
Super User
“Qızlar əmanətdir məlakələrdən” - Əhməd Qəşəmoğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.
Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.
O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.
Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək) kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.
Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.
Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.
Mənim ağ ilanım
yuxuda ag ilan xeyrə yozulur,
ag ilan olan ev, ocaq sayılır.
ömrümə ag ilan gələndən bəri
qəlbim sirr içində alışıb yanır.
mənim ağ ilanım - bir ag qızıl gül,
ətri ətirlərin ən ilahisi.
getsəm yer üzünün hansı yanına,
mənim qulağımda tək onun səsi.
mənim ağ ilanım mehriban, gözəl,
məlakə ruhludu, ruhlar ruhudu.
heyif, aramızda cəpərlər qalxıb,
hər tikan qəlbimin min-min ahıdı.
əsrlər kecəcək, mənim qəbrimin
yanına gələnlər bir ağ ilanı,
görsələr astaca sürüşdü, itdi.
Hərənin bir yerə gedər gümanı...
Vədəsində
Nə gözəl gəlmisən ömrümə mənim?!
Sanki bir pöhrəsən yaz vədəsində,
Ögeylik ömrümə olmuşdu qənim
Yaxşı ki, gəldin sən öz vədəsində.
Xəyallara gedib, duruxma belə,
Üstünə nur yağır, karıxma belə,
Bu qəfil sevgidən qarıxma belə
Allah qismət edir, düz vədəsində.
Sən haqqa aşiqisən, mən sənə lələ,
Sübhdə bal arısı qonmaz hər gülə.
Üzündən birçəyi tez ol, dəstələ
Ömrümə gülümsə tez, vədəsində.
Ilham pərisi
...tarixin ən gözəl günlərindən biri
“Şəbü-hicran” qəzəlinin yarandığı gündü...
həmin gün nələr olubsa tarixdə
bu şeirdən sonra gəlir...
kim idi o vədə Füzuli ruhunu
göy üzünə kökləyən,
qəlbini üzən gözəl?
bu ilahi sözləri
bu ilahi nizamla
düzən gözəl...
...bu dünyadan gedə bilməz
o gözəlin ruhu...
hansısa çiçəyin, göy üzünün
gözəliyindən boy verir indi
onun ruhu...
aman, aman!
mən inandığıma inan,
o gözəlin nuru içindəsən...
o gözəldən də gözəlsən...
“Şəbu-hicran” dan da gözəl
şeir yazdıra biləsən...
qızlar əmanətdir məlakələrdən
insanlar hələ
doğulan qız uşaqlarının
məlakələrdən onlara
bir əmanət olduğunu bilmir...
məlakə tək böyütmək əvəzinə
min oyun açırlar
o körpələrin başına...
düşürlər məlakələrin qarğışına.
elə ona görə də yer üzünün
üzü gülmür...
Dəniz kənarında bir qız...
Dəniz kənarında tənha, tək, titrək,
Bir gözəl gənc qız, pəjmürdə, kövrək,
Gələn ağ gəmini seyr eyləyərək
Suallar əlində bilmir neynəsin...
Suallar əlində bilmir neynəsin,
Bilmir öz halını kimlərə desin,
Əlvan çiçəklərdən kömək istəsin?
Qoşulur səmada ağ buludlara...
Qoşulur səmada ağ buludlara,
Bilmir tale onu aparır hara,
Istəyir sirrini desin sulara
Görür batıb səsi, dillənə bilmir.
Görür batıb səsi, dillənə bilmir,
Ömrünün illərin düşünür bir-bir,
Unudub hər şeyi, nə olub? Bilmir,
Gəmi yaxınlaşır, aparsın onu.
Gəmi yaxınlaşır, aparsın onu,
Əynində alova dönür al donu,
-Allahım, nolacaq bu işin sonu?
Düşünə-düşünə dua eyləyir.
Düşünə-düşünə dua eyləyir,
Ruhundan, qəlbindən kömək diləyir,
Ruhu öz hökmünü ona söyləyir,
Qəlbi arzularla, ümidlə dolu...
ahəng içində
...sevgilim bir gözəldi,
bəşər övladı deyil !
mən onu vəsf elədim,
dedilər, -“ röyadı”,
deyil...
dünyanın zərrəsində
əks olunur dünya özü...
dünyada heç bir zərrə
sadəcə, adi deyil...
qəlblərdən doğan işıq
aləmdəki işıqdırmı?
İlahinin bir sirridi,
işıq onun adı deyil.
bir ahəngin içindədi
bu yer üzü, bu göy üzü,
dünya özü...
o ahəngi duya bilmək
bir qismətdi,
sadə deyil.
Qəşəmoğlu!
dediyin hələ nədi?
çox cüzidi,
damlanın milyonda biri,
hələ o ifadə deyil !
Uzaqlardan gələn gəmi
Oyatma yatan qəlbimi,
İlahi mələklər kimi.
Uzaqlara üzüb gedər,
Uzaqlardan gələn gəmi.
Haraylayıb bağırmadım,
Gəmini mən çağırmadım,
Ağır-ağır, addım-addım
Gəlir, düşüb buzlaqlara...
Mən gözləyəndə gəlmədi,
Ürəyim dəlmə-dəlmədi.
Mən kiməm? kimsə bilmədi...
Əsir düşdüm sazaqlara.
Ömür keçdi, ögey keçdi,
Ögey ömür heçdən heçdi.
Gəmidəki o nə yükdü?
Salıb məni soraqlara.
O gəmiylə gələn kimdi?
Niyə axı gəlir indi?
Bəxtin üzümü güldü,
Mənim kimi yazıqlara?
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
“Əsgər barmağını əmən körpə” – ELÇİN HÜSEYNBƏYLİNİN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Nəsr saatıdır, sizlərə tanınmış yazıçı Elçin Hüseynbəylinin “Əsgər barmağını əmən körpə” hekayəsi təqdim edilir.
– Komandir, eşitdiniz!? – çavuş Namazov üzünü mənə tutub dedi.
– Eşitdim, dağın o üzündən atırlar, sol tərəfdəki mövqedən.
– Yox, dərədən atırlar.
– Dərə, dağ, nə fərqi?! – deyə ona acıqlandım.
– Fərqi odur ki, komandir, dərə dağın o üzündədir.
– Bəs niyə səsi əks-səda vermədi?
