı ilə bağlıdır.

Hazırda Bakıya yaraşıq verən tikililərin sırasında Təzəpir məscidi də xüsusi memarlıq üslubu ilə fərqlənir. Məscid məşhur Aşurbəyovlar nəslinin nümayəndəsi Nabat xanımın vəsaiti ilə məhz Zivər bəy Əhmədbəyovun layihəsi əsasında 1905-1914-cü illərdə tikilib. Məscidin Şərqin memarlıq üslubuna uyğun inşa edilməsinə nail olmaq üçün Nabat xanım Zivər bəyi öncə Məkkə və Mədinəyə, İstanbula təcrübə toplamağa göndərir. Zivər bəy Şərqin zəngin məscid memarlığını mənimsəyib geri dönəndən sonra arzuladığı hündür ikimərtəbəli (yaruslu) minarəsi olan möhtəşəm məscidin layihəsini hazırlayır.

Bunun ardınca isə Zivər bəy Nabat xanımın qardaşı Əjdər bəy Aşurbəyovun sifarişi ilə indiki Göy məscid adlandırılan məşhur Əjdər bəy məscidini layihələndirir. Məkkədəki Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən bu müqəddəs məbəd 1912-1913-cü illərdə tikilib istifadəyə verilir.

Memarın Əmircanda tikdiyi məscid isə hazırda Şərq memarlığının ən yaxşı incilərindən biri kimi qorunur. Məscid 1901-1908-ci illərdə bakılı mesenant Murtuza Muxtarovun sifarişi ilə tikilib. Bünövrəsi  Kərbəlayi Əhməd adlı usta tərəfindən qoyulan binanın tikintisi sonradan Zivər bəyin iştirakı ilə başa çatır. Məscidin minarələri iki yaruslu formadadır və bu dəst-xətt Azərbaycan memarlığında Zivər bəyə məxsus bir ilkdir.

Vaxtilə Bakıda inşa edilən Doğum evi (1910-cu illər), “Səadət” məktəbi (1911-12), Uşaq xəstəxanası (indiki Elmi-Tədqiqat Ana və Uşaq Mühafızəsi İnstitutu, 1914-1916), Oftalmologiya İnstitutunun binaları da onun uğurlu sənət əsərləridir.

Təkcə Bakıda deyil, Rusiyanın Vladiqafqaz şəhərində bir sıra yaşayış, məişət binaları da məhz Zivər bəy Əhmədbəyov  layihəsi əsasında inşa edilib.

Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakıda vəfat edib. Bizlərə gözəl sənət inciləri bəxş edən, özündən sonra böyük memarlıq irsi qoyan Zivər bəyin adı bu gün də hörmətlə yad edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə ölkəmizdə xatirəsi əbədiləşdirilib. 2011-ci ilin mayında Bakıda “Nizami” metro stansiyasının qarşısında Zivər bəy Əhmədbəyov adına park salınıb, heykəli ucaldılıb. Bütün bunlar dövlətimizin və xalqımızın böyük memarın xatirəsinə sonsuz ehtiramının bariz nümunəsidir.

 

Dünya Gənc Türk Yazarlar Birliyi Özbəkistanın Xalq şairi, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyidin kitabını çap edib. Kitabın Ön sözünün müəllifi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, layihənin ideya müəllifi Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

 

«Ədəbiyyat və incəsənət” portalına Dünya Gənc Türk Yazarlar Birliyindən verilən məlumata görə, layihənin koordinatoru DGTYB başqanı, şair İntiqam Yaşar, özbək türkcəsindən uyğunlaşdıranlar filologiya elmləri doktoru, professor Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azalp, kitabın tərtibçisi Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, redaktoru filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, məsləhətçilər Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalıdır. 

Kitabda görkəmli ədibin müxtəlif illərdə qələmə aldığı yaradıcılıq nümunələri yer alıb. Nəfis tərtibatla işıq üzü görən kitabın qarşıdakı zamanlarda Azərbaycanda və Özbəkistanda geniş təqdimat törənləri nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Fevralda ara-sıra temperatur hətta müsbət 20 dərəcəyə qalxsa da bu gün soyuqdur, havanın hərarəti cəmi 3-5 dərəcədir. Bununla belə, qlobal istiləşmə özünü göstərir. 

Ümumdünya Metereologiya Təşkilatı (ÜMT) artıq təsdiq edib ki, 2023-cü il müşahidələr tarixində ən isti il olub.

 

2023-cü ilin çox hissəsində müşahidə olunan istiləşmə tendensiyası 2024-cü ildə də davam etməkdədir. Həyəcanverici bir fakt: bu ilin yanvar ayı müşahidələr tarixində ilin ən isti birinci ayı hesab olunub. 

BMT öz saytında xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA), NASA, Avropa İttifaqının "Kopernik" proqramının iqlim dəyişikliyi Xidməti və Yaponiya Meteorologiya Agentliyinin araşdırmaları sübut edib ki, dəniz səthinin temperaturu on ay ərzində davamlı şəkildə rekord səviyyədə yüksək olaraq qalmaqdadır. 

