BİRİ İKİSİNDƏ Tural Turanın şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri İkisində layihəsində bu gün şeir vaxtıdır, sizlərə Tural Turanın şeirləri təqdim edilir.                            

 

***

 

Bu gecə

qoluna girdim kölgəmin.

Keçdim

tanımadığım küçələrin şah damarından.

 

Közərən işıqların sevişdiyi döngədə

tanımadığım bir qapıya vuruldum.

Göz yaşlarını unutduğum pəncərə

bizi görüncə örpəyini üzünə çəkdi...

Baxışlarımız ayaqlarımıza uduzdu,

bu gecə baxışlarımız qaldı heç-heçə...

 

Tutdum kölgəmin əlindən

bir az da getdik.

Elə həmin küçədə

üzü kirli körpə ayaq izlərinin

üşüdüyü

bir səkiyə vuruldum.

 

Vurulmaqdan süd qoxusu gəlirdi,

kölgəmlə uşaqlığımıza qayıtdıq.

Kiritdik

müharibədən sonra

yarımçıq doğulmuş göz yaşlarımızı.

 

Qısqandı bizi

başımızın üstəki buludlar da

çıxardı alt paltarlarını...

Üzümüzü, gözümüzü güllələdi yağışlar.

... Elə o an vurulduq göy üzünə,

bayaqkı pəncərədən oğurladığımız baxışla...

 

 

1 NOYABR TABLOSU

 

Hardasa

gözlərini itirmiş işıq

unudulmuş bir qadın bədəninə toxunur

noyabrın qanı laxtalanan gecə...

 

Ardınca

öz istisinə vurulur

unudulmuş bir qoxu.

 

Haradasa

boynubükük bir kölgə

dodağından alışır...

 

Hansısa çarpayıda

andını pozur bir yuxu...

 

Elə həmin an

kilsə pəncərəsindən öpüb

məscid divarında yuva quran gülləyə

məktub yazır

unudulmuş qadın baxışları:

 

– Gəl, gəl,

gəl bir də öp

çarpayımın soyuq tərəfini...

 

 

ƏLLƏRİMİN YADDAŞI

 

Əllərim dil açır gecənin

içindən keçən tənha işığa.

Yalvarır o işığın kölgəsiz addımlarına ki,

öz doğum günündə güllələməsin

yanaqlarına əsir düşən payızı.

 

Əllərimin səsi eşidilmir bu gecə də,

çıxıb gedir o tənha işıq,

çıxıb gedir

payızın sonuncu doğum gününə sarı.

 

...Və günəşin dirijorluğunda

yıxılır bütün küləklər

ay işığının boynundan asılan

edam kötüklərinə tərəf...

 

O an dili tutulur ovuclarımın,

unudur gecə işıqlarına söykənən

bütün and yerlərini.

Silinir,

silinir əllərimin yaddaşından

bütün müqəddəslər...

 

 

***

 

Axan qandan günəş çıxır bu gecə...

Qırx dörd gecənin qan yaddaşı

dəfn olunur beləcə...

 

Dəyişir göylərin 

dumanlı qan qrupu...

Kimsə ay işığının alnından öpür.

Kiminsə dodağında

külü qalmış öpüş alışır.

 

Toplar da yorulub

ölümə göndərdiyi

balasını əzizləməkdən.

Hardasa bir duanın

yenə qanı sovrulur.

 

...Elə bu dəqiqə

açılır savaşın sonuncu gülləsi.

Son mərminin də canı qurtarır

ölümü yarıyuxulu gözləməkdən.

Partlayan son mərmini

axır nəfəsdə oyadır öz səsi...

 

İndi

təmizlənir bütün bayraqlardan,

təmizlənir

ünvanı unudulmuş qan ləkəsi.

 

Bütün silahlar

yuxuya gedir

öz kölgəsində.

Hansısa bədəndə soyuyan qəlpə

özünə ilk məktub yazır

son nəfəslər ölkəsindən...

 

İndi

boz silahların günahını

kövrək bir sükut yuyacaq.

Növbəti savaşadək

təkçarpayılıq yuxular

bir dul qadın sinəsində

bir atasız körpə səsində

qan qoxuyacaq, tabutum,

qan qoxuyacaq!..

 

İndi... bütün güllələrin

canı qurtarır adamlardan...

İndi bütün silahların ibadət vaxtıdı

növbəti müharibəyə qədər...

Axan qandan günəş çıxır bu gecə...

 

 

TƏNHA AD GÜNÜ TABLOSU

 

İndi,

elə indi hansısa təqvimin doğum günüdü.

Hansısa göz yaşının ayaqları burxulur.

 

İndi,

elə indi hardasa hönkürür yarımçıq bir dua.

Hardasa tənha ocaqlar and içir qara suya...

 

...Bu an,

elə bu an soyunur alın yazısını göy üzü.

Süzülür ay işığından ilğımların key üzü.

 

Bir addım səsi sarılır xatirələrin boynuna.

...Və hardasa bir qız

unutduğu ünvanı təzədən geyinir əyninə...