– Çünki bu təpəliklər əks-səda vermir. Hamısı boz təpəliklərdir, səsi udur.
Namazov coğrafiyaşünas kimi danışırdı.
– Babam həmişə deyirdi ki, kəndə qayıdanda ovu dərədə elə, onda heç kim xəbər tutmaz...
...Bölüyümüzün bir qrupunu ön xəttə göndərmişdilər, kəşfiyyatçı kimi. Çünki bizdən əvvəl o istiqamətə göndərilən peşəkar kəşfiyyat qrupu geri qayıtmamışdı. Bizdə olan məlumata görə, kəşfiyyatçılar düşmənin dərinliklərinə sızmışdılar və güman ki, sol tərəfdəki mövqelərimizdən çıxacaqdılar. Əgər sağ qayıtsaydılar. Bəlkə də, dərədə atışan onlar idi. Düşmən kəşfiyyatçıları görmüş və atışma başlamışdı. Onlara qoşula bilməzdik. Çünki missiyamız başqaydı...
Bizə tapşırıq verilmişdi ki, Bozdağ ətrafındakı düşmən mövqelərini müşahidə edək, dağın döşündəki evlərdə erməni yaraqlılarının olub-olmamasını aydınlaşdıraq, səhər açılmamış geri qayıdaq. Çünki taborumuz erməni yüksəkliyini ələ keçirmək üçün bu istiqamətdən hücum eləməliydi. İmkan olsa, əsir də gətirməliydik. Kəşfiyyatımızın məlumatına görə, ermənilər kəndləri qoyub qaçmışdılar, amma onlardan hər nə desən, gözləmək olardı.
Qrupda yeddi nəfər olmalıydıq. Amma əsgərlərdən ikisi xəstələndiyindən yola beş nəfərlə çıxası olduq. Deyilənə görə, dünyanı bəlaya salan zəhrimar virusa yoluxmuşdular. Xəstələnən əsgərlərin həm qızdırmaları vardı, həm də tez-tez öskürür, asqırırdılar. Bizi ələ verə bilərdilər.
Özümüzlə su və çörəkdən başqa heç nə götürmədik. Ağır əsgər kisələri manevr imkanlarımızı azalda bilərdi. Vaxtımız onsuz da az idi.
Mən tabora təzə gəlmişdim. Uşaqları hələ yaxşı tanımırdım. Eşitdiyimə görə, bu işdə peşəkar idilər. Namazovla Həsənov müddətdən artıq hərbi xidmətdəydilər. Qalan iki əsgər isə könüllüydü.
Gecədən xeyli keçmişdi. Payızın ayazı üz-gözümüzü yalayırdı. Ay buludların arasında gizlənmişdi, hərdən zəif şüaları görünürdü. Biz cığırla, ətrafa boylana-boylana, lazım gələndə isə yerə sinə-sinə gedirdik. Cığırdan kənara çıxmalı deyildik. Düşmənin basdırdığı minalardan qorxurduq.
Ətraf yüksəkliklərdən ibarət idi. Sağ istiqamətdəki yüksəkliklər ermənilərdə, soldakılar isə bizdəydi. Qarşıda balaca kənd vardı. Bir zamanlar orada azərbaycanlılar yaşamışdılar, amma 30 il öncə ermənilər kəndi işğal eləmiş və bir müddətdən sonra orda məskunlaşmışdılar. Mən buraları pis tanımırdım. Çünki uşaqlığım dağın o üzündəki dərələrdə keşmişdi.
... Bir az gedəndən sonra dayandıq. Yarğanlardan birinin altında oturduq. Fikir verdim ki, çavuş Namazov başını sırıqlısının altına soxub nəyəsə baxır, üzünə də azacıq işıq düşür, gülümsünür.
– Əlindəki nədir? Telefondur? – deyə astadan soruşdum və onu dürtmələdim.
– Yox, şəkil qalareyasıdır, – Namazov, üzümə baxmadan, ciddi görkəmlə dedi.
Həsənov güldü. Güldü yox e, pısqırdı.
– Sən kəs!
Burda gülmək də, asqırmaq da qadağan idi.
– Nə qalareya, ə? – Namazovu bir az bərk dürtmələdim.
Sanki indi ayıldı, başını qaldırdı:
– Bağışlayın, komandir, harda olduğumu unutmuşdum.
– Unutmağın bədəlini ödəmək ağırdı, – deyə acıqlandım.
Namazov danışığına şirinlik qatdı:
– Komandir, qadan alım, yəni bu, telefon kimi yararsızdır, ancaq şəkilllərdən ibarətdir. İnanmırsınız, baxın.
Mənim ona baxmaq fikrim yox idi. Telefonu əlindən alıb qolazlamaq istədim. Namazov əlimdən tutdu.
Həsənov yenə də pısqırdı və pıçıltı ilə:
– O qalareya deyil e, komandir, şəkil sərgisidir...
– Uşaqlarınız var, komandir? – Namazov mülayim səslə soruşdu.
– Nəvələrim var! – Acıqlı-acıqlı, sözgəlişi dedim.
– O şəkillərin çoxu uşaqlarındır e. – Bax bu sonbeşikdir, nənəmin adını qoymuşuq: Banu. Axırıncı dəfə mən evdən çıxanda buraxmırdı ki... Bərk-bərk yaxamnan yapışmışdı. Səkkiz aylıqdır, amma qanır. Bu zəhrimar müharibə bitsəydi...
Ürəyim yumşaldı. Telefonu, yəni Namazov demiş, “şəkil qalareyası”nı almadım:
– Uşaqlara pis nümunə göstərirsən, – dedim, – onu saxla, geri qayıdanda doyunca baxarsan...
... Nəfəsimizi dərəndən sonra yolumuza davam elədik.
Dağın ətəyindən aşağıda, düzənlikdə nəsə qaralırdı.
– Orda nəsə var, – pıçıldadım, – yoxlamaq lazımdır.
– Ora fermadır, – Namazov dedi, – bizim ferma, yəni bir zamanlar bizim olub.
– Sən hardan bilirsən?– təəccübləndim.
– Babam danışıb. Ölənə kimi hər gün kənddən danışırdı. Ona görə də buraları əzbər bilirəm, şəkillərini də görmüşəm.