Yanvarda Yer qatına yaxın havanın orta aylıq temperaturu “sənaye dövründən əvvəlki dövr” adlandırılan 1850-1900-cu illərdəki orta yanvar göstəricisindən 1,66 dərəcə yüksək olub.

Bu, iqlim dəyişikliyi üzrə Paris Sazişində qarşıya qoyulmuş istiləşməni Selsi üzrə 1,5 dərəcə həddində saxlamaq məqsədinə artıq nail oluna bilməyəcəyi anlamına gəlmir: həmin sənəddə aylıq və ya illik artım deyil, bir çox illər ərzində uzunmüddətli istiləşmə haqqında deyilir. "Kopernik" proqramının iqlim dəyişikliyi Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvar ayında temperatur 1991-2020-ci illərdəki yanvar temperaturun orta səviyyəsindən 0,70 dərəcə daha yüksək və bundan əvvəlki 2020-ci ilin ən isti yanvar ayının temperaturundan 0,12 dərəcə daha yuxarıdır.

Yanvar ayında qlobal yağıntının miqdarı rekord dərəcədə yağıntılı dekabrdan sonra demək olar ki, ən yüksək olub. Şimali Amerika, Asiya və Avstraliya ərazisinin çox hissəsində yağıntılar həmişəkindən daha çox olub, eyni zamanda, Cənubi Afrika və Cənubi Amerikanın çox hissəsində yanvar daha quraqlıq şəraitində keçib.

El-Ninyo hadisəsinin təsiri Sakit Okeanının ekvator hissəsində zəifləməyə başlayıb, lakin ümumilikdə dəniz havasının temperaturu həmişəkindən daha yüksək səviyyədə olub.

Qeyd edək ki, ÜMT-nin “2023-cü ildə qlobal iqlimin vəziyyəti” adlı yekun hesabatı martın 23-də qeyd olunan Ümumdünya Meteorologiya Günü ərəfəsində dərc olunacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Cümə, 16 Fevral 2024 15:30

Bir daha məlum qətl hadisəsi barədə

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Gün keçmir ki, qətl hadisəsi, ölüm-itimlərdən xəbər almayaq. Yenə bir cinayətlə üzbəüz durmuşuq. Dün sevgidən danışdıq, bugün məhv olmuş həyatlardan... Hər gün biraz daha məhvə, yoxuşa gedir insanlıq. Öz ailəsinin 5 üzvünü balta ilə qətlə yetirən varlıqdan yəqin ki, artıq hər kəsin xəbəri var. 

İnsan oxuduqca, yayılan videoları gördükcə bütünlüklə özünü itirir, bədəni əsir. Bu necə bir vəhşətdir? Bir ailənin deməzdim, bir ölkənin faciəsidir bu ki, biz bu hala gəlmişik. Xəstəxanadan o şəxsi nəyə əsasən, hansı hippokrat andı içən həkim sərbəst buraxıb? Bu adam 15 yaşında ikən adam bıçaqlayıb və pul ilə sərbəst buraxılıb... 15 yaşında bu uşaq nə yaşayıb bu vəziyyətə gəlib? Bu insan bu hala gələnə qədər hara baxırdı ailəsi, bu cəmiyyət? 

Uşaqları kiçik yaşlardan nəzarətdə saxlamaq lazımdır. Əgər öz uşağınızda problem varsa, bunu hiss edirsinizsə, utanıb bunu gizlətmək yerinə onun, ətrafdakı insanların gələcəyini düşünmək lazımdır. Öz ailəsinə bunu edən, başqalarına nə etməz? Edib də onsuz. Tutulub, sonra da buraxılıb. Pul ilə sərbəst buraxılıb. Və düşünün ki, bu adama taksidə işləsin deyə maşın verilib. Taksi… Hər gün hər birimiz onlarla taksidən istifadə edirik, düşünə bilirsiniz bu nə deməkdir? Artıq insan olmaqdan iyrənər hala gəlmişik. Artıq bu dünyada yaşamaq ölməkdən daha qorxuludur... Təbi ki, belə qorxularla yaşamağa yaşamaq deyilərsə...

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Cümə, 16 Fevral 2024 16:30

Ağrının fotoneqativi

 

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

“Xocalıya Ədalət” Kampaniyası çərçivəsində “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Texniki Universitetinin təşkilati dəstəyi ilə ötən gün “Reza Deghatinin gözündə Xocalı soyqırımı” adlı tədbir keçirildi. 

 

Tədbirdə Xocalı soyqırımından dərhal sonra çəkdiyi fotolar bütün dünyada yayılan, məşhur fotojurnalist Reza Deghati gənclərin görüşünə gəlmişdi. Azərbaycan Texniki Universitetində baş tutan tədbirdə Reza Deghati Xocalı faciəsi, Vətən müharibəsi və Qarabağda yenidənqurma işləri zamanı çəkdiyi fotoları təqdim etdi və şahidi olduğu hadisələrdən danışdı. 