 

Bu dəm,

elə bu dəm yığışır gözləri

pəncərələrdən yolların.

Yollara məktub yazan

ayaqyalın tablolarsa

bakirə sağlıq deyir

tənha ad gününə...

 

 

***

 

Çıxdım noyabrda təqvimin üstə,

Soyuğun son izi içimə düşdü...

Göy üzünün yarım qalan duası

Sürüşərək ayaq ucuma düşdü.

 

Qəbrimi görüncə soluqlarımda

İtirdi sirrimi dodaqlarım da.

Bulud səngər qazdı yanaqlarımda,

Payızın mərmisi saçıma düşdü...

 

 

MÜHARİBƏDƏN SONRA...

   (Göy üzünə rekviyem)

 

Bütün pəncərələr bükər boynunu,

bütün qapıların sinəsi alışıb yanar...

Bütün tabutlar dəyişər əynini,

bütün kimsəsiz məzarlardan

son andını unudan günəş doğar.

 

Dualar da çıxıb gedər

müharibələrdən sonra.

Dualar da çıxıb gedər başıaşağı.

Elə ovuclar da...

 

Divardakı şəkillər

saçlarını sığallayar hər gecə

ata yolu gözləyən

neçə-neçə uşağın...

Günəş doğar, səhər olar

amma açılmaz sabahların

ata tərəfi, ər tərəfi...

Körpələrin göz yaşından yıxılar

qara-qara buludların şərəfi...

 

...Sonra

bütün gülüşlər özünə inanar,

təbəssümlər dəyişər

işıqların dinini...

Hər məzarın başı üstə

bir dul qadının işığı yanar.

 

Üzü üstə yatan

taykeş əsgər çəkmələrinin

yuxusunu döyəcləyər bir sual:

– Göy üzü sağdımı?

 

 

BU GECƏ ÖLƏNLƏRƏ...

 

Ümidlər tükəndi bu gecəyarı,

Öldüm bir arzunun sinəsi üstə.

Son nəfəsdə çağırmadım dostları,

Öldüm zərrə-zərrə, öldüm ahəstə...

Əvvəlcə döyüntüm yuxuya getdi,

Sonra əllərimin nəbzi dayandı.

Ardınca gözlərim sorğuya getdi,

Sonra ayağımın izi dayandı...

Başımı söykədim boynuma sarı.

Göyün üzündə də dayandı zaman.

Tanrıyla görüşdük bu gecəyarı,

Sənsənmi? – səslədi işıq astadan...

 

 

8 NOYABR

 

Göz yaşımdan Tanrı gəlib su içir,

asılıb gözümdən duamın üzü.

Ürək döyüntümdən bir manşet keçir:

– İşıq bir gözümdü, ilğım bir gözüm...

 

Dan yeri üzündən açır yaşmağı,

salır kürəyinə itkin qurşağın.

Yenə də yuxumun gözü korlaşır,

yenə bir nəğmənin tutulur dizi...

 

Hardasa can verir bir güllə səsi,

yıxılır bir əlsiz ağuşun üstə.

Üfürüb andına ən son nəfəsi

yazır son sözünü yağışın üstə...

 

 

***

 

Bu gecə yuxuda Məkkəmizi gordüm, Şuşaya getmişdim. Yuxuda yazıldı bu şeir... Şuşaya getmədən Şuşada oldum, mədəniyyətimizin Məkkəsini gəzdim...

 

Şuşada yaz idi... Amma güllər hələ də barıt qoxuyurdu...

 

Gəldim tozlu yaddaşımla,

Şuşa, məni tanıdınmı?

Əlimdəki başdaşımdan

Şuşa, məni tanıdınmı?

 

Yaxamda ildırım çaxır,

Göz yaşımdan  dinim axır,

Arxamdan öz kölgəm baxır...

Şuşa, məni tanıdınmı?

 

Yaslanıb Cıdır düzünə,

Sabahlar gəlir özünə...

Bax Tanrının sağ gözündən –

Şuşa, məni tanıdınmı?

 

Qol qaldırıb azan səsi!

Alnımda taleyim əsir...

Hər duamın minarəsi –

Şuşa, məni tanıdınmı?!

 

Bir yuxu var – ömür yoran...

Dualardan səni soran...

Mənəm – beş min illik Turan,

Şuşa məni tanıdınmı?..

 

 

UZAQLIĞIN TABLOSU

 

Üşüdər gözlərini

uzaq bir pəncərədə hönkürən işıq.

Üşüdər – əynindəki tabut kimi...

 

Bir an titrədər kürəyini

yiyəsiz skamyaların soyuqluğu.

Tellərinə əl gəzdirər

quru söyüdün budağı.

 

Söykənərsən göz yaşına

fikirlərinqarışıq:

unutdurar özünü

xatirələrdən sıçrayan

qəlpələrin çoxluğu.

 

Keçmişin atdığı mərmilər

Qəfil isidər gözlərini...

 

Bir də baxarsan ki,

nəbzi vurmur ayaq izinin...

 

...Və

diz çöküb başdaşında

yoxluğun soyuqluğu.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.