ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Şərəf Cəlilli, filolgiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Tarixin bütün dönəmlərində yetirdiyi qüdrətli sərkərdə-xaqanlarla dünyaya meydan oxuyan Azərbaycanın Şirvanşah İbrahim, Qaraqoyunlu Qara Yusif, Ağqoyunlu Həsən bəy, Şah İsmayıl Səfəvi, Cahan şah Həqiqi, Qazi Bürhanəddin, Nadir şah Əfşar, Ağaməhəmməd şah Qacar, Qubalı Fətəli xan, Gəncəli Cavad xan, Abbas Mirzə Qacar kimi qüdrətli sərkərdə-xaqanları olub. Onların adı çəkiləndə yer yerindən oynayıb.

 

Adı dünyanın hərb tarixinə həkk olunan belə qüdrətli sərkərdələrdən biri də general Əliağa Şıxlinskidi. Azərbaycan Xalq Cümhuriyyətinin məzarı olan yeganə generalı, “Artilleriyanın Allahı!” titulunu alan general Əliağa Şıxlinski hələ sağlığında əfsanəyə dönmüş sərkərdə kimi təkcə Çar Rusiyasında deyil, Avropada da məşhur sərkərdələrdən idi. Əliağa Şıxlinski yeganə Azərbaycanlı sərkərdə, türk və müsəlmandır ki, tarixdə ilk dəfə Fransanın generallara məxsus “Fəxri Legion” ordeni və zabitlərə təqdim olunan “Legion xaçı” ilə təltif olunub. Əliağa Şıxlinski generallar arasında ən yaxşı artilleriya generalı, məşhur hərb tarixi alimi olub.

Əliağa İsmayıl ağa oğlu Şıxlinski 1865-ci il aprelin 23-də Yelizavatpol (Gəncə – Ş.C.) quberniyasının Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub. Anası Şahyəmən xanım Qazaxda məşhur şair Molla Vəli Vidadinin nəvəsidir. Əliağa Şıxlinski 1883-cü ildə Çar Rusiyası ordusunda hərbi xidmətə başlamış, 1886-cı ildə Peterburq Artilleriya Məktəbini əla qiymətlərlə başa vurmuşdu. 1904-1905-ci illərdəki Rus-Yapon müharibəsində batalyon komandiri kimi savaşan Əliağa Şıxlinski Port-Artur qalasının xilası zamanı xüsusi şücaətə görə “Qızıl qıılınc” və “Müqəddəs Georgi” ordenləri ilə təltif olunmuşdu.

 

Hərb tarixi ilə bağlı nəzəriyyələrin müəllifi

Müharibədən sonra Topçu Zabitlər Məktəbində yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Əliağa Şıxlinski, 1908-ci ildə polkovnik rütbəsini alır, 1910-cu ildə “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri çapdan çıxır. Hərb tarixi ilə bağlı bu gün də qiymətli mənbələrdən olan əsər hərb elmini dərindən mənimsənilməsi üçün ilk dərs vəsaitlərindən hesab olunur. I Pyotr, Kutuzov, Suvarov, Patyamkin, Yermolov, Sisianov kimi məşhur sərkərdələri olan Çar Rusiyasında ali məqamlardan birinə ucalan, “Artelleriya Allahı!” kimi şöhrətlənən Əliağa Şıxlinskinin “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi nəzəriyyələri topçu zabitlər üçün hazırlanmış dərsliklərin əsaslarından sayılır. Bu tarixi xidmətlərinə görə Əliağa Şıxlinski 1912-ci ildə, 49 yaşında general-mayor rütbəsinə layiq görülür. Çar Rusiyası ordusunun aparıcı silahlarından biri kimi dünyada məşhur olan Əliağa Şıxlinskiyə Birinci Dünya müharibəsi cəbhənin ən ağır istiqaməti etibar edilir. Petroqradın Artilleriya Müdafiəsi məhz general Əliağa Şıxlinskiyə tapşırılır. Müharibənin ağır aylarında Qərb cəbhəsinin Artilleriya qoşunlarının sərkərdəsi, 1917-ci ilin sentyabrından isə X Ordunun komandanı təyin edilir. Artilleriya sahəsindəki xüsusi xidmətlərinə və I Dünya müharibəsində qazandığı nailiyyətlərə görə tez-tez qürurla vurğuladığımız “Artilleriyanın Allahı!” fəxri adına layiq görülür. Onu da qeyd edəki ki, bu titulu ilk dəfə Sosializmin banisi, Kommunizmin bayraqdarı, Şura hökumətinin qurucusu Vladimir İliç Lenin tərəfindən səslənib.