Yaxınlaşdıq. Tövlə iyi burnumuza vurdu. Fermanı ehtiyatla, divara–sığına-sığına dolaşdıq. Heç nə yox idi. Mal-heyvanı da aparmışdılar.
Yoxuşla kəndə tərəf dırmaşdıq. Getdiyimiz cığır çınqıllıq idi. Ayağımız tez-tez sürüşürdü. Ətrafdakı qaratikan kolları vahimə saçırdı, sanki arxalarında düşmən snayperləri gizlənmişdi. Ay da hərdən bizə göz vurur, buludların arxasından çıxır, yenə də batırdı. “Bizi ələ versə, bu ay verəcək!” – deyə ürəyimdə fikirləşdim.
Kəndə çatdıq. Tam səssizlik idi. İtlər də hürmədilər. Ya yatmışdılar, ya da iyimizi almamışdılar. Şübhələndim.
– Bu sakitlikdən gözüm su içmir, – dedim.
– Mənə elə gəlir ki, kənddə heç kim yoxdur, – Namazov dedi, – icazə versəniz, irəli gedib yoxlayardım.
– Yox, kəndə girməyək, əvvəlcə erməni mövqelərini yoxlayaq.
Düşmən mövqeyi kəndin üstündəki boz təpədə olmalıydı. Kolların arası ilə ora dırmaşdıq. Yerə yatıb dinşədik. Səs-səmir gəlmirdi.
– Burda heç kim yoxdur, komandir, – Namazov qulağıma pıçıldadı və qurşağındakı qumbaraya işarə ilə: – Bəlkə, birini gumbuldadım!
– Ehtiyac yoxdur, – dedim, – özüm yoxlayaram, – siz burda qalın.
Ehtiyatla, az qala iməkləyə-iməkləyə təpəlikdəki səngərə girdim. Ətrafa boylandım. Heç bir hərəkət yox idi, hənirti belə hiss olunmurdu. Başa düşdüm ki, bizim artilleriya zərbələrimizdən sonra ermənilər mövqeləri qoyub gediblər. Görünür, sol tərəfdə aparılan hücumlardan da qorxub qaçmış və sağ tərəfdəki yüksəkliklərdə möhkəmlənmişdilər. Deməli, kənddə də heç kim olmamalıydı.
Geri qayıtdıq.
– Kəndin içi ilə gedək, – Namazov dedi.
– Orda nə işimiz var? – Həsənov etiraz elədi.
– Namazov düz deyir. Kəndi yoxlamadan geri qayıda bilmərik, – deyə ona çəmkirdim.
Saata baxdım. Hava bir azdan açılacaqdı. Tələsməliydik.
Kəndə girdik. Kənd balaca olsa da, evlər bir-birindən aralıydı. Ona görə də hər şeyi qaranlıqda da ayırd eləmək mümkün idi. Bir-iki həyətə girdik, amma evlərin qapısını açmadıq. Elə belə də hər şey aydın idi. Buralar kimsəsiziydi. Sakinlər ev-eşiklərini çoxdan tərk eləmişdilər.
Küçələrlə asta-asta addımlayırdıq. Tam səssizlik idi, yalnız öz ayaq səslərimizi eşidir, hənirtimizi duyurduq.
Birdən bu səssizliyin içindən qulağımıza səs gəldi. Elə bil kimsə ağlayırdı.
Aşağı oturub dinşədik.
– Körpə səsinə oxşayır, – Namazov dedi.
– Pişikdir, – Həsənovun fərziyyəsi də belə oldu.
Hər nəydisə, kənddə kimsə vardı.
Səs gələn tərəfə getdik. Taxta pilləkənli bir evin divarına söykənib gözlədik. İçəridə, doğrudan da, kimsə ağlayırdı. Körpə səsinə oxşayırdı.
Namazov pəncərədən boylanıb baxdı.
– Heç nə görükmür, – dedi, – amma çarpayıda nəsə tərpənir, deyəsən.
Cırıldayan pillələrlə yuxarı qalxdıq. Həsənov qapını açmaq istəyəndə qolundan tutub saxladım. Qapının arxasına qumbara bağlaya bilərdilər.
Həyəcandan tərləmişdim. Qolumla alnımın tərini sildim və qapını ehmalca itələdim, himə bənd imiş kimi dərhal açıldı.
İçəri keçdik.
Arxa otaqların birində körpə ağlayırdı. Yaxınlaşdıq. Hava təzə-təzə işıqlansa da, içəri hələ də qaranlıq idi. Fənəri çıxarıb yandırdım və işığını çarpayıya yönəltdim.
Körpə dəmir çarpayının ayaq ucunda uzanmışdı. Ağlamaqdan gözləri qızarmış, dodaqları göyərmişdi. Görünür, tək qaldığından və qorxudan üst-başını açmış, çılpaq qalmışdı. Oğlan idi. Onu qəsdənmi qoyub getmişdilər, yoxsa yaddanmı çıxarmışdılar? Bəlkə, başqa məqsədləri vardı? Amma bu suallara belə dar macalda cavab tapmaq çətin idi.
– Yaxın getməyin, tələ ola bilər! – deyə qışqırdım.
Hamı yerində dondu. Sonra Namazov irəli yeriyib:
– Komandir, icazə verin, mən baxım, – dedi.
– Onu ehmal qaldır, – dedim və uşaqlara da əmr elədim ki, o biri otaqlara keçib hər tərəfi yoxlasınlar, zirzəmi olub-olmadığını öyrənsinlər...
Namazov uşağa tərəf əyildi. Uşaq daha bərkdən ağlamağa başladı. Namazov onu astaca qaldırıb, altına baxdı, heç nə olmadığına əmin olandan sonra qucağına aldı. Uşaq hənirti duyan kimi bir az sakitləşdi, başını Namazovun yaxasına soxdu, sanki məmə axtarırdı...
Namazov da onu sinəsinə bərk-bərk sıxdı.
– Bəlkə, əmizdirəsən, – Həsənov yarızarafat, yarıciddi dedi.
– O üşüyür, həm də acdır, özü də südəmərdir. – Namazov uşağı qucağından buraxmadan dedi.
– Bir az süd olsaydı...
– Bəlkə, erməni dığasından ötrü ferma da açaq!? – Həsənovun reaksiyası belə oldu.
Namazov uşaq qucağında mətbəxə keçdi, şkafları bir-bir açıb baxdı. Bir şey tapmadı:
– Dedim, bəlkə, quru süd olar. Əclaflar hər şeyi aparıblar!