Xocalıdan bəhs edərkən o, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə olduğunu söylədi. 

Fotoqraf Xocalıda və digər yerlərdə çəkdiyi şəkillərlə bağlı həqiqətləri dünyaya çatdırmağa çalışdığını vurğuladı. 

 

Layihənin təşkilatçısı olan “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı jurnalistlərə verdiyi müsahibəsində layihə barəsində ətraflı məlumat verdi və belə layihələrin gənclərin öz keçmişlərini unutmaması üçün vacibliyini vurğuladı. 

 

Qeyd edək ki, R.Deghati Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib. Axırıncı belə sərgi Parisdə baş tutub və kifayət qədər maraqla qarşılanıb. 

Yaxşı ki, ətrafımızda Reza Deghati və onun timsalında Azərbaycan həqiqətlərini hər vəchlə dünyaya çatdırmaq istəyən insanlarımız var, media təmsilçilərimiz var. Reza Deghati axı adi fotoqraf deyil, o, peşəkar fotomüxbirdir. 

Belə olduğu təqdirdə bizim mətbuatımızın beli yerə gəlməz! Belə olduğu təqdirdə böyük bir mətbuatı bizə miras qoyan Zərdabinin, Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin ruhu şad olar!

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vüqar Nemətin şeirlərini təqdim edir.

 

 YAZIQLAR OLSUN

 

Mən bir fidan əkdim, “tutmaz” – dedilər,

Mənsə tutan bildim, yazıqlar olsun!

“Bu hicran, bu həsrət bitməz” – dedilər,

Nəsə bitən bildim, yazıqlar olsun!

 

Mənim o ulduzum, de, harda qaldı?

Ya göyə çəkildi, ya yerdə qaldı,

Mənə “Tən” deyənim bəs harda qaldı?

Mən onu tən bildim, yazıqlar olsun!

 

Sənə nə “Get” – dedim, nə də ki, “Qayıt”,

Buna göy şahiddir, buna yer şahid,

Bu yolda hər zaman özümü şəhid

Səni vətən bildim, yazıqlar olsun!.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Sulu xəngəlin hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR:

§ Un – 200 qr

§ Soğan – 45 qr

§ Sarımsaq – 10 qr

§ Yağ – 25 qr

§ Duz – 2 qr

Xörək əlavəsi:

§ qatıq – 50 qr və ya qurut – 20 qr, sarımsaq – 2 qr

 

HAZIRLANMASI:

Xəmir yoğrulur, yayılır, xırda kvadratlar şəklində kəsilir. Su qaynadılır, kəsilmiş xəngəllər suya əlavə olunur. Xəngəlin suyu tam qurudulmur. Sulu xəngəl sarımsaqlı qatıq və ya qurutla yeyilir.

 

Ədəbiyyat və incəsənət”

(16.02.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rus Dram Teatrı şənbə gününə bilirsiniz hansı tamaşanı hazırlayıb? “Üç gözəl”i.

Uzun illərdir ki, bir adət var, istirahət günləri şəhərin azsaylı rusdilli təbəqəsi bəzənib-düzənib ailəlikcə teatra gəlir, konkret - Rus Dram Teatrına. 

Buranın aurası xoşdur, həm tamaşaya bax, həm aktyor truppası ilə söhbətləş, həm həmfikirlərinlə ünsiyyət qur.

Bəs sabahkı tamaşa nə tamaşadır belə? Bu yansı üç gözəldir ki, Bakı səhnəsində görünəcək? 

 

Rus dramaturqu Valentin Krasnoqorovun eyniadlı pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il yanvarın 13-də keçirilib, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti - teatrın rəhbəri Aleksandr Şarovskidir. 

Tamaşada maraqlı zarafatlarla və şən əhvalatlarla dolu adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsindən bəhs edilir. Müxtəlif xasiyyətli, fərqli taleli və temperamentli üç rəfiqə bir an içərisində öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Burada internet onların köməyinə gəlir.

Bəli, göründüyü kimi, internet mövzusu hətta klassik teatrlarımıza da siyarət etməkdədir. 

 

Bu arada şənbədən danışdım, bazarı bir kənara qoya bilmərəm ki. 

Bazar günü isə teatrda “Maskarad” tamaşası nümayiş olunacaq. 

Tamaşanın premyerası 2013-cü il noyabrın 24-də təşkil olunub. Dahi rus şairi Mixail Yuryeviç Lermontovun 200 illiyinə həsr olunmuş tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə həyata keçirilib. Tamaşaçılara 2022-ci il mayın 27-də isə bir sıra dəyişiklər olunmuş “Maskarad” təqdim olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

M.Y.Lermontovun əsəri əsasında səhnələşdirilmiş dram tamaşaçıya Yevgeni Arbeninin həyat yoldaşı Ninanın ona xəyanətini təsvir edən təxəyyülünün faciəsini açır. Bu tamaşa işıqlı tərəfə çıxmağa cəhd göstərən insan qəlbinin yolu haqqındadır.