 

Milli Ordunun əsas memarlarından biri

1918-ci il mayın 28-də Şərqin ilk Demokratik Cümhuriyyəti Tiflisdə elan olunduqdan iki gün sonra Əliağa Şıxlinski Vətənə  Azərbaycana döndü. Cümhuriyyətin ongünlük Tiflis mərhələsi başa çatıb Gəncəyə köçəndə general Əliağa Şıxlinski Ordum var, Yurdum var, nidası ilə Cümhuriyyət qurucularını Xan bağında – Cavad xanın, Difai Partiyasının üç qurucusundan biri – Ələkbər bəy Rəfibəylinin, “İstiqlal bəyannaməsi”nə imza atan Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əhməd bəy Ağayevin, Xəlil bəy Xasməmmədovun, Xudadat bəy Rəfibəylinin diyarında, Cümhuriyyətin ilk paytaxtında idi. Zabit şərəfi, sərkərdə ucalığı ilə süngüsünə söykənmişdi. Hər tərəfdən basqıya məruz qalan, Bakıya, əsas paytaxta yolu bağlanan Cümhuriyyətin ona, onun təcrübəsinə, sonsuz Vətən sevgisinə ehtiyacı vardı. 1918-ci ildə Cümhuriyyətin Gəncə mərhələsində ilk Hərbi Nazirlik qurularkən ona rəhbərlik edən general Əliağa Şıxlinski öncə Sultan bəy Sultanzadənin, sonra isə Hərbi nazir Səməd bəy Mehmandarovun baş ideoloq kimi tarix yaratmış, 1918-ci ilin dekabrında isə nazir müavini kimi ölkənin həssas dönəmində mühüm nailiyyətə imza atmışdı.

Cümhuriyyət Qızıl Ordunun Qırmızı terroruna məruz qaldığı dəhşətli günlərdən sonra da general Əliağa Şıxlinski peşəkar hərbçi kimi fəaliyyətini davam etdirmişdir. Öncə o, Moskvada Hərbi İnqilab Sovetinin Səhra qərargahında çalışmışdır. 1921-ci ilin yayında isə Azərbaycan Sovet Qoşunları Qərargahında çalışmışdır. 1929-cu ildə istefaya çıxan general Əliağa Şıxlinski İkinci Dünya müharibəsinin göydən yerə od ələdiyi 1943-cü il avqustun 18-də Bakı şəhərində dünyaya vida nəğməsi oxumuşdur.

Milli dövlətçilik tariximizdə qüdrətli sərkərdə-xaqanlar çox olub. Metenin, Atillanın, Alp Arslanın, Məlikşahın, Qəznəli Mahmudun, Osman Qazinin, Fateh Mehmetin, Yavuz Sultan Səlimin, Sultan Süleymanın, Əmir Teymurun, Şah İsmayıl Səfəvinin, Nadir şah Əfşarın adı gələndə dünyanın düzəni, mizanı dəyişmişdir.

 

Çar Rusiyası ordusunda xidmət etdi, türklüyünü danmadı

General Əliağa Şıxlinski qüdrətli sərkərdə, hərb tarixçisi, eyni zamanda hərbi məktəblərin Artilleriya bölmələrinin qurucusu, hərbi təlimlərlə bağlı ciddi əsərlərin müəllifi kimi tarixdə qaldı. Adını Cümhuriyyət qurucularının sırasına yazdı.

“Artilleriyanın Allahı” kimi şöhrətlənən, dünya hərb tarixində “Şıxlinski üçbucağı” və “Şıxlinski formulu” nəzəriyyələri ilə qalan Əliağa Şıxlinski Çar Rusiyasının nüfuzlu sərkərdələrindən olsa da, Rusiya-Türkiyə müharibəsində, I Dünya müharibəsində Osmanlı Türkiyəsinin müdafiəçisi kimi çıxış etməkdən çəkinməmiş, ömür-gün yoldaşı Nigar xanım Şıxlinskaya ilə birlikdə Sarıqamış hadisələri zamanı Çar Rusiyası tərəfindən Azərbaycana, Nargin adasına əsir olaraq gətirilən türk əsirlərin müalicəsinə bilavasitə nəzarət etmiş, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Həbib bəy Mahmudbəyov, Ağa Əlizadə kimi tarixi şəxsiyyətlərin sırasında yer almışdır.

 

Məzar daşına ölüm tarixini yazmayın...

General Əliağa Şıxlinski qüdrətli sərkərdə, peşəkar hərbçi idi. Bütün həyatı artilleriya generalı kimi səhralarda keçmişdi. İlk və son məhəbbəti də, səhra ilə bağlı olmuşdu. Onun könlünün sultanı Nigar xanım Şıxlinskaya Çar Rusiyası zamanı hərb tarixinə qədəm qoyan ilk türk, müsəlman, Azərbaycanlı qadın idi. Nigar xanım I Dünya müharibəsi zamanı ordu sıralarında yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri idi. İlk tanışlıqları sənəd üzərində olmuşdu. X Ordunun komandanı Əliağa Şıxlinski masasının üzərində yer alan tibbi arayışlarda Azərbaycanlı qadın imzasını görən zaman heyrətini ancaq, ona eşq elan etməsi ilə dilə gətirmişdi. Tiflisin məşhur əsilzadələrindən, Ali Gildiyalı tacirlərindən olan atası Əiağa Şıxlinskinin elçilərinə “Hərbiçiyə qız verə bilmərəm” deyib yox cavabı vermişdir. Qızını ondan ayırmaq üçün onu yaşlı tacirlə evləndirmişdi. İlk övladı dünyaya gələndən sonra dul qalan Nigar xanımın bu xəbəri Şıxlinskaya çatanda o, özü şəxsən elçi gəlmiş, onunla evlənmişdi. Onların bu nigahdan övladları olmamışdır. General Şıxlinskinin həyatına bahar çiçəyi, həm də bahar nəsimi kimi gələn Nigar xanım onu bivaxt tərk etmişdi.