Bu sözləri deyəndən sonra o, əlini cibinə saldı, ordan çörək çıxardı, qayışına bərkitdiyi qumqumasını açdı, qapağına su tökdü, çörəyi ovxalayıb, onun içinə atıb qarışdırdı, həlim edəndən sonra körpənin ağzına qoydu. Körpə çörəklə birgə onun barmaqlarını da əmməyə başladı. Qapaq balaca olduğundan o bunu bir neçə dəfə təkrar elədi.
–Ayyy! – Namazov, az qala qışqırdı, – dişləri də var e köpəyoğlunun!
Bir müddət körpənin acgözlüyünə tamaşa elədik. Namazov kövrəlmişdi, körpənin başını, üzünü, əllərini sığallayırdı.
– Döşünə süd gələr e birdən, – Həsənov sırtıqlığından qalmadı.
Tərs-tərs ona baxdım və:
– Gedək, – deyə əmr elədim.
– Bəs uşaq? – Namazov çarəsiz halda üzümə baxdı.
– Burda qoyaq. Onu nə biz doğmuşuq, nə də biz atmışıq, – dedim.
– Yazıqdır, komandir, özümüzlə aparaq, “sanitarka”lara təhvil verərik. Erməni də olsa, körpədir.
– Birdən ağlasa?
– Ağlamaz.
Həsənov acıqlı-acıqlı:
– Ağlasa, onu boğacam! – dedi.
Namazov körpəni odeyala büküb qucağına aldı.
Qəribəydi, körpə sakitləşmişdi, halsızlıq onu əldən saldığından, ya da hənirti duyduğundan mürgüləyirdi.
Çölə çıxdıq. Bərayi-ehtiyat, evin yan-yörəsinə bir də nəzər saldıq. Heç kim yox idi. Evdən bir az aralanmışdıq ki, nəsə tapp elədi. Sanki hardansa daş atdılar. Namazov arxası üstə yerə yıxıldı.
– Namazovu vurdular. Yuxarıda snayper var, – Həsənov qışqırdı və biz geri – evə tərəf qaçdıq. Mən Namazovun ayaqlarından tutub divara tərəf sürüdüm.
– Mövqe tutun! – deyə qışqırdım.
Əsgərlər evin yuxarısındakı təpəliyi güllə yağışına tutdular.
Mən uşağı Namazovun qucağından alıb yerə qoydum və yaxasını açdım. Güllə onun kürəyindən, ürəyinin düz üstündən dəymişdi. Çantamdan pambıq və bint çıxarıb axan qanı kəsmək istədim.
Namazov zarıya-zarıya:
– Komandir, uşağa bir şey olmayıb ki?
– Yox, heç nə olmayıb.
Sanki ağrıları keçdi, özünü toparladı, əlləri əsə-əsə “şəkil qalareyası” adlandırdığı telefonu cibindən çıxarıb mənə verdi:
– “Zaryadkası” qurtarıb, – dedi, gözlərini hərləyib uşağa baxdı. –Ona mənim adımı verərsiniz, – qırıq-qırıq pıçıldadı.
Hamımız çaşdıq. Donub qaldıq, handan-hana özümü ələ alıb:
– Sənin adın nədir ki? – deyə soruşdum.
Onun əvəzindən Həsənov cavab verdi:
– Onun adı Kamildir, komandir, Kamil.
Namazova baxdım. Keçinmişdi.
– Bu küçüyü neyləyək? – Həsənov körpəyə işarə ilə dedi.
– O küçük deyil, Kamildi, – dedim, – Kamil!
Güllə atılan tərəfdə sakitlik idi.
– Həsənov, oranı yoxlayın, – dedim, – amma ehtiyatlı olun.
Uşaqlar kolluqların arası ilə yuxarı dırmaşdılar və bir azdan qayıtdılar.
Həsənov təngənəfəs halda:
– Heç kim yoxdur, komandir, ancaq yerdə qan izləri vardı, – dedi, –bəlkə, izləyək?
– Ehtiyac yoxdur, bizimki bura qədər idi, ehtiyatla aşağı düşək, – dedim və körpəni qucağıma aldım.
– Bəlkə, Namazovu orda... – deyə Həsənov təpəliyə işarə elədi.
– Özümüzlə götürək, onu burda tək qoymaq olmaz, – dedim və gəldiyimiz cığırla da aşağı endik.
Təpələrin o üzündən yenidən atəş səsləri gəldi...
– Atırlar, – Həsənov çiynində apardığı cənazəni düzəldə-düzəldə, –dedi.
– Dərədən atırlar, – Namazovun bir az əvvəl dediklərini təkrarladım və cansız bədəninə baxdım...
“Komandir, uşaqlarınız var?” – qulağımda bir səs cingildədi.
Mənim uşaqlarım yox idi...
Yanvar-fevral, 2021
P.S. Hekayəni oxuyub qurtarandan sonra qələm dostum:
– Kamil!? – deyə təəccüblə soruşdu. – Həmin o Kamil?
Başımla təsdiqlədim.
– “Kimsə ağlayırdı” hekayəsindəki uşaq?
– Hə. Mən də həmin körpəni bu cür geri qaytardım, – dedim...
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
Şəhidlər barədə şeirlər – Nahid Mikayılov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Nahid Mikayılova həsr edilmiş şeirlə tanış olacaqsınız
NAHİD SOVQAT OĞLU MİKAYILOV
(25.10.1982.- 01.11.2020.)
Əslən Kürdəmir rayonunun Şilyan kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
NAHİDTƏK QƏHRƏMANLAR
Xalqın nə qədər igid, qəhrəman övladı var,
Hər birinin zəfərdə öz yeri, öz adı var.
Vətəni azad etdi bu igidlər canıyla,
Əbədi tarix yazdı, həyatıyla, qanıyla.
İstəyirəm sizinlə tanış edim Nahidi,
Saysız hünər göstərən, candan keçən şəhidi.
Qədim Şilyan kəndində dünyaya gəlmişdi o,
Burada sevinmişdi, burada gülmüşdü o.
Hələ kiçik yaşından sevimli, əziz idi,
Zəhmətsevər, çalışqan, dürüst idi, düz idi.
İllər keçdi, dolandı, on səkkiz yaşa çatdı,
Əsgərlər sırasında inamla addım atdı.