Və sonda bir istəyimi də dilə gətirim. Çox istərdim ki, Bakıdakı Rus Dram Teatrı azərbaycanlı yazarlara repertuarında daha çox yer ayırsın. 

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasında bu dəfə 1 qonaq deyil qonaqlar olacaq.

Necə- necə?

Bəli, düz oxudunuz, qonaqlar olacaq.

O qonaqlarımız- Yazarlarımız ki, çoxlu sayda izləyicilərin könlünü oxşadı, ruhuna sığal çəkdi. Başladığı gündən rubrikamızda yer alan hər bir qonağımızdan 1 Sual və 1 Cavabı Sizlərin ixtiyarına buraxırıq, buyurun  

" sözlərin sehri" ilə baş- başa qalın, əziz izləyicilərimiz.

 

1) Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa? 

Bivəfa aləmdə sən yari-vəfadar istəmə!(Nəsimi) 

Musa Ələkbərli üçün daimi olan nədir? 

 

-Hegel deyib ki, “şeir rəssamlıq və musiqidən də üstündür”. Şairləri dilə gətirən, ilhamını xaosdan, ritmə, harmoniyaya kökləyən elə bu inamdır. Ölməz şairimiz M.Müşfiq də bir şeirində yazırdı ki, “Kainat olduqca, şeir olacaq”. Bu mənada mənim üçün daimi olan, insanlığın ən ali hissi poeziyadır. Mən gözümü açandan, dünyadan baş çıxarmaq istəyən anlardan (on dörd yaşımdan) könlümü şeirə vermişəm. Şeir mənim ilk məhəbbətimin, ən bakirə hisslərimin müqəddəsliyini yaşadan, qoruyan nemətdir. Bu ayrı söhbətdir ki, onunla yaxınlığım, doğmalığım mənə nə verib... Qazanmışammı, itirmişəmmi?! Əlbəttə, bunu zaman göstərəcək. Yəqin ki, mən dünyada olmayanda... 

Sualınızın  cavabını mükəmməlləşdirmək fikri ilə dahi şairimiz M.Füzuliyə istinadən yazdığım “Söz” qoşmamdan sizə sətirlər oxumaq istəyirəm. Üzrlü sayın, ilk dəfədir ki, təvazökarlıq həddimi aşıb, yazdıqlarıma bu qədər üz tuturam. Yaşımın bu ixtiyar çağında üzə tutalğac ayrı nəyim var ki?! 

 

 Mətniylə, məğziylə mənzilə çatmaz 

Duyğu ələyindən ələnməyən söz. 

Hər könlü oxşamaz, hər qəlbə yatmaz 

Sevgiyə, istəyə bələnməyən söz. 

 

Qəlbə yük gətirər, qəlbdən yük atmaz, 

Birinə çatanda, beşinə çatmaz. 

Dilində heç zaman sığala yatmaz 

Könlünə göylərdən çilənməyən söz. 

 

Əks etməz tanrıdan gələn gücümü, 

Seçilməz təpəri, olmaz hücumu. 

Dərin dəryaların dibinə cumub, 

Əngin səmalara millənməyən söz. 

 

Aydan adlayammır, il aşa bilmir, 

Ariflər yanında dil aça bilmir. 

Əsrin yaxasında gül aça bilmir 

Təşbehlə, məcazla güllənməyən söz.  

 

Qayğıları belə cəmləndirərmi, 

Könülləri belə qəmləndirərmi? 

Sənin kipriyini nəmləndirərmi, 

Mənim ürəyimdə sellənməyən söz?! 

 

Özünü atmısan qanlı sellərə, 

Hansı şeirin çatdı görən ellərə? 

Ay Musa, çox çətin düşər dillərə 

O uca eşqinlə dillənməyən söz! ( Musa Ələkbərli)

 

2) Üzün dönməz, sən "sənsənsə",

Göydən yerə fələk yensə.

Dur ayağa, gedirsənsə,

Mənzilim uzaqdı mənim.

 

Sevda dəlisiyəm, adım -

Qurddu, yalquzaqdı mənim.

Kim mənimlə yol gedəcək?!

Mənzilim uzaqdı mənim. 

(Rüstəm Behrudi)

 Dəyərli Şairimiz Rüstəm Behrudi, "Son mənzilə" üzüağ" çatmağın şərtləri nədir?

 

-Son mənzil deyilən şey yoxdu. Son da yoxdu, sonrasızlıq var! Son mənzil içimizdə getdiyimiz yola bənzəyir. İçimiz göy üzündə böyükdü bizim. Bütün yollar bitər, içimizdəki yol, əsla! Son mənzil yoxdu, yol var! 

 

 

3)İbrahim İlyaslı bəy, bir könlü fəth etmək çoxmu çətin?