General Əliağa Şıxlinski “Artilleriyanın Allahı”, Fransanın “Fəxri legion”, “Legion xaçı” Çar Rusiyasının “Qızıl Qılınc” və “Müqəddəs Goergi” odenləri ilə təltif edildi. Çox saylı orden və medallara layiq görüldü.

Onun qüdrətli sərkərdə, tarixi şəxsiyyət Milli Ordunun memarlarından biri kimi vüqarına, qüruruna, qeyrətinə, şərəfli ömür yoluna və sonsuz, hüdudları məlum olmayan sevgisinə ucaldığı bir abidə var: “Xatirələrim” memuarı.

Nigar xanımın ruhuna ithaf olunan kitabında general Şıxlinski onu bivaxt tərk edən, daha doğrusu 13 il öncə tərk edən Nigarına sevgisini son məqamda da heyrət doğuracaq əzəmətlə ifadə edib: “Mən öləndə məzarıma ölüm tariximi yazmayın. Onu sevimli Nigar xanımın dünyasını dəyişdiyi gündən hesab edin!” Bu bir qüdrətli sərkərdənin cənnəti ayaqlarının altında, sevgi dolu qəlbində saxladan Qadına verdiyi dəyər idi. Əmir Teymur sevgili xatunu Bibixanımın şərəfinə göy mərmərdən abidə ucaltdı, Babur şah Mümtaz Mahalın eşqinə Tac Mahala ruhundan qida verdi. Atabəy Məhəmmədlə Şəmsəddin Eldəniz Möminə xatun türbəsini tikdirdi.

General Şıxlinski isə Molla Vəli Vidadi müqəddəsliyinə bağlı olan sərkərdə ucalığı, əzəməti ilə min abidəyə bərabər tarixi bir kəlam işlətdi: “Mən öləndə məzar daşıma ölüm tarximi yazmayın. Onu sevimli Nigar xanımın dünyasını dəyişdiyi gündən hesab edin!” Şükriyyə xanım Əhməd Cavadın, Müşgünaz xanım Hüseyn Cavidin, Ümmügülsüm Seyid Hüseynin, Badisəba xanım Firudin bəy Köçərlinin, Məhbubə xanım Mahmudbəyova Şamil bəyin, Cəvahir xanım Xudat bəyin, general Əliağa Şıxlinski isə Nigar xanımın eşqinə şama pərvanə odu. Bu il Şıxlinskinin 160 illik yubileyidi. Bu il alman faşizmi üzərində qələbənin 80, erməni faşizmi üzərində tarixi zəfərin beşinci ildönümüdür. Hansı yöndən baxsaq oradan general Əliağa Şıxlinski görünür. Qüdrətli sərkərdə, “Artireliyanın Allahı”, eyni zamanda bir türk, Azərbaycan kişisinə xas cəsarətin, ləyaqətin, əbədi sevginin rəmzi olan general Əliağa Şıxlinski!

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

Çərşənbə axşamı, 01 İyul 2025 10:32

Ustad aşıq İsfəndiyar Rüstəmovun doğum günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Aşıq musiqisini sevənlər. Bu xitabım sizədir. Bu gün ustad aşıq İsfəndiyar Rüstəmovun doğum günüdür.

 

İsfəndiyar Rüstəmov  1 iyul 1937-ci il tarixində Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayıb.

İsfəndiyar Rüstəmov SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb.

1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.

1975–1977-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri "Qızıl medal"a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə "Qızıl medal"la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.

Heydər Əliyev aşıq sənətini istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə diqqət mərkəzində saxlayardı. Təsadüfi deyil ki, hələ 1981-ci ildə bir çox sənət adamları kimi Aşıq İsfəndiyar da Heydər Əliyevin qayğısını görüb, onun təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının 30-cu qurultayında yaxşı iştirakına görə aşığın rəhbərlik etdiyi ansambl "Xalq aşığı ansamblı" adlanmağa başlayıb.

Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb.

 

Mükafatları

- 25 yanvar 1991-ci ildə aşıq musiqi-ifaçılıq sənətinin təbliğində xidmətlərinə görə ona "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.

- Prezident təqaüdünə layiq görülüb.

- 2010-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

 

2007-ci ildə Aşıq İsfəndiyar haqqında "Ustad nəfəsi" sənədli filmi çəkilib. 2018-ci il fevralın 9-da, 80 yaşında İsfəndiyar Rüstəmov dünyaya gözlərini qapayıb. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

 

Çərşənbə axşamı, 01 İyul 2025 10:03

Reyhan Kənan "Qələm tutan incə əllər"də...

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edilir. Həmin layihə çərçivəsində təqdim edəcəyim digər qələm sahibi Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Reyhan Kənandır.

