Reyhan Kənan "Qələm tutan incə əllər"də... Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edilir. Həmin layihə çərçivəsində təqdim edəcəyim digər qələm sahibi Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Reyhan Kənandır.

 

Qısa təqdimat:

Reyhan Kənan: 1969-cu ilin yanvar ayının 16-da Cəlilabad rayonunun Cəngan kəndində dünyaya göz açıb. Son dövrdə ədəbiyyata gələn istedadli şairlərdəndir. Şeirləri dövrü mətbuatda müntəzəm olaraq çap olunur. Bundan əlavə, həm də onun qələmə aldığı şeirləri müxtəlif antologiya və almanaxlarda dərc edilir. 2003-cü ildə “Həyatdan şirin yuxular”, 2009-cu ildə “Hardasa əsməmiş külək yatır”, 2013-cü ildə "Anamın Göz Yaşı Dəniz", 2019-cu ildə isə "Alova atılan ürək" adlı kitabları işıq üzü görüb.

Reyhan xanım 2010-cu ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-2016-cı illər ərzində Naxçıvan Universtetinin pedoqoji fakultəsini bitirərək bakalavr diplomunu almış, hal-hazırda isə Bakı Qızlar Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi fakultəsinin tələbəsidir. Hal-hazırda Bakı şəhərində yaşayır. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında çalışır. Ailəlidir, 2 oğlu,1 qızı var.

 

Bədii ədəbiyyat nümunələri:

Reyhan xanımın qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış olaq:

 

"Başqa adam"

 

Ürəyim o qədər böyük də deyil,

Yalnız öz sevgimə, eşqimə damdır.

Gözlərim özümün, ordansa baxan,

Bəlkə mən deyiləm, başqa adamdır.

 

Gözümdən boylanıb baxsam da çölə,

Göz yaşı axanda axıb gedərəm.

Ürəyə enməyə izn verməsən

Elə gözlərindən çıxıb gedərəm.

 

Özüm öz gözümdə gizlənən gündən,

Daha dözümlüyəm kədərə, dərdə.

Hər zaman işığı görmək istədim.

Kirpiyim asıldı günəşə pərdə.

 

Elə dəyişdim ki, küsdü ürəyim,

Çevrildim xəyalın boş qalığına.

Ya çıxıb gedərəm, ya da bacarsan.

Öyrəş bu Reyhanın başqalığına.

 

 

"Sevgililər"

 

Rənglər həyat rəmzidir,

Dünyamızı bəzəyən

Rənglərin ahəngidir.

Ağ rəngi çox sevirəm,

Sanki parlaq işıqdır,

Hər şeyə yaraşıqdır.

Onun əksi qaradır,

Qara ağ üzərində

Daim kölgə yaradır.

Bir-birinə zidd olan

İki rəngdir ağ-qara

İzləyib bir-birini

Hara gedirlər, hara?

Qara rəngli torpaqdan

Ağ çörəyi tapırıq

Onunçün də əzəldən

Bu torpağa tapındıq.

Əzəl gündən alına

Yazılan yazıdırlar

Görəsən bu iki rəng

Nədən narazıdırlar?

Bu iki rəng həyatın

Hey danışan dilidir.

Ağ kəfən,qara torpaq

Ən gözəl sevgilidir...

 

Son olaraq doğma elimizin tanınmış şairi Reyhan Kənan xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.