 

-Tanrıdan rüsxət olursa, heç bir çətinlik yoxdur. Rüsxət yoxdursa, bu fatehlik iddiası bir ömür ancaq cəhd olaraq qalacaq… Amma bu cəhdin özündə də bir gözəllik var.

Ömrə məna qatır.

 

Bundan gözəl ömür olmaz,

Sən olan dünyada varam.

Göy məni Yerə qısqanar,

Bilsə, necə bəxtiyaram.

 

 Nolsun adın Günəş deyil,

Sənə bənddi axşam-səhər.

Sənə nisbət dövr eləyir

Kainatda səyyarələr.

 

 Bir kirpiyinə minnətdi

Yerin, Göyün yeddi qatı.

Cəhənnəm olsa, cənnətdi

Sən olan göylərin altı.

 

Bir arılar bilər nədi -

Gül dalının gerçəkləri.

Kimin ətridi süsləyən

Çəmənlərdə çiçəkləri.

 

Bundan gözəl ömür olmaz,

Sən olan dünyada varam...

Sənin həsrətindən özgə

Nəyim var haramdı, haram! (İbrahim İlyaslı)

 

4) Yaşamaq!

- dünyanın ən zor işi!

Yaşamaq!

- irəli qovaraq keçmişi!

 

Fəqət...

istəyirəm əcəl gələndə

qarşımda heç nə dayanmasın.

Məni elə çağırsın ki,

sevgilim yuxudan oyanmasın. (Qulu Ağsəs)

 

Dəyərli Yaradıcımız Qulu Ağsəs, ölüm nöqtədir, yoxsa vergül? Şairlərin mənəvi ölümü yoxdur deyək. Yenə də ölüm cismani həyata nöqtə, ruhi həyata isə vergüldürmü? Ölüm haqqında düşüncələriniz necədir?

 

 -Mən bir dəfə müsahibələrimin birində demişdim ki, vergül nöqtədən daha işıqlıdır. Nöqtə sanki quyudur, ora düşürsən və Yusif peyğəmbərin adı ilə də çıxa bilmirsən. Amma vergüldə bir işıq var. O deyir ki: " Hələ hər şey qurtarmayıb, hələ davamı var." Ona görə mən çox istəyərdim ki, elə ölüm də vergül olsun, nöqtə olmasın.

 

5)Qəşəm Nəvəfzadə bəy, müsahibələrinizin  birində Ədəbiyyat aləmindəki gözəl yazan şairləri əla futbol oynayanlarla müqayisə etmisiniz.

Hal-hazırda möhtəşəm "qol vuran" şairlərin adını çəkməyinizi rica etsəm, çəkərsinizmi?

 

-Bəli, futbol poeziyaya yaxındır. Bəlkə, mən də ən güclü futbolçuyam. Qol vuranda boş sahəni seçirəm ki, top adamlara toxunub geri qayıtmasın. Şeirdə də boş yer gəzirəm ki, orada heç kəs olmasın, ən yaxşı misra ən dəqiq vurulan qoldur.

Bəzən də qəsdən oxucuya pas ötürürəm ki, etiraz etsin və bu etiraza növbəti şeirim cavab olsun.

Yaxşı "qol vuran" şairlər çoxdur, amma ad çəkmək istəmirəm. Yadımdan çıxarlar və sonra məndən inciyərlər. Poeziya futbola, kinoya yaxındır, poeziya rejissor işidir. Şairin işi həm də rejissor işidir.

 

 6) " Həyat cavanların gözündə sonsuz gələcək, yaşlıların gözündə qısa keçmişdir." ( Artur Şopenhaur)

Əlizadə Nuri bəyin keçmişə boylananda: "Kaş ki,  bunu edərdim" - söylədiyi məqam varsa, oxucuları ilə bölüşə bilərmi?

 

- Şopenhauerin fəlsəfi frazalarını mən də sevirəm...

Söhbət şair kontekstinə gəlirsə, şairi danışdıqlarına görə yox, susduqlarına görə mühakimə edərlər. Necə deyərlər, ya sus, ya da susmaqdan üstün bir şey danış.

Şair demişkən, etmədiklərim hərdən məni elə yandırır ki...

İnsanlar bu həyat nərdivanında tez-tez yıxılırlar. Niyə? Bəlkə ayaqlarına etibar etmirlər- ona görə?! 

Həyat amansızdır. Eko demişkən: "bu zalım dünyanın hələ bir cəhənnəmi də varmış... 

 

7) “Gəl quş qonan budağıq,

İlk iz düşən yolağıq;

Sabahlardan sorağıq,

Sən mənsən, mən sənəm, gəl”...

(Ə.Qoşalı)

 

Əkbər Qoşalı bəy, gəlin bir anlıq rəssam olun. Sevgini mücərrəd isim olsa da, konkret ismə çevirib hansı rənglə və nəyə bənzədərək çəkərdiniz?

 

- Bilmirəm, bir anlıq rəssam olmaq mümkündürmü...