 

Qısa təqdimat:

Reyhan Kənan: 1969-cu ilin yanvar ayının 16-da Cəlilabad rayonunun Cəngan kəndində dünyaya göz açıb. Son dövrdə ədəbiyyata gələn istedadli şairlərdəndir. Şeirləri dövrü mətbuatda müntəzəm olaraq çap olunur. Bundan əlavə, həm də onun qələmə aldığı şeirləri müxtəlif antologiya və almanaxlarda dərc edilir. 2003-cü ildə “Həyatdan şirin yuxular”, 2009-cu ildə “Hardasa əsməmiş külək yatır”, 2013-cü ildə "Anamın Göz Yaşı Dəniz", 2019-cu ildə isə "Alova atılan ürək" adlı kitabları işıq üzü görüb.

Reyhan xanım 2010-cu ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-2016-cı illər ərzində Naxçıvan Universtetinin pedoqoji fakultəsini bitirərək bakalavr diplomunu almış, hal-hazırda isə Bakı Qızlar Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi fakultəsinin tələbəsidir. Hal-hazırda Bakı şəhərində yaşayır. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında çalışır. Ailəlidir, 2 oğlu,1 qızı var.

 

Bədii ədəbiyyat nümunələri:

Reyhan xanımın qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış olaq:

 

"Başqa adam"

 

Ürəyim o qədər böyük də deyil,

Yalnız öz sevgimə, eşqimə damdır.

Gözlərim özümün, ordansa baxan,

Bəlkə mən deyiləm, başqa adamdır.

 

Gözümdən boylanıb baxsam da çölə,

Göz yaşı axanda axıb gedərəm.

Ürəyə enməyə izn verməsən

Elə gözlərindən çıxıb gedərəm.

 

Özüm öz gözümdə gizlənən gündən,

Daha dözümlüyəm kədərə, dərdə.

Hər zaman işığı görmək istədim.

Kirpiyim asıldı günəşə pərdə.

 

Elə dəyişdim ki, küsdü ürəyim,

Çevrildim xəyalın boş qalığına.

Ya çıxıb gedərəm, ya da bacarsan.

Öyrəş bu Reyhanın başqalığına.

 

 

"Sevgililər"

 

Rənglər həyat rəmzidir,

Dünyamızı bəzəyən

Rənglərin ahəngidir.

Ağ rəngi çox sevirəm,

Sanki parlaq işıqdır,

Hər şeyə yaraşıqdır.

Onun əksi qaradır,

Qara ağ üzərində

Daim kölgə yaradır.

Bir-birinə zidd olan

İki rəngdir ağ-qara

İzləyib bir-birini

Hara gedirlər, hara?

Qara rəngli torpaqdan

Ağ çörəyi tapırıq

Onunçün də əzəldən

Bu torpağa tapındıq.

Əzəl gündən alına

Yazılan yazıdırlar

Görəsən bu iki rəng

Nədən narazıdırlar?

Bu iki rəng həyatın

Hey danışan dilidir.

Ağ kəfən,qara torpaq

Ən gözəl sevgilidir...

 

Son olaraq doğma elimizin tanınmış şairi Reyhan Kənan xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

Çərşənbə axşamı, 01 İyul 2025 09:29

Hümbət Həsənoğlu: “Hər bir sumqayıtlı oxusun”

“Ədəbiyyat və incəsənət” portal tanınmış yazar, social şəbəkə aforizmləri ilə məşhurlaşmış Hümbət Həsənoğlunun oxuculara müraciətini və hekayəsini diqqətiniə çatdırır.

 

Dostlar, mənim “Sumqayıt dolması” kitabım çapdan çıxıb. Başda əziz redaktorum Arif Ərşad olmaqla, kitab böyük bir kollektivin əməyinin məhsuludur. 

İki dildə (Azərbaycan və ingilis), nəfis şəkildə, rəngli şəkillərlə illüstrasiya olunmuş kitab doğma Sumqayıtımıza, əziz sumqayıtlılara bir töhfədir.

Hamı məndən Sumqayıt dolması haqda, onun ideya və məğzi haqda soruşur, maraqlanır. Beynəlxalq dolma festivallarının qalibi olmuş bu dolma haqqında mən hekayə yazmışam. Bu hekayəni oxuyan insan Sumqayıt dolması haqda tam məlumatlı olacaq. Buyurun oxuyun.

 

Ən ləziz yemək

(hekayə)

 

Amerikanın Kaliforniya ştatının məhkəməsinin ona ölüm hökmü çıxartmasını o sakit qarşıladı.

Sevdiyi qızı narkotik bataqlığından çıxartmaq cəhdləri sonda onu da həmin bataqlığa sürükləmişdi. 

Asan yolla çox pullar əldə etmək vədi ilə yeni dostları onu narkotik qaçaqmalçılığına təhrik etdilər və polislə son qovhaqovda onun iki polis zabitini güllələməsi həyatını ölüm dalanına dirədi.

Kamerada vəkili ilə sükut içində oturmuşdular, vəkilinin ona təsəlli sözləri belə yersiz olardı. Ölüm hökmü oxunan insana nə təsəlli ola bilərdi ki?

Vəkil getməmişdən öncə yalnız bunları deyə bildi:- ölümün icraatı adətən çox da uzana bilir. 

Bir şey də, ABŞ qanunvericiliyinə əsasən ölüm hökmü çıxarılmış müttəhim ölümqabağı axşam istədiyi şam yeməyini restorandan sifariş verə bilər.