Şərəflə, ləyaqətlə başa vurdu xidmətin,
Qazanmışdı orduda, o, hamının hörmətin.
Qurtarıb əsgərliyi Nahid başa vursa da,
Ürəyində arzular, xoş xəyallar qursa da,
Dedi, azad deyildir, hələ Qarabağımız,
Düşməndən alınmalı hər qarış torpağımız.
Hərbi kursu bitirib, peşəkar gizir oldu,
Xidmətin davam edib, fədakar gizir oldu.
Aprel döyüşlərində göstərdi o özünü,
Silahıyla düşmənə dedi qəti sözünü.
Qələbəydi arzusu, qələbəydi amalı,
Hünəri qazandırdı ona neçə medalı.
Torpaq uğrunda dava başlayan zaman Nahid,
Döyüşlərdə vermədi düşmənə aman, Nahid.
Nümunə oldu onun hamıya igidliyi,
Taleyində var imiş müqəddəs şəhidliyi.
Noyabrın birində bu həyatdan getdi o,
Şəhid oldu, əbədi ürəklərdə bitdi o.
Üç oğul övladı var, Nahidin - əmanəti,
Qəhrəman baş gizirin, şəhidin əmanəti.
İnşallah, böyüyərlər, qoçaq, igid olarlar,
Vətənin keçikçisi, əsgər, zabit olarlar.
Heç zaman unudulmaz, Nahidtək qəhrəmanlar,
Əbədi yaşayırlar xalq yolunda yananlar.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
Aşıqlar Birliyi Hüseyn Arifin 100 illiyi münasibətilə tədbir keçirəcək
Azərbaycan Aşıqlar Birliyi Xalq şairi Hüseyn Arifin 100 illiyi ilə əlaqədar tədbir keçirəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
Bildirilib ki, tədbirlər planı çərçivəsində “Saz-söz axşamı” verilişinin növbəti buraxılışı bütünlüklə Hüseyn Arifə həsr olunacaq. Şairinin həyat və yaradıcılığını əhatə edən verilişdə aşıq Avdı Musayev, Şaiq İncəli, Əfsanə Kərimli, Şahin Süleymanov, Azər Əkbərov, Nemət Əliyev, Sehran Əbülfəzqızı, Ruslan İbrahimoğlu, Mehdi İncəli və Əlizamin Kəlbəcərli iştirak edəcəklər.
Tədbirdə “Mina gəraylı”, “Hüseyni”, “Aran gözəlləməsi”, “Kərəm gözəlləməsi”, “İncəgülü”, “Ağır şərili”, ”Cəlili”, “Ovşarı” və digər aşıq havaları sədasında H.Arifin şeirləri ifa olunacaq.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
Azərbaycan Ədəbiyyat Fondunun Ümumdünya Yazıçılar Təşkilatı ilə birgə keçirəcəyi tədbirə maraq böyükdür
Bu gün - 21 fevral, saat 12:00-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Ədəbiyyat Fondunun və Ümumdünya Yazıçılar Təşkilatının (WOW - World Organization of Writers) birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatının dünya ədəbiyyat platformalarına inteqrasiyası” mövzusunda dinləmə keçiriləcək. Məruzəçi Ümumdünya Yazıçılar Təşkilatının sədri Marqarita Aldır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirə maraq böyükdür, dünya mediası tədbiri gündəmdə saxlayır. (Şəkillərdə, İtaliya və Misir mediasında tədbir barədə paylaşılan xəbərlər)
Ümumdünya Yazıçılar Təşkilatının əsas məqsədi dünya yazıçılarının yaradıcı səylərinin dünyanın humanitar sferasının gələcəyi uğrunda birləşdirilməsi, dünyada sabitliyin qorunmasında mədəniyyətin, ədəbiyyatın, mənəvi dəyərlərin həlledici rolunun təmin edilməsidir.
Azərbaycan Ümumdünya Yazıçılar Təşkilatı üçün xüsusi statuslu bir ölkədir, belə ki, məhz bura Ümumdünya Yazıçılar Təşkilatının yaranması ideyasının beşiyi sayılır. 2019-cu ilin 1 oktyabrında BMT-nin patronajlığı altında Avrasiya Millətlər Assambleyasının və Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə Bakıda dünyanın 52 ölkəsinin iştirakı ilə keçirilən 3-cü LiFFt festivallar festivalı zamanı “Ədəbiyyatda gələcək insan obrazının yaradılması” panelində Marqarita Al və dünyaşöhrətli qazaxıstanlı yazar Oljas Süleymenov belə bir böyük masştablı ədəbiyyat təşkilatının yaranması zərurətini səsləndirmişlər. Sonradan 2023-cü ilin 2 fevralında Qahirədə dünyanın 17 ölkəsinin nümayəndələri Ümumdünya Yazıçılar Təşkilatının Memorandumunu imzalamışlar.
Hazırda bu təşkilatda 69 ölkənin yazarları təmsil olunurlar.
Bu il 4-6 aprel tarixlərində Nigeriyanın paytaxtı Abudja şəhərində Ümumdünya Yazıçılar Təşkilatının “Biz eyni planetin insanlarıyıq” adı altında 1-ci Konqresi keçiriləcək. Konqres zamanı YUNESKO-nun XXV Ümumdünya Poeziya Gününün qeyd edilməsi, 7-ci LiFFt Festivallar Festivalının keçirilməsi, “Humanitar modernləşmənin müasir problemləri” Ümumdünya mədəniyyət-təhsil forumunun, Avrasiya- Afrika innovativ biznes forumunun təşkili də nəzərdə tutulur.
Ümumdünya Yazıçılar Təşkilatının 1-ci Konqresinin tərəfdaşı PAWA Panafrika Yazıçılar Assosiasiyasıdır. 6-cı LiFFt Festivallar Festivalının qızıl laureatı, d.r Ueyl Okidiran, Nobel mükafatı laureatı d.r Vole Şoyinka Konqresin Nigeriya üzrə simaları olacaqlar.
