İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
30 iyun 2025-ci il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqının təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi ilə Şəki -Zaqatala regionunda fəaliyyət göstərən teatr xadimləri ilə görüş keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə ittifaqın idarə heyətinin sədri Hacı İsmayılov, sədr müavini İlham Namiq Kamal, ittifaq üzvləri, mədəniyyət işçiləri və teatr xadimləri iştirak edib.
Tədbir çərçivəsində bir sıra teatr xadimi teatr sənətinin inkişafında göstərdikləri xidmətlərə görə 'Teatr fədaisi' medalı ilə təltif olunub.
Çıxış edənlər arasında Azərbaycan teatrının tanınmış simaları ilə yanaşı, Şəki Dövlət Dram Teatrının yaradıcı heyəti də yer alıb.
Qonaqlar Şəkinin zəngin mədəni irsini, teatr ənənələrini yüksək qiymətləndirərək bu irsin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirin məqsədi teatr sənətinin regionlarda inkişafı, yaradıcı mübadilə və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)