Tək qalanda düşündü:-deməli, yemək sifarişi bu həyatda onun son müstəqil seçimi olacaq.

Onun atası Stiv Adams dünya şöhrətli aşpaz idi. O, üç ulduzlu Mişlen reytinqli “The French Laundry” restoranın baş aşpazı işləyirdi.

Atası onu və ondan iki yaş balaca olan qardaşı Tonini də öz sənətinə yönəldirdi. Uşaqlıqdan onlara ərzaq məhsullarını seçmək, kəsmək, doğramaq qaydalarını öyrədirdi.

Ataları öz peşəsinə incəsənət kimi yanaşırdı. O, deyirdi ki, hər bir insanın ləzzətə ehtiyacı var. İnsan başqa ehtiyacları qarşıladığı kimi, ləzzət ehtiyacını da qarşılamalıdır.  O hər dəfə vurğulayırdı ki, yemək  ləzzəti yeganə ləzzətdir ki, insanı anadan olandan son mənzilə qədər etibarla müşayiət edir. 

O tez- tez təkrar edirdi ki, ağızda qidanın duzluluğunu, acılığını, şirinliyini, turşluluğunu müəyyən edə bilən on minə yaxın dad reseptorlarıı var. İndi on min dili olan bir fortepiano təsəvvür edin. Aşpaz onun dillərindən istifadə edib musiqi, yəni yemək kompozisiyası yaratmalıdır. Yaxşı kulinar elə bəstəkardır, o, yemək bəstələyir.

Bir gün o, atasından soruşmuşdu:- ata, dünyanın ən yaxşı yeməyi hansıdır? Atası gülümsəyərək cavab vermişdi:- dünyada yalnız bir xalq olsaydı, o yemək yəqin ki, olardı. Xalqlar çox olduğundan yemək ənənələri və dad stereotipləri də müxtəlifdir.

Amma kulinariya zirvəsində olan yeməklər mövcuddur. Mən çox dünya yeməkləri haqda oxumuşam, dadmışam, münsiflik etmişəm. Bir təam haqqında bilməyinizi istəyirəm.

Vyetnamdan İspaniyaya və hətta okeanın biz tərəfinə qədər coğrafi arealda yayılmış bu yeməyin adı dolmadır. İlk dəfə ət qiyməsini bitki yarpağına bükmüş insan çox istedadlı olub. Çox xalqlar bu yeməyin müəllifliyinə iddialıdırlar. Amma əksər alimlər bu yeməyin türkdilli xalqlara mənsub olduğuna əmindirlər, çünki “dolma” sözü türklərin “dolmaq”, “doldurmaq” sözündəndir. Həqiqətən də yarpaq götürülüb içi doldurulur.

Gəlin birlikdə düşünək, dünyanın ən yaxşı yeməyi necə olmalıdır?

Birincisi, o yemək insana faydalı olmalıdır, yəni insana lazım olan maddələrlə; zülallarla, yağlarla, karbohidratlarla, vitaminlərlə və mikroelementlərlə zəngin və lazımi mütənasiblikdə olmalıdır.

İkincisi, o yemək dadlı olmalıdır, yəni ağızda olan bütün reseptorları eyni anda oyada bilməlidir.

Üçüncüsü, o yemək mədə-bağırsaq sistemində rahat həzm olunmalı və heç bir narahatlıq yaratmamalıdır.

Dördüncüsü, bu yeməyin xoş ətri olmalıdır.

Beşincisi, bu yeməyin gözəl görünüşü olmalıdır.

Bütün bunlar ona görədir ki, təam insanın olan bütün beş hissinə məmnunluq gətirsin.

Dolma demək olar ki, bütün bu kriteriyalara cavab verir. Onun əlavə özəlliyi də odur ki, hər dolma elə mikro qazandır. Yarpaq bu mini qazanın divarlarıdır. Yarpaq qiyməni elə bükməlidir ki, qazanın suyu hər dolmanın içinə düşə bilməsin və həm də əksinə, dolmanın içinin şirəsi qazan suyuna qarışmasın. “Kiçik qazanlar” böyük qazanın içində bişirilir. Dolma ağız ölçüsü boyda olmalı və onun tamlığı yalnız ağızda pozulmalı və dolmaiçi şirə ağıza tökülüb “dad partlayışı” effekti yaratmalıdır. Hər dolma ağızda dad atəşfəşanlığına səbəb olmalıdır. Dolmanın tamlığını ağızdan kənar pozmamaq üçün ona cəngəllə toxunmaq olmaz. İdeal halda əllə, kompromis olaraq qaşıqla dolmanı yemək olar.

İndi mən sizə hələ heç kim tərəfindən həll oluna bilməyən bir tapşırıq verəcəyəm, həll etsəniz, adlarınız qızıl hərflərlə kulinariya tarixinə yazılacaq.

Atalarının bu sözləri onları cuşa gətirmişdi, onlar bu məsələni mütləq həll etmək əzmində idilər.

-Diqqətlə qulaq asın: Dolmanı hazırlamaq üçün dünyada bitən bütün yarpaqlardan istifadə olunub, sonda iki yarpaq seçilib.