Ümumdünya Yazıçılar Təşkilatı rəhbərliyinin Bakıya gəlişi səbəbləri Azərbaycan ədibləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, dünya mədəni əlaqələrinin yeni dinamik inkişafında Azərbaycan mədəniyyətinin rolunun artırılması, eyni zamanda Ümumdünya Yazıçılar Təşkilatının yaranma ideyasının beşiyi sayılan Azərbaycanın yazıçılarının dünyanın böyük ədəbiyyat platformalarında təmsil edilmələrini təmin etməkdir.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin Qırğızıstan görüşləri
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev ilə görüşüb. Görüş Fondun prezidentinin Qırğızıstana səfəri çərçivəsində baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən məlumat verir.
Görüş zamanı Fondun Qırğız Respublikası ilə cari və planlaşdırılan əməkdaşlığına dair konstruktiv fikir mübadiləsi aparılıb, təşkilatın 2024-cü və 2025-ci illər üçün fəaliyyət planları ətraflı müzakirə olunub.
Aktotı Raimkulova Qırğızıstanda həyata keçirilməsi nəzərdə tutulan layihələr, eləcə də bu çərçivədə ilk olaraq Alıkul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpası və muzeyləşdirilməsi barədə məlumat verib. Ortaq Türk mədəni irsinin çoxtərəfli platformalarda təbliği istiqamətində atılan addımlar ətraflı nəzərdən keçirilib. Aktotı Raimkulova Fondun fəaliyyətinə daimi dəstəyə görə Qırğızıstan tərəfinə təşəkkür edib.
Aybek Moldoqaziyev Fondun qırğız xalqının mədəni və mənəvi irsinin beynəlxalq aləmdə təbliğinə verdiyi töhfəni yüksək qiymətləndirərək yaxın gələcəkdə Qırğızıstan tərəfinin təklif etdiyi yeni əməkdaşlıq istiqamətlərini vurğulayıb.
Tərəflər Fond ilə Qırğız Respublikası arasında tərəfdaşlığın gücləndirilməsinə, o cümlədən Türk dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində birgə tədbirlərin həyata keçirilməsinə qarşılıqlı hazır olduqlarını bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
“Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib
Ötən gün Azərbaycan Mətbuat Şurasında Şuranın və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin birgə təşkilatçılığı ilə “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı 525.az-a istinadən xəbər verir ki, toplantını giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Azərbaycan milli mətbuatı tarixində mühüm yerə və rola malik “Ziyayi-Qafqaziyyə” qəzetinin transfoneliterasiyasının “Ziyayi Qafqaziyyə (1880-1884)” adlı kitab şəklində çapı məmnunluq doğurur. O, kitabın Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə ərsəyə gəldiyini diqqətə çatdırıb.
R.Məcid deyib ki, “Ziyayi-Qafqaziyyə” “Əkinçi” qəzetinin bağlanmasından sonra mətbu nəşr boşluğunu aradan qaldıraraq, böyük missiya yerinə yetirib, səhifələrində XIX əsrin sonlarında Azərbaycandakı ictimai-siyasi vəziyyəti işıqlandırıb, dövrün ən aktual problemlərinə toxunub, mövzu və janr zənginliyi ilə seçilib.
Qeyd edək ki, “Ziyayi-Qafqaziyyə” qəzetinin transfoneliterasiyası olan “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının baş redaktoru və ön söz müəllifi AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. R.Məcid çıxışında yeni nəşrin “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərini latın qrafikalı əlifbaya çevirmək kimi məsul və çətin işin öhdəsindən gəlmiş dəyərli alim, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş mərhum Müştəba Əliyevin xatirəsinə dərin ehtiramın nümunəsi olduğunu da bildirib.
Toplantıda çıxış edənlərdən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənov, tanınmış jurnalist və elmi işçi, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru, milli mətbuatımızın tədqiqatçısı Akif Aşırlı, MŞ İdarə Heyətinin üzvü, “Bayraqdar Media”nın baş redaktoru Azər Həsrət, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu Yayımlarının direktoru Əsəd Aslanoğlu, filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədli, tarix elmləri namizədi, dosent Akif Nağı və başqaları əvvəl “Ziya”, sonra “Ziyayi-Qafqaziyyə” adı ilə çıxmış qəzetin materiallarının kitab şəklində çapının əhəmiyyətini əsaslandırıblar.
Natiqlər “Əkinçi” ənənələrini davam etdirmiş və ictimai fikir tariximizdə böyük iz buraxmış, ümmətçilikdən millətçiliyə keçidin təmin olunmasında misilsiz xidmətlərə malik “Ziyayi Qafqaziyyə”nin, o cümlədən, ondan sonra fəaliyyət göstərmiş mətbuat nümunələrimizin 1918-ci il müstəqilliyinə aparan yola ideoloji nəfəs gətirdiklərini vurğulayıb, nəşrdə qaldırılan məsələlərin günümüz üçün də aktuallığından söz açıblar.
Toplantıda aparılan müzakirə gedişində bildirilib ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində işıq üzü görmüş digər nəşrlərimizin də transfoneliterasiyası, bu işdə vahid redaktə qaydalarının əsas götürülməsi vacibdir. Müzakirə gedişində, habelə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin qeyd edilən istiqamətlərdəki gələcək fəaliyyətinə nəzər salınıb, təqdimatı keçirilən nəşrin ərsəyə gəlməsinə görə AMEA rəhbərliyinə təşəkkür ifadə olunmaqla yanaşı, “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərini latın qrafikalı əlifbaya çevirən mərhum Müştəba Əliyevin əziz xatirəsi ehtiramla anılıb. M.Əliyevin oğlu S.Əliyev atasının əməyinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
Azərbaycanın turizm imkanları tanıdılır
Azərbaycan Turizm Bürosu fevralın 20-də Bakıda keçirilən “Luxury Travel Mart (Spring edition)" adlı silsilə tədbirdə təmsil olunub. Tədbir çərçivəsində 25-ə yaxın B2B (Biznesdən-biznesə) formatlı görüş keçirilib, əməkdaşlıq əlaqələri qiymətləndirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinin məlumatına istinadən xəbər verir. Görüşlər zamanı Azərbaycanda yaz-yay turizm mövsümü, Bakı və regionlarda fəaliyyət göstərən hotellər, müalicəvi kurortlar təbliğ edilib.
Həmçinin görüş iştirakçılarına ölkəmizdə keçiriləcək konsertlər və bu növ irimiqyaslı tədbirlər, Bakı və Bakıətrafı mədəni irs obyektlərinə ekskursiyalar haqqında məlumat verilib.