Rəhmətlik Mikayıl Müşfiq:

 

“Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy, onun nazını mən özüm çəkim”

 

deyərkən, rəssamlığı anlıq imkan kimi, yoxsa, insan taleyi olaraqmı götürüb, bilmirəm. Əgər fərz eləsək ki, istedadın, yaradıcılıq yetənəyinin mayası eynidir, bir qaynaqdan gəlir, o zaman, bir anlıq rəssamlıq damarımız tutarsa, onu bəlkə ağ-qara çəkərdim... Çün “Ayrılıq da sevdaya daxil... Çünki ayrılmağın da vəhşi bir dadı var” – Atilla İlhan belə yazırdı...

 

8)Payız adam, bu fəsil sənin çiyinlərindən

nimdaş plaş kimi asılı qalıb.

Qış kürkünü görmədim.

Dörd ildi gözlərimdə bir fəsildə qalmısan:

bomboz rəngdə.

(Namiq Dəlidağlı)

 

Namiq bəy, " Payız adam" yenə nimdaş paltarındadırmı?

 

- Yaradıcı adamlar həm də özlərini ifadə edir, yazdıqlarında, yaratdıqlarında. “Payız adam” nimdaş libasında arzularının ardınca hələ də yol gedir...

 

9) Təranə Dəmir sevgini hansı rəngə bənzədir və nə üçün?

 

- Əsl sevgi  bahar rəngdədir. Ömrün bütün fəsillərində yamyaşıldır. Sevgi insanı yaşadan duyğudur. Hər kəs ürəyində sevgi bəsləsə, dünya həmişə bahar olar. 

 

10) Hərəmiz bir ruhda. İkiləşməyək,

Ömür qatarında itələşməyək.

Bu sonu görünən yola düşməyək,

Biz bir-birimizçün yaranmamışıq. 

(Təranə Turan Rəhimli)

 

Təranə xanım, müxtəlif xarakterdə olan  insanları əbədi birləşdirməyə sevginin gücü çatarmı? Yoxsa anlaşılmamaq o sevginin hər saniyə "məzarını qazacaq?"

 

- Məgər həyatı maraqlı edən xarakterlərin müxtəlifliyi deyilmi? Bir anlığa düşünək ki, ətrafımızda öz xarakterimizdə insanlar toplanıb. Bu nə qədər cansıxıcı olardı. Dünyanın da gözəlliyi fərqliliklərin vəhdətindədir. Bir evin içində böyüyən iki övladın xarakteri yerlə göy qədər bir-birindən fərqli ola bilirsə, sevgi telləri ilə birləşən insanlar niyə eyni xarakterdə olmalıdırlar? Anlaşmaqla xarakter yaxınlığının heç bir əlaqəsi yoxdur. İnsan anlamaq istəyəndə buna cəhd göstərir. Əslində həmişə, bütün vəziyyət və situasiyalarda bir-birini anlamaq da mənə real görünmür. Sevgi münasibətlərində, xüsusilə ailədə anlaşmaq qədər qarşılıqlı hörmət də önəmlidir. Ortaq fikrə gəlmədiyin məsələdə belə sayqı, hörmət çərçivəsində davranış hər şeyi yoluna qoyur.

 

 11)Franklin söyləyib ki: " Ağıllı kimdir?

- Başqalarından öyrənə bilən.

- Güclü kimdir?

- Öz istəklərini idarə edən.

- Varlı kimdir?

-Malik olduqları ilə kifayətlənən.

- Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən kimdir?

-Heç kim."

 

Bəs Habil Yaşar bəy bu fikrə nə deyər?  Bu üç xarakteri daşıyan insan yoxdur?

 

-Tarixdə xeyli sayda görkəmli şəxsiyyətlər olub və olacaq. Amma bütün bunlara baxmayaraq bəşəriyyət hələ də bir xilaskar axtarışındadır. Bir Çin atalar sözünü xatırlatmaq yerinə düşər, Ülviyyə xanım: “Dünyada iki qüsursuz insan var: Biri ölüb, biri doğulmayıb”.

 

12) Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; 

bəzən xatırlatmaq lazım gəlir, 

xatırlanmaq üçün;

bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;

bəzən anmaq lazım gəlir, anılmaq üçün;

bəzən də susmaq lazım gəlir, duymaq üçün. (Şəms Təbrizi)

 

"Səma”, “dəniz”, “tənha", "sevgi" və "nifrət”.

İntiqam Yaşar bəy, daxilində bu sözlər olan bir obrazlı cümlə istəsək, hansı cümləni eşidərik?

 

-Səma və dəniz tənha adamların sevgisinə də, nifrətinə də şahidlərdir. 

 

13)Məni ürəyində saxla demirəm,

vaxt gələ, görərsən ürəyin mənəm.

 Harda soruşsalar: qız, haralısan?

de ki, bir oğlanın ürəyindənəm...

(Ruslan Dost Əli)

" Dərindən sevmək- özünü unutmaq deməkdir!" ( Jan Jak Russo)

 

Ruslan Dost Əli bəy- gənc şairimiz, bu fikrlə razısınızmı?