Birincisi, üzüm yarpağıdır. Sellulozası çox olduğundan bu meyvə yarpağı sərtdir. Mini qazan divarı kimi əladır. Yəni qiyməni bu yarpağa hermetik bükmək olur, nə qazanın suyu dolmanın içinə düşə bilmir, nə də qiymənin şirəsi qazan suyuna qarışmır.  Onun bu parametri çox yaxşıdır. Amma hər gözəlin bir eybi olduğu kimi bu dolmanın da bir kiçik eybi var. Bildiyiniz kimi üzüm yarpağı sərtliyindən ayrıca yeyilmir, təəssüf ki, qazanda bişirildikdən sonra belə o, nisbətən sərtliyini saxlayır və mədə-bağırsaq sistemində azacıq problemləri olan insanlarda diskomfort yaradır.

İkinci yarpaq, kələm bitkisinin yarpağıdır. Kələm yarpağı mədə-bağırsaq sistemi üçün mükafatdır; rəhat həzm olunur və hətta mədə-bağırsaq xəstəlikləri üçün müalicəvi təsirə malikdir. Amma, yumşaqlığından o qiymənin hermetikliyini təmin edə bilmir. Bir çox ölkələrdə qiyməni kələmə bükəndən sonra onu iplə sarıyırdılar ki, hermetiklik təmin olunsun. Təəssüf ki, iplə sarımaq belə çox vaxt işə yaramır, qazanın suyu  dolmanın şirəsinə qarışır. Eyni zamanda yadda saxlayın ki, üzüm yarpağının əsrarəngiz dadını kələm verə bilmir.

Gördüyünüz kimi dilemma var. Həm hermetiklik təmin olunmalı, həm də mədə-bağırsaq əziyyət çəkməməlidir. Gedin, düşünün!

O, qardaşı Toni ilə bütün kulinariya ensiklopediyalarını araşdırdılar, müxtəlif üzüm növü yarpaqlarıni bişirib dadına baxdılar. 

İdeyalar o idi ki, necə etsinlər ki, üzüm yarpağı yumşalsın. Bir üsul tapmışdılar, amma o üsulda üzüm yarpağı elə qazanda dağılırdı. O dilemma elə də həll olunmamış qaldı və onlar kulinariya tarixinə düşə bilmədilər. Qardaşı Toni tarixə düşə bilməsə də, kulinaryaya düşdü. Atalarının vəfatından sonra Toni atası işləyən restoranın baş aşpazına qədər yüksəlib, çox kulinariya müsabiqələrinin qalibi olub.

O, qərara gəldi ki, ölümaxşamı şam yeməyinə Toniyə üzüm yarpağından dolma sifariş versin. Özündə olan qastriti göz önünə rahat almaya bilirdi…

Qoy elə indi həbsxanada olan telefonla ona zəng etsin ki, o, lazımi tədarükünü görə bilsin.

- Alo, salam Toni.

- Tom, əzizim, biz yas içindəyik. Belə olmamalı idi axı!?

- Gecdir daha Toni, artıq  olan olub. Üzülməyin. Ritaya salam de, uşaqları öp mənim əvəzimə.

- Tom, ürəyim parçalanır! Sənə kömək edə bilməmək çarəsizliyindən sınıram.

- Belə oldu, təəssüf ki.

Toni, bir xahişim var.

- De, əziz qardaşım, nə desən, edərəm sənin üçün.

- Toni, mənə üzüm yarpağından dolma hazırlaya bilərsən?

- Dolma? Əlbəttə! Mütləq hazırlayaram. Hətta sənə sürpriz də edərəm!

- Sürpriz?

- Hə. Yadındadır, biz üzüm yarpağı ilə kələm yarpağı arasındakı dilemmanı həll etməyə çalışdıq.

- Əlbəttə yadımdadır, çox çalşdıq səninlə. Yoxsa, o problemi həll etmisən?

- Problem həll olunub, amma onu başqa birisi həll edib.

- Ola bilməz! Necə?

- Təsəvvür edirsən, nə edib o insan?

Qiyməni əvvəl üzüm yarpağına büküb, sonra o yarpağın üstündən ikinci qat olaraq əlavə kələm yarpağına büküb. İkinci kələm qatı üzüm yarpağının hermetikliyinə dəstək olur və ən vacibi, kələm altında qalan üzüm yarpağını əlavə bişirir və onu yumşaldır. Kələm yarpağı üzüm yarpağına mədə-bağırsaqda həzm olunmağa da kömək edir. Kələmin azacıq şirinliyi üzüm yarpağının gözəl dadına əlavə notlar əlavə edir.

- O dahi kimdir?

- Mən bunları bir həftə bundan qabaq internetdən oxudum. Sən demə 2012 ci ildə bu dolma ixtira olunub və iki beynəlxalq dolma festivalında yüzlərlə dolma arasında birinciliklər qazanıb. 

Dolmanın adı belədir: İkiqat Sumqayıt dolması. Sumqayıt Qafqazda yerləşən Azərbaycan ölkəsində şəhərdir.

- İnanılmazdır! O müasir Edisonun adı nədir?

- Hümbət Həsənoğlu, ixtisasca həkimdir, həm də yazıçıdır.

- Sən o dolmanı hazırlaya bilərsən?

- Əlbəttə, resepti əldə etmişəm. 