Silsilə tədbirlər fevralın 23-də Özbəkistanın Daşkənddə, fevralın 26-da Qazaxıstanın Almatı şəhərində və 29 fevral - 1 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək.
Əsasən lüks turizm məhsullarının təklifinə istiqamətlənən tədbir çərçivəsində Rusiya, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən 60-dan çox şirkətlə B2B formatlı görüşlər təşkil ediləcək.
Görüşlərdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, "Şahdağ" Turizm Mərkəzi də təmsil olunacaq.
Qeyd edək ki, “Luxury Travel Mart (Spring edition)"da beşulduzlu hotellər və kurortlar, elit avtomobil, kruiz, yaxta və şəxsi təyyarələrin kirayəsi üzrə ixtisaslaşmış şirkətlər, destinasiya menecmenti təşkilatları və lüks istiqamətli turoperatorlar iştirak edirlər.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
Qürbətdən görünən Vətən… - Tural Adışirin yazır
“Ədəbiyyat və incəsənət” portalı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin
“Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin elmi işçisi,
Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinin “Xaqani Qayıblı: Qürbətdə keçən ömür” məqaləsini təqdim edir. Məqalə Estoniyada yaşayan soydaşımız, tanınmış ziyalı, ədib Xaqani Qayıblının 60 illik yubileyi münasibətilə yazılıb.
Müasir Azərbaycan ədəbiyyatının sayılıb-seçilən istedadlı qələm sahiblərindən biri də Xaqani Qayıblıdır. O, 30 ildən çoxdur ki, qürbətdə Vətən yaradan, qürbətdə Vətənləşən, Azərbaycanı və Azərbaycan ədəbiyyatını qürbətdə layiqincə təmsil və təbliğ edən böyük könül adamıdır. Xaqani Qayıblı böyük könül adamı olmaqla bərabər, həm də heç şübhəsiz ki böyük bir türkdür. Qələm dostu şair Rafiq Hümmət demiş: “Baltik sahillərində yaşayan böyük bir türk”.
Xaqani Qayıblı türkün genetik kodunu, milli kimliyini ruhunda, canında daşıyan, türk dünyası ilə bağlı misilsiz işlər görən azman bir türk aydınımızdır. Biz Vətəndən qürbətə doğru boylananda Xaqani Qayıblı ucalığını hər prizmada görə bilirik. O, ömrünün yarısını qürbətdə yaşasa belə istər ictimai-siyasi, istər elmi, istərsə də bədii fəaliyyəti ilə daima doğma vətəninə xidmət etməkdədir.
Hələ vaxtı ilə 80-cı illərdə Tərcümə Mərkəzi tərəfindən Estoniyanın “Şərqi Avropanın Oksfordu” adlanan 400 illik Tartu Universitetinə oxumağa göndərilən gənc Xaqani Qayıblı, ona olan bütün etimadları (red. Vaqif Cəbrayılzadə yaşasın!, Aydın Məmmədovun, Arif Acaloğlunun ruhu şad olsun!) doğruldaraq Tartu Universitetinin eston dilində bitirən ilk azərbaycanlı tələbəsi oldu.
O, daha da öz üzərində çalışaraq “Eston və türk dillərində feil quruluşlarının müqayisəsi” adlı elmi işi ilə dünya dilçiliyində Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alim kimi tarixə düşdü. Baltik sahillərində yaşayan bu azman türk bu gün Estoniya prezidentinin türk dilləri üzrə şəxsi tərcüməsidir, fəxri Estoniya vətəndaşlığı alan ilk TÜRKdür.
Xaqani müəllimin ictimai-siyasi fəaliyyəti o qədər böyükdür ki, biz onu vətəndən üzü qürbətə doğru yönələndə qürbətdə olan bir vətənimiz, nəfəsliyimiz kimi görürük. Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, Estoniya-Azərbaycan cəmiyyətinin sədri kimi onun diaspor fəaliyyəti köksümüzü qabardır, o, ölkəmizin ədəbi-mədəni sərvətlərini təbliğ edən, azərbaycanlılarımızın hüquq və mənafelərini xarici ölkələrdə müdafiə edən dayağımız, güvənc yerimizdir.
Onun ictimai-siyasi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, cənab Prezident Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Xaqani Qayıblını “Tərəqqi” medalı ilə təltif edib. Xaqani müəllimə halal haqqı çatan medalının Vətəninin bir parçası olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında (2022) təqdim edilməsi də əlamətdar hadisədir. Xaqani Qayıblı canı qədər sevdiyi vətəni Azərbaycanın adını harda yaşamasından asılı olmayaraq uca tutan, doğma xalqını, vətənini sevən, ona ləyaqətlə xidmət edən böyük azərbaycanlıdır.
Xaqani Qayıblının ictimai-siyasi, elmi fəaliyyəti kimi, bədii fəaliyyəti də olduqca zəngin və çox şaxəlidir. Xaqani Qayıblı qürbətdə yaşasa da müasir Azərbaycan ədəbiyyatının Borçalı qolunun, Borçalı ədəbi mühitinin istedadlı şairlərindən biridir. O, həm də bacarıqlı və peşəkar tərcüməçidir. Azərbaycan ədəbiyyatının Estoniyada tanıdılması və təbliğində böyük işlər görür.
Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestini, “Poçt qutusu” hekayəsini, Vaqif Səmədoğlunun “Mən burdayam, İlahi” kitabını, Kamal Abdullanın “Kim dedi ki, Simurq quşu var imiş” pyesini, Afaq Məsudun əsərlərini və.b Azərbaycan dilindən eston dilinə çevirib. Xaqani müəllimin ədəbiyyatımızın təbliğindəki gələcək fəaliyyətlərindən biri də 20 Azərbaycan yazarını estonlara, 20 eston yazarını da azərbaycanlılara tanıtmaq istəyidir.
Azərbaycan mühacirət poeziyasının çağdaş mərhələsində Xaqani Qayıblı imzasını xüsusi vurğulamaq istərdim. Düzdü, bu mərhələdə poeziyada Məmməd İsmayılın, Afaq Şıxlının, Nəsib Nəbioğlunun, Rauf Qaraişıqın, nəsrdə Çingiz Hüseynovun (Allah rəhmət eləsin!), Vahid Qazinin, Eluca Atalının və.b ismini qeyd etmək də yerinə düşərdi.