 

- Dərindən sevmək deyəndə ki, ümumiyyətlə, yüngülvari sevmək olmur. Sevgi bizim bildiyimiz, ya da bilmədiyimiz dənizlərdən, okenlardan belə dərin və bəzən də vahiməlidir. Balıq və dənizi necə düşünürüksə, insan və sevgini də elə düşünün. O sevgiyə xəyanət etmədiyin müddətcə, boğulmayacağından əmin ola bilərsən…

 

14)Aysel Xanlarqızı “Qadın  kimdir?”- sualına tərifi necə verərdi?

 

-QADIN…

Otaqda yığılan köynəklər kimi,

Ütüləyib geyər ümidlərini.

İtirər yataqda bəzən yerini,

Gecə kürəyindən ağrıyar, Qadın.

 

Qurban verər dərdli doğrularını,

Dəyişməz yarasın sarğılarını.

Alar sevdiyinin ağrılarını,

Gizlicə gözündən oğrayar, Qadın.

 

Yuxusun analıq hissiylə bölər,

İllər saçlarının qarasın silər.

Ən son əl uzadar süfrəyə belə,

Övladı doyarsa, bir doyar Qadın.

 

Tapdansa, hüququ əyər içini,

Olmaz istəyinin azad seçimi.

Körpə arzuları bir alma kimi,

Bölüb dilimləyər, hey soyar Qadın.

 

Qovurub içini yeyər dərdləri,

Solar yaddaşında keçmişin yeri.

Üzündən, gözündən yağan kədəri,

Mətbəxdə soğan tək doğrayar Qadın.

 

 Ruhdakı təkliyin toplanmaz cəmi,

Olmaz həsrətinin, içilməz dəmi.

Qaynayıb dağılan duyğular kimi,

Çaydanın gözündən ağlayar Qadın…

 

-bu sualınızı illər öncə yazdığım bu şeirlə cavablayıram. 

 

15) Fəlsəfə - ruhun özünədərkidir." (Əbu Turxan)

Aysel Nəsirzadə xanım, çox təəssüf ki, çoxlarımızın özünədərki ya yoxdur, ya da çox az faizdədir. Sizcə, bütün bəlaların kökündə bu dayanırmı?

 

-İndi çox eşidirik "Fərqindəlik" sözünü. Fərqindəlik insanın özünü yaxından tanımasıdır. İnsan öz gücünün fərqinə varır və həyatını dəyişir. Əsas istəməkdir. Şüurlu şəkildə düşünərək nə istədiyini bilməkdir. Din də deyir, elm də deyir ki istə, istəyinə nail olacaqsan. Əsas məqsədli olmaqdır. Arzulamaq, arzunun xəyalını qurmaq və istəyə çatmaq üçün çalışmaq. Yəni, nə istədiyini şüurlu şəkildə bilmək əsasdır. İnsan düşündüyü zaman insandır. 

 

16)Kişinin həyatı boyu

içindədir kədər payı,

Qadının gözünün suyu 

Arazdan Kürəcəndi. 

(Elvin İntiqamoğlu)

 

Elvin bəy, kişilərə niyə ağlamaq “qadağandır"?

Şeirinizdə göz yaşları dərya olan xanımları gördük, bəylərin də ürəyi ətdəndir axı...

 

-Düzdür, folklorumuzda "Kişilər ağlamaz" cümləsi var. Ancaq atalar bu ağlamağı nə mənada deyib? Çoxumuz bunun fərqinə varmırıq. Mən əminəm ki, "Kişilər ağlamaz" deyən atanın özü belə nə vaxtsa ağlayıb, ancaq gözündən yaş axıtmayıb. Mənə elə gəlir ki, o atalar sözünün sətraltı mənası elə məhz budur. Kişilər içində ağlayır, gözdən yaş axıtmaq qadınlara məxsusdur. Kişinin gözdən yaş axıtmamağı qürur göstəricisidir, kişi-qadın bərabərliyinin tərs mütənasib variantıdır. Məsələn: Şəhidin dəfn mərasimində içində ağlayan şəhid atası bayrağımızı öpüb "Vətən sağ olsun" deyir, ağlamır, şəhid anası içində "Vətən sağ olsun" deyir, ağlayır.

İndi də kişilərin gözdən yaş axıtdığını görmək çətindir,  ancaq həssas həyati məsələlərdə bu da anlaşılandır. Məsələn: valideynini itirən kişi daxili aləminə güc gələ bilmədiyindən sarsıntısı göz yaşından hiss olunur. 

Gördüyünüz kimi, şəhid atası (və ya doğmaları) və ailə itkisi yaşayan biri "göz yaşı" qadağasından azaddır, ona mənəvi cərimə tətbiq etmək özü bir mənəviyyatsızlıqdır.

 

 17) Aristotel poeziyanın ümumidən, tarixin isə xüsusidən bəhs etdiyini bildirərək, poeziyanı daha üstün qəbul edib. Bəs Şamil Ənvəroğlu poeziyaya hansı tərifi verərdi?