Amma o insan bu dolmanı ixtira etməklə kifayətlənməyib!

- O əclaf yenə nə düşünüb?

- Təsəvvür edirsən, o alimləri cəlb edərək formalar düzəltdirib və xüsusi ölçülərdə buz hazırlayır. Hər dolma qiyməsinin içinə o buzları qoyur. Qazanın içində o buzlar əriyib ikiqat dolmalara əlavə ilginc şirəlik verir.

İndi dünyanın ən ləziz yeməyi belə adlanır: Buzlu, ikiqat Sumqayıt dolması!

Sən narahat olma, düşünürəm ki, onu bizə dəvət edim, onunla birlikdə o möhtəşəm dolmanı, dolmaların şahını, nəinki dolmaların, bütün yeməklərin şahını sənin üçün hazırlayarıq….

 

P. S. Dostların xahişi ilə bu hekayəmi də (Azərbaycan və ingilis dilində) kitaba daxil etmişəm.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

 

 

Çərşənbə axşamı, 01 İyul 2025 09:01

SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Rəfiqəm mənim”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

NİGAR RƏFİBƏYLİ             

RƏFİQƏM MƏNİM

 

Cənazəni qürbətdən

             təyyarəylə gətirdilər.

Qapalı dəmir yatağında

vətən torpağına

yetirdilər.

Soyuq barmaqlarıyla

yapışdı ürəyimdən –

bu dərd mənim, bu qəm mənim,

Nəzakət, Nəzakət,

əziz, mehriban

rəfiqəm mənim.

İllərin arxasından

xatirələr aləminə

səsləyir məni

məlahətli səsin,

xoş gülüşün,

incə rəftarın...

Düşünən başın,

zəhmət sevən

əllərin idi dövlətin, varın.

Uşaqlıq illərimiz

    Yetimliklə, möhnətlə keçdi...

Gəncliyimiz

qayğıyla, zəhmətlə keçdi...

Nə dövlətli qohumların

kölgəsinə sığındıq,

nə şöhrətli dostların.

Yetim böyüdük,

dünyanın bütün

    yetim uşaqları kimi –

             cəfakeş, çətin...

Yaxşı adamlar da gördük –

    xeyirxah, nəcib.

Əlimizdən yapışdılar

dar gündə,

büdrəməyə qoymadılar.

Bədxahlar da gördük,

fənalıqdan, yamanlıqdan

doymadılar.

Yetimliyin hər yerdə

birdir dadı...

Bu xalqın balasıydıq –

vətən övladı.

Nə ata çörəyi yedik,

nə gördük qardaş sovqatı...

Qamçıladı bizi

acı-acı

sərt üzlü yetimlik həyatı.

Tabutu qürbətdən

təyyarəylə gələn,

Soyuq, dəmir yatağında

Ömür yorğunluğundan

dincələn

Nəzakətim, rəfiqəm mənim, –

yıxdı könlüm evini

bu dərd, bu ələm mənim...

Sən həyatı sevirdin,

Sevirdin insanları...

Sevindirirdi səni

Qürbətdən uçub gələn

durna qatarı...

Gecələr göy üzünə

səpələnmiş

ulduzlara baxar,

    gülümsərdin...

Elə bil yox idi

Bu dünyada kədərin, dərdin.

Alman dilində

şeirlər oxuyardın

heyran-heyran...

Şeirlə nəfəs alar,

şeirlə yaşayardıq hər zaman.

Səni valeh etmişdi

alman dahisi

Hötenin romantik qanadı...

Məni “məhəbbət və iztirab” ustadı

Füzulinin səssiz fəryadı...

Toy günündə mənə

Füzuli divanını gətirdin hədiyyə.

Elə bil dünyanı

bəxş etdin mənə;

oxudum, doymadım,

                       içdim, doymadım yenə...

Ömrün çətin yollarında

bizə yar oldu Əli, Rəsul.

Onlar açıqürəkli,

qaynar məhəbbətli

gənclər idi.

O zamanlar bizimlə

ünsiyyət bağlamaq,

Sadə sevgi deyil –

böyük hünər idi...

Xatirələr aləminə səsləyir yenə

Bu ayrılıq, bu qəm məni,

Nəzakət, Nəzakət,

Əziz, mehriban rəfiqəm mənim.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

Çərşənbə axşamı, 01 İyul 2025 08:04

“Qayıt ata” dünyanı fəth etdi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvimi vərəqləyəndə daha bir ad diqqətimdən yayınmadı: Şair, publisist Dəyanət Səlimxanlı.

 

O, 1960-cı il iyulun 1-də Azərbaycanda Yardımlı rayonunun Çanaxbulaq kəndində anadan olub. Burada kənd yeddiillik məktəbi, qonşu Bərcan kəndində orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 2 saylı yataqxanada tərbiyəçi müəllim kimi başlayıb. "Açıq söz" qəzetində müxbir, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində böyük redaktor işləyib.

Bir müddət fərdi yaradıcılıqla məşğul olub. Hazırda "Respublika" qəzetinin ştatdankənar müxbiridir.

Bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. İlk mətbu şeri "Qayıt ata" 1983-cü ildə "Azərbaycan qadını" jurnalında çıxıb. Bəstəkar Ələsgər Abbasovun bu şeirə bəstələdiyi mahnı Bakıda keçirilən "Odlar yurdu — 90" festivalında üçüncü yerə, Orta Asiyada 1991-ci ildə keçirilən "Ümumşərq xalqlarının musiqisi" festivalında birinci yerə layiq görülüb, “Komsomolskaya pravda" qəzetinin diplomuna layiq görülüb.

 

Kitabları

- Anam dua oxumasa

- Qayıt ata

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

30 iyun 2025-ci il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqının təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi ilə Şəki -Zaqatala regionunda fəaliyyət göstərən teatr xadimləri ilə görüş keçirilib.

 

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə ittifaqın idarə heyətinin sədri Hacı İsmayılov, sədr müavini İlham Namiq Kamal, ittifaq üzvləri, mədəniyyət işçiləri və teatr xadimləri iştirak edib.

Tədbir çərçivəsində bir sıra teatr xadimi teatr sənətinin inkişafında göstərdikləri xidmətlərə görə 'Teatr fədaisi' medalı ilə təltif olunub.

Çıxış edənlər arasında Azərbaycan teatrının tanınmış simaları ilə yanaşı, Şəki Dövlət Dram Teatrının yaradıcı heyəti də yer alıb.

Qonaqlar Şəkinin zəngin mədəni irsini, teatr ənənələrini yüksək qiymətləndirərək bu irsin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirin məqsədi teatr sənətinin regionlarda inkişafı, yaradıcı mübadilə və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

Bazar ertəsi, 30 İyun 2025 18:21

Diaspor Komitəsi təkzib edir

“Ədəbiyyat və incəsənət” portalının poçtuna Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən bəyanat mətni daxil olub. Mətndə deyilir:

 

Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalında “Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bildirir ki, yazı  Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bu bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyatı yoxdur. Saxta teleqram kanalının belə bir məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır. 

 

Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli  həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə bir həssas məqamda diqqətli olmağı xahiş edirik.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

Azərbaycan xalqının zəngin mədəni irsinin mühüm daşıyıcılarından biri olan folklor təkcə milli yaddaşın göstəricisi deyil, həm də gələcək nəsillərin mənəvi tərbiyəsində əvəzsiz rol oynayan xəzinədir. Xüsusilə uşaqlar üçün folklor ilk ədəbiyyat təcrübəsinin başlanğıcı, həmçinin ana dilinin öyrənilməsi və sevdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Bu məqsədlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi “FOLKLOR – Uşaq ədəbiyyatının qaynağı və Ana dilinin daşıyıcısı” adlı veblioqrafiya tərtib edərək virtual oxucuların istifadəsinə verib.

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, veblioqrafiyada şifahi xalq ədəbiyyatına dair 90 adda kitabın biblioqrafik təsviri və tam mətnləri sistemləşdirilmiş formada öz əksini tapıb. Əsas məqsəd Azərbaycan xalqının zəngin şifahi xalq ədəbiyyatı nümunələrini sistemləşdirərək oxuculara təqdim etmək, uşaqların ədəbiyyata marağını artırmaq, həmçinin ana dilinin təbliği və qorunmasına töhfə verməkdir.

Biblioqrafik mənbə ilə aşağıda qeyd edilən link vasitəsilə tanış ola bilərsiniz:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/folklor-usaq-d-biyyatinin-qaynagi-v-ana-dilinin-dasiyicisi

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələrin veteranlar təşkilatı” İctimai Birliyinin “Qeyri - hökumət təşkilatlarına dəstək” Agentliyinin layihəsi əsasında “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” adlı tədbir təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Kitabxananın direktoru Aslan Cəfərov tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri Bədirxan Əhmədova verdi. Professor Bədirxan Əhmədov Birinci Qarabağ Müharibəsi dövründə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən və bu dəhşətli hadisələrin, soyqırım və faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışdı. Milli ideologiyanın təhlükəsizliyi mövzusunun aktuallığından danışaraq, yetişməkdə olan gəncliyin və bütövlükdə bütün xalqın bu istiqamətdə səfərbərlik nümayiş etdirməli olduğunu bildirdi.

AMEA-nın Folklor İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vəfa Saleh uzun illər müharibə ərazisinin “qaynar” nöqtələrində təşkilatçısı olduğu layihələr, müsabiqələr, görüşlər haqqında danışaraq, həyata keçirilən bu layihənin əsas məqsədinin İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılması olduğunu bildirdi.   Vəfa Saleh layihənin keçirilmə müddəti, əhatə etdiyi əhali qrupları, layihə çərçivəsində keçirilən tədbirlər haqqında geniş məlumat verərək, layihənin həyata keçirildiyi dövrdə ilk dəfə “Azərbaycan hərbi marşları” adlı kitabın çap olunacağını və bu kitabda I və II Qarabağ savaşları zamanı ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşların kitaba salınacağını bildirdi.

Tarix və etnologiya İnstitutunun elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, Birinci Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, ölkə rəhbərliyinin şəhid ailələrinə və müharibə veteranlarına daim  diqqət və qayğı ilə yanaşdığını söylədi.

Tədbirin sonunda qonaqlar iştirakçıların suallarını cavablandırdılar.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.