Xaqani Qayıblı müasir şeirimizə yeni rənglər qatan, öz orjinallığı ilə diqqət çəkən istedadlı şairlərimizdən biridir. Keçən əsrin 80-cı illərində ədəbiyyata gələn şair obrazlı təfəkkürü, poetik düşüncə tərziylə müasir şeirimizdə də seçilən imzalardandır. Xaqani Qayıblı poeziyasının novatorluğu, poetik sözünün qüdrəti haqqında ədəbiyyatşünaslar Rüstəm Kamal, Məti Osmanoğlu, Xalq şairi Zəlimxan Yaqub yetərincə dəyərli fikirlər söyləyiblər, poeziyasının məziyyətlərini açıblar.
Xaqani Qayıblının şeirlərini oxuyanda qürbətdə yaşasa belə doğulduğu, boşa başa çatdığı qədim-qayım türk yurdu Borçalının, Qaraçöpün nəfəsini, ruhunu duyursan. Qürbətdə yaşayan insanın Vətən yanğısı daha səmimi, daha içdən olur. Xaqani Qayıblı qürbətdə yaşasa da, Vətənini içində yaşadan, əzizləyən şairdir.
Ağlasam, gözümün yaşı sən oldun,
Danışsam, sözümün başı sən oldun…
Dünya bir üzüksə, qaşı sən oldun
A mənim qeyrətli elim, Qaraçöp!
“Bəxtimlə düşdüyüm əlbəyaxadan, Əlimdə qürbətin yaxası qalıb” yazan şairin acı da olsa, bəxtinə düşən qürbətlə barışa bilmək bacarığını, içini yandıran, ana-atasından, doğmalarından uzaq düşən o ağrını, acını duymuş olursan.
Xaqani Qayıblını görüşlər şairi adlandırardım. Ədəbiyyatşünas Rüstəm Kamal doğru olaraq vurğulayır ki, onun şeirlərinin sujeti sanki yetə bilmədiyi, çata bilmədiyi görüşlərin ilğımından yaranır. Xaqani Qayıblı qəribliyi insan kimi yaşasa da, o qəribliyin ağrı, acısını, taleyini şair kimi şeirlərində göstərir. Vaqif Bayatlının “Qəribik, şairim, qəribik sözüm” şeirinə yazdığı “Qərib şəhərlərdə” şeirindəki o qürbət ağrısını duymamaq olmur:
Qərib şəhərlərdə
Qəmli şərqilər eşitməkdən ağır
Heç nə yoxdu bu dünyada!
Qərib şəhərlərdə özünü unudar adam
Qəmli şərqilərin ömrünü yaşayır,
bir də qəriblərin ömrünü…
Xaqani Qayıblı qürbət şeirlərini ürəyinin odu, yanğısı ilə yazır. Qürbətin yatmadığı yuxusuz gecələrində, dan üzündə yazır.
Şairin şeirlərini belə qəmli, qübarlı edən bir nəsnə də doğma Qaraçöpündə qoyub gəldiyi anasının, atasının, doğmalarının müqəddəs qəbridi. Ana həsrəti onun qəlbində qübar bağlıyıb. Anası Şərifə xanımın boynuna doladığı qolları, söylədiyi şirin-şəkər laylalarıdı onu daha da şair edən. “Yenə canım söz gəzir” kitabında ana itkisi ilə bağlı yazıdığı “Görüş-ayırılıq” şeirlər silsiləsini həyəcansız, yanğısız oxuya bilmirik.
Xaqani Qayıblı lirik şairdir. Onun oxucu qəlbini saflaşdıran, könül duyğularını çoşduran, könül dünyasını fəth edən həzin bir poeziyası var. Şairin sevincli-kədərli, vüsallı-hicranlı, iki sevən qəlbin hiss və həyəcanını əks etdirən duyğulu sevgili şeirləri diqqəti cəlb edir:
İtәn nәyimiz yох! Ömürmü, günmü?
Kаş, sәn оlmаyаsаn bircә itәnim.
Sәndәn о tәrәfә dünyа görünmür –
Dünyа gözlәrinә sığınıb sәnin!
Sәndәn о tәrәfә… illәr ötüşә,
Nә qаrlı qış görәm, nә güllü bаhаr.
Sәndәn о tәrәfә еlә hәmişә,
Bilәm ki, sәn аdlı ӘLÇАTMАZIM vаr!
Xaqani Qayıblının sevgi şeirlərində fikrin obrazlı, yığcam ifadə tərzi, yüksək bədiilik və səmimiyyət onun poeziyasını daha da oxunaqlı edir. Şairin poeziyasındakı hər bir şeir öz orijinallığı, mövzuların rəngarəngliyi, estetik gözəlliyi və məna dərinliyi ilə oxucu qəlbinə yol tapır.
Xaqani Qayıblı bu gün Vətəndən çox-çox uzaqlarda qürbət həyatı yaşayır. Xaqani Qayıblının qürbətdə keçən ömür yolu min bir əziyyətli, şərəfli və ləyaqətlə keçən ömür yoludur. O, bu ömür yolunda əqidə saflığı, mənəvi bütövlük, cəsarət və şəxsiyyət tamlığıyla ucalıqlar qazanıb. Baltik sahillərində yaşayan bu böyük azərbaycanlının, böyük türkün 60 illik yubileyini səmimi qəlbdən təbrik edirik.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb
20 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2023-cü ildə də davam etdirilib.
Əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2023-cü ildə Dövlət Agentliyi tərəfindən 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış ediblər.
Birinci hissədə 2023-cü ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə 2023-cü ildə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.
Mərkəz icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:
1-ci yer: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
2-ci yer: Dövlət Miqrasiya Xidməti
3-cü yer: Ədliyyə Nazirliyi
Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:
1-ci yer: Pirallahı Rayon İcra Hakimiyyəti
2-ci yer: Binəqədi Rayon İcra Hakimiyyəti
3-cü yer: Yasamal Rayon İcra Hakimiyyəti
Hüquqi şəxslər arasında ən yüksək göstəriciləri olan qurumlar:
1-ci yer: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
2-ci yer: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
3-cü yer: “Azəriqaz” İstehsalat Birliyi
İkinci hissədə dövlət qurumlarının nümayəndələri üçün qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib.
Tədbir sual-cavab hissəsi ilə davam etdirilib.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)