 

 -Poeziya ruhun çırpınışı, 

ürəyin döyüntüsü,

duyğuların var olma şəklidir...

Ədəbiyyatı böyük bir limana bənzətsək, poeziya bizi o limana aparan,

dalğaların qoynunda bizi atıb-tutan bir gəmidir. 

Bu gəminin kapitanı isə ÜMİDDİR. 

 

18)Faiq Hüseynbəyli bəy,  həyatın "ərköyün uşaq", "qəddar şah", "amansız düşmən", "deyingən qoca qarı" obrazları ilə qarşılaşanda səbrinizi "qalxan" edə bilirsinizmi?

 

- Səbr Tanrının adlarından biri kimi iradəmizi təmsil edir. Həqiqəti dərk edən, ədaləti təmsil edən biri kimi şair, qeyd etdiyiniz obrazlarların qarşısında öz fəlsəfəsini ortaya qoyur. Problemlərin həlli yolunu təklif edir. Texnoloji inkişaf qarşısında ekoloqlar yüz il, min il sonra dünyada baş verəcək iqlim dəyişmələrinə qarşı bu gün necə mübarizə aparırlarsa, şairlər də dünənki, bugünkü milli şüuru sabahlara təhlükəsiz şəkildə ötürməkdə görəvli şəxslərdir. Tarixin bəzi məqamlarında şahların vəzirləri, məsləhətçiləri elə şairlər olub. Hətta bu yerdə yenə də şair Şah İsmayılın adını vurğulamaq istərdim. Qılınc və Qələm paralelliyi Dədə Qorquddan, Koroğludan, Şah İsmayıldan bu günümüzə qədər öz aktuallığını qoruyub saxlamaqdadır. "Amansız düşmən"dənsə, mehriban dostluğu, sevgini tərcih edərdim. Qocalıq məhfumunu yaşla əlaqələndirmirəm. İndi o qədər zamanədən gileyli gənclərimiz var ki... Bu bir az da sosial vəziyyət ilə bağlı olsa da, ədəbi yaşantıya çevrildiyi məqamlar da olur. 

 

 19)Gəl sevgi qoymayaq bunun adını,

Eləcə biz- bizə vurğunuq deyək.

Daha savaşmayaq ayrılıq ilə,

Çəkilək kənara yorğunuq deyək.

(İqbal Nəhmət)

 

İqbal bəy, sevgiyə öz adı ilə müraciət edəndə ayrılıq onu məhv edir, ya da ki, etiraf edilmiş sevgilərin çoxunun mükafatı elə ayrılıq olur?

 

-Mən başqa bir şeirində yazmışam ki, 

Səni sevmək bir ağacı sən bilərək 

gövdəsinə sarılmaqır,

budaq -budaq qırılmaqdı,

yorulmaqdı, yox olmaqdı.

Səni sevmək 

bəlkə, bir az da ölməkdir...)  (İqbal Nəhmət)

 

20) El Roman bəy, ölüm öz gəliş vaxtını əvvəlcədən söyləməsə də, bizimlə qarşılaşır. Ölümdən başqa nə ilə bir gün mütləq görüşəcəyik?

 

- Özümüz kimi bir adamla bir gün mütləq görüşəcəyik. Kimsə qarşısına özü kimi birisi çıxmamış ölməz. Bu insanın sonuncu vacib üzləşməsidir. Sirat körpüsüdür. Ən axırıncı mərhələdir, hətta ən axırıncı imtahandır. İnsanın özünü tanıması ölümünə yaxın baş verə bilər. Amma soruşsan, hamı guya özünü tanıyır...

 

21)Bir qadın gedir – 

bətnində körpəsi,

kürəyində ayağını itirmiş əri.

O qədər sınıxıb ki,

bir sümükdür, bir dəri.

Bəlkə, qiyamətdir?

Yox, bu, qadın işi deyil!

İlahi bir komediya,

bəşəri faciədir,

 şeytani bir sənətdir! (Ramil Əhməd)

 

 Dəyərli Ramil bəy, güclü qadın obrazını necə təsəvvir edirsiniz, iradəsindən dönməyib məğrur şahı tədricən dəyişən Şirin kimi, vətənpərvər  Janna Dark kimi,  Kiri qan tuluğu ilə "mükafatlandıran"  cəsarətli Tomris kimi, "Uncle  Tom's Cabin" adlı kitabı ilə köləliyə qarşı mübarizəni cəmiyyətdə yayan güclü xanım Harriet Beecher Stowe kimi, yoxsa bütün mükəmməlliklərdən pay alan xanım kimi?

 

-Mükəmməllik illuziyadır. Güc nisbidir. Müharibə haqqında olan bu şeirdə, qadın güclü olmaq istəmir, güclü olmaqdan başqa çarəsi qalmır sadəcə. İkisi arasında fərq çoxdur. 

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.